Yeni "şeyx nəsrullah"lar və onlara inananlar

Qismət Rüstəmov, şair, publisist

Qismət Rüstəmov, şair, publisist

23 avqust 2023
# 09:32

Kulis.az Qismət Rüstəmovun yeni yazısını təqdim edir.

Son illərdə cəmiyyətimizdə elmə, ağıla, rasional, kritik düşüncəyə qarşı artan nifrət indi özünü başqa cür büruzə verməyə başlayıb: əksəriyyət nəsli-şəcərəsi olmayan üçüncü sort saytların yaydığı dezinformasiyaya, əlavə üç layk, iki paylaşım əldə etmək üçün özünü şarlatanlığa qoyan səhifələrin ucuz konspirasiyasına, muştuluq refleksi ilə nəyi nətər gəldi birinci paylaşmaq istəyənlərə inanır.

Ümumiyyətlə, son illərdə dünyada çoxalan anti-ziyalı, anti-intellekt, anti-elm ritorikasının köklərinə enməsək, bunun səbəbləri üzərində düşünməsək, dünyanın ciddi dəyişikliklərə hazırlaşdığı bu ərəfədə vəziyyətimiz çətin olacaq.

Necə olur ki, insanlar bu qədər rahatlıqla yalana, cəfəngiyyata inanırlar? Necə olur ki, bir yandan bu qədər texnoloji sıçrayış varkən, o biri yandan gündə bir mistik təlim, hind qurusu, neo-şeyx nəsrullah ortaya çıxır? Necə olur ki, camaat asanlıqla “xalqın yanındayam” etiketi altında sabun köpüyünü qablaşdıran populistlərə inanır? Nə baş verdi ki, fırıldağa, cəfəngiyyata bu qədər münbit şərait yarandı?

2016-cı ildə “Oxford Dictionary” yeni əsrdə tez-tez istifadə edilən “Post-truth”u ilin termini seçdi. Bundan sonra bu anlayışı analiz edən, yeni əsrdəki xeyli məsələni bu terminin işığında analiz edən araşdırmalar, kitablar çıxmağa başladı. Bəs nədir bu Post-Truth?

“Post” ön şəkilçisi, bildiyimiz kimi, “sonra”nı bildirir, “truth” isə “həqiqət” deməkdir. Amma burda söhbət “həqiqət sonrası”ndan getmir. “Oxford Dictionary” sözügedən termindəki “post” ön şəkilçisi haqqında xüsusi xəbərdarlıq edir: burda “post”un əhatə dairəsini geniş götürmüşük, belə ki, “dəyərsizləşmə, etibarsızlaşma” kimi mənaları nəzərə alın. Deməli, Post-truth – Həqiqətin dəyərsizləşməsi, həqiqətin etibarsızlaşma kimi tərcümə oluna bilər.

Post-truth yeni əsrin, internet çağının, sosial media erasının fenomenidir.

Modernizm erasında artıq insanın informasiya mənbəyi əvvəlcə kitab, qəzet, sonra isə radio və televiziya oldu. İnformasiya müxtəlif formalarda olsa da, bir nöqtədən, bir mərkəzdən ötürüldüyü üçün insanlar onlara təqdim olunana şəksiz inanırdılar, məsələn, sovetlərdə olduğu kimi. Bu dövrdə intellektuallar, alimlər avtoritet idi.

Postmodernizm ilə birlikdə mərkəzi nöqtə yoxa çıxdı. Bu dövr artıq fərdi kompüterlərin, virtual şəbəkələrin dünyasıdır. Burda informasiyanın vahid nöqtədən ötürüldüyü soyuq müharibə dövrü sona çatır, Lesli Fidlerin diliylə desək, “xəndəklərin doldurulub, sərhədlərin keçildiyi” bir era başlayır, beləliklə, insan amansız, azman informasiya bombardımanına məruz qaldığı yeni bir çağa qədəm qoyur.

Modernizm dövrünün informasiya alətləri qəzet, radio, televiziyadan ibarət ənənəvi, konvensional media idi, postmodernizm dövründə bu “Yeni media”ya çevrildi, yəni internetin sərhədsiz, operativ dünyasındakı hər şeyə. Fikir verin, bizdə təzəyə uyğunlaşmağın zəruriliyini hiss edən, amma köhnədən də qopa bilməyən xeyli mətbuat orqanının iş prinsipi təxminən belədir: informasiyanı əvvəlcə qəzetdə çap edirlər, sabah sayta qoyurlar. Amma indiki çağda sabaha qədər həmin informasiya artıq tullantıdır. Çünki sabaha qədər artıq başqa-başqa kanallardan əldə edilib və istifadə olunub.

Postmodernizm sənətdə nə qədər azad ərazilər yaratsa da, qəlibləşən, tiftiklənmiş, daşlaşmış xeyli şablonu dağıtsa da, fundamental məsələlərdə bir xeyli dərəcədə ziyanlı təsirləri də oldu. Əvvəla postmodernizmin ağına-bozuna baxmadan hər şeyə icazə verməsinin, türklər demiş, yan etkisi elmə, rasional düşüncəyə, intellektual rəyə qarşı hücumla nəticələndi. Tutalım, sənət dünyasında heç kimi mütləq avtoritet qəbul etməmək, “hər şeyə icazə var” demək keçərli ola bilər, amma iş səhiyyəyə gələndə məsələ problematikləşir. Ortada insan həyatı var. Burda “hər şeyə icazə var” deməyin nəticəsində, tutalım, sadə yolla sağalası insan türkəçarələrə üz tutur, psixoloq yanına yox, çıldağa gedir. Buna görə də postmodernə tənqidi yanaşan Habermas kimi filosoflar, sadə dildə desək, əslində, modernizm yekunlaşmamış, əyər-əskikləri təmir olunmalı yarımçıq layihə hesab edirlər. Əslində, siyasətdə postmodernizm ən çox avtoritar, faşizan və konservativ düşüncəli adamlara sərf edir: onlar üçün test edilmiş, araşdırılmış, sınaqdan çıxmış bilginin daşıyıcısı olan alimlərin, intellektualların söz sahibi olması problemdir. Deməli, ən yaxşısı “demokratiya, plüralizm” simulyakrı içində ucdantutma hamının fikrini “mötəbər” elan etməkdir.

Post-truth fenomeni də postmodernizmin metastazlarından biridir. Nəzər yetirin, son illər qlobal miqyasda dünya siyasətindəki xeyli fiqurun ritorikasında (Ərdoğan, Tramp), lokal müstəvidə isə hər hansı gündəm olayına verilən reaksiyalarda rasional düşüncəyə, elmə, intellektual fikrə həqarətlə baxmaq var. Sosial medianın gücündən öz məqsədləri üçün istifadə edən anaxronik qüvvələr həqiqəti etibarsızlaşdırırlar. Bunu hansı yollarla edir?

Post-truth terminini ilk dəfə 1992-ci ildə serb əsilli amerika alimi Stiv Tesiç bir məqalasində istifadə etsə də, terminin oturuşması Ralf Keyesin 2004-cü ildə çapdan çıxan “Post-truth erası” kitabından sonra oldu. Bu kitabda və ondan sonra yazılan araşdırmalarda bir neçə məqam xüsusi vurğulanır. Post-truth erasında sosial şəbəkələr “əks-sadə otağı” (echo chamber) yaradırlar, nəyi danışırsansa, onu eşidirsən, sənin qabağına ancaq bəyəndiyin, razılaşdığın fikirləri, markaları çıxarırlar, beləliklə, əks-arqument yoxdur, şübhə yoxdur, monitorinq yoxdur. Sən elə sənin özünə oxşayan, sənin səsini təkrar edən bir informasiya həbsxanasının içinə düşürsən. Bu, insanları qütbləşdirir, bölür, özgələşdirir və onları idarə etmək asanlaşır. Buna 2011-ci ildə yazdığı bir məqalədə Eli Pariser “filter bubble”, yəni filter şarı adını verib. Hamı öz zövqünə uyğun filterdən keçirilmiş bir şarın içindədir, bütün qarşı tərəflər düşməndir.

Massaçusets Texnologiyanın İnstitunun son illərdəki bir araşdırması ortaya çıxarıb ki, yeni çağda, sosial mediada yalanın yayılma sürəti həqiqətdən 6 (!) dəfə çoxdur.

Bəlkə də, populyarlıq naminə bizə cəfəng şeylər sırıyanların dediklərini fikrimizdə 6-ya bölməliyik?!

# 1945 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #