Stilist Anar: "O qadın mənə dedi ki, videomu paylaşma" - Müsahibə

Anar Ağakişiyev, stilist

Anar Ağakişiyev, stilist

19 aprel 2022
# 21:00

Kulis.az stilist Anar Ağakişiyevlə müsahibəni təqdim edir.

- Anar, siz 90-cı illərin sonlarında bu peşəyə başlamısınız. Həmin dövrdə müasir Qərb dünyagörüşü, mədəniyyəti ilə əlaqələrimiz yenicə yaranmağa başlamışdı. Bu sənəti seçməyinizdə həmin dövrün əhəmiyyəti vardı, yoxsa elə əvvəldən bu sənətə meyliniz olub?

- Mən Gürcüstanda böyümüşəm. Bir az ordakı mühit, ab-hava rol oynadı və qərara gəldim ki, ya saç, ya da makiyaj ustası olum. Sonra da elə oldu ki, elə hər iki sahə üzrə məşğul olmağa başladım.

- Peşəkar kimi məşğul olmaq istəyirdiniz, yoxsa həvəskar olaraq?

- Mən ümumiyyətlə hansı işə başlayıramsa, həmin işin nəticəsi mütləq böyük səviyyədə olmalıdır. Kiminsə yanında gedib şagird kimi öyrənməyə başlayanda da bilirdim ki, bir aydan, iki aydan sonra artıq bu peşənin məktəbini, hansı ölkədə daha peşəkar şəkildə öyrədildiyini araşdırmağa, həmin yerlərə üz tutmağa başlayacam.

- Çətinliklərlə üzləşirdiniz?

- Qətiyyən. Elə siz deyən ciddi çətinlik yaşamamışam. 2001-ci ildə bir müddət Rusiyada təhsil aldım, daha sonra isə Milana getdim. Ordan da Bakıya qayıtdım. Bakıda keçirilən bir yarışmada birincilik qazandım. Sonralar da belə deyək, ulduzum parlamağa başladı.

- Maddi baxımdan ailədən və ya kənardan kömək almısınız?

- Heç kimdən köməyim olmayıb. Ailədə bir uşaq olmuşam. Ailədə elə tərbiyə almışdım ki, əlim çörəyə çatandan sonra ailəni də özüm dolandırmalıydım. On beş, on altı yaşımdan da ailəyə qazanc gətirməyə başladım. İlk maaşım isə o vaxtın pulu ilə 40 “şirvan” idi. Həmin pulu gətirib anama verdim və dedim ki, sən yavaş-yavaş öz işlərini azalt. Anam təbii ki, o qədər də ciddi yanaşmadı.

Топ–5 мейкап–преображений от стилиста Анара Агакишиева - 22.11.2019,  Sputnik Азербайджан

- Ananız nə işlə məğul idi?

- Anam bizneslə məşğul idi. İldə bir neçə dəfə xarici ölkələrə gedirdi. Mən yavaş-yavaş ayağa qalxandan sonra ona dedim ki, sən artıq istirahət et. Ümumiyyətlə belə hesab edirəm ki, hər bir övlad ananın borcunu qaytarmalıdır. Pul qazana biləndən sonra mən də anamı işləməyə qoymadım. İndi şükür Allaha on səkkiz ildir ki, anama, nənəmə, qohumlarıma özüm baxıram.

- Siz xarakter olaraq kübar insan təsir bağışlayırsınız. Amma hərdən bu kübarlığa bir qlamurluq, şou biznes əhvalatları da qarışır. Buna məcbursunuz?

- Məcburam. Çünki dövr və tamaşaçı tələb edir. Amma mən sizə deyim ki, söz-söhbətdən, qalmaqallardan uzaq adamam. Düzdür, diqqət mərkəzində olmaq xoşuma gəlir. Həmişə istəmişəm ki, maarifləndirici televiziya verilişlərində, rəqabət yaradan şou-proqramlarda olum. Amma istəməyərəkdən kimsə xətrimə dəyəndə ona cavab verməyə məcbur oluram. Misal üçün, bizim estrada müğənnilərimiz, şou nümayəndələrimiz tənqidə açıq deyillər. Tənqidi təhqir kimi başa düşürlər. Və həmin tənqidi təhqir şəkilində mənə geri qaytaranda mən də məcbur oluram onlara cavab verim. Cavab da verəndə bu şouya, qalmaqala çevrilir. Yoxsa, mən tamam başqa dünyanın, aləmin adamıyam. Qarışqa kimi işləməyi, layihələrdə lap arxa planda olsa belə iştirak etməyi xoşlayıram.

- Səbirli adam təsiri bağışlayırsınız. Səbir isə sizin peşənizlə uyuşmur...

- Adi həyatda, ailədə çox səbirsizəm. Masaya xörək beş dəqiqə gec gələn kimi səbirsizlənirəm ki, mama, harda qaldı xörək, mən axı yorulmuşam. Amma gündəlik həyatda daha təmkinliyəm. Çünki səbir ən güclü silahdır. Lap mənim xətrimə dəysələr də dərhal ona kəskin, əsəbi reaksiya vermirəm. Müdrik davranmağa çalışıram.

Dünya şöhrətli azərbaycanlı ölkəmizi 14 illiyə tərk edir - 17.04.2018,  Sputnik Azərbaycan

- Anar, çox erkən yaşda şöhrət qazanmısınız, peşənizə görə də sənət adamları ilə bir addımlamısınız. Nələrisə yəqin ki, qurban vermisiniz?

- Bəli. Gəncliyimi qurban vermişəm. Ömrümün on səkkiz ilini bu işə həsr etmişəm. Təvazökarlıqdan uzaq olsa da deyim ki, bu illər ərzində azərbaycanlı tamaşaçının zövqünün formalaşmasında mənim də rolum olub. Çünki bu on səkkiz ildə hər bir müsahibəmdə, çıxışımda dəblə necə ayaqlaşmağı, geyinib-keçinməyi, qonşu ölkələrdən ibrət götürməyi insanlara məsləhət görmüşəm. Ölkədə keçirilən beynəlxalq yarışlarda da həmişə belə şeylərə fikir vermişəm. Azərbaycanlıyam və ölkədən kənardakı böyük prodakşnlarda mənim yaxın dostlarım, həmkarlarım var. İstəmərəm ki, onlar bura gələndə desinlər ki, bizim insanlarımız zövqsüzdürlər. Bizdə bulvara “kablok”da, alış-veriş mərkəzinə gecə paltarında gedənlər var. Bu danılmaz faktdır. Misal üçün, Rihannanın konsertinə gedəndə dəhşətə gəlmişdim. Qadınlar toy paltarlarında gəlmişdilər...

Ona görə də mən bu işə illərimi, gəncliyimi qurban verdim. Həmkarlarım, yaşıdlarım istirahətə, Antalyaya, Bodruma gedəndə mən işləyirdim. Son zəngimə belə gedib iştirak edə bilməmişdim. Yəni yaşıdlarım normal gənclik yaşamışdılar, mən onu yaşamamışdım. Ola bilsin mən daha rəngli həyat yaşamışam, daha erkən böyümüşəm. Ancaq qəti şəkildə peşmançılıq çəkməmişəm. Bəlkə də şəxsi həyatımda nələrəsə gecikmişəm. Daha erkən ailə qura bilərdim, övladlarım olardı. Amma təsəvvür edin ki, qırx beş yaşımda mən qapı-qapı düşüb gəzirəm, özümə peşə axtarıram ki, mən kim olacam? Bu düzgün deyil. Qırx beş yaşımda sevgilimin olması və ya gəncliyimi yaşamağımda, ailə qurmağımda isə pis heç nə yoxdur.

- Rəngli həyat tərzi sizi bezdirməyib?

- Xeyir. Amma hardasa 8-9 il əvvəl siz deyən hissləri yaşamışdım. Hər şeydən doymuşdum. Bilirsiniz incəsənət, dəb aləmi o qədər dərin və cəzbedicidir ki, insanın bezməsi, uzaqlaşması bir müddət sonra mümkünsüzlüyə çevrilir.

- Bayaq bir neçə dəfə vətənpərvər olduğunuzu vurğuladınız. Müharibə başlansa döyüşə gedərdiniz?

- Əlbəttə, gözüyumulu gedərdim, niyə də getməyim? Əgər silah saxlamağı, ondan istifadə etməyi bacarsaydım döyüşərdim də. Gürcüstan vətəndaşı olduğumdan, həm də evin tək övladı olduğum üçün mən hərbi xidmətdə olmamışam. Amma yenə də deyirəm: silahdan istifadə edə bilməsəm də cəbhəyə gedib kiməsə xörək bişirərdim, ya da tibbi yardım göstərərdim. Tam səmimi deyirəm ki, müharibənin ən qaynar nöqtəsinə qədər gedib çıxardım. Məndə qorxu hissi yoxdur ki, müharibə başlasa qaçıb gizlənim, pullarımı orda-burda gizlədim. Çox yaxın çevrəmdən olan insanlar mənim düşmənə qarşı, hətta düşmənin dostuna qarşı münasibətimi bilirlər. İstər real həyatda, istərsə də sosial şəbəkələrdə düşmən gəlib mənim millətimdən olan birinin xətrinə dəyirsə, dava-dalaşsız onu öz intellektimlə yerinə oturtmağı bacarıram. Mənim üçün mənim millətim, millətçi mövqeyim daha vacibdir. İnanıram ki, qələbə çalmağımıza çox az vaxt qalıb. Çünki millət olaraq çox yaxşı, ruzili millətik. Tanrı bizi darda qoymayacaq...

Anar Ağakişiyev İstanbuldan ev aldı - Azərbaycandan gedir? - xeberler

- Avropada zəriflik, parıltı, dəb bizdə qabarıqlıq, daş-qaş, həddini aşmaq kimi qəbul olunur. Niyə Qərb dəbindəki sadəlik, soyuqluq biz tərəflərə gəlib çıxa bilmir?

- Bu, bir az ərəb, İran qardaşlarımızla olan yaxınlığımızdan irəli gəlir. Fikir vermisinizsə, fars, İran qadınları bər-bəzəkdə, geyimdə abartıya üstünlük verirlər. Amma siz dediyiniz Qərb dəbinin sadəliyini də tətbiq etmək olar.

- Qadında ən çox nəyi sevmirsiniz?

- Abartını sevmirəm. Səhər anamla evdən çıxanda baxdım ki, anamın çəkmələrində, gödəkçəsində, eynəyinin kənarlarında da daş-qaş parlayır. Dedim, ana, sən Allah, keç evə ən sadə qara idman paltarını, gödəkçəni geyin, sadə eynəyini də tax, çıxıb gedək. Qadında sadəliyi çox sevirəm. Monika Beluççini, Anjelina Colini, Naomi Kembeli çox bəyənirəm. Onlar dəb ikonası olmaqla yanaşı, həm də sadədirlər.

- Qadınları simasını makiyajla dəyişirsiniz. Son vaxtlar isə məşhurlarla da işləməyə başlamısınız, amma onların bəzənməzdən əvvəlki, solğunluqları, üzlərindəki qırışlar, ləkələr elə bil bir az adamda təəssüf hissi yaradır.

- İnanın ki, onlar evlərindən çıxıb bura necə gəlirlərsə, elə də fotolarını çəkirik. Nə üzlərinə makiyajdan əvvəl heç nə çəkirik, nə də silirik. Mehriban Xanlarovanı da, Nübar Novruzovanı da başqalarını da gəldikləri kimi çəkmişik. Buna görə də mənim qadınları dəyişdirməyim həm də bir növ sosial çağırışdır ki, özlərinə baxımlı olsunlar, evdən çıxanda üz-gözlərinə fikir versinlər, gül qoxulu olsunlar.

Məleykə xanımla da işləmişəm (Məleykə Əsədova S.Ə.). O, makiyajda gəlmişdi elə də şəkilini çəkdik.

- Məleykə Əsədovanı çox bəyənmisiniz...

- Bəli. Öz yaşıdlarının arasında o, çox baxımlı və yaraşıqlıdır. Ümumiyyətlə mən Məleykə xanımı bu yaxınlarda dərk etmişəm. Çox gözəl ürəyə sahibdir.

- Son günlər üzü yaralı bir qadını dəyişməyiniz böyük rezonans doğurdu. Özünüz dəvət etmişdiniz həmin xanımı?

- Xeyir. Nərmin adlı həmin xanım mənə məktub yazıb bildirdi ki, heç vaxt bəzənməyib, üz cizgilərini belə xatırlamır və mənim onu bəzəməyimi istəyir. Onu dəvət etdim, amma dedim, ola bilər nəyisə düzgün etmərəm, tutaq ki, qaşını düzgün çəkmərəm. Çünki onun üzü on bir yaşı olanda yanıb, o yaşda da üz cizgiləri hələ tam formalaşmamış olur. Ona görə də özünə dedim ki, birdən nəsə xoşuna gəlməsə ruh düşkünlüyü yaşama. Razılaşdı. Ancaq dedi ki, mən istəyirəm, siz mənim dəyişim videomu paylaşmayasınız. Nəticədən sonra isə özüm təklif etdim ki, videonu paylaşaq. Bunun özü də bir sosial çağırış idi.

Son illər dünyada baş verən terror aktları, müsəlmanların qətl olunması mənim insanlığa olan ümidlərimi öldürmüşdü. Ona görə həm də özüm üçün müəyyənləşdirmək istəyirdim ki, görüm insanlıq hələ də yaşayır? Həmin videonu gecə paylaşdım, Nərminin yaşadıqlarını, başına gələn hadisənin də tarixini yazdım. Bir gecədə İnstaqram sosial şəbəkəsində həmin videoya dörd milyon baxış oldu. Paris Hilton həmin videonu paylaşdı. Üstəlik moskvalı alimlər Nərmini öz himayələrinə götürüb bir il ərzində müalicə etməyə başladılar.

- Müsahibədən əvvəl Nərminin burda işlədiyini vurğulamışdınız...

- Nərmin rayonda yaşayır. O, mənə iş axtardığını demişdi. Mən də burda öz salonumun resepşn bölməsinə onu işə götürdüm. Hal-hazırda burda yoxdur. Müalicəsinə görə Moskvaya gedib.

- Yəqin ki, iş prosesində müəyyən çətinlik yaşadınız...

- Mənim üçün Nərmini makiyaj etmək, onu sevindirmək ən başlıca məsələ idi. Amma peşə baxımından həm mənəvi, həm də psixoloji baxımdan çox, çox ağır iş oldu. Hətta elə bir an oldu ki, özümü tamamilə itirdim, nə edəcəyimi bilmədim...

- Nərminin sonradan insanlara qarşı olan çəkingənliyi, kompleksləri azaldı?

- Əlbəttə. İndi onu görəndə heç kim təəccüblənmir. O, özü mənə yaxınlaşıb deyir ki, mənim taleyimi dəyişdirdiniz. Mən üzümdən utanırdım. Amma indi utanmıram. İndi dörd milyon yarım, demək olar ki, Azərbaycanın yarısı onu görüb, tanıyır. Buna görə də əvvəlki kimi utanmır.

2018

# 8118 dəfə oxunub

Müəllifin son yazıları

# # #