"Tərlan Əbilov 90-cı illərin şairidir" - Orxan Saffari yazır

"Tərlan Əbilov 90-cı illərin şairidir" - Orxan Saffari yazır
20 iyul 2019
# 12:25

Bu gün Tərlan Əbilovun doğum günüdür. Kulis.az bu münasibətlə Orxan Saffarinin onun haqqında yazdığı essesini təqdim edir.

Tərlan Əbilov haqqında danışılan da bir çox nəsnəni qeyd etmək gərəkdir. Tərlan şair kimi şair, insan kimi insan, dost kimi dost, qardaş kimi qardaş adamlardandır.

Onu tanıdığım uzun illərə dayanmasa da, qısa müddət ərzində həm şəxsi keyfiyyətləri, həm də yaradıcılığı ilə bundan sonra da illərin münasibətinin yaranmasına zəmin yaratdı.

Müasir poeziyada Tərlan Əbilovun yeri ancaq və ancaq bir rakursdan görünmür və Tərlan bu yerdə başda duranlardandır. Düzdü, yaş etibarı və Tərlanın yaradıcılığa başlaması vaxtından götürsək, onu əvvəlki illərin də ədəbiyyatçısına, şairinə aid etmək olar. Amma hazırda müasir poeziya da Tərlan şeirləri ilə o qədər gözə çarpır ki, məsələn, "Tərlan Əbilov 90-cı illərin şairidir" demək artıq insafsızlıq olar.

Şeiri iliklərinə qədər bilən və tanıyan bu adamın istər sərbəst, istər heca, istərsə də əruz şeirləri poeziyada özü öz yerini tapır. Düzü, bunlardan mən bir az əruzdan bir-iki təfilə, üç-dörd bəhr uzaq olsam da, Tərlanın xüsusi ilə son dövrlər yazdığı əruz şeirlər adama gəl-gəl deyir. Baxmayaraq ki, bu gün artıq əruz öz aktuallığını itirib. Amma deyə bilərik, nooolsun? Şeirlərin ki şahıdır əruz. Tərlan da bu şeiri şahlara layiq yazır.

Tərlanın şeirlərinin mövzusu da nə yaxşı ki, tez-tez rastımıza çıxan "darıxıram", "başına dönüm", "yalvarıram" "sən getdin mən qaldım zad" tipli şeirlərdən qat-qat uzaqdır.

Tərlanın bir şeirinə baxmaq kifayətdir ki, həmin şeirdə bir neçə mövzuya necə ustalıqla toxunmasının şahidi olaq.

Məsələn,

Soruşan yox, nə var, nə yox?

ölməyə kimin nəyi var?..

Bu dünyada hər bir kəsin

dünya boyda göynəyi var,

kəfəndən ağ köynəyi var...

Hamı eyni yolda çaşır,

eyni səmtə gedir hamı...

Hamı özünə yubanır,

öz səbrini ötür hamı,

hamının vallah boşuna

öz-özünü öyməyi var...

Sevgidən kəsilən adam,

nə bilsin ayrılıq nədi?..

Nə bilsin təbin təzədi,

nə bilsin yaran köynədi?..

hərənin bir sevməyi var...

Əvvəlin nə olur, olsun,

sonun daşa qısılmaqdı.

Əcəl qapını döyəndə,

son nəfəsi qıc olmaqdı...

İstəyirsən soruş, ya heç

soruşma, bu gedən kimdi?

Onsuz da, onsuz da elə

ölənin dalınca baxıb

hamının göz döyməyi var...,

Tərlan həm heca, həm sərbəst, həm də əruzda yazdığı şeirlərdə ümumi olaraq bəşəri mövzuların yer aldığını görmək olar.

Tərlanın bir çox şeiri var ki, o şeirlərin bəzi misraları, bəzən də şeirin özü dilimin əzbərinə çevrilir. Ara-sıra hansısa məqamda da mızıldanıram.

"Sükutun ürəyi çırpındı köksümdə"

"Əvvəl-axır bu şəkili

Asmağa divar tapılar"

Ümumiyyətlə, bu kimi misralardan çox misal gətirə bilərəm. Fəqət, həm uzunçuluq olar, həm də yazının ahəngini pozar.

Tərlanın əruz şeiri nümunələrindən isə lap ayrıca danışmaq lazımdır. Bu ayrı bir yazının mövzusudur və düşünürəm ki, məncə, əruz yaradıcılığını bu yazının içinə qatsam heyif olar. Həm də belə deməklə öz üzərimdən atıram bir az da. Açığı, mən həm də bunu yaxşı bacara bilmirəm. Yaxşı olardı ki, əruzşünaslar xüsusi təşəbbüs göstərsinlər, o şeirləri, şeirlər də etdiyi eksprimentləri, yenilikləri ortaya qoysun.

Tərlan şeirlərin də istər vətən, istər sosial, istər sevgi, istərsə də digər məsələləri elə ustalıqla, elə şirinliklə verir ki, cəmi 2-3 şeir belə oxumaq kifayətdir ki, bunların şahidi olaq.

*

Aşmağa yerimiz yoxdu,

bu dörd hasardan o yana...

Yüz ölkə gəz bir azar yox,

bu bir AZARdan o yana.

Dindirirsən, "azar yoxdu",

"Sat, satıl", həya, ar yoxdu...

Heç yerdə bir bazar yoxdu,

bizim bazardan o yana.

Əynimizdə kir görünmür,

Saxlayırıq sirr, görünmür...

Bir sağlam şeir görünmür,

min-min yazardan o yana.

Əl yox başa qapaz üçün,

Tapılmır top "top.az" üçün...

Əyilmişik bir paz üçün,

yüz intizardan o yana...

Ha sındır, tilsimləri qır,

Mizrab çəkib simləri qır.

Çəkilməyə yer tapılmır,

Tərlançün dardan o yana...

Düşünürəm ki, Tərlan Əbilovu ədəbiyyatda fərqli edən bir neçə məsələ var. Amma o məsələlərini indi dilə gətirmək istəmirəm. Ümumiyyətlə, Tərlan Əbilov xarakter etibarı ilə də tanıdığım şairlərin demək olar ki, hamısından fərqlənir. Ona görə indi şəxsi müstəvidə olan məsələləri yazıya gətirmək istəmədim. Fəqət, bu fərqlilik şeirlər üçün də, ədəbiyyat üçün də keçərlidir.

Tərlan Əbilov öz şeirləri ilə yenilikçidir, havası təzədir. Dediyim kimi, qarşımıza çıxan 2-3 şeiri belə oxumaq kifayətdir ki, bunun şahidi olaq.

# 2683 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #