Dəfninə sevgilisinin buraxılmamasını vəsiyyət edən məşhur yazıçı

Dəfninə sevgilisinin buraxılmamasını vəsiyyət edən məşhur yazıçı
24 noyabr 2016
# 09:00

I Dünya müharibəsi və Krıma köç

Ötən əsirdə yaşamış yəhudi əsilli Ayn Randın əsl adı Alisa Rozenbaum olub. 1905-ci il fevral ayının 2-də Sankt-Peterburq şəhərində əczaçı ailəsində doğulan Alisa çox erkən yaşlarından yaşıdlarından fərqlənmişdi. Dörd yaşında oxumağı və yazmağı bacaran balaca qızcığaz, doqquz yaşı olanda, artıq yazıçı olmaq istədiyini müəyyənləşdirir. O, ilk dəfə öz fantaziyalarına əsaslanıb xırda hekayələr yazmağa başlayır.

On iki yaşı olanda siyasətlə maraqlanmağa başlayır. 1917-ci ilin fevral inqilabından sonra onun hekayələrindəki siyasi mövzular ortaya çıxarılır. Elə həmin il Alisa onun yaradıcılığına güclü təsir etmiş Viktor Hüqonun nəsri ilə tanış olmağa başladı. On iki yaşından Kerenski hakimiyyətini dəstəkləyən Alisa bolşevik çevrilişinin şahidi olur. Atasının əczaxanası bağlandıqdan sonra Rozenbaumlar ailəsi müharibədən qaçaraq Krıma köçür. O, orta məktəbi orada başa vurduqdan sonra ailəsi birlikdə yenidən Peterburq şəhərinə qayıdıb universitetə daxil olur. Fəlsəfə və tarix üzrə araşdırmalara başlayan Alisa Nitşenin əsərləri də məhz universitet illərində tanış olur. 1924-cü ildə universitetdən məzun olan Alina haqqında təhqiqat başlanır. Bunun ardınca isə kommunistlər universitetin səlahiyyətlərini öz əllərinə keçirirlər.

Həyatının çətinləşməsinə baxmayaraq qərb filmlərinə olan maraq və sevgisi onu 1925-ci ildə Amerikaya getməyə və kino sənəti universitetinə daxil olmağa sövq etdi. Sovet İttifaqı rəsmilərinə səfərinin qısa olacağını bildirsə də, bir daha Moskvaya qayıtmayacağına əmin idi.

Çap maşınının adına uyğunlaşdırılan təxəllüs

1926-cı ilin fevral ayında Nyu-Yorka çatan Alisa altı həftə Çikaqoda qaldıqdan sonra vizasının vaxtını uzatdırıb ssenari yazarı olaraq Hollivuda gedir. İyirmi bir yaşlı Alisa yazıçı kimi Amerikada fəaliyyətə başlayır və özünə istifadə etdiyi “Reminqton Rend” markalı yazı makinasının adına uyğunlaşdırmış olduğu Ayn Rend təxəllüsünü götürür.

Hollivudda gəlişinin ikinci günü kinostudiyanın qarşısında dayanarkən gələcək həyat yoldaşı olan Frank O Konnor ilə tanış olur. Daha sonra “Kralların kralı” filmində mətn oxuyucusu olaraq işə götürülən Ayn bir müddət sonra ədəbi yaradıcılığa başlayır. O, ssenari və pyeslər yazıyır. Lakin, ilk cəhd uğursuz olur. Ayn ofisiant və teatrda asılqançı kimi işlərdə işləyir.

1929-cu ildə Ayn Frank O Konnor ilə ailə həyatı qurur. Evli olduğu illərdə Frank onun həm dostu, həm redaktoru, həm də sevimli insanı olsa da Ayn heç vaxt ərinin soyadını qəbul etmir. O, hər zaman məşhur yazıçı olmağa can atır və bunu öz soyadı altında gerçəkləşdirmək arzunda olur.

“Biz canlıyıq” və qayçılanan filmlər

1933-cü ildə O, “Çardaqdakı əfsanə” adl ilk pyesini tamamlayır. Növbəti ildə o, “Brodvey” teatrında işləməyə başlasa da, bu çox davam etmir. 1936-cı ildə isə onun “Biz canlıyıq” romanı işıq üzü görür. Romanın əsas qayəsi Rusiyadakı totalitar rejimə qarşı etiraz olur. Rend həmin romana çox böyük qüvvə sərf edərək altı il müddətinə yazıb ərsəyə gətirir. Tənqidçilərin və Amerika oxucularının o qədər də diqqət mərkəzində olmayan həmin roman İtaliyadakı bir film şirkəti tərəfindən Rendın xəbəri olmadan iki dəfə ekranlaşdırılır. Hər iki film Benito Mussolini hökuməti rəsmiləri tərəfindən senzuraya məruz qalıb qayçılanır. Fəqət hər iki film anti sovet mahiyyətli olduğundan yayınlanması üçün ekranlara təhvil verilir. Filmlər böyük müvəfəqiyyət qazanır. İzləyicilər əsərin kommunizmə olduğu qədər faşizmə də qarşı etiraz xarakterli olduğunu tezliklə başa düşürlər. Bununla da hökumət həmin filmlərin nümayişinə qadağa qoyur. Bir müddət sonra Rend özü filmləri əldə edir. 1986-cı ildə onun razılığı ilə təkrar nümayişinə icazə verilir. “Biz canlıyıq” romanı isə iki milyondan çox tirajla dünyaya yayıldı.

1937-ci ildə yazıçı özünün həcmcə o qədər də böyük olmayan “Himn” povestini yazır. Onun növbəti məşhur romanı “Həyatın qaynağı” əsəri oldu. Yeddi ilə yaxın yazdığı irihəcmli roman on iki nəşriyyat tərəfində həddindən artıq intellektual və Amerika düşüncə tərzinə qarşı olduğu üçün rədd olundu. Nəhayət əsər “Bobbs-Merrill” nəşriyyatı tərəfindən 1943-cü ildə nəşr olunur. Bu roman yazıçıya çox böyük uğur qazandıraraq klassik əsər şöhrəti qazandı. Ayn Rand da həmin romanla bərabər qadın filosof məşhurluğunu əldə etdi. O, 1943-cü ilin sonunda “Həyatın qaynağı” romanının ssenarisini yazmaq üçün Hollivuda yola düşür. Lakin, II Dünya Müharibəsi üzündən ssenarinin yazılması 1948-ci ilə qədər təxirə salınır.

Ən böyük romanla birgə yaranan ehtiraslı məhəbbət

Rend 1957-ci ildə özünün ən böyük romanı olan “Atlas silkindi” əsərini yazır.

1960-cı illərdən başlayaraq o, fəlsəfi əsərlərini yazmaqla yanaşı universitetlərdə mühazirələrlə çıxış edir.

Frenklə ailəli olduğu dönəmlərdə hər kəs onların evliliyinə qəribə yanaşırdı. Ətrafdakı insanlar Ayn kimi güclü qadının xasiyyətcə zəif və mövqeyi bəlli olmayan Frenkə necə yollaşdığına təəccüb edirdilər.

Frenkin ailəsi də Rendi bir o qədər bəyənmirdilər. Onların fikrincə Rend çox zövqsüz və vasvası qadındı. Əslində Rend həqiqətən də Frenkə qarşı həddindən artıq diqqət göstərirdi. Onlar süfrə arxasında xörəklərini yeyib bitirdikdən sonra Ayn Frenki dondurma yeməyə məcbur edirdi ki, soyuğa və mikroblara qarşı müqaviməti güclənsin. Yoluxucu xəstəliklərdən hədsiz dərəcədə qorxan Ayn bunu müharibə illərində gördüyü dəhşətli xəstəliklərlə əlaqələndirirdi.

Frenk Renddən uşağı olmasını çox arzulayıb. Ancaq o, heç vaxt dünyaya uşaq gətirmək fikrində olmayıb. Əslində isə buna həm də vaxt azlıq edib. İlk dəfə 1930-cu ildə hamilə qalan yazıçı hamiləliyinin ilk aylarında öz istəyi ilə uşağı götüzdürüb.

1950-ci ildə Nyu-Yorka köçən yazıçı 19 yaşlı tələbə Nataniel Brenden ilə tanış olur. Hələ on dörd yaşı olanda Rendin “Həyatın qaynağı” əsərini oxuyan Nataniel Rendlə fəlsəfə haqqında söhbətlərdən zövq alırdı. Onunla görüşə nişanlısı Barbara ilə gələn Nataniellə özündən iyirmi beş yaş böyük olan yazıçı arasında sevgi yaranır. Nataniellə Barbaranın ailə qurması, hətta Barbaranın Aynla yaxın rəfiqə olması bu ehtiraslı məhəbbətə mane ola bilmir. Hər ikisinin evli olmasına baxmayaraq onlar uzun müddət münasibətdə olurlar.

Brenden Rendin sevgilisi olmaqla yanaşı həm də onun yaratdığı cərəyanının aparıcı simalarından biri olur.

Onun son vəsiyyəti...

1968-ci ilin sonlarına yaxın Brenden Rendə xəyanət edir. O, özündən çox cavan aktrisa Patrisiya Qallisona vurulur. Bir müddət sonra Nataniel öz arvadından da ayrılır. Onun bu hərəkəti Rendə çox pis təsir edir. O, Brendenlə olan bütün əlaqələrini kəsir. Və mətbuat vasitəsi ilə Nataniellə olan münasibətlərinin pozulduğunu bəyan edərək özünü karyerasının yüksəlişinə həsr edib təsəlli tapır.

1974-cü ildə fəlsəfənin şahzadəsi adlandırılan Rendin ağciyərində xərçəng aşkar olunur. Taleyin ağır sınağına düşən Rend xarici ölkələrə olan səfərlərini təxirə salır. Universitetlərdə olan mühazirələrinə ara verib özünə qapanır.

1979-cu ildə onun vəfalı dostu, həyat yoldaşı Frenk dünyasını dəyişir. Bu itkidən sonra o, özünü tamamilə yalnız və kimsəsiz hesab edir.

1982-ci ilin mart ayının altısında Rend ömrünün otuz ilini yaşadığı Nyu-Yorkdakı evində ürək çatışmazlığından dünyasını dəyişir.

O, Valxalla ştatının Kensiko qəbiristanlığında ərinin yanında dəfn olunur. Dəfndən əvvəl mərasimin keçirildiyi məkan yazıçının vəsiyyəti ilə dövrələmə nəzarətə götürülür. Buna səbəb isə Nataniel Brendenin onun vida mərasimini ziyarət etməsinin qarşısını almaq olur.

# 3277 dəfə oxunub

Müəllifin son yazıları

# # #