Hamlet Xanızadənin qızları: "O oğlanı ölümdən atam xilas etdi" - Müsahibə

Hamlet Xanızadənin qızları:  "O oğlanı ölümdən atam xilas etdi" - Müsahibə
24 oktyabr 2022
# 09:00

Kulis.az “Atamın xatirəsi” layihəsində aktyor, Xalq artisti Hamlet Xanızadənin qızları Aygün və Xumar Xanızadə ilə müsahibəni təqdim edir.

– Aygün xanım, bacınızla bir dəfə həmsöhbət olmuşuq. Amma sizinlə ilk dəfədir görüşürük. Ona görə də sizdən başlayaq. Hamlet Xanızadə necə ata idi?

Aygün Xanızadə: – Mən evin sonbeşiyi olmuşam. Balaca olduğuma görə həmişə məni özü ilə teatra, tamaşaların premyeralarına aparardı. O, çox düzgün, dininə, imanına bağlı adam idi. Çoxlu mütaliə edirdi, bir neçə dil bilirdi. O vaxtı ingilis dilində keçilən dərsləri evdə bizə atamız izah edirdi. Halbuki onda ingilis dili anlayışı bizim ölkədə çox zəif idi.

– Teatrda çox ciddi adam olub. Bəs evdə necə idi?

Aygün Xanızadə: – Teatrda ciddi idi hə. Amma evdə o qədər də yox. Biz onu itirəndə, on bir yaşım vardı mənim. Xumarın on dörd yaşı. Atam ailəcanlı adam idi. Tətillərdə bizi evdə saxlamazdı. Mütləq Yessentukiyə, Kislovodskiyə gedərdik. Yayda da mütləq Zaqulbaya aparardı. Evimiz həmişə qonaq-qaralı olardı. Anam da Bakılı olduğundan, yarımfabrikat xörəkləri həmişə soyuducuda hazır olardı. Anamın qutabları, düşbərələri dillə deyilirdi. Səməndər Rzayev, Fuad Poladov, Nəsir Sadıqzadə, Bürcəli Əsgərov, Ramiz Məlik, Telman Adıgözəlov, Mikayıl Mirzə, Cavanşir Quliyev, Rafiq Əzimov, Arif Quliyev bizdə tez-tez qonaq olardılar.

– Məclis adamı olub. İçkiylə arası necə idi?

Xumar Xanızadə: – İçki xoşlayırdı. Məclisdən məclisə içən adam idi. Biz onu heç vaxt təklikdə oturub içən görməmişik. Amma məclislərdə qəşəng içərdi. Elə yuxarıda adlarını çəkdiyim aktyorların hamısı ilə içki məclislərində çox olub.

– Teatrda ona münasibət necə idi. Sizcə oynamaq istədiyi rollar çox olub?

Aygün Xanızadə: Atam Nəsimi rolunu oynamağı çox istəyirdi. O vaxtı hətta bu rol üçün onu seçmişdilər. Kino sınaqlardan keçmişdi. Üçlükdə atam, Rasim Balayev və Müslüm Maqomayev vardı. Atam seçilmişdi bu rol uçun. Amma sonra nədənsə imtina etdilər. Teatrda da yəqin ki, belə hallar olub. Amma o teatr söhbətlərini gəlib evdə danışmırdı ki, anamın qanı qaralmasın, özü də əsəbiləşməsin. Əsəbi olmasından bilirdik ki, nəsə baş verib. Anam çox şeyi ordan-burdan eşidirdi.

– Nəyi eşidirdi?

Xumar Xanızadə: – Misalçün, ona iki dəfə Əməkdar artist adı veriləndən sonra o, Xalq artist adı veriləcəyini gözləyib. Hətta Xalq artisti adından əvvəl nəsə orden verirlər. Atam o ordeni də alıb. Və əmin olub ki, ordeni alıbsa, adı da verəcəklər. Amma verməyiblər. Atam bu səbəbdən teatrdan uzaqlaşıb da. Halbuki, o, teatrı çox sevib.

– Aygün xanım, siz indi teatrda işləyirsiniz. Mühiti bilirsiniz. Sizcə niyə ona ad vemədilər?

Aygün Xanızadə: – Nə bilim. Yəqin, mane olanlar vardı.

– Özü bilirdi onların kimliyini?

Xumar Xanızadə: – Yəqin ki, bilirdi. Yox, tam əmin idi ki, ona kimlər mane olur.

– Siz bilirsiniz?

Xumar Xanızadə: – Yox, mən bilmirəm.

Aygün Xanızadə: – Mən təxmini bilirəm. Amma adını çəkmək istəmirəm.

– Mehdi Məmmədovun “İblis” tamaşasında atanız Həsən Turabovun dublyoru olub. Burda da ona qarşı müəyyən haqsızlıqlar olub...

Xumar Xanızadə: – Teatrda Mehdi Məmmədovun yubileyində Həsən Turabovun İblis obrazında olan geyimində şəklini qoymuşdular. Onda mən etiraz etdim. Dedim ki, mənim atam o rolu, bəlkə, on dəfə oynayıb, amma Turabov bir dəfə. Turabov oynayanda da, tamaşa o qədər uğurlu olmayıb. Amma atamdan sonra demişdilər ki, elə İblisi Hamlet oynasın. Çünki anşlaqlar olurdu. Bu rolu həmişə atam ifa edib, amma hər yerdə niyəsə Turabovun şəkilləri qoyulur. Bəhanə gətirdilər ki, guya atamın təşkilatçılarda şəkilləri yoxdur. Amma mən müəyyən adamlara həmin tamaşadan şəkillər verdim. İndi atamın da şəkilləri sərgilərdə qoyulur. Belə şeylər adama təsir edir.

– Həsən Turabovla münasibəti necə idi?

Aygün Xanızadə: – Bəlkə, görünüşdə yaxşı idi. Amma məncə teatrda aktyor kimi rəqabətləri vardı. Çünki ikisi də güclü aktyor idi.

– Atanız teatrdan elə bu tamaşadan sonra uzaqlaşır...

Xumar Xanızadə: Elə həmin Xalq artisti adını alacağı dönəmlər idi. Həmin tamaşanın da təsiri ola bilərdi. Haradasa 87-ci ildə atam teatrdan uzaqlaşdı. Kino və dublyajla məşğul olmağa başladı.

– “Qətl günü” filminin çəkilişlərindən əvvəl də ağır qəzaya düşür.

Xumar Xanızadə: – Elədir. Üç yerdən çənəsi sınmışdı, beyin silkələnməsi olmuşdu. Həkimlər ona filmə çəkilməyi iki il qadağan eləmişdilər. Atamın əməliyyatından çox az keçmişdi rejissor Gülbəniz Əzimzadə bizə gəlib atama “Qətl günü” filmində rol təklif elədi. Onda atam hələ yataqdaydı, müalicə alırdı. Anam etiraz etdi dərhal. Amma atam Gülbəniz xanıma dedi ki, mənə bir az möhlət ver, ssenarini oxuyum, həm də bir az özümə gəlim. Filmə çəkildi, amma filmi görmədən rəhmətə getdi. Onun səsini də Fuad Poladov səsləndirdi. Hətta filmi səsləndirmək belə qismət olmamışdı. Onun obrazını səsləndirmək Fuad Poladova tapşırılanda xeyli tərəddüd edib. Fuad müəllim demişdi ki, mən səsimi Hamletin səsinə oxşada bilmərəm. Oxşatsam belə, Hamletə baxa-baxa bunu etmək mənim üçün çox çətin olar... Amma oxşada bilmişdi.

– Özünün ən sevdiyi rol sizcə hansı idi?

Xumar Xanızadə: – Mənə elə gəlir ki, “Topal Teymur” və “İblis” tamaşası olub. Filmlərdən isə “Babək” filmindəki Xəlifə rolunu bəyənirdi. Filmdə atamın iştirakı ilə olan hissələr bir dubla çəkilib. Bu filmin rejissoru özü danışmışdı.

Atamın o qədər arzusu vardı ki, o, istədiyi zirvəyə çatmamışdı. Ona görə də özünü tam, bütöv hesab etmirdi. Hüseyn Cavidi çox sevirdi. Onun qəhrəmanlarını canlandırmaq istəyirdi. Həm də Hüseyn Cavid adına teatr açmağı arzulayırdı. Bu onun ən böyük arzusu idi. Bu barədə Cavidin qızı Turan xanımla da danışmışdı. Amma mənə belə gəlir ki, 49 yaş üçün atam çox böyük, həm də güclü rollar ifa edib. Yəni istedadını o qədər yaşa sığışdıra bilib. İndi görün, yetmiş yaşa qədər yaşasaydı, nələr edərdi.

Aygün Xanızadə: – Amma çox adam onun rollarına baxanda, atama çox yaş verir. Heç kim inanmır ki, onun həmin rolları ifa edəndə, 30, 40 yaşı olub.

Xumar Xanızadə: – Atam çox az yatırdı. Bəzən gecələr yuxudan oyanırdıq, görürdük ki, gecə çırağında kitab oxuyurdu. Bir şeyi də deyim, o, 49 yaşına qədər bir dəfə də, dərman atmayıb. Xəstələnəndə mütləq təbii yollarla müalicə olunurdu.

Dinə münasibəti də çox gözəl idi. Qohumları da dindar idi. Həmişə deyirdi ki, işlərimi qaydasına sala bilsəydim, vaxtlı-vaxtında namaz qılardım.

– Ən çox hansınız atanıza oxşayırsınız?

Xumar Xanızadə: – Onu siz deyin (gülür). Yəqin ki, mən çox oxşayıram. Çox emosionalam, düzgünlük tərəfdarıyam. Məni öldürsələr də, düzü qoyub, yalanı danışmaram. Atam da belə idi.

Aygün Xanızadə: – Mən hərdən Xumara deyirəm ki, papa sağ qalsaydı, indiki şəraitə, mühitə, cəmiyyətdəki haqsızlıqlara dözməzdi. Çərləyərdi, ürəyi partlayıb ölərdi.

– Sizə qarşı mühafizəkarlığı vardı?

Aygün Xanızadə: – Xumara var idi, mənə yox (gülür).

Xumar Xanızadə: – Bizim məktəb evimizin yanında idi. Bəzən bayramlar, tədbirlər olurdu. Atam deyirdi, nə lazımdır, mən alım, ananız da bişirsin, uşaqları da götürün gəlin evdə qeyd edin. Gözümün qabağında olun. Bizim sinfimizdə artıq bu adət olmuşdu.

“İblis” tamaşasının məşqlərini evdə edirdi. Mənim də onun tamaşada geyindiyi qırmızı plaşdan xoşum gəlirdi. Geyinib, gəlib dayanırdım qarşısında. Deyirdim, mən aktrisa olacaq. Qəti şəkildə etiraz edirdi. Deyirdi, mənim övladlarımın heç biri incəsənət sahəsində olmayacaq, həkim olacaqlar. Ancaq tale elə gətirdi ki, ikimiz də incəsənəti bitirdik. O sağ olsaydı, buna icazə verməzdi. Anama qarşı qısqanclığı olardı. Çünki gözəl qadın idi. Anam da atamı qısqanmayıb. Yadıma gəlir, atam ona gələn məktubları anamla birgə oxuyub gülüşərdilər. Qadınlar yazırdılar ki, Hamlet bəy, sizi çox sevirik, sizin pərəstişkarınızıq. Anam bunlara qəti əhəmiyyət verməzdi. Hətta o vaxt atam haqqında şayiə də çıxarmışdılar ki, guya kənarda oğlu var. Amma özünü doğrultmadı bu xəbər. Çünki yalan idi. Atam dünyasını dəyişəndən sonra anam mənimlə ilk dəfə bazarlığa getdi. Ona qədər heç vaxt getməmişdi. O həm gənc, həm də gözəl idi. Onda hiss edirdim ki, bazardakı adamlar anama baxır. Bu məni çox qısqandırırdı. Pis olurdum.

– Aygün xanım, atanızla bağlı elə şeylər var ki, danışmamısınız?

Aygün Xanızadə: – Yox. Yadımda qalan çox şeyi soruşublar demişəm. Amma atamın Xalq artisti məsələsi ilə bağlı istərdim ki, nəsə edim. Yəni bu ad onun haqqıdır. Bir də anam çox istəyərdi ki, evimizin yanında onu adına lövhə olsun. Həmişə deyirdi ki, bunun xərcini də çəkməyə hazıram, təki belə bir qərar verilsin. Bunun üçün də gərək atamın Xalq artisti təltifi olsun.

– Atanız konkret 20 yanvar hadisələrinin təsirindən dünyasını dəyişdi?

Aygün Xanızadə: – Bəli, atama o vaxt ölümündən sonra şəhid aktyor deyirdilər. Hətta ona şəhid adı da vermək istəyirdilər. Sonra dedilər ki, güllə dəyməyib ona. Bizim evimiz hadisələrə olan küçələrə çox yaxın idi. O hadisələr bizim gözümüzün qarşısında baş verirdi. Atam da hər gün aktyor dostları ilə Şəhidlər Xiyabanına gedirdi. Hər gün morqları gəzir, şəhid basdırırdılar. Fevralın birinə qədər belə davam etdi. Axırda atamı oradan rejissor Hafiz Fətullayev gətirdi evə. Xiyabanda artıq onun beyninə qan sızmışdı, ikiqat olmuş vəziyyətdə idi. Həmin ərəfələrdə biz atam evdə olanda, danışa, gülə bilməzdik. Deyirdi, o boyda hadisə olub, nəyə gülürsünüz? Oturardı radionun qarşısında verilişləri izləyərdi. Son günlər yemək içməyindən də kəsilmişdi. Ümumiyyətlə, xeyirxah adam idi. Bir dəfə Fuad Poladovla Bulvarda gəzəndə, görüblər ki, bir oğlan sevgilisi ilə dalaşıb, özünü dənizə atır. Atam tez kəmərini çıxarıb oğlana kömək edərək onu ölümdən xilas edir.

– Aygün xanım, atanızın vaxtilə işlədiyi teatrda indi ona münasibət necədir, yaddaşlarda necə qalıb?

Aygün Xanızadə: – Teatrda vaxtilə onunla birgə çalışmış aktyorlarla rastlaşanda, əlbəttə nələrsə yada düşür. Firəngiz Mütəllimova, Nurəddin Mehdixanlı ilə hər dəfə görüşəndə, atam haqqında olan xatirələri danışırlar. Çox şeylər var. Elə şeylər var ki, əlbəttə, danışılası deyil. Bir dəfə teatrda Zemfira Nərimanova ilə rastlaşdıq. O biləndə ki, mən Hamlet Xanızadənin qızıyam, teatrda işləyirəm çox sevindi. Dedi, sənin atan əsl kişi idi. O vaxtı mən teatra təzə gəlmişdim, gözəl idim, hamı mənə qəribə baxırdı. Amma Hamlet məni kölgə kimi hamıdan qoruyurdu.

Xumar Xanızqdə: – Sağ olsunlar insanlar indiyə kimi onu unutmayıblar. Harada Xanızadə soyadını görürlərsə, mütləq hörmətlə yanaşırlar. Yolda polislər belə sənədlərə baxanda, mütləq tanıyırlar, hörmət edirlər. Birdə ki, media, jurnalistlər heç vaxt atamı unutmurlar. Görün, aradan nə qədər vaxt keçib, amma bizi çağırıb indi müsahibə alırsınız.

– Qadınlara münasibəti necə idi?

Xumar Xanızadə: – Qadınlara hörmətlə yanaşırdı. Flora (Kərimova.red) xanımla çox yaxın idi. Ailəvi yaxınlığımız vardı. Əminə Yusifqızı ilə də dost idi. Zərnigar Ağakişiyeva ilə yaxın idilər. Rəhmətlik Safura İbrahimovanı atam çox istəyirdi. Zərnigar xanım atamın qırxına qədər hər cümə axşamı qara paltarda, qara şlyapada gəlirdi. O, atamın ölümünü çox pis keçirdi.

– Atanız rəhmətə gedəndən sonra qəbrinin üstünə bir qadın qızılgüllər də gətirirmiş...

Aygün Xanızadə: – Hə, elə bir qadın var idi. Bizə deyirdilər ki, bir qadın tez-tez onun məzarına gəlib qırmızı güllər qoyur. Amma kim olduğunu bilmirdik. Aktrisa deyildi. Olsaydı, görənlər tanıyardı. Bu haradasa on il davam etdi. Amma son illər artıq gəlmir. Bəlkə də dünyasını dəyişib. Bilmirik.

– Xumar xanım, atanızın son günlərini necə xatırlayırsınız?

Xumar Xanızadə: – Mən ona təəssüflənirəm ki, atamla son dəfə danışa bilmədik. Onu evə gətirəndə, artıq beyninə qan sızmışdı. Bizim qonşumuz Bürcəli Əsgərovun oğlu kardioloq idi. O, atamın sağ qoluna iynə vuranda, dedi ki, sağ tərəfi hiss etmir. Uşaq idim də, onda düşündüm ki, atamın sağ tərəfi işləmirsə, rollarını necə oynayacaq? Elə sonra da xəstəxanaya apardılar, bir gün heç kimi yanına buraxmadılar. Ertəsi gün anam tezdən oyanıb bizi də özü ilə onun yanına aparanda, əmimin yoldaşı bizə gəldi, dedi ki, atamız artıq vəfat edib. Düşünürəm, bəlkə, ürəyində bir sözü qaldı, birimizi yanına buraxsaydılar, nəsə deyərdi, tapşırardı.

– Ata qohumlarınızla da əlaqələriniz atanızdan sonra kəsildi...

Xumar Xanızadə: – Hamısı ilə yox, əmim və bibimlə. Bibim elə atamın qırxından sonra bizdən getdi. Dedi, mən o evə gələ bilmərəm, hara gedirəm, Hamleti görürəm. Əmim də ümumən soyuqqanlı adam idi. Sadəcə o, atama çox oxşadığı üçün mən əmimi çox istəyirdim. Allah rəhmət etsin, əmim də rəhmətə gedib. Ondan inciməmişəm, amma bibimdən və onun ailəsindən incimişəm. Böyüyəndən sonra da, biz əlaqə yaratmadıq. Bibimin qızları ilə biz çox yaxın idik, tez-tez telefonla danışırdıq. Bir dəfə də mən onunla danışanda, mənə dedi ki, anam qoymur səninlə danışmağa. Ondan sonra mənim anam da mənə icazə vermədi. Yəni konkret bizim bibimlə, ailəsi ilə heç bir problemimiz olmayıb, amma münasibətimiz yoxdur. Böyüyəndə də, biz soyumuşduq. Sonralar düşündüm ki, onlar yəqin ki, məsuliyyətdən qorxdular. Çünki bizim yaşımız az idi, anam da tək. Anam çox əziyyət çəkdi. Amma mənim atam bibimi özü ərə vermişdi, cehizlərini almışdı, ev də alıb vermişdi. Atamın yubileyində bibim gəlmişdi, hətta danışmaq da istəyirdi, mən dedim ki, danışmasın.

– Niyə?

Xumar Xanızadə: – İndiyə qədər danışmayıbsa, indi niyə danışsın axı... Amma bilirsiniz, onların bizə münasibətinin heç bir izahı yoxdur. Mən demirəm, onlar bütün günü bizim yanımızda olmalıydılar. Yox. Amma heç olmasa, xeyirdə, şərdə bizi tək qoymazdılar.

Aygün Xanızadə: Hətta bir dəfə də bibim atamla bağlı verilişə qoşulmaq istəyəndə, mən etiraz etdim. Dedim ki, əgər bibim danışsa, mən gedəcəm, danışmayacam. Verilişdən sonra təbii ki, anam məni danladı.

Xumar Xanızadə: Atamla bağlı tədbirlərin birində bibimin qızı mənə yaxınlaşdı. Mən onu görən kimi tanıdım. Ancaq o, məndən soruşanda ki, Xumar, məni tanımadın? Dedim, yox tanımadım.

– 90-cı illərdə atanız qaçqın ailəyə də köməklik göstərib...

Xumar Xanızadə: – Hə. Bir ailə vardı. Bizim qonşuluğumuzda qaçqın kimi məskunlaşmışdılar. Onlar heç vaxt hündür binada yaşamamışdılar deyə eyvana çıxmağa belə qorxurdular. Atam uzun müddət onlarla ünsiyyətdə oldu. Evimizə bir çörək alırdısa, onlara üç, dörd çörək alırdı. Onların evində şərait yox idi. Neçə dəfə onları evimizə dəvət etmiş, hamama girib çimməklərinə şərait yaratmışdı. Uzun müddət bizim o ailə yaxşı qonşuluğumuz oldu. Onlar da, sağ olsunlar unutmadılar.

­– Aygün xanım, Bəxtiyar Xanızadə də sizin qohumunuzdur. Amma onunla da münasibətləriniz soyuqdur...

Aygün Xanızadə: – O, ümumiyyətlə, soyuq adamdı. Amma heç vaxt bizimlə qohum olduğunu demir. Atamın yubileyində də onu dəvət etmişdik, amma gəlməmişdi. Mənimlə haradasa rastlaşanda, təbii ki. Görüşüb hal-əhval tuturuq. Mən, bəlkə, uşaq olmuşam, bilmirəm. Amma o vaxt eşitmişdim ki, Bəxtiyarın ilk addımlarının atılmasında atamın rolu olub. “Qərib cinlər diyarı” filmindəki Qərib roluna çəkilməsində də atamın köməyi olub. Çox adam da hətta elə bilirdi ki, Bəxtiyar atamın oğludur. Media nümayəndələri bununla bağlı mənə tez-tez sual verirlər. Amma o, bu barədə heç yerdə deməyib. Deməyib ki, yox, onun oğlu deyiləm, qohumuyam.

– Yuxuda görürsünüz?

Aygün Xanızadə: – Əvvəllər tez-tez görürdük. Atam həmişə hansımızın yuxusuna girirsə, mütləq xeyirlik olur. Bir dəfə qonşumuz gəldi bizə. Anama dedi ki, gecə yuxuda Hamleti gördüm, mənə çörək verirdi. Onda atam təzə rəhmətə getmişdi. İnanırsınız, elə həmin gün anam atamın paltarlarını yığışdıranda, onun cibindən çoxlu pul tapmışdı. O. Pullar bizim nə qədər əlimizdən tutdu, evi təmir etdik, ehtiyaclarımızı qarşıladıq. O dövrlər tək bizim ailədə yox, ölkədə çətinlik idi. Aktyorlar da teatr, kino və tamadalıqla pul qazanırdılar. Atamı nə qədər adamlar tamada kimi dəvət edib, amma o, heç vaxt getməyib. Hətta öz qohumlarımızın toyunda da, deyirdi, toyun açılışını edəcəm. Vəssalam.

– Atanızdan sonra, yəqin ki, çətinlikləriniz çox oldu?

Xumar Xanızadə: Əlbəttə. Düzdür, anamın qohumları, ana nənəm bizə kömək edirdi. Amma bütün hallarda biz tək idik. Aygün universitetə girəndə, anam çox həyəcan keçirirdi. Bir gün yuxudan durdu, dedi, Hamleti yuxuda görmüşəm, Aygün qəbul olunacaq. Bəzən də atamın qohumlarla bağlı nə isə eşidəndə, məyus olurdu, ağlayırdı. Ya toya gedəndə, gəlib deyirdi ki, Hamletsiz özümü pis edirəm, yanım boş qalmışdı. Biz böyüyəndən sonra bizə həmişə deyirdi ki, siz mənim yanımda olun, özümü tək hiss etməyim. Sonra oğlan nəvəsi oldu, onunla toylara getməyə başladı. Elə bil özünə arxa, dayaq axtarırdı (ağlayır).

– Atanızı ən çox nə zaman axtarmısınız?

Aygün Xanızadə: – Çox axtarmışıq. Demək olar ki, həmişə... (susurlar)

# 4209 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #