Sevgilisinə erotik rəsmlər bağışlayan dahi - Uliyam Folkner

Sevgilisinə erotik rəsmlər bağışlayan dahi - <span style="color:red;">Uliyam Folkner
31 avqust 2016
# 17:40

Amerika ədəbiyyatının ən nəhəng simalarından biri olan Uilyam Folkner 1897-ci il sentyabrın 25-də Missisipi ştatının Nyu Olbani şəhərində anadan olmuşdur. Ömrünün çox hissəsini həmin şəhərin yaxınlığında yerləşən Oksford şəhərində keçirmişdir.

Nəsil şəcərəsi, qətlə yetirilən polkovnik baba...

Folknerin çox maraqlı nəsil şəcərəsi olmuşdur. Bir çox mənbələrin yazdığına görə, onun ulu babası şahin baxıcısı olmuş, Britaniya kralının şahinlərinə baxıcılıq etmişdir. İngiliscə “falconer” sözü də (şahinlərə baxan) mənasını verir. Folkner soyadı da məhz burdan yaranmışdır. Yazıçı isə özünün şotland olduğunu söyləyib.


Folknerin ata babası olan polkovnik Uilyam Klark Folkner yeniyetmə çağlarında öz evlərini tərk edərək, Amerika Cənubunun dərinliklərinə, hələ tam mənimsənilməmiş Missisipiyə yollanır. Yeniyetmə yaşında ikən o, şəhər dustaqxanasında işləməyə başlayır. Qazandığı pulların bir qismini anasına göndərir, qalan hissəsini isə kitablara və dərslərinə sərf edir. İyirmi bir yaşında Meksika müharibəsinə yollanır. Müharibədən sonra isə hüquq kontoru açır, tez bir zamanda böyük hörmətə və etimada sahib olur.


Lakin xasiyyətcə çox inadkar olan polkovnik Folkner asanlıqla özünə çoxlu düşmən qazanır və onlarla hər toqquşması əksər vaxtlarda güllə səsləri və yaxud bıçaq zərbəsi ilə sona çatır.


Gəncliyində şeirlər, yetkin yaşlarında isə nəsr əsərləri yazmışdır. Onun romantik münaqişələr, sevgi macəraları və sirli-sehirli hadisələrlə dolu “Memfisin ağ qızılgülü” adlı romanı bir neçə dəfə təkrar nəşr olunmuşdur. Polkovnik Folknerin həyatı çox faciəvi və gözlənilməz sonluqla bitmişdir. Belə ki, onun iş ortağı münaqişə zəminində silahla onun sifətinə atəş açıb, onu öldürmüşdür.

Müharibəyə qoşulmaq arzusu...


Polkovnik Folknerin nəvəsi yazıçı Uilyam Folkner anadan olarkən onların ailəsi olduqca imkanlı olmuşlar. Gələcək yazıçının atası 1902-ci ildə öz ailəsi ilə birlikdə Oksford şəhərinə köçərək təmtəraqlı bir malikanədə yaşamışlar.
Folknerdən başqa ailədə üç oğlan böyüyür. Onların ən böyüyü isə Uilyam idi. Orta məktəbi bitirdikdən sonra Uilyam bir müddət bankda işləməli olur. Birinci dünya müharibəsinin başlandığını bilən Uilyam könüllü olaraq müharibədə iştirak etmək istəyir. Lakin onun boyunun balaca olması buna mane olur. Ancaq o, çarəsiz qalıb Torontodakı hərbi-hava qüvvələri məktəbinə daxil olmuşdu. Bu arada Birinci Dünya müharibəsi bitdiyindən Folkner evə qayıtmışdı.

Məhəbbət məcəraları və özündən çox cavan sevgililəri...


Yeniyetməlik illərində Folkner qonşuluqda yaşayan Estella Oldem adlı qıza vurulur. İlk gənclik şeirlərinin bir çoxunu da məhz Estellaya həsr edir. Lakin bir müddət sonra Folkner Estellanın başqa bir adamla evlənib Çinə getdiyini öyrənir. Bu xəbərdən çox sarsılan yazıçı xeyli vaxt özünə gələ bilmir.
O, adətən arıq və uzunboylu qızları xoşlayır. Onun növbəti sevgisi birincisindən daha qüvvətli olur. Bu dəfə Uilyam Helen Berd adlı başqa bir qıza vurulur. Tale elə gətirir ki, Helen də başqa birisi ilə ailə qurur.

On bir ildən sonra yazıçının ilk məhəbbəti Estella ərindən ayrılıb geri qayıdır. Bu xəbəri eşidən Uilyam yenidən Estella ilə görüşməyə başlayır və onlar heç kəsin gözləmədiyi halda 1929-cu ildə evlənirlər. Onların ilk övladları doğulduqdan bir müddət sonra tələf olur. Lakin sonra onların bir qız övladları da doğulur.


Bir neçə il sonra Yazıçı Hollivudda Meta Karpenter adlı bir qadınla tanış olur. O, Folknerlə əməkdaşlıq edən rejissor Hovard Xousun katibəsi olur.

Folknerdən düz on yaş cavan olmasına baxmayaraq, tezliklə yazıçıya vurulur. Və onların arasında böyük sevgi macərası başlayır. Meta hədsiz dərəcədə gözəl qadın olur. Onun Folkner haqqında olan fikirlərinə görə Folkner həddindən artıq ehtiraslı sevgili olmuşdur. O, Metaya tez-tez şeirlər yazar və erotik rəsm əsərləri bağışlayarmış.

1937-ci ildə Meta başqası ilə ailə həyatı qursa da uzun illər Folknerlə olan əlaqələrini qırmır. 1950-ci ildə yazıçı özündən otuz iki yaş cavan olan yazıçı Joan Uillimsla tanış olur. O, da tezliklə Folknerə sevgili olur. Onların arasında üç il sürən böyük məhəbbət yaşanır. Lakin aralarında olan böyük yaş fərqi 1953-cü ildə bu sevgi macərasının nöqtələnməsinə səbəb olur. Sonralar onların münasibətlərindən və yazışmalarından bəhs edən “Uillams Folkner və Joan Uilliams: İki yazıçının romantik görüşləri” adlı kitab da çap olunur.

Yaradıcılığı boyu özünün ən çox sevdiyi əsəri...

Folknerin ədəbi taleyində, onun bir yazıçı kimi formalaşmasında tanınmış Amerika yazıçısı Şervud Andersonla 1925-ci ildə baş tutan tanışlığı böyük rol oynayıb. Folknerin müsahibələrində və çıxışlarında öz dövrünün yazıçılarının atası adlandırdığı Şervud Anderson nəinki “Əsgər mükafatı” romanının nəşr olunmasına, həm də Folknerə öz yolunu, məhz ona məxsus yolu tapmaqda yaxından kömək edib. Anderson Folknerə “öz dünyasını” yaratmaq ideyasını verib.

Image result for William Faulkner

“Siz sadə bir oğlansınız, Folkner, bildiyiniz yeganə şey sizin oralarda, Cənubda üstündə yaşadığınız çox da böyük olmayan torpaq parçasıdır. Amma elə bu da kifayətdir".

Andersonun bu sözləri gənc yazıçının gələcək tale yolunu müəyyən edib. Folkner öz dünyasını yaratmağa çalışarkən Amerika ədəbi ənənələri tarixinin ABŞ-ın öz tarixi kimi qısa olduğunu kəskin surətdə hiss edir və buna görə də inadla bu qısa və dar çərçivə daxilində hər bir faktı geniş tarixi perspektivdə inkişaf etdirməyə, hər bir epizodu keçmişə və gələcəyə doğru genişləndirməyə çalışır. Bir amerikalı haqda sadəcə bir əhvalatı danışmaq kifayət etmir, çünki onun həyatının hər anında bütün keçmişi - və ola bilsin ki, gələcəyi də - öz ifadəsini tapmazsa, haqqında deyilən heç bir həqiqət tam həqiqət olmayacaq.


Öz dünyasını yaratmağa başlayarkən Folknerin heç bir ilkin ümumi planı olmamışıdır.

Bu məkan və zaman daxilində baş verə bilən bütün mümkün ailədaxili, ictimai, siyasi və irqi münaqişələr Folknerin iti qələmi sayəsində son dərəcə kəskinləşərək dərin, ümumbəşəri məzmun kəsb edir. Əslində, Yoknaptofa Folknerin öz doğma yurdunun – Missisipi ştatındakı Oksford əyalətinin simvolik rəmzidir. Yazıçı bütün bəşəri ideyalarını məhz öz yaşadığı kiçik bir əyalətin həyatı fonunda əks etdirməyə çalışıb. Folkner özü deyir: “Sartoris”dən başlayaraq, dərk etdim ki, xəritədə poçt markası boyda xımxırda görünən doğma yurdumdan yazmağa dəyər, o buna layiqdir və bu mövzunu axıracan yazıb qurtarmağa bütün ömrüm bəs eləməz”. Və dahi yazıçının nəhayətsiz təxəyyülü hesabına uydurulan, əslində isə spesifik tarixə, özünəməxsus qayda-qanunlara, mürəkkəb sosial və irqi münasibətlərə malik olan Amerika cənubunun bütün səciyyəvi xüsusiyyətlərini özünə hopduran və Yoknaptofa qraflığı adlandırılan bu mikrodünya haqda roman və hekayələr silsiləsi – Yoknaptofa saqası adlanır.

Bu silsilədən olan ilk roman - "Sartoris" (1929) Şervud Andersona ithaf edilmişdir. Bunun ardınca elə həmin ildə tamam ayrı bir əsər kimi işıq üzü görən "Hay-küy və qəzəb" romanı müəyyən vaxtdan - bu romanın personajları olan Snoupslar yazıçının sonrakı kitablarında Sartorislərlə təmasa, daha doğrusu, münaqişəyə girdikdən sonra - saqanın tərkib hissəsinə çevrilmişdir. Artıq yazıb bitirmiş olduğu bəzi romanlarını isə saqaya daxil etmək üçün Folkner yenidən işləmişdir. Yeri gəlmişkən, o, bəzi hallarda bunun üçün heç bir səy göstərməmiş, həmin romanlar arasında meydana çıxan ziddiyyətləri görməmiş, yaxud görmək istəməmiş və bunun özünü belə, özünəməxsus şəkildə, canlı, təbii inkişaf hesab etmişdir. "Əsgər mükafatı", "Pilon" 1935 və s. kimi bəzi əsərləri isə, ümumiyyətlə, bu silsilədən kənarda qalmışdır. Yazıçının Yoknapatofa saqasına daxil olan başlıca romanları bunlardır: "Mən öləndə" 1930, "Məbədgah" 1931, "Avqustda işıq" 1932, "Avessalom, Avessalom" 1936, "Kənd" 1940, "?əhər" 1957, "Malikanə" 1959. Onun bu silsiləyə aid edilən çoxlu povest və hekayələri də mövcuddur.


Yazıçıya ən böyük məşhurluq gətirən və özünün də çox sevdiyi əsərlərindən biri isə 1929-cu ildə qələmə aldığı “Səs-küy və qəzəb” romanı olmuşdur.

99 faiz istedad, 99 faiz zəhmət, 99 faiz intizam...


Folknerin əsərləri ilk vaxtlar həm oxucular, həm də ədəbi tənqid tərəfindən heç də asan qəbul olunmayıb. Ümumiyyətlə, Folknerlə oxucu ictimaiyyəti və ədəbi tənqid arasındakı münasibət ayrı bir mövzudur, bu mövzunun öz paradoksları var. Belə ki, Folkner, sanki, bütün ömrü boyu ədəbi tənqidə qarşı düşmən mövqedə olub, ancaq son nəticədə məhz ədəbi tənqid, daha doğrusu, ayrı-ayrı tənqidçilər onun əsərlərini təqdim və izah etməklə bu yazıçı ilə oxucular arasında körpü yarada biliblər. Bir müddət, 1930-40-cı illərdə Folkner həqiqətən, sanki, təcrid vəziyyətində qalır. Onun əvvəlki kitabları təkrar nəşr olunmur. Özünün də dediyi kimi, həmin dövrdə Folkner Hollivudda “xaltura” ilə - ssenari, hətta onları da tam şəkildə deyil, yalnız dialoqlarını yazmaqla - məşğul olur, bu yolla pul qazanır. 1942-1948-ci illər ərzində onun cəmi üç hekayəsi çap olunur.

Müsahibələrinin birində yaxşı yazıçı olmaq üçün nə lazımdır sualın, Folkner belə bir cavab verir: "Yaxşı yazıçı ola bilmək üçün mütləq 99 fais istedad, 99 faiz zəhmət, 99 faiz intizam tələb olunur.


Və əsl yazıçı uğur və zənginlik barədə düşünmür. Uğur qadın kimi bir şeydir. Əgər onun önündə sıyılsan, o sənə nifrət edəcəkdir. Ancaq ona hiss etdirsən ki, o, səni qətiyyən maraqlandırmır. Bəlkə də özü sənin diqqətini cəlb etmək istəyəcək".

At sevgisi və gözlənilməz ölüm...


1950-ci ildə isə Folkner “müasir Amerika romanının inkişafına verdiyi özünəməxsus yaradıcı töhfələrə görə” Nobel mükafatına layiq görülür. Folkner ömrünün son on ilini öz mövzularının bir çoxunu yenidən nəzərdən keçirmək və onları yekunlaşdırmaqla məşğul olur. Onun yaradıcılıq yolunun ən layiqli yekunu 1940-cı ildə “Kənd” romanı ilə başlayan, 1957-ci ildə “Şəhər” romanı ilə davam etdirilən trilogiyanın başa çatdırılmasıdır.
Bu trilogiyanın sonuncu hissəsi olan “Malikanə” romanı formal olaraq heç də yazıçının son əsəri deyil. Ölümündən bir ay əvvəl onun “Oğrular” romanı geniş oxucu kütləsinin ixtiyarına verilmişdir.


Atları çox sevən Uilyam Folkner 17 iyun 1962-ci ildə at çaparkən yıxılır və Missisipidəki sanatoriyaların birində bir həftə xəstə yatır. Lakin müalicə öz nəticəsini vermir. Və böyük yazıçı tromboz (dammar tıxanıqlığı) xəstəliyindən dünyasını dəyişir.

# 4806 dəfə oxunub

Müəllifin son yazıları

# # #