Şortik davası

Orxan Saffari, gənc yazar

Orxan Saffari, gənc yazar

23 avqust 2022
# 14:00

Kulis.az Orxan Saffarinin "Şortik davası" yazısını təqdim edir.

"Sizə elə gəlmirmi ki, biz tülkünü çox şişirdir, ayını isə çox kiçildirik?"

Saffari

Hazırda, bu yazını yazdığım an 23 yaşım tamamdır. İndi Avqust ayıdır, Sentyabr ayında 24 tamam olacaq. Qız bürcüyəm, ilim isə pələngdir. Bu məlumatı verməkdə məqsədim tanışlıq yox, bəlkə bu yazını 10 il sonra da oxuyanda, toxunduğum mövzunun aktual olduğunu görməyinizdir, onu da görməyinizdir ki, bu mövzunu necə şişirdirik. Çünki mən bu mövzuların aktual olmasını özüm 10-15 il əvvəl görmüşəm. Ona görə yay fəsli çıxmamış, ad günüm olmamış, payız gəlməmiş, dedim, bu mövzuya ehmalca toxunum.

Bütün şalvar geyinənlərdən üzr istəyərək;

Mövzumuz ədəbi olmasa da, əbədi, bəşəri, həmişəyaş(ıl)yox, həmişəyaşar mövzu olan "şortikdir".

P.S.

Bu məsələ haqqında yazdığım üçün ayrıca utanıram, o heç. Amma neyləyim, guya durub indi Atomdan, Kvant fizikasından yazsam nə olacaq ki? Elə bizə hazırda yaraşan budur. Mənə isə bu da azdır.


İllər keçsə də, aylar ötsə də, nə olsa da, hər il ən azı yayda şortik geyinənlərə pis baxanlarla, şortik geyinənlər arasında gərgin baxışma olur. Pis baxanlar geyinənləri söyür, təhqir edir, ana-bacıya qədər gedib çıxır. Əvvəla, ana-bacı qədri bilən kişi, başqa bir kişiyə etdiyi səhvə görə ana-bacı söyüşü etməz. O, öz ana-bacısının da söyülməyini gözə almalıdır onda. Nəysə. Söhbət xırdalamayaq indi.

Şortik geyinənlərə pis baxanlar iddia edir ki, bir kişi ayağı tüklü olarsa, bunu geyinməsin. Elə tüksüz də geyinməsin. Sən demə, ana-bacılar baxır, ayıbdır. Üzr istəyirəm, indiyə qədər kimin ana-bacısı şortikli adama baxıb həvəsə gəlib, ona aşiq olub? Mən inanmıram ki, bizim ana-bacılarımız, qadınlarımız belə olsun. Axı, normal, əxlaqı yerində olan bir adam, məhz kimsə şortik geyinib deyə ona tamah salar? Nə deyib tamah salır? Bunun qılına bax? Ayıb deyil heç belə iddialar edirsiz? Azərbaycan qadını adına ləkə yaxmaq istəyirsiniz, deyəsən. Kiminsə tərbiyəsi buna görə pozula bilərmi? Biri şortik geyinib deyə, başqa birinin tərbiyəsi pozulacaqsa, o, onsuz da tərbiyəsiz deyilmi?

Adətən, belə adamlar qadınlar şortik geyinəndə heç nə demir. Yəni, qadına olar, kişiyə yox. Əslində, hamımız bilirik ki, qadın şortikdə daha cəlb edici görsənir. Bəs, onda kişilərdən nə istəyirik?

Bu cür söhbətlər edən bir zümrə də, tin-dalanda dayanan avvarə uşaqlardır. Onlara görə şortik geyinmək kişilikdən deyil. Lotu Quli və digər bir çox kriminal oğruların da şortikdə şəkli var. Bu adamlar həmin uşaqların ideallarıdır. Sosial şəbəkələrdə də doludur o cür şəkillər, paylaşılıb. Kimsə onlara belə söz deyə bilərmi? Deyəndilərsə, niyə dillənmirlər? Deyəsən, şortik geyinənləri zəif görmüsünüz. Şəhərdə idmançı görünüşündə şortik geyinən heç kimə, heç kim yaxınlaşıb bir söz deyə bilmir, amma cılız bədənlilərə çox olub. O cümlədən turistlərə də. Niyə? Çünki polis nəfərləri onları cəzalandıra bilər ki, sən kimsən kiminsə geyiminə qarışır, narahatlıq verib, incidirsən. İndi bizimkilərdi deyə, keçirlər. Şəxsən tanıdığım bir nəfər üç turisti bir neçə il əvvəl məhləyə şortiklə girib deyə döyərək pis hala salmışdı. Üç il də həbs cəzası aldı.

Niyə, nəyə, kimə lazımdı?!

Bizlər səhvi ilk növbədə orda edirik ki, qeyrət-namusu gəlib şortikdə axtarırıq. Mən şəxsən öz adıma qısa şortik geyinmirəm. Çünki utanıram. Ona görə utanıram ki, boyum 1 metr 97 santimetrdir və mənə yaraşmır. Geyinsəm də, dizdən aşağı. İndi bir balaca ayağım, ayağımın tükü görsənir deyə oluram cındır? Oluram kişilikdən kənar? Nə qədər bu sözləri demək olar, nə qədər bunun üstündə dalaşmaq olar? Niyə hələ də bu təfəkkürdən çıxa bilmirik? Yaxud, nə vaxt çıxacayıq? Ayrı vaxtı dünya harda, biz harda, dünya nə edir, biz nə edirik deyirik, amma içi mən qarışıq bunun müzakirəsini aparırıq. Vallah, ayıbdır. Necə ifadə edim ki, utandığımı biləsiniz ? Bu söhbətləri eşidəndən diksinirəm. İnsanlar hansı məsələlərə görün necə də tale yüklü məsələlər kimi baxır. Sanki dünyada tək dərd bu imiş kimi. Heç oturub saatlarla danışmaq, uzun-uzun yazmaq da istəmirəm. Onsuz da, bilirəm ki, başa düşən düşəcək, düşməyən yenə də geyinməyəcək. Məsələ heç geyinməmək də deyil. Geyinməyən adamın da öz seçimi, istəyidir. Amma geyinən adamlara bu cür münasibət olduqca yanlışdır.

Ona görə elə bu yazı vasitəsi ilə xahiş edirəm ki, gəlin, bu məsələləri yığışdıraq. Bəlkə də səsimi eşidən oldu, yazının oxuyandan sonra bir də belə düşünən oldu. Gecə yerinə uzanıb düşündü ki, ilahi, bəlkə də, düz deyir, nəyə lazımdı bunun üstündə dava-dalaş, təhqirlər? Biri şortik geyinib deyə, mənim yaxınımın əxlaqı pozulası deyil ki.

Bir ümid xahiş edirəm. Gəlin, özümüzü güldürməyək. Düşmənə zada yox, elə özümüzə. Həyat gözəldir. Yayda dənizə gedin. İstəsəniz, yaraşırsa, şortik də geyinin.

"Papaq yoxdu, qafiyə şortikdədi."

# 3468 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #