"Allah, məni Bakıda öldür, dirilt Təbrizdə!"- Həmid Herisçinin şeirləri

Həmid Herisçi, şair

Həmid Herisçi, şair

14 avqust 2026
# 14:00

Kulis.az Həmid Herisçinin yeni şeirlərini təqdim edir.

TƏPƏGÖZ


Uşaqkən, məktəbdə
Tutulduqsa, polis məntəqəsində
Tez-tez
ölülüyə vurardıq
özümüzü.
Əvvəl bərk-bərk yumardıq
Hər iki gözümüzü.
Sonra tez də açardıq, aralardıq bir
Gözümüzü.
Görərdik ətrafımızdakılar
Kordu və kar.
Mədəniyyət naziridir
Bütün cinayətlərə
Baiskar. Səbəbkar.
Bir dəfə bufetçi Fatma xalaya
O bir gözümlə bərk yalvarmışdım:
- Oğlun Elçinə xatir, elə et, polislər məni tutmasınlar!
Sonra o bir gözümlə gorürdüm
Orda ancaq künc-bucaqda nəsə var
Adamaoxşar.
Deyirdim:
- "Qanun" nəşriyyatında da var
Qanunsuzluqlar!
Daxilimizdəki Təpəgözü
ilk dəfə bu cür tapdıq
Özümüzdə...
O Təpəgözü yedirdik öz acı ödümüzlə!
İlqar Fəhmi, Rəşad Məcidi gördük
Ağır dəmir seyfi necə itələyirlər küncə
Ofisimizdə!
Hiss etdik, o tək göz də,
O Təpəgöz də,
Sözdə
Bizə deyə-deyə "Döz də, döz də"
Necə bizi kopyalayır 3D ölçüsündə!
Kölgələrimiz də,
yaşamaq istəmir
İtaətimizdə!
Millət vəkilləri sevişirlər
Sifilislə!
Allah, məni Bakıda öldür,
Dirilt Təbrizdə!
Göylərim, gözlərim ulduz istəyir,
Oxumağa Hafiz istəyir.
Şeiri tam azad, tam qafiyəsiz istəyir.
Aqşini Aqşinsiz istəyir,
Telefona təzə blutuz istəyir,
Zənci müğənnidən məstedici blüz istəyir
Sevməyə bir qız istəyir...
o vaxtdan
İki gözümüzdən biri
Tam qey-ri-sə-mi-mi-dir.
Və bu dərd
ümummillidir.

***


Özümə və Ölümə bənzəməyə başladım
bu gün.

***


BAKI TÜRKOLOJİ QURULTAYINA


Bakı metrostansiyaları önündə,
İt günündə,
satılan sarı limonlar
Lənkərandamı bitir?
Yetişir?
Yoxsa limonsatan qadınların
dərin ovcunda?
Dərdli ovcunda?
Səslənirəm bütün Bakıya
Taxta qapıya, dəmir qapıya,
Hamiya,
AZTV üzərində qanadlanan qara qarğaya:
- Cavab tapmadan bu kədərli tapmacaya
Çətin keçəsiz 1- ci Türkoloji qurultaydan
2-ci Türkoloji qurultaya!!!


P. S. Sizi biz bağladıq həyata,
Kasıbların skotçuyla!


HƏYATIMIN VAMP QADINI


Qəfil
Mafiya babası Eskobardan yox,
Kafe-barlardan yox...
Dənizkənarı bulvardan yox...
Elə bil, lay divarlardan,
Ayrıldı, qopdu, peyda oldu bu gözəl qız.
Restoran menyusuna gözucu baxıb
öz musiqisini pıçıldadı:
"Tomatsız…"
Xatırladız?
Bu o həmin qızdı, həmin qız.
Kimə, "Uzaq sahillərdə"ki qara geyimli faşist,
Əli qara toxmaqlı, fələk qırmanclı Cənab Şullts
Demişdi:
"Ah, gülsatan qız"....
O vaxtdan sənə tərəf saçımı darayıram.
Daraqsız.
Yanğımı söndürmür
İçdiyim "Sarıkız".
Ah gülsatan qız.
Bu gün yenə də Mehdi Hüseynzadəyəm.
Yenə də elə həmin casusam.
Elə həmin casus.
Ah, gülsatan qız.
Bu, bir əbədi filmdir
Xronometrajsız.
Nizami kinoteatrınin 28-ci sırasından görüb sevdim səni...
Bu bir filmdi.
Kinoafişasiz.
Həyat puçdur.
Əgər o vamp qadınsızdı,
Vamp qadınsız.
Eləmi, cənab Şults?


KİTABXANAÇILARIN KÜTLƏVİ QƏTLİAMI


Bakı dəyirmanı əvvəl buğda üyüdürdü.
sonra, sonda özünü də
Üyütdü.
Dönüb oldu Landmart ofis mərkəzı.
Üyütdü atamı, anamı
Məktəb çantamı.
Bakıda mənə yaşatdı tam
Quantanamanı...
İndi üyüdür Səməd Vurgun kücəsindəki,
Köhnə erməni kilsəsindəki
sevimli uşaq kitabxanamı...
Mədəniyyət naziri, əlində sanki siçan dərmanı
Dərmanlayır hər kitabxananı
Ucdantutma qırır bütün kitabxanaçıları....
Bakı nədi bu gün?
Quantanamadı?
Yox... Bu, Bakının köhnə dəyirmanıdı
Üyüdür, üyudəcək hələ İranı, Turanı.
Yasadım, gördüm necə divara düzüb qırdılar
Kitabxanaçıları...
Götür gitaranı,
Çal, köhnə lirik mahnını
İşləyir, dışləyir
Köhnə Bakı dəyirmanı.
Unudun məni.
Gözlərim tutub buraxmır bayaqdan
Qapıdakı çamadanı.


P. S. İlk sevgilim kitabxanaçı qızdı.
Görən kontrol atəşləmi öldürdülər bu yazığı?

# 132 dəfə oxunub

Oxşar xəbərlər

"Hökmən Allah lazımdır mənə..." - Çeslav Miloşun şeirləri

"Hökmən Allah lazımdır mənə..." - Çeslav Miloşun şeirləri

13:30 14 avqust 2026
"Bəlkə utanmayaq xoşbəxt olanda?"  - Camal Yusifzadə

"Bəlkə utanmayaq xoşbəxt olanda?" - Camal Yusifzadə

13:30 13 avqust 2026
"Necə sındığımı heç kəs görməyib..." - İsa İsmayılzadə

"Necə sındığımı heç kəs görməyib..." - İsa İsmayılzadə

15:50 12 avqust 2026
"Dənizdə adam batıb..."  - Xalq şairi Qabilin şeiri

"Dənizdə adam batıb..." - Xalq şairi Qabilin şeiri

15:15 11 avqust 2026
"Qaydanı səhv çıxaran istisnasan sən..." - Salam Sarvanın şeirləri

"Qaydanı səhv çıxaran istisnasan sən..." - Salam Sarvanın şeirləri

14:00 10 avqust 2026
"Ümid vəd eləmir o gözlər sənə..." - Abay Kunanbayev

"Ümid vəd eləmir o gözlər sənə..." - Abay Kunanbayev

11:30 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər