Tanrı da unudub ədaləti harda gizlətdiyini – Səhərdən Yeni Şeirlər

Tanrı da unudub ədaləti harda gizlətdiyini – <span style="color:red;">Səhərdən Yeni Şeirlər
21 iyun 2018
# 11:00

Kulis.az tanınmış şairə Səhər Əhmədin yeni şeirlərini təqdim edir.

***

Heç öz başını sığallayacaq qədər

acıdınmı özünə,

Aynada özünə gülümsünəcək qədər,

Axı sən bu dünyada

ən sevilməli uşaq idin...

Kiçik də olanda, böyük də,

ana da olanda, bala da

ən çox sən anladın.

Küsəndə də, küsdürəndə də

ən çox sən ağladın,

Vuranda da, vurulanda da

ən çox sən ağrıdığın kimi...

Hamıdan inciyən uşaq,

gəl, belə danışaq,

nə olsun bu dünyada

mütləq həqiqət yoxdu,

sevgilərin sonu ayrılıqdı,

nə bilim, xoşbəxtliklər nisbidi,

əsas odur ki,

sən doğru cavaba

ən yaxın adam idin...

***

Bu dünyada ədalət axtarmaq

mina axtarmaq kimidi bir az,

hər an yaralanmaq təhlükəsi var...

Bu dünyada ədalət axtarmaq

xəzinə axtarmaq kimidi həm də,

İkisi də ən dərində...

Yəqin Tanrıya da maraqlıdı,

Onu kim tapacaq,

Oturub möcüzə gözləyir,

Çünki özü də unudub

ədaləti harda gizlətdiyini...

# 2028 dəfə oxunub

Müəllifin son yazıları

# # #