Borcundur məni sevmək, bunu yadında saxla! - Pol Verlenin sonetləri

Borcundur məni sevmək, bunu yadında saxla! - Pol Verlenin sonetləri
8 yanvar 2026
# 17:30

Bu gün tanınmış fransız şair Pol Verlenin anım günüdür.

Kulis.az bu münasibətlə onun sonetlərini təqdim edir.

Xilaskara sonetlər

I

Tanrım mənə deyirdi: "Sən ki görürsən axı,

Sinəmdəki bu qanı, böyrümdəki yaranı;

Suçlarınız ağırdı - ovuclarım ağrıyır,

Məsum göz yaşlarıyla yuyulub ayaqlarım...

Bu mıx, bu cam, bu da xaç - bax, bunlar deyir ki, sən

Sevəsən cani-dildən, sevəsən sidq ürəkdən:

Həm müqəddəs cismimi, həm axan al qanımı,

Həm səsimi, həm də ki, bütün qanunlarımı!

Qardaşım, balam, mənim! O mən deyildim bəyəm -

Sənin əzablarını öz əzabım bilib də,

Hər ağrına acıyan, hər acına göynəyən?!

Hər cür fədakarlığım bəyəm səninçün deyil?!

Bəs niyə axtarırsan yenə məni təlaşla,

Mən burda, səninləyəm, gəl bağışlan və sevil!"

II

Nigaran bir şübhə var, nə yazıq ki, içimdə -

Səni çox nahaq yerə axtarıram, İlahi!

Cansız bir vücudam mən qarşında, yox gücüm də...

Sən ey sevgi atəşi, keç mənə bu günahı!

Bəlkə heç Sənə çatmır aciz yalvarışlarım,

Önündə diz çökməyə taqətim də yox daha.

Həşərattək sürünən ruhumun gücü çatmır

Bu mənfur həyəcanı, tərəddüdü boğmağa!

Gözlərim gör nə vaxtdı Səni axtarıb gəzir -

Sən başqa bir sevginin nur qatsan da nuruna,

Yalvarıram kölgənə, qoy suçumu gizləsin!

Gözəl bir şəlaləsən, yaman Səndən qorxuruq -

Yasaq öpüşləriylə qəzəbinə tuş gələn,

Aşiqlərçün püskürən lənətindən qorxuruq!

III

- Sev məni, sev ürəkdən, bütün varlığınla sev,

Sənin ürkək baxışın, qürurlu dilinəm mən;

Xəstə cisminəm sənin, qəlbinin əzabıyam,

Mən əbədi Tanrıyam, çalış məni sevəsən!

Ruhunun axtarışı - ürkək arxar yerişi,

Sevgimin yüksəkliyi əlçatandırmı sənə?

Alıb sənin ruhunu aparacaq o sevgi,

Dağın qızıl səpilən ən uca zirvəsinə...

Buludsuz gecələrdə gözlərimin nurudur

Ayın utancaq üzü, göyün parlaq ulduzu -

Ordakı nurlu yataq sevincimlə doludur!

Bilin, sevgim hər yerdə sizləri qoruyacaq,

Bəli, qadir Tanrıyam və səndən umduğum da

Həsrətində olduğum təmiz sevgidir ancaq!

IV

- Tanrım, Səni sevməyə məndə cəsarət hanı,

Məhv olmuş cismim, canım qarşında tir-tir əsir;

Gül qoxusu bürüyüb müqəddəs paklığını,

Başının üstündə də sevgilərin nəfəsi!..

Sən, ey Xilaskarımız, ucalardan ucasan,

Hifz etdin İsraili, nicat verdin ürəkdən!

Günahsız varlığınla elə rahat uçursan,

Elə bil altındakı təzə açmış çiçəkdir...

Mənsə qorxağın biri, içim təkəbbür dolu -

Şərə yaxa tanıdıb gözüm, qulaqlarım da.

Ehtiras alovunda qovrulub xəyallarım,

Əqlim, hissim korlanıb lap erkən çağlarımdan.

Nəsibim divanəlik, sərgərdanlıq... və Adəm

Yuva salıb qəlbimdə yaşayır indiyədək!..

V

- Ruhunu dəyişəcək yeni bir Adəməm mən,

Borcundur məni sevmək, bunu yadında saxla!

Sənin Roman, Parisin, Sodomun, ya Spartan

Adi dağıntılardır nəhəng xarabalıqda!..

Sevgim saf alov kimi yandırıb yaxar səni,

O şəhvani vücudun sovurar külünü də;

Dirilik suyu kimi təmizləyər qəlbini,

Təpədən dırnağacan yuyar səni yenidən.

Öz ecazkar gücüylə Sevgim yenə dikəldər

Bir vaxt əzab çəkdiyim həmin müqəddəs xaçı.

Yenə Mənə üz tutar çarəsizlər, şikəstlər!...

Sev Məni ki, yox olsun bu zülmət, bu qaramat,

Günahkar ruh müqəddəs bir sevgiylə parlasın.

Sən tənhasan, hər yerdə səninləyəm Mən amma!

***

Qiymət verəcəm sənin cəhdinə, zəhmətinə,

Bil ki, onlar sevincin, xoşbəxtliyin rəhnidir.

Bir könül rahatlığı bəxş edəcəklər sənə,

Əsl sevgi həzzi var onların cövhərində.

Göylərin kaşanəsi intizarla, maraqla

Yanıqlı dualara diqqət kəsilən zaman,

Ruha əzablar verən tərəddüddən uzaqda

Sən o Gizli axşamın sirrini anlayarsan.

Göylərin musiqisi qəfil səslənsin deyə

Əbədi piyalədən qurtum-qurtum içərkən

Uğurlar diləyərsən özünə sidq ürəkdən;

Dirilmə möcüzəsi qəfil baş versin deyə

Mənə şükürlərini artırasan gərək sən

Və yenidən qovuşub, sevgimi dərk edəsən!

***

- Haqlısan, ruhum mənim, hüzur nəsibin olsun!..

Tərcümə etdi: Mahir N.Qarayev

(fransızcadan sətri tərcümə əsasında)

# 258 dəfə oxunub

Oxşar xəbərlər

Ana yurdum, hər daşına üz qoyum... - Məmməd Araz

Ana yurdum, hər daşına üz qoyum... - Məmməd Araz

13:31 7 yanvar 2026
Səni niyə belə sevdim? - Vaqif Bayatlı Odər

Səni niyə belə sevdim? - Vaqif Bayatlı Odər

11:21 7 yanvar 2026
Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

16:30 6 yanvar 2026
Nəyə lazım hamı bilə, sevirəm səni - Balaş Azəroğlu

Nəyə lazım hamı bilə, sevirəm səni - Balaş Azəroğlu

13:15 5 yanvar 2026
Ölü əsgər haqqında ballada - Bertold Brext

Ölü əsgər haqqında ballada - Bertold Brext

12:11 5 yanvar 2026
Ay mənim yеriyən ağcaqayınım... - Sergey Yeseninin şeirləri

Ay mənim yеriyən ağcaqayınım... - Sergey Yeseninin şeirləri

15:00 28 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər