Ürəyi gülüşündən əziyyət çəkən aktyorumuz...

Ürəyi gülüşündən əziyyət çəkən aktyorumuz...
8 iyul 2019
# 12:12

Kulis.az Samirə Əşrəfin mərhum aktyorumuz Ramiz Sərkərov haqda yazdığı yazını təqdim edir.

Baxışları aydın, səsi koloritli, zahirən avropalıları xatırladan bir aktyor vardı. 2007-ci il aprel ayının 7-nə qədər var olan aktyor ilıq yaz fəslində, səssiz gecələrin birində həyat səhnəsindən getdi, ömür pərdəsini insanlarının üzünə bağladı.

Növbəti gün mətbuatda onun haqqında yazılacaqdı:

“Aktyor ürək ağrılarından əziyyət çəkirdi. Dünən gecə onun vəziyyəti qəfil pisləşib. Təəəssüf ki, aktyoru xəstəxanaya çatdırmaq mümkün olmayıb və o, ürək çatışmazlığından vəfat edir”.

Ramiz Sərkərov bəlkə də özü danışdığı əhvalata, lətifəyə gülərkən, ya da hansısa dərdi yaxasından qoparıb atmağa çalışarkən əli ürəyinin üstündə bükülü, gülüşü simasında asılı qalıb.

Sonralar yaxın dostları da təsdiq edəcəkdilər. Ürəyi onu incidirdi, tez-tez ürəyim ağrıyır deyirdi. Güləndə əlini ürəyinin üstündə gəzdirirdi. Hiss olunurdu ki, ürəyi sancır.

Aktyorlar çox vaxt ürəkləri ilə əlləşirlər axı. Elə əlləşə-əlləşə də dünyadan köçürlər. Amma ürəyi gülüşündən əziyyət çəkən aktyor çox az olar.

Yəqin ki, mənim kimi bir çoxları yenicə doğulmuş qız övladının ad gününə saatlar qalarkən, ömrünün ən yaxşı çağında, 48 yaşında dünyasını dəyişmiş, həyatda xeyli çətinliklər yaşamış sadə, siravi aktyor Ramiz Sərkərovun ölümündən bu günə qədər də xəbərsizdilər.

Teatrla bağlı hansısa məlumatı axtaran zaman qəfildən, gözlənilmədən qarşına bir yazı çıxır. Açıb içini oxuyanda görürsən ki, sənin gənclik illərində ekrandan izləyib sevdiyin və vətənin harasındasa yaşadığını zənn etdiyin aktyor əslində düz on iki ildir ki, yer kürəsini tərk edib, çiyinlər, əllər üzərində dünyadan çəkilib gedib.

Gənc Tamaşaçılar Teatrının aktyoru Ramiz Sərkərov həyatla bu cür vidalaşan aktyorlardan olub. 1980-ci ildə teatra texniki işçi kimi qəbul olunsa da, sonradan teatrın tələb olunan aktyoruna çevrilib bir-birindən maraqlı, koloritli rollar yaradıb. Ramiz Sərkərovun cəlbedici fakturası ona həm teatrda, həm də kinoda yaxşı rollar ifa etməsinə şərait yaradıb.

Tamaşaçılar onu ən çox “Gəlinlər” televiziya filmindən tanıyırdılar. Filmdə aktrisa Elmira Şabanovanın yaratdığı ana obrazının ortancıl oğlunu ifa edən aktyor elə həmin obrazı ilə də insanların yadında qalıb.

İyul ayının 3-də üzündə, gözlərində qəribə doğmalıq, özünə məxsus sakitlik, həlimlik olan Ramiz Sərkərovun 60 yaşı tamam oldu. Səssiz, səmirsiz dünyadan köçən aktyorun adını həmin gün hər kəs ürəyində səssizcə pıçıldadı, hər kəs onunla bağlı xatirələrin gətirdiyi qəhəri öz içinə boşaltdı.

Aktyorun başdaşından boylanan 48 yaşlı əksinin üzərində isə gözəgörünməz gülüş peyda oldu. Ürəyi incidən, ömrü yarıda saxlayan narahat aktyor gülüşü...

# 7123 dəfə oxunub

Müəllifin son yazıları

# # #