Feminist olub bütün qadınları sevmişəm - Güneydən şeirlər...

Feminist olub bütün qadınları sevmişəm - Güneydən şeirlər...
14 aprel 2022
# 17:00

Kulis.az “Sözün Güneyi” layihəsindən təbrizli şair Səid Dəllakinin şeirlərini təqdim edir. Səid Dəllaki 1994-cü ilin avqust ayının 10-da Təbriz şəhərində anadan olub. Şairin ilk kitabı olan “Mən federalistin yasaq möcüzəsiyəm” Təbriz və Bakı şəhərlərində işıq üzü görəcək.


Sən Tanrımsan

Yalnızcasına yalqızlığımla bərabər oturub içirəm.
Sən qucaqladığın qucağımın isti hərarəti,
Otağımda buza dönüb.
İçki mənim yerimə keflənib,
Məzəsiz içilir...
Yoxsa mən sənin dodaqların olmayırsa içə bilmərəm.
Səsim sıxılır,
Susuram səsimi sənsizliyin son mərtəbəsində...

Söylə mənə sevgili əfəndi!
Nədən bu qədər hüznlüsən!?
Bilirəm hüznlərinə son qoymaq mənə gərəkir.
Bağışla məni lütfən.
Mən aciz bəndəyəm qadası.
Məndə sənin hüznlərinə son qoymaq çıxarı yox!
Bax görürmüsən məni?!
Mən sadəcə bir daş da ola bilmirəm, öz başıma düşəm...

Mən bilmirəm sevgili əfəndi!
Nədən bu qədər üzgünsən?
Sən özün bilirsən bu aciz bəndənin tanrıçasısan,
Bilirsən mən ibadətindən qalmayan mömin birisiyəm...
Hansı tanrı mömin bəndəsinin alın yazısında,
Nisgilli ayrılıq yazıb sən də yazasan...
Mən səni görərkən,
Namazımı qılmağa başlayıram.
Səni qucaqladığımda “qunut” tutaram və səni öpdüyümdə "Əşhədü ən la ilahə illa Aylar" deyirəm.


Dəlixana

Varlığımı zəfər bayrağı sayaq yerə sərib yaşam ilə savaşıram.
Güllə səslərinin altında Can Severin səsi gəlir:
“Sevdim, sevdim, sevilmedim, gülemedim ben...”
Nə çox çətinmiş məni sevmək,
Belə bilməzdim,
Bilmiş olsaydım sevməzdim...
Ah... Bən ölüm,
Ağlıma gəlməyən başıma gəlir.
Səni sevən gündən,
Səhər key oluram,
Gecələr isə kefli,
Yatağımda uzanarkən,
Savaşda yazılan sevgi demokratının şüarlarını qucaqlayıb,
Sənə mesajda səni sevirəm yazıram.
Yoruluram...
Ehey... Zaman geri qayıda,
Qayıdırsa,
Universitetdə ədəbiyyatı bitirməzdim,
İlk sevgilimi görməzdim,
Səni də sevməzdim,
Şeirdən də zəhləm gedərdi...
Bilirəm indi bu şeirə də qıyqacı baxıb dəlidir deyəcəksən.
Problemi yox!
Ancaq sən özün də dəlisən,
Yəni bütün şairlər dəlidirlər,
Və ədəbiyyat dünyası dünyanın ən böyük dəlixanası...


Neynək

Sevgilim,
Sənin saçlarının hər bir teli bir şeir ölkəsidir.
Orda söz yalnız sevgidən gedir.
Bütün sözlər səni çox sevirəmdə bitir.
Ancaq gözlərin...
Gözlərin Amerikanın silahlarından güclüdürlər,
Baxarkən mənə talayırlar varlığımı,
Bütün şüarları ürəyimdə dustaqlayırlar,
Və demokrasinin ən böyük qatilidirlər,
Yalnızcasına bizi bir yaşam deyilməmiş şeiriylə buraxırlar.
Neynək sevgilim, neynək...
Onlar buraxarkən əlin əlimə gəlir.
Əllərimiz danışır bir-biri ilə...
Hərdən də,
İsrail-Fələstin savaşı sayaq əllərimizdə savaş düşür.
Mənim əlim deyir sən mənimsən,
Sənin əlin deyir yox!
Mən özümünəm, sən də mənimsən.
Mənim əlim uduzub qırtılır,
Sənin əlin yorulub qucaqlanır,
Və mən keçmişimi xatırlayıram...
Ayları illərə verdiyimi,
Və indisə Aylarım ilə birləşməyimi...
Yeni bir həyat başlamağımı...
Bu həyatda bir mənəm, bir sən,
Dörd qıfıllanıb açarı itmiş dodaq
Və iki bağlı telefon...


İntihar – İnqilab

Sevgi inqilabının intihar nöqtəsini yaşayıram.
Qarət olmuş bir ölkənin savaşın.
Qəzəblə yumruq olan əllərin vəhşətin.
Bir uşağın yerə tökülən qanının nisgilin.
Mən yazıq-yalnızam bu inqilabda,
Ürəyim “səni sevirəm” deyir,
Titrəyib döyülür.
Gözlərim şüar üstü qusur.
Şeirlərim bir gün səni görməməkdən qorxur,
Əllərim əlini itirməkdən.
İçimdəki şair ölüm qoxuyur.
İçimdəki uşaq özün batırıb.
İçimdəki özümün əli titrəyir.
Bu nə qorxunc bir sevgidir?
Bu nə inqilabıdır?
Bu nə savaşıdır?
Bu nə yaşamıdır?
Sənsizlikdən qorxu bilirsənmi nədir?
Mən səni sevən gündən mən olmuşam.
Səni sevən gündən feminist olub bütün qadınları sevmişəm.
Sənin gözlərin müqəddəs tanrı,
Dodaqların peyğəmbər möcüzəsi,
Sözlərin də Əzrail baltasıdır...
Və sən özün,
Sevgili əfəndi;
Sevginin yasaqlığının intihar ilə birləşən nisgilli inqilabısan...


Qayıt

Otağımda bu pəncərəsiz otaq üşüyür.
Duvarlar dönür.
Yatağımın dişi dişinə dəyir!
Kitablarım səni soraqlayır.
Ac, susuz bir kefliyəm
Şeirlərimi kədər bürüyüb,
Və qəzetlər səni oxuyur.
Nə qədər hədsizcə sevirəm səni...
Bax dodaqlarım göyərib,
Verdiyin qələm nəm çəkib!
Gözlərim ağlayıb dincəlir. Yenə ağlayır.
Sən yoxsan, mən susuram, acam və kefliyəm.
İçkilər içir məni,
Mən qurtulmamış qayıt.
Sən yoxsan,
Sən yoxsan, bu yəni mən sənsiz mənəm,
Mənim sənsiz məndən nifrətim gəlir...
Qayıt gözəl sevgilim.
Lütfən qayıt.
Mən qalıram hələ,
Diriyəm hələ,
Siqaralar məni çəkir,
Kül altında mən əzilməmiş qayıt lütfən…


# 442 dəfə oxunub

Oxşar xəbərlər

# # #