Ərini həyatına, məşuqunu qəbrinə buraxmayan yazıçı-ARAŞDIRMA 

Ərini həyatına, məşuqunu qəbrinə buraxmayan yazıçı-<span style="color:red;">ARAŞDIRMA  
14 oktyabr 2014
# 08:30

Ötən əsrdə yaşamış yəhudi əsilli Ayn Randın əsl adı Alisa Rozenbaumdur. 1905-ci il fevral ayının 2-də Sankt-Peterburq şəhərində əczaçı ailəsində doğulan Alisa yaşıdlarından fərqlənirdi. Dörd yaşında oxumağı və yazmağı bacaran balaca qızcığaz, doqquz yaşı olanda, artıq yazıçı olmaq istədiyini müəyyənləşdirir. Və xırda hekayələr yazmağa başlayır.

On iki yaşı olanda siyasətlə maraqlanır. 1917-ci ilin fevral inqilabı onun hekayələrinə təsirsiz ötüşmür. Elə həmin il Alisa onun yaradıcılığına güclü təsir etmiş Viktor Hüqonun nəsri ilə tanış olur. On iki yaşından Kerenski hakimiyyətini dəstəkləyən Alisa bolşevik çevrilişinin şahidi olur. Atasının əczaxanası bağlandıqdan sonra Rozenbaumlar ailəsi müharibədən qaçaraq Krıma köçür. Orta məktəbi orada başa vurduqdan sonra ailəsi birlikdə yenidən Peterburq şəhərinə qayıdır və universitetə daxil olur. Fəlsəfə və tarix üzrə araşdırmalara başlayan Alisanın, Nitşenin əsərləri tanışlığı da məhz bu illərdə baş verir. 1924-cü ildə universiteti bitirən Alina haqqında təhqiqat başlanır. Bunun ardınca isə kommunistlər universitetin səlahiyyətlərini öz əllərinə keçirirlər.

Həyatının çətinləşməsinə baxmayaraq qərb filmlərinə olan maraq və sevgi onu 1925-ci ildə Amerikaya getməyə və kino sənəti universitetinə daxil olmağa sövq etdi. Sovet İttifaqı rəsmilərinə səfərinin qısa olacağını bildirsə də, bir daha Moskvaya qayıtmayacağına əmin idi.

Çap maşınının adına uyğunlaşdırılan təxəllüs

1926-cı ilin fevral ayında Nyu-Yorka çatan Alisa altı həftə Çikaqoda qaldıqdan sonra vizasının vaxtını uzatdırıb ssenari yazarı olaraq Hollivuda gedir. İyirmi bir yaşlı Alisa yazıçı kimi Amerikada fəaliyyətə başlayır və “Reminqton Rend” markalı yazı makinasının adına uyğun olaraq Ayn Rend təxəllüsünü götürür.

Hollivudda gəlişinin ikinci günü kinostudiyanın qarşısında dayanarkən gələcək həyat yoldaşı olan Frank O Konnor ilə tanış olur.

“Kralların kralı” filmində mətn oxuyucusu kimi işləyən Ayn bir müddət sonra ədəbi yaradıcılığa başlayır. Ssenari və pyeslər yazır. Lakin ilk cəhd uğursuz olur. Ofisiant və teatrda qarderobda işləyir.

1929-cu ildə Ayn Frank O Konnor ilə ailə həyatı qurur. Frank onun həm dostu, həm redaktoru idi. Amma Ayn heç vaxt ərinin soyadını qəbul etmir. O, hər zaman məşhur yazıçı olmağa can atır və bunu öz soyadı altında gerçəkləşdirmək arzunda olur.

“Biz canlıyıq” və qayçılanan filmlər

1933-cü ildə “Çardaqdakı əfsanə” adlı ilk pyesini tamamlayır. Bir il sonra “Brodve” teatrında işləməyə başlasa da, bu çox davam etmir. 1936-cı ildə isə onun “Biz canlıyıq” romanı işıq üzü görür. Romanın əsas qayəsi Rusiyadakı totalitar rejimə qarşı etiraz olur. Rend həmin romana çox böyük qüvvə sərf edir, əsəri ərsəyə gətirmək üçün altı il əziyyət çəkir. Amma əsər tənqidçilərin və Amerika oxucularının diqqətini çəkmir. Buna baxmayaraq İtaliyadakı bir film şirkəti tərəfindən müəllifin xəbəri olmadan iki dəfə ekranlaşdırılır. Hər iki film Benito Mussolini hökuməti tərəfindən senzuraya məruz qalıb qayçılanır. Fəqət hər iki film anti sovet mahiyyətli olduğundan yayımlanır. Filmlər böyük müvəffəqiyyət qazanır. İzləyicilər başa düşür ki, əsərdə kommunizm qədər faşizmə də etiraz edilir. Bununla da hökumət həmin filmlərin nümayişinə qadağa qoyur. Bir müddət sonra Rend özü də filmlərə baxa bilir. 1986-cı ildə onun razılığı ilə təkrar nümayişinə icazə verilir. “Biz canlıyıq” romanı isə iki milyondan çox tirajla satıldı.

1937-ci ildə özünün həcmcə o qədər də böyük olmayan “Himn” povestini yazır.

Onun növbəti məşhur romanı “Həyatın qaynağı” oldu. Yeddi ilə yazdığı bu əsər on iki nəşriyyat tərəfindən rədd edildi. İntellektuallara və Amerika düşüncə tərzinə qarşı olduğu üçün... Nəhayət əsər “Bobbs-Merrill” nəşriyyatı tərəfindən 1943-cü ildə işıq üzü görür. Bu roman yazıçıya çox böyük uğur qazandıraraq inanılmaz şöhrət qazandırdı.

1943-cü ilin sonunda “Həyatın qaynağı” romanının ssenarisini yazmaq üçün Hollivuda yola düşür. Lakin, İkinci Dünya Müharibəsinə görə ssenarinin yazılması 1948-ci ilə qədər təxirə salınır.

Ən böyük romanla birgə yaranan ehtiraslı məhəbbət

Rend 1957-ci ildə özünün ən böyük romanı olan “Atlant çiyinlərini çəkdi”ni yazır.

1960-cı ildən universitetlərdə mühazirələr deyir.

Frenklə birgə olduğu dönəmlərdə hər kəs onların evliliyinə qəribə yanaşırdı. Ətrafdakı insanlar Ayn kimi güclü qadının xasiyyətcə zəif və mövqeyi bəlli olmayan Frenklə necə yola getdiyinə təəccüb edirdilər.

Frenkin ailəsi də Rendi bəyənmirdi. Onların fikrincə Rend çox zövqsüz və vasvası qadındı. Əslində o, doğrudan da Frenkə həddindən artıq diqqət göstərirdi. Ayn yeməkdən sonra Frenki dondurma yeməyə məcbur edirdi ki, soyuğa və mikroblara qarşı müqaviməti güclənsin. Yoluxucu xəstəliklərdən çox qorxan Ayn bunu müharibə illərində gördüyü dəhşətli xəstəliklərlə əlaqələndirirdi.

Frenk istəyirdi ki, övladları olsun. Amma Rend bunun əleyhinə idi.

İlk dəfə 1930-cu ildə hamilə qalan yazıçı öz istəyi ilə uşağı abort etdirib.

1950-ci ildə Nyu-Yorka köçən yazıçı 19 yaşlı tələbə Nataniel Brenden ilə tanış olur. Hələ on dörd yaşı olanda Rendin “Həyatın qaynağı” əsərini oxuyan Nataniel Rendlə fəlsəfə haqqında söhbətlərdən zövq alırdı. Onunla görüşə nişanlısı Barbara ilə gələn Nataniellə özündən iyirmi beş yaş böyük olan yazıçı arasında sevgi yaranır. Nataniellə Barbaranın ailə qurması, hətta Barbaranın Aynla yaxın rəfiqə olması bu ehtiraslı məhəbbətə mane ola bilmir. Hər ikisinin evli olmasına baxmayaraq onlar uzun müddət münasibətdə olurlar.

Brenden Rendin sevgilisi olmaqla yanaşı həm də onun yaratdığı cərəyanının aparıcı simalarından birinə çevrilir.

Onun son vəsiyyəti...

1968-ci ilin sonlarında Brenden özündən xeyli cavan aktrisa Patrisiya Qallisona vurulur. Bir müddət sonra Nataniel öz arvadından da ayrılır. Onun bu hərəkəti Rendə çox pis təsir edir. O, Brendenlə olan bütün əlaqələrini kəsir. Və mətbuat vasitəsi ilə Nataniellə olan münasibətlərinin pozulduğunu bəyan edərək özünü karyerasının yüksəlişinə həsr edib təsəlli tapır.

1974-cü ildə fəlsəfənin şahzadəsi adlandırılan Rendin ağciyərində xərçəng aşkar olunur. Taleyin ağır sınağına düşən Rend xarici ölkələrə olan səfərlərini təxirə salır. Universitetlərdəki mühazirələrinə ara verib özünə qapanır.

1979-cu ildə onun vəfalı dostu, həyat yoldaşı Frenk dünyasını dəyişir. Bu itkidən sonra o, özünü tamamilə yalnız və kimsəsiz hesab edir.

6 mart 1982-ci ildə Rend otuz il yaşadığı Nyu-Yorkdakı evində ürək çatışmazlığından dünyasını dəyişir.

O, Valxalla ştatının Kensiko qəbiristanlığında ərinin yanında dəfn olunur. Dəfndən əvvəl mərasimin keçirildiyi məkan yazıçının vəsiyyəti ilə dövrələmə nəzarətə götürülür. Məqsəd isə Nataniel Brendenin onun vida mərasimini ziyarət etməsinin qarşısını almaq idi.

# 4917 dəfə oxunub

Müəllifin son yazıları

# # #