Bu gün tanınmış amerikalı ədəbiyyatşünas Harold Blumun anım günüdür.
Kulis.az bu münasibətlə Orxan Həsəninin "Blum kim idi?" essesini təqdim edir.
Harold Blum adını eşidəndə çoxlarının ağlına dərhal “Qərb kanonu” gəlir. Amma Blum təkcə kitabların arasında ömür sürən adi bir akademik yox, ədəbiyyatla məşğul olmağı ibadətə çevirmiş möhtəşəm persona idi.
Blumun fikrincə, ədəbiyyat insan ruhunda gedən əbədi mübarizənin canlı ifadəsi idi.
Ən məşhur əsərlərindən biri olan “Təsirin narahatlığı” ədəbiyyat nəzəriyyəsinə yenilik gətirmişdi. O iddia edirdi ki, yaxşı yazıçılar “heçdən” yaranmır, yarana bilməz.
Necə?
Yazıçı istər-istəməz, özündən əvvəlkilərin kölgəsində yazır, gücü onlardan alır. Amma bu kölgə eləcə təqlid deyil, belə demək mümkündürsə, mübarizədir.
Necə mübarizə?
Gənc şair öz ədəbi əcdadı ilə savaşdadır, ondan qurtulmaq, öz səsini tapmaq, özünü var eləmək istəyir. Blum bunu psixoanalitik dillə desək, “Edipvari münasibət” kimi yozurdu: gənc şair öz ədəbi əcdadını həm sevir, ona valeh olur, həm də onu aşmaq, məhv etmək istəyir.
Daha dəqiq ifadə etsək, Blumun bu ideyası psixoloji və poetik düşüncəni birləşdirirdi. O, ədəbiyyatı sadəcə sosial hadisə kimi yox, daxildə baş verən dramatik savaş kimi nəzərə alırdı və bu savaşda hər yazıçı atasını “öldürərək” öz mənsubiyyətini tapırdı. Bu, Freydin “oğul və ata” münasibətinin ədəbiyyata proyeksiya olunmuş forması idi.
XX əsrin ikinci yarısında tənqid dünyası marksist, feminist və poststrukturalist nəzəriyyələrlə dolub-daşırdı. Hər kəs ədəbiyyatı ideologiya, sinif və ya cinsiyyət kontekstində oxuyurdu.
Blumun isə ürəyi həqiqi ədəbiyyat atəşi ilə döyünür, buna qarşı çıxırdı. O yazırdı: “Ədəbiyyatın enerjisi onun özündədir. O, başqa sahələrdən qidalanmır, özündən qidalanır.”
Bu iddia tənqidçiliyə tamamilə fərqli bir istiqamət gətirdi. Əvvəllər tənqidçilər əsərləri sosial, tarixi və ya ideoloji baxımdan analiz edirdilər.
Bluma görə, ədəbiyyat ədəbiyyatdan doğurdu. Yəni bir şairi başa düşmək üçün onun hansı şairə işarə, reaksiya, cavab verdiyini tapmaq lazımdır.
Blum sonradan “Qərb kanonu” əsərində bu ideyalarını daha da genişləndirdi. O, Şekspiri, Danteni, Servantesi, Miltonu, Tolstoyu və digər müəllifləri “insan ruhunun sütunları” adlandırırdı.
Bu kitabda o, müxtəlif qüvvələrin xoşuna gəlməyən sərt bir fikir səsləndirdi: “Ədəbiyyat bərabərlik meydanı deyil. Bəzi yazıçılar var ki, digərlərindən daha böyükdürlər və bunu ideoloji deyil, estetik səbəblərlə qəbul etməliyik.”
Blumun fikrincə, ədəbiyyat bizə “düzgün düşünməyi” yox, “daha çox düşünməyi” öyrədir. O, ədəbiyyatı siyasətdən, cinsi və ya etnik mənsubiyyət mübarizələrindən ayırmaq istəyirdi.
Bəziləri onu “elitar”, “köhnə məktəb”, “qərb mərkəzli” adlandırsa da, Blum sadəcə sənətin müstəqilliyini qorumağa çalışırdı və deyirdi ki, böyük əsər universal olur. Əgər bir əsər sənin ruhuna toxunursa, deməli, o, sənin kanonundadır.
Onun üçün kanon siyasi məsələ deyildi, estetik məsələ idi. Blum inanırdı ki, gözəlliyin də, dahiliyin də öz məntiqi var. Bunu sosial ədalət ölçüləri ilə müəyyən etmək olmaz.
Bluma görə, oxumaq bir növ meditasiya idi. O, kitablarla “yaşayırdı”. Deyirdi ki, “mənim ailəm Şekspir, Dante, Çoser və Uordsvortdur.”
Nə qədər pafoslu səslənsə də, bu fikirlər Blumun ədəbiyyata sevgisini tamamilə ifadə edir.
Blumun dünyagörüşü humanizmə yaxın idi. O inanırdı ki, kitablar insanın özünü tanımasının ən qədim və ən güclü vasitəsidir. “Ədəbiyyat bizə başqasının təcrübəsini yaşamağı öyrədir,” – deyirdi, – “amma eyni zamanda, öz daxili sakitliyimizlə üz-üzə qalmağı da.”
Blumun yazı üslubu çətin, poetik idi. Amma aydın bircə şey var: o, hər sətirdə insan ruhunun böyüklüyünü müdafiə edirdi. Hətta ölümünə yaxın illərdə belə, kitab yazmaqdan əl çəkmədi. Səksən yaşında yeni müəlliflər haqqında yazır, Şekspiri yenidən oxuyurdu.
Harold Blum mənə daim xatırladır ki, kitablar eləcə “mətn” deyil, ruhumuzun aynasıdır.
Və bəlkə də, Blumun ən böyük dərsi budur: ədəbiyyat heç vaxt ölmür, o, insanın içində nəfəs alır.
Hər dəfə bir kitabı əlimizə alanda, bir şairin misrasını ucadan oxuyanda, bir obrazı xatırlayanda Blumun arzuladığı o “canlı ədəbiyyat kainatına” daxil oluruq.