Əgər bir qadın anadırsa...

Əgər bir qadın anadırsa...
12 iyun 2023
# 16:50

Kulis.az Samirə Əşrəfin "Tanrının əli" adlı yeni yazısını təqdim edir.

Hər bir qadın, ana olduğu andan ömrünün sonuna qədər, dünyaya gətirdiyi övladının qoruyucusuna çevrilir, balasını pisliklərdən, bədbəxt hadisələrdən, ola biləcək ən dəhşətli bəlalardan hifz etməyə çalışır. Əgər bir qadın anadırsa, o, mütləq hər gecə yatağına girəndə, hər səhər yuxudan oyananda dodağının altında, ürəyinin ən dərin tərəflərində gözəgörünməz allaha dualar edir. Hərdən yuxularında belə övladlarını pisliklərdən qoruyur, şər qüvvələrə qarşı olmazın mübarizələr aparır, əzablara qatlaşır.

Etdiyi bazarlıqlardan pul kisəsinə yığılıb qalan qəpikləri marketlərin girişinə qoyulan sədəqə qutularına atan bir qadın görürsünüzsə, bilin ki, o, mütləq gecə də, gündüz də övladını mühafizə edən anadır. Yolunu azan, evinə getməkdə çətinlik çəkən alzehimer xəstəsi yaşlı qadına kömək etməyə ciddi cəhdlə çalışıb savab qazanmağa can atan yenə də hansısa anadır. Küçədə quru salfet satan qadınlara salfetin pulunu ödəyib, ancaq salfeti almayıb məbləğini satıcıya bağışlayan da bir anadır. Övladını 2 saylı klinik psixiatriya xəstəxanasına aparmaq üçün ünvanı tapa bilməyib yolun ortasında çaşbaş qalan narahat anaya taksi çağırmaqda kömək edən də başqa bir anadır.

Günün hansı vaxtı olursa olsun, qarşınızda xeyirxahlıq etmək üçün zühur edən qadın varsa, bilin ki, o, bir anadır. O, bütün xeyirxahlıqları ona görə edir ki, elədiyi yaxşılıqların müqabilində zərrə-zərrə qazandığı dualar, savablar ona, dolayı yolla isə övladlarına çatsın. Analar dua edəndə fikir versəniz, görərsiniz ki, çox nadir hallarda özləri üçün allahdan nə isə istəyirlər. Onların dillərinin ucunda yalnız övladlarının adları səslənir.

Hər bir ana ən azı gündə bir dəfə allahın hüzuruna boylanıb yalvararaq pıçıldayır: "İlahi, mənim günahlarımı övladlarımın ayağına yazma... İlahi, onlara gələn bəlaları, dəhşətləri, qəzavü-qədəri mənə göndər. İlahi, onları xoşbəxt, sağlam və ölümdən uzaq elə".

Bütün bu duaların bir ucundan yapışan ana bəlkə də şüuraltında övladına həm də ölümsüzlük arzu edir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil olunan "Pillə 2 Tələbə Tamaşaları Festivalı" çərçivəsində "Sabah" qrupları - II kurs tələbələrinin təqdim etdikləri "Teresa Karrarın tüfəngləri" tamaşası da bir ananın övladlarını qorumaq uğrunda apardığı mübarizədən və bu mübarizənin puç olmasından bəhs edir.

Amansız, əsrarəngiz, başdan ayağa sənət, ədəbiyyat, teatr, faciə qoxuyan Bertold Brextin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərini Azərbaycan dilinə Svetlana Turan tərcümə edib. Əsəri kurs tələbələri ilə işləyən eyniadlı tamaşanın rejissoru Əməkdar artist Nofəl Vəliyevdir. Yazımın bu yerində Brextin azərbaycanlı oxucuya az məlum olan bu əsərinin tərcüməsinin sifarişinə görə Nofəl Vəliyevə təşəkkür edərək tamaşa ilə bağlı fikirlərimə keçmək istəyirəm.

Bəli, əlahəzrət oxucu, təəssüf ki, indiki dövrdə nədənsə tənqidçilərimiz, teatrşünaslarımız böyük səhnələrdən, Xalq artistlərindən, onların ifasından, bər-bəzəkli ehtişamlı tamaşalardan, məftunu olduqları kinoaktrisalarından yazmağa can atırlar. Elə mən özüm də heç vaxt tələbələrin səhnə işlərinə vaxt ayırmadığımı etiraf edirəm. Ancaq bu dəfə müəllif kimi kameramı haqqında bəhs edəcəyim tamaşaya yönəltmək istərdim.

Açığı, tamaşaya qədər ara-sıra baxdığım, universitet səviyyəsində səhnə işi ilə tanış olacağımı zənn edirəm. Amma niyəsə Brextin adı məni inamlı olmağa, səhnədə baş verəcəklərə hakim kəsilməyə səsləyirdi. Həm də tamaşadan bir gün əvvəl Nofəl Vəliyevin öz sosial hesabında tamaşa ilə bağlı etdiyi paylaşımı xatırlayıram: "Mən orda olmayacam, amma tələbələrim olacaqlar və onlar öz işlərini mənim arzuladığım kimi yerinə yetirəcəklər".

Qəlbimdə həzin nisgil yaranır. Bir müəllimin günlərlə, aylarla yetişdirdiyi tələbələri üçün çəkdiyi zəhmətlər gözlərimin qarşısında canlanır. Yaradıcı insanın, pedaqoqun tələbələrinə həm də valideyn kimi diqqət, qayğı göstərməsinə, nəhayət, həlledici gündə onlardan çox uzaqda olmasına, nigarançılıq çəkməsinə mütəəssir oluram. Nofəl müəllimin tələbələrindən uzaqdakı həyəcanını, təşvişini, həm də, onlara olan inamını hiss edir, duyuram.

Bu kimi fikirlərin girdabına yuvarlandığım ərəfədə zalın işıqları sönür. Səhnədə dimdik bir qadın və qorxudan tir-tir titrəyən gənc peyda olur. Qadın anadır. Baxışları sərt, üzü əzab çəkməkdən solmuş, ancaq kifayət qədər qətiyyətli və inamlı ana! Gənc isə ananın cəbhədən güclə saxladığı oğul...

Brextin 1937-ci ildə qələmə aldığı "Teresa Karrarın tüfəngləri" pyesi 1936-1939-cu illərdə İspaniyada baş verən vətəndaş müharibəsindən bəhs edir. Əsər ilk dəfə 1939-cu ildə İsveçdə fəaliyyət göstərən Azad Alman Teatrında səhnələşdirilib. Brext bu tamaşa üçün dövrü əhatə edən proloq və epiloq yazaraq özü tamaşanın hazırlanmasında yaxından lştirak edib. Keçmiş Sovetlər İttifaqında pyes ilk dəfə 1958-ci ildə Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında səhnəyə qoyulub.

Tələbələrin iştirakı ilə baş tutan səhnə əsərində müharibə zamanı həyat yoldaşını müharibədə itirən Teresa Karrar (Nəzrin Zeynalova) geriyə qalan iki oğlunu Xoseni (Emil Həmidov) və Xuanı (Həmid Aslanlı) qorumağa, onların müharibəyə getməsinin qarşını almağa çalışır. Bunun üçün o, oğlanlarından birini balıq ovuna göndərir, digərini isə evdə, yanında saxlayır. Hətta onlara qonaq gələn qardaşı Pedro (Nurlan Ağayev) belə Teresanı fikrindən daşındırmağa, ərindən qalan tüfəngləri ondan almağa nail ola bilmir. Ana ciddi cəhdlə əmindir ki, generallarla, varlılarla mübarizə aparmaq, onlara qarşı güc nümayiş etdirmək onun kimi kasıbların işi deyil. Üstəlik, o, ərinin ölümü ilə artıq vətənə olan borcunu, öz təbirincə desək, vergisini ödəyib.

Teresa oğlanlarını müharibəyə yollaması üçün onu dilə tutmağa gələnlərin hamısını, oğlu Xuanın sevgilisini belə, qapıdan qovur, onları acılayır, oğlanlarından əl çəkmələrini istəyir. Ancaq bayaq vurğuladığım kimi, amansız Brext əsərdəki "allahlığını" edir. Taleyin qisməti başqa cür gərdiş eləyir. Teresanın gözü qədər qoruduğu oğlu Xuan göz yaşına çevrilib onun gözündən damcılayır. Xuanı öldürürlər. Oğlunun meyitini evinə gətirəndə Teresa iradəsini qorumağa çalışır, qardaşının qucağından sürüşüb döşəməyə yıxılsa da, ağlını itirmir. Ayağa qalxır, bir zamanlar cırıb kənara tulladığı, lənətli hesab etdiyi al qırmızı bayrağı oğlunun nəşinin üzərinə sərir. O, səhv etdiyini, ilk gündən vətəndaş müharibəsinə övladları ilə birgə qoşulmalı olduğunu anlayır.

Brext əslində həm də bunu demək istəyir ki, insan həyatda ən çox nəyin üzərində titrəyirsə, əsim-əsim əsirsə, tanrı məhz onu ondan alır.

Rejissorun ənənəvi, bildiyimiz əsərlərə qaçmaması, Brextin məhz bu əsərinə müraciət etməsi əslində mənim üçün ürəkaçıcı hal oldu. Brexti bir tamaşaçı kimi yenidən kəşf etdim.

Əlbəttə, bayaq qeyd etdiyim kimi, Brext əsərlərində xeyli amansızdır. O, əsərlərini yazarkən sanki faciəsiz dayana bilmir, dinc durmur. "Teresa Karrarın tüfəngləri" əsərini yazmaqla da, müəllif insanlara göstərir ki, baxın, evinizdə dinc oturmaqla, güllə səslərini qulaqardına vurmaqla, tüfəngləri zirzəmidə gizlətməklə, gələn qonaqlara qıpqırmızı şərab süzüb onları heç nə olmayıbmış kimi zahiri rahatlıqla aldatmaqla deyil. Həyat, tale, qismət deyilən bir nəsnə va ki, ondan qaçmaq qeyri-mümkündür. Bir oğlunu balıq ovuna yollaya, digər oğlunu dizinin yanında oturda bilərsən, amma allahın əli yaratdığı bəndələrinin üzərindədir. Və həmin bəndənin alnındakı yazıları silmək, hərflərin yerini dəyişmək, onları xoşbəxtliyə, həm də bədbəxtliyə tərəf sürüşdürmək və yaxud da, hər şeyi olduğu kimi saxlamaq da yalnız ona məxsusdur.

"Teresa Karrarın tüfəngləri" pyesində də tanrı sanki Terasaya inad Xuanın alın yazısına toxunmur, anaya heç bir xoşbəxtlik əta etmir. Nəticədə Xuanın ölümü ailəni atadan sonra növbəti yasa sürükləyir. Kasıbların taleyi bu dəfə də gətirmir. Onların qara-qura həyatı bir az da tündləşərək, qaranlığa, zülmətə qərq olur.

Səhnə əsəri başlanandan hər tərəfdən boylanan qara rənglər, ümidsizlik, elə bil indicə, bu saat baş verəcək faciəni hiss etdirir. Rejissor ananın narahatlığını, ölümün rəngini, qoxusunu asanlıqla tamaşaçıya çatdıra bilir. Tələbələrin oturuşmuş ifaları, özlərinə inamı, obrazlarına tam hakim olmaları onların əsər üzərində ciddi hazırlaşmalarından xəbər verir. Xüsusilə, Nəzrin Zeynalova, Nurlan Ağayev, Emil Həmidov alqışa layiq ifa təqdim edirlər. Nəzrin Zeynalovanın qadın, ana hisslərini mükəmməl təlqin etməsi, mizanlardakı çevik, kəskin hərəkətləri diqqətə layiq idi. Bəzi məqamlarda onun ifasında xəfif pafos hiss olunsa da, plastikası, ifasındakı ölçülü ardıcıllığı bu pafosu üstələyir və müəyyən balans yaradır.

Nurlan Əliyevin simasındakı narın, narahat cizgilərlə uyğunluq təşkil edən bədən dili, səsindəki intonasiya Pedro obrazı ilə bütövlük təşkil etdiyi qədər də, Dostoyevskinin kədərli, bəxtsiz kişi qəhrəmanlarını Knyaz Mışkini, Raskolnikovu xatırladır. Nurlan Ağayevlə Nəzrin Zeynalovanın tandemi bir çox səhnələrdə olduqca uğurlu alınır.

Emil Həmidov yeniyetmələrə xas, insani çəkingənliyi, simasındakı ürkəkliyi maraqlı yozumlarla tamaşaçıya çatdırmağa, ona tapşırılan rolun öhdəsindən gəlməyə çalışır.

Qarı Peres rolunu ifa edən Fatimə Qasımova qızını itirən yaşlı qadın obrazını çox kaloritli şəkildə çatdırmağa müvəffəq olmuşdu. Onun zahirindəki hüzn, dərddən bayğınlıq həddinə çatması, başdan ayağa qaraya bürünmüş dərdli ana ifası çox maraqlı idi. Tamaşaçı səhnədə həm bənizi göyçək, həm də dərddən bükülmüş qadın obrazını görərkən qəribə hisslər keçirirdi. Fatimə Qasımovanın müsbət, həqiqi fakturası üzərindən iri xətt çəkərək qəhrəmanının tərəfinə keçməsi, qarı obrazına məharətlə bürünməsi çox maraqlı idi.

Bundan başqa, tamaşa üçün seçilən musiqilər, davamlı şəkildə fonda gedən atəş səsləri və xüsusi ilə qəhrəmanların geyimlərindəki tərtibat tamaşaçıya əsərdəki dövrü təsəvvür etməyə asanlıqla kömək edir.

Tələbələrin yaxşı ifası, təyin olunan musiqilər, tamaşanın plastik həlli, mizanların quruluşu rejissorun səhnə əsəri üzərində xeyli əmək sərf etməsindən, klassik əsərlərlə bağlı əhatəli təcrübəsindən xəbər verirdi. Tamaşa sona çatan zaman zalda ucalan alqış səsləri də bunu sübut etdi.

Ümid edirəm ki, Nofəl Vəliyev tələbələri ilə hələ bundan sonra da, daha böyük, qalıcı əsərlər yaradacaq. Mənim bu yazım isə "Pillə 2 Tələbə Tamaşaları Festivalı"na, eləcə də, "Sabah" qrupları və müəllim heyətinə kiçik bir töhfə olsun.

525-ci qəzet

# 1725 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #