Səhər Əhməd yazır...
Hər gün təəssüratları paltar kimi soyunub, tavanın kəsişən xətlərinə baxa-baxa fikirləşirdim ki, nəsə yazım. Heç bir yazılana oxşamayan nəsə. Fikrə yox, ruha təsir edən.
Əlimdən axıb gedən illərin fərqindəydim, onların şəklini çəkmək, portretini yaratmaq istəyirdim.
O dünyaya inanmırdım, istəyirdim bu dünyada bir iz qalsın məndən.
Bu dünyada ulduz sevgilərinə qarşı atəşböcəyi işartıları mövcuddur, bunu hələ uşaqkən anlamışdım. Bağçamızda işıldaböcəklərin əsrarəngiz parıltılarına heyranlıqla tamaşa edərkən.
Sonra o parıltıların arxasınca getmiş, həvəslə topladığım atəş böcəklərinin ovcumda qara, miskin varlıqlara çevrilməsinə qüssəylə tamaşa etmişdim.
Bu, bəlkə də uşaqlığımın ən qüssəli xatirəsidi. Nədənsə mənə elə gələrdi ki, yaşamaq da təxminən buna bənzər bir xəyalqırıqlığıdı.
Yəqin sizə qəribə gəlir ən qüssəli xatirənin böcəklə bağlı olması. Mən isə bu epizodu tez-tez xatırlayardım. O epizodun həyatımla nəsə izaholunmaz, dumanlı bir bağlılığı varmış kimi. İllər keçdikcə bu cür izaholunmaz, dumanlı epizodların sayı artırdı.
…Hər gün təəssüratları paltar kimi soyunub, tavanın kəsişən xətlərinə baxa-baxa fikirləşirdim ki, nəsə yazım. Heç bir yazılana oxşamayan nəsə. Fikrə yox, ruha təsir edən. Amma nə yazsam, bədii yazıya bənzəyirdi, bədii yazılar isə bədii yalana.
Mənsə oxucularımla səmimi olmaq istəyirdim, istəyirdim onlara deyəm ki, işıldaböcəklər ulduz deyil.