Əkrəm Əylisli Nobel alarsa...

Əkrəm Əylisli Nobel alarsa...
12 mart 2014
# 17:37

Qan Turalı yazır...

Əkrəm Əylislinin “Drujba narodov” jurnalında çap edilmiş “Daş yuxular” romanı keçən ilin ən əlamətdar ədəbi hadisəsi oldu.

Yazıçı cəmiyyətdə geniş və əksərən də mənfi rezonans doğuran romanını Azərbaycan və erməni xalqını yaxınlaşdırmaq üçün yazdığını demişdi.

Bu günlərdə mətbuatda Əkrəm Əylislinin Nobel Sülh Mükafatına təqdim edilməsi üçün Norveç Nobel Komitəsinə göndərilən müraciət yayımlanıb.

Qurulan yoxsa yandırılan körpülər?

XX əsrin əvvəllərində Azərbaycan üçün yaddaqalan hadisələrin biri də milli nəsrin təşəkkül tapması idisə, digər bir hadisə isə milli zəmində yaranan konfliktlər idi.

O dövrdə yazıb-yaradan Azərbaycan klassikləri “erməni-müsəlman” davasına həqiqi humanizm müstəvisində yanaşır, konfliktin arxasında duran ictimai-siyasi səbəbləri cəsarətlə göstərirdilər.

Misal üçün, böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının ilk nömrəsində (1906-cı ilin apreli) yazırdı:

“Görəsən, niyə erməni-müsəlman davası düşən kimi kazakların hamısı qarınağrısına düşüb kazarmadan çıxa bilmirlər?”

Cəlil Məmmədquluzadənin “Kamança” pyesində də münaqişəyə əsl yazıçı münasibətini görürük.

Bu münasibət, ilk növbədə tərəflərin heç birinə yuvarlanmadan, onları ayıran istiqamətlərə yox, birləşdirici cəhətlərə diqqət yetirməkdən və əlbəttə ki, hadisələrin əsl günahkarını ifşa etməkdən ibarətdir.

Eyni ideya istiqaməti daha sonralar Cəfər Cabbarlının “1905-ci ildə” pyesində inkişaf etdirilmişdi.

Pyesin daha sonralar zərb-məsələ çevrilmiş “Atan kazaklardır!” ifadəsi erməni-müsəlman davasının əsl rejissorunu bariz şəkildə nümayiş etdirir.

Əkrəm Əylislinin qəhrəmanı Saday Sadıqlı XX əsrin əvvəllərində baş verdiyi iddia edilən erməni soyqırımı haqda durmadan tövbələr edir, illərdir bu qırğının ağrısını ürəyində gəzdirir və hətta bu əzablar onu xristian olmağın eşiyinə gətirir (Onun tövbəkarlığı İsanın çarmıxa çəkildiyinə görə özünü günahkar bilən xristian inancına uyğun davranışdır).

Yazıçını hansı mövzunu seçdiyinə, üslubuna, müəllif mövqeyinə, ideyasına görə ittiham etmək əlbəttə ki, XXI əsrin ruhuna yaddır, lakin Əkrəm Əylislinin Saday Sadıqlı tövbəkarlığı ilə Qəhrəman yüzbaşı (“Kamança”) müdrikliyindən uzaqlaşdığına zərrə qədər də şübhə etmirik.

Fərq etməz, istənilən münaqişədə bir xalqı günahkar elan edərək ictimai-siyasi gerçəklikdən təcrid olunmaq, yüz ildən artıq davam edən erməni-müsəlman konfliktini Saday Sadıqlının paranoik peşmançılığı ilə izah etməyə çalışmaq Mirzə Cəlil, Cəfər Cabbarlı yolundan sapmaqdan başqa bir şey deyildir.

Doğrudanmı, ermənilər Əkrəm Əylislinin Əylis camaatının boynuna qoyduğu cinayətləri oxuduqdan sonra sülh haqqında düşünməyə başlayıblar?

Doğrudanmı, torpaqları işğal edilən bir şuşalı “Daş yuxuları” oxuduqdan sonra ermənilərə sonsuz rəğbət bəsləməyə başlayıb və bu rəğbət onu sülhə aparıb?

Doğrudanmı, “Daş yuxular” sülh haqqındadır?

Sülh? Bəlkə müharibə?

1990-cı ildə Nobel Sülh mükafatı Mixail Qorbaçova təqdim edildikdə 20 Yanvar şəhidlərinin heç ili çıxmamışdı. Həmin bu Qorbaçov Alma-Atada, Vilnüsdə, Tiflisdə, İrəvanda sovet ordusunu dinc xalqın üstünə yeritmişdi.

Nobel mükafatları arasında ən mübahisəli olanı da məhz Sülh Mükafatıdır.

Lobbi təşkilatları Sülh Mükafatı məsələsində çox daha aktivdirlər. Obama, Əfqanıstana yeni hərbi kontingent göndərilməsi haqda əmrin mürəkkəbi qurumamış Nobel Sülh Mükafatı aldı.

Norveç dilində sülhə “fred” deyirlər.

Bəlkə bu müharibə deməkdir?

Niyə ədəbiyyat yox, sülh?

Əkrəm Əylisli ilə bağlı Norveç Sülh Komitəsinə göndərilən müraciətdə xüsusi təəccüb doğuran məqam isə yazıçının Ədəbiyyat yox, Sülh Mükafatına təqdim edilməsi oldu. Məsələ bundadır ki, hər nə qədər mübahisə doğursa da, Ədəbiyyat Mükafatı institutlaşmış, ciddi meyarlara, dəqiq parametrlərə əsaslanmış mükafatdır.

Nobel Ədəbiyyat Mükafatı dünyada məşhurlaşmış, bir neçə dilə tərcümə edilmiş, yaradıcılıq etibarı ilə yeniliklər gətirmiş yazıçılara verilir ki, Əkrəm Əylisli bu mənada xarakterik sayıla bilməz.

“Daş yuxular” romanı rus dilinə olan sətri tərcüməsi əsasında yalnız erməni dilinə çevrilib.

Buna görə də müraciət müəllifləri asan və məqbul yola əl ataraq müraciəti Sülh Komitəsinə ünvanlamağı düzgün sayıblar.

Nobel Sülh Komitəsinin kövrək prinsipləri “Daş yuxular” üçün ən uyğun variantdır.

100 illik yubiley hədiyyəsi

2015-ci ildə sözdə erməni soyqırımının 100 yaşı tamam olur.

Erməni diasporu 100 illiyi xüsusi tədbirlərlə qeyd etməyə hazırlaşır.

Tərtib edilən plan daxilində bir neçə ölkənin soyqırımı tanıması xüsusi yer tutur.

Bundan başqa, soyqırımla bağlı xüsusi filmlər, sənədli materiallar hazırlanması da plana daxildir.

Norveç Nobel Komitəsinə müraciətə imza atanlardan yazıçı Bitov, Georgi Derluqyan soyqırım təbliğatının mühüm rıçaqlarındandır.

Andrey Bitov 1969-cu ildə - hələ Sovet hakimiyyəti dövründə erməni soyqırımından danışan “Ermənistan dərsləri” kitabının müəllifidir.

Bəlkə Əkrəm Əylislinin Nobeli də bu planın tərkib hissəsidir?

Sonda...

Əkrəm Əylislinin Nobel Sülh Mükafatı alması uzaq ehtimaldır, lakin o, bu mükafatı alsa necə olacaq?

Əlbəttə, bir Azərbaycan yazıçısının Nobel Ədəbiyyat Mükafatı da olmasa Nobel Sülh Mükafatını alması müsbət haldır. Bu kontekstdə Azərbaycan ictimaiyyətinin romana göstərdiyi qeyri - adekvat münasibət tamamilə unudulacaq.

Uzun zaman çərçivəsində bu mükafat əlbəttə ki, tarixdə qalacaq. Onilliklər, əsrlər sonra Əkrəm Əylislinin o mükafatı (əgər alsa) hansı əsərə görə alması, hansı motivdə əldə etməsi mühüm olmayacaq. Amma Nobelin tarixində bir Azərbaycan yazıçısının, Azərbaycanın da tarixində bir Nobelli yazıçı olması faktı dayanacaq.

Bəs Qarabağ münaqişəsinin davam etdiyi zamanda ermənilərin soyqırım edilməsi haqqında romana görə Nobel mükafatının verilməsi Azərbaycan üçün nə vəd edir?

Bu haqda ilin sonunda danışarıq...

# 5090 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #