“Hekayə xəbər kimi yazılmayınca oxunmayacaq...” - Elbrus Ərud  

“Hekayə xəbər kimi yazılmayınca oxunmayacaq...” - <span style="color:red;">Elbrus Ərud   
25 fevral 2015
# 12:27

“Qafqazinfo”nun rəhbəri Elbrus Ərud yenicə nəşr olunan “Anne annem” kitabı ilə bağlı Kulis.az-ın suallarını cavablandırıb.

- Türk mətbuatında yazılarını iki ildən bir yığıb kitab şəklində çap edənlərlə zarafat edirlər. Amma bizim mətbuatda bu ənənə yenidir. Sən də bu ideya necə yarandı?

- Bu, Azərbaycanda ilk deyil. Bu yazıları heç cür itirə bilməzdim. Bizdə internetin qalıcılığına inam yoxdur. Ona görə yazılarımı bir yerə yığmağa qərar verdim. Həm də mənim yazılarım sanki bütöv bir əsərin parçalarıdır. Annotasiyada da kitabın redaktoru Elçin Zahiroğlu bunu yaxşı qeyd edib. Yazıları elə ardıcıllıqla düzmüşük ki, sanki bir roman oxuyursunuz.

- Bu kitabda yazdığın neçə illik yazılar toplanıb?

- 10 il.

- 10 ildə yazdıqların bu qədərdir, yoxsa seçmisən?

- Yazılarımın əksəriyyəti burdadır. Bir neçə yazı da var ki, deyərdim, yazdıqlarımın ən yaxşıları idi. Onlar itib. Qafqazinfoda çıxmışdı bəziləri, saytın bazası 2011-ci ildə silinəndə onlar da silinib. Eyvaz Əlləzoğlunun ölümü ilə bağlı yazdığım “Azərbaycanda xarakiri üsyanı” adlı yazımın sadəcə adı yadımda qalıb. Bu yazıdan sonra bir çox ziyalılarımız mənə zəng edib, hətta yalvarırdılar ki, bir də belə yazı yazmayım. Çox emosional yazı idi.

- Elektron variant saxlamırsan?

- Kompüter format olunur, dəyişir. Belə olanda itir çoxu. Amma mənim müsahibələrim də var ki, onlar da itməməlidir. Bir də mənim yazdığım başqa stilli yazılar var. Nazirlərə, digər şəxslərə yönəlmiş analitik yazılar var. Onlar da analitik, xəbər stilli yazılardır.

- Bu kitab seçilmişdir, yoxsa?

- Yazılarımın doxsan beş faizi burdadır. Bilirsiz, mənim yazdığım xəbərlərdə belə canlılıq həmişə qalır. Mənim üçün ölmür bu yazılar. Başqalarını bilmirəm, amma mənim üçün bu kitab çıxmalı idi.

- Markeslə bağlı deyirlər ki, “Yaxşı jurnalistlik yazıçılığın yarısıdır”. Sən özünü ədəbiyyatla jurnalistika arasında harda görürsən?

- Sən harda görürsən?

- Mən ikisinin ortasında görürəm. Amma məncə özün seçim etməlisən.

- Kitaba rəy verən bir neçə peşəkar dostum yazıb ki, sən artıq ədəbiyyatdasan. Ümumiyyətlə, deyirlər ki, sən artıq ədəbiyyatla məşğul olmalısan. Jurnalistika gənclik peşəsidir. Jurnalistika ilə işimi bitirəndən sonra ədəbiyyata keçə bilərəm. Ədəbiyyat hələ də topluma təsir gücündə deyil. Nə vaxt ki, toplum ədəbiyyata Lamiyəyə yanaşan kimi yanaşacaq, onda ədəbiyyata keçmək olar.

- Sən Azərbaycanın məşhur internet portallarından birinin rəhbərisən. Sənin imkanın var ki, vəziyyəti görəsən. Ədəbiyyata maraq hansı səviyyədədir?

- Mən bəzən xarici ölkələrə gedirəm. Bizimlə eyni proseslərdən çıxmış toplumlarla özümüzü müqayisə edirəm. Ukraynaya həsəd aparıram. Putin Ukraynanı məğlub etmək yolunu tapsa da, o toplumun intellektini əzə bilməyəcək. Bizdə hər tinbaşı marketlər olduğu kimi, orda da kitab mağazalarıdır. Mən hazırda Ukraynada magistr təhsili alıram. Ukraynaya ayağımı basanda küçədə bir qadınla tanış oldum. O, içkili, küçədə rast gəldiyim bir adi ukraynalı idi. Onunla gəzişdik, söhbət etdik. Özümü ona intellektual göstərməyə çalışırdım. Koelyonun “11 dəqiqə”sini yeni oxumuşdum. Soruşdum ki, bu kitabı oxuyubmu? Cavab verdi ki, mən artıq o əsəri unutmuşam. Bu küçədəki qadının cavabı idi. Bizdə 10 auditoriya qarşısına çıxan qadından sorğu keçir, 8-nin, 9-nun, 10-nun Koelyodan xəbəri yoxdur. Mən ailəmə də, qohumlara da demişəm ki, gedin kitabımı alın, oxuyun. Kitabımı oxumasanız heç nə xahiş etməyin məndən. Atam ədəbiyyat müəllimidir. 40 il ədəbiyyatdan dərs deyib. Ona görə atamdan misal çəkirəm ki, hamımızın atası, anası, yaxınları, qohumları bu gündədir. Atamdan soruşuram ki, kitabı oxumusan? Deyir, onsuz da ordakı yazıların hamısını oxumuşam da... Axı belə deyil... O qədər dostum var ki, hər yazını 10 dəfə oxuyub. Ədəbiyyat müəllimi mütaliə etməlidir. Mən ona Aqşini, Seymuru, Qan Turalını zorla oxuduram. Qardaşım müəllimdir. Kənddə onun hesabına sizi tanıyırlar. Bizim redaksiyada isə bütün əməkdaşlar oxuyur. Uşaqlar mütaliəlidir. Onların əlində kitab görəndə çox təsirlənirəm.

- Buna necə nail olursan?

- Bu, onların seçimidir. Oxuduqları üçün mənim yanımdadırlar. Onlar hamısı mütaliəlidir.

- Bizdə niyə bu mədəniyyət yoxdur? Demək olmaz ki, bu xalq kitab oxuyan deyil.

- Problem kübarlığın olmamasındadır. Hamı bu ölkədə özünü hər şeyi bilən kimi aparır. Yan-yana qoyanda kitablı adamla, kitabsız adam seçilir. Kitabsız toplumuq biz. Kitabsız toplum dövlət qursa da, qoruyub saxlamaqda çətinlik çəkəcək. Bizdə kimlər ki, kitab oxumalıdır, oxumur.

- Mənim bu kitabda ən xoşuma gələn yazı “25 yaşlı Seva” yazısı oldu.

- Lamiyənin keçmiş həmkarı... Yəni məhbusdur. Mən qadın həbsxanasına müxbir kimi getmişdim, sonra yazdım.

- Tolstoyun Maslovasını xatırladım. Deyirlər, faciədə çıxış yolu ölməkdir, komediyada isə çıxış yolu yoxdur. Amma bu adamın faciəsində də çıxış yolu yoxdur. Fahişə kimi də çörək qazana bilmir.

- Yəni, 25 yaşın var və səni barda belə işə götürə bilmirlər. Fahişəlik də çox çətindir. Daha çox təmizlik tələb olunan, diqqət tələb olunan sahədir. Bir ideyam var, 10 ildir fikirləşirəm. Düşünürəm ki, bir əsər yaza biləm. Gənclikdə çox tələb olunan, qocalanda isə müştəri tapa bilməyən fahişədən yazmaq istəyirəm. Dəhşətli hisslərdir. Yəqin irihəcmli əsər olacaq. Açığı bu günlər ölkədə müzakirə olunan Lamiyəni çox güclü bir qadın hesab edirəm. O da mənim üçün bir obrazdır.

Atam keçən il Yesentukiyə getmişdi. Elbrus dağını ziyarətə... Dedi ki, dağın altında tarixi bir qadın və kişi həbsxanası yerləşir. İndi muzeydir. Qadın və kişi məhbuslar razılaşırlar ki, görüşmək üçün həbsxananın altından tunel qazsınlar. Qadınlar və kişilər eyni vaxtda lağım atmağa başlayırlar. 4-5 il sonra hadisənin üstü açılır. Məlum olur ki, bu müddət ərzində kişilər 100 metr lağım qazıbsa, qadınlar 3 kilometri keçib.

- Dəhşətli faktdır.

- Qadınların kişilərə daha çox can atdığını görürsən? Qadınlar daha səmimidir.

- “25 yaşlı fahişə”ni hekayə kimi görürsən?

- Məndə real adamların həyatından götürülmüş, bəzək-düzək vurulmuş hekayələrdir. Mənim qəhrəmanlarım realdır. Orda bir “Azərbaycanın hərb müəllimi” yazısı var. Bu da mənim hərb müəllimimin həyatıdır. Hərbi hazırlıq müəllimim olub. Bakıya fəhləliyə gəlir. Bakıda 16 mərtəbəli binada işləyir. Külək vurub 2 dam örtüyünü salır. Binanın da açılışı olmalı imiş. Heç kəs küləyə görə damın üstünə çıxa bilmir. Deyirlər, kim damın üstünə çıxıb o şiferləri vursa min manat pul verəcəyik. Müəllimim deyir, verin, cibimə qoyum, çıxıram. Min manatla onu qaldırırlar dama. Külək kranı sağa-sola aparır, qorxa-qorxa şiferi vurur. Aşağı düşəndə deyirlər, niyə min manatı cibinə qoyub çıxdın? Deyir, fikirləşdim ki, yıxılib ölsəm cibimdən min manat çıxsın.

- Maraqlı əhvalatdır.

- Bu hazır hekayədir. Həm də olmuş əhvalatdır. Bildiyim gerçəklər durduğu halda, niyə özümdən uydurub yazmalıyam.

- Sən bunu bacarırsan. Adamların hamısı gördüyü şeyi yaza bilmir, inandıra bilmir.

- Mən yaza bilməsəm onu kitab kimi çap etdirməzdin. Bu yazılarım hamısı yarım saata yazılıb. İşdən çıxmağa yarım saat qalmış oturub yazmışam. Nə hissi keçirirəmsə, ondan utanmıram. Öz kitabımdan da utanmıram. Ciddi şəkildə yaza bildiyimin fərqindəyəm. Mənə kiminsə etirafı lazım deyil. Özüm özümü yaxşı tanıyıram. Ürək gərək paxıl olmasın, hamını sevsin. Dostlarla görüşürük. İki dost söhbət edəndə deyir: “Tural yaza bilir?”. Mən deyirəm, Aqşin çox istedadlı şairdir, Seymur istedadlı yazıçıdır. Azərbaycanda beş istedadlı müəllif var. Şərifdir, Aqşindir, Turaldır, Seymurdur... Burdan o tərəfə getmək olmaz. Amma adamlar var deyir, Qulu Ağsəs şair deyil, Salam Sarvan yaza bilmir. Mən buna qarşıyam. Belə olmaz. Mən bu yanaşma ilə razı deyiləm.

- Bizim Azərbaycan ədəbiyyatında bu var. Yazıçılar ədəbiyyatdan çox bir-birini müzakirə edirlər.

- Bu gün jurnalistika ədəbiyyatla qarışıb. Oxunmamağın bir səbəbi də cəsarətsizlikdir. Belə bir şeir var: “Cəsarət kişinin istedadır”. Jurnalist də, yazıçı da cəsarətli olmalıdır, dovşan olmamalıdır. Ədalət hissini itirmədən cəsarətli olmalısan. Son vaxtlar məni yazı adamlarının ədalətsizliyi narahat edir. Baş verən hadisələrə obyektiv yanaşmaqdansa, o, yazıda sifariş axtarırlar. Tural bir il əziyyət çəkir, Anardan müsahibə alır. Biri də yazır ki, görürsən Anara nə danışdırdılar Turalın əliylə? Mən bu cür adamlardan diksinirəm. Adamlar cəsarətsizdirlər. Bizdə ədəbiyyata informasiya qatmağı bacarmırlar. Şeir ən gözəl xəbər olmalıdır. Hekayə xəbər kimi yazılmayınca oxunmayacaq... Quran o dövrün xəbərlərini verir bizə. Biz şeir yazırıq, heç nəyə dəxli yoxdur. İnformasiya qatmağı bacarmırıq. Ona görə mən şeiri manşet edirəm. Mən ədəbiyyatı manşet edib oxutdura bilirəm.

- Oxucunun reaksiyası necədir?

- Super. Oxucunu zövqünü başlı-başına qoymaq olmaz. Oxucu taksi şoferidir, mən onun necə maşın sürdüyünə qarışmıram ki? Ya mebel ustasıdır, necə mebel hazırladığına qarışmıram ki? Oxucunun nə ixtiyarı var, mənim işimə qarışsın? Bu mənim zövqümdür, dəbimdir. Mən İsa Qəmbərin yanında Elnur Hüseynovu verirəm. Şou və ədəbiyyat mənim saytımda yan-yanadır. Siyasət də şouya çevriləndə maraqlı olur. Bu yaxınlarda Aqşinin bir şeirini vermişdik, “Döşlərindən başlayır ölməyə qadın bədəni”. Və döşü açıq bir qadın şəkli vermişdik. Burda başlığa Aqşinin şəklini verməliydim? Mən jurnal buraxıram və fotom başlığa uyğun gəlməlidir. Aqşinin də şəklini verirəm və kompozisiya qururam.

- Oxucu açana qədər bilmir bunu...

- Azərbaycan oxucusu, daha doğrusu dünya oxucusu qaçır, tələsir. Aqşin sevinsin ki, onu bu şəkildə oxuduram. Sənin toplumun budur. Mən nə edə bilərəm ki? 7-8 min o xəbəri açıb, 2 nəfər oxuyursa bu da uğurdur. Budur bizim oxucu.

- Sən əgər “Döşlərindən başlayır ölməyə qadın bədəni” başlığının qarşısına “Şeir” yazsaydın oxucu nə qədər azalardı?

- Bəlkə də təsir edirdi. Aqşinin şəklini qoysaq, o qədər oxunmazdı. Bizim təfəkkürümüzdə ibtidai şüur hələ də hakimdir. Bizim zorlamalara diqqət et. Başqa yerdəki zorlamalarla, bizdəki zorlamalar arasında fərq var. Bizdə vəhşicəsinə edirlər. Bizdə 15 yaşında qızı 80 yaşında kişi zorlayıb. Bizdəki yanaşma, hadisənin baş verməsi belə iyrəncdir. Bu məni çox qorxudur. Qadın çatışmazlığı, seksual çatışmazlıq çox böyük problemdir.

- Biz bu ibtidai hisləri körükləmirikmi? Bizim az da olsa günahımız varmı?

- Biz günahsız deyilik, demirəm. Hamımız iştirakçıyıq. Bineyi-qədimdən bu belədir. 90-cı illərdən Sibel Canın lüt şəkillərini yığırdıq. Aygünü ona görə sevirik ki, daha yaxşı soyunur. Röyanı həm də ona görə sevirik ki, yaxşı çırmanır. Elbrusu yox, gətir ASAN xidmətdən birini qoy, o da belə edəcək. Dünyanın hər yerində bu var.

- Kitabın adıyla bağlı bəzi iradlar səsləndi...

- Kitabın adıyla bağlı məndə də müəyyən tərəddüdlər oldu. Mən “Qaçqın iti” qoymaq istədim, sadəcə “Jurnalist” qoymaq istədim. Maraqlı idi, jurnalistikanın bir parçasıdır. Bu adı uğurlu sayıram.

- Satışdan necə, razısanmı?

- Kitabın çıxdığı 10 gündür, Şahbazın da (“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu – red.) başına məlum olay gəldi. Biz maraqlı proyekt hazırlamışdıq ki, hər həftə bir yerdə imza günü keçirək. Min tirajdır və hamısının satılmasını hədəfləmişəm. Hər biri oxucuya çatmalıdır. İki imza günü olub, heç kəsi dəvət etməmişdim. Feyzbuk dəvətini yoxladım, çıxan günü 36 kitab satıldı. İkinci dəfə 80. Avtoqrafların hamısında “lütfən oxu” yazmışam.

- Kitabda sənin şəklin həddindən artıq çoxdur.

- Bu relaks üçündür.

- Sənin üzündə pozitivlik var.

- Sən belə deyirsən, amma toplum tərəfindən sevilməyən tipəm.

- Mən səni sevməyən adam görməmişəm.

- Bizim çevrəmiz özümüzdən ibarətdir. Məni sevməkdən daha çox etiraf etməyə məcbur olublar. Bu, sevgi yox etirafdır. Mən istedadlı olduğum üçün, bəzi həmkarlarım tərəfindən qısqanclıqla qarşılanmışam. Ancaq sən fakta çevriləndən sonra, təkzib edilə bilmirsən. Cəmiyyət elə yerə gəlib çıxıb ki, dizdən də aşağı düşüb. Qurşaqdan aşağı yenə normaldır, dizdən aşağıdır e vəziyyət... Heç kəs bir-birinə qarşı səmimi ola bilmir. Nə dindarı səmimidir, nə fahişəsi. Baxın, bir öyrənin, bu Suriyaya gedənlər guya ideya üçün gedirlər? Onlar ideyaları, əqidələri uğrunda getsəydilər mən onlara hörmət edərdim. İnanın ki, onlar nadanlıqdan bu yoldadırlar. Dinə münasibətdən görürəm hamısını. Zauru, Elgizi linç edirlər Feyzbukda. Guya özləri Zaurdan, Elgizdən geri qalırlar. Daha anlamırlar ki, bu aparıcılar da, bu jurnalistlər də, bizim öz məhsulumuzdur, öz cəmiyyətimizin ortaya qoyduğu nəticədir.

# 2439 dəfə oxunub

Müəllifin son yazıları

# # #