Fotoşopla başına tük əkdirən, kostyum reklamı edən, gülməli şüarlar səsləndirən namizədlər

Fotoşopla başına tük əkdirən, kostyum reklamı edən, gülməli şüarlar səsləndirən namizədlər
23 yanvar 2020
# 12:21

Kimə baxırsan, pafoslu posterləri ilə sosial şəbəkələrdə gəzişir. Kimə baxırsan, deputatlığa namizəddir. Maşallah, göz dəyməsin!

Sevgili xalqımız da trendə uyur: deputatlığa namizəd kimi posterlər hazırlayır, öz yumorlarını eninə-boluna sərgiləyir.

Namizədliyini verməyən yüzlərcə Fesybuk istifadəçisi gündə bir plakatla gözümüzü deşir. Plakatlar da cürbəcürdür: ciddi, gülməli, məzəli...

Namizədlərindən birinin şüarı: "5 dəqiqə mənimlə olun, 5 il sizinlə olum". Yaxud da, Sumqayıtlı namizəd millət vəkilliyi kimi ciddi posta bu sloqanla qatılıb: "Məni seçin, dadınıza YETİM". Daha bir namizəd, eyni posterdə 4 fərqli kostyumda görünür, sloqanı da: “Kimi istəyirsən, seç”. Elə bil, “Takken 3” oyunudur. Yaxud “Youtube”a yüklədikləri videoya poster hazırlayırlar, “klik”dən pul qazanacaqlar.

İstedad yoxsulluğu çəkən, heç biri çəkisi olmayan bu tip posterlərlə camaatdan səs istəyirlər. Halbuki özlərini gülməli situasiyaya saldıqlarından xəbərsizdirlər. Bizim kimi yumoru tavana qalxan xalqı aldatmaq mümkünmü? Hamı öz yumor qabiliyyəti ilə namizədləri dolamaqda. Amma sosial şəbəkədə belə görünür. Bəlkə də realda o güldüyümüz plakatlara ümidlə baxan, yaxud ürəkdən inanan xeyli adam var.

Artıq bu cür şüarlar insanları inandırmır. Fərqli, alternativ, insanların inanmaq istədiyi sözlərə ehtiyac var. “Seçin məni, etibarınızı doğruldum” kimi süni şüarlar keçmir artıq. Məsələ o yerə gəlib ki, kimin ciddi, kimin qeyri-ciddi olduğunu ayırd etmək olmur. Elə bil yumor müsabiqəsidir, kim ən gülməli sloqan yazacaqsa, o da seçiləcək.

Təəssüf ki, komik, gəncliyin üzünə ucuz təbəssüm gətirən sloqanlarla yalnız sosial şəbəkələrdə gündəm olmaq mümkündür, o da, lağ-lağı... Millət lağ edərək güldüyü bir adama vəkil kimi etimad göstərə bilərmi?

Bələdiyyə seçkiləri də müəyyən qədər gündəmi zəbt etmişdi. Bir xeyli gülüb, əylənmişdik. Ciddi görkəm almış namizədlər qarşımızda peyda olanda nə qədər də sadəlövh olduqlarını düşünmüşdük. Peyda olurdu deyəndə, sosial şəbəkələri nəzərdə tuturam. Axı bizim həyatımızın bugünkü güzgüsü sosial şəbəkələrdir.

Dostlardan biri zəng edib dedi ki, sən də namizədlik ver, şairsən, tez seçilərsən. Şaqqanaq çəkib güldüm. Şairliyin bura nə dəxli?

Yazının bu yerində fasilə verib nə görsəm yaxşıdı, daha bir namizəd. Fotoşopla başına “tük əkdirib”, saçları qulaqlarını qapadıb, daha doğrusu adamdı, amma qulaqları yoxdur. Bəs yaxşı, bu namizəd xalqın səsini necə eşidəcək?! Gülüş smayliki!

İstənilən halda seçkilər ciddi məsələdir. Kütlə inanmaq, güvənmək, sosial cəhətdən yaxşı yaşamaq istəyir. Sadəcə namizədlər bir az kreativ olsunlar. Artıq zaman o zaman deyil. Adamlar dəyişib. Siz də dəyişin. Özünüzü dəyişdirin əvvəlcə. Sonra ətrafınızı. Amma mütləq əvvəl özünüzdən başlayın. Yoxsa təkcə o gülünc posterlərinizlə yadda qalacaqsınız.

# 5300 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #