"Həmin adamı bağışlamayacam..." - Salam Sarvan

Salam Sarvan, şair

Salam Sarvan, şair

3 sentyabr 2024
# 12:30

Yaxın vaxtlarda Salam Sarvanın yeni kitabı çapdan çıxacaq.

Kulis.az həmin kitabdan bəzi hissələri təqdim edir.

Eqoizm ayıbdırmı?

Biz kapitalizm quruluşunda yaşayırıq. Kapitalizmin ana prinsipi isə belədir: şəxsi mənafelər birləşərək ictimai mənafe yaradır. Yəni, sən bir dükanı özünü dolandırmaq üçün açırsan, onun gəlirindən dövlətə verdiyin vergi isə ictimai mənafeyə xidmət edir. Yəni öndə gələn özünsən, öz xeyrindir: kapitalizm sənin şəxsi mənafeyin üzərində bərqərar olub. Bu nə deməkdir? Yəni, özünü sevməsən, dünyanın nəhəng bir mexanizmini dağıdar, cəmiyyətə zərər vermiş olarsan.

Tarixin mədəniyyət xəzinəsi ayrı-ayrı yazıçıların, rəssamların, bəstəkarların, rejissorların özlərini təsdiq etmək ehtirasından yaranıb. Haydegger bəşərin düşüncəsini silkələyən “Varlıq və Zaman” əsərini, sadəcə, universitetdə rektor olmaq üçün yazmışdı.

Toy müğənnilərimizin hansını dindirsən, xalqa xidmət elədiklərindən danışacaq və müəyyən mənada haqlı olacaqlar: axı camaatı feyziyab edirlər. Lakin onları toya gətirən məqsəd bu deyil, özləri üçün pul qazanmaqdır.

Bəs niyə bunu etiraf eləmirlər? Bəs niyə balalarını saxlamaq üçün qarpız əkən kəndli televiziyadan gəlmiş jurnalistə bu təsərrüfatı vətənə xeyir vermək üçün qurduğunu söyləyir? Niyə öndə olan niyyəti yox, arxada olan nəticəni qabardır? Çünki dilimizdəki əxlaq şablonlarından biri özünü düşünməyi ayıb sayır, başqaları üçün yaşamağa borclu olduğumuzu təlqin eləyir və nəticədə müğənnini də, kəndlini də yalan danışmağa təhrik edir. Beləliklə, əxlaqın bir normativi (eqoist olmaq ayıbdır) digər normativiylə (yalan danışmaq ayıbdır) ziddiyyətə girir.

Sual isə belədir: öz xeyrinin güdülməsi üzərində qurulan mexanizmlər rahat və problemsiz işlədiyi halda eqoizmi lənətləyən əxlaq şablonunu dilimizə soxuşdurmağa nə hacət?

Bu suala dərin və dəqiq cavab tapa bilməsək, avtomatik olaraq ritorik suala çevriləcək.

Qəza hərisliyi: biz dağıdıcıyıqmı?

Əvvəlcə sualı belə qoyaq: biz təbiətən yırtıcıyıqmı? Bu yerdə zarafata salıb deyə bilərik: dişləri olan varlıq apriori yırtıcıdır və söhbət təkcə canlıların ətinin yeyilməsindən yox, hətta bir almanın dişlənilməsindən də gedir. Amma bu cür düşünsək, xırdaçılıq eləmiş olarıq.

Məsələyə başqa tərəfdən yaxınlaşaq: insan mənəvi təzahürlərdə intriqa, maddi təzahürlərdə qəza axtarır. Sən bir binanın tikinti prosesini izləyən kütlə görmüsənmi heç? Amma od tutub yanmaqda olan bir bina adamlarçün maraqlı tamaşadır. Yollarda iki maşının yanaşı hərəkətinə dayanıb baxan yoxdur, amma iki maşının toqquşmasını maraqla seyr edirik. İnstinktimizin diqtəsi belədir: adətən, nəzərlərimiz bir tərəfdə yanaşı durub sakitcə otlayan iki qoyuna yox, digər tərəfdə buynuzlaşan iki qoça dikilir.

Savaş filmlərinə kütləvi marağı təsadüfi saymağa haqqımız yox: insan səhnədə meyxanaçıları, rinqdə idmançıları, sənətdə personajları döyüşdürməyə həvəslidir. Münasibətlərin sakit axarı onu darıxdırır: içindəki qəza və intriqa ehtirasını toxtada bilən dramaturgiya axtarır. Ona görə də rejissorlar hətta bir-birini sevən adamların münasibətlərində də münaqişə yaratmağa məcburdur.

Böyük bir toyu hadisə sayan varmı? Di gəl, həmin toydakı xırdaca bir dava hadisədir, qəzet manşetidir – çünki məzmununda toqquşma var.

İndi sual yaranır: təbiətən intriqa və qəza tamaşaçısı olan insan özününkü saymadığı əmlakın, özünə aid olmayan münasibətlərin dayanıqlı qalmasında maraqlı ola bilərmi? Ətrafda hər şey sakit axarında gedəsi olsa, tamaşaçı ehtirasımızı nəylə toxtadacağıq axı?

Bu suallara dərin və dəqiq cavablar tapa bilməsək, avtomatik olaraq ritorik suallara çevriləcəklər.

Qanına bələnmiş qadın ekspermenti

Üç-dörd il qabaq sivil ölkələrin birində eksperiment aparılmışdı. Əhvalatın məğzi təxminən beləydi: bir qadın boynundan “Mənə hər şey edə bilərsiniz” yazılmış lövhə asaraq küçənin ortasında tərpənməz halda dayanır. Ona yaxınlaşan adamlar əvvəlcə bu qadına nəzakətlə toxunur, saçlarını sığallayırlar. Qadının reaksiya göstərmədiyini görərək sonra onu qucaqlayır, öpürlər... Nəhayət, qadının yenə də etiraz eləmədiyini görüb saçlarını yolmağa, cırmaqlamağa başlayırlar.

Yüzlərlə belə faktdan nə nəticə hasil olur? Hətta sivil saydığımız toplumlarda da mədəniyyət dərin qatlarda deyil, səthdədir, insanın dağıdıcı mahiyyətini pərdələməyə çalışan maskadır.

Fikir oyunu: Facebook təcrübəsi

Sosial şəbəkədə təzəcə aldığınız maşının şəklini paylaşanda yazılan rəylərə fikir verin: adamların əksəri təxminən eyni sözü deyir: sağlığına qismət. Bu zaman belə bir eksperiment aparın: həmin adamlardan xahiş eləyin ki, öz arzularını iki cümləylə ifadə eləsinlər. Nəticədə üzə çıxan mənzərə sizi heyrətə gətirəcək. Məlum olacaq ki... Yox, yaxşısı budur, həmin mənzərənin nədən ibarət olacağını mən deməyim.

Başqalarına xoş arzularımız ola bilərmi?

Yuxarıda bəhs elədiyim fikir oyununda facebook təcrübəsini misal gətirməyim əbəs deyildi...

Biz həyatda əşyalarla və heyvanlarla yox, məhz adamlarla yarışırıq. Həyatın qayəsi dığırlanan təkərlə yox, insanla ötüşməkdədir.

Sənin yüksəlmək ehtirasında başqalarını özündən aşağı görmək niyyəti gizlənib: çünki yalnız başqa adama nisbətdə uca görünə bilərsən. Sənin hökm eləmək ehtirasında başqalarını özündən aşağı görmək arzusu gizlənib: çünki yalnız özündən aşağıdakılara ağalıq eləmək olar. Beləysə, sən başqalarının ucalmasını arzulayarsanmı heç?

Hər boksçu rəqiblərindən güclü olmaq istər – yəni rəqiblərinin ondan zəif olmasını arzulayar. Onun öz rəqiblərinə qüvvət diləməsi rəqabətin fəlsəfəsinə ziddir, məntiqə sığmır. Bu yerdə deyə bilərsiniz: boksçu rəqabəti yalnız boksçularla aparır və ona görə də pinəçilərə qarşı neytraldır. Yox, cəmiyyətimiz elə qurulub ki, əvvəl-axır hamımız hansısa marafonda rəqiblərə çevrilirik. Məsələn, məşqdən çıxan boksçu və işdən çıxan pinəçi evə gedərkən avtobusdakı yeganə boş oturacağı tutmaq uğrunda bir-biriylə mütləq yarışa girirlər.

İndi sualımızı bir az da konkretləşdirək: daim rəqabət şəraitində yaşadığımıza görə biz başqalarının vəziyyətinin yaxşı olmasını istəyərikmi? Başqalarına xoş arzularımız ola bilərmi? Əgər bəlli bir zaman kəsiyində hələ ki konkret rəqabət faktı yoxdursa belə, hər kəsi potensial rəqib saymağa əsasımız yoxdurmu?

İnsan təbiətinə xas olan cəhətlərdən biri də düşdüyü böhranlı vəziyyətlərə təsəlli axtarışlarıdır. Ən yaxşı təsəlli isə həmin vəziyyəti başqalarının daha pis vəziyyətiylə müqayisə etmək – başqalarına baxıb şükür eləməkdir. Belə olan halda sən hansı məntiqlə özgələrinin yaxşı yaşamasını istərsən?

Bu suallara dərin və dəqiq cavablar tapa bilməsək, avtomatik olaraq ritorik suallara çevriləcəklər.

Fikir oyunu: parallellik və perpendikulyarlıq

Rəşad Səfər Azərbaycanın çox işıqlı gəncidir. Həm də düşüncə oyunlarında güclü rəqiblərdən biridir. Oyunlarımızın birində soruşdum: Rəşad, sən istəyirsən ki, ərzaq dükanının qazancı böyürdəki ərzaq dükanının gəlirindən çox olsun. Bunun iki yolu var: ya daha bacarıqlı olmalısan, ya da əyri yollarla böyürdəki dükana problem yaratmalısan. İndi sual yaranır: hər iki halda böyürdəki sahibkarın alverini öldürməklə ona pislik eləmirsənmi? Bu zaman “sağlam rəqabət” ifadəsi əxlaq müstəvisində bir məna kəsb edirmi? Axı əxlaqın əsas qayəsi başqalarına zərər yetirməməkdir.

Sən auditoriyadakı tələbələrdən yaxşı oxuyursansa, qiymətləndirmə etalonunu müəyyənləşdirirsən və başqaları məhz sənə nisbətdə pis qiymət alırlar. Sən özünə yaxşı baxaraq daim səliqəli görünürsənsə, bu imkanı olmayan başqalarının məhz sənə nisbətdə pinti görünməsini şərtləndirirsən. Sən səhər tezdən oyanaraq hansısa növbəyə birinci durursansa, başqalarını arxada qoymuş olursan. İndi belə çıxmırmı ki, hətta əxlaq çərçivəsindəki əməllərinlə də başqalarına pislik eləmiş olursan?

Rəşad Səfərin cavab gedişi belə oldu: belə çıxmır. Əgər mənim hərəkətim başqasına qarşı olsaydı (perpendikulyar hərəkət), yalnız bu halda pislik doğuran səbəb-nəticə əlaqələrindən danışmaq olardı. Mən öz yolumla başqasına qarşı getmədən hərəkət edirəmsə (paralel hərəkət), ona dəymiş zərərin dəyərləndirilməsində əxlaqi problem yoxdur.

Özəlləşdirmək və Özləşdirmək

Lakin rəqabət şəraitinin acı gerçəkləri kontekstində belə biz sevdiklərimizin zərər çəkməsini istəməzdik. Bu yerdə soruşa bilərsiniz: yalnız özünü sevmək imkanı olan eqolu insan başqasını necə sevə bilər axı? Mümkündür. Çünki bu zaman sevdiyimiz adam artıq başqası deyil, yenə də özümüzük elə. Biz kimisə seviriksə, onu özləşdirmişik artıq.

Özəlləşdirmək və Özləşdirmək ayrı-ayrı mənalardır. Nəyisə özəlləşdirəndə mənimki olur, kimisə özləşdirəndə isə mənim eqoma – mənə çevrilir. Yəni başqalarını sevmək təbiətimizdəki eqoizmlə ziddiyyət yaratmır – mən özgələrinin timsalında yenə də özümü sevməkdəyəm. Sufilər belə yerdə deyir: sevən də, sevilən də Birdir.

Bulvar əhvalatı: mərhəmətli adam varmı?

Rəqabət mühitinin yuxarıda sadaladığım gerçəklərini qəbul eləsək, növbəti sual meydana çıxacaq: belə olan halda biz başqalarının halına acıya bilərikmi?

Acıya bilməriksə, onda niyə yerə yıxılmış birisinə əl uzadıb ayağa qaldırırıq? Burda bir neçə yanaşma ola bilər və sən həmin haldakı hərəkətinin aşağıdakı variantlardan hansına uyğun gəldiyini yalnız özün ayırd edə bilərsən...

Birinci variant: Allahın sənə şah damarından da yaxın olduğuna inanıb savab qazanmaq istəyirsən.

İkinci variant: yerə yıxılmış adam sənin ətrafındakı auranın nizamını-sahmanını pozduğuna görə bu diskomfortu aradan qalıdırmaq istəyirsən.

Üçüncü variant: özünü ətrafdakılara comərd göstərmək istəyirsən.

Dördüncü variant: yardım elədiyin adamdan üstün olduğunu özünə göstərmək istəyirsən.

Beşinci variant: həmin adamla epizodik tale yaxınlığı duyursan – nə vaxtsa sənin də başına gəlmiş belə bir hadisənin ağrıları yaddaşından baş qaldırır və ona görə də indiki halda özünü yerdən qaldırmaq istəyirsən.

Altıncı variant: yerə yıxılmış adam sənin sevdiyin – özləşdirdiyin adamdır və bu halda da məhz özünü yerdən qaldırmaq istəyirsən. Başqa variantlar varmı?

Günlərin birində dənizkənarı bulvara gedərkən yeraltı keçiddən keçməli oldum. Orada bir gənc tar çalırdı. Ətrafdan keçənlərin pul atması üçün qarşısına qutu qoymuşdu. Bununla dilənçilik eləmədiyini, malını – ifasını satdığını göstərmək istəyirdi. Adamlar isə həmin qutuya pul atıb keçir, dayanıb dinləmirdilər. Deməli, torbaya atılan manatlıqlar həmin gəncin ifasına yox, ehtiyacına verilən pul idi. Bu yerdə daha bir sual ortaya çıxır: adamlarda mərhəmət hissi olsaydı, pul atandan sonra ayaq saxlayıb gəncin ifasına da qulaq asmamalıydılarmı? Yəni onun heysiyyətinə həssaslıq göstərməməliydilərmi?

Bu suallara dərin və dəqiq cavablar tapa bilməsək, avtomatik olaraq ritorik suallara çevriləcəklər.

Bağışlaya bilirikmi?

Məsələ ondadır ki, insan mənəvi təzahürləri də maddiləşdirməyə meyillidir. Məsələn, mənəvi ziyana görə məhkəmədə maddi təzminat tələb edir.

Biz qızılın əyarlarına qiymət qoyduğumuz kimi, hadisələrin də əyarlarını qiymətləndiririk. Kiminsə yanlış hərəkəti sayəsində mənə dəyən zərər böyükdürsə, həmin adamı bağışlamayacam. Mən başqalarının yalnız xırda günahlarından keçə bilərəm və bu zaman rəhm hissinin məsələyə dəxli yoxdur: sadəcə, əlimdən yerə düşən qəpiyi götürmək üçün əyilməyə vaxt və enerji sərf eləmək istəmirəm. Mərhəmətli adam olsaydım, hesab aparmaz, mənə dəymiş ziyanın böyüklüyünə-kiçikliyinə fikir verməzdim.

Bu mənada Ədalət kateqoriyası çox dəqiqdir: hadisənin əxlaqi qiymətini dəymiş zərərin miqyasına görə müəyyənləşdirmir. Yəni, ədalət tərəzisinin gözü bircə qramlıq pozulanda da faktı ədalətsizlik sayırıq.

Həssas dostlarımız mənə irad tuta bilərlər: sən bəzi anlayışları mütləqləşdirdiyinə görə ziddiyyətlər tapa bilirsən, dəyərlərin nisbiliyini nəzərə almırsan. Mənsə belə düşünürəm: nisbilik yalnız çölümüzlə bağlı anlayışlara şamil edilə bilər: məsələn, qolumuzun gücü xırda daşları qaldırmağa çatsa da, iri daşları yerindən tərpədə bilmir. İçimizdəki duyğular isə bir ayrı aləmdir. Yəni, vicdan ya var, ya da yoxdur. Sevgi ya var, ya da yoxdur. Mərhəmət ya var, ya da yoxdur.

Gah vicdanlı, gah vicdansız olmağı təsəvvür eləmək mümkün olmadığı kimi, gah mərhəmətli, gah mərhəmətsiz olmaq da düşüncəyə yatmır. Özləşdirdiyimiz adama sevgimiz situasiyalara uyğun dəyişmədiyi kimi, mərhəmət hissimiz də ayr-ayrı hallarda yanıb-sönə bilməz. Ya var, ya da yoxdur.

Sevdiklərimiz: oturaq düşünüş və qaçaraq düşünüş

Kimisə sevdiyimizi nədən bilirik? Çox sadə bir meyar var: sadəcə, biz onun başına pis hadisə gələcəyindən qorxmaya başlayırıq. Anana, qardaşına, balana, dostuna, vətəninə, həyatındakı insana qarşı belə bir qorxu hissini keçirmirsənsə, deməli, sevmirsən.

Sevdiklərimizlə bağlı keçirdiyimiz hisslər iki cür olur: qaçaraq düşünüş və oturaq düşünüş. Adətən, sevdiyimiz adamın telefonuna uzun müddət zəng çatmayanda ağlımıza dərhal pis şeylər gəlir və bu halda onun başının xeyirli işlərə qarışa biləcəyini düşünmürük. Bu, qaçaraq düşünüşdür.

Biz sevdiklərimiz barədə qaçaraq düşünərkən minimalist oluruq – onların hazırkı vəziyyətinə öyrəşmişik artıq və bu reallıq bizdə gərginlik yaratmır: bizi narahat edən sevdiklərimizin vəziyyətinin daha da pisləşməsi ehtimalıdır. Yəni, qaçaraq düşünüş zamanı əlil arabasının umuduna qalmış doğmamızın arabadan yıxılması ehtimalından qorxuruq. Oturaq düşünüş zamanı isə onun sağalıb arabadan xilas olmaq perspektivlərini götür-qoy edirik.

Bu məqamları niyə vurğulayıram?

(Yazının davamını müəllifin bu yaxınlarda çap olunacaq kitabından oxuya bilərsiniz)

# 4874 dəfə oxunub

Müəllifin son yazıları

# # #