Kulis.az Səfər Alışarlının "Sifət möcüzələri" povestini təqdim edir.
1
Ləkdən qırpdığı otu gövşəyə-gövşəyə həyətdə şellənən qoyun bir azdan başının kəsiləcəyini bilmirdi. Bilsəydi, yəqin ki, buna öz etiraz səsini ucaltmağı bacarardı. Mələyib həyəcan təbili çalardı: mə-ə-ə-ə! Darvazaya kəllə atardı: da-a-anq! Havayı əziyyət çəkib yediyi otu yerə tüpürərdi: tfu-u! Onda dünya dərhal dəyişib ayrı cür olardı. Yoxsa ki, sənin başının kəsiləcəyini yer, göy – hamı bilsin, sən özün bilməyəsən və beləcə, ölümünə sayılı dəqiqələr qalmış həyətdə gic-gic gəzib ot gövşəyəsən. Qoyunlu, keçili dünya, əslində, ədalətsiz deyil, rabitəsizdir.
Şəhər sallaqxanasının nəmiş, yarıqaranlıq tövləsindən qurtulub güllü-çiçəkli həyətə düşdüyünün də fərqində deyildi. Fərqində olub neyləyəsiydi ki? Oyun qaydalarını bir az başqa cür tövsif etsəydilər, uca hasarların arasında nəinki qoyunun, Allah göstərməsin, adamın da qəssab bıçağına təslim olmaqdan başqa çarəsi qalmazdı. Bıçaq qadiri-qətiyyətdə canavara oxşayır. Onun kəsdiklərinin hamısını qaytarıb yerinə qoysan, yer üzü keçilməz cəmdək cəngəlliyinə çevrilər.
Daşa dəyən qara dırnaqlarının çıqqıltısını hərdən elə bil özü də eşidib qəflətən dayanırdı. Qeyri-ixtiyari pauzalarla dolu bu yerişin çırtıq ritmi onu qoyuna yox, ofisdə kağız aparan xanıma oxşadırdı. Ancaq xanım deyildi, bazardan təzəcə alınmış qurbanlıq idi. Hələlik maraq onu hasar boyu ot basmış ləklərdən pilləkənə, darvazaya qədər çəkib aparır, yeni qoxu və görüntülərin içində şəxsinə qarşı gizlədilmiş qətldən bixəbərliklə gəzdirirdi. Elə bil bura ölməyə yox, xoşbəxt bir qoyun ömrü yaşamağa gəlmişdi.
Bəlkə də ona elə gəlirdi ki, bu dünyada hamı, hər kəs qoyundur: hamı ot yeyir, yatdığı yerə qığlayır, hamı yalnız kəsilib yeyiləndə iylənməmək üçün müvəqqəti olaraq sağ qalır. Qoyun bunların heç birini, əlbəttə, bilmirdi, çünki beş-on dəqiqədən sonra həyatla əbədi vidalaşacağını bilsəydi, indi həyətdə belə asudəliklə gəzib daşı-divarı qoxulamaz, əksinə, son dərəcə narahatlıqla bütün diqqətini toplayıb onu bura gətirmiş adamların hərəkətlərinə, baxışlarına, danışıqlarına fikir verərdi ki, bəlkə onları necəsə bu qanlı niyyətlərindən daşındıra...
Onu bura maşında gətirmiş adam səkidən içəri keçib su içdi, çanaqdan bir xışma fındıq ləpəsi götürdü və dişlərinin nasazlığı yadına düşəndə qupquru ləpəni qaytarıb yerinə tökməyə əli gəlmədi, ovcunda möhkəm sıxmaqla sanki dişlərinə örnək olsun deyə barmaqlarının gücünü göstərdi, yenə həyətə çıxdı və son anda qoyunun könlünü xoş etmək istədi. Qoyun olanda nə olar, nəvazişi daş da qanır. Nə vaxtsa bu pilləkənlərə daş düzən cavan oğlan elə demişdi: “Mən daşı yerinə qoyunca bir daş da öz içimdə doğub bələyirəm”. Bu söhbətdən də bixəbər qoyun onun ovcunu islatmadan ləpəni dil-dodağı ilə iki-bir, üç-bir götürüb ağzında xırtıldatdı və qeyri-adi rasion təamından xüsusi ləzzət duymadığını etinasızcasına üz çevirib getməklə bildirdi.
–Axşama saxlamayaq da bunu, – Səidə dedi. – Aparaq tez paylayaq, sonra sən hara gedəssən get, mən qalaram orada.
Səidə məkan dəyişikliyi etməyi, oturub qohum-əqrəba ilə gəldən-getdən danışmağı sevir. Ona yemək-içmək vermə, bircə gəzmək ver, havanıca udmaqla yaşasın özü üçün.
O isə qurbanlıq ət aparmaq üçün də konkret heç bir yerin cazibəsini canında hiss etmirdi. Can ona sarı gələn gözəgörünməz əlaqə tellərinin hamısını kəsib yalnız birini salamat qoymuşdu. Bayaqdan bəri qoyunun əvəzinə düşünmək günün əvvəlcədən məlum planlarını dağıdıb gizli dəniz axını kimi onu sahildən uzağa aparmışdı. Fikirləri aydın və rəvan idi. Heç yerə getmək, naşı sürücülər və başqa şeylərlə dolu yollarda əsəbiləşmək istəmirdi. Pul sayıb aldığı qurbanlıq qoyuna da münasibəti dəyişən kimi olmuşdu: qəssab zəng vurub desəydi ki, bu gün gələ bilmir, ürəyində onun atasına rəhmət oxuyardı ki, Allahın heyvanına daha bir gün yaşamaq imkanı verdi. Həyətin gündöyər yerində oturub sanki yol azaraq gəlmiş bu sakitlik və dinclikdən ləzzət almağa çalışırdı. Bəzi qoyunluq aqibətlərin payız dərki özü ilə şah tənbəlliyi və şirin bir mürgü gətirirdi.
Qohum-əqrəba xeyli uzaqda, şəhərin o başında idi. O uzaqlar buradan hər an telefonda görünürdü. Kimin nə etdiyi, nə bişirdiyi, nə yediyi gün ərzində bütün təfsilatı ilə hamıya bəlli olduğundan üz-üzə oturub danışmağa mövzu qalmırdı. Deyəcəkdilər, Yasin öldü. Mızıldanıb mütləq nəsə xatırlayacaqdılar. Zamanın, dövranın gərdişində qalmış köhnə söhbətləri keçmişdən götürüb bugünün, sabahın qayğı divarlarına hörə-hörə közələnəcəkdilər. Cümşüd başını aşağı salıb ağır-ağır mızıldanacaqdı:
–O cür adamı Qara Nəbi mahalı bir də çətin yetirər...
Bu da məlum idi, artıq deyilmişdi, qüssələnən qüssələnmişdi, ağlayan ağlamışdı. Amma itki böyük olduğundan bunu bir neçə dəfə deməkdə və bir neçə dəfə eşitməkdə nəslin davamçıları üçün fayda var. Adamlar faydanın təzahürlərini yaxşı tanıyır və toxunduqları hər şeydən bəzən əvəz kimi onu gözləyirlər. Amma hərdən o, nədənsə gəlmir və bu, adamların özünü yox, özləri və imkanları haqda təsəvvürlərini dəyişməyə kömək edir.
2
Morqun iki işçisindən birinin səhər yuxarı otaqdakı divandan nə zülmlə qaldırıldığını görmüşdü. İndi onun ağır meyitləri dəbbələyə-dəbbələyə əzabla o yan-bu yana sürüməsinə baxmaq hələ dəfn edilməmiş ölü yiyəsi olmaq qədər məşəqqətli idi. Nazik üzünü maska doxsan dərəcəlik bucaqla qapamışdı. Diqqət edib tutmaq mümkün olanda bulanıq baxışlarının buradan çox uzaqlarda ilişib qaldığı hiss olunurdu. Sanki bu yolla arıq canındakı sısqa vücudunu dəhşətli infeksiyadan qoruya-qoruya kontingenti həm burada, həm də o dünyada da yerbəyer edirdi. Göyümtül maskanı hərdən qaynaqçı niqabı kimi alnına qaldırıb sümüklü burnunun suyunu meyitlə dolu künc-bucağa fınxırandan sonra batıq ovurdları arasında saqqızını çeynəyirdi.
Əl-qolu çirməkli o birinin “Tarverdi” adı dirilərin dilinin, ölülərin qulağının əzbəri idi. İdmançı görkəmi, ciddi sifəti və alacağı kəfənpulunu rəsmiləşdirən səlis nitqində qadağa ifadələrini dəqiq işlətməklə bəzi narazılıqları yerindəcə aradan qaldırırdı:
–Yuxarıdakı otaqdan patoloji-anatomik müayinə rəyini almayanlara meyit verilməyəcək!
Onun maskasız çalışması dəhşətli virus pandemiyasının tezliklə dünyanı sona çatdıracağına şübhəni azaltmırdı ki artırdı. Bununla belə, meyitlərin verilməsini ləngitdiyinə görə onu qınayanların hər birinin cavabını fərdi qaydada verməyi özünə borc bilirdi. Ölülərin hüzurunda vaxtın boş-boşuna keçməsi qiyamət gününün rəmzlərindən biri kimi dirilərin ruhi və fiziki sakitləşdirilməsinə xidmət edirdi: hara tələsəcəksən, son mənzil bura deyilmi? Bəzən Tarverdi səsini yüksəldərək bütün filmlərinin nümayişini başa çatdırmış dünyada da özbaşınalığa yol verilməyəcəyini qüsursuz sintaktik məsuliyyətlə xalqın nəzərinə çatdırırdı:
–Polisi çağırım bura?! – prosesi tezləşdirməyi tələb edən ölü sahiblərinə təpinirdi. – Çağırım polisi?!
Polis məsələsi bütün hallarda dünyanın sonundan yox, real gələcəyindən xəbər verdiyi üçün camaat onunla qarşılaşmaqdansa ölü vətəndaşın səbirli sahibi olub gözləməyi daha münasib sayırdı. Vərdişə çevrilmiş bu hüznlü ağızlaşmalardan sonra qısa sükut yaranır, öz aralarında ünsiyyətin pıçıltı formasına keçməyə məcbur olan adamlar tamam başqa sahələrə aid narazılıqları dilə gətirməklə sanki cəmiyyətin polis olmayan tərəflərindən morqa həmlə edirdilər. Ardınca yenə xor başlanırdı: Tarverdi! Tanrıverdi! Tanrıbəy!
Uca qaragül papağı gözünün üstünə düşmüş qoca kişi isə beş-üç dəqiqədən bir çəliyini göydə oynada-oynada sıpıxmış səsilə qısaca “Tərqulu!” səslənib susurdu. Elə bil Tərqulu meyitlərin arasından çıxıb ölkədəki pandemioloji vəziyyət haqqında şəxsən məruzə etmək üçün təntənəli marş addımları ilə onun hüzuruna gələcəkdi. Amma gəlmirdi, köpəyoğlu!
Arxa tərəfdəki böyük küçədə həqiqətən də polis və təcili yardım maşınlarının səsi bir-birinə qarışırdı. Və hərdən Tarverdinin meyitxana qarşısında ustalıqla bərqərar etdiyi acı sükutu həmin maşınların ritmik sirena melodiyası yarıb keçərək bütün xəstəxana ərazisində şən rəqs effekti yaradanda camaat bilmirdi ağlasın, ya gülsün.
Görünür, səhər hamıdan tez gəldiyini nəzərə alaraq arxa qapıdan boylananda Tarverdi onu görüb çağırdı. Bəlkə də cürət edib içəri girməyəcəyini fikirləşdi.
–Vəliyev Yasinin nəyisən? – soruşdu.
–Əmioğluyuq, – o dedi.
–Ailəsi yoxdu?
–Arvadı xəstəxanadadı, virusdan yatır. Qızı buradadı.
–Tez ol, bax gör, hansıdı, – Tarverdi dedi və meyitlərin arasına ayağını birtəhər soxa-soxa dəhlizə tərəf getdi. – Cinayət var, indi prokuror gələcək, – mızıldandı: – Səhərdən bütün işi sarvat eliyib...
Morqda bir qəbiristanlıq üzvi material hazır idi. İçəridə xərək arabasını ən qısa marşrut üzrə işlətmək üçün də yerdən ən azı 6-7 meyit götürülüb yol açılmalı idi. Arabaların da, stolların da, pəncərəsiz divarlar boyu dövrələmə piştaxtaların da üstü doluydu. Sərin zaldakı boğucu, turşumuş ət iyinin məhz spesifik meyit iyi olduğunu üzü çox meyit üzləri görmüş adamlar dərhal müəyyən edə bilərdi.
Tarverdinin qeyri-adi xidməti fəaliyyətindəki əsəbi ciddiyyət pandemiyanın məcburi populyarlaşdırılması kampaniyası fonunda paketdəkilərin kənar xəstəxanalardan bura gətirildiyinə şübhə yeri qoymurdu. Onları necə gəldi, hara gəldi atmışdılar. Bircə ayaq üstə qoyulanı yox idi. Sayca onlardan az görünən çılpaq ölüləri piştaxtaların üstündə yan-yana, qoşa uzatmışdılar. Bəzilərinin ayaqlarını digərinin ayaqları arasına axıradək soxmaqla qiymətli yerə bu üsulla da qənaət etmişdilər. Meyitlərin çoxluğu yox, məhz belə, baş-ayaq bir-birinə geydirilməsi xof doğururdu, sanki ölümün insan bədənində təcəllasının formaca tamam ayrı cür olmasının sirri açılırdı. Ölülərdən yalnız ikisinin üstündə mələfə vardı: biri xeyli qana bulaşmışdı, o biri yuxarı sürüşüb meyitin qadın olmasını onun sapsarı ayaqlarının qırmızı laklı dırnaqları və seyrək tüklü cinsi orqanı vasitəsilə nümayiş etdirirdi. İstisnasız olaraq üzüyuxarı uzadılmış lüt kişi meyitlərinin büzüşüb kiçilmiş xaya və penisləri arasında tənha bikini həkimlərin ölümlə nəticələnmiş uğursuz, eksperimental cərrahiyə əməliyyatının nəticəsi kimi müasir tibb elminə etimadı şübhə altına salırdı. Ağzı-gözü əyilmiş bəzi meyitlər qaralıb göyərməklə sanki son anda çarəsizlikdən irqi dəyişikliyə də razı olmuşdular və göründüyü kimi, bu da onları virusun öldürücü caynağından xilas edə bilməmişdi.
Paketdəkilər o yana, üzüaçıq meyitlərə baxmaq və çoxdan görmədiyi Yasini ağzı-gözüyumulu, üfüqi vəziyyətdə tapıb tanımaq üçün ona bir saat vaxt lazım idi. İki meyitə baxmışdı ki, Tarverdi tez qayıdıb onu arxa qapıdan da çölə çıxardı. Prokuror gəlmişdi.
Polislər adamları asfaltın qıraqlarına, ağacların altına sıxışdırıb prokuroru ortada rinqə çıxıb rəqib gözləyən güləşçi kimi tək qoydular. Bu, qarınlı, poqonlarında dörd dənə kiçik ədliyyə ulduzu olan kötük kimi bir adam idi. Sanki itələyib yıxsan, düşdüyü yerdə qalmaz, eniş boyu diyirlənib düz prokurorluğa qədər gedərdi. Ətli yanaqlarının altında bir an belə dayanmadan çalışan möhkəm çənəsinin sifətə verdiyi möcüzə sərtlik, amiranəlik və ağalıq idi. Bəlkə də ölü sahiblərinin çoxu bu ağır məqamda öz dərdini kənara qoyub ona demək istəyərdi ki, uniforma pencəyi əyninə dar və gödəkdir. Ancaq prokuror işini bilən adama oxşayırdı: bir əlində sənəd dolu portfel, o biri əli ilə polisə, onunla gəlmiş başqa adamlara, hətta katafalkın sürücüsünə də göstəriş verə-verə, bomboş meydançada heç nədən yaratdığı qışqır-bağırla, nəhayət, öz meyitini götürüb getdi. Onun gedişilə böyük tənəffüs üçün əvvəlcədən hazırlanmış tamaşa qurtardı və ölü sahibləri yenidən öz dərdlərinin içinə qayıdıb səbir və hövsələ ilə gözləməyə başladılar. Elə bil prokuror qətl hadisəsi kimi ölümün ən pis variantlarından birini nümayiş etdirməklə onlara virusdan ölməyin urvatlı təsəllisini verib getmişdi.
Ölüm kağızlarının polis maşınında qeydiyyatdan keçirilməsinin gərəkliyini Tarverdi məhz prokuror gedəndən sonra qapıya çıxaraq elan etdi. Bu minvalla onun hələ neçə belə yeniliklə ölü sahiblərini sevindirəcəyini düşünmək olardı. Maskalı, qara geyimli adamlar dərhal irəli yeriyib təhlükəli virusu diri tuturmuş kimi, qatbaqat sıralarla maşını mühasirəyə aldılar. Basabasda qapıdan maşına dürtülmək dəhşətli virusun birini ələ keçirməyə bərabər qəhrəmanlıq sayıla bilərdi.
–Karantin qanunlarına görə, siz ... – üzü görünməyən leytenant onu da əvvəlkilər kimi yanında əyləşdirib yumşaq səslə izah etməyə başladı. – Siz mərhum Vəliyev Yasinin nəşini Hürüdəstəgül qəbiristanlığının xüsusi ayrılmış hissəsində dörd-beş nəfər qohumunuzla polis nəzarəti altında dəfn edə bilərsiniz.
–Axı biz başqa qəbiristanlıqda yer almışıq, artıq qəbir də qazdırmışıq... – o dedi.
–Qanun tələb edir, – leytenant mızıldandı.
–Qanun neçə tələb edir? – o, yumoru başa düşdüyünü bildirdi.
–Otuz manat, – polis pulu alıb kağıza qol çəkəndən sonra son tapşırığını verdi. – Dəfndə on nəfərdən çox adam olmaz. Hər şeyə kameralar, dronlar vasitəsilə nəzarət edilir.
Dron icad eləyənlər yəqin ki, ondan müharibədən də betər məqsədlər üçün istifadə olunacağını bilməmiş olmazdılar.
3
Yanında ayaq basmağa yer tapdığı birinci meyitə baxan kimi hiss etdi ki, xoflanmır, ürpənmir, əksinə, müəyyən emosional və psixi gərginlikdə dəyişib qaralmış sifətə mümkün qədər çox baxmaq istəyir. Elə bil meyitin üzündə onun bütün taleyi, bütün iztirab və sevinclərinin aydın təsviri, xəritəsi vardı və sağ insanlardan fərqli olaraq onun hansısa həyat sirrini bilməsi yarıaçıq ağzına, qapalı gözlərinə, alnının qırışlarına, dağınıq saçlarına baxdıqca daha aşkar görünürdü. Sirrə canı ağzından çıxan anlarda vaqif olduğu üçün ondan faydalana bilməmişdi, nitqini itirdiyindən bu haqda kiməsə bir söz deməyə də imkan tapmamışdı. İndi gözləyirdi ki, kimsə gəlib onunla söhbət eləsin, onun keçirdiyi ağrı-acıları duysun, həyatla ölüm arasında duran o yeganə, əsas sirri öz bəsirəti ilə anlasın və onun həyatda öhdəsindən gələ bilmədiyi səhvlərdən gec də olsa, nəticə çıxararaq öz ömrünü yaxşı yaşasın.
Tarverdi bu dəfə onu tələsdirmədi, yenə xəbərdarlıq etdi ki, burada hər yer virusdur. Gözlə görünən bu qədər meyiti, onların əzab və xəyal dolu üzündəki ölüm tarixçələrini görə-görə indi o, görünməyən virusdan qorxmurdu. Virus ona maddi mikrohissəcik kimi yox, mənəvi-psixoloji diskomfort kimi görünməyə başlayırdı və meyitlərin dəyişmiş sifətindəki dəhşətli həyat hekayələri, qorxunc faciə tarixçələri nədənsə bu ruhi narahatlığı tamamilə rədd edərək ona yoluxmaqdan qorxmamaq üçün cəsarət verirdi. Sifətlərin bənzərsiz möcüzəsinə o qədər aludə oldu ki, meyitlərin əksəriyyətinin qarnının yarılıb sonradan müxtəlif rəngli saplarla çuval ağzı kimi səliqəsiz tikildiyini lap axıra yaxın gördü və heyrət elədi: tikişlər sanki sifətlərdəki sirli ifadəni silərək meyiti insan cildindən çıxarır və heyvan cəmdəyinə oxşadırdı.
Yasin bura uzaqdan gətirildiyi üçün yəqin ki, paketdə olmalı idi. Üzü açıqlara niyə baxır? Birdən ayılmış kimi dayanıb bütün zala, koridora, piştaxtalara, əsas əməliyyat stoluna göz gəzdirdi. Özünü ölülər dünyasının sakini kimi hiss etməyə qatbaqat maskadan burnuna keçən turşamış ət iyi mane oldu. Paketdəkilərin sifətini ona Tarverdi yox, haradansa çıxardığı başqa bir qadın meyitini kəfən torbasına təkbaşına soxmağa çalışan cılız oğlan gəlib göstərməyə başladı. O, qadını xüsusi stolun üstünə aparmadan elə piştaxtanın üstündəcə, sanki İstanbulun fəthində şəhid olmuş kimi əlini irəli tuşlamış, dəli nərəsinin yarısı boğazında qırılıb qalmış ağzıaçıq, üzütüklü bir kişi meyitinin böyründə kəfənə soxmağa çalışırdı, amma gücü çatmırdı. Çalsaçlı, kök qadının boyun-boğazının əti nazik çiyinlərini basmışdı, təpə kimi ucalan enli sinəsində qurumuş məmələri kişi məməsindən seçilmirdi.
Üstündəki yazıların fərqinə varmayan oğlan yerdəki hər kisənin zəncirbəndini baş qədərində aşağı çəkib əlini tutacaqdan üzmədən “hə”, “yox” cavabını gözləyirdi. O, virusa görə son aylar üzünü görmədiyi Yasini kiminləsə dəyişik salmaqdan ehtiyatlandığı üçün açılan hər sifətə diqqətlə, hətta müvazinətini dəyişmək üçün ayağına yer tapmayanda qurşaqdan yuxarı bədənini sağa-sola oynatmaqla müxtəlif səmtlərdən baxmağa çalışırdı. Yenə də hiss edirdi ki, meyit sifətləri onu çəkir. Sifətlərin təkcə fiziki deyil, həm də mahiyyətcə dəyişməsində Yasin onun fikrindən güzgü bərqi kimi dərhal sıçrayıb çıxır, diqqəti baxdığı meyitin morq qapısının arxasında qalmış uzun həyat salnaməsi boyu geri axmağa başlayırdı. Bu yad salnamədə ona aid heç nə olmasa da, kleyonka kisənin içində açılan hər yeni sifət indiyə qədər tanımadığı, görmədiyi başqa dünyanın bir əlamət və sirr parçasının ifadəçisi kimi təzə və maraqlı görünürdü. Ona elə gəlirdi ki, o sirli dünya bu real dünyanın virtual proyeksiyada tam əksidir və kisənin içindəki meyitlər ölüm anında çəkdiyi ağrıları bir daha yaşayaraq dirilməyi və çox primitiv qurulmuş bu həyata yenidən qayıtmağı qətiyyən istəməzlər.
Meyit dəbbələməkdən yorulmuş oğlan paketin zəncirbəndini o biri dünyaya pəncərə kimi açırdı. İkiqat pozada durub burnunu çəkirdi, elə bil gözləyirdi ki, pəncərəsini açmaqla nizamını müəyyən qədər pozduğu dünyada hər şey yerbəyer olsun, sonra yenə bağlasın. Ona elə gəldi ki, o, meyitləri tanımadığı kimi oğlan da hərfləri tanımadığına görə üstündəki yazıya fikir vermədən sıra ilə düzülmüş paketlərdən hər birini açıb gözləyir və bunu etmək üçün cins şalvara bələnmiş çəyirtkə qıçı kimi nazik, əyri və yüngül ayağını bəzən meyitlərin üstünə basmaqdan belə çəkinmir. Növbəti paketi açmaq üçün baxılmış iki meyiti götürüb kənara qoymaq lazım idi. Oğlan o birilərə nisbətən xeyli şişmiş görünən kisədəkinin qarnı üzərində oturub maskanı islatmış burnunun suyunu yana fınxırdı, amma bu an onun altındakı meyitin hansısa deşiyindən pırıltı ilə çıxan hava əks-səda vermək üçün istiqamətləndiyi meyitxananın kafelli divarlarına çatmadan yaxınlıqdaca boğuldu.
–Ala, bu yene geyirür! – oğlan mızıldandı və meyiti kənara çəkmək üçün asta, zökəmli səsilə partnyorunu səslədi: – Tarvərdi! – Sonra isə başını aşağı endirib öz-özünə pıçıldadı: – Paxmeləm, ölürəm.
Tarverdi onun “kəfən” adlanan ağ torbaya basdığı qadının işlərini güclü qolları ilə yekunlaşdırıb qapıda sahibinə verəndən sonra yaxınlaşdı.
–Ə-ə, budur da, burada olmalıdı Vəliyev Yasin, yadıma düşdü, – dedi və dəhlizdə döşəmənin üstünə divar boyu iki sıra düzülmüş paketlərə tərəf addımladı. – Gecə Olimpiya mərkəzindən gətirilənlər buradadı...
Bozumtul kleyonka kisənin üstündə qırmızı flomasterlə Yasinin familiyası, adı, atasının adı yazılmışdı. Adam özü burada ola-ola heç nə idi, onu kiminsə yazdığı bu üç-dörd söz əvəz edirdi. Bundan sonra həmişə elə olacaqdı: sözlər də azala-azala bir gün tamam yox olacaqdı. Tarverdi zəncirbəndi aşağı çəkib o biri qapıda onu səsləyənlərin cavabını verməyə getdi. O, təzə səsləri köhnə səslərdən dərhal seçib bütün etiraz və narazılıqları abzasdan cavablandırır, səs sahibini susdurub gözləməyə məcbur edirdi. İnciyən də, inciməyən də gözləməli idi: meyiti burada qoyub gedəsi deyildi ki!
Yasin binədən qaraşın idi, rəngi bir az da tündləşmişdi, seyrək tüklü üzündə, alnında iki-üç dənə sap kimi nazik qırış izləri vardı, gözləri yumulu, ağzı azacıq aralı qalmışdı: alt çənəsindəki qızıl diş bloku onun səsini, danışığını yada salırdı. Dişlər deyilən sözlərin emosional ahənginə heç cür təsir etmirdi. Onun sakit, hər şeyi həmişə təkbaşına həll edən vücudu ölümqabağı da, deyəsən, heç nə demək istəməmişdi, susmuşdu. Bəlkə də karantin rejimində yanında doğma adamları olmadığı üçün nəsə demək istəyini yersiz saymışdı. Onun qayğı və narahatlıq dolu son sifət möcüzəsi nigarançılıq idi. Bu dəqiqənin özündə burnundan tutub ayağa qaldırsaydın, bir gecə yaşadığı o biri dünya haqqında yəqin ki, “maraqlı heç nə yoxdur orada” deyib arvadı Ayselin yanına, xəstəxanaya yollanardı.
4
Kirli quyruğunu zəngulə kimi aramla əsdirə-əsdirə qoyun gedib bir ağız da ot qırpdı və ucundan su damcılayan kranın yanında dayandı. Dili-ağzı ola, deyər ki, bunu açın bir qurtum su içim, Zelonun tövləsində sidik qarışıq sarı gölməçələri içməkdən öldük.
Zelo bu qoyundan gündə yüzünü kəsir, diri satır, sifariş üzrə kabablıq, soyutmalıq, qovurmalıq doğrayıb göndərir, heç ağlına da gəlmir ki, qoyunlardan hansısa onu yad ocaqda belə iradlarla xatırlaya bilər. Planlaşdırılmış qətldən xəbərsiz qoyun bu məsələdə bir az da dərinə gedib keçmişini xatırlaya bilsə, ən azı, sürüdəki keçilərdən eşitdiklərinin fərqinə varıb deyə bilərdi ki, Zelo qocalıb seyid olub, amma bu, qoyunlara onun rəhmini artırmayıb: müştərini “Çermet” körpüsündə görən kimi bıçağı çəkir heyvanın xirtdəyinə!
Aparıb vedrəni kranın altına qoydu. Suyun şırıltısı qoyunun bədənini tərpətdi, burnu ilə vurub vedrəni aşırandan sonra qabaq ayaqlarını daşdan aşağı qoyub suyu palçıqlı gölməçədən içməyə başladı. Elə bil içdiyi su dodaqlarından birbaşa quyruğuna sorulub kirli yunun üstündə yekə vergül işarəsi kimi dikəlmiş irtməyi də dingildətdi, altdakı oynaq piy topasının elastikliyini artırdı. Uca dağların ətəyində qışa azuqə hazırlığı görəndə quyruğunun yağı özünü qovurmağa yetən erkəyi xoş sifətlə xatırlayırdılar. O möcüzədə “özünü basdı” ifadəsindən başqa qoyun haqqında heç bir xatirat qalmırdı. Uca dağların ətəyində soymağa da, qırxmağa da qoyunun ən çətin yeri həmin o quyruq idi. Yun qırxımı zamanı çatanda Dadaş tapşırırdı ki, sürü günorta yatağa gələn kimi mütləq getsin, qoyunları çaya salıb yusun. Qoca qarağacların seyrək kölgəsində başını bir-birinin qarnına soxub yatışmış heyvanların içindən özününküləri necə tapdığını indi həyətdəki bu qoyunun seçilən əlamətlərinə diqqətlə baxa-baxa da heç cür anlaya bilmirdi. Yuxulu qoyunu ayağından darta-darta suya salmağa gücü çatmırdı, bəzən yoldan keçənlər kömək edirdi. Heyvanın böyür-başından, qarnı altından pıtrağı təmizləmək isə ondan da çətin idi. Nisbətən asan yolunu çoban öyrətdi: dedi, əvvəlcə yunu isladıb sabunla, bir az gözlə ki, tikan da yumşalsın, əlini dalamasın; dedi, Qırmızı Abbasda yekə dişli dəmir daraq var, onnan rahat təmizləmək olur. Dar macalda durub kəndin o başına qaçasan, Qırmızı evdə ola, olmaya, sənə daraq verə, verməyə?! Darağı suya salıb itirəndə nə ola?! O vaxta kimi qoyun yataqdan qalxıb yenə kövşənə gedəcək.
Üzüb suyun dərin yerindən çıxmaq istəyən qoyunun dırnağı budunu, dizlərini elə cızırdı ki, ağrıdan o biriləri nəinki yumaq istəmirdi, qarağacların altında yatışmış bütün kənd qoyunlarının yarısını qəssaba, yarısını da canavara peşkəş etmək keçirdi ürəyindən. Yuya bildiyinə tam əmin olmadığı üçün suyu quruyandan sonra qoyun yununun ağlığı ilə o birilərdən seçiləndə sevinirdi. Dadaş dibdən qırxmağa çalışdığı yun qarışıq hərdən dərini də qıncıdanda qoyun diksinib sərt hərəkətlə ayaqlarını oynadır, indi də onun qol-biləyini dırnağı ilə cızırdı. Dadaş qara mazut butulkasını çalxayıb onun başına tıxadığı əski qırığını dərinin kəsilmiş yerinə basandan sonra qoyun növbəti kəsiyə qədər sakitləşsə də, qırxlığın xırtıltısını, Dadaşın əlinin hərəkətini diqqətlə izləyir, bəzən hələ dərisi kəsilməmiş şıllaqlayıb yerdən qalxmağa çalışırdı. “Bərk tut!” – Dadaş ona deyirdi. Dalğalı xətlərlə qırxılmış qoyunların ora-burasındakı neftli ləkələr bir neçə gün qarala-qarala kənd sürüsünün keçdiyi küçələrdə Dadaşın heyvandar səriştəsini hamıya göstərirdi. Ancaq yunu “yuyulmuş” adı ilə Şirzada əlli qəpik bahasına sata bilirdi. Şirzadın dili qadaxlıydı, “pıtraxlı” deyəmmədiyi üçün “tikannı” deyirdi, əlindəki çubuqla yunun altını üstünə çevirib baxırdı, lap əsəbiləşəndə “pıtıxlı” deyib dirəşirdi. Dadaş da yunun yuyulmasına, pıtrağın təmizlənməsinə sübut kimi onun əlindən yapışıb ovuclarını Şirzada göstərirdi.
–Bax da, budu eey, əlinin tikanını hələ çıxardıb qurtarammamışıq, – yayda olmuş işi payızda xatırlayırdı.
Ona elə gəlirdi ki, qoyunların necə yuyulmasından, ayaqlarının cızılmasından, əllərindəki tikanlardan Dadaşın xəbəri yoxdur, ona elə gəlirdi ki, bütün bunların belə olmaqdan başqa yolu və çarəsi də yoxdur, amma bunu nəzərə alan Şirzad uzun çək-çevirdən sonra əlli qəpiyi əlavə etməyə razı olurdu.
–Səə, yox, haa, ona göə, ona göə, – yerə baxa-baxa Dadaşa deyirdi və çubuqla onu göstərirdi.
Belə anlarda Şirzadın tədricən dəyişən sifət möcüzəsində “Aldım qoz, satdım qoz!” yazısı peyda olurdu, ancaq iki dəqiqə keçməmiş sanki hər şey unudulur və onun arıq, ovurdu-ovurduna keçmiş üzündə yenə qoyun-quzu mələşirdi.
Qəssab bir əlinə yerləşdirdiyi bülöv daşı, bıçaqları və dəhrəni qoyundan gizlətməyə çalışırmış kimi, böyrünə qısdıra-qısdıra iti addımlarla yaxınlaşıb görüşür. Yüz ilin tanışlığına baxmayaraq, yad əraziyə daxil olmadan qıraqdaca dayanıb dəvət gözləyir. Onun qurub-yaratmaq üçün çox işləri bacaran yekə əlinin qumsal codluğu sıxdığı əldən hələm-hələliklə çəkilib getmir. Sonralar yada düşəndə də onunla görüşmüş hər kəs öz əlində bu codluğu hiss edir. Qoyun onu da bu həyətdəki asudəlik və rahatlığın şəriklərindən sayıb ürkmür və bununla öz qoyun həyatında sonuncu səhvi etmiş olur. Gölməçədən başını qaldırıb gözünü açınca qəssabın möhkəm və sərt əli onun buynuzuna fələyin kəməndi kimi ilişir.
Güc dəhşətli şeydir, qoyun da onu hiss edib dartınmır. Qəssab əli ilə buynuzu burub ayağını usta fəndi ilə necə tərpədirsə, qoyun naşı güləşçi kimi bir göz qırpımında daşın üstündə uzana qalır. Rezin çəkməli ayağını üstdən onun qarnı ilə budunun arasına basıb:
–Bismillahir rəhmanir-rəhim! – ucadan deyir. – Allahım, Misir oğlu Səmədin adından kəsilən bu qurbanımızı qəbul elə!
Səda göydən yox, yerdən gəldi:
–Yox, yox!
Misir oğlu Səməd dərhal etiraz edərək yanlışlığın aradan qaldırılmasını, qurbanın Səidə Fərəcovanın adından kəsildiyinin uca dərgaha çatdırılmasını qəssabdan xahiş etdi. Qəssab, bir əli buynuzda, o biri kəsməyə hazır tiyə bıçaqda, ayağı qoyunun yapıxmış qarnı üstündə, başını çevirib səkiyə üzrxahlıqla baxa-baxa deyilən düzəlişi dinlədi. Və təzə çallaşmağa başlamış başını zavallı qoyuna tərəf döndərəndən sonra bayaqkından da uca çağırışla, bayaqkından da səlis ahənglə qurbanın Səidənin adından kəsildiyini cingiltili səsiylə şəhərətrafı yaşıl qəsəbə qarışıq sonsuz kainata bəyan etdi. Ona elə gəldi ki, qoyunun kəsilməsinə yuxarıdan icazə verildi, çünki əks təqdirdə nəsə gözlənilməz və fövqəladə hadisə baş verməli idi ki, həmin an bu iş yerinə yetirilməsin. Hamı razılaşdı, bircə qoyundan bu haqda heç nə soruşulmadı.
Bıçağın asta və qətiyyətli çəkilişindən sanki qoyun ağrını hiss etmədi, qan da tiyənin altından fışqırmadı, rəvan şırımla axıb ləkdəki otların üstünə, kiçik gölməçələrə tökülüb suya qarışmağa başladı. Yalnız qəssab onu buraxıb ip tədarükünə getmək üçün qəddini düzəldəndə qoyun çırpınaraq bədənindən tam üzülməmiş sərt buynuzlu başını sürüyərək qanının son damcılarını bozumtul daşın, otun və yaxınlıqdakı ağacların nazik gövdəsinə çilədi. Nə baş verdiyini, dünyanın birdən-birə niyə qaranlıqlaşıb səssizləşdiyini qoyun bilmədi. Onun açıq qalmış gözlərdən və qara ağız-burundan ibarət ifadəsiz üzündə yazılanlar qədim qoyun dilindən tərcümədə bu mənanı verə bilərdi ki, onu şair belə ifadə edib: “O evdən ki, tezi-geci köçməlisən, bunu bil, Nə xeyri var, on il yaşa, yüz il, ya da ki min il”.
–Elə bu turnikdəncə asarıq, – qəssab gedə-gedə dedi və darvazanın arxasında qoyduğu əl arabasını sürüb həyətə gətirdi.
–Yox, oradan asma, – qayıdanda yenə Səmədin etirazı ilə şlaqbaum kimi qarşılaşdı. – Səhərlər dartınanda yadıma düşüb məni həvəsdən salacaq. – Odey, küçə qapısının başındakı o boruya bir şey keçir, as ondan.
Bıçağının və əl-ayağının sərrastlığına baxmayaraq, hər iki təklifi hədəfdən yan keçmişdi. Bu, ustanı narahat edən kimi oldu. Yaşca kiçik idi: yada düşməklə hesablaşan adam üçün cavabının yetərli olmayacağını düşünüb heç nə demədi və arabadan ipi götürüb getdi qoyunun qoyun, keçinin isə mütləq keçi ayağından asılacağı haqda dədə-baba həqiqətini qoca dünyaya bir daha sübut etməyə.
Quyruğu, arxa ətrafı soyub yekə yumruğu ilə basa-basa dərini qoyunun boğazından çıxaranda xeyli arıq və uzun görünən cəmdək hələ də asta-asta buğlanırdı. Binəva, qazanda da elə buğlanacaq, sonra isə bıçağın əməlləri arasında yox olacaq.
Qəssab işini görə-görə nağıl danışmağa başladı. Dedi, bir dəfə aşağıda bir kişinin qurbanını kəsəndə o məndən soruşdu ki, bu dünyada qoyun çox olar, ya it?
–Hə-ə, bərəkət məsələsi? – Səməd mızıldandı.
–Bilirsən onu? – qəssab günahkarcasına gülümsündü, amma üçüncü sözünün də yan keçdiyi diqqətindən qaçmadı.
–Hə-ə, – o dedi və fikirləşdi ki, kaş bilməyəydi və qəssab indi yarımçıq qoymağa məcbur olduğu bu nağılı axıracan danışaydı. Bəlkə, özündən elə bir şey əlavə edəcəkdi ki, o nağılı daha da gözəlləşdirəcək, onu daha ibrətamiz edəcəkdi.
–Sən heç uşaqlarına balaca vaxtı nağıl danışıbsanmı? – qəssabdan soruşdu.
–Bir dəfə nəvəmə Şəngülümün nağılını danışmışam, onda da qayıtdı ki, keçi canavara süd versəydi, canavar da onun balalarını yeməzdi, eləmi?
Qarğa gəlib qarşıdakı evin damında həmişə qonduğu yerə qondu və bir ağız səliqəli “qarr!” etməklə sanki kiminləsə salamlaşdı. Orada adətən dimdiyini təmizləyirdi, üçmərtəbənin ucalığından başını tez-tez o yan-bu yana döndərib ətrafı diqqətlə izləyirdi. Hərdən səs çıxarmaqla öz dünyasının feysbukunda nələrəsə münasibət bildirirdi, sonra da gözlənilmədən qayğı və zəhmət dolu ağır bir uçuşla havaya qalxıb göydə fırlanırdı. Qarğa qoyundan ağıllıdır. Qoyun məzlumdur, nağılda deyilirdi ki, ondan çox kəsilən yoxdur bu dünyada, ancaq hər dəfə öldükcə daha da artır. Allah bərəkət verir.
5
Yasin cavan vaxtlarından yüksək dəqiqlikli çertyojlar müəssisəsində işləyirdi. Bu, öz qanunları olan qapalı bir Moskva idarəsinin törəməsi idi. Həndəsi teoremləri, planlama və proyeksiya çəkilişlərini natural ölçü əməliyyatları, arifmometr hesablamaları, sirkul və xüsusi xətkeşlər vasitəsilə yerinə yetirirdi. Onların hazırladığı çertyoj və koordinatlar sistemindən ilk növbədə hərbi-kosmik qüvvələr istifadə edirdi. Bir az köhnəlib dövriyyədən çıxanları başqa nazirliklərin istifadəsinə verirdilər ki, maliyyələşdirilmə davamlı olaraq onların büdcəsi hesabına təmin edilsin.
İdarənin adı “Zirvə-16”, rəsmi ünvanı isə “Poçt qutusu-7/29” qoyulmuşdu ki, məktublaşmadan-filandan düşmən baş çıxara bilməsin. O vaxtlar hər tərəf düşmən olsa da, onunla mübarizə formaları bir qədər dəyişdirilmişdi. Daha onları kütləvi şəkildə tutub saxta ittihamlarla həbsxanalara atmırdılar. Ancaq cibində xüsusi etibarlılıq vəsiqəsi və ya ailə quruluşunda rusa sədaqətin əsaslı dəlil-sübutu olmayanlara belə müəssisələrdə məsul işləri tapşırmırdılar. Məxfiliyə ailə sirri kimi ciddi nəzarət edilirdi.
İcraçı mühəndis Beydullayev texniki qüsurlarına görə “zay” sayılaraq qəbul edilməmiş köhnə çertyojunun şəklini çəkdirib portret kimi divardan asmışdı. Guya üç aylıq əməyinin məhsulunu yadigar saxlamaq istəyirdi kişinin oğlu. Bir həngamə qopdu ki, “Poçt qutusu” az qala partlamaq vəziyyətinə düşdü: fotolenti, fotoaparatı, şəkli çap eləmiş fotoatelyeni, fotoqrafı axtarıb tapdılar və uzun-uzadı izahat, iltizam həngamələrindən sonra Beydullayevi işdən qovdular.
Bir dəfə Baş direktor iclasda çıxış edərkən açıq dedi ki, təzə açılan sahələrə köhnə əməkdaşların rəis göndərilməsi məsələsində hər kəsə bir şey mane olur. Namizəd kadrları saydı, niyə göndərə bilmədiyini bəzi əməkdaşların nümunəsində izah etdi. Yasinə çatanda yarızarafatla dedi ki, Vəliyevin qüsuru çoxdur, ancaq ən ümdəsi onun subaylığıdır; əgər o tezliklə evlənsə, (rəis əli ilə idarənin uzun koridoruna işarə etdi), bu qüsurların da avtomatik aradan qalxacağına ümid bəsləmək olar.
Yasin yerindən qaxıb cavab vermək istəyəndə Baş direktor onu dayandıraraq dedi ki, sözünü gəlib ikilikdə deməyə ona icazə verir. Bir neçə gün sonra onlar kabinetdə görüşəndə Baş yenə xeyli danışdı və Yasinə izah etdi ki, arvadı uca dağların başında yox, burada, yüksək dəqiqlikli çertyojlar idarəsində axtarmaq lazımdır ki, həm qoyunlar sağ-salamat qalsın, həm də canavarın qarnı tox olsun.
–“Poçt qutusu”nda vəziyyət belədir, – Baş direktor yenə yarızarafatla sözünü yekunlaşdırdı.
Yasin da sözünü belə dedi ki, buradakı qızların heç birinə onun iradı yoxdur, amma məhəbbəti də yoxdur: o səbəbdən də öz əvvəlki işində qaldığına görə darıxmır.
Amma söhbət genişləndi və Baş direktor zamanın, dövrün tələblərini, dövlətin, dövlətçiliyin prioritetlərini izah etməyə başladı və dedi ki, elə arvad almaq lazımdır ki, vəzifə pilləsində irəliləməkdə sənə kömək olsun, bunu da edə bilməsə, heç olmasa, mane olmasın.
Yasin müdiri düzgün başa düşdüyü üçün ona bir tarixi əhvalat danışdı. Dedi:
Bir gün Çingiz xan ova çıxıbmış, dağdan-dərədən keçir, ov ovlayır, quş quşlayır və çölün düzündə naxır otaran bir mehtərə rast gəlir. Görür ki, bu adam yerə sancdığı çomağının başına papağını keçirib oturub. Çingiz xanı görcək qalxır ayağa, hörmət, ehtiram göstərir, ona içməyə su təklif edir.
Xan soruşur ki, sən kimsən, oğul, burada neynirsən?
Kişi cavab verir:
–Mən bir tanqutam. Sənin qarət edib sel kimi gətirdiyin əsir axınının içindən çıxmış bir damlayam. Bu dağlarda tənhalıqdan darıxıram. Odur ki, papağımı çomağın başına keçirib ona deyirəm: “Gəl ikimizdən birimiz başçı olaq”. Papaq isə başçılıq məsələsində həmişə ucada olduğu üçün mən ona xidmət edirəm.
Tanqutun sözləri Çingiz xanın xoşuna gəlir. Bu adamda olan qabiliyyət və müdriklik əlamətini dövlətçilik düşüncəsi kimi qiymətləndirdiyindən onu gətirib əvvəlcə ordu mətbəxində aşpaz, sonra yüzbaşı, minbaşı eləyir. Vilayət hakimliyinə qədər yüksəldir.
–Alleqoriyanı başa düşdüm, – Baş direktor dedi,– bircə tanqutu başa düşmədim.
–Tanqut o zamanın ən böyük türk tayfalarından biri olub, – Yasin izah etdi.
Bir müddət sonra Yasini Baş direktorun müavini öz yanına çağırıb köhnə söhbəti ona xatırladaraq soruşub ki, niyə rəhbərliyin tövsiyələrinə biganə qalıb idarədəki mühəndis qızlardan biri ilə evlənmir?
Yasin müavinin də gənc və subay olmasından ürəklənib deyir:
–Mən bu idarəyə gələndə on yeddi yaşım vardı. Heç kimin qarşısında öhdəliyim yoxdur. İstəyərəm evlənərəm, istəmərəm evlənmərəm. Bu söhbət çox qeyri-ciddi səslənir və israra çevrildikcə mənim inadımı artırır. Anam Fatma mənə doğma bacısı qızını ala bilməyibsə, kimsə məni zəmanət və tövsiyə ilə evləndirə bilərmi? – Və zarafatla əlavə edib: – İndi durum sənə də Çingiz xandan bir nağıl danışım?
–Danış, – müavin sevincək deyib.
–Yaxşı... Qoy sənə evlənmək haqqında bir lətifə danışım. Ana oğluna deyir ki, sənin artıq 25 yaşın var. Niyə evlənmirsən? Bax, qonşumuzun qızı Aygül. Qəşəng qızdır, ailəsi də yaxşıdır. Oğlu deyir: – O mənim xoşuma gəlmir. – Anası deyir: Yaxşı, odey, Gövhər. Ağıllı qızdır, pedaqoji institutu bitirib, onu al. – Oğlu deyir: o da mənim xoşuma gəlmir. – Anası deyir: Bəs sənin xoşuna kim gəlir? – Kolya. – Anası səsini qaldırır: Sən nə danışırsan? O, rusdur axı!
–Ayə, yavaş! – pıqqıldayan müavin barmağını dodağına yaxınlaşdırıb.
–Lətifədir də. Qoy birini də danışım, gedim. Mənim kimi cavan bir oğlanı dilə tuturlar ki, evlənsin. Deyirlər ki, bax, həyatını tək-tənha yaşayacaqsan, öləndə bir stəkan su da verənin olmayacaq. Oğlanı qorxudurlar, o da tezbazar evlənir və başlayır uşaq ştamplamağa. Uşaqları buna nəvə, nəvələri çoxlu nəticə bəxş edir. İndi bu ölür, bütün qohum-əqrəba, çolun-çocuq yığışıb başına. Bu isə uzanıb fikirləşir ki, ölürəm, ancaq heç su içmək istəmirəm, qəti istəmirəm ha-a...
–Sənin bu yumorundan xəbərsizdim, – müavin deyib. – Ona görə səni elə bir yerə göndərəcəyəm ki, orada pulu kürəklə kürüyəssən. Dənizdə yaxşı işlər başlanıb. Onlara mütəxəssis lazımdır, bizə müraciət ediblər. Get əlindəki işləri yekunlaşdır, təhvil ver, hazır olan kimi gəl yanıma. Onun sifət möcüzəsindən hər şeydən hali olması, gəncliyinə baxmayaraq, incə mənaları duya bilməsi oxunurdu.
6
Dənizdə hər şey çox idi: su, neft, qaz, balıq, kürü, günəş, külək, o cümlədən pul da. Gəminin uca korpusuna çırpılan hər dalğa sanki illüminatordan içəri dəst-dəst pul atırdı. Bir neçə ay sonra yer üzündə pul və su hökmünün sonsuzluğu ona eyni dərəcədə qorxunc görünməyə başlamışdı. Pulu kefi istəyən kimi sağa-sola xərcləyirdi. Dostları onun dənizdən qayıtmasını səbirsizliklə gözləyir, növbədən qayıdanda bəzən gəmidən götürüb aparırdılar. Kimsə onun sahildəki bu fırtınalı həyatına məhdudiyyət, qadağa qoymurdu, amma kef məclislərinin şıdırğı vaxtında dənizin üfüqlərə dirənmiş sonsuzluğunda nöqtə boyda tənha gəmi xəyal görüntüsü olaraq gözü önünə gələndə çaşıb qalır, nədən təşviş keçirdiyini anlamaqda çətinlik çəkirdi.
Geoloji-kəşfiyyat üçün ayrı-ayrı sektor və marşrutlar üzrə dəniz dibinin relyef xəritələrini işləyirdilər. Konsern Avropadan xüsusi gəmi gətirmişdi: iş və istirahət üçün o qədər rahat şəraiti vardı ki, həftəlik növbənin sonunda çox adam sahilə qayıtmaq istəmirdi. O isə gəmiyə minəndə ayağı altında dəmir xərəyin yox, yer kürəsinin ləngərini hiss edir və xoflanmağa başlayırdı. Bəzən şəffaf, yaşıl suyun dərinliklərində üzən balıqların səsini eşidirmiş kimi diqqətini toplayıb sakitlikdə borta dəyən ləpənin xışıltısını dinləyir, sanki özünün mövcud bədən quruluşundan imtina edərək nəsə mücərrəd formalı bir canlıya çevrildiyini hiss edirdi. Bu canlı nə balıq, nə də quş idi. Onun məkanı yer, göy, su deyildi, üfüqün arxasında hər şeydən xali boşluq idi.
Gəminin texniki xidmət heyəti tərəfindən balıq işi mükəmməl qurulmuşdu: heç kim unudulmurdu. Amma bu, əsas deyildi. Ulduzla dolu səmanın və qapqara suyun səssizliyində tənha platforma gecələr onu xoflandırmaqda davam edirdi. Ona elə gəlirdi ki, gəmi bir gün dəhşətli tufana düşüb batacaq. Dənizin ən sakit, dalğasız səthinə də şübhə ilə baxırdı, sanki fırtına gəmini qəflətən çevirmək üçün suyun aşağı qatlarında gizlicə güc toplayırdı. Bu səhnənin ən müxtəlif şəkilləri onun yuxusuna girir, iş vaxtı da yaddaşına soxulur, kayutda tək yatmağına mane olurdu. O, növbə rəisinin yanına gedib təkadamlıq kayutu təhvil vermək istədiyini deyəndə bunu izah etdi və onu ikiadamlıq kayuta keçirdilər. On adamlıq kayut olsaydı, ondan da imtina etməzdi.
Çoxalanda pul da onun üçün dəyərdən düşdü. Bir ildə “Poçt qutusu”nun beş ilə verməyəcəyi pulu qazandı. Hərdən pulla dolu siyiməni çəkib baxır və fikirləşirdi ki, bir neçə il əvvəl bu qədər pulla dünyanı dağıdardı, amma indi heç nə eləmək istəmir. Gənclik arzuları indi ona potensial başağrısı kimi görünürdü. Onları yaddaşından silməyə çalışırdı, gücü çatmırdı. Gümanla hiss edirdi ki, bunu necəsə etmək olar, sadəcə bacarmır, sanki işin texniki tərəfini bilmir.
Bir dəfə dənizdə fırtına idi, işləmirdilər. Sinoptiklərin proqnozuna görə, külək hələ bir sutka da əsəcəkdi. Yatanlar yatıb doymuşdu, o isə çimir də vurmamışdı. Yata bilmirdi. Gözünü yuman kimi ona elə gəlirdi ki, gah ciyərləri, gah ürəyi fəaliyyətini dayandırır, boğazının kilidlənib boğulur. Səhərəcən oturub dalğanın gərilmə gücünü, çırpılanda gəmini neçə metr yüksəkliyə qaldıracağını, korpusu neçə dərəcə əyə biləcəyini hesablayırdı. Çırpılan hər dalğanın bu hesabatlarını beynində kompüter dəqiqliyi ilə fasiləsiz hesablaması onu o qədər yordu ki, az qaldı gedib özünü dənizə atsın. Neçə dəfə göyərtəyə çıxmağa çalışdı, amma sağa-sola ləngər vurub geri qayıtmalı oldu. Birdən elə bil nəsə baş verdi, elə bil dənizin ona yazığı gəldi: yaddaşı aynıdı, ürəyinin döyüntüsü azaldı, su ilə metalın bu gərgin çarpışmasında qulaqbatıran gurultunun içindən çıxıb dağların ətəyindəki sakit kövşənlərin dinc, səssiz ağuşuna girdi. Sakitlikdə görünən hər şey öz aydınlığı, eşidilən hər səs öz dəqiqliyi ilə onun qəlbinə toxtaqlıq gətirməyə başladı.
O, indiyədək bütün ömrü boyu qarşılaşdığı, tanıdığı insanları, heyvanları, quşları, işlədiyi çöllərin kolunu, ağaclarını, Beydullayevin divara vurduğu qəzet səhifəsi boyda fotoşəkli, gəzdiyi şəhərləri, bir sözlə, bütün keçmiş ömrünü, hətta dənizlə birləşən üfüqün arxasındakı boşluğa doğru gedən o yolun qalan hissəsini də gördü. O hissənin ətrafdan tamamilə seçilən gümüşü-mavi parıltısı göz qamaşdırırdı. Təsvirdə xeyli uzun görünən o hissənin kağızdakı dəqiq riyazi ölçülərinə baxanda isə onun qısalığından heyrətə gəldi. Arxadakı adamlar onu getməyə qoymur öz qarmaqarışıq hərəkətləri və səsləri, hətta susqun, mənalı baxışları ilə onu geri dönməyə məcbur edirdilər.
Gəmi həkiminin kayutunda dimedrol iynəsinin köməyilə bir neçə saat yatandan sonra ayılanda müasir gəminin modern interyeri ona qəfəs kimi dar, çölün düzü kimi yabanı göründü. Amma həkimin suallarını, özünün verdiyi cavabları xatırlaya bilmədi. Yuxudan sonra da başındakı ağırlıq qalırdı: elə bil başının içindəki əsas hissələrdən biri yerindən açılıb ora-bura diyirlənir və zəif, zəhlətökən ağrı verirdi. Xatirələri daha səs salmırdı, sakitcə hər biri öz yerində oturub onun əmrini gözləyirdi.
–İstəyirəm onları unudam, – dedi. – Mənə elə gəlir ki, hamı onları görür, orada danışılanları hamı eşidir. Bəzilərinə görə utanıram.
–Hadisələri nə dərəcədə məntiqli xatırladığınızı müəyyən etmək üçün sizi dinləmək lazımdır, – doktor dedi və stulu çəkib taxtın böyründə əyləşdi, sanki özünün yumşaq və kök bədəni ilə bütün kayutu doldurdu.
Bu an mühəndislər qrupundan gəlmiş bir neçə nəfər də içəri keçib darısqallıqda bir-birlərinə sıxıla-sıxıla yerdəki xalçanın üstündə oturdular. Kayutun həmişəki steril təmizliyi, yüngül yod və spirt iyi dənizin tükənməz rütubət dolu qoxusundan sonra sanatoriya ovqatı yaradırdı.
–Mən Yasin bəydən xahiş elədim ki, onu narahat edən xatirələrindən birini danışsın, baxaq görək onlar nə tipli xatirələrdir, – doktor ətli buxağının yarısını tutmuş seyrək, sarımtıl saqqalını göstərirmiş kimi çənəsini yuxarı qaldırıb bir qədər elə dayandı. – Siz də dinləyin.
– İndi sakitlikdir, – o dedi. – Məni narahat eləmirlər. Ancaq dünən gecə mənə elə gəlirdi ki, gəmi ləngər vurduqca içəri nəsə qara burulğanla bərabər adamlar dolur, çöldə isə canavarlar ulaşır. Bir kişi az qalırdı məni tutub boğsun.
–Dəqiq gördüklərinizdən birini danışın, – doktor gözünü qırpmadan onun üzünə baxdı.
–Yaxşı, – o dedi və zoqquldayan başını yumşaq balışın üstündə rahatlayandan sonra tavandakı işıq və havalandırma cihazlarına baxıb gözlərini qapadı. – Danışıram. Ancaq başıma hava gəldiyini deməyin.
Dünənki o külək və fırtınanı Toluy xanın cadugərləri qaldırmışdı. Mən onları görürdüm. Xaqan ona Tibet dağlarından keçib Çini basmağı əmr etmişdi. Düşmən ordusu isə on qat artıq güclə onun qarşısını kəsmişdi. Düşmən Toluyun birbaşa döyüşdən yayındığını görüb, nəhayət, onu təqib etməyə başladı. Arxada xan qoşununu qəfləti hücumdan qoruyan dəstənin qırx nəfərini bataqlığa basıb öldürdü.
–Toluy xan kimdir? – mühəndislərdən kimsə astaca soruşdu və həkim koppuş, ağ barmağını dodaqlarına yaxınlaşdırıb:
–Tsssss! – eləsə də, xəstənin həssas qulağı bunu eşitdi və dedi:
–Toluy xan Çingiz xanın kiçik oğludu.
Onda Toluy xan vəziyyətin son dərəcə ağır olduğunu görüb cadugərlərini çağırdı və onlara sehrli qüvvələri köməyə çağırmağı tapşırdı. Cadugərlər daşlarını xurcunlardan çıxarıb çayın qırağında dövrələmə düzdülər, sonra isə o daşların ətrafında dəstə-dəstə fırlana-fırlana müxtəlif səslərlə oxumağa, ulaşmağa başladılar. Bir azdan daşları bir-bir çayda yuyub yerinə qaytarınca, uzun-uzun dualar oxuyunca xanın ordusu qarşıda görünən kəndləri basıb daxmalarda, tövlələrdə, qazmalarda daldalandı. Sığınacaq tapa bilməyənlərə xan əmr etdi ki, yağışlıq keçələri başlarına atıb atları ilə kürək-kürəyə versinlər. Başlanmış tufan, yağış, sonra da qar düşmən ordularını çölün düzündə üç günə əldən saldı. Onların silah tutan əlləri qoyunlarında, qılıncları qında, atları yüyəndə soyuqdan donmağa başladı. Kəndlərdə dincəlib qarnını doyurmuş xanın ordusu isə tufan yatan kimi qayıdıb sayca özündən on dəfə çox düşməni darmadağın etdi.
Yaranmış pauzada heç kim sakitliyi pozmağa cürət etmədi.
–Siz bunları yuxuda, ya kino kimi gördüyünüzün fərqindəydinizmi? – həkim soruşdu.
–Yox, – o dedi və gördüklərinin ardını danışmağa başladı.
Bəlkə də məni heyrətləndirən bunlar deyildi, ayrı şey idi. Bu qələbədən sonra Toluy xanın qoşunu başqa səmtdən Çin yürüşünə çıxmış qardaşı Ogedey xaqanın ordusu ilə birləşdi. Onlar bütün Çini fəth etdilər. Xaqan ölümcül xəstələnmişdi. Adət üzrə loğmanlar və cadugərlər onun başı üstündə dayanıb ağac qabda xəstəliyi yuyurdular. Qardaşını canından artıq sevən Toluy xan həmin qabı əlinə götürüb bütün varlığı ilə dedi: “Ey əbədi Tanrı! Sən hər yerdəsən, hər şeyi görən və bilənsən. Əgər bu, onun günahlarına görədirsə, mən ondan çox günah eləmişəm: fəth etdiyim vilayətlərdə çox kişiləri öldürmüşəm, onların qadınlarını, qız-gəlinlərini əsir alıb analarını ağlar qoymuşam; əgər sən Ogedey xaqanı onun xeyirxahlığına və mərdliyinə görə aparırsansa, mən ondan da xeyirxah və mərdəm. Onu bağışla, məni öz yanına çağır!” Qırx bir yaşlı xan bu sözlərdən sonra əlində tutduğu qabın suyunu başına çəkərək içdi və bir neçə gün keçmiş öldü. Ogedey xaqan isə sağalıb ayağa durdu və daha on il imperiyanı idarə etdi.
Bu sükut bayaqkından ağır və gərgin oldu. Nə həkim nəsə deyə bildi, nə də mühəndislər. Ancaq həkim hamının, o cümlədən xəstənin də onu gözlədiyini görüb barmağının ucu ilə saqqalını eşələyə-eşələyə:
–Hm-m-m! – elədi. – Maraqlı biliklərdir.
–Yasin, sən bunları indiyədək haradansa oxumuşdun, ya bu gecə gözünə göründü?
–Bəlkə filmə baxıb, – o biri mızıldandı.
–Yox, bunlara mən ilk dəfə rast gəlirdim, – Yasin dedi. – Başqa şeylər oxumuşdum vaxtilə, ancaq cadugərlər, xaqanın xəstələnməsi, xanın ölümü haqda heç nə bilmirdim.
Növbə mühəndisləri dəqiq hesablamalarla məşğul olan gənc adamın bu fantaziyasına təəccübləndilər. Biri onların şəhərətrafı qəsəbəsində yaşayan məşhur professor Gülməmmədovla məsləhətləşməyi tövsiyə etdi. Dedi ki, onun nəinki bu dünyada, o dünyada da bilmədiyi heç nə yoxdur.
–Hallüsinasiyalar insan orqanizmində ətraf mühitin dərki prosesinə cavabdeh olan sistemin hər hansı bir sahəsinin sıradan çıxması nəticəsində yaranır, – həkim dedi. – Sahildə mütləq müayinədən keçin.
Sahildə özünü nisbətən yaxşı hiss etdi. Xatirələr əvvəlki reallığını itirərək bir qədər bozarıb uzaqlaşdılar, amma çəkilib getmədilər. Diqqəti bir şeyin üzərində fokuslaşan kimi gözləri önündə peyda olan keçmiş real görüntüləri qapayırdı.
Növbədən qayıdıb evdə iki gün yatandan sonra özünü yaxşı hiss etdiyi üçün konsernin diaqnostika mərkəzinə yox, şəhərətrafı qəsəbədə Gülməmmədovu axtarmağa getdi. Ona elə gəlirdi ki, tibb elmi yaraya yod sürtüb tikiş vurmaqdan və sarğı qoymaqdan başqa heç nəyə yaramır. O, ruh haqda danışmağa, məsləhətləşməyə ehtiyac duyurdu. İçində yeni bir ağırlıq mərkəzi yaranmışdı, orada onun xatirələri, ayrı-ayrı epizodlar şəklində daim çabalaşır, hərdən onu reallıqdan ayırıb uzaqlara aparmağa çalışırdılar. Təqvimdə payız, şəhərdə isə hələ yay idi. Fəsillərin belə yumşaq keçidi ətrafda və təbiətdə heç nəyi ürkütmür, əksinə, mehribanlığa səsləyirdi.
Qəsəbə şəhərin kiçildilmiş forması idi. Ortadakı yaşıllıqdan sıyrılıb qalxmış məscid minarələri və qızılı günbəzdən başqa özəl və maraqlı heç nə görünmürdü. Mərkəzi küçəyə qarışqa kimi daraşmış adamlar şəhərdəkilərdən daha konkret maşın sürür, səkinin ortasında dayanıb durur, əl arabaları ilə mal daşıyır, alış-veriş edirdilər. Elə bil bunlar yüz illərlə yaşı olan qəsəbədə məskunlaşmağa təzə başlamışdılar.
Professor Gülməmmədov çalsaqqal, diri gözləri sarsılmaz təəccüb hissi ilə dolu, pəhləvan cüssəli bir kişi idi. Adama elə gəlirdi ki, üstündən tank da keçsə, bu sonsuz təəccüb hissi onun yumru gözlərini qapanmağa qoymaz və zirehli dəmirin törətdiyi cinayət haqda hər kəsə sözsüz də izahat verə bilər. Onun dediklərindən başa düşdükləri elə də çox olmadı. Adamın baxışlarından və intonasiyasından hiss etdiyi bu idi ki, sanki yer üzündə bütün işlərini görüb qurtarıb və addımlamaq istədiyi başqa dünyadan kiminsə ona ünvanlanmış konkret çağırışına görə bir anlığa geri qayıdaraq burada ləngiməli olub.
–Sən mühəndissən, yer kürəsini necə təsəvvür edirsən? – professor ondan tələsik soruşdu.
–Şar formasında, – o dedi.
–Çox gözəl, – professor gözlərini tez-tez qırpdı. – İndi təsəvvür elə ki, o şarın ətraf kosmosu soğan kimidir, üst-üstə bələnmiş, şəffaf qatlardan ibarətdir. Yer o kosmosun ən güclü təsiri altındadır. İnsanlar o qatın birində doğulur, orada yaşayıb, orada da ömürlərini başa vururlar. Ancaq elə adamlar da olur ki, özünün müəyyən imkanları hesabına növbəti qata da başını soxa və ya addımlayıb keçə bilir.
–Mən nə vaxtlarsa başıma gələn-gəlməyən hadisələri ən kiçik təfsilatları ilə xatırlayıram, – o dedi. – Elə qəribə xatırlayıram ki, sanki bunları təkcə özüm deyil, hamının gördüyünü və bildiyini yəqin edirəm.
–Ola bilər ki, sən hərdən o biri qata keçirsən, ya da keçid ərəfəsindəsən, – professor dedi. – Ona görə də sənə məsləhət görürəm ki, xatırladıqlarını unutmaq üçün yazasan. Kağızda onlara baxmaq mənə də asan olar.
–Qəribədir, – o dedi. – Bir dəfə məktəbdə “Qəhrəmanlıq” mövzusunda yoxlama inşa yazmışdım. Müəllim oxudu, diqqətlə üzümə baxıb soruşdu ki, bunu haradan köçürmüsən? Bu sual mənim üçün o qədər gözlənilməz oldu ki, çaşıb cavab da verə bilmədim. O da yəqin elə bildi ki, mən həqiqətən haradansa köçürmüşəm. Ondan sonra ciddi məktub yazmağa da utanırdım.
–Nə işin sahibisən? – professor soruşdu.
–Mühəndisəm, – o dedi. – Dəniz dibinin xəritəsini çəkirik.
Professor bir anlığa susaraq yəqin ki, bu mürəkkəb prosesi təsəvvür etmək istədi. Nəticənin hasil olub-olmadığını büruzə vermədi. Civə kimi oynaq gözləri elə təəssürat yaradırdı ki, professor nəinki keçmişdə, hətta beş dəqiqə əvvəl də görüşdüyü insanların üzünü, dediyi sözləri xatırlamır. Onun bir an əvvəl soruşduqlarına yenidən qayıda biləcəyinə də ümid çox deyildi. Nəhayət, dedi:
–Hər bir insanın da həyat xəritəsi var. Sən dəniz dibinin xəritəsini çəkirsən, ancaq öz həyatının xəritəsini çəkmirsən. Ona görə belə rahatsızlıqların yaranır.
Burası artıq maraqlı idi. O bunu hiss edirdi, ancaq texniki baxımdan özü üçün belə dəqiq ifadə edə bilmirdi.
–Mən xatırladıqlarımın hamısını o xəritəyə daxil etsəm, çox böyük və qarmaqarışıq bir şey alınar.
–Hamısını olmaz, – professor qətiyyətlə dedi. – Hamısı lazım deyil. Niyə siz çəkdiyiniz xəritələrə hər kiçik çökəyi, təpəni, ya balaca arxı, cığırı daxil edirsiniz?
–O miqyasdan asılıdır, – Yasin dedi. – Miqyas böyüdükcə, ora düşənlərin sayı azalır.
–Burada da həmin qayda ilə işləmək lazımdır. Yalnız şəxsi maraqdan kənar olanları, sənin həyatına müəyyən təsiri olanları daxil etmək olar. Məsələn, sən xatırladıqlarından birini danış, mən onun xəritəyə daxil edilib-edilməməsi zərurətini çalışım izah edim.
O səhnədə ilk dəfə oxumağa hazırlaşan müğənni kimi özünü güclə toplayıb, nəhayət, danışmağa başladı:
Dədəm kolxoz bostanının ortasında çardaq qurmuşdu, gecələri mən qardaşım Əkbərlə orada yatırdım. Gündüzlər dədəm özü bostana gəlirdi: suvarırdı, alaq eləyirdi. Bir axşam Əkbər getdi kinoya, kəndə hind filmi gəlmişdi. Mənə dedi ki, kino qurtaran kimi qaça-qaça gələcək. Qorxmamağım üçün fənəri də mənim yanımda qoydu.
Bostanda yemiş təzə-təzə dəyməyə başlamışdı, hərdən necə olurdusa burnuma qovun iyi dəyirdi, ancaq dəqiq yadımdadır ki, mən qovun yox, vermişellə kotlet yemək istəyirdim. Bir-iki dəfə rayonda yemişdim, xırtıldayan kotletin dadı damağımdan getmirdi. Çardağın üstündən kəndin işıqları görünürdü, hərdən klubdan hind mahnılarının sədası dalğa-dalğa gəlib bostana çatırdı. Mən qorxmurdum, yerimin içində uzanıb göydəki aya, ulduzlara baxırdım və fikirləşirdim ki, nə əcəb Qaqarinin peyki uçanda o ulduzlarla toqquşmayıb! Fənərlə qaramtıl göyüzünə işıq salırdım, dörd batareyalıq, qol yoğunluqda işıq qara palçığa batırılan çubuğun ucu kimi dərhal yox olurdu. Çardaqdan bir az aralıda eşşəyimiz uzanıb yatmışdı, hərdən burnuna dolan ağcaqanadları qovmaq üçün qısaca fınxırırdı.
Mən huşlanaram, özüm də başlayaram yuxu görməyə. Guya oturmuşam rayonda, stansiyanın yeməkxanasında vermişellə kotlet yeyirəm. Qatardan qalmış bir adam da gəlib oturub stolun arxasında üzbəüz, zəhmlə mənə baxır, heç nə demir, ancaq mən hiss edirəm ki, məndən kotlet istəyir. Eləcə, bunun zəhmli gözlərini görürəm və qorxudan iştaham küsür, daha yemək istəmirəm. Özü də perrondan bir-birinin ardınca sürətlə qatarlar keçib gedir, biri də dayanmır ki, bu adam minib çıxıb getsin. Bu an yuxudan ayılıram, harada olduğumu dərhal müəyyənləşdirə bilmədiyim üçün qorxmağa başlayıram. Baxıram ki, Əkbər hələ gəlməyib, aşağıda eşşək hörükdə fırlana-fırlana soncuqlayır, qırıq səslə kişnəyir. O dəqiqə bildim ki, canavar gəlib. Fənərin işığını salan kimi canavarlar eşşəyi buraxıb kənara çəkildilər. Oturub mənə baxmağa başladılar. Canavarların dörd gözü mənə fənərin işığından da güclü görünürdü, hətta fənəri söndürəndə də o gözlər ayın, ulduzun işığında yanmaqda davam edirdi. Mən bir az qorxdum, ancaq işığı eşşəyə tərəf çevirib görəndə ki, eşşəyin boynu, budu, bütün ayağı qandı, altdan da bağırsaqları sallanır, daha çox qorxmağa başladım.
Bir azdan canavarlar başladı çardağın ətrafında fırlanmağa və arada eşşəyə hücum eləməyə. Mən qışqırmaq istədim, ancaq səsim qırılıb boğazımda qaldı, nəfəsim təngiməyə, ağzım qurumağa başladı. Elə bil ürəyim çardaqdan aşağıdakı bir dərinliyə enib geri qayıtmaqda çətinlik çəkirdi. Ha gücəndim, faydası olmadı, tər məni basdı, hər dəfə yenidən qışqırmaq istəyəndə elə bil kimsə çiynimdən basıb məni çardağın atmalarının arasına soxur, orada qurumuş söyüd yarpaqları xışıltı ilə əzilirdi. Bu an eşşək zəncirlə dartışdırdığı mıxı yerdən çıxarıb anqıra-anqıra bostan boyu qaçmasaydı, bəlkə də çardaqdan sürüşüb yıxılacaqdım.
Eşşək, onun dalınca canavarlar qaçandan sonra yaranan sakitlikdə mən göydən yerə tökülən ulduzların səsini eşitməyə başladım. Bostanın hər yerindən at ayaqlarının tappıltısına bənzər səslər gəlirdi. Bir anlığa mən onları böyük yağış damcılarının yerə dəyən səsinə oxşatdım və səmaya baxıb gördüm ki, orada ulduz xeyli azalıb. Mənə elə gəlirdi ki, o boyda ulduzun, yağış damcılarının töküldüyü bostanda bir dənə də olsun salamat yemiş, qarpız qalmadı və kolxoz sədri buna görə bizi mütləq cəzalandıracaq.
Əkbər səhərə yaxın gəlib çıxdı, hava artıq işıqlanmışdı. Mən ona nəsə demək istədim, amma dilim açılmadı. Elə bil dilim şişmişdi, ağzıma güclə sığırdı, dilimi tərpədəndə başımı da tərpədirdim. Qupquru boğazıma bir vedrə su töksəydilər, islanıb açılmazdı. Sözləri deyirdim, ancaq səsim çıxmırdı. Üzbəüz durmuş Əkbərin səsini gecə klubdan gələn hind mahnısının səsi qədər zəif eşidirdim, onun nə dediyini başa düşmək üçün isə elə bil qaça-qaça gedib kluba çatır və orada başa düşüb qan-tər içində geri qayıdırdım.
Sonralar Əkbər danışırdı ki, məndən heç nə soruşulmayanda da tez-tez əlimlə kanal səmti göstərir, eşşəyin o tərəfə qaçdığını bildirmək istəyirdim. Bir azdan dədəm gəldi, fənərin işğınıda mənim üzümə diqqətlə baxıb əlini başıma qoydu və dedi:
–Qorxmusan, ə? Sən boyda kişi də caqqaldan qorxar?
Səhər dədəm kanal tərəfdən əlində zəncir qayıtdı, gecə isə pusqu qurub canavarlardan birini güllələdi. Biz gedib o canavarın leşinə baxdıq: arığın biri idi, heç deməzdin ki, gecənin qaranlığında çardağın başına fırlanıb cövlan edə-edə eşşəyi parçalayan, gözləri çıraq kimi yanan o idi.
–Adətən elə qorxudan sonra adamlar bütün həyatı boyu kəkələyir, – professor onun üzünə diqqətlə baxandan sonra yumşaqlıqla deməyə çalışdı. Amma buna adət etmədiyi üçün səsi də, yüksək intonasiyası da codluğunda qaldı.
Ona elə gəldi ki, xatirəni diqqətlə dinləyən professorun baxışları bir qədər sabitləşdi, üzündə şübhəyə oxşar ifadə yarandı. Onun nitqi də, əllərinin hərəkətləri də sanki daxili bir nəfəs, düşüncə ritminə uyğunluqla müəyyən mənalarla doldu. Onun sifət möcüzəsində çox uzaq və kiçik bir işıq nöqtəsi közərməyə başladı, sanki professor özü də çoxdan yandıra bilmədiyi bu ocaq işığına sevinən kimi oldu və getməyə hazırlaşdığı o biri dünyanı tamam unutdu.
–Sən bu dediklərini də, vacib bildiyin başqa hadisələri də kağıza yazıb gətirsən, – professor dedi, – mən onlar haqda daha dəqiq fikirlər bildirərəm.
O, professorun yanından qəribə hislərlə çıxıb küçə boyu piyada getdi və bir də gördü ki, meyvə-tərəvəz köşkünün səkiyə düzülmüş yeşikləri arasında durub ilk dəfə görürmüş kimi soğana baxır. Soğanlarla bərabər o biri yeşiklərdəki meyvə-tərəvəzlər də ona canlı, möcüzəli və sirli təbiət varlıqları kimi görünürdülər. Elə də uzun çəkməyən ünsiyyətdə professor sanki onun qəlbini genişləndirib orada çox şeylərə sığınacaq vermişdi. O, bir dənə qırmızı soğan alıb əlində oynada-oynada mərkəzi küçənin alver malı ilə dolu səkisi boyu xeyli piyada getdi.
7
Nüşabə həftədə bir gəlir, yuyub yığışdırır, bişirdiyi xörəkləri soyuducuya qoyub gedirdi. Onun nəyi, necə istədiyini fitri bir istedadla havadan tutan kollubaş bu qız saçlarını boynunun arxasından alnına tərəf çəkdiyi rəngli lent hörüyü ilə yığanda fabrikdəki toxucu qızları xatırladırdı. Ancaq Nuşu toxucu deyildi: nə ip, nə söz, nə hərəkət toxumağı vardı. Nuşu özü kələf ipi kimi bütöv, səliqəli və zərif idi.
Növbədən qayıdıb içəri girən kimi hər şeyin par-par parıldadığı hamamda çimmək, lüt canına tərtəmiz otaqlarda fırlanıb ora-bura baxmaq, kresloda oturub ayaqlarını jurnal stolunun üstünə uzatmaq, mətbəxə girəndə ayaqüstü yeyib-içmək, yataq otağına baxan kimi mələfələri təzəcə dəyişdirilmiş çarpayıda uzanıb qış yuxusuna getmək istəyirdi. Əvvəllər bunların hamısında Nüşabənin əllərini, baxışlarını, hərəkətlərini hiss edəndə “Stop” işarəsinin qarşısında olduğu kimi mütləq ayaq saxlayırdı. Ona elə gəlirdi ki, nə vaxtsa Nüşabə ilə ər-arvad olublar, sonra yer üzündə böyük təlatümlər yaşanıb formasiyalar dəyişəndə onlar da çoxları kimi bir-birindən ayrı düşüblər və indi nəsə çox mənasız bir səbəbə görə yenidən birləşə bilmirlər. Hərdən kefinin yaxşı vaxtına düşəndə bu və başqa məsələlər haqqında Nüşabəyə nağıllar danışırdı. Nağılların bəzi yerləri onu tez kövrəldir və ağladırdı. Sonra o, dostları ilə uylaşıb gecələri dağda-bağda keçirəndə Nüşabənin daha xörək bişirməsinə ehtiyac qalmadı. Onların növbəti ayrılığı da elə buradan başladı.
Ərə gedəndə, toyundan bir neçə gün əvvəl gəlib onunla vidalaşdı.
–Mən sənin danışdığın nağılların hamısını əzbər bilirəm, – dedi. – Onları heç zaman unutmayacam.
Ancaq sonra fikir verib gördü ki, tanıdığı, get-gəl etdiyi ev qadınlarının hamısı təmizliyi sevir, bircə rəhmətlik Fatmanın o işdə əli qısa olub. Bəlkə də kənddəki köhnə damda yerə sərilmiş nimdaş palazın altında kirli corab tayları hələ də qalırdı. İndi Nüşabə yox idi, ərə getmişdi. Bu ev də tökülüb gedirdi. Ona elə gəlirdi ki, son dövrlər nəinki ev-eşik, bütün bədəni, geyim-kecimi, hətta baxışları və nitqi də pintiləşib, küçəyə, adamların üzünə diqqətlə baxmağa, fikirlərini sözlə tam ifadə etməyə ərinir. O səbəbdən maşını da az sürməyə çalışır.
Bir dəfə sanki onun əhvalını hiss edərək Nüşabə gəlib çıxdı. Hamilə idi, saçları da daha qıvrım deyildi.
–Deyəsən, bu ev axırıncı dəfə mən silib-süpürdüyümdü, – dedi və otaqlara əl gəzdirmək istədi. Ancaq o razı olmadı. Bu evin əvvəlki təmizliyində necə yaşadığı indi onun özünə də qəribə gəldi.
–Evlənəndə, səni çağıracam, gəlib bir dəfə yığışdırarsan ki, arvadım buranı belə görüb ürkməsin, – o dedi.
–Tapmısan kimisə? – Nüşabə soruşdu.
–Yox, – o, başını hərlədi.
–Tapmaq üçün gərək axtarasan.
–Hə, – o dedi. – Gərək axtarasan. Mənim də vaxtım yoxdu axtarmağa, – gülümsündü.
İndi təmizlik də, pintilik də ona eyni məzmunda görünürdü. Belə şeyləri görüb hiss etməyi lazımsız bir iş saysa da, bəzən özündən asılı olmadan diqqəti yönəlir, adi məişət cizgiləri gözündə böyüyüb cansıxıcı fiqurlara çevrilirdi. Evin, şəhərin dəyişməz mənzərələrindən bezdiyi üçün çölə gedib ceyranları kəşf etmişdi. Ceyranlardan əvvəl fikirləşirdi ki, dənizdən qıraqda yarımada kimi bir yer var, ora köçər, orada özünə təsərrüfat qurmuş qoca generalla da danışmışdı. Ancaq qismət bu yanaymış. Beynini qarışdıran dənizdən sonra torpaq üzərində asudə yerimək həvəsi onu şəhərdən çıxarıb çölə aparmışdı. Ayaqlarının altı ilə sanki yerin döyünən nəbzini hiss edir, hər şey haqqında sonadək rahatlıqla düşünməklə fikirlərini ümumiləşdirib müəyyən nəticələrə gələ bilirdi. Dənizdən fərqli olaraq burada üfüq suya qaxılıb onun xəyallarını sıxmır, dağlara söykənmiş mavi göyüzü öz yüngüllüyü ilə uçmaq istəyənləri cəzb edirdi.
Uzaqdan ceyranları görəndə sevindi ki, çöldə gəzə-gəzə dincəlmək, həm də heyvanları seyr etmək olar. Çoxdan görmədiyi adi ev heyvanlarından, quşlardan ötrü darıxmışdı, çölün düzündə isə bəxtinə ceyranlar çıxmışdı. Son illər yalnız balıqları görmüşdü: balıqlar suda da, mətbəx stolunun üzərində də həyat yox, ölüm qoxusu verirdilər.
Mənasız yulğun, cır söyüd kol-kosu, yağışın da dirçəldə bilmədiyi süddən yanıq dəvətikanı, yovşan topaları, qarağan otları, qabıq qoymuş şoran torpaqlar öz yabanılığı və ibtidai görkəmi ilə müasir tərəqqinin bütün nailiyyətlərini qulaqardına vururdu. Qıraqları ağ duz zolaqları ilə haşiyələnmiş sarımtıl su gölməçələrinə baxan kimi onların içilməyə yararsız olduğu görünür və havanın isti-soyuqluğundan asılı olmayaraq, adamın könlündən həmin an məhz su içmək keçirdi. Ancaq çölün dərinliyinə varıb uzaq dağlara doğru getdikcə mənzərənin ibtidai miskinliyi unudulur, yerin, göyün sakitliyində bütün canlılar üçün maneəsiz nəfəs genişliyi yaranırdı. Hərdən kollara toxuna-toxuna, çölün səslərini dinləyə-dinləyə getdikcə ona elə gəlirdi ki, o özü də adam cismindən çıxıb kola, budağa, tikana, suya çevrilir və bu halında dənizləri, çölləri, heyvanları – bütün yer kürəsini əlinin içi kimi açıq-aşkar görür, oradakılara demək istədiklərini ən adi sözlərlə ifadə edə bilir. Buna oxşar halları o, hələ lap gənc vaxtlarında institutu bitirib yüksəkdəqiqlikli çertyojlar idarəsinə gələndə Mil, Muğan, Şirvan çöllərində illərlə apardıqları proyeksiya ölçmələri vaxtı hiss etmişdi. Əvvəlcə nə baş verdiyini anlaya bilməmişdi, ona elə gəlmişdi ki, dəhşətli istinin təsirindən içi quruyur və orada maddələr mübadiləsinin pozulmasından görmə, eşitmə orqanları həddindən artıq həssaslaşır. İndi elə bil o vərdişləri bərpa olunurdu.
8
Konserndə müzakirənin gedişindən anladı ki, kəmərin Qarabağ kanalından keçən yerindəki istinad nöqtələrini deşifrə edib peykə bağlamağa onu göndərəcəklər. Ondan başqa büro mütəxəssislərindən heç kim oralarda işləməmişdi. Heç zaman ağlına gəlməzdi ki, hələ tələbəykən istehsalat təcrübəsi keçdiyi, sonra yenidən qayıtdığı bu çöllərə illər ötəndən sonra hərlənib-fırlanıb dənizdən gəlməli olacaq.
Dənizlə müqayisədə istənilən çölü ada kimi təsəvvür etmək olur. Bu çöldə hər otun, kolun, ağacın, hər qəfil səsin, hər damcı suyun öz yeri vardı. Heç nə başqasının yerini dar eləmirdi. Bu çöldən bircə dəfə keçmək kifayət idi ki, onu heç zaman unutmayasan. O isə aylar, illər boyu hər gün ora gəlmişdi, onun səhər şehini də, gecə zülmətini də, günorta ilğımlarını da görmüşdü. Yulğunluqların dərinliyindəki talada canavar balaları ilə oynayırdı. Bu, çox ani baş verdi, hətta ona elə gəldi ki, gözü torlanır. Sonralar hər dəfə bunu xatırlayanda, canavarın özünü deyil, talada oynayan, bozumtul, qara xalları olan iki balasını gördüyünü yəqin edirdi. Onlar bir göz qırpımında yox oldular: hansı tərəfə qaçdıqlarını sıx kolluğun içində güclə tapdığı kiçik oyuq ağzına görə müəyyən etdi.
Uca sahil dambalarını böyürtkən kolları basmış kanalın bulanıq suyu sanki yuxarılarda Kürdən küsüb ayrıldığından düzənliklərdə qaşqabaqla axır, sonda gedib yenə peşmanlıqla Kürün yatağına girirdi. Kanala ən yaxın kəndin qəribə adını öz adı kimi ömür boyu unutmazdı: “Qurumuş”.
Məxfi şöbədə peykin koordinatlarını verəndən sonra dedilər ki, bu günlərdə o tərəfə inşaatçı helikopteri uçacaq, onu da yolüstü ata bilərlər. O razılaşmadı, öz maşını ilə gedəcəyini dedi. Daha həyatını müxtəlif vəzifə borclarının yerinə yetirilməsinə, istirahətə, ünsiyyətə-filana bölmürdü: həyatını çamadan kimi yığmağa başlamışdı. Heç nə dağılmamalı, heç nə yırtılmamalı, heç nə düşüb itməməli idi.
Maşına oturub getdi, uzun yol boyu balaca Qurumuş kəndini, onun ətraf çöllərini və kanalın sahillərini düşündü. Bəzən ona elə gəlirdi ki, bu illər ərzində kənd Səfərcan düzünün istisində yavaş-yavaş əriyib yoxa çıxıb, kanalın uca dambasının üstündəki böyürtkənliklər də quruyub məhv olub və indi çılpaq, badları ağnayıb tökülmüş kanalın suyu da köhnə kollektorlarda qurbağa camağı, cil, qamış basmış yaşıl su kimi həşərat yığınağına çevrilib. Qurumuşda elələrinə “axmaz” deyirdilər. Bəzən ona elə gəlirdi ki, uzaqda qalmış keçmişi də, indi bu uzun yolu qayıdıb təzədən o keçmişin içinə daxil olmaq cəhdi də reallıq deyil, Nuh əyyamından da əvvəllərə bir səfər, soğanın bir qatından o birinə boylanmaqdır.
Bir dəfə yuxarı şlüzdən kanalın suyu bağlananda kənd uşaqları aşağıda bir naqqa balığı tutub gətirmişdilər onlara satmağa. On-on beş uşaq idi, çılpaq bədənlərinin palçığı qurumamış iki şana sapının üstünə qoyub hay-küylə gətirmişdilər düşərgəyə. İbrahim Cavadov ruletkanı qoyub ölçdü, düz 2,4 metr gəldi. Sonra məzələnə-məzələnə balığın çeçələ barmaq yoğunluğunda bığlarından da birini ölçüb 24 sm olduğunu təsbit etdi və bizdən tələb olunan 20 manatın əvəzinə “2 manat 40 qəpik” deyərək bığ haqqını da məbləğin üstünə gəlib 3 manat kimi yuvarlaqlaşdırdı. Mühəndis Cavadov çox uzaqlardan buralara gəlmiş adam idi, ana dilində danışa bilmirdi, amma alverin qaydalarını pis bilmədiyini nümayiş etdirdi. Dedi ki, yayın günündə onun briqadası bu balığın çox yesə, 5-6 kiloqramını yeyər, qalanı günün altında ağacdan asıla qalıb iylənəcək. Odur ki:
–Tri rublya! – dedi və sarı tüklü barmaqlarının üçünü də uşaqlara göstərdi.
Uşaqlar pulu alandan sonra dedilər ki, kanalın dibi doludur bu boyda balıqlarnan. Gedib baxdılar: qapqara, maili badların ən azı on metr dərinliyində böyüklü-kiçikli çoxlu naqqa balığı çapalayırdı. Başqa balıq növü gözə dəymirdi. O dərinliyə enmək istəyən quşların çoxu nədənsə yarıyolda fikrini dəyişib üzüyuxarı uçurdu. Dibi lığlı, qapqara kanal məcrasının böyüklüyündən və ətrafı bürümüş kifli palçıq iyindən adamı xof basırdı. Elə bil bu üfunətli, nəhəng yarıqdan yerin altındakı ayrı bir dünyaya yol vardı və hələlik o dünyanın qapısı ağzında yalnız balıqlar çabalaşırdı.
–Naxa balıqlar o biriləri basıb yeyir, – uşaqlar dedi. – Onlar vəhşi balıqlardı.
Rayon mərkəzində onu gözləyirdilər. Dəhşətli isti vardı. Buralarda qış olmurdu. Sürət qatarları buradakı kiçik stansiyada dayanmadığı kimi palçıqdan və yüngül sazaqlardan ibarət qış da bu çöllərdə dayanmadan keçib dağlara sarı gedirdi. Deyilən doqquz iqlim qurşağından biri bura elə bil dayanmadan şütüyən o qatarların hansındansa sürüşüb düşmüşdü və lazımsız olduğu üçün sonralar da heç kim o itkini arayıb-axtarmamışdı.
Dərhal aparıb hotelə yerləşdirdilər və onun özü ilə gətirdiyi qiymətli optik alətlərə görə narahatlıq ifadə etdilər.
–Doğrudan onun qiyməti bir milyon dollardır? – rayon gənclərinin təmsilçisi kimi təqdim edilmiş, çox diribaş görünən Cəmil adlı oğlan soruşdu.
Bekar duranda, susub danışmayanda sanki özünün yox olduğunu fikirləşdiyindən bu gənc elə bil istəyirdi ki, kimsə daim ona tapşırıq versin, o da həmin tapşırığı tez yerinə yetirib buna hamıdan çox özü sevinsin. Bəlkə də gənclik üçün yaxşı keyfiyyətdir.
–Yox, bir o qədər olmaz, – o dedi. – Maşında qalsa, oğurlamazlar ki?
Sual elektron beyin tərəfindən məmnuniyyətlə qəbul edilmiş seyf kodu kimi ikinci, nisbətən yaşlı yoldaşın ağzının kilidini rahat şıqqıltı ilə açdı.
–Yoooo! – o, dodaqlarını büzərək ucadan dedi və elə bil rayonda oğurluğun ehtimal oluna biləcəyi bütün yerləri tezcənə gəzib qayıtdı. – Bizim rayonda oğurluq yoxdur. Ola da bilməz.
Ona elə gəldi ki, son dərəcə qətiyyətlə deyilmiş sözlərə inandığını necəsə ifadə etməsə, uzun, parlaq saçları səliqə ilə arxaya daranmış yoldaş bütün günü narahat olacaq.
–Bilirəm, – başqa söz tapmadığı üçün dedi. Ancaq bu söz kişini elə bil bir az da əndişələndirdi və o bayaqkından da təntənəli israrla yumruğunu düyünləyib:
–Bizim rəis oğurluğun kökünü birdəfəlik kəsib! – nədənsə bunu bir qədər aşağı tonda dedi.
Növbəti dəfə “bilirəm” demək mümkün olmadığı üçün o, mövzunu dəyişməyi üstün tutdu və
bu iki nəfərlə peykdən, aerofotoşəkillərdən, istinad nöqtələrindən tamam uzaq şeylər haqqında danışa-danışa özlüyündə yəqin etdi ki, Qurumuş kəndi də, onun ətəyindən keçən Qarabağ kanalı da, Səfərcan çölləri də olduğu kimi yerindədir və aradan min il də keçsə, onların varlığına xələl gələ bilməz.
Burada günəş heç zaman batmırdı. Sadəcə gecələr onun üstünə bir qara örtük atırdılar ki, camaatın yatmağına mane olmasın. Sehrli örtüyün arxasında günəş milyonlarla parlaq ulduz doğa-doğa gecələri yata bilməyənlərlə pıçıldaşmağına davam edirdi. Ulduzlu kəhkəşanının içində bürclər bütün lampaları təzəcə dəyişdirilmiş çilçıraq kimi şölə saçırdı. Səhər kim yuxudan tez ayılsa, qara örtüyü çəkib aşağı salır, göyün ortasından bir qarış da o yana getməmiş alov kürəsi yenə özünün əsas işinə başlayırdı.
Bu gecənin örtüyünü günəşin üzündən bəlkə də Cəmil çəkib salmışdı. Hotelin bağçasında səhər yeməkləri ilə dolu stolun səliqə-sahmanına xələl gətirmək istəyən milçəkləri belinə tərtəmiz ağ önlük bağlamış orta yaşlı kişi yelpiklə qovurdu. Yelpikçi aşığın böyründə daim ciddi görkəmdə durub çiynini kasıblığın ağır yükü altına vermiş balabançı kimi sənətinə sədaqəti bütün vücudu ilə fədakarcasına ifadə etməyə çalışırdı. Onun sifətində çalışqanlıq dolu həyat eşqinin xidməti təşəbbüskarlığı aşıb-daşırdı.
–Siz bizim hörmətli rəhbərimizin qonağısınız, – xidmətçi heyətə qısa göstərişlər verən Cəmil gülümsünərək ona dedi. – Bizim də borcumuz əziz qonağa yüksək səviyyədə qulluq göstərməkdir. Burada nə var ki? Adama bir stəkan çay içib çıxıb gedəcəyik. –Bəlkə siz qəhvə içirsiniz? – soruşdu.
–Çay yaxşıdı, – o dedi.
Şəhər parkının ərazisindən dibçəklərdəki uca, yaşıl kollarla ayrılmış bağçada qızılgüllər açmışdı, limon tinglərinin dördləçəkli, ağ çiçəkləri aşağı baxırdı, sanki istidən gileyliydilər. Yerin təzəcə yuyulmuş daşı üstündə su nazik şlanqın başını sevinclə əsdirə-əsdirə hələ axırdı. Kvadrat formalı hər stolun arxasında başına bozumtul parusin örtük keçirilmiş dörd boş stul bir-birinin acığına danışmayan, prinsipə susaraq ümumi ərin gəlişini gözləyən günübacıları xatırladırdı.
–Müəllimi yelləmə, – Cəmil hərdən sözünə və yeməyinə ara verib yelpikçiyə deyirdi, – milçəyi qavlasan, yetər.
Yelpikçi uzun qamışın başında aypara haşiyəli parıltılı təbəqəyə düzülmüş balaca qu lələkləri ilə stola enməyə qoymadığı hər milçəyin dalından havadaca basa-basa uzaqlaşdıranda da ondan əl çəkmir, sanki qonağa sayğısızlıq cəhdinə görə aparıb onu rayonda oğurluğun kökünü birdəfəlik kəsmiş polis rəisinə təhvil vermək istəyirdi.
Yelpikçi Cəmilin qürur nöqtəsi kimi idi. O əmindi ki, belə şeyi qonaq ölkənin heç bir istirahət məkanında, heç bir hotelində xidmət olaraq görməyib. Odur ki, hərdən barmağı ilə astaca göstəriş verməklə yelpikçinin qədim, incə işini qonağa və milçəklərə nəzakətlə xatırladırdı.
Yedikləri qayğanaq haqqında da danışdı:
–Bizdə qayğanağın çox növləri var, – dedi. – Bax belə, yediyimiz kimi, “qlazok” da olur, ağı ilə sarısı tam qarışdırılmışı, hətta gül mürəbbəsi ilə yeyiləni də olur. Qubada buna, üzr istəyirəm, “Mıxlama” deyirlər. Qovurma-filanla da çox dadlı olur. Yumurta-pomidor çığırtması da heç də... Mətbəxin bəzəyidi. Ən ləzzətlisi, mənim fikrimcə, göy soğanla bişirilən qayğanaqdı. İstəyirsinizsə, deyim, tezbazar həll eləsinlər.
–Yox, ehtiyac yoxdur, – o dedi. – Burada yeməyə gör nə qədər ləzzətli şeylər var!
Bu an yaşıl kolların arxasındakı parkda ucadan danışan adamlardan biri hansısa “yalançının anasını” xatırlayan kimi Cəmil yerindən sıçrayıb hotelin taybatay açıq qapısından içəri cumdu və onun göndərdiyi xidmətçinin işə müdaxiləsinin müsbət nəticəsi dərhal özünü göstərdi.
–Bura gəl görüm, ə!.. – amiranə səs parkdakını çağırdı.
Sonrası elə də maraqlı deyildi. Maraqlı olan Cəmilin belə erkən gənclik yaşında bu qədər mükəmməl qulluq səriştəsinə malik olması idi. Yəqin ki, böyüyüb hansısa vəzifəni tutanda əlinin altında işləyənlərə bu vərdişləri qulluğun əlifbası kimi aşılayacaq və onlardan təlimatın pozulmamasını, göz bəbəyi kimi qorunmasını tələb edəcəkdi.
Cəmil tədarük etdirdiyi günorta yeməyini də müxtəlif qab və bağlamalarda öz maşınına daşımağı ofisianta tapşırıb dedi ki, öz maşını ilə mütləq Qurumuşa qədər müşayiətçi olacaq, çünki onun maşınında həm soyuducu kamera, həm də çöl şəraitində yemək qızdırmaq üçün istifadə edilən qaz balonu, su, qab-qacaq, hətta stol-stul da var.
–Dal-qabaq, yavaş-yavaş gedərik, – Cəmil dedi, – Nədir ki, on beş kilometr yol! İstəyirsinizsə, sizin maşın qalsın elə mənimkiylə gedək.
–Cəmil, sən çox tədarüklü oğlansan, – o dedi. – Ancaq maşın mənə iş üçün lazım ola bilər.
–Hə, problem yoxdur. Həyatdan və sizin kimi təcrübəli yoldaşlardan öyrənirik, müəllim. Bizdən əvvəl burada xombenvenlər varıydı. Üzr istəyirəm, rayonda it yiyəsini tanımırdı.
–Kimlər vardı? – o, qızılgüllərin üstündən başını qaldırıb diqqətlə gəncin üzünə baxdı.
–Xombenvenlər. – Gənclərin başqanı da eyni ciddiyyətlə cavab verdi. – Cəfər müəllim onları elə adlandırır. Deyir, Çində olublar, mədəni inqilab dövründə.
Gənc effektin zəifliyini hiss edib dərinə getmədi.
Qurumuşun kəndlərdən, pambıq tarlaları və taxıl zəmilərinin arasından keçən yolu asfaltlanmışdı, yol qıraqlarına ağaclar əkilmişdi. Kənd özü qaynayıb-qarışaraq bəzi yerlərdə kanalın sahillərinə qədər irəliləmişdi. Şlüzün körpüsünü də təzələyib məhəccərlərini göy boya ilə rəngləmişdilər: uzaqdan kanalın üstündə nəfəs dərmək üçün qoyulmuş kəcavəyə oxşayırdı.
Cəmil tozlu kolluqların arasından onunla birlikdə keçib nöqtələrin yerə vurulmasında, nöqtələr arasında vizual görüntünün yaradılmasına mane olan böyürtkən budaqlarının
budanmasında ona kömək etdi. Günortanın istisindən sonra ilk baxışdan tamamilə mənasız görünən bu işlər elə bil maşındakı optik cihazlara, göydə görünməyən peykə, boru kəmərinə-filana onun marağını öldürdü. Onlar kanalın kənd tərəfinə düşən üç nöqtəni yerə vurub bu biri üzə qayıdanda qoyunlarını çölə otarmağa aparan qızla söhbət elədilər. Torpaqlı çöl yolunda onları görcək qız özü yaxınlaşıb dedi:
–Yaman tez-tez gəlirsiniz Qurumuşa. Birdən nöyüt-zad taparsınız ey buralarda, öyümüz yıxılar.
Qızın yaxınlaşması, dilavərliyi elə bil gəncin xoşuna gəlmədi.
–Ay qız, get quzularuuu otar, – Cəmil bir qədər cod səslə dedi. – Sən nə bilirsən nöyüt nədi, qaz nədi!
Qoyunlar qabaqda, onlar arxada, körpüyə səmt bir qədər dinməzcə getdilər.
Bu, bir uzun qız idi, adətən 23 yaşınadək davam edən boy artımı normasını qızmar günəşin enerjisi ilə bədəninə tam yığıb qurtarmışdı və elə bil indi fizioloji inkişaf baxımından daha nə etməyi fikirləşirdi. Güllü donunun hələ solmamış çiçəkləri, üzünün, ayaqlarının az qaralması qoyun otarmağın onun əsas məşğuliyyəti olmadığını göstərirdi.
–Bu yəqin sənin əmək təlimi dərsindi, – o, qıza gülümsündü ki, gəncin sözlərindən sonra yaranmış codluğu yumşaltsın. Qızın açıq dirsəklərindən yuxarı sanki xətkeşlə çəkilmiş iki dümdüz xəttin ortası ilə çiyninə qalxan qollarına, yaşıl sünbül kimi qılçıqlı qaş-gözünə diqqət yetirərək əlavə heç nə demədi.
Qız corabsız ayaqlarındakı rəngi itmiş rezin çəkələkləri şappıldada-şappıldada inamlı yerişinə davam etdi və ona tərəf baxmadan cavab verdi:
–Kimsə otarmalıdı da, heyvanı ac saxlamazlar ki...
Şlüzün körpüsünü keçəndən sonra onlar kanalın üstünə qayıtdılar, qız isə qoyunlarını böyürtkənli damba boyu yuxarı apardı. Cəmilin qıza qarşı ötkəmliyini yersiz saydı. Dünyanın bu qurtaracaq nöqtəsində iki cavan adamın tanımaza-bilməzə bir-birinə qarşı ikrahı qapılardan çıxan bütün kənd cığırlarını özündə cəm edib şoran çölə qurd dözümü ilə girən bu torpaqlı yola, bu çöl sonsuzluğuna və günəşin ağappaq ağartdığı uca göyüzündəki genişliyə qəti sığmırdı.
O, cihazları yeşikdən çıxarıb qurdu, peykin azimutuna istinadən ilk nöqtələrin bucaq və məsafələrini ölçdü. Buralarda hava daim günəşli olduğundan aerofotoşəkillərdə kanalətrafı zolaqlar işıqlı düşmüşdü, relyefi olduğu kimi deşifrə etmək üçün xeyli vaxt itirməli oldu. Damba böyürtkənliklərə qarışıb sonsuz ağ yayla effekti yaradırdı. Cəmil şlüzdən ayrılan arx boyu bulud kimi sıralanıb qalxmış söyüdlüyün kölgəsinə verdiyi maşının yanına çay tədarükü görməyə getdi və yol boyu gözəl səsilə ucadan oxumağa başladı.
Heyvanlarını çox da uzağa aparmadan yavaş-yavaş geri qayıdan qız yaxınlaşıb onun işlətdiyi optik cihazın durbinindən öz qoyunlarına baxmaq istədiyini dedi.
–On altı yaşı tamam olmayanlar bu dürbündən baxa bilməzlər, – o dedi.
–Mənim on altı yaşım tamam olub, – qız dodağının qırağı ilə gülümsündü. – On yeddiyə keçmişəm.
Onunla yanaşı dayananda gördü ki, boyları da eynidir. Dikdaban geysə, bəlkə də qız ondan uca görünərdi.
–Onda baxa bilərsən, – dedi və durbini yaxında otlayan qoyunlara tuşlayıb fokusu düzəltdi.
Qız içində saplar kəsişməsi olan güclü optik durbinlə qoyunlara, körpüyə, kəndin görünən həyətlərinə maraqla, öz taleyinə baxırmış kimi baxdı. Gözünün birini yumub, o birini okulyardan ayırmayan, bir əlində çubuq, o biri əli ilə fokusun vintini buran bu uzunboylu qızın adı Aysel idi. Saçını burub, büküb boynunun arxasına sancaqlamışdı.
Kənarda durub baxa-baxa belə bir qızla əvvəllər buralarda işləyəndə rastlaşmadığına təəssüflənirdi. Amma öz səhvini etiraf etməli oldu: o vaxt ev-eşiyi, fərli pulu da yox idi, onu harada, kimin yanında qoyub aylarla uzanan ezamiyyətlərə gedəcəkdi?! İndi rastlaşmağına sevinməyə isə utandı: aralarında yaş fərqi az qala yarıbayarı idi. Ayselin donunun üzərindəki balaca, qırmızımtıl güllər ona parçanın yox, gənc bədənin çiçəkləri kimi göründü. Bu çaşqınlıqdan o özünü birtəhər çıxarıb qızın dərsi ilə maraqlandı:
– Oxuya bilirsən, ya məktəbə elə belə gedib-gəlirsən?
–Mən əlaçıydım, – Aysel cihazdan ayrılıb kanalın dümdüz yatağı boyu uzaqlara baxdı. – Builki imtahanlara yaxşı hazırlaşa bilmədim. Riyaziyyat, triqonometriya... – hamısı batdı getdi.
–O-o-o, mən riyaziyyatı yaxşı bilirəm, – o dedi. – Gələrsən, sənin dərslərinlə məşğul olaram.
–Hara gələrəm? – Aysel dəvət edildiyi yerin ünvanını yox, təklifin haradan hara edildiyini soruşdu.
–Necə yəni, hara? Bakıya. Sənəd verməyəcəksən instituta?
–Çətin məsələdir.
–Niyə?
–Atamı həbsxanadan buraxmasalar, mən necə gedərəm Bakıya?
Aysel ona qısaca danışdı keçən il ailəsinin başına gələnləri.
Söyüdlərin yanında Cəmil oxuduğu mahnıya ara verib Ayselin qarşısına getdi və onu saxlayıb danışdırdı. Nə soruşduğunu sonralar Aysel ona məktubda yazmışdı və bu sorğuya emosional münasibətini adətən transformator köşklərinin üzərinə trafaretlə həkk edilən “Əl vurma, öldürər!” stikeri ilə ifadə etmişdi. Ardınca haradansa köçürdüyü bir aforizmi də Aysel bu təsvirə əlavə eləmişdi: “Pis adamların yaxşı yaşaması üçün xeyli sayda yaxşı insan tələb olunur. Yaxşı adamların pis yaşaması üçün isə bir-iki pis də kifayət edir”.
Çay içəndə nədənsə duyuq düşmüş kimi Cəmil ona dedi ki, bu kənddə keçən il bir nəfəri həbs ediblər.
–Onnardanıydı... – Cəmil başı ilə uzaqlara işarə elədi.
–Kimdən? – o artıq Cəmilsiz dəqiqləşdirdi. – Xumbenvenlərdən?
–Hə-ə-ə... Nə qədər sağına-soluna keçdilər ki, a kişi, tök bu daşı ətəyindən, dinə-imana gəl. Xeyri olmadı. Axırda da tutub atdılar içəri, nəm 3 il verdilər, 4 il verdilər.
Yasin söhbətin kimdən getdiyini artıq bilirdi.
9
Magistralın sağı bir-birinə oxşar tikililərlə elə basılmışdı ki, onlara diqqətlə baxmaqla da nəyisə yadda saxlamaq mümkün deyildi: küçə kimi istifadə olunan dar keçidlərdə, dalanlarda, dəmirlə daşın, şüşə ilə fanerin, boru ilə talvarın qarışığında adamlar yalnız yaşamırdı, həm də ölürdülər. Bunu keçidlərin birindən çiyinlərdə çıxan yaşıl örtüklü tabutun arxasındakı al-əlvan dəstənin başından qarmon zırıltısıtək ucalan cır molla səsi deyirdi. Nimdaş palaz kimi şəhərlə gölün arasına sərilmiş bu boz massivə uzaq küncdən boylanan yarıuçuq zavod borusu pensiyaya çıxmış qoca polis əməkdaşı zəhmilə nəzarəti davam etdirirdi.
Solda isə uca həbsxana hasarları, o hasarların başına pırpıra haşiyəsi kimi bənd edilmiş tikanlı məftil dolaqları, qarovulçu qüllələri qanunun vahiməsini ətrafa yayırdı. Nə vaxtsa bu hasarı çəkən məhbusların sağlam əməyindən belə dəhşətli bir tikinti məhsulunun alınması quldarlıq dövrünün qanlı üfüqlərindən gələn qoca dünyanın Biləcəridən üzübəri çox ağır, dərin və əyri bir ləngərlə irəlilədiyini göstərmirdisə, bəs nəyi göstərirdi?
Hasar boyu Aysellə yanaşı, dinməzcə gedə-gedə ürəyində istədi ki, bütün dustaqlar azad edilsin, ancaq insanları tanıdığına görə fikrindən daşındı. İçəridəkilərlə də, onları burada qapamış adamlarla da istər-istəməz barışdı, bu çarəsiz barışıqlara ömürlük məhkumluğun bir gününü də belə, çirkli və uca hasar boyu gedə-gedə yaşamağın məcburiyyəti onun addımlarını ağırlaşdırdı. Barışığa baxmayaraq, qarşıda çətin işlər dururdu: qapı önündə gözləmək, Sədullayevin çağırılmasını xahiş etmək, yenə gözləmək, suallara cavab vermək, şübhə dolu nəzarətçi baxışlarını üzündə, bütün bədənində hiss etmək. Sonra da Sədullayevlə görüşüb onun dərdinin üstünə əlavə dərd yükləyərək xoşbəxt ailə həyatı qurmaq üçün yolu və zamanı təzədən geri çevirmək.
Yaddaşını dağıdan xatirələr azmış kimi, biri də indi qəflətən peyda oldu. Elə bil onun gəldiyini görüb həbsxanadan həsir şlyapalı bir nəfəri təcili küçəyə çıxarmışdılar ki, öyrənsin görsün nə məsələdir, hava niyə istidir, adamlar yolu niyə piyada keçidində yox, harada gəldi keçirlər? Şlyapa yolu keçmək istəyəndə qadını necə çaşdırdısa, əyləci basılmış maşın sərt cırıltı ilə başqa maşına, o da qadına dəydi: aləm qarışdı. Dünyanın düz vaxtında, həbsxana divarlarının arasında yox, önündə aləm qarışdı. Kişi isə maşınların arasından ilan kimi sürüşüb gözdən itdi.
Həbsxanana divarları arasında qeyri-adi heç nə yox idi, əksinə, görünənləri adiliyin sıfır xəttindən də aşağıda, minus işarəsilə təsnifatlandırmaq olardı. Divar və dəmirlərin təzəlikcə boyanmış al qırmızı, yamyaşıl yerləri daha boz və daha paslı görünürdü: elə bil o boyalarla günahların üstünü örtməyə çalışmışdılar və üstü örtülmüş o günah yerlərindən gələn hıçqırtı səsləri aramsız bir axınla yolun tozu içinə, yaşayış massivinin daşına, divarına sızırdı. Nəzarətçilər görüşə gələnlərlə nə qədər yumşaq davranmağa çalışırdılarsa, bir o qədər yadlaşır, bəlkə də bəzilərinin gözündə müəyyən niyyət güdən məkrli varlıqlara çevrilirdilər. Poqonsuzun biri gəlib ona və Ayselin üzünə diqqətlə baxdı, elə bil onların nədən ötrü gəldiyini dediklərindən və kağıza yazdıqları ərizədən deyil, üzlərindən, üst-başlarından daha dəqiq oxumağa çalışırdı. Burada daha çox dayanmaq üçün mənasız suallar verməkdə davam edən nəzarətçiyə baxa-baxa o fikirləşirdi ki, bütün gününü belə, dərin şübhə burulğanında keçirən adamın içində sağ-salamat bir yer qalarmı ki, ora öz doğma, günahsız balasını oturtsun? Bu günah və rüşvət dəliyinin ortasında poqonsuzun ütülü, yaşıl köynəyi, hərbi şalvarı, hətta başındakı furajkası da dövlət adına qanuni uniforma geyimi yox, yalançı, butafor oyuncaq geyiminə oxşayırdı. Ancaq pulu gizlicə alan kimi nəzarətçi bütün hərəkətləri, baxışı, duruşu ilə çöldəki adamlara oxşamağa başladı. Hətta səsi də adiləşdi, həyətdəkilərdən kiməsə ucadan qışqırdı:
–Üçüncü xatadan Sədullayev görüşə!
Gör indiyədək bu adamın fikir-xəyalına neçə belə Sədullayevlərin öz qızı, valideyni, dostu-qardaşı ilə adi görüşlərindən doğan şübhə, təhlükə və qorxu hisləri hopmuşdu?!
Sədullayev isə bu çağırışdan hər şey gözləyə bilərdi, bircə qızının ərə getmək xəbərindən başqa. Onun əlləri yüngülcə əsirdi, arıq üzü, sərt baxışları bir ömür burada oturmağa hazır adamın üz-gözü kimi ayıq-sayıqlıq, həssaslıq və ehtiyatkarlıqla dolu idi. Elə bil buradan görünməyən üçüncü xatada son dərəcə vacib bir işi əlindən yerə qoyub tələsik gəlmişdi və tez geri qayıtmaq üçün hər şeyi ayaqüstü həll etmək istəyirdi.
–Axı bu oxumalıdır, – Sədullayev gələcək kürəkəninə səsində yumşaltmağa çalışdığı, amma yumşalda bilmədiyi xırıltı ilə dedi.
–Ona görə narahat olma, – Yasin özündən cəmi beş-altı yaş böyük görünən dustağı xatircəm etməyə çalışdı. – Oxuyacaq. Mən qoymaram o, təhsilsiz qalsın.
Dedi ki, anasını da kənddə tək qoymayacaq, onu da şəhərə gətirəcək, çünki ayın yarısını dənizdə olur. Sədullayev toyu ertələməklə bağlı heç nə demədi, görünür, burada işinin hələ çox olacağı ürəyinə dammışdı. Görüşün sonuna yaxın o dəyişdi, elə bil bu müddətdə kişinin buzu əridi, gələndə üzündə gətirdiyi sərt cizgiləri, hər şeyi görən narahat baxışları bir qədər yumşalıb ağırlaşdı, geri qayıtmaq həvəsi də aşkarca öləzidi.
–Bir qızın ola, o da belə... – təəssüflə pıçıldayıb aşağı baxdı.
–Bundan sonra tez-tez gələcəyik yanına, ata, – razılığa sevinməyə belə gücü çatmayan Aysel ona təskinlik verməyə çalışdı.
10
Dənizə getməyə həvəsdən düşürdü. Sahildə başı o qədər qarışırdı ki, növbə zamanı gələndə vaxtın tez keçdiyinə təəccüblənir, sanki əsas işindən ayrılıb gedirdi. Daha dənizin altı və üstü onu əvvəlkitək maraqlandırmırdı, dənizin özündən əvvəl sadəcə adı onu yorurdu: neft, qaz və xəritələr ona kimlərinsə qazanc oyunu kimi görünürdü. Ayın sonunda maaş veriləndə əvvəlkitək ürək qızdırmadığı işə görə çoxlu pul almağına utanırdı. Ona elə gəlirdi ki, yer üzündəki bərbadlıqların sirrini tapıb: insanların çoxu bütün həyatı boyu ürəkdən sevmədikləri işlə məşğuldur.
O zaman özünü yetirdi ki, Qurumuşun yaşıllıqla əhatə olunmuş meydanında camaat diri tutduğu iki çaqqalın boynuna zınqırov bağlayıb çölə buraxmağı müzakirə edir. Daha doğrusu, qərar artıq qəbul edilmişdi, gözləyirdilər ki, zınqırovlar gəlsin. Camaatın bu qərardan xüsusi şadlandığını və ya bu qərarı yekdil qətiyyətlə qəbul edib icraya yönəltdiyini demək olmazdı. Adamların üzündə sevincdən çox qayğı vardı: oğurlanmış toyuq-cücənin, həyatını məhz bu minvalla yaşamağa məhkum heyvanların, dünyanın qəribə quruluşunda hətta heyvana da aid edilən cinayət və cəza qayğısı. Çaqqallar qəfəsin küncündə mısmışdı, adamların bəzisi qisasın qiyamətə qalmadığına həqiqətən sevinirdi. Sanki çaqqallar qəfəsdən buraxılandan sonra bu sevinc onlar üçün belə ləzzətli olmayacaqdı. Odur ki, çaqqalların gözünə diqqətlə baxıb onları məzəmmət edənlər cəzaya tərəfdar çıxmış hakim kimi öz borclarını axıradək yerinə yetirməyə çalışırdılar.
–Qardaş, bunlar bizdə toyuq-cücə qoymadı, – üzdən tanıdığı kişi ona dedi. – Gözümüzün qabağındaca götürüb aparır. Kənddə də bir dənə silah qoymayıblar ki, vurasan. Ya eləcə “part” eləyib qorxudasan. Axırı tələynən birtəhər tutmuşuq.
Dedilər ki, bəzi çaqqallar o qədər azğınlaşıb ki, kəndin itləri ilə cütləşir, kimsəsiz evlərdə, tövlələrdə yuva qurub balalayırlar. Bəlkə də çaqqalların fahişəliyindən çox itlərin xəyanəti onlara yer eləyirdi.
Qaynaqçı ustalığı ilə düzəldilmiş “ikikameralı” dəmir qəfəsin içində büzüşüb küncə qısılmışdılar. Soyuq baxışlarında ciddi qorxu və ya həyəcan hiss olunmurdu. Yəqin bu onların zəif yırtıcı olaraq ömür boyu səksəkə içində yaşadıqlarına görə belə idi: psixikaları daimi təhlükəyə alışmışdı. Adama elə gəlirdi ki, onlar həmin dəqiqə qəfəsdən azad edilsəydilər, hələ qaçıb meydandan çıxmamış bu dəhşətli olum-ölüm anlarını unudub yeni ov haqqında düşünməyə başalayardılar. Biri uzun ayaqlarını azacıq büküb başını qaldırmadan daim aşağı baxırdı, o biri qəfəsin ətrafında baş verən məzhəkəni anlaya bilmədiyini küskün, narazı baxışları ilə sanki belə ifadə edirdi: nolub, ala, kişi kişinin hininə də girər, toyuğunu da oğurlayar, kişi kişinin qəfəsinə də düşər, indi bundan ötrü bizi öldürməyəcəksiniz ki! Onun insanlardan həmişə gizlədilən sabit sifət möcüzəsində bu qınaqdan başqa hər hansı bir sevinc və ya kədər duyğusunun peyda ola biləcəyi hələlik təsəvvürə gəlmirdi.
Xəbəri eşidib gəlmiş bir neçə kənd iti də meydanın o başında var-gəl edə-edə könülsüzcəsinə hürməklə hələ insanlara sadiq it soyunun buralardan tükənmədiyini çölün bütün yırtıcı heyvanlarına çatdırmağı çaqqallara tövsiyə edirdilər. Görünüşcə bir-birinin təkrarı olan bu iki çaqqal haqqında deyilənlərin hamısını azğınlığın tənqidi nöqteyi-nəzərindən dinləyib yadda saxlamaq mümkün olsaydı, Sovet hökumətinin süqutundan tutmuş, kanalda suyun azalmasına qədər hər şeydə məhz bu çaqqal soyunun günahkar olduğu üzə çıxardı.
Oxşarlıqda onlar bir-birinə ən doğma ailə tellərilə bağlı ola bilərdilər. Ən çox da buna görə heyvanlara yazığı gəldi. Qurumuşun çöllərində boynuzınqırovlu iki çaqqalın dəli olmasını təsəvvür etmək dəhşətli idi. Sədullayevin boyalı həbsxanası yadına düşdü. İndi bütün Səfərcan çölü bu çaqqallar üçün həbsxanaya çevriləcəkdi.
–Bunları canavar ikicə günə tutub parçalayacaq, – bir kişi qəlyanını sümürə-sümürə dedi.
–Bunları verin mənə, – zarafata salıb mərasimi idarə edən gənc müəllimə dedi. – Maşının dalında 10 dənə araq var, dəyişirəm. Ayə, çaqqala siz elə belə baxmayın. Çaqqallar qədim Misirdə fironlarla oturub-dururdular. Mən Misirdə olmuşam, fironların şəkli harada var, orada çaqqalın da şəkli var.
Fironları demək çətindir, amma araq maraqlandırdı və qısa müzakirədən sonra razılaşdırdı.
–Sən bizim mərd yeznəmizsən, - kişilərdən biri ona yaxınlaşıb mehribanlıqla dedi. – Araq-zad nədi, götür apar, neyləyəcəksən elə.
–Verəcəm zooparka, – o, neyləyəcəyini həqiqətən bilmədiyi üçün ağlına gələn ilk fikri dedi.
Məmnuniyyətlə iki çaqqalı ona verdilər. Heç zınqırovun gəlməyini də gözləmədilər. Onların hər birini ayrılıqda ikiqat kisəyə salıb ağızlarını bağladılar və maşının yüklüyünə atdılar. Mərasim hələ arağı içməmiş şənlənməyə başlamış bəzi adamların ruh yüksəkliyi altında başa çatdı.
–Bu bic heyvandır, açanda ehtiyatlı ol, – cavan oğlan ona dedi. – Üstünə tullanar, üz-gözünü cırar.
Qədim Misir hikmətlərində çaqqallara aid çox şeylər yazılmışdı. O vaxtdan bəri heyvanlar olduğu kimi qalmış, insanlar isə bir qədər dəyişmişdilər. Ancaq insanların yeyib-içmək, rahat yaşamaq, nədənsə zövq almaq, təbiətin sirlərinə bələd olmaq kimi əsas məziyyətləri dəyişilməz qalmışdı. Çaqqalların nağılında zavallı filosof Beydəba ölümünü göz önünə alıb zalım padşaha demirdimi?
“İnsanı bütün heyvanlardan ayıran, onu dünyanın bütün sirlərinə vaqif edən dörd şeydir: hikmət, əql, təmkin və ədalət. Belə ki, alimlik, savad və hər şeyi ətraflı düşünə bilmək qabiliyyəti – hikmətə; tədbir, səbir, nəzakət, mərhəmət – əqlə; həya, alicənablıq, özünü ələ almaq və özünü dərk etmək – təmkinə; doğruluq, əhdə vəfa, yaxşı işlər görmək və xoşxasiyyətli olmaq – ədalətə daxildir. Bu sifətlər gözəldir, ona əks olanlar isə çirkin”.
İndiyədək baş vermiş kütləvi qırğınlar bu zooparkdan cəmi-cümlətanı bir əlin barmaqlarının sayı qədər heyvanı qoparıb yox etmişdi. Çaqqallar fironlarla oturub-durduqları üçün, yəni ağıllı yaradıldıqları üçün özlərini qoruyub bu günə çatdırmışdılar. Ancaq içinə dörd-beş cücə qoyulmuş qəfəs tələsindəki bicliyi anlamağa bu ağıl kifayət etməmişdi. Dünyada hər şeyin azı, çoxu var, o cümlədən tələyə düşməyin də...
Çaqqal sülaləsindən iki başın xilaskarı sayılırdı. Özünə gülsə də, iki heyvanın çöllərdə zınqırovla gəzib nə hallara düşə biləcəyini təsəvvür edəndə haqlı olduğuna şübhəsi qalmırdı. Canavar onları mütləq parçalayacaqdı. Canavarı tanıyırdı. Fikirləşirdi ki, kənd meydanına getməyi bəlkə də təsadüf deyildi. Ola bilər ki, bu da çaqqalların hikmətinə aid bir məsələ idi. O hiss edirdi ki, adamlar çox vaxt hadisənin əsas mahiyyətini görmür, öz ağıl və dərrakələrinin əhatəsi dairəsində yalnız onun hazır nəticəsinin şahidi olur və orada heç nəyi dəyişə bilmirlər.
Yol ayrıcına axşamüstü, hava nisbətən sərinləyəndə gəlib çatdı. Havada heç kimə, heç nəyə dəyib toxunmadan öz uzaq mənzilinə doğru gizlicə gedən yüngül meh vardı. Yalnız magistral boyu şütüyən maşınlar onun bütöv, bal kimi yumşaq pərdəsini yırtaraq keçir, yol qırağındakı otların ani titrəyişi ilə bunu torpağa da çatdırırdılar.
Çaqqallar maşının yüklüyündə özlərini sakit aparmışdılar, bəlkə də ikiqat kisənin içində nəfəs almağa hava azlıq elədiyi üçün uzun yolu yatmaqla birtəhər başa vurmuşdular. Allah bilir, heyvanlar belə vəziyyətdə özlərini necə qoruyurlar. Ancaq biri kisəni yırtıb burnunu çölə çıxara bilmişdi, ardını cırmağa ya ustalığı çatmamışdı, ya da yüklüyün dəmir qutusu içindən onsuz da qurtula bilməyəcəyini başa düşmüşdü. Qığırdaq kimi sərt, qupquru burunun altında qara dodaqlar aralanıb yırtıcı çənənin bir neçə sarımtıl, güclü dişini açıq qoymuşdu. O, çaqqala xəbərdarlıq edirmiş kimi böyürdə vintburanı götürüb həmin dişləri yüngülcə taqqıldatdı. Heyvan fınxırıb burnunu geri çəkdi.
Çaqqallar kisədən çıxan kimi təzə məkanda nə yola, nə də dənizə sarı qaçdılar. Dərhal üz tutdular çölə: əvvəlcə torpaq yolla buraların daimi sakini kimi qaçdılar, sonra kənara çıxıb kolların oxşar rəngləri arasında görünməz oldular.
11
Şəhəri tərk edərək düşmən ordusunun qarşısına son əsgərinədək cəm etdiyi qoşunla çıxmış Sultan vəziri çağırıb məsləhət istədi. Yayın qızmarında çayın hər iki sahili boyu uzanan meşəliklərdə yerləşmiş qoşun döyüşqabağı hazırlıqda öz ölüm-dirim işi ilə məşğul idi.
–Qoşunumuzun sayı düşmən ordusunun yüzdən biri qədər də olmadığı üçün yaxşısı budur ki, biz Məndiri tərk edib çayı qoruyaq, düşmənin suya çıxışını bağlayaq, – vəzir dedi. – Bu istidə susuzluq onları əldən salar, onların atları, kəlləri qırılmağa başlayar. Onda biz döyüşə girib məsələni həll edərik.
Əvvəlki məsləhətləşmələrdə bu üsula elə də etiraz etməyən Sultan indi birdən-birə hirslənib qarşısındakı mürəkkəbqabını vəzirin başına çırpdı.
–Onlar qoyun sürüsüdür, – Sultan qışqırdı. – Şir sürüdə qoyunun çoxluğundan qorxacaq?!
Dəyərsiz təklif verib Sultanı əsəbiləşdirdiyi üçün vəziri əlli min dinar cərimə edib həbsxanaya apardılar. Vəzirin arxasınca baxa-baxa Sultan fikirləşdi ki, qələbə olmasa, həbsxana da onun canını xilas edə bilməyəcək.
Ertəsi gün Sultan yalnız qələbə naminə döyüşmək əzmilə qoşunu qaldırıb Məndiri keçdi və qıpçaq ordularının məskəninə yaxın təpələrin üzərində bayraqlarını qaldırdı. Onlara məktub göndərib yaxın keçmişdə qalmış xoş münasibətləri xatırlatdı, duz-çörəyi təzələməyi təklif etdi. Qıpçaqlar gənc Sultanın bu hərəkətini qiymətləndirib iyirmi minlik ordu ilə kənara çəkildilər. Bu xəbər Sultanı çox sevindirdi, qələbəyə inamını artırdı, sanki hansısa gözəgörünməz qüvvənin ona köməyini hiss etdi. Bu, nadir hallarda olurdu, Sultan bunu uşaq vaxtı bir dəfə duymuşdu və çox dadlı bir savaş həzzi kimi unutmamışdı. Gürcü məliklərinin birləşmiş qüvvələrinə qarşı döyüşdə əvvəlcə hər iki tərəfdən gənclərin gücünü sınamasını təklif etdi. Bunu da dərhal qəbul etdilər. Gənclərin vuruşması heç bir tərəfə uğur gətirməyəndə Sultan özü at belində ortaya çıxıb gürcülərin pəhləvanını döyüşə çağırdı və ilk həmlədəcə onu zirehli önlüyü və qurşağı qarışıq mızrağına keçirib atdan saldı. Pəhləvanın üç oğlu vardı, Sultan onları da bir-birinin ardınca öldürdükdən sonra qoşun hərəkətə keçdi və düşmən qüvvələri darmadağın edildi. Ardınca göl qırağındakı Əhləti şəhərində gizlənmiş düşmən tör-töküntülərini təmizləmək elə də çətin olmadı.
Məliklərin uzun müddət özlərinə gələ bilməyəcəyini düşünən Sultan məmləkətin işlərini nizama salmamış moğolların basqın xəbərini aldı. Bu dəfə basqınçı orduların başçısı özü onu görüşə çağırdı. Getmək – məğlubiyyətin bəri başdan etirafı, getməmək – məğlubiyyətin daha ağır şərtləri və nəticələrini göz önünə almaq idi.
Sultan vəzir Şəmsəddin bəyi çağırdı. Ölkəni və hərəmxananı ona tapşırıb yola çıxdı.
At belində iki gün yol gedən Sultan Muğana gəlib çatdı və moğol ordularının artıq burada olduğunu görüb Borakla danışığa gedib-getməmək haqqında bir daha düşünürdü ki, iki atlı ilə qarşılaşdı. Onlar əl-qolu bağlı bir adamı aparırdılar.
–Sultanım, mən çayda çimirdim, ona görə məni tutub bunlara verdilər, – kişi dedi. – Mən hardan bilim bunların qanunlarına görə çayda çimmək olmaz!
Sultan təbəəsinin aqibətinin necə olacağını bilmək üçün atını onların dalınca sürdü.
–Məni tutanlar dedilər ki, çayda çimdiyimi başqa adamlar da görüb, ona görə mütləq Yasa Qoruğa aparılmalıyam. Çimməyin cəzası edamdır bunların qanunlarına görə, – kişi yolboyu Sultana izahat verdi. – Ancaq o adamlar mən çimən yerə gümüş pul atıb dedilər ki, hakimə deyərsən çimmirdim, pulum suya düşmüşdü onu axtarırdım.
Sultan sözünün keçməyəcəyini bildiyi üçün atlılara heç nə demədi. Onun məmləkətinin adamları da basılmış torpaqları kimi artıq moğolların hökmü altında idi. İndi Sultan bir yox, beş vəzirini də həbsə göndərməklə vəziyyətdən çıxa biləcəyinə şübhə etdi.
Hakim uzun bığlı cavan oğlan idi, öz dəftərxanası ilə kəndin mərkəzindəki qollu-budaqlı iydə ağacının kölgəsində dəhşətli istidən birtəhər daldalanırdı. Sultana və onun atlılarına fikir vermədən qarşısına qolubağlı gətirilmiş kişidən soruşdu:
–Sən çayda çimirdin, ya mənə burada deyildiyi kimi, suya düşmüş balışını axtarırdın?
Kişi başını aşağı endirib çətinliklə anladığı sözləri tərcüməçinin də ifasında dinləyəndən sonra mızıldandı:
–Əvvəla, mən bilmək istərdim ki, çayda çimmək niyə qadağandır.
Ona izah etdilər ki, çimmək və ya paltar yumaqla suyu murdarlamaq olmaz. Su murdarlananda göydə Tanrı hirslənir, gurultu qoparır, ildırım çaxır, yağış yağır, tufan olur və bu da moğol döyüşçüləri arasında Tanrının onlara qəzəbi kimi başa düşülür. Onlar qaçıb dağılışır, əmrə tabe olmurlar.
–Sən çayda çimirdin, ya pulunu axtarırdın? – hakim bir də kişidən soruşdu.
–Mən çayda təkcə çimmirdim, – kişi sakitcə dedi və vidalaşırmış kimi, dönüb kənarda dayanmış Sultanın üzünə baxdı. – Əynimdəki bu paltarları da yuyub kolların üstünə sərmişdim.
Hakim köməkçisinə nəsə yazmağı tapşırıb bir qədər gözləyəndən sonra hökmü elan etdi:
–Boynu vurulmaqla edam edilsin!
Kişini bura gətirmiş döyüşçü onu kənara çəkib boynunu vurmağa aparanda Sultan soruşdu:
–Sən niyə demədin ki, suda pulunu axtarırdın?
–E-eh... – kişi cavab verdi. – Çimməyib, paltar yumadan yaşamaqmı olar? Ondansa ölüm yaxşıdır.
Sultan atlılarının başını Qapan dağlarına səmt çevirməklə danışıqlara getməkdən imtina etdi. O fikirləşdi ki, indiyəqədərki saysız-hesabsız döyüşlərdə həlak ola bilərdi, amma qismət olmayıb. Gözləmədiyi ən acınacaqlı hallarda Allah ona dalbadal qələbələr nəsib edib. Nə vaxtsa haqqı sahibinə qaytarmaq hər kəsin – padşahın da, sultanın da, nökərin də borcudur. Düşmən qarşısında əyilib ölməkdənsə əyilməyib ölmək daha yey deyilmi? O bilirdi ki, müvəqqəti də olsa, siyasi əmin-amanlıq naminə ona cavan və gözəl anasını Boraka ərə vermək təklif ediləcək və anası ömrü boyu çimməyən adama ərə getməyə razı olmayacaq.
Özünü öldürməyi qət etmiş Sultan bütün yol boyu ölməyə və dəfn olunmağa yer seçimi ilə məşğul oldu və bunu ətrafındakılardan heç kimə bildirmədi. Nəhayət, dincəlməyə dayandıqları bir bulaq başında çörək yeməzdən əvvəl Sultan başının atlılarına yüz addım kənara çəkilib bulağı mühasirəyə almağı tapşırdı. Yanında yalnız ən etibarlı adamlarından birini saxlayaraq dedi:
–Təbrizdən yola çıxanda mən sultanlığı, tacımı və hərəmxanamı Şəmsəddin bəyə tapşırıb çıxmışam. Sənə tapşıracağım başqa bir iş var.
Sultanın baxışı və səsinin hüznü o qədər ağır idi ki, ölüm tapşırığı alacağına şübhə etməyən döyüşçünü ani qorxu hissi bürüdü. Ancaq bu ölüm ona yox, Sultanın özünə aid idi.
Sultan özünü asmaqda ona kömək etməyi – əllərini arxada bağlamağı, ipin ilgəyini boğazına keçirəndən sonra altından atı çəkib aparmağı və göstərdiyi yerdə qəbir qazıb özünü basdırmağı tapşırdı.
12
Nə qədər gizlətməyə çalışsa da, sinifdə, sonra da məktəbdə hamı bildi ki, Aysel Qurumuş kəndindən şəhərə yalnız onuncu sinfi oxumağa deyil, həm də ərə gəlib. O, sinifdə qızların ən hündürü və ən ərlisi idi. Fikirləşirdi ki, son günləri sağ-salamat başa vurub, imtahanlara bir-iki saatlığına gəlməklə məsələni bitirər. Ancaq birdən, sanki qəflətən necə oldusa, müəllimlər, başqa sinif şagirdləri ona aşkar və gizlicə baxmağa gəldilər. “10 B”-yə təzə gələndə də uşaqlar o cür gəlib ona baxırdılar, ancaq bu, bir-iki gün çəkdi. İndi isə baxanların sayı durmadan artdığından Aysel həyəcanlanırdı. Artıq hiss edilən qarnından utanıb ya oturduğu yerdən qalxmır, ya da koridordan qaçaraq keçib sinfə girirdi. Bir saat keçmədi, direktor Cahan xanım onu kabinetinə çağırıb dedi ki, sabah polis gəlib onunla söhbət edəcək.
–Bəlkə də birtəhər gizlədə bilərdik, – direktor Ayselin gözlərinin içinə diqqətlə baxa-baxa astaca dedi, – amma sənin hamiləliyin artıq görünür. Dərslərin qurtarmasına bir şey qalmayıb, get otur evdə, daha dərsə gəlmə. Görək imtahanları necə eləyirik.
Aysel polisin nə olduğunu hələ Qurumuşdan bilirdi. Bu, rəhmsiz, yad bir güc idi. Ərə getdiyinə ürəkdən sevinə bilməyən Aysel hamiləlik sevincini də belə, həyəcan və təşviş dolu notlarla bitirməli oldu.
Günəş şüaları ilə oxlanmış ağ bulud topaları dəniz səmtə axırdı. Onlar Qurumuş stansiyasından dayanmadan keçən sürət qatarları kimi elə bil ciddi hərəkət cədvəli üzrə harasa tələsirdilər. Günəş hələ yandırmırdı, ona doğru yerdən boylananların, balkonlarda açılan aynabəndlərin, gülün, çiçəyin sayının durmadan artdığını görüb təzə-təzə vəcdə gəlirdi. Yaz gününün qaymaq yumşaqlığında eşidilən bütün uca səslər Ayseli diksindirirdi. Bəzən səsdən sonra gec də olsa, əlini qarnının üstünə qoyub oradakının rahatlığını qorumaq üçün bütün fikir və diqqətini çöldən üzüb içəri yönəldirdi. Həyətlərdə oynayan uşaqların hay-qışqırığı da sanki bu dünyada nələrinsə təzəcə başlandığını şəhərə, onun sakinlərinə, polis idarəsinə gedən Aysellə onun ərinə xəbər verməyə tələsirdi. O, zarafata salıb özünün saxlanacağı halda nə etməli olduğunu Ayselə başa saldı. Daha doğrusu, ona anası ilə evdə oturub heç yerə getməməyi, heç kimdən heç nəyin xahişini etməməyi və narahat olmamağı tapşırdı.
Aysel onun böyrüncə atlı qarışqa kimi tez-tez gedir, hərdən təngnəfəs olub yavaşıyır, çantasından çıxardığı sudan qurtum-qurtum içə-içə xatırlayırdı ki, bu gün onlar həkim yanına getməliydilər. O, doğum evindən körpə ilə çıxacaqlarını neçə dəfələrlə təsəvvür etmişdi və nədənsə həmişə ona elə gəlmişdi ki, bu, onun həyatında cəmi bircə dəfə olacaq. Ona görə də həmin günün bəzi hazırlıqlarını düşünüb daşınmışdı: həmin gün üçün evi xüsusi bəzəməli və həmin gün mütləq ziyarətgaha gedib orada, türbənin içində əks-səda verən mübarək səslə uşağın adını onun qulağına deməliydilər. Yasin elə istəyirdi. Deyirdi ki, əgər adi su, dibçək gülü səsə reaksiya verirsə, deməli, uşaq da hər şeyi eşidir və səs onun bədənində müəyyən emosiya yaradır. Hələliksə Aysel əlinin nəvazişi, addımlarının yumşaqlığı ilə uşağı səsdən qorumağa çalışırdı.
İndi o, arada imkan tapıb Yasinin heç vaxt codlaşmayan üzünə, qara saçlarının titrəyişinə baxanda onu həqiqətən yaraşıqlı, doğma və etibarlı görürdü. Ona elə gəlirdi ki, konsern neftçilərinin tanıdığı bu qiymətli mütəxəssisi heç kim incidə bilməz, çünki o, bircə həftə dəniz növbəsinə getməsə, orada işlər dayanar.
Sonra Yasini yenə çağırdılar. Müstəntiq rolunda bu dəfə uzunboylu kapıtan Madar Şərifov çıxış edirdi. O, bir gözü ekranda “Təkrar” qrifi ilə gedən futbolda, bir gözü uzun-uzadı yazdığı protokolda, o birilər kimi Cinayət Məcəlləsinin 152-ci maddəsini xatırlatmırdı.
–Bağışla məni, – deyirdi, – cinayət işi hər gün var, ancaq dünya çempionatı beş ildən bir olur. Hər axşam əməliyyat müşavirəsi keçirir rəis. Odur ki, təkrara baxmalı oluruq.
–Hesab orada yazılıb da, maraqsız olmurmu? – o soruşdu.
–Mən elə vərdiş eləmişəm ki, hesabı bilə-bilə baxanda daha yaxşı ləzzət alıram. – İfadə ikibaşlı səsləndiyi üçün Şərifov ucadan gülməklə ikinci mənanı xətm eləməyə çalışdı.
Otağa çay, sərin su gətizdirirdi, siqaret təklif edirdi. Futbol fasiləsində hətta cinayət işini unudubmuş kimi otaqdan çıxıb harasa gedirdi. Qayıdanda əlində mütləq ya çiyələk, ya da gilasla dolu nimçə gətirirdi. Rüşvətxora oxşamırdı. Ancaq rüşvət bu ölkədə cinayətkarlıqla mübarizənin ən keçərli forması olduğu üçün almaması yəqin ki, mümkün deyildi. Futbolu ölkənin ən böyük reklamı hesab edirdi. Qarşısındakı adamın cəzadan qorxmaması, bununla belə, öz sərhədlərini yaxşı tanıması elə bil onu da məmnun edirdi.
İsveç millisi İbrahimoviçin ustalığı sayəsində təkrarən 2:0 qalib gəldi və türk həmrəyliyi Şərifovu bir az da qanadlandırdı. Bəlkə də həmin an onların hər ikisi futbolçu olmadıqlarına görə – biri mühəndis olub həddi-buluğa çatmamış qızla evləndiyinə, o biri isə poqon daşıyıcısı kimi yazın bu günündə cinayət işi araşdırdığına görə Avropanın yaşıl meydançalarında deyil, otaqda qapanmağa məcbur olduqlarına bir az acıdılar. Ancaq futbolun eyforiyası bir siqaretdən sonra azalmağa, cinayətin kəsəri isə müvafiq nisbətdə artmağa başladı.
–Sizin qaynatanız həbsdədir, – nəhayət, Şərifov onun başı üzərindən qapıya öz qolunu vurmaq üçün həmlə etdi. – Bunu, əlbəttə, siz seçməmisiniz yəqin ki, qismət məsələsidir. Ancaq onun da taleyi, qisməti elə gətirib ki, ora ürcah olub. Bu da, təbiidir. Əgər cəmiyyətdə bu qütblər mövcuddursa, deməli, orada kimlərinsə mövcud olması bizə təəccüblü görünməməlidir. Siz necə düşünürsünüz?
–Mən belə düşünürəm ki, artıq mənim qızım dünyaya gəlib, həyat yoldaşımın on səkkiz yaşı çoxdan tamam olub, – o dedi və fikirləşib əlavə elədi: – Qaynatamın harada olması onun öz işidir.
Şərifov beş dəqiqənin içində futbol oyununu öz həyatından bir turp kimi çıxarıb kənara qoydu və boşalmış qara çalaya cinayət işinin bəzi budaqlarından şitil vurmağa çalışdı.
–Tale, qismət təkcə sizdə deyil axı, – Şərifov soyuq-soyuq gülümsündü, – ondan bizdə də, başqalarında da var. Biz gərək onu da nəzərə alaq.
–Mən bilirəm, siz bu söhbətlə hara gedirsiniz, – o, başını aşağı salıb Şərifovun üzünə baxmadı. – Bəlkə də bu sizin işlərinizin adi bir gəlişməsidir, ancaq belə təklifləri eşitmək mənə xoş deyil. İkinci, mən fikirləşirəm ki, ona qarşı bu işi hazırlayıb həyata keçirənlər nə vaxtsa qanun qarşısında cavab verməli olacaqlar.
–Baxın, mən sizə variant təklif etdim, – Şərifov mızıldandı. – Bu təkcə sizin qaynatanızla məhdudlaşmaya da bilər. Həyat, tale, qismət Bakı küləyi kimi dəyişkəndir: onlar sizə ayrı şeylər də təklif edə bilər.
13
Çöldə tərpənən hər şey bunu niyə etdiyini çox gözəl bilirdi, sadəcə başqalarına bu haqda heç nə deyə bilmirdi. Çöl dənizdən fərqli olaraq nəfəs almağa quru hava verirdi; ayağı altında ləngərləmirdi, tənhalıq hissi ilə onun qəlbindəki xofu artırmırdı. Tumurcuqlar partlamışdı, onların hər birinin nə demək istədiyi bitki dilindən tərcüməsiz də başa düşülürdü. Uşaq evciyi kimi naşı və məntiqsiz pərakəndəliklə dikələn təpələr çılpaq dağ silsiləsinə çevrilib qatarlandıqca böyüyür, çölün şəhər və kəndlərə açılan sağ və solunda öz əzəmətini daha da artırırdı. “Möhkəm olsun, zəlzələlər sizi yırğalamasın deyə dağları mıx kimi yerə çaldıq. Əmanəti yerə, göylərə, dağlara təklif etdik, onlar qorxub götürmədilər. İnsan onu boynuna götürdü. O həqiqətən özünə zülm edən bir cahil idi”.
O, yenə maşını dəmiryol keçidinin nəzarətçisinə tapşırıb təpələrə sarı gedirdi ki, oradan suya enən ceyranları böyük bir məsafədə seyr etsin. Torbasındakı donmuş toyuğun soyuğunu hərdən kürəyində hiss edəndə çaqqalları görmək həvəsilə ümidsizcəsinə ətrafa boylanırdı. Yəqin ki, heyvan təzə yerə insandan tez alışır. Ancaq burada onlar üçün təzə olan bir şey vardısa, o da magistralla gecə-gündüz şütüyən maşınların uğultusu idi.
Təpələrdən ən yüksəyinə qalxanda gördü ki, boynunda durbin olan bir nəfər yapıncı-plaşını altına atıb uzanıb, sanki onu dəmiryol şlaqbaumundan buradək izləyib, çünki buradan bütün çöl, hətta onun ağ maşını da yaxşı görünürdü.
Kişi orta yaşlı, qaraşın bir adam idi, ona şübhə ilə baxırdı. Düzbucaqlı bığı, başında səkkizbucaqlı qara dəri şapkası vardı, yəqin fikirləşirdi ki, yazın bu erkən çağında işini-gücünü atıb çöllərə düşmüş adamın yalnız ceyranlara qəsdi ola bilər. Bu çöldə onlardan başqa ovlanası nə vardı ki?!
–Palçıq vulkanlarına baxırsan? – kişi səsində gizlətməyə çalışdığı kinayənin altından soruşdu.
O, cavab verməyə tələsmədi. Torbasını eşələyib çıxardığı parçanı yerə sərib oturdu.
–Nədən elə soruşdun? – nəhayət, dedi.
–Bu çöldə vulkanlardan başqa baxmalı ikinci bir şey ceyranlardı, onlara da mən baxıram. Odur ki, sənə vulkanlar qalır.
“Baxmağı” qorumaq kimi başa düşmək lazım idi. O elə də başa düşdü və gülümsünərək dedi:
–Təkcə ceyranlar deyil, – bardaş qurub oturdu. – İki dənə çaqqalı bu çölə özüm gətirib ötürmüşəm. İndi onlara toyuq gətirmişəm, ancaq bilmirəm harada axtarım.
Kişi elə bil nəsə çox vacib bir şeyi xatırlayıb susdu və sifətindəki bu çaşqınlığın görünməməsi üçün durbini gözlərinə sıxıb ceyranlar otlayan səmtə baxmağa başladı. Bəlkə də o, tanımadığı, ilk dəfə gördüyü adam haqqında pis fikrə düşməyinin xəcalətini çəkdi. Ancaq onun peşmançılığına səbəb bu yox, bəlkə də qarşısındakı adamın onun nə düşündüyünü və tamamilə səbəbsiz olaraq pis fikrə düşdüyünü hiss etməsi idi. Qarşıdakı adam nəinki bunu hiss etdi və gördü, hətta heç zaman olmadığı kimi, çəkinmədən öz hislərini sözlə ifadə etməyə zərurət duydu.
–Sən mənim haqqımda heç də yaxşı düşünmədin, – o, kişinin durbini gözündən endirməsini gözləmədən dedi. – Mən özümü bir anlığa hətta oğru kimi hiss etdim nədənsə sənin yanında. Bəlkə sənin ceyranlarını vurub eləyiblər?
Kişi danışdı ki, kimsə təpənin bu biri üzündə tələ qurub və tələyə düşmüş ceyranı canavar parçalayıb yeyib.
–Ona görə, qardaş, incimə, mənim buralarda gördüyüm hər kəsdən şübhələnməyə haqqım var. Bir azdan tökülüb gələcəklər, dərimi soyacaqlar. Ancaq sən elə adama oxşamırsan, deyəsən...
Xeyli dərdləşəndən sonra onlar təpədən aşağı enib tələyə baxmağa gedəndə kişi dedi ki, bir azdan nazirliyin helikopteri gələcək məsələni araşdırmağa. Hava günəşli olsa da, dənizə əsən, arada yanıq kükürd iyi gətirən yüngül meh adamı üşüdürdü. O, çaqqalları necə gətirib bu çölə buraxdığını danışanda kişi xeyli susdu, sonra dedi ki, tələyə düşmüş ceyranı çaqqallar da parçalaya bilər. Ancaq məsləhət gördü ki, bu haqda helikopterlə gələnlərin yanında heç nə danışmasın, çünki bu, tələf olan yeddinci ceyrandır, günahı boynuna yıxmağa adam axtarırlar. Tələdə ceyranın ayağının bir qarışı və bir cüt qara dırnağından başqa heç nəyi qalmamışdı. Canlı yulğun koluna zəncirlə bağlanıb, üstəlik də yerə mıxlanmış dəmir tələnin ətrafında torpaq qazıq-qazıq olmuşdu .
–Fikir verirsənmi, çiyid səpibmiş yan-yörəyə, köpəyoğlu, – kişi dedi. – Heyvanın da xoşuna gəlib... Kişmiş adam üçün nədirsə, çiyid də heyvan üçün odur.
Onlar dayanıb dırnağa tamaşa elədilər. Topuqdan yuxarıda lülə sümüyün ağaran yeri də vardı, dərisinin sallanan yeri də, başı elə bil butulka ağzı açanla iki-üç yerdən sındırılmışdı.
–Çaqqal çətin qırar onun ayaq sümüyünü, yəqin canavar olub. Özünü də burada dağıdıb yeyib, hər yer qandı. Qalanını da, Allah bilir, hara sürüyüb aparıb. Canavar dadandısa, əl çəkməyəcək. Gərək helikopternən axtaraq.
Hərbi helikopterlə televiziya qrupu və xeyli başqa adamlar gəldi. Silahlılar da vardı. Dedilər, gənc və gözəl xanım nazir müavinidir, hamı onun ətrafında pərvanə kimi fırlanırdı. Hərbi forma geyinmiş xanım ceyranın ayağının tələ qarışıq şəhərə aparılmasına göstəriş verib durbinli kişinin dediklərini dinlədi və sonda səsini qaldıraraq ucadan dedi:
–Bu, yeddinci ceyrandır tələf olur. Biz nə cavab verəcəyik?! Bu kişiyə əlavə köməkçilər verin.
Xanım başının dəstəsi ilə ətraf kolların arasında dolana-dolana uzaq dağlara, magistrala baxdı, televiziyaya müsahibə verəndən sonra helikopterə oturub toz-duman qaldıra-qaldıra canavarları axtarmağa getdi. Televiziya tamaşaçılarına ceyranın ölümü xaincəsinə törədilmiş böyük faciə səviyyəsində təqdim edilirdi. Canavar eşitsə, törətdiyi cinayətin miqyasını dərk edərdi.
O, kişi ilə vidalaşıb təpələrin ətəyilə gedə-gedə fikirləşirdi ki, bu dünyada heyvan olmağın da heç bir sevinci, bəxtəvərliyi yoxdur. Canavar niyə ceyranı parçalayıb yeməli idi, adamlar niyə helikopterdən təqib edib canavarı güllələməli idi? Dağları mıx kimi yerə çalan fitrət bütün bunların daha sivil və qansız bir formasını icad edə bilməzdimi?
Çöldən çıxandan sonra yaxın qəsəbələrin birinin yol ayrıcında uşaqla qadının əl elədiyini görüb maşını saxladı. Başına doladığı yekə yaylığın qırışları arasında qadının ağladığı qızarmış gözlərindən görünürdü, uşaq sifətinin donmuş ifadəsilə susurdu, elə bil köhnə, kirli oyuncaq idi, evdən tələsik çıxanda arvadın əlinə keçən bu olmuşdu. Qəsəbədəki evlərindən xəstəni şəhərə, xəstəxanaya aparmağı xahiş etdi qadın. Magistraldan bir qədər aralıda təpələr arxasından qəsəbənin bir-iki evi və neft buruğuna bənzər qaramtıl bir qülləsi boylanırdı. Elə bil qəsəbə qəsdən gedib orada gizlənmişdi ki, heç kim onu tapa bilməsin. Yolu da it ağzından düşmüş qabırğa sümüyü kimi sınıq, əyri və qabarıq idi.
–Təcili yardım maşını bura gəlmir, – qadın yolda dedi. – Nə vaxt çağırırıq, “Çıraqlı” deyən kimi başlayırlar bizə nağıl danışmağa çırağı keçmişlər.
Altmışı haqlamış şişman kişi idi, çevrilmiş kimi görünən qupquru alt dodağı çənəsinin ortasına sallanmışdı. Başına toxunma, torba papaq keçirmişdi, əlləri, üzü, bütün bədəni hiss olunacaq qədər şişmişdi. Xəstəxanaya getməkdən imtina edirdi. Səsi erkək şirin nəriltisi kimi çox aşağı oktavada durmuşdu. Danışanda nəfəsi çatdırmadığına görə sözlərin çoxu qırılıb boğazında, oradan da aşağıda qalır, dodaqları boş-boşuna tərpənirdi.
–Niyə getmək istəmirsən xəstəxanaya? – kişidən soruşdu.
–Səbəb çoxdu, – xəstə dedi. – Gedib orada itin-qurdun... – Sözlər boğuldu və nəfəsini dərəndən sonra əlavə elədi: – Burada minnətsiz ölmək...
–Mən səni pulsuz müalicə edən xəstəxanaya apararam, – o dedi. – Gedək...
–Dur gedək, – arvad dedi. – Üç yüz manat pensiya alırsan, öləssən, o da kəsiləcək, qalacağıq xapan. Dur, kişini yoldan eləmişik, Allah köməyi olsun, gəlib sənin dalınca.
–Pulsuz bu ölkədə heç nə ... – “yoxdur” sözü onun yapışqan dolu boğazında çıxa bilmədi. – Pulun yoxdursa, adam ...
Qadın danışdı ki, əri heç nə yemir, gündə bir nəlbəki şorba içir, amma şişməkdə davam edir. Son günlər iyirmi kiloya yaxın çəki yığıb. Paltarları əyninə gəlmir, özü də daha yataqdan dura bilmir.
–Üç yüz manat əlillik pensiyası alır, birtəhər dolanırıq, – qadın təkrar etdi. – Ölsə, onu da kəsəcəklər, qalacağıq xapan.
Bura bir kasıb daxması idi, otağın eni birnəfərlik çarpayını və bir plastmas stulu güclə sığışdırırdı.
–Müalicə olmaq istəmirəm, – kişi qadının və uşağın köməyilə çarpayıdan ayaqlarını sallayıb dedi. – Nə mənası var? Gedim yenə... – bu dəfə itən sözlər, deyəsən, daha çox oldu, – ... eləyim? O nökərçilik də ...
Zəif, boz kömbə kimi şişkin əli ilə ona “get” işarəsi verdi.
Günün uğursuzluğu ağır təəssüratları ilə onu əzirdi. O, nə vaxtsa tələbə vaxtı xəstəxanada yatdığını və qonşu çarpayıda eyni pessimist aqibəti yaşayan kişini xatırladı. O da sağalmaq istəmirdi. Sürətlə arıqlayan bədəni göz-görəti dağılıb gedir, hamının gözü qarşısında ölürdü. Pul istəyirdi. Deyirdi ki, bu dəqiqə gətirib bir milyonu qoyalar çarpayımın altına, durub bu dağılan canımla “Qaytağı” oynamasam, atabatama nəhlət! Nəinki milyonu, heç manatı da gətirən olmadı, əksinə, palataya gələn personal ondan pul umurdu. Gecə o, nəsə qəribə bir səsə oyanıb işığı yandırdı. Kişinin alt-üst çənəsi bir-birinə elə şaqqıltı ilə dəyirdi ki, elə bil taxta çötkədə usta mühəndis şıdırğı vurma əməliyyatı aparırdı. Sonra bədəni də titrəməyə başladı. O arıq bədən elə qeyzlə əsirdi ki, deyirdin, bu dəqiqə çarpayıdan tullanıb qaçacaq. Tibb bacısı baxdı, baxdı:
–Ölür, bədbəxt, – dedi və həkimi oyatmağa getdi.
Gecə kişi keçindi. Bu, onun gözləri qarşısında canını tapşıran ilk adam idi. O, ölümün adiliyinə heyrətləndi, hətta oxuyub həkim yox, mühəndis olacağına peşman oldu. Ona elə gəldi ki, bir-iki iynə, dava-dərman, həkim qayğısı ilə kişini sağaltmaq olardı. Ancaq qəribə orası idi ki, bu kişi pul istəyirdi, özü də milyon istəyirdi. Öləndən sonra qollarının ikisi də çarpayıdan kənara uzana qalmışdı. Dişləyib yaraladığı qanlı dilinin ucu açıq dodaqları arasında qapqara yad cisim kimi görünürdü. Ölənə yaxın kişi gücəndi, havada oynayan qolları bir anlığa dayanıb sanki bədəninin özünü torparlamsına kömək etmək istədilər. Onun əzgin, quru sifəti ağrı qırışlarında əyilib simmetriyasını itirdi. Birdən daha güclü xırıldayıb sakitləşdi, gözünün də biri ağzı kimi açıq qaldı. Sakitləşməyi, sifətinin bütün əzab-əziyyətləri dadmış və son ana qədər onlardan qurtula bilməmiş peşman möcüzəsilə o sanki öz keçmiş həyatına çağırış etmişdi: “Niyə?”
Həkim səhərə yaxın gəldi. Palatanın ortasında dayanıb əsnədi və yuxulu gözlərilə ona baxıb nədənsə gülümsündü. Kişinin nəbzini yoxladı, əlinin dalını boğazının altına qoyub dinlədi:
–Gedib! – deyə sakitcə palatanı tərk etdi.
Ondan sonra bir təkəri güclü cırıldayan sanitar arabası gəldi. Sanki nasaz təkərin qeyri-adi cırıltısı deyirdi ki, bu dünyada hər dörd nəfərdən biri ayaqda dursa da, ölüdür. Gorsunuzmu, mən də bu gün-sabah öləcəm! Artıq səhər çoxdan açılmışdı, növbə dəyişilincə meyit morqa getməliydi. Sanitarın arxasınca gələn xəstələr və tibb bacıları qapıdan boylanıb meyitin yox, onun üzünü görməyə çalışdılar. Elə bil ölünün həyat və taleyinin epikrizi şəkil formatında onun sifətində əks olunmalı idi.
14
Professor Gülməmmədovun köhnə kitab rəfləri və nimdaş oturacaqlarla basırıq kabinetində həmişəki kimi adam çox idi. Çürüyən kağız iyini pəncərələrin taybatay açıq tağları birtəhər çölə ötürsə də, havalar isindikcə içəridə oturmaq çətinləşirdi. Bir neçə gənc oğlan ortadakı köhnə xalçanın üzərində bardaş qurmuşdu, sanki uçacaqdılar. Barmağında yekə qızıl üzüyü olan biri də Gülməmmədovun uca kreslosunun ayaqları arasındakı qurşağa dirsəklənmişdi. Yeganə stol arxasına sığınmış üç xanım bəzək-düzəkli çöhrələri və xoş ovqatları ilə Gülməmmədovun gənc tələbəyə verdiyi məsləhətlərə yumşaq zəriflik qatırdılar. Söhbət tələbənin yazılı xatirələrindən gedirdi.
–Xatirələrin bədii inikası və tərəfsiz təhlili müəllifi intizamlı edir. Əgər israrında davamlı və ardıcıl olsan, səndə heç zaman hiss etmədiyin hakimlik düşüncəsi və mövqeyi formalaşdıra bilər öz xatirələrin. Bu hakimlik konstitusiya qarşısında deyil, yalnız haqq qarşısında cavabdehlik daşıyır. Ona görə deyirəm ki, sən o xatirələrin içərisində ola-ola onlara müəyyən qədər ucadan baxmağı, vacibi, qeyri-vacibdən seçməyi bacarmalısan. Ən başlıcası, nədir? – Gülməmmədov başını çevirib pəncərə arxasındakı ağacda cani-dildən oxuyan quşa baxdı və xəfifcə gülümsünüb davam elədi: – Ən başlıcası, nəğməni o quş kimi konkret və dəqiq oxumaqdır. Ustadlar deyib ki, xatirələr “hər kəsi dəli edəcək dərəcədə dəqiq” olmalıdır.
Doğruluğuna şübhə etmədiyi həqiqətləri deyəndə professor Gülməmmədov yumru gözlərinin səksəkəli baxışlarını divarlardakı kitab rəflərində gəzdirə-gəzdirə ustadları axtarırmış kimi otaqdakıların diqqətini yayınmağa qoymurdu. Fikirlərini tələsmədən, beynindəki zəngin məlumat xəzinəsindən dəqiqliklə seçə-seçə, təkcə tələbə üçün deyil, otaqdakıların hamısı üçün maksimum ümumiləşdirmələrlə ifadə edirdi.
O, bir qıraqda durub bu adamların ünsiyyətindən onların özü və professor Gülməmmədov üçün nə hasil olduğunu anlamağa çalışırdı. Onlar təqdim edilmiş xatirələrdəki həyatın, düşüncə və ehtirasların nə dərəcədə dəqiq, həqiqi və vacib olduğunu müzakirə edir, bəzən də xatirələrin bugünkü reallıqlara müəyyən təsirləri haqda ehtiyatla danışırdılar. Hamının məclisin əvvəlində danışmaq istəməsi otaqdakı səmimiyyəti azaldırdı. Bilirdilər ki, bir azdan fikirlərin təkrarından yaranan yorğunluq artanda eşidilmək imkanı azalacaq.
Sonra saqqallı bir gənc xatirələr haqda müzakirə mövzusunun içində dönüş edərək illər boyu ictimai rəyi təhqir edən bir adamın jurnalist fəaliyyəti haqqında danışmağa başladı. Bu qənaətə gəldi ki, jurnalistin daimi təhqirlərinə məruz qalan adamlar, nəhayət, qətiyyətli tərpənib hansısa formada onu cəzalandırmalıdırlar. Ağsaqqallardan biri dedi ki, qanundankənar cəza tədbirləri cəmiyyətdə anarxiya yarada bilər, ancaq dönüşü etmiş gənc onunla razılaşmadı. Bu barədə professor Gülməmmədovun da fikrini soruşdular. Professor heç kimin üzünə baxmadan bir qədər susdu, sonra fikrini toplayıb belə dedi:
–Bu bizim işimizə birbaşa aid məsələ deyil. Bizim işimiz cəmiyyətdə düşmənçiliyin bu əndazəyə gəlib çatmaması üçün bir növ zamanı qabaqlamaqdır. Bəlkə də onu cəzalandıran şəxs insanların qarşısında ədalətli görünər. Ancaq bu, bizim haqqında söhbət etdiyimiz ədalətin qələbəsi olmaz: cəzalandırılan o nadürüstün yerini bir başqa nadürüstün tutmayacağına kimsə zəmanət verə bilməz.
Professordan sonra məsələnin müzakirəsi daha da qızışdı. Ağıllı söhbətlərin gurultulu mənaları onu qorxutmağa başladı. Kağıza yazıb gətirdiyi xatirənin bütün sözləri, cümlələri, hətta bağlayıcıları, durğu işarələri də yadında idi. Burada səslənən ağıllı sözlərin biri də onun yazdıqlarının içində yox idi. O, nə vaxtsa qarşılaşdığı adamların adi şəraitdə gördüyü sifətləri, o sifətlərdə bəzən gözlənilmədən, ani şəkildə peyda olan möcüzəli ifadələr haqqında yazmışdı. O sifət və ifadələrin onun indiki, bundan sonrakı həyatına necə təsir edəcəyini, orada nəyi dəyişəcəyini də qətiyyən təsəvvür edə bilmirdi. Onları unutmaq üçün yazmışdı və aparıb professora təqdim edəndən sonra qaynanasını qarşılamağa gedəcəyini deyib otaqdan çıxdı. Gülməmmədov bir anlığa onun üzünə diqqətlə baxıb heç nə demədi, onsuz da burada görünmək, eşidilmək istəyən çox idi.
15
–Siz harada çalışdığınızı unutmamalısınız, – Nuru Bayramoviç asta-asta, ağır-ağır deyirdi. – Arabanı atdan qabağa qoşmaq olmaz ki...
Rəis ağıllı adam idi, dartdığı arabanın yükünü onun gözləri qarşısında dəfələrlə qarət edib dağıtmışdılar, atlardan bəzilərini güllələmişdilər, bəzilərini şil-küt edib sıradan çıxarmışdılar, onun isə burnu da qanamamışdı.
Onu konsern idarəsinin məxfi şöbəsinə çağırıb həddi-buluğa çatmamış qızla evləndiyinə və “bəzi lazımsız yerlərdə” göründüyünə görə məzəmmət edirdilər. Hiss etdi ki, Nuru Bayramoviç danışığında birmənalı ifadələr işlətməkdən çəkinir. Bu maşın həmişə belə ehtiyatla işləyib. Rəis onun dənizlə vidalaşmaq ehtimalını sözgəlişi vurğulasa da, heç olmasa, keçib sahildə dayana bilməsi üçün boş bir künc saxlayırdı. O, əsasən dinləyirdi. Ancaq bunu deməyi vacib saydı:
– Bizim artıq uşağımız doğulub, həddi-buluq məsələsi də bitib qurtarıb...
–Burada hər şey dəqiq yazılıb, onlar haqda danışmaya da bilərsiniz, – Nuru Bayramoviç onun sözünü kəsməklə yəqin ki, bu kabinetdə lazımsız sözlərin səslənməsinin qarşısını aldı.
Çox güman ki, ona variantlar üzrə müəyyən təlimat verilmişdi və təcrübəli rəis səlahiyyətlərindən kənara çıxıb əlavə heç nə təklif edə bilməzdi. Ancaq özünü elə aparırdı ki, guya danışıq əsnasında söhbətin gedişindən asılı olaraq o, nələrisə şəxsən həll edə bilər.
O, dənizdən belə ayrılmaq istəməzdi: hələ dənizlə sahil arasında yekunlaşdıra bilmədiyi bəzi işlər qalırdı.
–Yaxşı... – o, uzun bir pauza ilə dedi və Nurunun üzünə baxmaq istəmədi. Onun fikrincə, indi o sifət hələ soyulmamış qoyun quyruğu kimi mütəhərrik və qapalı idi. Özgənin fikir və qənaətlərini çatdırmaq missiyası altında adamın üzü də özgələşir və o sifətin möcüzəsi olmur.
–Yaxşı, – o, bir də təkrar etdi, – mən işdən getməyim haqqında düşünərəm. Fikrimi bir-iki günə sizə çatdıraram.
–Yox, yox! – Nuru rəsmi təmsilçiliyini bir az yumşaltmağa çalışdı. – Biz sizin getməyinizi istəmirik, biz sizin lazımsız yerlərə getməməyinizi istəyirik.
O getdi. Konserndən də, dənizdən də. Qəribədir ki, professor Gülməmmədov üçün yazdığı xatirələrini deyil, “Zirvə-16”nı və dənizi tez bir zamanda unutdu. Qızını arabada gəzməyə bulvara aparanda da dəniz ona heç bir nostalji yaşatmadı. Onun görünməyən üfüqlərində işləyən neftçilər, orada üzən gəmilər küçədə şütüyən maşınlar kimi yaddaşından ani görüntü olaraq keçib itdi.
16
Döyüşən cəbhədən reportaj verirdi televizor. Vəziyyətin heç də yaxşı olmadığı haqda yayılan məlumatların çoxluğu fonunda televizor ruh yüksəkliyi yaratmağa çalışırdı. Bunun əks effekt verəcəyini jurnalist hələ reportajı hazırlayarkən hiss etdiyindən vəzifəsini başdansovdu və yalançı hay-küylə yerinə yetirirdi. İnandırıcı bir faktı vardısa, o da heç bir uğurun olmaması idi. Real görüntülü uğur faktı yox idisə, deməli, məğlubiyyət vardı və onu gizlədirdilər. Düşmən mövqelərinə yaylım atəşi açan top lülələrinin fərqli tuşlanması onu əndişələndirdi.
Gedib döyüşmək olardı. Müharibənin yaxşı cəhəti yoxdur. Əgər onun çoxlu sayda dəhşətli cəhətləri içindən bir yaxşısını axtarıb tapmaq mümkün olsaydı, o da yəqin ki, müharibənin insanlar arasında bütün hesabları silməsi olardı. Onun silinməyə hesabı yox idi, amma getdi.
Səhər tezdən evlə vidalaşıb cəbhəətrafı toplantı mərkəzlərindən birinə yollandı. Çox sakit idi, elə bil müharibəyə yox, dənizə növbəyə gedirdi. Arxada qalan hər şey tanış, doğma və əziz olsa da, onların yanından həyəcansız, təşvişsiz keçirdi. Elə bil qəlbində bu seçiminə xələl gətirə biləcək bütün sinir mərkəzləri qapanmışdı. Küçədə köhnə tanışı Vaqiflə qarşılaşdı. Gözləyirdi ki, o, kimlərisə lənətləməklə özünün cəbhəyə getməməsinə haqq qazandırmağa çalışacaq. Ancaq elə olmadı. Vaqif maşınında onu avtovağzala qədər apardı.
–Hara lazımdı, de sürüm də, – Vaqif çox dil tökdü. – Lap Gəncəyə aparım.
Mərkəz də, poliqon da amansız günəşin altında od tutub yanırdı. Düşmən lazım deyildi, çölün düzündə bu istidən sağ çıxmaq qələbə sayıla bilərdi. Poliqondakı toz-duman zolaqlarının içində nərildəyən motorların səsi əsl döyüş cəhənnəmini xatırladırdı. Yuxarı qalxan toz enmək bilmirdi. Hərdən guruldayan təlim atəşlərində nəyin nişan alındığını avqust ilğımından sallana qalmış bu toz dumanı hərbi sirr kimi hamıdan gizlədirdi. Buraları yaxşı tanıyan könüllülərin dediyinə görə, üç-dörd dağ o yanda həqiqi döyüşlər getsə də, irəliləyiş yox idi. Əksinə... Bütün müharibələrdə olduğu kimi, burada da “əksinə” gözlə görülmüş real əfsanə və nağıllar aləminə yüksələrək lazımsız xof yaradırdı.
Asfalt meydanda sıralarla addımlayan taqımlar üçün səslənən sərt komandir əmrlərinə baxmayaraq, şəxsi heyət arasında nəzakətli davranış hökm sürürdü. Kimdən nə soruşsan, çalışıb bütün təfsilatı ilə izah edir, az qala aparıb əyani göstərməyə çalışırdı. Elə bil hər kəs ilk yox, son döyüş hazırlığında idi.
Qərargah rəisinin qəbulunu naməlum aqibətlə xeyli gözləməli oldu. Təzə hərbi-səhra forması geymiş zabitlər kabinetə girməzdən əvvəl ön otaqda baş-başa verib pıçıldaşır, əl, üz, hətta ayaq hərəkətləri ilə də nəyisə bir-birlərinə izah edir, sonra qara qapını astaca taqqıldadıb hərb elminin son sirrini rəisdən öyrənməyə gəlmiş gənc mütəxəssislər kimi sıralanıb içəri keçirdilər. Çıxanda isə onların şənlənmiş əhvalına baxa-baxa nəinki hərbi sirrin qeyri-mövcudluğu, hətta müharibənin belə olmayacağı qənaətinə gəlmək mümkün idi.
Bekarçılıqdan stolun üstündəki hərbyönümlü qəzet, jurnal və bukletlərə göz gəzdirdi. Başlıqlar və təxəllüslər dağlara atəş açan tanklardan da betər guruldayırdı. Yazılarda adətən böyük hərflərlə yazılmış “vətən”, “namus”, “qeyrət” sözləri isabətsiz atəş kimi əsas hədəflərin birinə də dəymədən yan keçirdi. Ancaq biri xoşuna gəldi, adlar da tanış idi. Janrı müəyyənləşdirə bilməsə də, yarısı başqa səhifədə getmiş bu yazının əlinə keçən hissəsini diqqətlə oxudu.
“...Oğlunu müharibəyə yola salanda ona iki məsələni heç zaman unutmamağı tövsiyə etdi: 1.Yalnız tapşırılan işi yerinə yetirməyi. 2.Yatanda yuxuda da ehtiyatı əldən verməməyi.
Üçüncü tövsiyəni Səidəyə həvalə etmək istədi, ancaq Səidə yalnız oğlunun boynunu qucaqlayıb ağladı, həyət boyu onunla yanaşı gedə-gedə əlləri ilə üzünü tutdu, sonra da maşının içində ikiqat olub hönkürdü. O, yaşadığı ölkəyə yaxşı bələd olduğu üçün yeganə uşağını belə böyük ölüm-dirim təhlükəsinin altına öz əli ilə verməyi sanki özünə bağışlaya bilmirdi. Sonrakı günləri də gecə-gündüz televizorun qarşısında keçirdi, onun arıqlamağı və yaddaşının zəifləməyi içindəki fikir və xəyal qəzalarının sayının artdığından xəbər verirdi.
Bir dəfə o, vəziyyətin ağırlığını görüb Səidə ilə cəbhə istiqamətində yola çıxmağa məcbur oldu. Yol hərbi və mülki maşınlarla dolu idi. Səidə boylanıb hər maşına göz qırpmadan baxır, imkan olanda “Qartal” batalyonunun hansı tərəfdə döyüşdüyünü soruşurdu. Bu yırtıcı quşun adına da, özünə də nifrət etməsinə baxmayaraq, həmin an qartal olub oğlunun yanına uçmaqdan ötrü nəyindən keçməzdi?! Ətrafda düşmən bombaları partlamağa başlayanda maşından enib yolun altında oturdu. Geniş yol zolağının üzərində maşınların arası ilə elə asudə yerişlə getdi ki, deyərdin, ətrafa düşüb partlayan mərmilərin dəqiq hesabını aparır. Dambanın altında oturanda da nə gözünü qırpdı, nə də başını əydi. Üzünün sakitliyindən sanki düşən hər mərmiyə sevindiyini hiss etmək olardı. Bəlkə də ona elə gəlirdi ki, düşmən mərmiləri bura nə qədər çox düşsə, onun oğlunun döyüşdüyü yerlərə bir o qədər az düşmüş olar.
...İndi onun sifətinə əvvəlki yüngül təbəssümü də qayıdırdı. Sevincləri çox uzaqda qalmışdı, amma qığılcımları hərdən onun gözünə çatıb parlayır və instinktiv olaraq tez də haradansa peyda olan vahimə içində sönürdü. Bəzən o, bir saat, bir gün əvvəl baş verən hadisələri xatırlayıb orada nəyəsə gülür, gəlib onu ərinə təzə xəbər kimi çatdırırdı.
Əri bu boyat gülüşlərə yalnız başını tərpətməklə şərik çıxırdı. Söz deməyə qorxurdu ki, birdən onun da əsl mənası bir gündən sonra lazım olan nöqtəyə gedib yetişər və o yetişincə nəyin baş verəcəyini bilmək olmaz”...
Qərargah rəisinin kabinetinə hay-küylə girib-çıxan hər kəs özünü bu müharibənin iki gün sonra elan ediləcək əsas qəhrəmanı sayırdı. O, hərbi biletini göstərib artillerist olduğunu dedi.
–Top atəşi hansı həndəsi sistem üzrə yönəldilir? – yorğun polkovnik onun hərbi biletindəki müvafiq yazılara baxandan sonra soruşdu.
–Üçbucaq, – o dərhal cavab verdi. – Müşahidə məntəqəsi – hədəf – atəş mövqeyi.
–Doğrudur, – əlavə suala ehtiyac duymayan polkovnik dedi. – Zabitləri mən götürə bilmirəm. Siz Gəncəyə gedin, nazirliyin nümayəndəliyi oradadı, onlar götürür və hara məsləhət bilsələr, ora da göndərirlər. Bilikli, təcrübəli zabitlərə çox ehtiyac var. Əfqanıstanda olmamısınız?
–Yox, olmamışam, – o dedi. – Siz məni burada götürüb ora məruzə edə bilməzsinizmi?
–Mən hələlik pexotaynan məşğulam, – polkovnik siqaret yandırıb gözlərini qıydı. – Gedin ora, problem yoxdu, götürəcəklər. İstəsəniz, zəmanət üçün mənim də adımı verə bilərsiniz.
Bura necə gəldiyini güclə xatırlaya bildi. Magistrala gedən uzun yol çölün dərə-təpəsindən, sönmək bilməyən avqust ilğımlarının göz önündə sayrışan başgicəlləndirici, şəffaf şırımlarından keçirdi. Təlim poliqonunun yaradılması üçün xeyli geri çəkilmiş dağlar bəzi yerlərdə azıb tamam gözdən itirdilər. Dağılmış asfaltdan kənarlarda yüngül maşınlar qaramal kimi özləri üçün əlavə yol qövsləri tapdamağa məcbur olmuşdular. Gələndə yük maşını o qədər atıb-tutmuşdu ki, qasığı hələ sancırdı. O da maşın kimi sərt çınqıllı yolun çala-çökəyinə girmədən həmin yumşaq zolaqlardan nisbətən rahat keçib gedirdi. Ayağının altında torpaq güclə hiss ediləcək, yumşaq dingilti verirdi, elə bil poliqondakı tanklar, dağların o biri üzündəki cəbhədə döyüşən silahlar öz dağıdıcı gücü və hökmü ilə yırğalayırdı yeri.
Müharibə bütün qüsurları görünməz edib yalnız özünü yüksəltmişdi: nə yol yada düşürdü, nə çöl, nə də dağ. Yay günəşi uzaq dağ qaraltılarının üstündə müharibə konvoyu kimi göz qırpmadan durmuşdu. Hər tərəf işıq, isti və hər an partlayıb böyük fəlakət xəbərinə çevrilə biləcək qara xofla dolu idi. Təlim poliqonu tərəfə gedən böyüklü, kiçikli bütün maşınlar sanki döyüşən cəbhəyə yardıma tələsirdilər. Bəzən ona elə gəlirdi ki, magistrala doğru yox, əks tərəfə də addımlasaydı, tələsən bu maşınlar bir an belə ləngiməsinlər deyə dayanıb onu götürməzdilər.
Heybəsi də köynəyi qarışıq tərli kürəyinə yapışmışdı. Çöl yolu ilə gedə-gedə fikirləşirdi ki, camaatı küçədən zorla maşına basıb aparırlar, o isə öz ayağı ilə könüllü gəlib çıxıb cəbhəyə yaxın toplantı mərkəzinə, burada da ağzını salıblar dağa-daşa. Bayaq polkovnikin qəbul otağında təsadüfən oxuduğu mətndəki birinci tövsiyəni xatırladı: “Yalnız tapşırılan işi yerinə yetir”. Ona elə gəlirdi ki, müharibə qəhrəmanlıqla dolu şərafətli ölümlərlə bərabər həm də təsadüfi ölümlərin sərsəri gəzişdiyi məkandır. Güllənin kimə dəyəcəyi, kimi öldürəcəyi, kimi yaralayacağı əvvəlcədən məlum ola bilərmi? Bunu bilən, gülləni yan keçirən qüdrət müharibənin qarşısını ala bilməzmi?
Oxu azca yerə tərəf əyilmiş Zülfəli kəndinin yol nişanına çatanda özünü ağacın kölgəsinə verib gözlədi ki, kənd maşınlarından gələn olsa, əyləsin. Adından başqa heç nəyi görünməyən Zülfəli kəndinin çılpaq təpələrə doğru qalxan iki təkərlik yolu kimsəsiz çölün ortasında tikan koluna ilişmiş çürük qatma qədər mənasız bir görkəmdə idi. Belə yolları ən kiçikmiqyaslı xəritələrdə hətta punktirlə də göstərmirdilər. Müharibə, əlbəttə, yolla gəlmirdi. Müharibəyə yol lazım deyil, qan lazımdır.
O, professor Gülməmmədovun təşviş dolu gözlərini, onun müharibə əleyhinə təmkinli çıxışlarını xatırladı və yerindən qalxıb bura belə gəlməklə bayaq təsadüfən oxuduğu yazıdakı ikinci tövsiyəni də pozmuş olduğunu fikirləşdi. Ancaq ona elə gəldi ki, belə tövsiyələri adama ən doğma adamları, valideynləri edərsə, onları pozmaq olmaz. Yad adama nə var ki! Adamlar var ki, məsləhət sandığıdır, ağzı açılan kimi aforizmlər, zərb-məsəllər, atalar sözləri pərvaz edib havada göyərçin kimi qanad çalır. Müharibə təzə başlayan vaxtlarda gəmidəki dostlardan biri ondan sərhədlərin demarkasiyasındakı çətinliklərlə bağlı müsahibə alan jurnalistə demişdi ki, dünyada asan üç iş var: özgəsinə məsləhət vermək, hamamda duş altında işəmək və xəritə üzərində xəyali dövlət qurmaq.
Gülməmmədov öz fiziki və ruhi həssaslığı ilə ayrı şeyləri hiss edirdi. O bu müharibənin əsgərlərinə yox, generallarına inanmırdı, ancaq bunu təbliğata çevirmirdi. Dedikləri hərdən az və ya çox miqdarda təhrif edilərək qəzetlərdə görünməklə ona başağrısından başqa heç nə gətirmirdi. Harasa tələsən, qaçan, bu qarmaqarışıqlıqda öz köhnə arzularını reallaşdırmağa fürsət axtaran adamların içində o, çox sellərin tərpədə bilmədiyi köklü-köməcli ağac kimi öz həmişəki yerində – köhnə kreslosunun üstündə oturmuşdu. Bir dəfə otağın qonaqlarından kimsə dəftərinə yazdığı xatirələrini oxuyandan sonra pauza verib, gəldiyi mühüm nəticəyə görə alqış gözləyirmiş kimi başını qaldıraraq Gülməmmədovun, sonra da başqalarının üzünə baxdı: “Bu dünyada satılmayan heç nə yoxdur. Əgər varsa, ya sövdələşmənin vaxtı, ya da məzənnəsi düzgün müəyyən edilməyib”.
Gülməmmədov da başını qaldırıb gənc fatehin üzünə maraqla baxa-baxa susdu, sonra ağır qayğı yükü çəkməkdən zəifləmiş yekə əli ilə oturanlara işarə verdi ki, qoy onlar münasibət bildirsin. İlk səslənən fikri bir az dinlədikdən sonra Gülməmmədov nəyisə bəhanə edib otaqdan çıxdı və pəncərəyə yaxın oturanlar onun hətta həyəti də tərk edib darvazadan küçəyə keçdiyini gördülər. Təxminən iyirmi dəqiqədən sonra o qayıdanda hamı dərhal sakitləşdi, çünki cavabı bəlli olan bu ziddiyyətli fikrə münasibət də əsasən iki mövqedən şərh edilmişdi: həm var, həm də yoxdur!
–İnsanın düşüncəsi də, bədəni də daim inkişaf edir, – Gülməmmədov yerini rahatlayandan sonra dedi. – Biri müdrikləşdikcə yuxarı meyillənir, o biri köhnəldikcə aşağı enir. Qədimdə deyirdilər ki, müəyyən yaşdan sonra adamı dörd məsələ daha çox maraqlandırır: mal-mülk toplamaq, kef eləmək, başqaları tərəfindən təriflənmək və əbədi şöhrət qazanmaq. Deyir, tibb elmini gözəl bilən bir təbib varıydı. İnsanları müalicə eləyirdi, onları xəstəliyin əzablarından qurtarırdı, odur ki, hamı, o cümlədən ölkənin padşahı da ona hörmət edir, ruzisini, payını, xələtini heç zaman əskik eləmirdi. Bu adam yaşayır və işini uğurla davam etdirirdi. Ancaq bir gün necə oldusa... Necə oldusa!.. – professor uzun şəhadət barmağını qaldırıb təkrar elədi. – Axı insan həyatı bir-birinə zidd olan dörd ünsürün qarışığından hörülmüş nazik bir sap kimidir, onun uzun müddət müxtəlif təsirlərə, o cümlədən ziyansız, faydalı təsirlərə də eyni dərəcədə davam gətirəcəyinə tam əmin olmaq mümkün deyil. Bir gün, necə oldusa, bu həkim tibb elminin müvəffəqiyyətləri və nəticələri haqqında, verdiyi fayda və səmərələr haqqında düşünməyə başladı. Elə bir hadisə xatırlaya bilmədi ki, tibb əsl sağlamlığa səbəb olsun, ya heç olmasa, bircə xəstəliyi tamamilə aradan qaldırsın, onun geri qayıtmaq yollarını tamamilə bağlamış olsun. Təbib fikirləşdi ki, əgər həqiqət belədirsə, o zaman ağıllı adam tibb elminə etibar edib onu şəfaverici hesab edə bilərmi?
Bəli, bu zaman ona insanın ruhi yaralarını müalicə etmək fiziki yaralarını sağaltmaqdan daha müstəcəb görünməyə başladı. Ona elə gəldi ki, bu yolla günahlardan doğan xəstəlikləri birdəfəlik aradan qaldırmaq olar və onlar bir daha geri qayıtmaz. Təbib bütün bunları düşündükdən sonra tibb elmindən əl çəkib ilahiyyatla məşğul olmağa başladı və çox keçmədi ki, əvvəli-axırı görünməyən bu yolun təriqətləri içində çaş-baş qaldı. Uzun çarpışmalardan sonra bu yolda da həqiqəti tapa bilməyəndə ziyanın yarısından qayıtmağı faydalı sayıb öz işinə qayıtdı və o qərara gəlir ki, olduğu kimi qalıb əlindən gələn yaxşı işləri görməyə davam etsin.
Professor bütün danışığı boyu əlindən buraxmadığı çay dolu stəkandan bir neçə qurtum içib sözünü belə yekunlaşdırdı ki, öz xatirələri ilə əlləşən insan bazarda alınıb-satılan hər şeylə maraqlansa, onun yaxşı bacardığı vacib işləri görməyə vaxtı qalmaz və ömrünü lazımsız cəfəngiyat içində çarpışmalara sərf edər.
Zülfəli kəndinin yol ayrıcındakı tənha söyüdün kölgəsində maşın gözləyə-gözləyə Gülməmmədovun nitqini belə dəqiqliklə xatırlamaq yenə əvvəlki vaxtlardakı kimi ona qorxunc göründü. Yazdığı xatirələrin hamısını indi də əzbər bilirdi, birinin bir sözünü də unutmamışdı. Əslində isə unutmaq üçün yazmışdı. Yaddaşı uzaqvuran artilleriya kimi zaman məsafəsinin dərinliyə qüsursuz işləyirdi. Yaxın məsafəni yoxlamaq üçün bir saat əvvəl ayrıldığı polkovniki xatırladı: pırpız, ağ bığlarını elə bil saçlarının ucundan kəsib burnunun altına yapışdırmışdılar. Sönük baxışlarında, üzündəki seyrək, dərin qırışlarda və qırış olmayan yerlərdəki qaramtıl talaların döyüş möcüzəsində qələbəni mayalandıra biləcək erkək əzmi, komandir inamı yox idi. Elə ona görə özünün burada xidmətə götürülmədiyinə çox da heyfsilənmədi.
Nəhayət, Zülfəli kəndindən gələn yük maşını dayananda o, heybəsini götürüb qaçdı.
–Gəncəyə gedirəm, məni trasa qədər aparın, – o, tozu əli ilə üzündən qova-qova kabinədəki hərbçiyə dedi.
–Yuxarı! – hərbçi səngərdəki kimi əmr verdi.
O, maşının arxasına keçib yuxarı qalxdı və çadırın tozu tökülən quyruğunu qaldıran kimi orada döşəmənin üzərinə uzadılmış əsgər meyitini gördü. Əsgərin ağımtıl plastmas kimi ayaqlarında çəkmələri, belində kəməri, bir də güllə dəymiş qanlı başında papağı çatışmırdı. Sonradan özünə də qəribə gəldi ki, bunu ani bir baxışla, eynən Səfərcan çölündəki canavar balaları kimi gördü və tullanıb yerə düşəndə bu görüntü ona reallıqdan çox uzaq, yuxu kimi gəlməyə başladı.
Kabinəyə yaxınlaşıb:
–Siz gedin, – dedi. – Mən başqa maşın gözləyərəm.
–Nədi, meyitdən qorxdun? – sıx tüklü dirsəyini açıq pəncərədən çölə çıxarmış hərbçi onun üzünə baxdı.
–Yox, qorxmadım, – o cavab verdi. Meyitin artıq iyləndiyini demədi.
–Yaxşı, gəl burada otur, – kişi ona öz yanında yer təklif elədi. – Görürəm, meyitdən qorxursan.
Çəkmələrini soyunub ayaqlarının altında əzmiş mayor onu şoferlə öz arasında oturtdu. İkisi də kəskin tər, kir-pasaq iyi verirdi. Hər dəfə yolun qırağındakı arxlarda su görəndə istəyirdi onlara desin ki, düşüb bədənlərini yayxalasınlar, ancaq maşında iyin daha ağırının mövcudluğu onu susmağa məcbur edirdi. Məlum oldu ki, şəhid Zülfüqarlı kəndinə aparılmalıymış, onlar əllərindəki xəritəyə baxa-baxa səhvən gəlib Zülfəli kəndinə çıxıblar. Xəritəyə baxmamış dedi ki, Zülfüqarlı kəndi hansı rayondadı, yəni trasa çıxıb sola, sonra da Kürün qırağı ilə xeyli aşağı getmək lazımdır.
–Biz də guya kəsə çıxmaq istədik, – mayor açdığı xəritəni iki qatlayıb dedi. – On iki şəhid paylamışıq, bu axırıncıdı. Üstündə sənədi də yoxdu bədbəxt oğlunun. Gəncəlisən? – sonda ondan soruşdu.
–Yox, – o dedi. – Mən dəqiq çertyojlar mühəndisiyəm. Vaxtilə özüyeriyən artilleriyada qulluq eləmişəm. Televizorda gördüm ki, atəş açan top lülələrinin hərəsi bir tərəfə baxır... Durdum gəldim. Polkovnik götürmədi məni, Gəncəyə göndərdi.
–Ayə, sən bizliksən, a qardaş! – mayor altdan-yuxarı qayğılı nəzərlə onun üzünə baxdı. – Bizimki pexotadı, ancaq artdivizionumuz da var. Təptəzə “Qiatsint” topları gətiriblər, 152 millimetrlik! 40 kilometri vurur.
–Qırx kilometri vurmaq üçün gərək düşmən cəbhəsinin arxasına sızasan ki, nəyi vurduğunu biləsən. Buralarda o asan məsələ deyil, hər yer kənd-kəsəkdi.
Zülfüqarlı kəndində şəhid gözləmirdilər. Kəndin kənarında qoyun otaran xəstəhal kişinin yuxarı qalxması üçün arxa bortu açmalı oldular. Kişi dizin-dizin gedib meyitin üzünə xeyli baxandan sonra Ələsgəri tanıdı və irəlidəki körpüdən sağa dönüb Fərzalı kişinin evini soruşmağı tapşırdı.
–Ağrın alım, ürəyim xarafdı, – kişi hərbçiyə deyib təngnəfəs halda arxın qırağına çökdü. Güclə suya çatdırdığı solğun əlini üz-gözünə çəkdi. – Anasının şivənini görsəm, mən də yıxılıb bunun böyründə qalasıyam.
Maşını kənd küçəsində canavarı qarşılayan kimi vahimə və sükutla qarşılayıb Fərzalı kişinin qapısına təkərli tabut kimi apardılar. Şəhidi ailəsinə çatdırmaq çox ağır işdir, amma xüsusi hazırlıqlı bəzi zabitlər bunu bacarır. Şəhid valideyninin qəlbə təskinlik verən sözə çox böyük ehtiyacı olur. Bunları ona mayor gecələdikləri evdə yatanda dedi, zarafata salıb mızıldandı ki, şəhid olsa, onu da özü aparıb Bakıda arvadına təhvil verəcək. Bütün gecə kəndi başına götürmüş ağlaşma səsindən yata bilmədi. Mayorla əsgər isə yorunuq olduqları üçün başlarını yerə qoyan kimi yuxladılar. Üstəlik də xoruldaşdılar.
Səhər Ələsgəri dəfn edəndə günəş artıq qalxmışdı. Dağın döşündəki qəbiristanlıqdan taxılı biçilmiş sarı zəmilər, əyri bucaqlarla kəsilən yaşıl tarlalar, lap uzaqda isə bir yerdə sahil meşələri arasından Kürün parıldayan döngəsi görünürdü. Müharibə gedən səmtdə isə ağappaq, cırıq-yırtıq, sanki it ağzından çıxmış buludlar dağın arxasına doğru sallana durmuşdu. Hərbçi rəis Ələsgərin qəbri üstündə qısa nitq söyləyərək dedi:
–Ələsgər orada sizi, vətən torpağının bütün bu gözəlliyini düşmən təcavüzündən qoruyurdu. O, cəsur bir əsgər kimi vuruşub döyüş meydanında qəhrəmancasına həlak oldu. Şair deyirdi ki, kişi üç şey uğrunda savaşa bilər – torpağı, şərəfi və qadını uğrunda; qalan davalar kişiyə yaraşmaz. Ələsgər cəbhəyə torpağımızı düşməndən qorumağa getmişdi, neçə-neçə döyüşlərdə olmuşdu. O, qorxu-ürkü bilməyən bir qəhrəman idi. Siz böyük qürur hissi ilə gələcək nəsillərə nümunə kimi kəndinizin meydanında onun heykəlini qoya bilərsiniz. Hərbi hissənin komandanlığı Ələsgəri və onunla birlikdə həlak olmuş qəhrəman kəşfiyyatçılarımızı yüksək dövlət təltifinə təqdim edəcək.
Mayor bu sözləri düşünmədən, əzbər deyirdi, ancaq bu həssas və kövrək məqamda xırıltılı, bəlağətli səsi ilə hər kəsin ürəyinə nüfuz edə bilirdi.
O, mayorun ağsaqqallığı ilə öz meyitinin Ayselə necə təqdim edilməsini təsəvvüründə bir neçə dəfə canlandırmağa çalışdı, ancaq nə illah elədisə, alınmadı. Gah Aysel başqa qadına çevrildi, gah qəbiristanlıq attraksionlarla dolu parka oldu, gah da mollanın canfəşanlığına baxmayaraq, tabut tapılmadı. Belə mistik bir nəticəyə gəldi ki, ölüm hələ onu gözləmir.
17
Hərbi bileti təzə əlifba kitabı kimi diqqət və maraqla oxuyan artilleriya divizionunun yekəpər komandiri sonda gözlərini bərəldib onun şəklini sifətilə tutuşdurandan da sonra bir anlığa nə deyəcəyini dəqiqləşdirirmiş kimi susdu. “Hı-ı-ı” mızıldanıb, nəhayət, sinəsindən gələn qalın səsilə, bir az da təntənəli şəkildə dedi:
–Mən səni diviziyonda xidmətə qəbul edirəm, kapitan Vəliyev! Sən bizə belə lazımsan! – əlinin tilini ağ-qara tüklü boğazına qoydu.
Qərargah rəisinə tapşırdı ki, müqavilə imzalayıb korpus rəhbərliyinə göndərsin, özünü isə ya yanında saxlasın, ya da kəşfiyyat qrupunun tərkibində irəli getməyə hazırlasın. Onların poqonları rütbəsiz, bütövlükdə geyim-kecimi, saç-saqqalı, danışıq və davranışları hərb qanunları çərçivəsindən kənar idi. Bunlara baxanda müharibənin əsl həqiqətdə nə olduğunu başa düşmək olmurdu.
Bir tərəfi qoca söyüdlərlə çəpərlənmiş köhnə MTS ərazisində yerləşən batareyanın atəş mövqeyinə gələn kimi televizorda gördüyü topları da, söyüdlüyü də tanıdı. Həyətin künc-bucağındakı müxtəlif rəngli kənd təsərrüfatı texnikasının fonunda toplar, hətta bir-birindən küsmüş kimi lülələrini fərqli səmtlərə çevirmiş iki tank da ölüm maşınına az oxşayırdı. Dövrələmə uca dambanın üstünə qalxıb ot-alaf basmış böyük tarlalara və sıra ilə gedən yüksək gərginlik xətlərinin gümüşü dirəklərinə baxanda müharibə, uzaqdakı boz şəhərdən boylanan düşmən unudulur, pambıq yığımı, taxıl biçini, məhsul daşıyan maşın karvanları və buraların bir əmək qəhrəmanı haqda köhnə mahnı yada düşürdü. Ancaq dünənin dəhşətli raykom xofunun əbədi görünən çarəsizliyindən buğunun müharibəsi daha insaflı idi.
Rusca yazılar və müxtəlif rəqəmlərlə bəzənmiş yaşıl mərmi yeşikləri həm topların yaxınlığında, həm də qıraqdakı şiferli çardağın altında üst-üstə qalanmışdı. İşlənmiş gilizlərlə dolu təkərsiz yük maşını qızıl yüklü eşşək kimi yerindən tərpənmək şansını itirmişdi.
Ona izah etdilər ki, bu artilleriya batareyasının əsas vəzifəsi düşmən mövqelərinin dərinliyindəki hədəfləri vurmaq deyil, qarşı şəhərdəki düşmən qüvvələrinin susdurulmasını təmin etmək və onların mümkün hücumunun qarşısını almaqdır. Düşmənin zəbt edib mövqe kimi möhkəmləndirdiyi şəhər avqust ilğımının arxasında dəmiryol stansiyasının su qülləsi və dağın başındakı televiziya ötürücüsündən başqa, demək olar ki, heç nəyini göstərmirdi.
–Arada danışmışdıq ki, onlar bizim şəhərə atmasın, biz də onların, – batareya komandiri, deyilənə görə, orduda “Dədə qurban” kimi tanınan saqqallı qoca sanki buradan birbaşa görünən o iki hədəfin indiyədək niyə salamat qaldığına aydınlıq gətirdi. – Oradakı komandirlərin bəzilərini tanıyıram. Ancaq onlar kimdi ki?! Urus nə deyir, onu da eliyirlər.
Yay gecəsini tarla ağcaqanadlarının zəhlətökən hücumu altında keçirən kapitan Vəliyev batareyada artilleriya üzrə elmi biliklərə əsaslanan döyüş hazırlığının olmadığını düşünürdü. Yəqin ki, divizionda da vəziyyət bundan yaxşı deyildi. Ona elə gəlirdi ki, müharibənin qələbə perspektivini özü üçün aydın təsəvvür edə bilməyən bu hərbi hissə durduğu mövqedən geri çəkilməməyi yetərli hesab edir. Bunun nə vaxta qədər davam edəcəyi buradakılara yox, yuxarıdakılara məlum idi. O, hələlik deyilən yerdə bacardığını etmək və tələsməməyi qət etdi. Artilleriyanı başqa qoşun növləri ilə müqayisə edəndə yarıyuxulu başına haradansa belə bir fikir gəldi ki, artilleriya çamadanın qulpu kimidir, gec-tez yuxarılarda bu zərurəti dərk edən tapılacaq və bu sahənin qaydaya salınması üçün ciddi işlər görüləcək.
Müharibədə əsgərin qanı su yerinə axır, ancaq bircə damla isti əsgər qanından ötrü özlərini real ölümün ağzına atan ağcaqanadlar bəzən vıyıldayan güllədən də artıq narahatlıq yaradır. Əsgər güllədən gizlənə bilir, ancaq ağcaqanaddan nəinki əsgər, heç polkovnik də gizlənə bilmir. Gecənin boğanağında “raskladuşka”sını harada gəldi qoyub yatan əsgərləri bu hücumdan qorumaq üçün qarovulun uşaqları tüstü paketi yandıraraq onu ərazidə qaçaraq gəzdirirdilər. Hələ mülki geyimini hərbi formaya dəyişməmiş kapitan Vəliyev xatırladı ki, nə vaxtsa çöl ekspedisiyalarında onlara milçəkkən verirdilər. Bir dəfə o, ağacın altında qurduqları çöl düşərgəsinə qayıdanda gördü ki, milçəkkənin ortası torbalanıb az qala altdakı döşəyə dəyir: boz gürzə qıvrılıb yatmışdı. Müharibə gecəsinin aylı-ulduzlu gözünə baxa-baxa fikirləşdi ki, görəsən, o bədbəxt ilan indi sağdırmı?
Səhər saat 10-da yeməkxanada “Dədə qurban” onu şəxsi heyətə təqdim etdi. Dedi ki, artilleriya mütəxəssisidir, hərbi biliklərini topçulara öyrətmək onun borcudur. Şəxsi heyət onun təqdimatını soyuqqanlıqla qarşıladı. Sanki heç kim kombata qulaq asmırdı. Yuxudan təzə durmuş əsgərlər təzə zabitin müharibənin gedişində nəyisə dəyişə bilməyəcəyinə arxayınlıqla stollara çaydanların verilməsini gözləyə-gözləyə onun haqqında deyilənləri eşitdi. Yalnız səkidəki ən uzaq stolda oturmuş bir nəfər kombata, sonra da yaşıl budağa qonub qoqoldayan alacəhrə quşa qulaq asaraq ucadan dedi:
–Xoş gəlif, safa gətirif! Görüm, snaryadı Qurqenin bunkerinin avışqasından içəri soxa biləjəkmi?!
Səhər yeməyi – sıyıq, yağ-pendir, çay, kökə-filan hər şey qaydasında idi. Müharibəni unutmaq və xəyalən də olsa, ondan çıxıb uzaqlaşmaq mümkün olsaydı, o cür səhər yeməyindən sonra ən azı brezent çarpayını söyüdün kölgəsinə qoyub, yuxusuz gecənin əsəbi yorğunluğunu candan çıxarmaq ləzzətli bir iş olardı. O, böyrüncə yüngül axsaya-axsaya addımlayan bir əsgərdən yalnız tankların vəziyyətini soruşmağa macal tapdı.
–Birinin motorunda problem var, o birinə də bilmirəm nə olub, gəlib düzəldəcəklər. Ancaq ikisinin də puşkası işləyir, – əsgər ayağındakı təzə çəkmənin burnu ilə yerdəki şam qozasını top kimi vurub dedi. – Vəziyyət qarışanda onlardan da atırıq.
Əsgər iki il idi burada qulluq edirdi, rus dili müəllimi olmuşdu. Batareyanın starşinası sayılırdı, təchizat işlərinə baxırdı. Heyfsilənirdi ki, daha məktəbə qayıda bilməyəcək:
–Ölməsəm də, qayıda bilməyəcəm məktəbə, – dedi. – Uşaq öyrətməyə nə hövsələ qalıb, nə də həvəs. Müharibə adamın içini yandırır.
Günortaya yaxın, hava hələ tam qızmamış düşmən şəhər batareyanı vurmağa başladı. Top mərmiləri seyrək intervalla hara gəldi düşürdü: tarlaya, şəhər tərəfdə çayın yatağına, hasarın içində söyüdlüyə, maşın qəbiristanlığına. Partlayan hər mərminin yeri titrədən guppultusu və səs qarışıq zərbə dalğası məkanda birdəfəyə yerbəyer olurdu. Amma söyüdlükdə şaqqalanan böyük budaqların səsi bütün bu gurultunun içində canlı uşaq səsi qədər ağrılı təsiri ilə seçilirdi.
Batareya əmr gözləmədən dərhal hərəkətə keçib düşmənin oturduğu şəhəri əks-zərbə ilə vurmağa başladı. Düşmən mərmilərinin partlayış səsi altında batareya toplarının dalbadal, bəzən isə yaylım atəşi guppultusu hər kəsi qanadlandırıb döyüşə atırdı.
Komandir arada hasardan da uca torpaq tığlamasının arasındakı yarıqdan çıxıb hava telefonunun dəstəyini əlindən buraxmadan qışqırırdı:
–Üçüncü! Dədə qurban, nol-nol beş, sağa! – Bu minvalla o, altı topun altısının da atəşini ən azı iyirmi metr sağa sürüyürdü. Görünür, kimsə müşahidə məntəqəsində komandirin əvəzinə işləyirdi.
Hava şəffaf olduğu üçün mövqeyə doğru uçan düşmən mərmiləri göydə uzaq məsafədən görünür və onların düşəcəyi yer dəqiq məlum olmadığından şəxsi heyətdən bəziləri bir anlığa hara gəldi başını soxub gizlənir və mərmi gumbuldayandan dərhal sonra ayağa qalxıb atəşi davam etdirirdi. Bir azdan qızışan döyüşdə atmosfer tamam dəyişdi, daha heç kim gizlənmir əsgər və zabitlər təhlükə və reallıq hissini unudur və bütün instinktlər yalnız atəş açmağa xidmət üçün aktivliyin son həddinə yüksəlirdi. Batareyanın mövqeyində elə bil döyüş yox, düşmənlə əsəbə toxunmayan soyuqqanlı dialoq gedirdi və söhbət alınmasa, döyüşün daha da şiddətlənməsinə ciddi eyhamlar vurulurdu. Boş gilizlər incə mis cingiltisi ilə üst-üstə qalananda, yanan barıtın iyi topların guppultusu ilə bərabər havadan asılı qalanda və düşmən mərmilərinin qəlpələri söyüdlərin budağını şaqqıltı ilə pardaxlayıb yerə tökəndə döyüşün həqiqiliyi də sanki unudulur və hər şey xəyal aləmində olduğu kimi qüsursuz bir mükəmməlliklə qızışmaqda davam edirdi.
O, sonuncu topun böyründə dayanıb əks cəbhənin də təxminən eyni vəziyyətdə olduğunu fikirləşirdi. Ancaq bu, uzun müddət davam edə bilməzdi. Həlledici döyüş bir gün mütləq olacaqdı və kim ona yaxşı hazırlaşa bilsə, o da qalib gələcəkdi.
Təmir boksunun qarşısında partlayan mərmi kazarma pəncərələrinin şüşələrini sındırdı, dəmir darvazanın tağını çərçivədən qoparıb yerə atdı. Bunu elə asanlıqla elədi ki, sanki o mərminin təyinatı yalnız qapını həncamadan çıxarıb yerə qoymaq idi. İrili-xırdalı deşiklərlə yaralanmış tağ güclü danqıltılardan sonra nəhəng bir heyvan kimi yerə sərilib sakitləşdi. Starşinanın ölüm xəbəri bütün top heyətlərindən bir anın içində sınan söyüd budağının şaqqıltısı kimi keçsə də, həkimdən başqa heç kimi işindən ayırmadı.
Atışma bitəndən sonra düşərgəyə qəbiristanlıq sakitliyi çökdü. Tüstü, toz-torpaq çəkilib getdi, yanıq barıtın və trotilin yüngül iyi hələ qalırdı: söyüdlükdə bir quş təşvişlə qışqırırdı, bəlkə də yuvası dağılmışdı. Müharibəni adama izah eləmək olur. Quşa necə izah edəsən? Heç kimin cınqırı çıxmırdı, elə bil hər kəs belə susmaqla yaralanan, zarıyan yoldaşının olub-olmadığını özü üçün dəqiqləşdirirdi. Birdən top sırasının orta heyətindən kimsə zil səsilə qışqıraraq ölü sakitliyi dəldi:
–Ayə, sağsınızmı?
Mərmi maşın qəbiristanlığı tərəfdən keçən starşinanı yerdən qaldırıb tankın qülləsinə çırpmışdı. Onun qasıqdan qopmuş sağ ayağı kombaynın bunker dəmirinin arasına elə girmişdi ki, sanki zavallı müəllim bunkerin içində uzanıb təzə, uzunboğaz çəkməsinin möhkəmliyini və yaraşığını nümayiş etdirmək üçün dəmirin arasından ayağını çölə çıxarmışdı. Ətrafdakı maşınların böyür-başından toplanan bədən parçalarının arasında həmin ayağın əsgərdən qalan ən böyük hissə olması sonradan, qalıqları qara kisəyə yığanda aydınlaşdı. Haradasa yaxınlıqda bir saat əvvəl o ayaqla vurulmuş şam qozası olmalı idi. O, qozanı tapıb müəllimin kiçik bədən qalıqlarından biri ilə bərabər gizlicə kisəyə qoydu.
Yaşamağın, əlləşib-çarpışmağın və sonda ölməyin mənası anlaşılmayan kimi bu atışmanın da mənası anlaşılmaz qaldı. Neçə ki, gün batmamışdı, şikəst olmuş darvaza, uzaq küncdə yerə tökülmüş yaralı söyüd budaqları, ikinci mərtəbənin sınmış pəncərələri, yorğun toplar, həlak olmuş müəllimin qanlı görkəmi qarışıq – hər şey hüznlü və cansıxıcı idi. Bütün heyətlər toplardan birinin ətrafına cəmləşib “Dədə qurban”ın rəhbərliyi ilə atışmanı müzakirə etdi. Atəşin düşmənə nə dərəcədə ziyan verdiyini kəşfiyyatçılar qayıdanda bilmək mümkün olacaqdı. Hələlik müharibə buradakı hər kəs üçün müəmma və təxmin dolu qeyri-dəqiq hərəkətlərdən və onların naməlum nəticələrindən ibarət idi.
Aşpazlar birləşdirilmiş günorta və axşam yeməklərinin təmtərağı ilə batareyanın gün ərzində yaşadığı həyəcanlı saatları az da olsa, unutdurmağa çalışmışdılar. Hər tərəfdən od yağdığı bir vəziyyətdə onların bu bacarığı tərifəlayiq idi. Ona elə gəldi ki, təzə yaranmağa başlamış bu orduda yeganə peşəkarlar dəstəsi varsa, o da aşpazlardır. Bu dəfə səhərkindən fərqli olaraq, onlar stolları birləşdirib uzun bir məclis açmışdılar. Məclisin adına əsgərlərdən birinin doğum günü şadyanalığı da əlavə olanda təbrik və sağlıq demək üçün lazımi vəsait də, söz də, hətta şeir və mahnı da tapıldı. Çoxlu pulu olan məşhur ağsaqqallardan biri nə vaxtsa demişdi ki, bu dünyada yeməkdən və tərifdən hələ heç kim imtina etməyib.
Gecə həyəti projektorlar işıqlandırırdı. Günün hüznü sıxışdırılıb beyinlərdən çıxarılır, həyət öz çıraqbanlığı və dünyanın faniliyindən doğan əhval dəmi ilə toy evini xatırladırdı. O, başını qaldırıb ulduzların sayrışmasında qaradan maviyə çevrilmiş göyüzünü görəndə yadına Səfərcan çölləri düşdü və yavaşca stol arxasından çıxıb işıqlı zolaqlardan qaranlığa keçdi. Torpaq dambasının üstünə qalxıb ətraf çöllərin qorxunc sükuta dalmış qaranlığına və yanar lampaları ciddi seyrəlmiş şəhərə baxdı. Göyüzündəki saysız ulduzlar kimlərəsə bəs eləmirmiş kimi, arada yaxın dağların qoynundan havaya müxtəlif rəngli fişəng və işıqsaçan güllə qatarları buraxırdılar. Hərdən dağların arxasında susmuş iriçaplı lülələr də dilə gəlib qaqqıldaşırdı. Dağların arasına böyük sükutla dolan axşamın artmaqda olan qaranlığını ağcaqanad vızıltısı qədər didişdirən bütün bu ölüm qoxulu səsləşmə və işıq parıltıları müharibənin bir an belə unudulmasına imkan vermir, yaşanan hər dəqiqəni qiymətli edirdi.
“Dədə qurban” özü gəlib onu dambanın üstündə tapdı. Kefinin yuxarılığını kəşfiyyatçılardan aldığı yaxşı xəbərlə izah etməyə çalışdı: batareya düşmənin yanacaq bazasını vurmuşdu. Xəbərin dəqiqliyi ona görə şübhə doğururdu ki, bu haqda atəş mövqeyinə beş-altı saat sonra məlumat verilmişdi. O, komandirin kefini pozmaq istəmədi.
–Gərək kəşfiyyatçılarla bərabər özümüz müşahidə məntəqəsində olaq, – kombata dedi.
–Özümüz, yəni mən də, siz də?
–Bəli. Artilleriya komandirinin yeri müşahidə məntəqəsidir. Atəş mövqeyində isə qərargah rəisinin olması kifayətdir.
–Onu bilirəm, – kombat daşın üstündə oturub kürəyini söyüdün gövdəsinə söykədi. – Səni bizə göndərdilər ki, biz elmi şəkildə, dəqiq atəş aça bilək. Kordinatnan!
–Məni heç kim göndərməyib, özüm gəlmişəm, – o qaranlıqda gülümsündü. – Koordinatlar üzrə dəqiq atəş üçün xəritə, bucaqölçən, məsafəölçən cihazlar, atəşi idarə planşeti və sair lazımdır.
Əgər ertəsi gün nazirliyin artilleriya rəislərindən birii əlində “Qırmızı paket” gəlib düşmənlə atəşkəs imzalandığını və bundan sonra atəşin qadağan olunduğunu şəxsi heyət qarşısında rəsmi elan etməsəydi, batareyada bundan sonra nələrin baş verəcəyini demək çox çətin olardı.
–Təlim-tədris dövrü başlanır, – qaraqabaq polkovnik dedi. Elə bil atəşkəs müqaviləsindən narazı idi. – Sizi başqa yerə göndərmək istəyirik.
Polkovnik onu batareyadan ayırıb özü ilə hərbi qənimət kimi apardı.
18
Onlar maşına oturub müharibə altında qalmış şəhərin bomboş küçələrindən yad adamlar kimi keçdilər. Şəhər nə yatmışdı, nə də oyaq idi, ağır kəllə-beyin silkələnməsi almış yaralı əsgər kimi dağların ilk silsiləsinin döşünə sərilib qalmışdı. Dağılmış evlərin birindən bombanın havaya uçurtduğu yorğan küçədə elektrik naqilinə dolaşıb quyruğunu sallamışdı. Elə bil naqilin calaq yeri həm də soyuğa qarşı izolyasiya olunmuşdu, üstündə də qırmızı gülləri. Müharibə təkcə adamların yox, güllərin də məkanını dəyişir. Məkanı dəyişmiş güllər ölüm qoxuyur.
–Siz niyə buralara gəlib çıxıbsınız? – atəşkəs müjdəçisinə qətiyyən oxşamayan polkovnik sanki əsas sualını indiyədək gizlədirmiş kimi arxaya çevrilib ondan soruşdu. – Siz səhv gəlibsiniz, sizin kimi mütəxəssislər tamam ayrı yerdə bizə lazımdır. Çünki... – polkovnik sözünün ardını ya gətirmədi, ya da gətirə bilmədi.
Polkovnik sərt sifətli, sərt səsli və sərt düşüncəli adam idi. Ağzını açanda sanki dost-düşmən cəbhəsindən mütləq kiminsə taleyinə ciddi əl gəzdirəcəkdi. Danışıb qurtaranda onun sifət möcüzəsində görünməyən sülh və əmin-amanlığı adam özünü sakitləşdirmək üçün dərhal başqa yerdə, əlinə keçən başqa sifətdə axtarmağa məcbur olurdu.
O, cavab vermədi. Polkovnikin sərtliyini unutmağa çalışaraq fikirləşdi ki, səhvən hansısa hərbi hissəyə gəlib çıxmağın yanlışlığını aradan qaldırmaq, səhvi düzəltmək olar. Bəs birdən adam bütün ömrünü səhv yolla getmiş olubsa, onun çarəsini harada axtarsın?! Bəlkə o heç müharibə adamı deyil, başqa yerdə olsa, daha çox fayda gətirər? Bəlkə onun axtarıldığı o yerlərdəki adamlar da kimin həqiqətən harada lazım olub-olmadığını dəqiq bilmirlər? Bəlkə bu polkovniki də kimsə aldadıb hərbçi eləyib?
Hüznlü şəhər arxada qalıb kəndsayağı çəpərlərlə qurtarandan sonra müharibə də yavaş-yavaş unudulmağa başladı. Yaralı asfaltdakı çala-çökəklər, yolqırağı dağıntılar azaldı. Göyüzü də qəddini düzəldib genişləndi, yorğun dağlar üfüqün qarşısından çəkildi və ölüm adi həqiqət reallığından çıxıb gözəgörünməz, acı fəlakətlər cəngəlliyində gizləndi. Polkovnikin tərtəmiz, sanballı boynu maşının rahat süzməsində dərin mürgü ləngəri vurdu, hərbi geyimli sürücü isə atəş altından çıxıbmış kimi sevinclə irəli baxa-baxa polkovniklə bərabər başqa bir cəbhədə top atəşi altından necə qaçdıqlarını təfsilatla danışmağa özündə həvəs tapdı. Polkovnikin başı arada aşağı-yuxarı qalxmaqla sürücünün dediklərini təsdiqləyir, bəlkə də onun əzələli boynu kimi geniş sifətində də həmin anlar təbəssümə bənzər məmnunluq ifadəsi gəzirdi. Bəlkə də sürücünün monoton danışığı altında mürgüləməyə polkovnik sadəcə adət etmişdi. Deyilənə görə, bütün müharibələrdə, ta qədimdən üzü bəri, ən çox çatışmayan şey əsgər, ərzaq, sursat, top-tüfəng yox, məhz yuxu olub.
Yol boyu müharibə, ordu haqqında çox düşünüb daşındı. Professor Gülməmmədovun bu müharibədə əsgərlərə yox, generallara inanmamasının məntiqini görmək üçün paltarını belə dəyişmədən keçdiyi birgünlük qeyri-rəsmi hərbi xidmət ona yetərli görünməsə də, ona elə gəldi ki, xalqın tarixi yaddaşında ordu, müharibə ilə bağlı bütün hislər bu polkovnik kimi mürgü vurmaqdadır. O hislərin oyadılmasının çətinliyi bir yana, onların nizama salınması əsas məsələ idi.
Mürgüləməkdən bezmiş polkovnik yavaş-yavaş başını “yuxu” adlı gözəlin ağuşundan çıxarandan sonra qəflətən nəyi xatırladısa, cəld hərəkətlə dönüb arxaya baxdı, onu görüb dərindən kəhildədi və sürücüyə irəlidəki yol restoranlarının birində dayanmağı əmr etdi.
–Suvorov deyirdi ki, ac əsgərin gözü öz patavasından başqa heç nəyi görməz, – vaxtında nahar etməyin vacibliyini hərbi mükəlləfiyyət zəminində əsaslandırdı. – Çünki... – ardı gəlmədi.
Polkovnik sürücünü bir qədər uzaq stolda oturdub sifariş verəndən sonra dedi:
–Elə məsələlər var ki, əsgər onu bilməməlidir, çünki... – Xeyli fikirləşib zarafatyana əlavə elədi: – Çünki əsgər ac olanda gözü patavasından başqa heç nəyi görməz. Hah-hah!
Onun sərt üzü, sərt danışığı bir qədər yumşalmışdı. İndi hətta onun qəlbinə xoş və yaxın nəyəsə baxanda bulanıq gözlərilə gülümsəyə bildiyini də təsəvvür etmək olurdu.
–Bilirsənmi, bizim nazirlik təzə formalaşır, – o dedi. – Bu qarmaqarışıqlıqda ora həsənsoxdu dəyirmanına çevrilmişdi. İndi biz yenidən qururuq. Ciddi, savadlı mütəxəssislərə ehtiyac var. Mən səni öz şöbəmə götürə bilərəm, amma gərək sən də...
Polkovnik yenə lazımi ifadəni axtara-axtara susdu və nəhayət, birbaşa deməyi qət etdi:
–Gərək sən etibarlı adam olasan. Orada indidən qırğın gedir, sonrası daha çətin olacaq. Çünki...
–Mən başa düşdüm, – o cavab verdi. – “Etibarlı” deyəndə mən sizə sadiq adam olmalıyam. Eləmi demək istədiniz?
Polkovnik başını tərpətdi və baxışlarını endirdi. O, fikrində polkovnikin təklifini rədd etdi. Atəşkəs elanından sonra nəinki nazirlikdə, heç hərbi sistemdə təlimçi olmaq da istəmirdi. Amma polkovniki axıradək dinləməyi qərara aldı.
–Mənim vətənə və xalqa sadiqliyim yetərli deyilmi? – gülümsündü.
–Əgər mən deyirəmsə, deməli, yetərli deyil, – polkovnik günəşdən qaralmış sifətini oynatdı. – Yaxşı, bu söhbəti olmamış kimi xətm edək getsin. Sən araq içirsənmi?
–Kişi deyilik? – o cavab verdi.
–Yol uzundu, başımızı bir balaca düzəldək ki...
Polkovnikin fantaziyası zəif olduğuna görə nəticə olaraq dediklərinin səbəbini xəyalında quraşdırıb axıra çatdıra bilmirdi.
–Başımız ağrımasın, – polkovnik əlavə edərək fikrini tamamladı.
Yemək-içmək çox uzanmadı. Polkovnik arağı da rusca içirdi: böyük stəkanı yarıya qədər doldurub, qeyri-hərbi ritorikaya aid bir neçə söz deməklə qarşısındakını gözləmədən başına çəkirdi. Araq onu nədənsə qüssələndirdi. İndi onun xeyli yumşalmış görünən tanış boynu, arxaya daranmış saçları, sallaq çiyinləri hərbçidən daha çox pəhləvan cüssəli Göyçə aşıqlarını xatırladırdı. Onlar yolun çoxunu dinməzcə getdilər. O, polkovnikin təklifini qəbul edəcəyi halda hansısa oyunlara cəlb olunacağından ehtiyatlandı. Burada barıt iyinə başqa iylər qarışırdı. Torpağın düşməndən müdafiəsi belə onların qarşısını ala bilmirdi. Əks təqdirdə, ön cəbhədə o cür bərbad artilleriya batareyası saxlayardılarmı? Yeganə təskinliyi atəşkəsin elan olunmasında tapdı ki, heç olmasa, məğlubiyyətlərin qarşısı alınar. Ayrılanda polkovnik maşından enib ona öz telefon nömrəsini verdi və sabah nazirlikdə gözləyəcəyini dedi.
–Biz çalışmalıyıq ki, ordumuz həqiqətən güclü olsun, – dedi. – Çünki ...
O artıq bilirdi ki, polkovnik sözünü tamamlamaq üçün fikirləşməli olacaq, ona görə səbirlə gözlədi ki, lazımi ifadəni tapıb gətirsin.
–Çünki hər tərəfimiz düşməndir! – polkovnik qətiyyətlə bəyan etdi, üzündəki qara sərtliyi artırmaqla sanki buradan birbaşa o düşmənlərlə vuruşmağa yola düşəcəkdi.
Ancaq ertəsi gün o, nazirliyə getmədi. Yaşadığı ailə, məişət sadəliyinin içindən baxanda nazirlik hər şeydən əvvəl ona daimi gərginliklə dolu, biliyin, intellektin deyil, yalnız kobud rütbə üstünlüklərinin haqlı olduğu bir yer kimi görünürdü. O, gərginliyi sevmirdi, bu vərdişləri də çoxdan unutmuşdu. Bir halda ki, hərbi əməliyyatlar dayandırılmışdı, təlim keçməyə də, ayrı işlərə də müvafiq adamlar tapılacaqdı.
–Ya “Zirvə”yə qayıdaram, ya da layihə institutundan müstəqil iş götürüb evdə işləyərəm, – onun sanki iki günlük deyil, illər boyu uzanan müharibədən sağ-salamat qayıtdığına uşaq kimi sevinən Ayselə dedi. – Acından ölmərik, inşallah.
Bir həftə keçmiş nazirlikdən maşın göndərdilər. Getdi. Uzun, kimsəsiz koridorda ölü sükut hökm sürürdü: müharibə vəziyyətində Baş qərargahın bu cür yuxuya verilməsi Gülməmmədovun dediklərindəki bəzi mətləbləri inandırıcı edirdi. Pilləkən meydançasında onu gənc zabitdən sərt üzlü tanış polkovnik təhvil alıb generalın kabinetinə apardı. Qapısında iki silahlı əsgərin keşik çəkdiyi, pəncərələrindən şəhər və dənizin füsunkar panoramı görünən kabinetdə ona oturmaq təklif edildi, polkovnikə yox. Generalın qarşısında onun hərbi komissarlıqdan gətirilmiş şəxsi iş qovluğu vardı. Yuxarısında böyük hərflərlə “Mинистерство Обороны СССР” yazılmışdı. Yaxşı qovluq idi, o dövlət lənətlənib dağıdılsa da, qovluğun içində onun gəncliyinə aid yazılmış gözəl sözlər və alın təri ilə qazanılmış sənədlər öz mənəvi gücünü hələ itirməmişdi. Əks təqdirdə onu bura yəqin ki, çağırmazdılar.
Saçlarının ağı qarasını basmaqda olan generalın geyimi, bütün xarici görünüşü böyük kabinetdəki yaraşıqlı mebel, qızılı hərbi texnika maketləri, rəflərdəki, şkaflardakı oyuncaq silahlar, medallar və çərçivəli diplomlar kimi səliqəli, gözoxşayan idi. Hərbi oyuncaqları xoşlayan uşaq burada qətiyyən darıxmazdı. Generalın vəzifəsini bilmirdi, ancaq elə bil bu adam müharibə qan-qadası ilə torpaqları işğaldan azad etmək üçün yox, silahlı qüvvələrin və hərbi texnikanın təqdimat çarxlarına şəkil çəkdirmək üçün xüsusi seçilmişdi. Artilleriyadan imtina edəndə general ona raket alayında, daha sonra hərbi hava qüvvələrində rütbə və vəzifə təklif etdi. Söhbət alınmadı.
–Mən hərbçi deyiləm, – o dedi. – Xahiş edirəm məni düzgün başa düşəsiniz. Mənim həyat doktrinamda “ordu” və “hərb” anlayışları yalnız gəncliyimə aiddir. O da keçib gedib. İndi atəşkəsdir, inanıram ki, siz peşəkar hərbi kadrlar yetişdirmək üçün yaxşı imkan əldə etmisiniz.
General kartları açmaq məcburiyyətində qaldı.
–Biz tanımadığımız, bilmədiyimiz adamı burada nəinki vəzifəyə, heç qapıda durmağa da götürmürük, – dedi. – Ancaq biz xalqımız, dövlətimiz üçün sıfırdan ordu qururuq, ciddi mütəxəssisə ehtiyacımız var. İdarə rəisinin müavini, ayrıca kabinet köməkçi ilə, yüksək maaş, xidməti maşın, külli səlahiyyət! Adama özgə nə lazımdır, mən bilmirəm.
Sözlərinin qarşısında daş kimi oturmuş adama çatmadığını görən general əsəbiləşdi, hirsini boğmaq üçün ayağa qalxıb pəncərə qarşısında ağır-ağır gəzindi, vətən, oğul borcu-filan haqda nələrisə bir də təkrarlamağa çalışdı, amma nitqi öz rabitəsini və rəvanlığını itirdi. Bu dəfə onun yox, polkovnikin üzünə baxıb əlavə elədi:
–Biz onu hərbi mükəlləfiyyət qaydasında da orduya çağıra bilərik. Ancaq hələlik bunu etmirik. Getsin fikirləşsin, bir ay vaxtı var.
O, kabinetdən çıxıb koridordakı uzun xalça zolağının üstü ilə ağır-ağır addımlayanda nədənsə arxayın idi ki, bir aydan sonra bu nazirlikdə işlərin qarışıqlığı üzündən onu da, onun göyümtül qovluğunu da unudacaqlar. Bunu ona dəhlizin kimsəsizliyi, uzaq dağlarda qoyub gəldiyi artilleriya batareyasının illər boyu apardığı təxmini müharibə, eləcə də dünənədək döyüşən cəbhənin o biri istiqamətlərindəki biabırçı məğlubiyyətlərdən sonra məcburiyyət aktı olaraq atəşkəsin imzalanması deyirdi.
O bu müharibənin tarixini, səbəblərini gözəl bilirdi. Ciddi qələbə üçün fürsət hakimiyyət uğrunda gedən daxili savaşda itirilmişdi. Bunu kimlərin, nə üçün etdiyini bilə-bilə hansısa vəzifəni tutmaqla heç nə etmək mümkün deyildi. Bu xalqın, ölkənin bundan qat-qat pis, ağır günləri olmuşdu. Bu xalq düşmənin hər üzünü görmüşdü. “Mən bu ordunun əsgərinə yox, generalına inanmıram”, – Gülməmmədov deyirdi və onun dediyində həqiqət payı heç də az deyildi.
19
Birdən qarşına çıxa, özün də tanıyasan. Tanıyıb bir daha əmin olasan ki, bu dünyada adam itmir, xatırlayanı, arzulayanı olanda mütləq gəlib çıxır. Səsi, gülüşü, boy-buxunu tanış, doğma görünür, amma elə bil onilliklərin bütün qar-boranı ondan keçib, qiymətli xəz kimi tala-tala solub. Baxanda təkcə gözlərilə deyil, bircə an əvvəl haradansa şad xəbər yollamış bəxtəvər keçmişlə, yalnız yaxşı olmağa məhkum sevgi dolu gələcəklə baxırdı o vaxtlar. Əlini at, yapış o gələcəyin uzun, inamlı qolundan, sən də onunla bərabər kefin istəyəni elə, xoşbəxt ol!
Zamanı gözəlliklə də aldadıb azdıra bilməmişdi. Yumşaq sifəti şaxta vurmuş tənək yarpağı kimi qıraqlardan dağılırdı. Keçmişi sanki indi də buralarda, dörd həndəvərində başına fırlanırdı, di gəl, oradan bir zərrəni də qaytarıb öz yerinə qoymaq mümkün deyildi. Bütün hücrələr sonradan gəlmiş yad sakinlər tərəfindən tutulmuşdu. Onlar da orada həmişəlik deyildilər.
Bu görüşü dəfələrlə təsəvvür etməyə çalışmışdı. Hər dəfə ondan qalan əl-qolunun, qaş-gözünün ani hərəkətləri, bir də baxışlarının səpələdiyi sevinc zərrəcikləri olmuşdu. Sonra təkrarlandıqca hər şey xəyal olaraq da yavaş-yavaş köhnəlib solmuşdu və indi bu köhnə xarabazarın içində bitmiş köklü-köməcli ağac kimi ətrafındakılara oxşarlığı ilə barışmış kimi görünürdü.
Ev-eşik, oğul-uşaq... Adi əhvalatlar. Bununla özündən başqa kimi heyrətləndirə bilərsən ki? Bu nə qədər vacib və əhəmiyyətli görünsə də, aldığın diplom kimi yalnız sənə məxsusdur. Uşaqlar, əlbəttə, nəsil artımının maraqlı növüdür, ancaq onları həyatın əsas məna yekunu kimi qiymətləndirmək üçün impuls momentinin saxlanma qanununu əzbərləməyə, institut, aspirantura oxumağa, meydanlarda havalı kimi “Azadlıq!” qışqırmağa nə ehtiyac vardı?
Maraqlı olan odur ki, bütün bunlar niyə baş vermişdi, kimə lazım idi? Elə onlar özləri də kimlərinsə uşaqları, nəvə-nəticələri deyildilərmi? Bunun cavabı yox idi.
–İndi inandım ki, bu dünyada qarşılaşmaq istədiyim yeganə adam sənmişsən!
Generalın idarəsinin yaxınlığındakı poliklinikanın girişi qarşısında az qala toqquşacağı xanımı dərhal tanıdı , ancaq bu sözləri bir az sonra, öz içindəki həyəcanı nizama salıb dedi.
Yeganənin uğurları göz önündə idi: yanaşı yeriməyi, dinləməyi, təmkinlə sual verməyi öyrənmişdi. Sonra da deyirlər, həyat... Belə çıxırdı ki, həyat verdiyi dərslərlə adama əvvəlcə danışmağı, sonra isə susmağı öyrədir. Bəxti gətirməyənlər yəqin onların yerini dəyişik salanlardır.
–Niyə? Nə üçün? – Yeganə irəli baxa-baxa soruşdu.
İllər boyu qəlbində bu üzrxahlığa ehtiyacın necə yaranıb möhkəmləndiyini heç özünə də izah edə bilməzdi. Olur ki, adam çoxdan oxumadığı bir kitabın vərəqləri arasında köhnə açıqcaya, kino, qatar biletinə və ya adi kağız parçasına yazılmış kiçik qeydə rast gəlir və onunla bağlı xatirəsində nəyisə dəyişmək istəyir. Sonra fikirləşir ki, dəyişmək imkanı olsa belə, ona toxunmazdı, çünki o, bioqrafik fakt qapanaraq keçmişdə qalmayıb, əhatə etdiyi digər adamlar vasitəsilə artıq sıçrayıb gələcəyə düşüb. Amma burada bir az ayrı cür idi.
–Səndən üzr istəmək üçün, – o dedi. – Ölüm-itim dünyasıdır.
–Maraqlıdır. Nə məsələdir belə onilliklərin hicran qəmində, Yasin?
Sanki üzr istəmək üçün onunla görüşməyi arzulayanların sayı-hesabı yox idi. Yeganə üçün küçə, görünən evlər və sıradakı ağaclar xeyli dəyişmişdi. Burada yaşayan, buradan hər gün keçən adamlar da, əlbəttə, yaşlaşmışdı. Bəlkə də tanışlıq verib yabanı şabalıd ağacları ilə o illəri xatırlamaq olardı. Onda bu üzrxahlıq da gedib keçmişdə qalmış o yeri tapa bilərdimi?
Onlar xiyabanın başındakı kafedə oturub ofisiantı gözlədilər. Külək dayanmışdı, yaxındakı maqnoliya kolu qırmızı çiçəklərinin acı iyi ilə bütün bu cənnət lətafətinin içində yad cismə oxşayırdı. Bir az o yanda dayaza düşmüş yekə balıq kimi arabir quyruğunu şappıltı ilə suya çırpan dəniz də özünün rütubət dolu yüngül iyini əsirgəmirdi. Qalxıb ayrı kafeyə getməyə tənbəllik etdilər.
Dedi ki, üzr istəmək üçün neçə illərdir onunla rastlaşmağını arzulayır. Söz uzaqdan atılmış daş kimi suyun aynasını ləpələndirib qərq oldu. Yenə sakitlik. Suyun dibi o cür daşlarla doludur, suyun dibi onu çoxdan maraqlandırmır. Həyat onu suyun üzünün vacibliyinə inandırıb: evi, ailəsi, uşaqları, qohumları – hər şeyi orada, suyun üzündə gəmi kimi üzür, hamı da onları görür, tanıyır. İstəyənləri, istəməynləri var. İndi əyləncə vaxtı deyil, nəslin estafet dəyişməsi gedir.
–Demədin axı niyə? – Yeganə ani olaraq onun gözlərinə baxdı.
Adətən baxılan yerdə həqiqətən nə baş verdiyini dəqiq görmək üçün elə baxırlar. Sanki lampanın açarı barmaq altındadır: tık – yandı, işıqlandı, hər şey göründü, tık – söndü, heç nə, elə belə...
Üzr istəməyin vacibliyini hiss etmək azmış, onu necə başlamaq, necə yumşaldıb əsaslandırmaq və peşman olanın özünün-özünü necə bağışlayacağını bilmək lazımmış.
–Bir dəfə siz qızlar yataqxanasında nəsə eləmişdiniz, – o, boğazını arıtlayaraq dedi. – Dekan bizi göndərdi, gəlib iclas elədik. Mən orada səni ciddi tənqid elədim. O qızların içində təkcə səni tanıyırdım... Yadıma düşəndə indi də xəcalət çəkirəm.
–Biz neyləmişdik ki? – Yeganə bic-bic gülümsündü, elə bil nəsə eləmiş o qızı bir anlığa suyun altından çıxarıb gəmiyə oturtdu.
–Deyilənə görə, oğlanlarla öpüşməklə yataqxananın daxili qayda-qanunlarını pozmuşdunuz. Bağışla məni, Yeganə, bu axmaqlığa görə.
–O-o-o, yo-o-ox! – suyun altından çıxarılmış qız qeyri-ixtiyarı təəccüblə dedi və imkan verdi ki, üzr istəyən şəxs öz həyəcanını əsaslı şəkildə hiss etsin. – O zamanın axmaqlıq üzrə ölkə çempionu mən özüməm! Heç kim mənə çata bilməz! Ha-ha!
Onlar susdular. Məlum olmuşdu ki, bu dünyada axmaqlıq sayılası, üzr istəniləsi işlərin siyahısı hər kəsin əlinin altında var. Özü də çox böyük sıyahıdır.
Ola bilərdimi ki, xatırlamasın? Bəlkə o yox, başqa qızlar öpüşmüşdülər? Nəsə dinmədi. Heç o vaxt da dinməmişdi. Arxa sırada divara yaxın oturub susmuşdu, başqaları onun yerinə danışmaq istəmişdilər. Amma unudulası iş deyildi, adamı öpüşdüyünə görə iclasda hər gün tənbeh eləmirlər. Yaxşı ki, dinmirdi. Belədə o öpüşlər daha qiymətli olurdu. Görəsən, haradadı indi bununla öpüşmüş o həpənd?! Belə qızı əldən verərdilər?!
Yay gününün sərinlik vəd etməyən boğanaqlı dəmləri çox uzaqdan, sanki dənizin o biri üzündəki səhralardan belə hərlənib ağır-ağır gəlirdi. Bircə qumun üstü ilə diyirlənən dəvətikanı topaları çatışmırdı. Bulvarda iki-bir, üç-bir gəzənlərin çoxu boz yarpaqlı zeytun ağacları kimi bikef və adamayovuşmaz görünürdü. Adamlar ağaclardan fərqli olaraq elə o zaman da özlərindən sonra gələnlər üçün məzhəkəli nağıllar, əfsanələr uydururdular. Əgər universitet tələbəsi sevgilisi ilə öpüşməyə görə ümumi iclasda danlanırdısa, deməli, hamısı mənasızmış. Zeytunların cəzası ölüm yox, bu susuz, daşlı, qumlu torpağın verə biləcəyi şirənin ən azına qane olmaqla çox yaşamaqdır. Min il ömür sürüb sulara qərq olmuş Nuh peyğəmbəri zeytun budağı ilə müjdələyən xilas etsə də, bağışlamamışdı, öldürmüşdü.
Acmışdı. Ofisiantın stola düzdüklərinin hamısından daddı. Ən çox xoşuna gələn içalat kababı ilə qara zeytun qarışıq göyəm turşusu oldu. Yayın bu qızmar çağında elə bil o turşu da uzaq keçmişdən gəlmişdi. Sonra danışdı ki, ərinin maqnit-tomoqrafiya plyonkalarını gətirib həkimə göstərməyə. Bütün gözəl xanımlar “ər” sözünün böyründə sanki şeirdən mahnıya çevrilərək sürətlə köhnəlir.
Gözlərinin parıltısı artdı, əli-qolu hərəkətə gəldi. Özünə oxşamağa başladı. Açıq yaxasındakı qızıl ayparanı tapıb yerinə qoydu.
–Hə, – dedi, – indi üzr istə, bağışlayım səni! Ac qarnına əfv olar? Ha-ha-ha!
Adam dörd tərəfi qadağa və məhdudiyyətlərlə çəpərli bir ömrü başa vurunca nə qədər səhvlər eləyir. Onların hamısını üzr istəməklə düzəltmək mümkün olsaydı, nə vardı ki! Həyat təkcə üzrxahlıq tələb etməyən düzgün fikirlərin, sözlərin və hərəkətlərin yox, həm də kimlərinsə etiraf edilməmiş səhvlərinin və yanlışlıqlarının nəticələri ilə doludur. Yəqin yer üzünün ədalət çətiri altında hamının istədiyi qədər xoşbəxt ola bilməsinə məhz o səhvlər imkan vermir.
–O iclas hərdən sənin də yadına düşürdümü, Yeganə? Mənim yadıma düşürdü, xəcalət çəkirdim. Fikirləşirdim ki, səni mütləq axtarıb tapacam. Ancaq familiyanı heç cür xatırlaya bilmirdim.
Dönüb az öncə işə düşmüş fəvvarəyə baxa-baxa daha nəsə xatırlamağa çalışdı. Bu an sanki ona kömək üçün qağayı gəlib hovuzun yaxın badı üstünə qondu və öz qüsursuz, ağappaq tükü, sarı dimdiyi, qırmızı ayaqları ilə rənglərdən necə məharətlə istifadə etmək nümunəsini göstərdi.
–Yaşadıq getdi, Yasin, – yavaş-yavaş başını döndərib dedi. Qağayı əlvan rəngləri özünə götürüb ona yalnız qaranı verdi. – Düşürdü, düşmürdü, indi nə fərqi var? Yaxşı olar ki, sən məni aparasan o yataqxanaya , oraları bir də görəm... Sən demiş, ölüm-itim dünyasıdı.
–Mənim də o tərəflərə çoxdandı yolum düşmür, – o dedi.
Bulvar xiyabanlarının arası ilə gedəndə Yeganə arada bir başını çevirib onun üzünə diqqətlə baxırdı. Elə bil keçmiş tələbə yoldaşını indi yavaş-yavaş tanıya-tanıya isinişir və özünü bu şəhərə bağlayan tellərdən birinin hələ də bu dərəcədə canlı, həqiqi olduğuna təəccüblənirdi. O özü nadir hallarda yadına düşən bu əhvalatı zamana bağlı mənasız bir təşviş kimi xatırlayıb üstündən keçdiyi halda kiminsə bundan belə pərişan olduğunu heç ağlına da gətirmirdi. Onların dəhlizdə, yeməkxanada salamlaşmadan və qəribə təbəssüm mübadiləsindən ibarət üç illik tanışlığının ən dərin və ən axmaq yeri həmin iclas idi. Oradan da ayrılmışdılar. Dərinə düşmüş axmaqlıq elə oradaca dəyişməz qalmışdı.
Görmək istəməyəndə rastlaşmamaq da arzulayanda tapmaq kimi normaldır.
Qaralmaq bilməyən yay günü bulvardan onların arxasınca yorğun it kimi şöngüyə-şöngüyə çıxırdı. O vaxtın yataqxana, trolleybus, auditoriya, imtahan təəssüratlarının qarmaqarışıqlığından qopub hərdən irəli çıxan bu it daşı-divarı iyləməklə də itirdiyini tapa bilmirdi. Fasadı dəyişdirilmiş köhnə binaların butafor möhtəşəmliyi haradasa tumurcuq sevinci ilə çırtdayan hər hansı bir yenilik hissinə göz verib, işıq vermirdi.
–Mənim iki ərim olub, – Yeganə dedi.
–Necə? – o, qaşlarını çatıb dedi. – İkisi də birdən?
–Yox, birinci ilə beş-altı il yaşayıb ayrıldıq. İkinci məni ondan çox sevirdi.
–İndi sevmir?
–İndi daha nə sevgi-məhəbbət! – Yeganə irəlidə tıxacın qırağı ilə əmcəklərini yellədə-yellədə qaçan qancıqdan baxışlarını üzmədən başını yüngülcə çiyninə tərəf əydi. – Komediya bitib artıq.
Adamların evlənib ayrılması da bu tıxac kimi qəribə idi: yoxdan var olur və öz dəhşətli, sarsılmaz formasına baxmayaraq, mahiyyətcə mənasız bir oyunu xatırladır. Sanki uzaqlardan bu işlərə göz qoyan kimsə hər şeyin necə olacağını gözəl bilir, ancaq pisliklərin qarşısını almaq üçün əlini ağdan qaraya vurmur.
Yataqxanaya qaçqınları yerləşdirmişdilər. Nə vaxtlarsa kənardan hotelə bənzəyən daş üzlüklü binanın içəridən necə zorlandığı onun fasadına kütləvi şəkildə çıxmış su, kanalizasiya, qaz borularından, elektrik kabellərindən, çanaq antenalardan, balkonlara necə gəldi vurulmuş taxta və tənəkələrdən görünürdü.
Binanın yalnız bir bloku əvvəlki görkəmində qalmışdı. Xoşbəxtlikdənmi, ya nədənsə Yeganənin otağı orada idi. Dəmir məhəccərləri tünd plastiklə örtülmüş balkonların üst-üstə sırasında yaşayış əlaməti görünməsə də, şüşələr təmiz idi. Günəş artıq batdığından şüşələrin hamısı bulvarda qağayının Yeganəyə bağışladığı qara rəngdə idi və diqqətlə baxanda nədənsə adama elə gəlirdi ki, onların arxasından kimlərsə daim həyətə göz qoyur.
–İkinci mərtəbə, soldan birinci balkon, – Yeganə maşından düşüb binanın tanış sifətinə xeyli baxandan sonra pıçıldadı. – Doqquzuncu otaq.
Onları müşayiət edən orta yaşlı, dar donun içinə birtəhər yerləşdirdiyi bədənini sanki ovcundakı açar dəsti kimi cingildədə-cingildədə pilləkənləri qalxan qadın ikinci mərtəbədə sola getmək istəyəndə Yeganə onu dayandırdı.
–Bu yana gəlin, dedi. – Sağdan ikinci qapı olmalıdı.
–Dayan! – o, yarıqaranlıq dəhlizdə Yeganənin qolundan tutub astaca dedi. – Bura fahişəxanadır. Eşitmirsən səsləri?
Yeganə təəccüblə onun üzünə baxdı.
–Mən bilirdim buranın axırı belə olacaq, – nəhayət, zarafata salıb pıçıldadı və başını yırğaladı. – Daha gəlmişik də, heç olmasa gedək otağa baxaq.
Qadın onlardan irəlidə ikinci qapını açarsız açdı və onları içəri dəvət edəndən sonra enli çarpayını təyinatı üzrə nümayiş etdirirmiş kimi dedi:
–Saatı on manatdır.
Dinməməyə, göydəndüşmə günün bu sürprizini də kinayəli təbəssüm kimi qəbul etməyə gücləri çatdı. Qadın qapını örtmədən getməklə sanki onları üzbəüz otaqlardan gələn seksual iniltiləri dinləməyə dəvət etdi. Eşitməmək, dinləməmək sadəcə mümkün deyildi. Bir anlığa ona elə gəldi ki, bu səslər həqiqi yox, fonoqramdır. Eyni prosesin həzzini ifadə edən səslərin ikisi də yanaşı otaqlardan gəlirdi. Birinin içində qadın zarımasından başqa heç nə yox idi. O biri daha səmimi sovqat idi, oxşama janrında ifa olunan bir neçə sözlük mahnını xatırladırdı. Yeganə özünü çox da itirmədi, yaxınlaşıb pəncərə pərdələrinin arasından çölə baxa-baxa mızıldandı:
–Burada dəyişməyən bircə pəncərədən görünən bu mənzərədir. Qalan hər şey dəyişib, hətta dəhlizdən gələn səslər də...
İniltilərdən biri bağırtıya keçib, nəhayət, susdu. O biri telefonda seks oyunu kimi öz mexanikasını davam etdirməyində idi.
–Gedək, – o, divara bərkidilmiş çərçivəli, böyük güzgüdə özünə maraqla baxan Yeganəyə dedi. Sanki buranın güzgüsü də adamları nəsə başqa cür, bəlkə də lüt canına əks etdirəcəkdi.
–Biz bədbəxtləri də sən öpüşməyə görə tənbeh eləyirdin, – Yeganə onun arxasınca gələ-gələ dedi.
–Görünür, bu yataqxananın bünövrəsində nəsə var.
Həyətdə dayanıb binanın üzünə baxmadılar. Qorxdular ki, bina öz eybəcərləşmiş sifətilə nə vaxtsa Qırmızı guşədəki o iclasdan da betər ağırlıqla onların yaddaşına həkk olar. Ağaclarda görünməyən quşlar sanki divarın o üzündə cani-dildən oxuyurdu. Quşların bu mahnısı elə bil dünyanın dəyişməsi haqqında idi və elə bil onu dinlədikcə bütün binanın öz boruları, kabelləri, antena və eybəcər balkonları ilə birlikdə aşağı-yuxarı yırğalandığı aşkarca görünürdü.
Yeganə axşam qatarı ilə qayıtmalı idi. Vağzalda vidalaşanda çantasını və əlindəki plyonka paketini skamyanın üstünə qoyub onun boynunu qucaqladı, yanağını yanağına sıxıb, vücudunu dinləyirmiş kimi ona qısılıb pıçıldadı:
–Sən institutdan gedəndən sonra mən daha koridorlarda heç kimdən gizlənmirdim. Ancaq sənin olmadığın yerlər hərdən öz boşluğunu mənə xatırladırdı. Sonra mən səni unutdum. Bu gün ona çox heyfsiləndim...
–Mən isə səni heç vaxt unutmadım, – o dedi.
20
Bir gün deyil, iki gün deyil... Hər səhər tramplinlərdən, radarlardan, kameralardan keç, tıxaclarda sürünə-sürünə birtəhər özünü yetir mərkəz çuxuruna, orada da maşın saxlamağa yer tapma. Neyləyirsən elə, işə yubanma, doqquza iki saniyə qalmış barmağını turniketin gözünə sox, istehsalatda yüksək keyfiyyət əmsalı nümayiş etdir, tikinti sənayesinin inkişafına layiqli töhfə ver. Axşam işdən çıxandan sonra da eyni şey, üstə gəl sabah bir də bu labüd dəhşəti yaşamağın qaçılmazlığından doğan üzüntü... Evə çat və bütün bu cahilliyin siyasi qiyməti, ictimai mənası, ekoloji və iqtisadi səmərəsi haqda reportajlara bax, maşın sürüb şəhərin küçələrində sıxlıq yaratdığına görə xəcalət çək.
Həmin gün layihə təqdimatında iştirak etmək üçün tezdən instituta yox, nazirliyə getmişdi. Təzə təmir olunmuş binanın abad, geniş həyətində maşını saxlayanda fikirləşdi ki, təkcə bu parklanma rahatlığına görə nazirlikdə işləməyə dəyər. Bilirdi ki, nazirlik işçilərinin də ayrı cür dərdi-azarı var: çoxlu vəzifə adamlarının cəmləşdiyi dövlət idarəsində hər şey maşın parklaması qədər rahat və asan ola bilməz. Onun qəti inamına görə bu, sadəcə, mümkün deyildi. Bura gəlməsi münasibətilə boynuna taxdığı köhnə qalstuka, geydiyi ağ köynəyə baxıb xüsusi məmnunluq duymasa da, bəzənib-düzəndiyini düşündü və bəzənib-düzənib bura gəlmişkən gedib nazirlə də görüşməyi münasib saydı. Nazir genişlikdə mərtəbənin yarısını özünə kabinet eləmişdi: köməkçiləri, cangüdənləri-filan, maşını da bura qalxsaydı, rahatlıqla yerləşərdi.
Kimsəsiz koridorda sütunlu foyedən çıxan bir nəfər iti addımlarla ona yaxınlaşıb özünü təqdim edəndən sonra dedi:
–Yasin müəllim, mən sizi tanıyıram. Siz cənab nazirin tələbəlik dostusunuz. Xahiş edirəm cənab nazirə deyəsiniz məni ikicə dəqiqələyinə qəbul eləsin. Çox vacib işim var, köməkçilər məni buraxmır.
–Burada işləyirsiniz? – o soruşdu.
–Yox, mən Sumqayıtda 18 nömrəli espetekada işləyirəm. Adım Kamal Hüseynovdu.
–Bəs bura necə keçmisən?
Oğlan qızardı, çaşqınlıqla ikiəlli aşağı işarə edərək nəsə mızıldandı. Suala cavab kimi demək istədiyini isə dilinin ucunda güclə tutub saxladı.
Yüksək, qotik tavanın, gözəl pərdələrlə süslənmiş pəncərə qatarının, parıldayan qırmızı mebelin və sair saray təmtərağının içində nazir uzaqdan kiçik muzey eksponatına oxşayırdı. Ölkənin sənaye və mülki tikintisinə aid bütün əmrlərin bu təmtəraq içindən çıxması onların dəqiq icrasını şərtləndirən mühüm amillərdən sayıla bilərdi. Nə vaxtsa bir yerdə oxuyub yataqxanada yaşamışdılar.
–Gəlirəm nazirlikdə işləməyə! – içəri keçən kimi ucadan səsləndi.
Nazir yüngülcə gülümsünüb heç nə demədi, qalxıb görüşdü.
–Nədi, noolub? – oturandan sonra onu diqqətlə süzüb sakitcə soruşdu. Bu, elə tanış, harmonik, ekoloji baxımdan elə təmiz və sağlam bir intonasiya idi ki, üstündə yalnız “Dövlət tərəfindən qorunur!” lövhəciyi çatmırdı. Fikirləşdi ki, illər çox qəddar olsa da, bəzi adamlar özlərini onların təsirindən necəsə qoruyub dəyişməz qala bilirlər.
–Sizin həyətdə şəhərin heç yerində olmayan parkovka rahatlığı var. Burada adam maşına minəndə yox, maşından düşəndə sevinir.
–Elə ona görə? – nazir həmin intonasiyada davam etdi.
–Sən bilmirsən biz o çuxurda hər səhər nə zülm çəkirik! Bax, indi buradan çıxıb gedəcəm, qalacam göydə fırlana-fırlana...
Nazir heç nə demədi. Heç orada tikilən ikimərtəbə, yeraltı avtodayanacağı da xatırlatmadı. Bilirdi ki, nazirliyə gəlməyəcək, bilirdi ki, Şamilov onu institutdan buraxmaz. Əmin idi ki, özünütəsdiq və axtarışlar zamanı çoxdan keçib qurtarıb; indi dərin özüllər, şəbəkəli kommunikasiya sistemləri dövrüdür. Tələbəlik yoldaşı isə hələ də xidməti maşınsız, istədiyi vaxt işə piyada gəlib-getmək imkanı olmayan, öz şöbə müdirliyində heç bir diskomfort hiss etməyən kişidir, qaşlarında uzanıb pırpızlaşan bəzi tükləri adi maqqaşla dartıb çıxarmaq da ağlına gəlmir. Maraqlıdır, vəzifədən də imtina edir. Bəs bu nə istəyir, görəsən, həyatdan? Ola bilməz ki, bu boyda kişinin yeganə dərdi-səri səhərlər maşının parkovkası olsun!
Eləcə də soruşdu:
–Yasin, sənin bu dünyada parkovkadan başqa bir istəyin varmı? – Şəffaf, böyüdücü şüşənin arxasında gözlərini qırpıb əlavə elədi: – Böyük hesabla soruşuram: sən yaşayıb nə etmək istəyirsən?
–Bəs sən nə etmək istəyirsən? – Yasin da maraqla ondan soruşdu.
Əslində, nazir bu sualı tələbə yoldaşına yox, özünə vermişdi. Yaxşı ki, Yasin suala birbaşa cavab verməyib onu geri qaytardı. Belədə nazir sanki öz düşüncələrini bir daha təftiş etmək imkanı qazanırdı.
–Mən, Yasin... – o ağır-ağır dedi. – Daha doğrusu, mənə elə gəlir ki, bu vəzifə pillələrini keçə-keçə mən adi insanlardan çox uzaqlaşmışam. Mənim başım dövlət işinə o qədər qarışıb ki, reallığı unutmuşam, adamların nə etdiyi məni yalnız tikinti işlərinin vüsətinə görə maraqlandırır. Mənə elə gəlir ki, insanlar tarix üçün tikinti materialıdır. Mən robot olmuşam: beş milyon ora, on milyon bura; bunlara ev ver, bunlara müalicə, onlara təhsilhaqqı; lenti bağla, lenti kəs, nə bilim, bu rayona, o rayona!.. Bu, dəhşətdir, Yasin! Mən indi oturub arzulayıram ki, kaş mənim də ən böyük problemim səninki kimi parkovka olaydı.
–Sən artistlik eləyirsən, ya doğrudan bugündəsən? – Yasin diqqətlə nazirə, onun qızıl sağanaqlı eynəyinə, gur saçlarına, rəngi kartof cücərtisi kimi ağarmış əllərinə baxıb təəssüfləndi. Yataqxanada o əllərlə soyulmuş nə qədər kartof yemişdi. İndi o əllər, belə çıxırdı ki, heç nəyə, kartof soymağa da yaramır.
Nazir tələbə yoldaşını yaxşı tanıyırdı, onun hər şeyi görən iti baxışlarına da bələd idi. İndi onun içini görə bilmədiyinə, dediyi sözlərin səmimiliyinə şübhə etdiyinə təəssüflənib köks ötürdü.
–Əşşi, nə artistlik?! – başını çevirib pəncərədən görünən parka baxdı. – Mən ürək qızdırıb sənə söz deyirəm, sən də... “artistlik”. Utanmırsan?
Nazir, əlbəttə, tələbəlikdən sonra tabeliyində olan adamları danlamaq təcrübəsi də qazanmışdı, ancaq Yasinə bunun dəxili yoxdu.
Dostunun könlünü almaq üçün ordan-burdan danışdı, nazirliyə layihə təqdimatına gəldiyini deyib tez də xudahafizləşdi və onun vəziyyətinə acıya-acıya fikirləşdi ki, gör indi bu bədbəxt evində, qohum-əqrəbası ilə nə boyda problemlər yaşayır. Vəzifə kürsüsü nə qədər uca olursa, onun arxasında gizlənmək bir o qədər çətinləşir.
–Koridorda Kamal adlı bir oğlan var, – getmək zamanı gələndə Yasin dedi. – Onu iki dəqiqəliyinə qəbul edə bilərsənmi?
–Sən deyirsənsə, niyə qəbul etməyim, – nazirin bir az eyni açıldı və düyməni basıb Kamalı çağırtdırdı. Onu da qəbulda oturmağa dəvət etdi.
–Yox, yox. Mən tədbirə yubanıram, – Yasin deyib böyük kabinet boyu addımlayınca Kamal qapıda göründü.
Hələ təqdimat başlamamış zəng vurub dedilər ki, Şamilov təcili onu axtarır. Harada olduğunu dedi, sakitləşdilər. Axtarmışdılarsa, deməli, vacib bir şey lazım idi. Yeni şəhərdə növbəti məhəllənin layihə təqdimatını nazir müavini edirdi: köhnə binaların və infrastrukturun sökülməsi haqda muğam dəsgahının diringi hissəsindən sonra o da yeni binaların altında avtodayanacaqların vacibliyindən, küçələrdə piyada səkilərinin genişliyinə ehtiyacın artmasından bir-iki ağız deyərək çıxıb getdi. Dedi ki, şəhərin yenidən tikilməsi kimlərəsə qazanc gətirən yeni xidmət obyektlərinin açılmasından əvvəl mərkəzə düşən nəqliyyat yükünün azaldılmasına xidmət etməlidir. Yəqin ki, tədbirdən sonra qaçıb nazirə deyəcəkdilər ki, dostun yenə daşladı bostanı. Elə yaxşı eləyir bunları tikinti materialı kimi görür.
Təqdimatdan çıxıb maşına oturanda Kamal onu darvazanın yanında qarşıladı. Yenə tanış sıxıntı içində qızarıb maşına oturmağa icazə istədi.
–Hər şey əla oldu, Yasin müəllim, – Kamal dedi. – Cənab nazir mənim məsələmin həlli üçün şəxsən göstəriş verdi. Sizin bu yaxşılığınızı ömrüm boyu unutmaram, hətta uşaqlarıma da vəsiyyət edəcəm.
Bu şəhərdə kiminsə probleminin həllinə yardımçı olub müqabilində təşəkkür eşitmək xoşdur, əlbəttə. Amma təsadüfdür və onun mərkəz çuxurunda maşın parklamağa heç bir dəxili-dəlalətinin olmaması özlüyündə təbəssüm doğurmaya bilməzdi.
–Yox, canım, nə məsələdir ki, adam adama kömək edər də...
–Yasin müəllim, bu elə-belə kömək deyil, – cibindən çıxardığı bükülü pul dəstini ona verməyə çalışdı. – Bu çox qiymətli köməkdir.
–Yox! – Yasin əli ilə pulu geri itələdi. – Olmaz! İndiyədək olmayıb, görürsən, yaşamışam. Bundan sonra olub nəyi dəyişəcək ki?
Kamal çox çalışdı, inandırıcı sözlər dedi, amma xeyri olmadı. Bu inandırıcı, səmimi və doğru görünən sözlərə görə Yasinin ona da, özünə də yazığı gəldi. Hətta fikirləşdi ki, qəribəliklərlə dolu bu təsadüflərə görə Kamalın birlikdə nahar etmək təklifini qəbul edib restoranda araq içmək də olar. Dərhal da fikrindən daşındı ki, əgər özündə iş əvəzinə restorana getməyə cürət tapmış olsa, nə bilmək olar, bəlkə verilən pulu almağa da o cürətdən bir qırıq qopara bilərdi.
Təsadüfən boşala biləcək yerin axtarışında çökəyin ən zırıltılı şair küçələri ilə iki dairə vurdu. Dayanmağa icazə verilən küçə qıraqlarında nəinki maşını, heç adamı da soxmağa yer yox idi. Baş direktor əlimyandıda onu gözləyir, o isə institutun həndəvərində boş-boşuna küçələri fırlanır.
Hər kvadratmetr haqq-hesabda idi. Adətən iş vaxtından bir saat əvvəl gələndə yer tapıb saxladığı park küçəsinin hər iki tərəfi çoxdan dolmuşdu, yalnız bir yerdə maşının burnunu soxmağa boş yer qaldığını hələ birinci dairəni fırlananda görmüşdü: ora minimum əlli-altmış dərəcəlik bucaq altında girmək mümkün idi. Yenə ümid qaldı pulyığana. Bu an başını aşağı salıb səki ilə tələsmədən addımlayan pəhləvan cüssəli, yekəbığ bir kişi onu burada çoxdan gözləyirmiş kimi gəlib maşının pəncərəsi önündə durdu. Güzgüdən yekə əlini uzadıb güclə eşidilən səslə iyirmi qəpik istədi. Səs iyirmi yox, iki qəpiklik olardı, amma bazburt iki minlik! Bu, üz-gözü şişib qızarmış, vücudu alkoqolun təsirindən əzilmiş bir alkaş idi.
–Ə, niyə gedib işləmirsən? – o, maşından düşüb ətrafa boylana-boylana dedi. Gödəkcəsinin üstündən fosfor zolaqlı jilet geymiş pulyığan sıranın qurtaracağındakı piyada keçidinin üstündə kiminləsə çənə vururdu. Yer cəriməlik olduğu üçün bu yana baxmırdı.
–İş yoxdu, qadan alım, – kişi bayaqkı iki qəpiklik səslə mızıldandı.
–Özün də Koroğluya oxşayırsan, ayıb döyülmü dilənmək?
–Başım çatdıyır, – kişi özü ilə birtəhər sürüyüb gətirdiyi uzun, çirkli ayaqqabılarına baxa-baxa sızıldadı. – Paxmeləm, qadan alım, ölürəm! İyirmi qəpik...
Pulyığan üçün əlində tutduğu manatı kişiyə göstərib dedi:
–Koroğlu kimi bir dəli nərə çəkə bilərsən? Çək, manat sənindi!
Kişinin gözü işıqlandı, dodağına qonan ölüvay təbəssüm bağlarını bir az da böyütdü. Əlindəki torbanı ayaqqabılarının arasında yerə qoyub soruşdu:
–Nətəri yanı?
– Belə də... Haaaaaaaa!
–He-e-e-e-eeeyy! – kişi tüpürcək qarışıq xəstəhal nərəsini dəniz səmtə yolladı.
–Bir də!
–Hee-e-eeeyyy! – bu dəfə kişinin boğazdan yox, sinədən örkən kimi dartıb gətirdiyi səsi yaxşı çıxdı, yoldan keçənlərin hamısı dönüb təəccüblə onlara baxdı, pulyığan da qanrılıb arxaya nəsə deyə-deyə onlara sarı gəlməyə başladı.
–Bax, görürsən o qara binanı? – manatı kişiyə verib dedi. – Opera teatrıdı ora. Koroğlu roluna adam axtarırlar, gedərsən ora, deyərsən ki, səni Üzeyir Hacıbəyov göndərib. İşə götürəcəklər.
–Sağ ol, Üzeyir müəllim! Sağ ol! – pulyığan çatınca kişi torbasını götürüb tez uzaqlaşdı.
–Nə qışqırırdı o alkaş? – pulyığan dedi. – Buralar doludu onlarnan. Məscidin qapısı açılmamış gəlirlər ki, Vüqar, pul ver. Ha indi elə bilirlər Vüqar burda milyonerdi.
–Şəkili, çox tələsirəm, düzəldərsən, – açarı pulyığana verib qaçdı.
İti addımlarla gedə-gedə fikirləşdi ki, həyatını yaşayıb qurtardı, ancaq bu şəhərə uyğunlaşıb onun nəbzini başqaları kimi stulunun ayağına bağlamağı öyrənmədi, eləcə əlində tutdu. Onun hər döyüntüsünü həyəcanla, ürək ağrısı ilə izlədi... İmkanı çatan hər şeyi elədi... Bax, hara tələsirsən? – özü-özündən soruşurdu. Şamilov bilmir sən kimsən, bəd ayaqda kimin dostusan? Nə deyəcək sənə? Özün də işlə bağlı tədbirə getmisən, istəsən, bütün günü işə gəlməyə bilərsən. Hesabatları Şamilov sabah imzalayar, heç nə olmaz. Yo-ox, bu kişinin layihədə bir dənə punktiri çatışmasa, “Qırmızı xətt”in beş metrindən beş santimetri yerində olmasa, gecə gözünə yuxu getməz. Bu gərək təcrübəli bir mühəndis kimi beş adamın yerinə işləyə, nazirin tələbə yoldaşı kimi nümunəvi şöbə müdiri ola və maşınını saxlamağa da yer tapmaya!
“Gurşad” MTK-nın çertyojları istehsalat şöbəsinə getmişdi, hesabatlarını istəyirdilər. Onları yoxlayıb vermək usta mühəndis Vəliyevin iki-üç saat vaxtını aldı. Hələ arada Mahmudova təzə donunun gen ətəyini yellədə-yellədə gəldi ki, “Gurşad”ın sahibi Bəşir Mollayev geologiyanın nəticələrini, layihənin tam təsdiqini gözləmədən him qazıb, beton töküb. Yasin müəllim əməkdaşın üzünə diqqətlə baxıb dedi ki, şükür, uçot-kitab dəqiqliyi təkcə parkovka təsərrüfatında deyil, başqa sahələrdə də özünü göstərməyə başlayıb. O, yerindən qalxıb dedi:
–Neçə dəfələrlə biz bu adamla bağlı məktub yazmışıq? Nəticə nə olub? Heç nə. Məktubu hazırla, gətir imzalayım. Nə qədər cərimə gözləyir onu?
Mahmudova qıpçaq gözlərini qıyıb fikirləşdi, sonra cavab verdi:
–Təkcə geologiyaya görə, ən azı, on min. Ancaq çox güman ki, başqa şeylər də çıxacaq. Hələ bunlar bir yana... Mollayev fəhlələri Hindistandan, Çindən sürüynən gətirir. Deyir, Suraxanıdakı metal zavodunun ətrafında bir dənə it-pişik qalmayıb, hamısını tutub yeyiblər.
Vəliyev yaxınlaşıb xanımla üzbəüz durdu, elə bil bu yaraşıqlı, subay xanıma eşq elan edəcəkdi.
–Xədicə, sən bilən, niyə ölkədə işsizliyin tüğyan etdiyi belə bir zamanda bu gedib oralardan fəhlə gətirir? – xanımın gözünə baxa-baxa soruşdu. – Ucuz işçi qüvvəsi olduğuna görə?
–Yox, – Xədicə mızıldandı və başını azca irəli əyib pıçıltı ilə də rəisinin qulağına nəsə dedi.
–Bəli, – Yasin dönüb divara dedi. – Bəşir Mollayev istəyir ki, küçədəki o işsizlər həmin çinli, hindistanlı fəhlələri görüb özlərinə nifrət etsinlər, baş götürüb buradan qaçsınlar, Gəray bəyin də ormanları, ilxıları, torpaqları komsomola qalsın. Get yaz gətir, Xədicə.
İndicə yenə qalmaqalın içinə qədəm qoyduğunu Yasin Vəliyev bütün vücudu ilə hiss etdi. Həyəcanlanıb başqa çıxış yolu tapa bilməyəndə ağlına gələn bu misraları ucadan Xədicədən qalmış xoş ətirə, otağın divarına və şairin heykəlinə baxan yeganə pəncərəsinə dedi: “Canı canan diləmiş, verməmək olmaz, ey dil, Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim!”
Məktub bu idarədən çıxmasa belə, onun yazılması və rəsmiləşdirilməsi qalmaqal idi. Şamilov dərhal nazirə xəbər verəcəkdi. Nazir onu çağırıb belə deyəcəkdi: “Sən uşaqsan, bilmirsən Bəşir Mollayev kimdir?”
Bəşir Mollayevin kimliyini, əlbəttə, bilməmək olardı, ancaq onda gərək nazirlə dost olmayasan. İndi eşidən, bilən deyəcək ki, Bəşirə qarşı gedən filankəs deyil, filan nazirdir. Özünü dayandırmaq üçün nə qədər əlləşdisə, içində bir tutacaq tapmadı. Qəfləti gəlmiş sel onu aparmışdı. Kreslosuna oturub kompüterdə yarımçıq qoyduğu hesabatın rəqəm və düsturlarına baxa-baxa bu selin şeytandanmı, ya haqdanmı gəldiyini araşdırmağa çalışdı. Yenə də soyuq məntiq qarşısında özünü tərki-silah gördü. Durub hava almaq, hislərini soyutmaq üçün balkona çıxmaq istəyəndə evdən Aysel zəng vurdu ki, paltar ütüləmək istəyir, ancaq ütü işləmir. Dedi ki, evə gələndə təzəsini alar. Hesabatları birtəhər tamamlayıb imzaladı, məktubu sabaha saxladı.
İşdən park küçəsinə iki məhəllədir, hava xoşdur: piyada iri addımlarla yerimək Vəliyevə ləzzət verdiyindən başa düşür ki, işdə də, evdə də kompüterin qarşısında çox oturur, ayaqları, bədəni daha çox hərəkət tələb edir. Maşını düzgün park etmədiyinə görə telefonuna gələn cərimə mesajı da onun kefini pozmur, çünki külək əsmir, hava gözəldir, Mollayevin hələ imzalanmamış məktubunu nəzərə almasa, gün ərzində vəzifə borcuna daxil olan iki ciddi işi uğurla başa çatdırıb. İndi üçüncünün dalınca gedir və inşallah, tezbazar ütü alıb özünü evə çatdırar ki, axşam şənliyə gedən qızı öz qırmızı köynəyini geyinə bilsin. Ütünü də alır, üstündə verilən hədiyyə kartını da: ikisinin də etibarlıq dərəcəsi şübhə doğurur, ancaq neyləyəsən, həyat belədir və onu təkbaşına düzəltməyə güc çatmır. Çatmır! Vəssalam!
Yaxınlaşanda gördü ki, maşını necə qoymuşdusa, eləcə də sırada çəpəki durmaqdadır, ancaq məhz həmin an Vüqar gəlib oturdu maşına və mühərriki işə salıb başladı geri sürməyə. Yəqin ki, arxa tərəfdə yer boşalmışdı. Küçəni keçincə qışqırdı, əl-qolunu oynatdı, əlində portfel və ütü bağlaması olduğundan barmaqlarını ağzına qoyub fit çala bilməməyinə təəssüflənə-təəssüflənə maşınların arasından qaçdı, ancaq Vüqarın bütün diqqəti arxada olduğu üçün onu nə gördü, nə də eşitdi. Maşın sürətlə geri gedib sıranın sonundakı piyada zolağının üstündə dönəndə birdən dayandı, Vüqar tez maşından düşüb qapını da örtmədən arxaya qaçdı. O, qəza törədildiyini dərhal başa düşdü: ya adama, ya da piyada keçidinə yaxın parklanmış maşına dəymişdi. Bundan sonra artıq tələsməmək də olardı. Hələ nə baş verdiyini dəqiq bilmədən Yasin Vəliyev ütü almaq üçün məhəllənin başına dolandığı yarımdairəni qəlbində yenə “şeytan işi” adlandırdı: çünki beşcə saniyəsi çatmamışdı...
Maşının arxa təkəri piyadanın ayağının üstünə minib pəncəsini əzmişdi. Ayrı fəsad yox idi. Zərərçəkən ayaqqabısını çıxarıb qalın corablı əzilmiş ayağını dizdən bükərək yerə basmadan maşına söykənib birayaqlı pozada durmuşdu. Başına gəlmiş qəzadan sarsıldığını xırdaca, qırışlı üzündəki ağrı-acılı ifadə ilə hadisə yerində ayaq saxlayan piyadalara, bir də parkın o başından bu tərəfə baxa-baxa şeir oxuyan şairin heykəlinə göstərirdi. Bu adam xarici görünüş baxımından bayaqkı Koroğlunun mini variantı idi, böyründəki iki torbanın ikisi də köhnə zir-zibillə dolu idi. Yanında özünə oxşar birisi, yəqin ki, qardaşı idi, harasa zəng vurmağa çalışır, telefonu qulağından elə bil qəsdən ayırmırdı ki, burada deyilənlərdən heç nə eşitməsin, onlara cavab vermək məcburiyyətində qalmasın. Başındakı qara beysbolkanın uzun dimdiyi, gözündəki tünd eynək və telefon onun da balaca sifətini xeyli qapadığından kişi elə bil küncdən gizlicə baxırdı. Yenə şeytan araya soxulub dedi ki, bəlkə də bu iki qardaşı bir canda birləşdirməklə boy-buxun, şəqqavət və çəki baxımından standarta uyğun daha yaxşı bir iş görmək olardı, ancaq gecdir. Vüqar və onun dərhal haradansa peyda olmuş müdiri fasiləsiz hay-küylə zərərçəkmişə təpinirdilər ki, əzilmiş ayağını yerə basıb yerisin.
–Şəbih çıxarma, heç nə olmayıb! – Vüqar deyirdi.
–Yeri görüm! – müdir bir əli ilə onun qolundan tutub irəli çəkməyə çalışırdı. – Sənin kimi ayağını təkərin altına basanları çox görmüşəm. Yeri görüm! Heç nə olmayıb ayağına.
–Vay, ana! Vay, ana! – zərərçəkmiş əzilən ayağının dabanını yüngülcə yerə toxundurmaqla zarıyırdı. – Dəhşət ağrıyır! Yeriyəmmirəm. Təcili məni götürün dəmiryolçular xəstəxanasına.
Dəmiryolçular xəstəxanası yaxınlıqda idi, ancaq onun belə ünvanlı danışması müdirin sözlərindən sonra istər-istəməz müəyyən şübhə yaradırdı.
–Ayağım təcili rentgenə salınmalıdır, – o davam edirdi. – Yəqin ki, sınıb, ona gips qoyulmalıdı, bəlkə elə Yelizarov aparatı lazımdı ki, sümük düz bitişsin. Bəlkə göydən asılmalıdı? Mən nə bilim...
Zərərçəkənin Yelizarovu da tanıması şübhələri lap artırdı.
– Ə, bu lap professional moşennikdi ki! – əlində xüsusi rabitə telefonunun dəstəyi aramsız xışıldayan müdir dedi.
Piyada keçidinə ayaq basan hər kəs dayanıb baxmağı, nəsə soruşmağı, məsləhət verməyi öz vətəndaşlıq borcu kimi vicdanla yerinə yetirməyə çalışırdı. Yasin də özünü yetirmişdi, ancaq heç nəyə qarışmırdı, kənar adam kimi o da durub baxırdı. Sonra fikirləşdi ki, hadisənin şahidi olan bu adamlardan bir-ikisinin telefon nömrəsini alsın ki, lazım olsa, işin obyektiv araşdırılmasına kömək etsinlər. Müraciət etdiyi iki nəfərdən heç biri telefonunu vermədi.
– Ə, yeri görüm! Özünü artistliyə qoyma! – Vüqar çəmkirirdi, ancaq zərərçəkmiş söykəndiyi maşından aralanmadan əzilmiş ayağının dabanını yerə yaxınlaşdırıb astadan qışqırırdı:
– Vay, ana! Vay! Vay!
–Yeriyə bilmir də, niyə zora salırsınız?! – nəhayət, zərərçəkmişin qardaşı ehtiyatla müdaxilə etdi.
Vüqar maşını yolun ortasından kənara çəkib qayıtdı və onun nə deyəcəyini gözlədi.
–Maşın mənimkidi, – Vəliyev yaxınlaşıb qardaşlarla tanış oldu. – İndi səni xəstəxanaya aparacağam.
21
Yayın istisini kiçik bağçasında keçirən professor Gülməmmədov yuvasını heç zaman tərk etməyən hacıleyləyə oxşayırdı. Oturduğu yerdə rahat və sarsılmazdı. Deyirdi ki, bütün ömrünü doğulduğu evdə yaşayan insanla gündə bir ev, bir şəhər dəyişən insanın dünyaya baxışında və sağlamlığında böyük fərq olduğunu elm də təsdiq edir. Sonralar söhbətə qayıdanda professor bunun əsasən fizioloji məsələ olduğunu vurğulamaqla yanaşı, deyirdi ki, doğma evdə hər şey – divarlar, qapılar, pəncərələr, döşəmə taxtasının tanış rəngi, otaqlardakı əşyaların iyi, hətta tavandakı balaca çat belə insanın uşaqlıq yaddaşını korlanmağa qoymur, onu daim diri saxlayır. Uşaqlıq yaddaşı insan həyatının özəyidir, orada ona dünyaya gəldiyi ilk anlardan başlayaraq təlqin edilmiş sevgi hisləri, xoş sifət ifadələri, səs nəvazişləri, eyni zamanda qadağalar silsiləsi – nəyin yaxşı, nəyin pis olması barədə ən adi təməl prinsipləri yaşayır. İnsan məhz bu keyfiyyətlərinə söykənərək formalaşmaqla sonrakı həyatını ya güclü, ya da zəif şəxsiyyət kimi yaşamağa məcbur olur.
Yanında dazbaş bir kişi vardı: özünü “Tofiq” deyə təqdim etdi və gözlərinə elə nüfuzedici diqqətlə baxdı ki, sanki bir baxışla onun bütün tərcümeyi-halını oxumaq və həyat yolunda buraxılmış səhvlərini islah etdirmək fikrində idi. Tofiq ucadan, kitab cümlələri ilə danışırdı, hasarın o üzündə qonşuların da onu eşidə biləcəyi vecinə deyildi. Bu vərdişləri onu müəllimə oxşadırdı.
Professor geniş kreslosunda həmişəki kimi ayaqlarını altına yığıb oturmuşdu. Dikəlib onunla görüşəndə:
–Ay Yasin bəy, haralardasan? – soruşdu. – Birdəfəlik getmisən. O günü səni xatırlayırdıq burada uşaqlarnan. Dedilər, müharibəyə getmisən. Eləmi?
Bugünkü qonağı Tofiqdən fərqli olaraq Gülməmmədov ünsiyyətdə adamı gücə salmır, özü də enerji israf etmirdi. Hətta ona bir anlığa elə gəldi ki, azacıq ruhi enerji sərf etməklə professorun sümüklü, qupquru əlindən tutub bu bağçanın, yaxınlıqdakı çimərliyin üzərində dövrələmə uçmaq da olar.
–Getmişdim, – o dedi. – Ancaq qoymadılar vuruşmağa. Atəşkəs elan olundu.
–Mən də gedib yazılmaq istəyirdim, – Tofiq dedi. – Təəssüf ki, gecikdim.
–Necəydi orada vəziyyət? – Gülməmmədov soruşdu.
–Yaxşı deyildi. Yaxşı o oldu ki, atəşkəs elan edildi. İndi təlim keçib hazırlaşarlar, heç olmasa.
–Yenə xatirələrin səni narahat edirmi?
–Edəni də var, etməyəni də, – o gülümsündü.
Gilaslı, ərikli budaqların seyrək yerlərindən günəş şüalarını bağçanın qara daşına, torpağına sancıb işıqlı talalar yaratmışdı. Bir anlığa həmin talalar ona yer üzünün müxtəlif şəhər və ölkələri kimi göründü: bəzilərində gecə çıraqbanlığı, bəzilərində isə gündüzün adi rəngləri oynaşırdı. Bir az o yanda, bağçanı həyətin asfaltından ayıran yerdə Qaraşəhərdən olan neftçi heykəli əlindəki dəmir linglə yenə bu yer kürəsini itələyib harasa diyirlətməyə çalışırdı. Son vaxtlar yalnız evinin yaxınlığında sehrbaz oyunu kimi gözünə görünən bu mənzərə haqqında Gülməmmədova danışdı. Bir dəfə hətta Neftçilər prospektində heykəllərin yürüşünü gördüyünü dedi.
–Park və xiyabanlarda nə qədər heykəl var, hamısı o yürüşdə iştirak edirdi, – dedi. – Ən qabaqda da Koroğlu, Qıratın belində! Hətta Lenin, Kirov, Dzerjinski də onların arasında idi.
O, danışdıqca əvvəl görmədiyi təfsilatları xatırlayır, özü də həyəcanlanırdı: mərmərdən, metaldan, gipsdən düzəldilmiş ən müxtəlif ölçülü, ayaqlı-ayaqsız heykəllər, büstlər qara kölgə axını kimi prospekt boyu ağır sükutla gedir, yalnız Qıratın nallı ayaqlarının asfaltdan qopardığı çaqqıdı-çuqqudu səslər eşidilirdi. İzdiham prospektdəki şınqrovlu dükanların və ofislərin qabağından keçəndə Koroğlu əlini bığına atıb dəli nərə çəkir, arxasınca gələnlər xorla təkbir qışqırırdılar:
–Allahu əkbər! Allahu əkbər! Allahu əkbər!
Təkbirdən sonra onların arasından yalnız bir nəfər xəstəhal səsilə güclə eşidiləcək tonallıqda, böyrüncə təkərli kresloda yeriyən papaqlı şairə müraciətlə:
–Tövbə, ya Mirzə! Tövbə, ya Mirzə! – deyirdi. – Tövbə...
Deyib, göz yaşı tökürdü. Mirzə eşitmədiyini, qulağının kar olduğunu deməyə utanırdı.
Professorla bərabər dodaqlarını büzüb diqqətlə onu dinləyən Tofiq yenə tələskənliklə sızıldadı:
–Eynən mənim kimidir! Mən də görürəm ki, dənizdə nə qədər balıq var, hamısı sudan qalxıb şəhərə basqın edir. Qara kürü göydən yağış kimi şəhərin üstünə yağır. Polis də bu kürüdən götürmək istəyən camaatı salıb dəyənəyin altına xışlayır ki, olmaz! Sonradan özüm də başa düşə bilmirəm ki, bunu yuxuda görmüşəm, ya oyaq vaxtı gözümə görünüb.
Diqqətlə dinləyən Gülməmmədov səlis və rəvan nitqini işə salaraq ucadan dedi:
–Ağıllı adamlar bizim idrakımızı qeyri-bərabər bölünmüş üç hissəyə ayırır. Onların ən kiçik hissəsini “birinci diqqət” adlandıraraq deyirlər ki, o, hər bir normal insanın bu dünyadakı gündəlik həyatı üçün yetərlidir; bu diqqət fiziki bədən idrakını əhatə edir. Ondan daha böyüyünü “ikinci”, “üçüncü” diqqət adlandırırlar. Orada vəziyyət xeyli mürəkkəb olur.
Gülməmmədov fikrini belə tamamladı ki, əgər xüsusi məşqlər vasitəsilə və ya təsadüfi xəsarət nəticəsində “ikinci diqqət” önə çıxarılmırsa, o, insanın bütün həyatı boyu arxa planda qalır və ona xidmət eləmir.
Professor sözünü bitirib aşağı baxdı. O, ilk dəfə professorun adətən qaynar bulaq kimi oynayan gözlərini belə toxtaq baxışlı görürdü. Professor öz postunda ömrünün sonunadək dayanmağı mükafat kimi qəbul etmiş əsgər kimi sakit və nə vaxtsa dəyişiləcəyinə ümidsiz idi.
Qaraşəhərdəki yol qovşağının çəmənliyindən qaçmış qara kişi lingini söhbətxananın taxta məhəccərinə söykəyib oturur, oyuq gözlərini onun pəncərəsindən çəkmir, hərdən əl-qolunu ölçə-ölçə donquldanırdı. Neftdən nigaran idi. Dənizi tərk etdiyi üçün ondan narazı qaldığını necəsə səssiz ifadə edib ona çatdıra bilirdi.
Bir dəfə marağı güc gəldi, söhbətxanaya gedib onunla yanaşı oturdu. Sağlığında aqressiv adam olmuşdu, heç şübhəsiz. İndi aqressiya metalı deşib hər tərəfindən zəhərli duman kimi havaya qalxırdı. Bütün hərəkətləri, baxışları ilə ona yalnız neft lazım olduğunu deyirdi. Neft erasının bitmək üzrə olduğunu nə eşitmək, nə də başa düşmək istəyirdi.
Tofiq danışırdı ki, tavada qızardılmış balıq sıçrayıb şappıltı ilə onun alnına dəyəndən sonra ovxalanıb boşqaba tökülüb. Danışdıqca tərləyən daz başının eyni yerini ovcunda xışmaladığı qatlı dəsmalın eyni üzü ilə pəsinib usanmadan silirdi. Elə bil başına yuxarıdan düşən damcının bir azdan qurtaracağına əmin idi. Ölgün, yağsoy baxışları gah professorun, gah da onun sifətindən sürüşüb yerə tökülürdü. Qarşısındakı adamın professor Gülməmmədov olduğu yadına düşəndə diksinib özünü yığışdırır, fantaziyasına hədd qoymağa çalışırdı. Ancaq çox keçməmiş yenə özünü unudub nağıl danışmağa başlayırdı.
Sonra Tofiq, özünün dediyinə görə, indiyədək xəcalətini çəkib qurtara bilmədiyi bir hadisəni danışdı.
–Xəcalətimdən indi də ölüb yerə girirəm, – Tofiq gülümsünüb girmək fikrində olmadığı daş döşənmiş yerə baxdı.
Dedi ki, cavan vaxtı onlar rayona istirahətə gedəndə necə olubsa, pulları qurtarıb və özlərilə apardıqları qızlardan birini yaxınlıqdakı məşhur seyid ocağına satmaq fikrinə düşüblər. Əvvəlcə sərxoş halda getmək istəyiblər, sonra işə ciddiyyət görüntüsü vermək üçün ertəsi gün ayıq başla getmək qərarına gəliblər. İki oğlan, bir qız, həyətə girən kimi bunların yerişindən, duruşundan gözü su içməyən qoca seyid qaçıb evdə gizlənib və xeyli xahiş-minnətdən sonra gəlib görüşüb.
–Bu qadın sənin arvadındır? – uzun qəddi bir qədər əyilmiş, ağ saqqalı və əlləri yüngülcə əsən seyid ağlını Allah almış kimi bundan soruşub.
Tofiq fikirləşib və cavab verib:
–Yox, bu qadın mənim arvadım deyil. Bu qadın qəhbədir. Gətirmişik satmağa.
Qadın susub, çaşmış seyid ondan da möhkəm susub və nəhayət, soruşub:
–Bununla sən məni təhqir etmək istədin, ya qadını?
–Heç birinizi, – Tofiq cavab verib. – Mən elə dedim ki, sən nə aldığını biləsən.
Ortaya yenə sükut çöküb. Ancaq nədənsə sükut çox ağır və gərgin alınmayıb, yüngül keçib.
–Mənim yerimdə siz olsaydınız, bu qadını alardınızmı? – seyid sakitcə onun gözünə baxıb.
–Əlbəttə! – o deyib. – İyirmi üç yaşında, ağzında bir çürük dişi yox, qaşı-gözü yerində, texnikum diplomu da sandıqda... Bilirsən, yataqda nə tufan qaldırır? Ömrün boyu görmədiyin ləzzəti alarsan.
Seyid nə fikirləşibsə, gedib o biri otaqdan dəsmala bükülmüş bir dəst iyirmibeşlik pul gətirib qoyub bunların qabağına və deyib:
–Nə qədər lazımdır götürün.
Onlar da hotelə, restorana olan borclarını və yolpulunu hesablayıb pulu artıqlaması ilə götürüblər.
–Malı sabah gətirib təhvil verəcəyik, – Tofiqin dostu seyidə deyib.
Seyid daha başını qaldırıb bunların üzünə baxmayıb. Yalnız qapıdan çıxanda arxalarınca mızıldanıb:
–Sizin mənə üç borcunuz yarandı: biri maddi, biri əxlaqi, biri də mənəvi. Birincini keçirəm. İkincini sizin öz öhdənizə buraxıram, çünki onun şəri yalnız sizə aiddir. Amma üçüncünü qaytarmaq lazımdır.
Tofiq dedi ki, indiyədək bəlkə on dəfə o seyidin evinin yaxınlığından keçib, amma hər dəfə ona baş çəkib üzrxahlıq etməyə nədənsə cəsarəti çatmayıb. Sonra da seyidin öldüyünü düşünüb bu işi həmişəlik unutmağa çalışıb. Amma unuda bilməyib və hələ də xəcalətindən ölüb yerə girməkdə davam edir.
–Sən təcili gedib o kişinin borcunu qaytarmalısan, – professor Gülməmmədov dedi.
–Axı o çoxdan ölmüş olar.
–Fərq etməz. Yunus Əmrə deyib: “Yüz kəbədən yeyrəkdir bir könül ziyarəti”. Sən o deyən borcu necə qaytaracağın haqda fikirləş. Əsas məsələ odur. Elə deyilmi, Yasin bəy?
Yasin bəy bayaqdan borcun qaytarılması yox, qız haqqında düşünürdü. Qız iki halda dinməzdi: ya həqiqətən özünü qəhbə sayacaq həddə enmiş olmalı idi, ya da belə sözlərdən və münasibətlərdən keçib çox yuxarıda dayanmış biri olmalı idi. Heç biri ağlabatan görünmürdü. Ona görə əvvəlcə məhz bunun izah olunmasına maraq göstərdi.
–Bəs qızın bu alverə münasibəti necə idi? – soruşdu.
–Qızın xoşuna gəlirdi, – Tofiq dönüb onun üzünə baxdı və yağsoy baxışları xeyli quru göründü.
–Nə, “qəhbə” sözü?
–Yo-o-ox... – Tofiq tələsik cavab verdi və buradaca öz şübhəsini bildirərək yenə gülümsündü. – Nə bilim, bəlkə də...
Borcların qaytarılmasını professor “niyyətin təmizlənməsi” kimi qiymətləndirirdi. Onun fikrincə, niyyətin təmizliyi borcun dərəcəsindən asılı olaraq yola çıxmış adamın uğuruna mütləq təsir edir. O dedi ki, borcu bilavasitə və dolayısı ilə qaytarmaq mümkündür.
–Yaddaşa əzab verən xatirələri yazmaq həm də böyük etirafdır, yəni borcun dolayısı ilə qaytarılmasıdır, – professor yavaş-yavaş ovxaladığı, daha doğrusu, pişik kimi özünü yalayan əllərinə baxa-baxa dedi. – Əgər borcu dəyərində qaytarmaq mümkün deyilsə, etiraf müəyyən mənada o dəyəri əvəz edə bilər.
Sonra professor borcun günaha çevrilmə xüsusiyyətlərini, səbəb və nəticələrini izah etdi. Bu çox çətin bir izahat, daha doğrusu, mürəkkəb bir proses idi.
–Bəlkə sən mənə kömək eləyəsən? – professorun evindən çıxıb maşına oturanda Tofiq ona dedi.
–Nə mənada? – o dedi.
–Bir yerdə gedərdik seyidin ocağına, iki-üç saatlıq yoldu buradan. Qəbrini ziyarət edərdik... Baxardıq görək nə alınır.
–Yaxşı olar sən o dostlarınla gedəsən.
–Dostum xaricdədi, qızın da ailəsi-uşağı var...
–Onda təkbaşına tərləməli olacaqsan, – o dedi. – Bu elə məsələdir ki, hər kəs özü öz çulunu sudan çıxarmağı bacarmalıdır.
22
Qəssab əti ipdən şaqqa-şaqqa endirib kötüyün üstündə sənətin qanunlarına uyğun şəkildə doğraya-doğraya “Qoyunu qoyun, keçini keçi ayağından” xalq havasının son akkordlarını dəhrədə yüksək peşəkarlıqla vururdu. Belə ki, o, ölçülərini göydə müəyyənləşdirdiyi hər tikəyə dəhrəni bircə dəfə endirməklə sümüyün əzilib qəlpələnməsinə yol vermir, bütün ətlərin qənimi bıçağın xidmətindən bu mərhələdə, demək olar ki, istifadə etmirdi. Qurbanlığın sahibi rolunda çıxış edən Səidənin göstərişi ilə bozbaş üslubunda doğranıb kötüyün böyründəki qazana yığılan ət qüdrət halvasıtək artırdı. Bu halda, kabablıqdan fərqli olaraq, düz xətt üzrə ortadan bir zərbəyə baltalanan qabırğaların və ətin başqa hissələrinin üzərindəki nazik bətn pərdəsini soymağa da ehtiyac qalmırdı.
Səidə ərinin kreslosuna yaxın yerdə süfrə açıb ətin tam doğranıb qurtarmasını gözləyirdi ki, payları bölsün. Gözüyumulu uzanmış Səməd Misiroğlu ətrafdakı səsləri eşidir və özünün mal-mülk baxımından zəngin adam olmadığına şükür etməyə çalışırdı. Arzularının bir hissəsi tökülüb şəhərin küçələrində, şəhərlə kənd arasındakı çöllərdə, yollarda qalmışdı, zəngin olsa, onları da yığıb-yığışdırardı. Onda nə olacaqdı? Özünün, arvadının, oğlunun, qohum-əqrəbasının, tanış-bilişinin əziyyəti, qayğısı bir qədər azalacaqdı. Azalacaqdı, ancaq yenə də heç zaman tükənməyəcəkdi. Gör, bu dünyadan kimlər, nə qədər dərdsiz, azar-bezarsız, xoşbəxt yaşayan insanlar, şahlar, padşahlar gəlib keçib! Əvvəllər bu dünyada arzusu qalamayan gənclər intihar edirdi, indi arzularına çata bilməyəcəklərini hiss edənlər gedir. Dünyanın bütün naz-nemətini Səidənin qurbanlıq əti kimi təsəvvür edib o ətin bir tikəsini belə yemək üçün mürgüləyən canında iştaha işartısı tapa bilmədi. O, iştahadan düşmüş zəngin bir qocanın öz yanında iştaha açmaq üçün yeyib-içən kələ saxladığını eşitmişdi. Deyilənlərə görə, sonradan məlum olmuşdu ki, təkcə iştahaaçan roluna qane olmayan kələnin iştahası başqa şeylər də istəyəndə qoca onu güllələmişdi. Nə qocanı, nə də kələni şəxsən tanıyan vardı, çox güman ki, bu kiminsə uydurması idi, yemək-içmək, firavanlıqla bağlı olduğu üçün dildən-dilə keçmişdi.
Küçədən gələn maşın, adam səsləri həyətin sakitliyini Səməd Misiroğlunun mürgüsü ilə bərabər dağıtdı. Səməd gözlərini açıb qonaqları darvazanın bu üzündə görəndə başa düşdü ki, bayaqdan bəri bu həyətdən qətl hüznünü qovmaq üçün arzuladığı məhz qonaq imiş. Gəlib çıxdılar: Aysel və qızı. Qabaqda onların məşhur qara pişiyi “Bunçuq”, arxasınca da özləri darvazadan içəri keçib həyətin ora-burasına boylandılar və birbaşa səkiyə tərəf addımladılar: Aysel, qızı Məleykə və pişik. Üçü də qapa. Daş pillələrin üstündəki işıqlı payız naxışlarını ehtiyatla ayaqlayıb yuxarı qalxdılar və Səmədin gün qızdırmış, tərtəmiz yanağından öpüncə Səidə də əllərini silə-silə özünü yetirdi.
–Nə yaxşı gəldiniz! – Səidə dedi. – Qulağımız batmışdı bu çölün düzündə.
–Getdik ziyarət elədik, dedik, keçək bu yana görək, nə var, nə yox, – Aysel dedi.
–Allah rəhmət eləsin! – Səidə mızıldandı.
–Yenə getdi uzandı qəbrin üstündə, gözlərini də yumdu, – Aysel pişiyi göstərdi. – Durğuzub gətirməsəydik, oradaca qalasıydı.
Pişik söhbətin ondan getdiyini eşidirmiş kimi gözlərini geniş açıb dinlədi, sonra çoxdan görmədiyi həyətin ora-burasına boylandı.
–Biz də qurban kəsmişik, – Səidə dedi. – Adilin qızına demişdim. Şükür hər şey yaxşı oldu.
–Allah qəbul eləsin, – Aysel dedi. – Bunçuq, get qəssabın yanına, sənə də bir tikə qurban əti versin.
–Get, Bunçuq, get, – Məleykə də pişiyi yönləndirdi.
Bunçuq səssizcə dönüb pilləkənləri aşağı düşdü, qəssabın da xüsusi dəvətini gözləyəndən sonra quyruğunu qaldırıb əda ilə ətə doğru addımladı. Onun təntənəli yerişi, daşın üstünə atılmış ət tikəsini diqqətlə iyləyəndən sonra sanki çəngəl-bıçaq götürərək incə dişləmlərlə yeməyə başlaması qəssabın usta gözündən yayınmadı.
–Qulturnu pişiyə oxşuyursan, – qəssab ona göz vurdu. – Heyvanlar aləmində qultura işə yaramaz. Gücün, qüvvətin, bijliyin olmasa, acından ölərsən.
Qəssab doğranmış ət qazanını aparıb səkiyə qoydu, qayıdıb dərini arabanın içinə sərdi və qoyundan qalan nə vardısa, hamısını ora yığdı.
–Allah qəbul eləsin! – deyib getdi. Darvazadan çıxanda geri dönüb səsləndi ki, maşının işıqları yana-yana qalıb.
Məleykə işığı söndürməyə getdi.
–Maşallah, çox qəşəng qız olub Məleykə, – Səməd gülümsündü. – Oğlumuz olsa, alardıq.
–Ayın 14-də diplom işinin müzakirəsi oldu. – Aysel dedi. – Xeyli təriflədilər. Amma qeydlər də vardı. İndi onları düzəldir.
–Çox yaxşı, – Səməd dedi. – Sənin öz işlərin necədi?
–Məni keçirdilər iqtisadiyyat idarəsinə. İndi yaxşıdı, həm birbaşa ixtisasımdı, həm də evə yaxındı.
Bunçuq Məleykənin arxasınca getdi. Sağsağan onun gəmirib qurtarmadığı sümüklü tikəni götürüb qonşu binalara tərəf uçdu. Sağsağanın əraziyə ciddi nəzarət təqdirəlayiq idi.
Səidə səkidə açdığı süfrənin üstündə qurban ətini paylara bölməyə başladı. Bölüb paylaşmağa bir şey olanda, bu iş hər kəsə ləzzət verir. Olmayanda bulağın gözü tutulur, bulaq yavaş-yavaş unudulur, köhnəlib dildən və nəzərdən düşür. Sonra o bulağın şəfalı suyu ayrı bulağın gözündən qaynayıb çıxır. Beləcə, eynən adamlarda olduğu kimi, yalnız ad dəyişir. Mahiyyət isə başqa ünvana və məkana aidiyyəti ilə dəyişilməz qalaraq köçün davamına qoşulur.
–Məleykə ölkədən getmək istəyir, – Aysel gözəyarı bölgüdə Səidəyə kömək edib qurtarandan sonra dedi. – Qalmışam belə, nə “get” deyə bilirəm, nə də “getmə”.
Məleykə hələ son qərara gəlməmiş kimi, gözlərini qıyıb yolunu dönməkdə olan qırmızımtıl günəşə baxırdı. Anası onun yerinə danışırdı. Deyirdi ki, iki uşağı olsaydı, nə vardı ki!
–Qədimdə deyirdilər, qaçan ev olsaydı, oturanın bağrı çatlayardı, – Səidənin yarası qövr elədi. – Odey, bizimki gedib oturub xaricdə. Xoşbəxt olub, ya bu yaşımızda nəvələrimizin üzünə həsrət qoymaqla bizi xoşbəxt edib?
–Əslində, rəhmətlik özü də hərdən deyirdi ki, çıxaq gedək, çərlədik burada söz ütüləməkdən, – Aysel fikirli-fikirli dedi.
–Bir də “göz ütüləməkdən” deyirdi. Bilmirəm, qafiyə xətrinə deyirdi, ya müəyyən yaşdan sonra ətrafa baxmaq da problem olur.
–Olur, olur, – Səməd ağır-ağır başını tərpətdi.
–Əmi, sən nə deyirsən mənim bu utopiyama? – Məleykə birbaşa ondan soruşdu.
Suala cavab verməli olacağını bilirdi. Yüz dəfə fikirləşmişdi ki, vaxtında bunu dərk etsəydi, özü də çıxıb gedərdi. Ancaq oralarda daimi yaşaya biləcəyinə arxayın deyildi. Yaşlaşdıqdan sonra isə bütün miqrasiyaları təkzib edərək düşünürdü ki, insan doğulduğu yerdən çox uzağa getməməlidir, orada yaşayıb, orada da ölməlidir. Ancaq gəncliyin dingiltilərlə dolu öz qanunları var: dünyanı gəzmək, görmək, zövq verən hər şeydən dadmaq, doymaq və özünün kimliyini dərk etmək. Bu mənada o, kimsəni yolundan saxlamaq fikrində deyildi.
–Görürsənmi, Yasin yoxdur, amma onun bu dünyada ən çox sevdiyi adamlar olaraq siz varsınız, – o dedi. – O heç nəyə xətir sizdən ayrılmazdı, ancaq həyat sərt, ölüm amansızdır, ayırdı. Yəni bu dünyada hər kəs öz həyatını yaşasa da, sonu yoxdur. Yeganə çıxış yolu, onu istədiyin kimi, yəni ağılla, zövqlə yaşamaqla fələkdən intiqam almaqdır. Sənin ixtisasın səni heç yerdə ac qoymaz. Qalan şeyləri öyrənmək elə də çətin deyil.
Onlar Səidənin mürəbbələri ilə çay içə-içə bu haqda xeyli danışdılar və bu qərara gəldilər ki, iki yüz illik problemi çözməyə gücün yetmədiyini nəzərə alaraq ondan müvəqqəti çıxış yoluna qədəm qoymaq olar. Sonrası daha yaxşı olanda getməyə ehtiyac qalmaz.
Səidə payları götürüb qonaqlarla getdi. O isə həyətdə tək qalan kimi darıxmağa başladı. Mürgüsü qaçdı, fikirlərindəki bayaqkı aydınlıq və rəvanlıq yoxa çıxdı. Özünü yalnız bu həyətdə deyil, bütün dünyada tənha hiss edərək xoflandı və neyləyəcəyini bilmədi. Başa düşdü ki, Səidəsiz bu ölkədə də, bu dünyada da yaşamaq onun üçün çətin olar. Gün dolanıb gedirdi, ömür də gedirdi. O isə heç nə eləyə bilmirdi. Özünü bu həyətə kəsilməyə gətirilmiş qoyuna oxşadırdı. Qoyun kəsiləcəyini bilmirdi, birdən yapışdılar buynuzundan, bıçağı çəkdilər boğazına. O isə bilir. Bilir ki, hamı kimi bir gün onu də kəsəcəklər, amma heç nə eləyə bilmir. Yer kürəsi üzərindəki ölkələr, rəislər və nökərləri ilə birlikdə o qədər böyük və dəhşətli bir gərdişlə hərlənirdi ki, özünü qoyundan da kiçik bir cücü kimi hiss edirdi.