Bakıda “hərf yığan” axtarılır, “qupçaların düzəldilməsi”nə kömək göstərilir-FOTO

Bakıda “hərf yığan” axtarılır, “qupçaların düzəldilməsi”nə kömək göstərilir-FOTO
15 may 2013
# 07:15

Dayanacaqlara, küçə divarlarına vurulan "Təcili işçi tələb olunur" elanı ilə yəqin ki çox qarşılaşmısınız. Bu elanlarda adətən ali təhsillə bağlı diplom tələb olunmur və 300-600 manat, bəzən bir qədər də çox maaş vəd edilir.

Açığı heç vaxt bu elanların dalınca düşüb özümə iş axtarmamışam, heç yaxınlarıma da məsləhət görməmişəm. Əslində ona görə ki, bu tip elanlar və onların köməkliyi ilə işə düzələnlərin sonrakı taleyi ilə bağlı nə qədər istəsəniz yazılar oxumuşam. Yaddaşımı qurdalasam bəlkə özüm də yazmışam. Bir sözlə, bu tip elan və firmaları həmişə qeyri-ciddiyə almışam.

Hə, məhz qeyri-ciddiyə. Axı, elə şəkildə gördüyünüz bu elanı oxuyub, bu firmaya-adını lap özlərinin də dediyi kimi işədüzəltmə məntəqəsi qoyaq-necə ciddi yanaşasan?

Elandan da göründüyü kimi bu məntəqə Bakı şəhərində yerləşən “Tərlan” şadlıq sarayının yaxınlığında yerləşir. Diqqətlə fikir verin, bu firma və ya məntəqənin yerləşdiyi ünvanının adında, 6 (?) səhv var.

Elanda onun təklif etdiyi iş yerləri göstərilir. Dayəyə «nianka» -«nyanka» da yox ha,- mühafizəçiyə «axran» (oxran əvəzinə), deyən, afisant (?) kimi iş yerləri təklif edən firma daha sonra bir qədər də irəli gedir. Bu məntəqə –firma mülkü sahədə hüquqi köməklik də göstərirmiş. Nə köməklik olsa yaxşıdır? Özünüz oxuyun: «Abyekt qupçalarının alınmasına köməklik». Hansı obyekt sahibi “obyekt” sözünü düz-əməlli yaza bilməyən bir firmayla iş görər?

Bu məntəqə «xisusi məktəblərə qeydiyyat»a da köməklik edir. Düzdür, xüsusi sözünü elə beləcə də yazıblar «xisusi». Amma bu xüsusi məktəblərin də nə olduğunu anlaya bilmədik.

İşədüzəltmə məntəqəsi hərbçilik və stomatoloq işinə də adam götürür, ya hazırlayır, onu da anlamaq zor bir işdir. Amma «abyektlərin kirayələnməsi»ndən belə anlaşılır ki, söhbət obyekt icarəsindən gedir.

Məntəqənin elanında nəyə isə «qomgt qomaq» da təklif olunur. Bundan başqa «hərf yığmaq»-bu nəsə yeni peşə növüdür-işinə də adam axtarılır.

Elanın sonunda isə ofisin telefon nömrələri göstərilib. Bu elan bu da siz. Həvəsiniz varsa, gedin özünüzü yoxlayın. Bəlkə «axran», ya da «hərf yığan» işinə düzələ bildiniz...

# 3657 dəfə oxunub

Müəllifin son yazıları

# # #