Xalq şairini niyə ələ salırlar?

Xalq şairini niyə ələ salırlar?
2 may 2020
# 11:03

Xalq şairi Fikrət Qoca Facebookun gündəminə çevrilib. Onun son illər yazdığı şeirlər sosial şəbəkə istifadəçilərini əməlli-başlı əyləndirir.

Bəzən düşünürsən, 85 yaşına çatan, ədəbiyyatda xeyli iş görən, yaxşı şeirlər yazan şair niyə birdən-birə bu cür söz yığını çap etdirir?

Bəlkə, unudulmaqdan qorxur?

Yaxud, onu tənqid edən gənc nəslə göstərmək istəyir ki, baxın, bu yaşda da yaradıcılıqdan qalmıram.

Bəlkə, düşünür ki, yazıb-yaratmasa, onu Azərbaycan Yazıçılar Birliyinin katibliyindən çıxaracaqlar?

Adamın ağlına yüz fikir gəlir.

Bir tərəfdən baxanda karantin günlərində insanlara təbəssüm bəxş edir. Ancaq o, həm də Xalq şairidir axı. Üstəlik ədəbiyyatımızın simalarından biridir. Kimliyindən asılı olmayaraq, söz adamının yaradıcılığının bu şəkildə lağlağıya çevrilməsi adama toxunur.

Adamlar paylaşırlar, müzakirə edirlər:

Gecənin işıqlı vaxtı
Pəncərədən göyə baxdım.
Ay oxşadı qayğanağa,
Gördüm ağzımın suyu axdı...

Bir zamanlar “Babalar qaçaq olub mərd olub” misrası ilə başlayan məşhur şeirini yazan şairin yaradıcı yorğunluğunu bəlkə də anlayışla qarşılamalıyıq. Amma oxucu qəddardır. O, güzəştə getmir. Bəlkə, bütün bunlar yeni dövrün texniki imkanları ilə reallaşan ilahi ədalətdir? Hər kəs öz həqiqi qiymətini bu yolla alır?

Bu yerdə, 45 yaşında dünyasını dəyişən Eldar Baxşın oxşar təsvirlər yaradan “Gecənin bir aləmi” şeiri yadıma düşür. Necə deyirdi:

Gecə çırpınırdı, gecə əsirdi,
Gecə titrəyirdi, nə titrəyirdi,
Sinəmiz gecəni, bu xoş gecəni
Bir daş ütü kimi ütüləyirdi...

O da gecə, bu da gecə.

Yeni nəsildən olan şairlərdən Elvin Bakiroğlnun da gecə ilə bağlı bir təsviri var:

Göydə Ay varıydı, yerdə bir yeşik,
Sonra Ay yerindən laxladı getdi.
Küçənin tinindən burulan pişik,
Zibil yeşiyini yoxladı getdi
Mən tək qaldım.

Fərqi hiss edirsiniz? Yaş məsələsini təsadüfi qabartmadım. Fikrət Qocanın da Elvin yaşda, Eldar yaşda gözəl şeirləri, gözəl mahnı mətnləri vardı. Ona nəsə öyrətmək artıqdandır, təbii. Amma doğrudanmı ustad şair

Nə vaxt arvadı istədim
Gördüm ki, namaz üstədi.
Barı zəhmətim itməsin
Cənnətə mənsiz getməsin.

misralarının nə qədər bayağı olduğunu hiss eləmir?

Bəlkə, özü belə istəyir?

Bəlkə, qəsdən çap edib yayırlar bunları?

Bəlkə, onun gülüş, hədəfinə çevrilməsi kimlər üçünsə maraqlıdır?

Bəlkə, elə gülüb keçməliyik bu köhnəliyə?

Bəlkə, nə vaxtsa, Fikrət Qoca da kimlərəsə bu şəkildə gülüb, lağ edib?

Fikrət Qoca Əli Kərimlə eyni nəsildəndir. Ədəbiyyata çox havalı gəlib və modern bir dalğa yaradıb. Bu, danılmazdır. Yüzlərlə mahnıya yazdığı sözlər də yaxşıdır, rəvan və yaddaqalandır.

Bəs elə isə...

Yenə eyni suallar....

Bəlkə, bu arzuolunmaz hal heç nəyin yox, ədəbiyyatda məmurlaşmağın, səmimiyyəti itirməyin nəticəsidir? Axı dünyada, misal üçün, Adonis kimi yaşlı şairlər indi də çox gözəl şeirlər yazırlar.

Şərq şairləri qocala bilmir deyəcəkdim, Adonisin ərəb əsilli olduğunu xatırladım. Bəs Attila İlhan? Ölən günəcən gənclik şövqü ilə yaza bildi.

Məncə, alınmırsa, elə Fikrət Qocanın öz yerlisi Habil Əliyev kimi vaxtında səhnədən getmək ən yaxşısıdır.

Bir gün tez, iki gün gec, əvvəl-axır hamımız səhnəni tərk edirik. Vaxtında getməyi bacaranda yaddaşlarda yaxşı qalırsan və ironiya hədəfinə çevrilmirsən.

# 16678 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #