Bu gün kinonun əsas sütunlarından biri, italyalı rejissor Mikelancelo Antonioninin anım günüdür.
Kulis.az bu münasibətlə Ömər Xəyyamın “Mikelancelo Bakıda, yaxud qırmızı səhrada gəmi” yazısını təqdim edir.
Mikelancelo Bakıda
Yetmişlərin ortalarıdı… Mikelancelo Antonioni, ssenarist Tonino Querra “Çərpələng haqqında pritça” filmini çəkmək üçün Bakıya gəliblər.
Bakı. Bahar ertəsidir. Uşaqlar sahildə çərpələng uçurdur.
Çərpələnglər uçur, uşaqlar qaçır, çərpələnglər uçur…
Fəqət qıyıqgöz oğlanın çərpələngi gözdən itir. Qalxır, qalxır… Uşaqlar ipin ucuna o biri çərpələnglərin iplərini bağlayırlar, yox, qıyıqgözün çərpələngi elə qalxır, qalxır, ordan kəndir, burdan məftil, - çərpələng buludları da keçir, qalxır, qalxır...
Biri şalvarını çıxarır, biri köynəyini. Şalvarları, köynəkləri də ipin ucuna bağlayırlar.
Şəhərlilər gəlir, kənd camaatı xəbər tutur, başqa ölkələrdən axışırlar. - İpin ucuna bağlamağa heç nə yoxdu. Parça, ip, məftil, - nəyi bağlamaq olursa, bağlayıblar.
Hamı soyunur. Hamı özünə qayıdır.
Çərpələg qalxır, qalxır, qalxır və bir gün quyruğundakı “maskalar”la yerin üzünə çırpılır. – Antonioni belə bir film çəkmək istəyirdi.
Özü də, ustad kosmosda aparılan tədqiqatların əleyhinə olub: Həmişə deyirmiş ki, kosmosla oyun oynamağın axırı pis olacaq!
Onları Bakıda Cəmil Əlibəyov qarşılayıb, fəqət məclisdə Anar da olub, Maqsud İbrahimbəyov da. Üstəlik, haman məclisdə Cavan Zeynallı italiyan mahnısı oxuyub.
Vegeterian, kaprizli rejissor – Azərbaycan mətbəxi, yağlı yeməklər.
Kartof qızartması, makaron, kartof qızartması, makaron... – nəhayət, Nardaranda özünü saxlaya bilmir. Düşbərə yeyir, qutab yeyir, üstəlik, təzədən düşbərə istəyir.
Mətbəximizlə gec barışsa da, “Sadıllı” şərabı haqda qəşəng sözlər deyib. Məsələn, deyib ki, bu şərabın İtaliyadakı şərablardan fərqi yoxdu.
Nardarandakı qonaqlıqdan sonra Bakı kəndlərinin qəbiristanlıqlarını görmək istəyib.
Cəmil Əlibəyov deyir ki, Querra qabaqda, Antonioni də dalınca – düşdük qəbiristanlıqların canına. O qəbiristan sənin, bu qəbiristan mənim, nəhayət, çatdıq Mirmövsüm ağanın qəbrinə.
“Ziyarətçilər Ətağanın müqəddəsliyi haqda ağızdolusu danışırdılar, ancaq mən xəcalət çəkdim, onların dediklərini başqa cür tərcümə etdim. Ölüyə, daşa bu cür münasibət Antonioninin xalqımıza qarşı fikrini dəyişdirə bilərdi.”
Antonionin əməlli-başlı nazıyla oynayıblar. Quş südü, arı əti – nə istəyibsə, necə istəyibsə, yüksək səviyyədə təşkil edilib. Fəqət bircə istəyini reallaşdıra bilməyiblər. Azərbaycanı yuxarıdan izləmək üçün vertolyot istəyibmiş, o söhbət alınmayıb.
Deyib ki, eybi yox, mən İran şahından vertolyot alaram. Görünür, inanıbmış. Heyif, layihə gerçəkləşməyib...
Mühit, sujet, obrazlar sovet tərəfini qane etməyib. Üstəlik, Mərkəzi Komitənin ideoloji şöbəsi də mızıldanıb.
Dövlət Kinematoqrafiya Komitəsi də tələb edib ki, montaj Moskvada olsun, filmin hüququları SSRİ-yə aid olsun.
Querra Bakı səfəri haqqında yazır: “Bizi Bakıdan çox, Abşeron kəndlərinin estetikası heyrətləndirmişdi. Füsunkar təbiət, vadilər, məzarlıqlar, dirəklər və dəmir yolu. O yolun hara getdiyini bilmirəm, ancaq çox sinematoqrafik mənzərəydi...”
Qızıl səhra
Dünya boz-bulanıq səhra kimi…
Giuliana (Monika Vitti) yol qəzasından sonra psixoloji travma alır. Zamanla başqa adama çevrilir.
Kapitalizm dumanı film boyunca obrazlar arasında sürünür.
Beton cəngəllik, mərmər boşluq, hündür bacalar, zavod tullantıları, polad dirəklər, sarı duman və bataqlıqda saman çöpü gəzən qadın.
Giuliana küçələrdən, fabriklərdən, göyüzündən, insanlardan qorxur.
Antonioninin filmlərinin ortaq teması - ünsiyyət problemi bu filmdə də qabarıq hiss olunur.
“Qırmızı səhra” Antonioninin ilk rəngli filmidir və bu rənglər filmdə önəmli yer tutur.
Bozluğun, çürümənin simvolu olan sarı duman.
Dostlar Maksın daxmasında əylənirlər.
Bu vaxt sahilə sarı bayraqlı "kapitalizm" adlı bir gəmi yanaşır.
Sarı bayraq gəmidəki yolxucu xəstəliyə işarədir.
Budur, kapitalizm yolxucu xəstəlik kimi yaxınlaşır.
Giuliana boz-bulanıq dünyadan fərqli, rəngli dünya yaratmaq xəyalındadır.
Apağ, uzun dəhliz onun içindəki boşluq, qırmızı isə təhlükə və qorxudur…