Oğlum, ölmək istəmirəm!

Orxan Həsəni, yazar

Orxan Həsəni, yazar

1 oktyabr 2022
# 16:00

Kulis.az “Əkrəm Əylisli haqqında bir xatirə” adlı yazısını təqdim edir.

Əkrəm Əylisli ilə görüş məni xeyli mütəəssir etdi. Üzündə insan həyatının üfüqünü gördüm.

Elə bilirdim, daha heç nə məni təəccübləndirə bilməz. Həyatın dərdlərinə biganə olmaq, təntənəsiz, hislərdən arınmış, arzusuz yaşamaq rahatlığın yeganə açarıdır. Canını bu gündən sabaha daşıyıb çıxarmaq da eləcə nailiyyətdir. Lakin Əkrəm Əylisli ilə görüş anlayış zəmimə yeni həqiqət toxumları səpdi. Əvvəl-əvvəl bədənimə birə daraşan kimi həyəcan daraşdı. Ürəyim boğazıma qalxınca burnum acılandı, gözlərim qıyıldı. Anladım ki, sevdiyimiz yazıçılarla canlı-qanlı ünsiyyət onların ömür uzunu qurub yaratmaq istədikləri ədəbi aləmlə görüşdür. Hislərini, intellektini, canını kürüyüb tökdüyü, nəhayət bütün inancların cəmindən daha çox inandığı əsərlərin ürəyinə yolçuluqdur. O aləmin suyunu içmək, çinarına söykənmək, torpağının ətrini duymaqdır.

İnsan münasibətləri necə mürəkkəbdir! Nə çox dünya var dünya içrə. Bu dünyaların çoxluğu insandan hər dəfə yeni kimlik istəyir, hər mühitdə başqası olmağa məcbur qalırıq və dərində, lap dibdə qalan cövhər, yəni gerçək sən unudulub pas tutur.

Usta yazıçılar isə əlimizdən yapışıb bizi o cövhərin işığına aparır. Onu tapmadan necə yaxşı insan olasan!?

Dövrümüzün hakim duyğusu ümidsizlikdir. Təəssüf ki, yazmaq boşluğa güllə atmaqdır. Ucsuz bucaqsız azlığa çığırmaq yorulub əldən düşmüş həyat vəd edir. Lakin könlümüzdə at oynadan, istək olub alovlu-alovlu dolaşan narahatlıq duyğusu bizi sözsüz yaşamağa qoymur. Bir an onun işığından çəkilincə kor qalırıq. Canına üşütmətək düşən duyğu isə yalnız özün kimi adamları görüncə təskinlik qazanır.

Əkrəm Əylisli mənim ən böyük motivatorlarımdan biridir. Dünyadan başımı çəkib bir küncə qısılınca onun əsərlərini məhəbbətlə oxuyub həyatda daha vacib şeylərin olduğuna inanıram. Ədəbiyyata, onun nəhayətsiz enerjisinə, könlündə ikinci aləm böyütməyin məsuliyyətinə, tanıdığım insanları, tanımadığım bəndələri, gözəl sevincləri, gözəl bədbəxtlikləri, kiçik dərdləri, böyük arzuları yazı materialı kimi görən gözlərə etibar edirəm. Dəmbədəm axıb keçən dürr cümlələr iliklərimə işləyincə yazıçılığın önəmli peşə olduğunu özümə təlqin edirəm. Bəlkə də, buna görə sənətin mənə qazandırdığı dostlarımı hədsiz məhəbbətlə sevirəm və onların hamısından gözəl mətnlərin və yaşamaq istəyib yaşaya bilmədiyim həyatın ətrini alıram.

Bəli, həyat axır, bir də görürsən, 84. Münasibətlər isə unudulmur. Cəmi 40-50 il öncənin söhbətlərinə bu günün gözü ilə baxanda yumşaq desək, əlin qalır ağzında. Əkrəm Əylisli elə yazıçıdır ki, Azərbaycan dilinin, ədəbi düşüncəsinin dərinliklərində üzmək istəyənlər nəhayət gəlib onun əlini sıxmalıdır. Bu dar "Fermopil" keçidində necə çıxmağın öz işindir, zövq və münasibət fərqi danılmazdır. Lakin onun dayandığı ədəbi ucalığı mütləq görmək lazımdır.

Biz dünyanı da, özümüzü də o ucalıqdan çox gözəl görürük.

Mən Əkrəm Əylisli ilə birinci dəfə 2019-cu ilin iyun ayında görüşmüşəm. O vaxtlar povestlərinə, hekayələrinə, ədəbi dünyasına aludə olduğum, təkdən bir ”28 may”ın yer altı kafelərində içib, dünyanı gözəl görəndə zəng elədiyim yazıçı ilə görüşmək yuxudan da o tərəfə iş olmuşdu. Hərbi xidmətə yollanmağıma lap az qalmışdı. Hər dəfə dostlarımla görüşəndə elə bilirdim bu sonuncudur. Günlər kövrək və yorğun axırdı. O gün necəsə şər qarışan vaxt yatmışdım. Yuxunun tən ortasında telefonum zəng çalmışdı və əziz dostum Ayxan Ayvazın zənginə oyanıb gözəl xəbərə sevinmişdim.

– Axşam Əkrəm Əylisli ilə görüşəcəyik. Hazır ol!

Səməd Vurğun küçəsindəki kirayə evimdən külək kimi fırlayıb "Road" paba çatmışdım. İki parç pivə, isti və duzlu noxudla həm yuxumu, həm də həyəcanımı tikələmişdim.

Sonra Ayxan Ayvazla Sahil bağında görüşüb səliqəli italyan restorana keçmişdik. Biz çatınca Şərif Ağayar və Əkrəm Əylisli qədəhlərini toqquşdururdular. Heyranlığımı gizlətmir, həyəcandan əlim ayağıma dolaşır, sözləri dilimin kotanından güc verib keçirə, izhar edə bilmirdim.

Məni ədəbiyyatın müqəddəsliyinə inandıran fəhm ürəyimi sinəmdə od parçası etmişdi.

Söhbət maraqlı alınmışdı. Əkrəm Əylisli böyük bir tarixi dövrü şirin dilinə salıb nağıl etmişdi, yazıçılardan, keçmişdən, bu gündən, ədəbi qısqanclıqlardan, əsərlərindən, Əylisdən, Bakıdan, müharibədən, siyasətdən, Amerikada yenicə çap olunan "Əlvida Əylis" kitabından danışmışdı. Biz pivə içmişdik, o çaxır. Ancaq parçları, qədəhləri toqquşduranda içimizdəki hissin adı bir idi; minnətdarlıq. Bu günə və ömrümüzün qalanına!

"Oğlum, ölmək istəyirəm"

Əkrəm Əylisli keçənilki müsahibəsində Nazim Hikmətin bu sözünü xatırlayır. O vaxt bu hadisəni birinci ağızdan eşitmişdim və içimdə cövlan edən hislərin yer dəyişdiyini, dünya boyda nəhəng şairin aləminə, təsəvvürlərinə, səhvlərinə, doğrularına, onu insan edən hər görüntüyə bircə anlıq və bircə cümlənin açarı ilə tamaşa etdiyimi düşünmüşdüm. İnsan ruhunu bircə cümlənin eynəyi ilə necə asanca, necə iztirabla görmək olur?! Sanki həmin vaxt

Nazim Hikmət də bizimlə eyni masa da əyləşmişdi. Eləcə başdan. Sözləri uzada-uzada danışırdı, minnətdardı, həm bu günə həm də ömrünün qalanına.

Rakı içirdi və qüssəylə deyirdi: "Oğlum, ölmək istəmirəm!"

Heç bilmirəm həmin restoranda rakı verilirmi? Gərək bir gün yoxlayam.

Əkrəm Əylislinin önündə yeni əsərinin əl yazması görünürdü. Əsərini “kulis.az”də yayımlamaq niyyətində idi. Şərif Ağayar bəzi hissələri oxudu. Komik hissələrə hamılıqla gülümsədik. Sonra məni qəfil enerji götürdü. Bu enerji Əkrəm Əylislinin povestlərindən qopan enerji idi. Yaxşı əsərlər yeganə batareyadır ki, onu anlayanlar üçün hər zaman dolu qalır, illər keçir, zaman dolanır, yenə də oxucusunu heyrətləndirə bilir. Elə bu istəklə "Kür qırağının meşələri" povestindən saldım söhbəti. Danışdım, danışdım, dostlarım da sözlərimə təpər verdi, arada Şərif Ağayarın gözləri par-par yandı: "Bu uşaqları övladlarım kimi sevirəm", – dedi. Əkrəm məmnuniyyətlə gülümsədi və nəhayət o sualı verdim: “Sizə də elə gəlir ki, həyatınız boyu yalnız bir əsəri yazmışsınız, Kür qırağının meşələrini, qalanı onun ürəyindən qopub”.

Cavab dəqiq idi: Bilmirəm!

...Bilmirəm məclisin sonu necə gəldi. Biz sərxoşlar ehtiyatla qalxıb Xaqani küçəsinə çıxdıq. Hava əladan əlaydı. Sərin külək üzümüzə məhəbbətlə toxunurdu. Mən Əkrəm Əylislinin sağ qoluna girdim, bizə sonradan qoşulan əziz dostum Rəvan Cavid sol qoluna. Eləcə küçə boyu addımlayır, boyu çiynimizdən aşağı, yaşı yaşımızdan yuxarı adamın ağır addımlarına qoşulmaq istəyirdik.

İki cavan, sağlam çiynin arasında “səksən iki il” və Azərbaycan ədəbiyyatının usta nasiri sıxılmışdı.

Küçə bomboşdu, adamlar evlərinə yığılmışdı, yalnız mərtəbəli binalardan birinin pəncərəsindən musiqi səsi gəlirdi.

"Azadlıq" prospektinə çatanda qollarımızın kilidi açıldı. Sağollaşıb ayrıldıq. Sərxoş dostlar prospekt boyu üzü yuxarı, 28 may metro-stansiyasına doğru addımladılar. Mən isə olduğum yerdə dayanıb Əkrəm Əylislinin yolu keçib qaranlıqda itməsinə bir xeyli tamaşa elədim.

Həmin an bu gecəni heç vaxt unutmayacağımı dəqiq bilirdim. Dilimin altında isə bircə cümlə dolanırdı:

– Oğlum, ölmək istəmirəm!

# 2978 dəfə oxunub

Müəllifin son yazıları

# # #