Biri vardı, biri yoxdu, huşsuz bir qadının evində yaşayan qoca taxta paltar tutqacı vardı. Onun dişləri çürüyüb tökülmüş, yayı paslanmış, üz-gözünü ləkə basmışdı. O qədər qocaydı ki, özü də yaşını dəqiq bilmirdi. Bircə onu bilirdi ki, bu evə alınan ilk tutqac nəslindəndir.
Yaxşı yadındadı, hamısı bir ipə düzülmüşdü, kəhrəba rəngindəydilər, qamətləri də düppədüz. Bizim qəhrəmanımız da yoldaşları kimi cavan və gözəldi. Həm də qayğısız və nəşəli. Həyat ona o qədər gözəl şeylər vəd edirdi ki, hərdən elə bilirdi sevincdən ürəyi sinəsinə sığmır.
Üstəlik də paralel sıradakı axırıncından əvvəlki tutqaca vurulmuşdu. Onlar bir-birinə heç nə etiraf etməmişdilər. Eləcə baxışıb gülümsünürdülər. Bu boyda dünyada bir ipə düzüldüklərinə, bir torbada rastlaşdıqlarına görə xoşbəxt idilər. Sözə nə ehtiyac vardı ki.
Tutqaclar gah tam heyətlə, gah növbəylə işə çıxır, həyatın tufanıyla, küləyiylə, yağışıyla rastlaşırdılar. Bir dəfə axşam növbəsindən bir nəfər əskik qayıtdı. Dəstədəki tutqaclardan biri paltarları ipdən yığan məsuliyyətsiz ev sahibəsinin əlindən yerə düşmüş, elə o saat da canını tapşırmışdı.
Bizim qəhrəmanımız bu hadisədən yaman sarsılmışdı. Dördüncü mərtəbədən gözünün qabağında yıxılıb ölən iş yoldaşının faciəsi ona çox təsir eləmişdi. Bu, onun gördüyü ilk ölüm idi. O vaxta qədər qəhrəmanımıza elə gəlirdi ki, ölümün mütləq nəsə ciddi, daşdan keçən bir səbəbi olmalıdı. Təzəcə çiçəkləyən gənc bir ömür adi təsadüfün, necə məsuliyyətsizliyin qurbanı ola bilərdi? Bu adi təsadüfmü, yoxsa acı zərurətmiydi, ümumiyyətlə, gənc yaşdakı ölümün mənası nəydi, yaradan bununla yerdə qalanlara nə demək istəyirdi, o, bütün bunlar haqqında xeyli düşünmüşdü.
Sonra günlər günləri qovmuş, dərdlər dərdləri unutdurmuşdu. Qəfildən qəhrəmanımızın sevgilisi başqa paltar tutqacı ilə birlikdə yoxa çıxmışdı. Ağzıgöyçək paltar tutqacları danışırdılar ki, guya onlar qoşulub qaçmışdılar, guya ona sevgilisi xəyanət eləmişdi. Amma qəhrəmanımız qətiyyən inanmırdı, sevgilisi belə iş tutmazdı. Bəlkə, ev sahibəsinin balaca oğlu onları götürüb oyuncaqlarına qatmışdı, ya huşsuz qadın özü paltarlarla birlikdə çaşıb dolaba qoymuşdu, bəlkə də qonşu qadına iki tutqac lazım olmuşdu?
Hərdən işdə olanda oğrun-oğrun qonşu zivəyə baxırdı. Amma sevgilisi heç yerdə yox idi. Əgər deyilənlər doğruydusa, yəni sevgilisi öz istəyilə yoxa çıxmışdısa (baxmayaraq ki, bunu elə də ağlabatan variant hesab eləmirdi), niyə ona nəsə deməyi lazım bilməmişdi? Bu haqsızlıq deyildimi? Qəhrəmanımız onunçün bu qədərmi dəyərsiz idi, bəlkə o, illər boyu yanılmış, öz-özünü aldatmışdı? Bütün bu fikirlər qoca dostumuzu üzür, cavabsız suallar ona əzab verirdi.
Aylar ötür, həyat get-gedə qəddarlaşırdı. Şaxtalı qış gecələri, qızmar yay günortaları, onları əldən salır, sıradan çıxarırdı. Get-gedə sayları azalırdı. Bir az da azalıb üç-dörd nəfər qalanda ev sahibəsi yeni tutqac dəsti aldı.
Yeni nəsil taxtadan deyildi. Nəsə parıltılı materialları vardı. Həm də rəngbərəngdilər. Hər rəng tapmaq olardı içlərində. Görünüşləri də çox zərifdi. Eynən taxta tutqacların cavanlığını xatırladırdılar. Nəşəli, dünyadan xəbərsiz. Amma bunlar taxta tutqaclar kimi utancaq, qapalı deyildilər. Çox səmimiydilər. Onlardan da bir-birlərini sevənlər vardı, amma bunu gizlətmirdilər.
Günlərin bir günü bu nikbin cavanların başına kədərli bir hadisə gəldi. Küləkli bir gecədə zivə qırıldı, tutqaclar paltarlar qarışıq dörd tərəfə səpələndilər. Ölənlər, yaralananlar, bəxti gətirənlər oldu. Həmin gün taxta tutqacların istirahət günüydü, qəhrəmanımız faciənin şahidi olmamışdı. Amma yadındadı kı, qəzetlər bu xəbəri neçə gün dalbadal manşetə çıxardılar. Bütün binanın zivələrindəki tutqaclar bir dəqiqəlik sükutla mərhumların xatirəsini yad elədilər. Əvvəlki nəslin yeganə nümayəndəsi olan bizim qəhrəmanımız ağsaqqala necə yaraşırdısa, o cür də davrandı.
Ev sahibəsinin bu hadisə heç vecinə də olmadı, öncə əvvəlki çürük zivənin əvəzinə qalın ipdən davamlı bir zivə düzəltdi. Faciənin üstündən üç gün keçməmiş yeni tutqac dəsti aldı. Bunlar hamısı sarı rəngdəydi. Parıltılı deyildilər, nə də taxta. Bir az kobud görkəmləri vardı, amma güclü, küləyə, şaxtaya daha dözümlü idilər.
Yeni işçi qüvvələri burnunu dik tutub torbanın dibindəki rəngbərəng tutqaclara istehzayla baxırdılar. Rəngli tutqaclar qəzəblənirdi, bu qədər itki vermiş, əzabkeş bir nəslə ağzından süd iyi gələn tutqacların bu münasibəti qürurlarına toxunurdu.
Qoca tutqac onlara ürək-dirək verir, səbrli olmalarını məsləhət görürdü. O, dünya görmüşdü, həyatın bərkinə-boşuna çox düşmüşdü, neçə dəfə ölümdən qayıtmışdı. Bilirdi ki, əgər oyunun gedişinə heç cür təsir edə bilmirsənsə, heç olmasa, ağıllı tamaşaçı olmaq lazımdı.
Bu təzə tutqaclar qəribə şeylər danışırdılar. Elə ilk iş günü həyatın çətinliyindən, qonşu zivələrdəki tutqacların onlardan daha yaxşı yaşamalarından şikayət etməyə başladılar. İçlərindən ən diribaşı (o, fəal idi, sonradan başçı seçildi) iddia edirdi ki, bütün dünyanın tutqacları birləşsə, onlar azad ola bilərlər. Başqa birisi isə deyəsən, şair idi, daha utopik fikir irəli sürürdü, vaxt gələcək ev sahibəsi öz pəncərəsindən yıxılıb öləcək, o zaman onlar azad olacaqlar.
Bizim qoca susurdu, bu fikirlər əslində ona yad deyildi, uzun illər o da ev sahibəsinə nifrət eləmişdi, bütün doğmalarının qisasını almaq haqda düşünmüşdü. Ona görə də bu yeni nəslə ona saymazca yanaşmalarına rəğmən ümidi böyük idi.
Təzə nəsil dözümlüydü, asanlıqla ölümə tabe olan deyildi, amma sayları get-gedə azalırdı. Künc-bucaqda söhbət gəzirdi ki, guya onlardan bəziləri qonşu sağ balkondan siyasi sığınacaq istəyib, bəziləri isə sol zivəyə mühacirət ediblər. Bunların şayiə olduğunu inandırmaq üçün dəridən-qabıqdan çıxan başçı isə çox keçmədən müəmmalı şəkildə həlak oldu. Deyilənə görə, sahibə onu qəsdən əlindən salmışdı.
Alternativ versiya da vardı ki, pıçhapıçla orda-burda danışılırdı, sonra bu söhbət yayılıb bizim qəhrəmanımız da daxil olmaqla bütün rəngli tutqacların qulağına çatdı. Deyirdilər ki, başçı neçə gündü sağ balkonla danışıqlar aparırmış, siyasi sığınacaq istəyibmiş, həmin gün qonşu balkonun hava limanına enmək istəyəndə pis hava şəraitindən dolayı qəza baş vermiş, mühacir aşağı yuvarlanmışdı. Təzə tutqacların çox güclü olduğunu artıq demişəm, o üzdən siyasi fəal o saat keçinməmişdi, düz üç gün iki balkon arasındakı neytral ərazidə can vermişdi. Ölkə mətbuatı bu hadisəyə siyasi don geyindirməmək üçün sadəcə bir cümlə ilə kifayətlənmişdi: “Sərhəddə naməlum kişi meyiti tapılıb”.
Həmin gün sarı tutqaclar fövqalədə toplantı keçirmişdi. Onlar iki yerə bölünmüşdü, radikallar və liberallar. Radikallar eks liderin hərəkətini xəyanət hesab edir, liberallar isə bu söhbəti ev sahibəsinin böhtanı adlandırırdılar. Yığıncaqda hər iki fraksiyaya başçı seçilmişdi. Radikal qola eks başçını ən çox günahlandıran , liberal qola isə əvvəldən tanıdığımız gənc şair seçilmişdi. Və o, ev sahibəsini lənətləyən belə bir şeir oxumuşdu:
Sən bizim başçını yerlərə çaldın,
Özün bilə-bilə əlindən saldın.
Biz də bəyanat verib, deyirik ki, sən
İnşallah, düşərsən öz pəncərəndən.
Şeir bitən kimi liberallar alqışlamış, radikallar göz süzdürmüş, rəngli tutqaclar bu vəziyyətdən yararlanıb ürəkdən sevinmişdilər. Qoca tutqac yoldaşları kimi bu duruma sevinməmişdi, çünki nə olur, olsun, müqəddəs ideyaların süqutuna sevinmək olmazdı, bu bütövlükdə tutqaclığın faciəsiydi, zülmün həqiqət üzərində qələbəsiydi. Şeirə isə ona görə əl çalmamışdı ki, o müasir poeziyanı sevmirdi, daha doğrusu, qəbul eləmirdi. Bunun nəyi şeir idi? Əsl poeziya nümunələri onların dövründə yaranırdı. Bəziləri hələ də qoca tutqacın yadındadı.
Yenə gəldi bahar fəsli,
Tez quruyan paltar fəsli.
Qəhrəmanımızın fikrincə, şeir belə olmalı, həyatı bu qədər qabarıq şəkildə, bədii boyalarla əks etdirməli idi. Düzdü, ondan soruşan olsa, bu sonuncu cümlənin izahını verə bilməzdi, çünki heç özü də bilmirdi ki, “qabarıq şəkil” və yaxud “bədii boya” nə deməkdi, ümumiyyətlə boyanın ədəbiyyata nə qədər dəxli var-onu da bilmirdi. Amma kim idi soruşan. Əsas o idi ki, çox bazburutlu cümlə idi.
Parçalanandan sonra sarı tutqacların əvvəlki əzəmətləri qalmadı, onlar get-gedə daha kiçik qruplara bölündülər, bir-biri haqqında daha ağır ittihamlarda bulundular, bəziləri hətta bəyənmədikləri rəngli tutqacların tərəfinə keçdilər, bizim qocanı isə özlərinə mənəvi ata seçdilər.
Təklənmiş “sarılar” əvvəlki gücünü itirdi, xəstəlik, qocalıq üstlərinə ayaq açdı, sıraları seyrəlməyə başladı. Tərslikdən həmin il çox sərt qış keçirdi. Onlar gecə növbəsindən qayıdanda dişləri bir-birinə dəyə-dəyə bayırda neçə dərəcə şaxta olmasından danışırdılar. Daha siyasi şüarlar səsləndirməyə halları yox idi. Hərə öz başının hayındaydı.
Bizim qəhrəman üçün hər şey yaxşıydı, nə vaxtdı işə çıxmırdı, eləcə torbanın dibində uzanıb dincəlirdi. Halından narazı ola bilməzdi, deyildi də. Bütün ömrü boyu, əsas da çox işlədiyi vaxtlarda bu günləri çox arzulamışdı, bütün xəta-bəlaları adlayıb, dinc bir qocalıq yaşamaq. Amma indi elə bil nəsə çatmırdı, nəsə yerində deyildi. Bizim qəhrəman darıxırdı, xiffət edirdi. Fikirləşməyə vaxtı çox olduğundan elə hey keçmiş günləri düşünür, bu qoca vaxtında tez-tez sevgilisini xatırlayırdı. Onu ən son tərk etmiş taxta tutqacı, qollarının üstündə can vermiş yaxın dostunu. Hələ hamısının sağ olduğu o gözəl günləri.
Qoca tutqac anlayırdı ki, artıq ömrünün sonudu, bir azdan öləcək. Bir də heç vaxt sevgilisini görməyəcək, heç vaxt ondan gedişinin səbəbini soruşmayacaq. Dostuna onsuz keçirdiyi günlərdən danışa bilməyəcək, sarı tutqaclardan, onların mübarizəsindən bəhs etməyəcək. Bütün bunları düşündükcə qoca tutqacın ürəyi sıxılırdı. Get-gedə ona lazımsız bir əşya kimi torbanın dibinə atılıb qalması pis təsir edirdi. Deməli, o bir də işə çıxa bilməyəcəkdi, iş başında ölmək ona qismət olmayacaqdı. Elə torbanın dibində çürüyüb gedəcək, heç kim onun ölümünə yanmayacaqdı. Bəlkə hələ həsəd aparacaqdılar.
Bu fikirlərlə qış keçdi. Bir gün torbanın lap dibinə bir əl uzandı. Ev sahibəsi qoca tutqacı çıxarıb o yan-bu yanını təmizlədi, sonra da ortancıl qızının təzə, güllü donuna taxdı.
Uzun fasilədən sonra qəhrəmanımız dünya işığına çıxmışdı. Gözəl bir yaz günüydü. Ağaclar təzə-təzə puçurlamışdı. Ağappaq buludları sanki xırda –xırda doğrayıb tərtəmiz göy üzünə səpələmişdilər. Sərin meh ilıq günəş süasiyla qarışıb tutqacın ruhunu oxşayırdı.
Qoca tutqac aşağı baxdı, həmişə əsə-əsə baxdığı, yıxılmaqan qorxduğu yerə. İlk dəfəydi ki, aşağılar ona elə də qorxulu gəlmədi. Ağacların gövdələri, təzə göyərmiş otlar, parkda oynayan uşaqlar gözəl idi. Hətta düz aşağı, zivənin altındakı beton zolaq da ona doğma gəldi, orda onun əzizlərinin qanı vardı. Qoca tutqac indi ora-sevdiklərinin yanına getmək istəyirdi. Bilirdi ki, şərəfli ölüm üçün sonuncu şansdı. Bu gün yəqin ki, ev sahibəsi bir dəstə yeni tutqacla qayıdacaq və o həmişəlik torbanın dibinə qayıdacaqdı. Qəhrəmanımızın bir nəslin də faciəsini izləməyə halı yox idi. Yorulmuşdu.
Qoca tutqac indi anlayırdı ki, ölüm həmişə fikirləşdiyi qədər qorxulu deyil, hətta içində hansısa naməlum bir səfərə çıxacaq adamın həyəcanı da vardı. O, əzizlərinin yanına gedirdi. Bəlkə hələ onları görəcəkdi də. Axı ola bilməz ki, hər şey bu qədər yarımçıq qalsın. Bütün suallara cavab tapılacaq bir yer olmalıydı.
Qoca tutqac mırıq dişlərini görsədərək gülümsünüb, son sözlərini dedi:
-Bu intihar deyil, bu taledi.
Sonra əllərini ehmalca açıb özünü aşağı buraxdı. Hər şey düşündüyü kimiydi. Bu uçuş yuxarıdan baxanların təsəvvür etdiyi qədər dəhşətli deyildi, hətta gəncliyindən bəri ilk dəfəyfi ki, özünü çox nəşəli hiss edirdi. O, ölümü düşünmürdü. Çünki ölülər ölümü düşünmürlər.