Həmzəli Mahmudun oğlu Mikayıl və Bombey qoxusu – Səfər Alışarlı yazır...

Həmzəli Mahmudun oğlu Mikayıl və Bombey qoxusu – Səfər Alışarlı yazır...
29 iyul 2019
# 12:08

Kulis.az yazıçı Səfər Alışarlının “Həmzəli Mahmudun oğlu Mikayıl və Bombey qoxusu” yazısını təqdim medir.

Son günlər səsini eşitmirəm. Amma nəsə fikrimdən çıxmır. Qəribədir. Haqqında bildiklərimin hamısını xatırlayıb qurtarmışam, tələbəykən Litinstitutun yataqxanasına özü ilə gətirdiyi arvadını, balaca oğlunu və qızını da yada salmışam. Fikirləşmişəm ki, yəqin uşaqlarını ABŞ-da qoyub Moskvaya qayıdıb. Rusiyaya ABŞ-dan uşaq qaytarıb gətirərlər?! O da ola Mixail Xamzin!

Milliyyətcə tatar olan Mişa, səhv etmirəmsə, Qırğızıstanda, Oş tərəflərdə doğulmuşdu, sonra Rusiyanın orta zolağına köç eləmişdi və nəsr yazırdı. İki uşaq atası Litinstitutun əyani şöbəsinə daxil olmuşdu, Saratovun Engels şəhərində qoyub gəldiyi arvad-uşağı necə dolandırmağı kimsəyə məlum deyildi. Bioqrafiyasının bu "ailəli" qrafası ilə hələ birinci kitabı da nəşr edilməyən Mişa eynən bizimkilərə oxşayırdı. O vaxtlar bir neçə dəfə ağzımı doldurdum ki, ona "Həmzənin oğlu Mahmud", ya da "Həmzəli Mahmudun oğlu Mikayıl" deyəm, ancaq Mişanın hər hansı milli fərqlənmədən uzaq olduğunu görüb bu fikrimdən daşındım. Dədəsinin adıydı Mahmud. Bəlkə də öz adı. Yox, öz adı Mixail idi, hər gün jurnal oxunanda eşidirdik.

Mişa sarışınıydı, ruscası mükəmməl olduğu üçün, özü deməsəydi, heç kim onun qeyri-rusluğunu düşünə bilməzdi. Ancaq əsmər arvadı Valyanın yanaqlarındakı almacıqları, azca qıyıq gözləri onun milli mənsubiyyətini dərhal büruzə verirdi. 92-də Moskvaya səfərim zamanı yeddi illik ayrılıqdan sonra onunla və daha bir neçə tələbə yoldaşımızla qaldığım hoteldə görüşüb söhbətləşdik: ədəbiyyatdan, televiziyadan, Qarabağdan danışıb araq içə-içə kövrəldik.

Yumoru dilinin ucunda, zəvzəyin biri idi Mişa. Tanımadığı adam üçün də əsl prozaik ustalığı ilə heç nədən maraqlı söhbət düzəltməyi gözəl bacarırdı. Burası, məncə, Mişanın yüz illər boyu daşdan-daşa dəyə-dəyə axar su kimi özünə birtəhər məcra tapmış türk xarakterinin müdrikliyindən qaynaqlanırdı. Keçmiş zamanda danışıram, amma Mişa, şükür Allaha, çoxillik ABŞ mühacirətindən sonra sağ-salamat Moskvada yaşayır və feysbuk statuslarından gördüyüm kimi, ölkəsinin Qoqoldan, Saltıkov-Şedrindən, Kuzma-Prutkovdan qalma əyri reallıqları ilə qəti barışmazlıq nümayiş etdirir. Yəqin ki, iki gün əvvəl Moskvadakı ümumxalq etirazlarında da küçədə olub. İndi onun mükəmməl ruscası ilə yanaşı, beynində o cür ingiliscənin də mövcud olduğunu, üstəlik də fikri həm şifahi, həm də yazılı formada gözəl ifadə etmək qabiliyyətini düşünəndə böyük ümidlərlə fikirləşirəm ki, qonşu Rusiyanın növbəti prezidenti, Saakaşvilinin dediyi kimi Qalstyan yox, məhz Həmzəli Mahmudun oğlu Mikayıl olacaq. İn şaa Allah!

Mişanın mehriban xarakterini bir az da dolğun təsvir etmək üçün heç zaman unutmadığım iki epizodu da, təbii ki, onunla bağlı xatirələrimdə özüm üçün canlandırdım. Bu yazını mənə yazdıran əsas məsələyə keçməzdən əvvəl onları da danışım.

Birində, yataqxanada içki havasına qeyri-adiliyi ilə elə də seçilməyən bir iş baş vermişdi. Kimsə kimisə nətəhərsə şey eləmişdi və Mişanın seminar yoldaşlarından olan bir yazıçı xanım o hadisənin içində az qala xəbərötürücü subyekt kimi faş olaraq bütövlükdə 50 nəfərlik kursun qeyri-rəsmi qınağına düçar olmuşdu. Rəsmi tərəfdən isə bu münasibətlə qurulmuş iclasda dekanat həmin xanımın müdafiəsinə kimsəni yerindən qaldıra bilmirdi. Yarım qoşasaatlıq müzakirədə dekan xanım Kobes nə qədər o yan-bu yana dəbbələyirdisə, çıxış edənlərin üstüörtülü müqavimətilə qarşılaşırdı. Hər kəs qızın müdafiəsinə ən adi söz belə deməkdən ustalıqla yayınır, hələ dolayısı ilə onu sancanlar da olurdu. Birdən Gertsenin dayısının ən böyük otağının qapısı açıldı və bir əlində yekə, ağzıaçıq portfeli, o birində qulaqlı papağı, Mişa şarappıltıyla özünü içəri atdı. Soyuqda pörtmüş yanaqlarından, dağınıq saçlarından görünürdü ki, qaça-qaça gəlib. Bəlkə də haradasa işlədiyindən gecikib. Mühazirə müəllimi yerinə lövhənin qarşısında dekanı görən Mişa başa düşdü ki, dərs yox, iclas gedir, odur ki, keçib yerinə oturmağını bir qədər ləngidərək qapının önündə durub mısmırıqlı, ucaboy Kobesin üzünə narahatlıqla baxmağa başladı.

- Hə, sən nə deyərdin, Xamzin, ..... (filankəs) haqqında? - auditoriyadan əlini üzmüş dekan heç bir izahat vermədən ümidsizcəsinə Mişaya müraciətlə dedi.

Hamı gözləyirdi ki, dərsə gecikmiş Mişa qəflətən, elansız qurulmuş bu iclasın mövzusu haqda nəsə soruşacaq, ya nəsə başqa bir şey deyib müzakirə platformasına gəmi yumşaqlığı ilə yan alacaq. Ancaq Mişa, gözünə döndüyüm, sanki bu məsələni bir dəfə müzakirə edibmiş kimi qəti şəkildə qızın müdafiəsinə qalxdı:

- ... (Filankəs) ortodoksalno çestnıy çelovek! - dedi, sonra da dediklərinə ustalıqla hamını inandırmağa davam elədi.

Yəni onun təmizliyi, vicdanlılığı şübhəsiz və mübaliğəsizdir. Məncə, bu, Mişanın həqiqi münasibətinin ifadəsi idi, oynamırdı. Kobes də, qız da onun belə müdafiəsindən bir az toxtadılar: tələb olunan mənəvi reabilitasiya sanki 48-in 2-yə nisbətində bərpa edilmiş oldu.

O birində gördük ki, yataqxananın beşinci mərtəbəsində Mişa haray çəkir.

- Ay camaat, bura gəlin! Ay camaat, tez gəlin! Mənim otağımı Bombey qoxusu bürüyüb!

Mişanın şivəninə hamı bələd olduğu üçün bəziləri uzaqdan-uzağa səsləşərək nəsə dedi, bəziləri də tələsik getdilər ki, bəlkə qeyri-adi Bombey mövzusu növbəti ilham pərvazlanmasına yardım edə bilər. İkinəfərlik böyük otağın ortası həqiqətən də çamadan, bağlama, skoçlanmış qutu-filanla dolu idi, sısqa, qaraşın bir hindli oğlan da ora-bura vurnuxmaqla hələ konkret nə edəcəyini kəsdirə bilmirdi. İyi hiss etməyənlərə Mişa çamadanları göstərib qınaqla deyirdi:

- Budu ey, Bombey! Hiss etmirsiniz iyi?! İstiot, fil, bir də Braxmaputranın qoxusu bir-birinə qarışıb! Bu da Rac Kapurun nəvəsidir, - qapıda görünən adamların üzünə baxmamağa çalışan indusu göstərirdi. - Şairdi! Adı da bilirsiniz nədi? - Mişa dönüb çağırdığı uşaqların üzünə bir-bir baxa-baxa susdu və nəhayət, uğuruna böyük şübhə ilə o gözəl sözü nəm dodaqları arasından ümumxalq dövriyyəsinə buraxdı. - Annal!

Mişanın bütün vay-şivəni içində diqqətçəkən həqiqətən də Bombey qoxusu, Rac Kapur yox, məhz şairin rusca bir o qədər də yaxşı məna verməyən, bir "n"-ni də Mişanın artırdığı adı oldu və uşaqlardan kimsə çamadanlardan "tündməcaz bir şey" çıxacağı təqdirdə adın rus qulağına adaptasiya edilməsinin mümkünlüyünü bildirməkdən çəkinmədi.

- Sonra! Sonra! - Mişa sanki çamadanlarda çox şeyin ola biləcəyini xatırlayıb, uşaqları çağırdığı kimi də dağılışmağa səslədi. - Gedin, gedin! Olsa, çağıracam, - söz verdi.

İnstitutda xarici tələbələrə xüsusi diqqət vardı. Komendant hindlini Mişanın otağına yerləşdirməklə onun rus dilini tez öyrənməsinə yardım etmək istəyində, heç şübhəsiz, Mişanın həm də tərbiyəli, içki aludəçiliyindən uzaq bir adam olduğuna güvənmişdi. Bununla belə, onda mənə elə gəldi ki, Mişanın kasıb, evli student bəxtinə düşmüş bu günəş şüasına görə heç kim ona qibtə eləmədi.

"Джайн Аналь Кумар" adını mən Litinstitut məzunlarının siyahısından tapdım. Rusca, demək olar ki, bilmirdi. Hərdən qırmızı guşədə, mətbəxdə qarşılaşanda xahiş edirdi ki, onunla danışaq, bilmədiyi sözləri başa salaq. Bir dəfə mərtəbədə Analı milli paltar geyinib harasa, hansısa tədbirə getməyə hazırlaşan gördüm, yaxınlaşıb ağ mələfəfason geyimin ora-burasına, şairin dizdən aşağı çılpaq, qara ayaqlarına baxdım və o mənə bu paltar haqqında aşağıdakıları danışdı.

İngilis müstəmləkəçiliyinə qarşı mübarizənin bir mərhələsində Mahatma Qandi hindistanlı həmvətənlərini Avropa paltarı geyməkdən imtina etməyə səslədi. Mahiyyət bundan ibarət idi ki, ingilis müstəmləkəçiləri Hindistan əhalisinə əkinə yararlı əksər torpaqlarda pambıq əkdirirdilər. Pambığı onlar xammal olaraq İngiltərəyə aparır, orada paltar istehsal edib geri, Hindistan kimi böyük bazara qaytarırdılar. London yaxınlığında Hindistan pambığı ilə işləyən, tekstil sənayesi üzrə ixtisaslaşmış 300 min əhalisi olan böyük bir şəhər yaranmışdı. Beləliklə, pambığın becərilməsindən əldə edilən qəpik-quruşu da hazır paltar almağa sərf edən Hindistana bu istehsal zəncirində deşikdən başqa heç nə qalmırdı.

Mahatma Qandi xalqı ingilis kostyumlarından imtina etməyə, Hindistanda yarımkustar üsullarla istehsal olunan milli paltar (ağ mələfə) geyməyə çağırdı. Bu, ikinci dünya müharibəsindən dərhal sonrakı, 1946-cı il idi. Müstəmləkədən gələn böyük pulun birdən-birə belə kəsilməsi İngiltərənin maliyyə vəziyyətinə ciddi təsir etdi. 300 minlik şəhər iflic oldu və ingilis hökuməti həmin şəhərdə yaranmış böhranı göstərmək üçün Qandini Londona rəsmi səfərə dəvət etdi. Qandi o şəhərə getdi, orada yaşayan əhalinin ağır iqtisadi durumu ilə tanış oldu, ancaq Hindistan xalqının öz qərarını dəyişməyəcəyini bildirdi. O, dedi ki, sizdə bir şəhər yalnız son illər belə kasıblıq içində yaşamağa məcburdur, amma Hindistan yüz ildir ən qəddar müstəmləkəçilik rejimində zəlil edilir.

Qandinin ingilis müstəmləkəçiliyinə qarşı mübarizə nəzəriyyəsi əsasən Tolstoyun zülmə qarşı zorakı müqavimət göstərməmək fəlsəfəsinə söykənsə də, Hindistan xalqı həmişə buna əməl etmədi, milli azadlıq hərəkatı böyük ölkənin ən müxtəlif şəhərlərində kor-təbii üsyanlarla müşayiət olundu və bildiyiniz kimi, bunun nəticəsində 1947-ci ildə ingilis hökuməti bir il ərzində öz silahlı qüvvələrini buradan çıxarmaq haqqında qərar qəbul etməyə məcbur oldu. 1948-ci ildə Hindistan öz dövlət müstəqilliyini elan etdi.

# 3509 dəfə oxunub

Müəllifin son yazıları

# # #