Saç ustamın qəfil işi çıxır, məni gənc birinə həvalə edib gedir. Yaşıl gözlü, gözəl bir qızdı, hərdən güzgüdən gülümsəyir üzümə, elə qayğıyla davranır ki, özüm də utanıram. Əvvəl düşünürəm: yəqin, naşıdı, deyə çəkinir. Sonra görürəm, yox, bu nəsə fərqli sevgidir. Bir daha baxıram üzünə, cizgilər tanış gəlməyə başlayır, duruxduğumu görüb soruşur:
- Müəllimə, məni tanımadınız?
Beynimin bir küncündə işıq yanır:
- Nigar?
Təsdiqləyir.
Qəribədir, ancaq adı xatırlayıram, başqa heç nə. Mənim beş-altı Nigarım olub, yəni Nigar adlı şagirdim. Bu, hansıdır? Bir az da düşünür və xatırlayıram.
Ona cəmi bir il dərs demişdim. Doqquzuncu sinifdə. Qardaşıyla eyni sinifdə oxuyurdu. Problemli ailənin uşaqlarıydılar. Qardaşı çox nadinc, tənbəl, islaholunmaz uşaq idi. Nigarsa dinc, kimsəylə işi olmayan, dərslərini oxuyan, ədəbiyyata xüsusi meyl göstərən biri. Bütün gün fikri qardaşında qalır, onun əvəzinə utanır, onu danlayanda qızarırdı. Bir dəfə tənəffüsdə yanıma çağırdım, “Nigar, bax”, - dedim, “Sən yaxşı qızsan, səni hamı çox istəyir, qardaşına görə pis olma, burda sən onun bacısı, dayəsi yox, sinif yoldaşısan”.
Eynən indiki kimi yaşıl gözlərini üzümə dikib soruşdu:
- Doğrudan, belə düşünürsünüz, müəllimə ?
- Əlbəttə, bunu sənə hələ deməyiblər?
- Yox, əksinə, həmişə ona görə məni danlayıb müəllimələr.
Buna haqları olmadığını deyib, ona dərslərinə fikir verməyi tapşırdım.
Bundan sonra Nigar mənim dərsimə daha böyük həvəslə hazırlaşırdı. Sinif yoldaşları heyrətlənirdi, başqa fənlərdən dörd alan Nigar ədəbiyyat fənnindən sinifdə birinciydi.
Gələn sentyabr onu sinifdə görmədim, “məktəbdən çıxıb” - dedilər...
Valideynləri arxasında duracaq, cəmiyyətdə yer tutacağına əmin olduğum şagirdlərimdən başqa, bu cür taleyindən narahat qalacağım, "Çalı quşu" filmindəki Fəridənin Ayşə və Zəhraları kimi, Ayşə və Zəhralarım da az olmayıb. Sonradan onları yaxşı görəndə sevinirəm. İndi də ən azından işləyir, nəyinsə qulpundan yapışıb deyə, sevinirdim Nigara görə.
...Qardaşını soruşuram, “əsgərlikdədir”, - deyir. Saçlarımı həvəslə səliqəyə salıb bitirir, çənəmdən yapışıb başımı çevirir və güzgüdə üzümə baxıb sevgiylə gülümsəyir:
- Mənim gözəl müəlliməm.
Ayağa durub qucaqlayıram onu. Kövrəldiyimi bilməsin deyə, heç nə demirəm.
Düşünürəm ki, bu dünyada yaxşı məqsədə xərclənmiş enerji heç vaxt itmir, bir təbəssüm, bir sığal şəklində də olsa qayıdır, mütləq qayıdır...