İşıq düşür tavanın kirli çilçırağından - Salam Sarvanın Bodlerdən tərcümələri

İşıq düşür tavanın kirli çilçırağından - <span style="color:red;">Salam Sarvanın Bodlerdən tərcümələri
11 aprel 2017
# 16:30

Kulis.az tanınmış şair Salam Sarvanın Şarl Bodlerdən tərcümələrini təqdim edir.

Leş

O yay yadındamı, mənim mələyim,
O at yadındamı, mənim balacam?
Gördük ki, ölüsü uzanıb qalıb
Saralmış otların arasındaca.

Elə çürüyürdü yol qırağında,
İyi götürmüşdü uzaqları da.
Qaranlıq küçənin fahişəsitək
Aralı qalmışdı ayaqları da.

Günəş od tökürdü leşin üstünə,
Ki, külə döndərib yanına çəksin.
Bütöv yaratdığı şeyi təbiət
İndi hissə-hissə canına çəksin

Onun skeleti çiçəklər kimi
Elə ağardırdı dişini göyə...
Az qaldı özünü pis hiss edəsən
Sən dözə bilmədin bu murdar iyə.

Yadındamı necə sürünürdülər
O atın qarnının üstündə qurdlar?
Milçəklər də gəlib bu ziyafətə
Murdar sinə üstdə uçuşurdular.

Şişirdi, köpürdü onun cəsədi,
Sanki hələ də boy atmaqda idi.
Elə bil təzədən gəlmişdi cana,
Bədən böyüməkdə, artmaqda idi.

Dünyaya sehrli səs yayılırdı,
Sanki hər tərəfə əsirdi külək.
Əlinin havada yellənişiylə
Torpağa dən səpən taxılsəpəntək.

Bir qancıq qəzəblə baxırdı bizə
Kollar arasından elə həmin gün.
Fürsət gözləyirdi, biz uzaqlaşaq
Bu leşdən ona da bir tikə düşsün.

İndi səninləyəm, gözüm işığı,
Sən də elə bilmə əbədi dağsan...
Şux durub baxdığın bu otun üstə
Bir gün meyit kimi uzanacaqsan.

Sən də, ey gözəlim, çürüyəcəksən,
Toza çevriləcək sümüklərin də.
O qara gününə həmrəng geyinən
Adamlar olacaq hüzür yerində.

O zaman o qara torpağda səni
Öpə-öpə yeyən qurdlara de ki:
Gözəl cizgilərin, gözəl qamətin
Əbədi qalacaq mənnən, əbədi.

Oyun

Qumar masalarında bu ahıl fahişələr...
Daş-qaş, qır-qızıl örtmüş boyun-boğazlarını.
Bədənləri cilvəli, kirpikləri sürməli...
Həm təlaş, həm də qorxu bürüyüb gözlərini.

Dodaqlarsız ağıza dişsiz təbəssüm girib,
Hamı öz qismətiylə aparır hesabını...
Əsəbdən əsən əllər eşələyir ümidlə
Ya qurumuş döşləri, ya da boş pulqabını.

İşıq düşür tavanın kirli çilçırağından
Masanın üstündəki gümüş qalaq üstünə.
Və qan-tər içindəki bu məşhur şairlərin
Geniş alınlarına, bir də ki, kart dəstinə.

Mənsə kədər içində dayanmışam kənarda,
Bu boğucu gecədə bir azca darıxıram.
Hələ də ehtiraslı qalmış bu şairlərə
Gah ürəyim ağrıyır, gah həsədlə baxıram.

Mən həsədlə baxıram dönməz döyüşçü kimi
Hələ də səngərində duran fahişələrə...
Biri istedadını xərcləyir buralarda,
Biri gözəlliyini gör nələrə, nələrə...

Mən həsədlə baxıram uçurumun dibini
Özünə bu dünyada bir həmdəm seçənlərə.
Əzabla yaşamaqdan ölməyi üstün tutan,
Unuduluş yerinə cəhənnəm seçənlərə.

Yekə qadın

Çox əcaib uşaqlar gətirirdi dünyaya
Təbiətin alovlu bətni illər uzunu...
Mən o yekə qadının gözəl ayaqlarına
Pişik ehtirasıyla söykəyərdim üzümü.

Qoxusunu duyardım çiçək açmış ruhunun,
Qanad açmış qəddinin xəyalına dalardım.
O susqun gözlərində dolaşan buludların,
O qaranlıq şəhvətin seyrçisi olardım.

Lap elə dəli kimi dırmaşardım üstünə,
Gecələr baş qoyardım o yekə dizlərinə -
Sanardım ki, bir uşaq öz bələyində yatır.

Yay günündə çöllərdə uzananda süst kimi
Yatardım döşlərinin kölgəsində rahatca:
Necə ki, kənd koması dağ ətəyində yatır.

Don Juan cəhənnəmdə

Elə ki, bu Don Juan Antisfen ədasıyla
Pulunu ödəyərək Stiksin sahilində
Bir qayığa oturub qəzəblə yola düşdü,
Başladı su yarmağa avar onun əlində.

Qayıq üzüb gedirdi tünd yaşıl dalğalarda.
O sallaq döşlərini yırğalayan qadınlar
Ölümə məhkumların səsiylə, avazıyla
Bu qayığın dalınca baxıb ulayırdılar.

Sqanarel gülərək pulunu istəyirdi;
Dərədən çaya tərəf tələsən ölülərə
Don Luis olsa-olsa trikrat göstərdi ki,
Onun günaha batmış balasıdı bu gələn.

Mantosuna bürünüb donan arıq Elvira
Qürurlu baxışlarla yalvarırdı ki ona:
Əhdinə dönük əri ilk sevgi nişanıtək
Axırıncı təbəssüm bağışlasın qadına.

Bu çayın sinəsini qayığın sükanıyla
Yararaq daş cəngavər gəldi onun tuşuna...
Qılıncına söykənib dalğalara baxırdı,
Başqa heç kəsi layiq bilmirdi baxışına.

DE PROFUNDIS CLAMAVI

Tək Sənə, tək Sənə səslənirəm mən
Ruhumun düşdüyü dərinliklərdən.
Burda darıxıram... bənizi qansız,
Göyü ulduzsuzdu, Yeri də cansız.

Donur gün işığı ilin yarısı,
Gecə lənəti də düz altı aydı...
Burda kol kölgəsi görəydim barı,
Barı bir canavar izi olaydı!

Buzdan əks olunan Günəş də zalım.
Ayı kimi gedib qış yuxusuna
Barı bu ağrıdan azad olaydım.
Qəbir gecələrə dözməkdə ikən
Zaman kələfini çözməkdə ikən
Barı unudaydım, unudulaydım.

# 2555 dəfə oxunub

Müəllifin son yazıları

# # #