Barbarlar gələcəkmiş bu gün şəhərimizə - LAYİHƏ

Barbarlar gələcəkmiş bu gün şəhərimizə - LAYİHƏ
4 iyun 2014
# 14:17

Kavafisin şeirlərinin içindən birini tərcümə üçün seçmək, şəxsən mənim üçün doğrudan çətindir; səbəb isə odur ki, böyük şairin çox da qalın olmayan poetik irsindəki mətnlərin az qala hər birinin məndə özəl yeri var.

Mifologiya ilə, xüsusilə yunan mifologiyasını öyrənməklə məşğul olduğum illərdə (çox da uzaq keçmiş deyil), paralel olaraq bir neçə yunan şairini də kəşf etdim. Əslində bu kəşfim tamam qəribə bir yolla baş verdi: mən antik yunan mədəniyyəti ilə bağlı kitablar oxuyurdum, Homerin, Esxilin, Sofoklun yaradıcılığı haqqında yazılmış mənbələri yığırdım və bu toplama-araşdırma işinin içində bir gün, təəssüf ki, indi adını xatırlamadığım rus araşdırmaçılardan birinin, mövzusu təxminən “Homerdən XX əsrə yunan şeiri” olan bir məqaləsini oxudum. Əslində adını ayrı-ayrı adamların dilindən eşitdiyim Kavafisi, üstəgəl, digər nəhəng şairləri - Odissey Elitisi, Yannis Ritsosu, Yorgo Seferisi onda kəşf etdim və elə burdaca etiraf edim ki, bu adların içindən ən çox və davamlı oxuduğum Kavafis olub.

Kavafisin şeiri həmişə tarixdən, fəlsəfədən qidalanıb. Şəxsi təcrübəsini ifadə etmək istəyəndə, Kavafis çox vaxt saxta bir tarixi obraz yaradır və onu danışdırır. Onun şeirində bir-birinə daban-daban zidd şərhlər veriblər, özü isə “Gizli şeylər” şeirində belə yazır:

Yazdıqlarımdan, söylədiklərimdən

anlamağa çalışmasınlar kim olduğumu.

Məni ən gözə çarpmayan davranışlarımdan,

ən üstüörtülü yazılarımdan anlaya bilərlər ancaq.

Bugün sizə təqdim etdiyim məşhur “Barbarları gözləyərkən” şeirindən ilhamlanan Con Maksvel Kutzeyee eyni adlı bir roman yazıb və Seferisin diliylə desək, Kavafisin ustalıqla işlədiyi imperiyanın çöküşü motivini yenidən, öz baxışında şərh edib. Kutzeyenin romanını dilimizə gənclərin içindəki ən usta tərcüməçilərdən olan Ülkər Nəsibbəylinin çevirib, şeiri isə bəndəniz sərbəst tərcümə variantında təqdim edirəm.

-Yığışıb bazara nəyi gözləyirik belə?

Barbarlar gələcəkmiş bugün şəhərimizə.

-Xeyirdimi görən, senatda sakitçilikdi?

Niyə qanunları səsverməyə qoymurlar?

Çünki barbarlar gələcəkmiş bu gün şəhərimizə.

Daha hansı qanunu çıxarsın axı senatorlar?

Barbarlar gələndə qanunları yoluna qoyarlar.

-Niyə bu qədər erkən oyanıb imperatorumuz?

Niyə şəhərin giriş qapısının önündə, başında

tacı, altında taxtı ilə bu qədər rəsmidir, rəsmi?

Çünki barbarlar gələcəkmiş bu gün şəhrimizə

və imperator komandirlərini qarşılamaq üçün

gözləyir. Hətta onlara vermək üçün

bir perqament hazırlayıb, içinə

bir yığın rütbə, fəxri ad yazdırıb.

İki konsulumuz və prokuratorlarımız bu gün

niyə qızıl işləməli qurşaqlarını bağlayıblar ?

Niyə bu qədər yaqutla bəzənmiş bilərziklər,

par-par yanan zümrüd üzüklər taxıblar?

Niyə əllərində hər tərəfi gümüşlə,

qızılla işlənmiş qiymətli əsalar var?

Çünki barbarlar gələcəkmiş bu gün şəhrimizə

və belə şeylər onların gözlərini qamaşdırır.

Niyə nitq irad etmir, həmişəki kimi

atıb-tutmur istedadlı natiqlərimiz?

Çünki barbarlar gələcəkmiş bu gün şəhrimizə

və onları darıxdırır nitqlər, gözəl sözlər.

Noldu birdən təlaşa düşdü hamı,

qəfildən ciddiləşdi üzlərdəki ifadə?

Küçələr, meydanlar niyə sürətlə boşaldı

və niyə hamı evinə qayıdır başında dərin düşüncələr?

Çünki hava qaraldı və barbarlar gözə dəymədi.

Sərhəd nöqtələrindən gələn adamlarımız

deyir ki, artıq ortaqlıda heç barbar qalmayıb.

Bəs yaxşı, barbarlar olmadan biz neyləyəcəyik?

Bir növ xilas idi bizim üçün barbarlar.

(1904)

Layihənin digər şeirləri

Odenin şeiri: Qaçqınkoma yollandım, “gələn il” dedilər

Kiplinqin şeiri: “Əgər”

Araqonun şeiri: Xoşbəxt sevgi yox imiş bu xaraba dünyada

Şekspir soneti: Səni tənha qoymaq var

# 4695 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #