Kulis.az tanınmış yazıçı Səfər Alışarlının “Başqa estetika, başqa mədəniyyət” essesini təqdim edir.
Tolstoyun məşhur “Hacı Murad” povestini necə başladığı yadımızdadı. Təxminən belə:
Bir dəfə çöldən qayıdanda yabanı güllərdən bir böyük dəstə bağlamışdım. Arxın çökəkliyində çiçəkləmiş qəşəng qanqalı görəndə, onu dərib gül dəstəsinin ortasına qoymaq keçdi könlümdən. Aşağı enib, qanqal gülünü qoparmaq üçün xeyli əlləşməli oldum: özək çox möhkəm və tikanlı idi, qırılmaq bilmirdi. Mən əlimə dəsmal dolayıb onu tiftik-tiftik qoparmağa məcbur oldum və nəhayət, gülü birtəhər dərəndən sonra gördüm ki, o bayaqkı şuxluğunu və təravətini büsbütün itirib.
Bədii əsərə belə girişin ədəbiyyatşünaslıqda öz adı var. Gərək ki, rusca ona “xudojestvennoye obramleniye” deyirdilər, ya nəsə bir az ayrı cür. Amma sözüm onda deyil. Mən uzaq gənclikdə “Hacı Murad” povestinin bu girişini ilk dəfə oxuyanda qəribə hislər keçirdim. Məni bir az da müəllifin ənənəvi rus dünyasından kənarda duran ekzotik mövzuya “patriotik” həvəskarlığı üşütdü. Hərçənd ki, povest məhz Tolstoyun mənəvi axtarışlarının yekunlaşdığı illərdə, onun xristianlıqdan qoparaq islamı qəbul etmək haqqında fikrinin qətiləşdiyi bir zamanda, XX əsrin ilk illərində yazılmışdı. Bütün dünya mətbuatının “Kommunist”, “Şərq qapısı” və “İşıqlı yol” qəzetlərindən, bütün dünya ədəbiyyatının isə yumşaq desəm, kolxoz rəzalətindən ibarət olduğu o zamanlarda, doğrusu, mən Şamil hərəkatının əsl mahiyyətini, Hacı Murad şəxsiyyətinin qüdrətini yetərincə qiymətləndirmək imkanında deyildim. Mən qanqalın eşşək gülü olduğunu, yəni ümumiyyətlə, gül sayılmadığını Tolstoyun bilməməsinə öz içimdə uzun zaman güldüm. Hətta sonralar qanqalın Rusiya çöllərində bitdiyinə də bir az şübhə etdim. Ola bilər ki, çəhrayı sap ləçəkli yumru qanqal gülünü də Tolstoy məhz Qafqaz dağlarında görmüşdü.
Bizim üçün gül – yalnız qızıl gül idi. Bizim həyətimizdə onun kolları bitirdi, ətri bütün küçəni bürüyürdü, onu qurudub ədva kimi qışa saxlayırdılar, ondan mürəbbə bişirirdilər. Nəhayət, bütün kolxoz rəzalətilə dolu ədəbiyyatın böyründə mənəvi oazis kimi duran sevgi dastanlarında bu gül ən gözəl quş müğənni bülbülün daim ağuşuna can atdığı bir cənnət məkanı idi. Yoxsa, qanqal?! Qanqalı biz nəinki “gül” deyə dərib güllərin ortasına qoya bilməzdik, onu heyvan yemi kimi biçdiyimiz otun içində görəndə belə götürüb kənara atırdıq ki, tikanı əl-ayağımızı dalamasın. Tolstoy onu dərmək üçün xeyli əlləşir, saplağını tiftik-tiftik edərək qoparır və sonra da dərdiyinə peşman olaraq deyir ki, bu gülün güclü həyat eşqi, ölümə müqaviməti Qafqazda Hacı Muradın əhvalatını mənim yadıma saldı.
Yeri gəlmişkən, belə bir güllü-çiçəkli bəzətmə Lermontov qələminin də Qafqaz sürüşməsində özünəməxsus tərzdə zühur edir. Qumuq qızı Bela Peçorinlə ilk dəfə öz qardaşının toyunda görüşəndə rus zabitinə o cür tolstoyfason bənzətməli “xoşgəldin” improvizasiyası edir: “Bizim igidlərin hamısı boy-buxunludu, onların libasını gümüş tikmələr bəzəyir, cavan rus zabiti isə onların arasında qovaq kimi qamətlidi, sinəsində qızılı zər-baftaları var, amma o bizim bağçamızda bitməz, çiçəkləməz.”
Tarixi düşməninə böyük itkilər bahasına qalib gəlmiş xalqın müəllifi məğlublar haqqında nə yazmalı idi ki? Təbii, bu başqa bir mövzudur.
Əgər mən qanqalı “gül” deyə evə gətirib stolun üstünə qoysaydım, yəqin ki, evimizdə hər kəs mənə gülərdi. Tolstoy boyda dahi, azadlıq uğrunda döyüşən Qafqaz kişisi Hacı Murad obrazının yüksək milli və insani keyfiyyətlərini məhz qanqal gülünün möhkəmliyi, sərtliyi və yad təsirə tikanlı müqavimətilə müqayisə edir. Məncə, biz bunu belə eləyə bilməzdik: qanımızda daşıdığımız ədəbi estetik ənənələr, içərisində böyüdüyümüz mədəni çərçivələr buna imkan verməzdi. Ən yaxşı halda Mayakovski kimi belə adamlardan dünyanın möhkəm mismarını düzəltməyi bədii təxəyyülümüzə sığışdıra bilərdik. Amma Tolstoy başqa estetikanın təmsilçisi idi. O qərb mədəniyyətinə bağlı rus təmayülçüsü kimi, gülün yalnız qızılgüldən ibarət olmasını başqa güllərə qarşı ədalətsizlik sayan mədəniyyətin yetirməsi idi. Biz isə yalnız qızılgülü gül sayırdıq. Biz indi də eləyik. Şərq peyğəmbərlərinin hamısı onlara ilahi tərəfindən verilmiş peyğəmbərliyi sübut etmək üçün mütləq möcüzə göstərməli olublar. Hətta bundan sonra da Musaya, İsaya, Məhəmmədə şəkk gətirən vətəndaşların sayı azalmayıb.
O zamanlar Tolstoyun vətəni bizim doğma vətənimizdən çox da abad deyildi və faktiki bütün dünyaya hakim olan feodal özbaşınalığının təzahürlərilə idarə olunurdu. Həmin Rusiya haqqında Lev Nikolayeviçdən az öncə maarifçi A.Radişşev belə deyirdi: “Mən ətrafıma baxdım, ruhum insanlığın çəkdiyi əzablardan zəhərləndi”. Amma Tolstoy Şərq mədəniyyətini və estetik düşüncəsini həzm edərək onu praqmatikcəsinə müasirliyin xidmətinə qoymuş Qərb fəlsəfəsinin və ictimai fikrinin yetirməsi idi. Onda Rusiya, əlbəttə, təkcə Tolstoylardan ibarət deyildi. Tolstoy həyatın yalnız ilahi həqiqətlərdən, gözəlliyin yalnız və yalnız həqiqətdən ibarət olduğunu, qalan şeylərin isə insan üçün “əyləncəli zamanöldürmə aləti” kimi mövcudluğunu dərk etmiş ilk qaranquşlardan idi və gündəliyində sonuncu haqda belə yazırdı: “Deyirlər, bir qaranquşla bahar olmaz. Bir qaranquşla bahar olmaz deyə, baharı artıq hiss etmiş o bir qaranquş uçub gəlməməli, gözləməlidirmi?”
Özgə mədəniyyətinin estetik dəyərləri indi bizim həyatımıza daha sürətlə daxil olur. Bu, təkcə bizdə belə deyil, proses bütün dünyada gedir. Bütün mədəniyyətlər öz əbədi, həqiqi dəyərlərini bu axının içində qorumağa, onlara müasir tələbatda yer ayırmağa çalışır. Bizim dostluq və əməkdaşlıq etdiyimiz Tolstoy vətəni Rusiya bu estetikanı qorumağın ən optimal yolu kimi sovet sistemi dəyərlərini kultivasiya etməyə çalışır və təəssüf ki, bu estafeti öz himayədarlığı altında yenə də başqa xalqlara ötürmək istəyir.
İdeoloji, “milli çərçivələrdə” özünəqapanmanın heç bir xalqa, heç bir dövlətə xeyir gətirmədiyini tarix dəfələrlə sübut edib. Xüsusilə bu qapanma başqa, yad bir mədəniyyətin hegemon patronajı və uydurma konsepsiyalarının kölgəsində baş verdikdə özü ilə fəlakət gətirir.
Azərbaycan müstəqillik illərində mədəniyyət estetikasının inkişafı baxımından çox irəli gedib, təbii, müəyyən itkilərimiz də var. Onsuz olmur. O şeyləri ki, bütün dünyanın mədəni axınları yuyub apara bilir, deməli, onların əslinə və həqiqi milli dəyər olduğuna şübhə ilə yanaşmaq olar. Klassikanı bir daha təkrar edirəm: yalnız həqiqi olan şey gözəl ola bilər. Həqiqətdən kənarda gözəllik yoxdur.