Fahişəxanada tanış olduğum Aydan

Fahişəxanada tanış olduğum Aydan
25 iyun 2020
# 11:30

Fahişələr həyatda həmişə ən kədərli obrazlardır. Bədənlərini satan qadınlar taleyin ağır yüklərini çiyinlərində daşıyırlar. Ədəbiyyatda, kinoda, rəssamlıqda onlardan çox yazılıb, çəkilib. Pikassonun "Avinyon qızları", Markesin “Hüznlü fahişələrim”, Fellininin "Kabiriyanın gecələri"ndə fahişələrlə yaxından tanış oluruq. Fahişə sözünü əslində qəbul edə bilmirəm. Sanki bu söz mənə təhqir kimi gəlir. Ən yaxşısı biz onlara feministlər kimi “seks işçisi” deyək.

Bir gün marağımı boğub fahişələrlə tanış olmaq üçün kaferlərin birinə yollandım. İçki sifariş verib, ətrafı müşahidə etməyə başladım. Qısa ətəkli, yorğun, ənlik-kirşanlı qadınlar diqqətimi çəkirdi. Onlardan ən gəncini əlimlə işarə edib yanıma çağırdım. Cəld yerindən durub yaxınlaşdı, çoxdanın tanışı kimi yanımda oturub gözlərini mənə dikdi. Bu an fahişələr oturan masaya baxdım: onların üzündəki sonsuz kədər mənə toxundu. Adını bilmədiyim fahişəyə "istəyirsən dostlarını da çağır” - dedim. Gülümsədi. Yəqin elə bildi ki, zarafat edirəm.

- Biri sənə bəs eləmir?

- Adın nədir?

- Aydan. Neynirsən ki?

- Saat neçəyə qədər burada işləyirsən?

- Səhər beşə kimi.

- Bəs yorulmursan?

- İnsanam da, yoruluram. Amma öyrəşmişəm. Yaxşı, qurtar bu söhbəti. Keçək otağa?

Bir şey demədim. Qarşımdakı pivəni sonuna qədər içib ayağa qalxdım. Onun arxasınca otağa getdim. İçəridən çox pis qoxu gəlirdi. Mələfə, döşəkağı, yastıq döşəməyə səpələnmişdi. Elə cəldliklə soyundu ki, bütün ona lap yazığım gəldi.

- Aydan, gəl, bir az söhbət edək.

Gülərək çarpayıya uzandı. Gözlərini tavana dikdi. Öz həyat hekayəsindən danışmağa başladı. Onun səs tonunda qeyri-səmimilik vardı. Standart, şablon hekayələr danışırdı. Bilirdim ki, basıb-bağlayır. İnanmasam da qulaq asırdım. Sonra mənasız lətifələr danışmağa, şit-şit gülməyə başladı. Susmaq bilmirdi. Belə daha da kədərli görünürdü.

İki dəqiqədən bir gülməyi əsəblərimə toxundu. Sanki qarşımdakı qadın deyildi. Mənə elə gəldi ki, sevdiyi insanlar Aydanın üz cizgilərini, vücudunu, saçını, gözlərini belə unutmuşdular. İndi o, öz bədənindən pul qazanan böyük bir boşluğa bənzəyirdi. Heç nə ifadə etmirdi. Yəqin fahişələr bədənlərini satarkən ürəklərini də hərraca qoyurlar.

Birdən ağlımdan qəfil bir fikir keçdi. Fahişələr öz qadın statuslarını dəfn etdiklərinə görə artıq kişilər üçün yalnız orqazma çatmaq vasitəsidirlər.

- Aydan, heç sevmisən?

O ayağa qalxdı. Paltarını geyindi. Güzgüdə saçını-başını düzəltdi. Özünə sığal verdi. Bir xeyli otağın içində fırlandı. Yerə dağılmış əşyaları yerbəyer etdi. Sonra mənə baxıb dedi:

- Hə…

Gözlədim ki, danışsın. Amma elə hey susurdu. Susqunluğu çarəsizliyindən xəbər verirdi. Aydan məni düşüncələrimdən ayırdı:

- Bir dəfə kafeyə bir oğlan gəlmişdi. Məni seçmədi. Başqası ilə otağa keçdilər. O oğlan hər dəfə gəlirdi. Həmişə də başqaları ilə gedirdi. Neçə dəfə yanına yaxınlaşmaq istədim, məni uzaqlaşdırdı. Səbəbini bilmirdim. Sonra oğlan yoxa çıxdı. Daha gəlmədi. Hər dəfə rəfiqələrimlə onun haqqında söhbət edirdim. Rəfiqlərim deyirdi ki, o, yataqda çox yaxşıdır. Onlara əsəbiləşirdim. Üstlərinə qışqırırdım. Axırda dostum dedi ki, sən onu sevirsən. Mən hər yanıma gələn kişini ona bənzədirdim. Elə bil onunla idim. Bir evdə, ər-arvad kimi.

Aydan danışır, mənsə düşünürəm ki, qadınların da sevgisi belədir. Nə vaxt onlara əzab verirsən, özündən uzaqlaşdırırsan, o zaman səni sevirlər. Görəsən, bir fahişəni sevmək necə olar? Yaxud fahişənin sevgisi…

Türk yazıçısı Suat Dervişin “Fosforlu Cevriye” romanı yadıma düşür. Qadın yazıçının qələmə aldığı dramatik əsərdə sonda Cevriye ona heç vaxt toxunmayan, onunla yatmayan, ona fahişə olduğunu unutduran bir kişini sevir və sonu faciə ilə nəticələnir. Cevriye o kişini xilas etməkdən ötrü öz canından keçir. Nədənsə, oradakı kişinin Cevriyəyə verdiyi sualı xatırlayıram və istəyirəm ki, Aydandan da bunu soruşum: “İnsanları sevirsən?” Cevriyenin cavabı belədir: “Hə... Lənətə gəlmiş insanları sevirəm”.

Aydana baxıram. Yanıma çağırıram. Gözlərinin içində məhv olmuş uşaq bağçası görürəm. Yarımçıq qalmış divarın qırıq şüşəli pəncərəsini görürəm.

Və sükut bayrağını qaldırıram...

# 24397 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #