Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti

Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti
14 may 2022
# 12:00

Kulis.az Samirə Əşrəfin "Atam, bibim və Sergey" povestindən on üçüncü və son hissəni təqdim edir. Xatırladaq ki, bu əsər müəllifin ilk povestidir.

I HİSSƏ

II HİSSƏ

III HİSSƏ

IV HİSSƏ

V HİSSƏ

VI HİSSƏ

VII HİSSƏ

VIII HİSSƏ

IX HİSSƏ

X HİSSƏ

XI HİSSƏ

XII HİSSƏ

XIII HİSSƏ - (SONUNCU HİSSƏ)

Sergeyin gündəliyinin son iki vərəqi yazılmamışdı. Mən onun məktublarını oxumadım. Oxumaq istəmədim. Çünki, bu məktublar mənə yazılmamışdı. Sergey onları bibimə çatdırmaq üçün son güman yeri olaraq məni seçmişdi. Zamanın girdabına düşüb ordan-ora yumalandıqca uşaq yaddaşım Sergeyi və onun mənə verdiyi əmanəti unutmuşdu. Bibim isə 16 il əvvəl, 1998-ci ildə vəfat etmişdi.

Sergeyin məktubları bağlamanın arasında saralmışdı.

Bir gün mən işə gedərkən yolumu Bülbülə qəbiristanlığından saldım. Bibim orda dəfn olunmuşdu.

Anam sonralar dyirdi ki, bibim Sergeydən ayrılandan sonra bir neçə dəfə onun yanına qayıtmaq istəsə də ruhi xəstəxanaya düşdüyün eşidəndən sonra onunla bağlı ümidlərini həmişəlik itirmişdi. Övladının itkisi, ərinin xəstələnməsi ona ağır təsir etsə də, Sergeydən sonra ailə qurmağa güc tapdı. Əvvəlcə

Bakıya köçdü, xəstəxanaların birində tibb bacısı kimi işə düzəldi. Sonra təcili yardımda işləyən Fehruz adlı bir həkimlə ailə qurdu. Şəhərin mərkəzindəki qədim binaların birində üçotaqlı xudmani mənzilləri vardı.

Bibimin ikinci nikahdan daha iki övladı tələf oldu. Bir müddət sonra iki oğlu dünyaya gəldi. Bu dəfə sağlam!

Bibimin çox ağrılı, iztirablı siması vardı. Bu balacaboy, ağbəniz qadın uzun-xurmayı saçlarını həmişə boynunun arxasında toplayıb sancaqlayardı. Ala gözləri və onları mütənasib şəkildə əhatəyə alan incə kirpikləri, nazik qaşları vardı. Onun ürəkdən güldüyünü görmədim. Nadir hallarda hansısa gülməli söhbətə özünəməxsus şəkildə gülümsəyərdi.

Bir dəfə onun səssiz hıçqırıqlarla ağladığının şahidi oldum. Qış tətilində atam məni Bakıya bibimgilə gətirmişdi. Bir gecə onlarda qaldıq. Ertəsi gün atam məni aparmaq istəyəndə bibim buraxmadı. Sanki, darıxır, kiminsə ona həyan olmasını istəyirdi. Atam o dəqiqə razılaşdı. Qohumların hamısı bibimə xüsusi sayğı göstərirdi. Beləcə həmin qış tətilini bibimgildə keçirdim. Bibimin oğlanları böyümüşdü. İkisi də orta məktəbin yuxarı siniflərində oxuyurdular.

Gecələr bibim mənim yerimi qonaq otağındakı divanda salırdı. O otaqda divar sobası vardı deyə isti olurdu. Mən yuxuya gedənəcən bibim mətbəxdə vurnuxar, evin kəm-kəsir işlərini görürdü. Onun əri həftədə iki dəfə gecə növbəsində qalırdı.

Bibimin ağladığı gecə də əri evdə yox idi. Oğlanları yatmışdı. Mən nədənsə qəflətən yuxudan oyandım. Gözümü açanda bibimin stolun üstündə nəsə yazdığını gördüm. Yazdığına o qədər aludə olmuşdu ki, mənim oyanmağımdan xəbəri tutmadı. Uşaq hissiyyatımla onu duyuq salmaq istəmədim. Gözlərimi yüngülvarı yumub bibimi izləməyə başladım. O, yazdıqca qaşları çatılır, gah gülümsəyir, gah kədərlənirdi. Qələmi yerə qoyub vərəqi əlinə götürdü, işığa tutub oxudu. Bu an dəhlizdəki telefon cingilti ilə zəng çaldı. Bibim pis bir işin üstündə yaxalanan adam kimi diksindi, əlindəki vərəqi yerə saldı. Vərəqi cəld yerdən götürüb stolun üstünə qoydu və dəhlizə qaçdı. Dəstəyi götürüb cavab verdi. Zəng vuran əri idi.

Bibim iki-üç dəqiqə danışdı. Həmin iki-üç dəqiqə ərzində yatağımdan qalxıb masaya yaxınlaşdım. Masanın üstündə dəmir qutu, yeddi-səkkiz bağlı zərf və bir neçə solğun fotoşəkil vardı. Zərflərin hamısının üstündə bu sözlər yazılmışdı: “Çatacaq Xəlilov Sergeyə”. Ünvan kimi rayonumuzun adı yazılmışdı. Bibimin yenicə yazdığı vərəqi götürüb oxumağa başladım:

“Salam Sergey!

Mən bilmirəm aradan keçən bu qədər vaxtdan sonra bu məktubu yazmağımın bir mənası var ya, yox. Bir onu bilirəm ki, sənin həyatının məhv olmasında mənim də payım var. Həyat bizə qarşı yaxşı olmadı. Səninlə olan yaxşı və pis günlərimin heç birini unutmadım. Unuda bilmədim. İnsan ağrılı günləri unutmaq üçün o qədər də güclü məxluq deyil.

Mənim həyatıma səssiz girdiyin kimi səssiz də çıxdın. Mən də sənin həyatından sənin kimi çıxmaq istədim. Bacarmadım geri qayıtmağı, səni gözləməyi... Bəlkə də həyatın mənə yüklədiklərini çəkəcək qədər güclü biri deyildim. Buna görə səninlə ayrı-ayrı yollarda addımlamağı qərara aldım. Çətin oldu əlbəttə... Əslində, səni unutmaq istədim, buna çalışdım, amma olmadı...

Bilirəm ki, sən də çox əziyyətlər çəkmisən. Eşitdiyimə görə evlənmirsən, tək yaşayırsan. Belə sənin üçün çox çətin olar.

Bizimki gətirmədi, Segey! Buna həyat demək olarsa, mən öz həyatımı pis-yaxşı qurdum. Sən də buna cəhd elə.

Hörmətlə, Sərvinaz”.

Mən məktubu oxuyub bitirəndə bibim dəstəyi yerə qoydu. Qaçıb yerimə girdim. O, stola yaxınlaşıb, səssizcə xeyli oturdu, qutunun içindəki şəkillərdən birini götürüb diqqətlə baxdı və ağladı. Göz yaşları yanağından süzülüb boyun- boğazında itirdi. Səssiz hıçqırıqlara bir müddət ağlayıb toxtadı. Stolun üstünə səpələdiyi hər şeyi yığıb dəmir qutuya qoydu və dəhlizə çıxdı.

Mən onun məktubları haqqında nə bibimin sağlığında, nə də ölümündən sonra heç nə bilmədim. O, öz sirrini özü ilə apardı.

Bibimin ölümü isə ani, heç kimi gözləmədiyi halda baş verdi: rayonumuz dağılandan bir-iki sonra televizora baxarkən beyin qansızması keçirdi. İki gün komada qaldı, üçüncü gün həyatla vidalaşdı. Əslində, bilirdik ki, Sergeyin faciəli ölümü ona təsir edib. Sergey həqiqətən rayondan çıxmayıb, əsir düşmüşdü. Rayondan gələn axırıncı əsgərlər onun məşhur çinarın altında dayanaraq laqeyd-laqeyd şəhərə girən erməni tanklarına baxdığını deyirdilər. İşğal gününün axşamı Sergeyi öldürüb meyitini məktəbə gedən dəmir körpünün üstündən asmışdılar. Bunu bibim də bilirdi. Bilirdi və ürəyinə salırdı...

Bir az da özünü günahkar bilirdi bu dəhşətli hadisəyə görə...

Qəbrini güclə tapdım. Beş-altı il olardı ki, bura gəlmirdim. Bibimin məzarını ot-alaf basmışdı, yaxınlaşmaq mümkün deyildi. Nə qədər göz gəzdirsəm də ətrafda sakitcə oturub eynəyini silən molladan başqa heç kimi görmədim. Mollanın başı bərk qarışmışdı. Məni görmürdü. Eynəyini təmizləyib gözünə taxandan sonra gördü məni. Yaxınlaşıb Yasin oxudub-oxutmayacağımı soruşdu. Əlimlə məzarlıqda boy verən tikanlığı göstərdim. O, tez harasa getdi, əlində bel geri qayıtdı və məzarlıqdakı tikanları təmizləməyə başladı. Diri adammış... Tezliklə məzarın həndəvərini səliqəyə saldı. Yerdə qurumuş ilbiz qabıqları parıldayırdı. Molla beli əlindən yerə qoyub Yasin oxudu, salavat çevirdi, zəhmət haqqını alıb getmək istəyəndə xahiş etdim ki, bibimin qəbrinin yaxınlığında balaca bir çuxur qazsın. Molla dediyimi anındaca yerinə yetirib uzaqlaşdı. Mən əlimdəki məktub bağlamasını məzarın təzə çuxuruna qoydum və üstünü torpaqladım.

# 2525 dəfə oxunub

Müəllifin son yazıları

# # #