Yazıçı nəyi necə yazmalıdır?
Belə başlığa görə həmkarlarımdan üzr istəyirəm, amma "redaktor" bu yazıya bu cümlədən sonra gələn ifadəni başlıq etməsin deyə, sadəcə, onu qabaqlamaq istədim.
Deməli, yazıb ki, "arvadım o qələti eləsydi, mən onun başını kəsərdim". Söhbət bədii mətndə personajların adi söhbətindən, bəlkə də hansısa hadisə ilə bağlı öz aralarında zarafatyana məzələnməsindən gedir. Mən inanmaq istəyirəm ki, hörmətli qələm sahibi bunu Azərbaycanın həyati reallıqlarının hansısa səhnəsində öz qulaqları ilə eşidib. Mən inanmaq istəyirəm ki, öz namusunu hər şeydən uca tutmaq istəyən azərbaycanlı kişi analoji səhnəyə münasibət bildirərkən o cümləni məhz o cür ifadə edər. Yəni demək istəyirəm ki, yazıçı bədii nəsrdə realizmin tələb etdiyi tipiklik amilinə yüz faiz əməl etməklə oxucunu inandırmağa çalışıb ki, sözün sahibi olan personaj öz namusunu hər şeydən uca tutur və bundan ötrü kiminsə başını da kəsməyə hazırdır.
İndi gəlin görək, çox incə milli, ictimai və psixoloji mətləbləri əks etdirən bu ifadəni belə eşitmiş və beləcə də yazmış yazıçı öz personajı, bunun davamı olaraq həyatdakı qəhrəmanı ilə eyni səviyyəni bölüşür, ya bölüşmür?!
Gördüyümüz kimi, "namus qətlləri" ölkəmizdə kişilərin cinsi orqanının kəsilməsi cinayəti də daxil olmaqla, bir-birindən eybəcər təzahürlər edir və necə deyərlər, ildırım sürətilə Biləsuvardan vurub Goranboydan çıxır. Bütün milli, dövlət institutları ilə bərabər bu cinayətlərdən sarsılanlar arasında yazıçıların olmadığını iddia etmək düzgün olmaz. Məhz onlar öz əsərlərilə insanlara bir daha izah edirlər ki, adamı Allahdan savayı kimsənin öldürməsi böyük günahdır və bu qətllər icma, cəmiyyət daxilində başqalarının da həyatını zəhərləyir. Bu faciələri görən, onlara acıyan və onların azalmasını istəyən yazıçı, zənnimcə, o ifadəni elə yazmaz. Bəlkə də elə sözlər seçərdi ki, onların ifadə etdiyi fikir o qadın üçün ölümdən qat-qat acı və ağır olardı, amma baş kəsməyi yazmazdı. Yazıbsa, deməli, o, yazıçı yox, mirzə və ya qəzet reportyorudur. Yəni o öz qəhrəmanlarından heç nəyi ilə fərqlənmir. Fərqlənmirsə, mən həyatda hər gün onlardan yüz minini görürəm və o yazıçı artıq mənim üçün maraqlı deyil. Bax belə... Bir sual vermişdilər, iki suallıq danışdım.