“Tarixin təkindən Turan gəlməkdə!” - Akif Azalpın şeirləri

“Tarixin təkindən Turan gəlməkdə!” - Akif Azalpın şeirləri
26 sentyabr 2026
# 15:00

Kulis.az Akif Azalpın "Turan müjdələri" şeirlər silsiləsini təqdim edir.


“Turan müjdələri” adlı bu ardıvar şeirlər silsiləsi tanınmış alimimiz, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevin məşhur “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın türk modeli” (İkinci nəşr, Bakı, “Şərq-Qərb”, 2024, 312 səh.) adlı qiymətli kitabının qayələri əsasında yaranmışdır.

Turan gəlməkdə!

“Bizim başqa ailəmiz yoxdur.
Bizim ailəmiz Türk dünyasıdır.”

İlham Əliyev

Könül qanadlanmaq istəyir yenə,
Turangi ətrinə bayılır gendən.
Türk əsrindən müjdə vermək eşqinə
Neçə minilliyin zirvələrindən
İntibah qıyların vuran gəlməkdə,
Tarixin təkindən Turan gəlməkdə!

Yaddaşında nadir dürlər gəzdirir,
Şumer əyyamından “Gilqamış”a xas.
Dastanlar eralar bəzəyir bir-bir,
"İlkbek”, “Dədə Qorqud”, “Gündoğmuş”, “Manas”...
Ərzin səmtin ərşə buran gəlməkdə,
Tarixin təkindən Turan gəlməkdə!

“Orxon-Yenisey”tək daş kitabələr
Alqışlayır bütün hürr milllətləri.
Zəkasında cüt-cüt rəngin “Xəmsə”lər,
Bağrında müstəqil türk dövlətləri,
Haqqın nizamını quran gəlməkdə,
Tarixin təkindən Turan gəlməkdə!

“Yalnız mədəniyyət!” amalı ilə
Gücünə güvənib elmin, sənətin,
Bənzərsiz dahinin kamalı ilə
Əzmitək “Bir millət – yeddi dövlət”in,
Sülhün keşiyində duran gəlməkdə,
Tarixin təkindən Turan gəlməkdə!

Çəkil, cahana zülm edən səltənət!
Yol ver, insanlıqdan dəm vuran qitə!
Çəkil, gözlərini qan tutmuş nifrət!
Yol ver, yuxusunu qaçırmış qibtə!
Şərin biləyini qıran gəlməkdə,
Tarixin təkindən Turan gəlməkdə!!!

Dülbərçin

Yox, sən yalnız sirli yazı deyilsən,
Orxon vadisindən solmaz çiçəksən!
Yox, adi əlifba adı deyilsən,
Bir çiçəkdə otuz səkkiz ləçəksən!

Sən milli qürurun timsalı kimi,
Hər türkün könlündə odlu diləksən.
Əbədi özgürlük əmsalı kimi,
Uzaq keçmişdəki hürr gələcəksən.

Adın möcüzədən verməkdə soraq,
Dülbərçin, bağrında sirr var nə qədər!
Bilsə-bilsə, bütün sirrini ancaq
Daşda gül bitirən bir ulus bilər!

25. 11. 1893

Həmin il, həmin gün Vilhelm Tomsen,
İlk dəfə “Köl tiqin” kitabəsindən
Oxuyaraq “tenqri” və “türk” sözlərin,
Müjdə vermiş Göytürk xəzinəsindən!

Odur ki, az bilib zər xətlə həkkin,
Noyabrın iyirmi beşin hər səfər
Bütün yer üzündə ən qədim türkün
Ad günü kimi qeyd etməyə dəyər!

Orxon üçnaməsi

Türk elatlarının ilk Birlik Əhdi
Göytürklərin Orxon üçnaməsidir.
İstiqlal niyyətli ilk hürlük cəhdi,
Daşda mücəssəm üç kitabəsidir.

“Köl tiqin”lə məşhur “Bilgə xaqan”ın
Müəllifi ilk yazar Yolluq tiqindir.
“Tonyukuk” isə ən yaxın əyanın,
Abidə adaşı baş vəzirindir.

Bilgə xaqan harayı

Dediyimə yaxşı qulaq as, ey türk!
Titrə, ta özünə dönənə qədər,
Qoy olsun gələcək nəsillərə görk,
Əcdadların səyi getməsin hədər.
Sən özünə dönsən, böyük olursan,
Elim, yalnız onda sən türk olursan!

Sözümə dərindən fikir ver, ey türk!
Silkin, ta əslinə dönənə qədər,
Qoy olsun gələcək üçün bir örnək,
Babalar ruhuna yetməsin xətər.
Sən əslinə dönsən, böyük olursan,
Soyum, ancaq onda sən türk olursan!

Ötükən

Qoşun çəkib hər tərəfə xaqanlar,
Tapmamışlar sənin kimi gözəl yer.
At səyirdib dörd bir yana çapanlar,
Görməmişlər sənin kimi özəl yer.
Sən paytaxtlar paytaxtısan, Ötükən!
Xaqanların hürr taxtısan, Ötükən!

Köç salmısan yaşıl orman içində,
Örnəyisən təbiətlə vəhdətin.
Sarayların ağac qalxan içində,
Dayağısan ən qüdrətli dövlətin.
Paytaxtların paytaxtısan, Ötükən!
Göytürklərin sən baxtısan, Ötükən!

26. 08. 1071

Malazgirtdə olan müharibədə,
Türk özündən azı üçqat çox olan
Qüvvələri məğlub eləyən vədə,
Bağdadda da qələm çalırdı o an!

Əlində qılıncla qələm yanbayan,
Haqqında tarixin düsturu budur:
Türk ata minəndə daim Alp Arslan,
Türk atdan enəndə Kaşğari olur!

Böyük İpək Yolu

Bu yolun çox olub əzablı günü,
Heç əskik olmayıb izindən xətər.
Onun keşməkeşli təcəssümünü
“Karvan” muğamını dinləyən sezər.

Amma uğurları qürur doğurur,
Çağdaş tərəqqinin, elmin, sənətin
Arxasında həm də bir amil durur –
Böyük İpək Yolu mədəniyyəti!

Daha fəxarətli bir məqam da var –
Bu mədəniyyətin əzəldən bəri,
Əsrlər boyunca daim fədakar
Türklər olub əsas keşikçiləri!

453 və 1453

Dünya tarixinin şan lövhəsinə
Qızıl hərflərlə yazılan illər.
Hərbin qəhrəmanlıq salnaməsinə
Türkün adın başdan yazdıran illər.

Roma fəthi ilə İstanbul fəthi,
Əslinə qalanda, hər min ildən bir
Avropaya qarşı Şərqin qüdrəti,
Asiya gücünün nümayişidir.

Dahilərin dahiləri

“Müasir Türkiyə Mustafa Kamal Atatürkün əsəridir.
Necə ki müasir Azərbaycan Heydər Əliyevin əsəridir...”

İlham Əliyev

Hər dahinin işi deyildir, bişəkk,
Çağdaş Türkiyətək əsər yaratmaq.
Azından dahilər dahisi gərək,
O da milyonlardan bir olur ancaq!

Hər dahinin işi deyil, əlbəttə,
Çağdaş Azərbaycan boyda bir əsər.
Dahilər dahisi yetər bu həddə,
O da yurd bəxtinə yazılmış Öndər!

2024 – 2026

# 52 dəfə oxunub

Oxşar xəbərlər

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

13:30 25 sentyabr 2026
"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

"Acından qəm yeyir zavallı qoca..." - Şeirlər

14:00 24 sentyabr 2026
Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

Çəkilər qorxaq gizlin qurdun önündən ayı - Bayatılar

12:51 23 sentyabr 2026
"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

"Məni diri bilib gözləyir anam..." - Ülvi Bünyadzadə

11:40 23 sentyabr 2026
Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

Bəşərin gülləsi - söz, sözü -məhəbbət olar - Günün şeiri

13:25 21 sentyabr 2026
"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

"Tanıya bilmərəm tənhalığın rəngini..." - Yunan Nobel mükafatçısından şeirlər

10:30 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər