Təmizə çıxdıqca çirklənənlər

Təmizə çıxdıqca çirklənənlər
9 dekabr 2019
# 10:15

Həyat da qumar kimidir, uduzduqca udmaq istəyi artır, bədbəxt olduqca xoşbəxt olmaq, müflis olduqca varlanmaq, itirdikcə tapmaq, çirkləndikcə təmizə çıxmaq, unudulduqca sevilmək, qocaldıqca yaşamaq, batdıqca çabalamaq... və tapmaq istədikcə itirirlər, sevilmək istədikcə unudulurlar, təmizə çıxmaq istədikcə çirklənirlər, xoşbəxt olmaq istədikcə bədbəxt olurlar, yaşadıqca qocalırlar, çabaladıqca batırlar, bir sözlə, bir gün mütləq udacam, dedikcə uduzurlar.

Bu uduzmağın düsturudur, indi gəlin udmağın düsturuna baxaq. Axı heç onların da xoşbəxtliyi daimi deyil. Sən bütün varlığınla əlinə “üç tuz”un gələcəyinə inanırsan, onu gözləyirsən və tutaq ki, gözəl günlərin birində həqiqətən möcüzə baş verir, “üç tuz”. Sən sevinirsən, elə həmin an məğlub olduğunun fərqinə varmadan atılıb-düşürsən, amma lap azca ağlı dinləsən, anlayarsan ki, bu da ömürlük deyil. Sən yenə, təkrar-təkrar onu arzulayacaqsan, o isə bir daha gəlməyəcək. Bütün zirvələr ən yüksək nöqtəsindən ibarətdir, ondan sonra eniş başlayır. Yəni, bütün qələbələr hansısa məğlubiyyətlə bitəcək, bitməlidir çünki.

Bütün zirvələr bir yüksək nöqtədən ibarətdirsə, ondan sonra eniş qaçılmazdı. Bir nöqtədə nə qədər yaşamaq olar ki...

Eyforiyanın pik həddindən sonra adi həyat cəhənnəm əzabı kimidir, eyforiyanın tərkibində nəşə var. Söhbət sevinc sözünün sinonimi, qəm sözünün antonimi olan nəşədən gedir, amma onun omonimi olan narkotik mənasını verən nəşəylə də yaxınlığı var. Orqanizm tiryəkə necə alışırsa, eyforiyaya da eləcə alışır. O üzdən qələbənin eyforiyasından sonra yaşamaq daha çətindi, o üzdən yoxuş daha arzuolunandı, nəinki eniş.

Və elə məhz o üzdən uduzduqca udmaq istəyi artır...

# 2116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #