Tik-tok fenomenlərinin məqsədi nədir?

Tik-tok fenomenlərinin məqsədi nədir?
31 yanvar 2023
# 17:00

Kulis.az Samirə Əşrəfin “Yanğına dimdiyində su aparan quş” adlı yazısını təqdim edir.


Bu yaxınlarda, necə oldusa, özümə tiktok hesabı açdım. Əslində, lap düzünə qalsa, özümə normal bir səhifə açıb, izləyici toplayıb piarımı aparmaq, arada imkan olanda, canlı yayımlar açıb xalqı maarifləndirmək, həm də, bir az pul qazanmaq istəyirdim. Bilirsiniz də, insan oğlunun ən zəif damarı da puldur. Yaş artdıqca insanların pula olan hərisliyi də durmadan artır. Başqalarını tənqid etməyimə baxmayın, özüm də insanam axı. Babat da nəfsim, pul hərisliyim var.

Nə başınıza ağrı verim. Belə saf, səmimi düşüncələrlə öz hesabımı yaratdım. Teatr, sənət, kino adına paylaşımlar etdim. İnsafən də pis reaksiyalar gəlmədi. Amma hər dəfə tiktoka girəndə, başımın tükü ayağıma gəldi. Təəccüb hissim hardansa, boy verib gözlərini mənə bərəltdi. Lap o “Komedixana”dakı Həsrət kimi “oya baxdım, buya baxdım”. Təəccübləndim. Hər tiktoka giriş edəndə, təəccübüm bir az da çoxalır, yerini heyrətə verirdi. Biz görmüşük ki, əvvəlcə insan heyrətlənər, qorxar, sonra yavaş-yavaş təəccüblənmək mərhələsinə keçər. Yəqin şokun təsirindən məndə proses əksinə gedirdi.

Nə idi məni bu hala salan? İndi yazacam. Bu günə qədər elə bilirdim ki, qızlar, oğlanlar bizim dövrümüzdəki kimi ən uzağı vatsap mesajlaşmaları ilə kifayətlənir, sevgilərini pünhan saxlayırlar. Mən elə bilirdim ki, adamlar hələ də utana bilirlər, mən elə bilirdim ki, uşaqlar səhərlər məktəbə gedib, axşamlar evə gəlib dərslərini oxuyur, sonra da yıxılıb yatırlar. Mən elə bilirdim ki, dərzi dərziliklə, müəllim müəllimliklə, aktrisa aktrisalıqla, satıcı satıcılıqla məşğul olur. Amma sən demə belə deyilmiş.

Bizim aramızda gəzən dolaşan adamlar, metroda, avtobusda hər gün üz-üzə gəldiyimiz qaraqabaq ciddi simalar sən demə tiktokda bildiyimiz, bilmədiyimiz konsertlər verirlər.

Canlı açıb qışqıran qızlar, düşük-düşük əllərində telefon rəqs edən ərgənlik mərhələsini adlaya bilməyən ortayaşlı oğlanlar, meyxana deyib çırtma çalan məktəbli uşaqlar, yekə-yekə arvadlar, nənələr, babalar, əmilər, dayılar hamısı tiktokda avaralanır.

İndi onların etdikləri, mənə avaralanmaq kimi gösrənir. Amma bu avaraçılıq onlara həm də, yaxşı pul qazandırır. Misalçün, gülərüz Nara, sevimli Seva, cazibədar Ayka profilli qızlar bir az özlərinə əl gəzdirirlər. Burunlarını kəsdirir, dodaqlarına bir, iki qram silikon yeridirlər. Saçlarını dümdüz edib, gecə kimi qaraya boyayırlar. Bir az da telefon effektləri edib hər axşam tiktokda canlı yayımlar açırlar. Bir dəqiqəlik rəqslər edirlər. Ora buralarını əsdirib videolar çəkirlər. Bu videoların üzərinə də Damlanın, Türkanın, Nəfəsin mahnılarından qoyurlar vəssalam. Bu payaşımlardan sonra saxla görüm, Şərq mühitində böyüyən, daim qapalılığa, qızlarda, qadınlarda, anada, bacıda abır həyaya öyrəşmiş oğlanları, kişiləri saxlaya bilirsənmi.

Şərhləri bir qayda olaraq oxumuram. Çünki hamısı standart, şablon fikirlərdir. “Can”, “gözəllik”, “harda yaşayırsan?”, “ən yaxşısını sən edirsən” kimi şərhlər yazılır bu kimi paylaşımlara. İndi deyilənə görə, hələ imkanı olan-olmayan, gözəllik aludəçiləri bu süni, insan əli ilə yaradılmış gözəlliklərə dəyəri çox yüksək olan hədiyyələr də atırlar. Hə, yenə söhbət gedib pul üstünə çıxır.

Hərçənd ki, mən insanlarımızın pula ehtiyacının və tələbatının çox olduğunu danmıram. Amma məncə, həm də bu adamların ciddi sevgiyə, qayğıya ehtiyacları var. Travmalı, zədəli həyatlarla dolu olan insanlar tiktokda təkcə, gülüb əylənmir, onlar həm də, ağlayırlar, isterika çıxarırlar. O gün canlı yayımda ürəyi gedən qadın da gördüm.

Bədbəxtlikdir! İnsan yaşadığı həyatda necəsə müəyyən mənada xoşbəxt, həm də elə müəyyən mənada bədbəxtdir.

Amma tiktok insanları doğrudan da bədbəxtdirlər. Bu insanların gizli heç nələri qalmayıb artıq. Minlərlə insan onları tanıyır. Gecə nə yeyib yatdığını bilirlər. Onların ağlamağını, gülməyini, ailə həyatını, övladına, anasına, atasına necə davrandıqlarını bilirlər.

Tiktok açan bu qadınlar, qızlar, oğlanlar ən məhrəm hisslərini milyonların gözü qarşısına qoymaqdan utanmırlar. Hansı ki, adam bu hissləri öz-özünə etiraf etməkdə çətinlik çəkir. Bilirsiniz, öz də bütün bu paylaşımları ən çox hardan edirlər? Yataq otaqlarından... Nəticəni özünüz çıxarın.

Mən heç bir sosial şəbəkənin, özünü ifadə məkanlarının olmasına qarşı deyiləm. Hərçənd ki, zərərli olan Tiktok dövrü hələ illərlə davam edəcək və bu gedişlə onun aktivliyi azalanda, kapitalistlər başqa platformalar fikirləşib tapacaq, istifadəçilərini ora daşıyıb aparacaqlar.

Amma hələ ki tiktok var. Mən də ordayam. Beş-altı gün ərzində üç yüz izləyici qazanmışam. Və hələ ki müəyyən mənada bu təcrübəni davam etdirməyi düşünürəm. Demirəm inqilab edəcəm. Yox, amma yoxlamaq istəyirəm. Yanğına dimdiyində su damcısı aparan sərçə kimi çalışacam ki, öz izləyicimi, kütləmi formalaşdırım. Bəlkə, təəccüblənmək tərəflərim aktivləşmişkən yaxşı şeylər də baş verəcək və bu aktivlik davam edəcək.

Bəlkə, sabah mən də deyəcəm ki, deməli, mümkündür. Deməli, baş verdi. İnsanlara yaxşı şeylər təqdim edəndə, onu da qəbul edir. Bəlkə, mən də, kimlərəsə örnək oldum.

Heç olmasa, diringilərdən başqa heç kimi tanımayanlara Əhməd Cavadı, Nazim Hikməti, Cəfər Cabbarlını, Həsənağa Turabovu, Nəsibə Zeynalovanı, Yaşar Nurini, Bülbülü, Niyazini, Şövkət Ələkbərovanı, Rübabə Muradovanı, Firəngiz Rəhimbəyovanı tanıda bildim. Çox dərinə gedib, Tolstoy, Folkner, Hüqo demirəm. Amma zarafat gəlməsin sizə. Tiktok cəngəlliyində bunu bacarmaq o qədər də asan deyil. Bayaq dediyim kimi, böyük bir yanğında, bir damla sudur.

Bu cəngəllikdən xilas olmaq mümkündürmü? Mümkündür. Çox sadə bir yolu var bunun. Oxumaq, oxumaq, yenə də oxumaq!

# 5549 dəfə oxunub

Müəllifin son yazıları

# # #