Əsgərlikdən qayıdan gənc yazar: “Yazılarımı “patinka”mda gizləyirdim” – Müsahibə

Əsgərlikdən qayıdan gənc yazar: “Yazılarımı “patinka”mda gizləyirdim” – Müsahibə
7 sentyabr 2020
# 09:00

Kulis.az bu günlərdə hərbi xidmətdən qayıdan, gənc yazar Orxan Həsəni ilə müsahibəni təqdim edir.

- Hərbi xidmətdən qayıtdın. Şəhər həyatına, pandemiya dövrünə düşdün. Alışa bilirsən?

- Hərbi xidmət keçdiyim müddətdə dostlarımla hər həftə telefon əlaqəsi yaradırdım. Xəbərlərdə gördüklərimi onların dilindən eşitmək məndə televizorun içinə girib hadisələri birə-bir yaşamaq effekti yaradırdı. Nə zamansa həyatı ortaq yaşadığım insanların orda məhrumiyyətlərlə boğuşmağı, virusdan qorunmaq üçün əməllicə əziyyət çəkməyi məni narahat edirdi. İkinci tərəfdən, bu narahatlıq fərdi deyildi. Dostlarımı ortaq həyat detallarının köməyi ilə yaxından tanıyırdım, onların qarşımda parlayan varlıqları onları daha dərindən anlamağıma səbəb olurdu və nəticədə azadlıq hissi ilə dolub daşan, çılğınlığı ruh halına çevirən adamların bu situasiyada necə əziyyət çəkdiyini yalnız kənardan yox, həm də onların öz içindən duya bilirdim.

Dostlarımın narahatlığı, ölkədəki vəziyyət bütün əsgərlər üçün mifə çevrilən mülki həyatı gözümüzdən salırdı. Ya da biz bu aldanışı özümüzə təlqin edirdik ki, Şekspirin “gözləmək cəhənnəmdir” ifadəsindəki cəhənnəmi soyuda bilək.

- Bəs indi?

- İndi şəhərdəyəm. Bakı üçün dəhşətlə darıxdığım, reallıq hissimi itirdiyim günləri xatırlayıram. Həmişəki küçələr, həmişəki adamlar. Sadəcə gözəgörünməz bir təhlükə ilə nəfəs-nəfəsəyik. Bunu duyuram. Çalışıram ki, qaydalara əməl edəm. Son zamanlar çiynimdə dəhşətli bir ümidsizlik var. Bu da söylənənə görə normaldır. Hərbidən qayıdan hamıda bir neçə ay bu cür olur.

- Əsgərlikdə ilk günlər necə keçirdi? Çətin olardı...

- Mənim kimi yeni mühitə çətin uyğunlaşan, içinə qapanıq, fərqli insanlarla ünsiyyət qurmaqda çətinlik çəkənlər üçün, əlbəttə, çətindir. O vaxtlar Vilyam Folknerin “Avqust işığı” romanını yenicə oxuyub bitirmişdim. Xatırlayıram, o romanla bağlı yazı da yazmışdım. Nəhəng bir sənət dalğası örtmüşdü üstmü. Hər şeyi yazı və sənət hadisəsi kimi gördüyüm üçün hərbi kimi sərt bir mühitdə reallıq hissimi olduqca rəndələmişdim. Yaradıcılıq arzusu azadlıq tələb edir.

Ancaq ilk günlərin məni yuxu kimi bürüyən atmosferini məhrumiyyətlərin çoxluğuna rəğmən bacardığım qədər yazıya çevirdiyimi düşünürəm. Bloknotlarımı patinkalarımın boğazında gizləyirdim. Ədəbiyyat hüdudsuz bir enerji ilə axırdı içimə. Keçmiş oxunulmağı gözləyən hazır kitab idi. Məhz həmin çətin günlərdə öz taleyimin mənasını, içimdəki nəğməni tapa bildim. Hər gecə yatmazdan öncə öz-özümə deyirdim: pis gün olsa da, yaxşı xatirə idi. İndi həmin günlər keçmişdir. Ancaq həmin yazılar hələ də yaşayır.

Gallery

- “Patinka”larında gizlətdiyin bloknotlara nə yazırdın?

- Gündəliklər, müsahibələr, xatirələr, sitatlar, bəzənsə şəkillər çəkirdim. Hərbi mənim üçün kələ-kötür bir yol idi və bu yolun hər anını yazı hadisəsinə çevirmək istəyirdim.

- Orada sənin yazarlığına münasibət necə idi?

- Ədəbi savadı, dünyagörüşü olan dostlar qazandım. Mənim üçün yalnız xatirələrdə qalmaqdı yəni, bu günə ötürüldü. Bir tərəfdən isə həyatı boyu kitab üzü açmayan insanların həssas ədəbi duyumlarını gördüm. Onlar daxilən yazıçı idilər. Ümumiyyətlə, heç vaxt ünsiyyətdə ola bilmərəm dediyim insanların həyatımın bir parçasına çevrildiyini görəndə, əslində, şəraitin insanı necə dəyişdiyini anladım. Əsgər yoldaşlarımın məni “şair” deyib çağırmaları və mənim hər dəfə onlara şair olmadığımı sübut etməyə çalışmağım (gülür). Sonra dəfələrlə təkrar olunan bu hadisə ilə özümün də razılaşmağım. Gözəl bir kollektivin içində idim və bu xidmətin çətinliyini unutdururdu.

- Əsgərlərə şeir oxuyurdun?

- Şeirsiz günümüz olmurdu. İlk günlər yat komandası veriləndən sonra istedadlar parlamağa başlayırdı. Şeir deyənlər, mahnı oxuyanlar. İlk günlərin məhrumiyyətləri, darıxmaqları, hamısı əriyib bu sədada itirdi. Çətin günlər daha çox olub, ancaq nədənsə xoş günləri daha çox xatırlayıram. Şeir oxuduğum anlar hərbi həyatımın ən gözəl anları idi.

- Hansı şairlərin şeirlərini söyləyirdin?

- Aqşin Yenisey, Həmid Herisçi, Şəhriyar del Gerani, Salam Sarvan, Fərid Hüseyn, Əli Kərim, Tomas Eliot, Şərif Ağayar... Ancaq bu müəlliflərin şeir kitabları vardı deyə ancaq bunlardan oxuyurdum. Xatırlayıram, bizim hərbi hissəmizə Toğrul adında əsgər ezam olunmuşdu. Ədəbiyyat duyumunu, dünyagörüşünə heyrət eləmişdim. Sən demə, buralara da belə insanlar gələrmiş, sən demə, tək deyilmişəm. Elə insanlar var, öz varlıqları ilə sevindirirlər adamı. Xüsusən, hərbi kimi mühitdə nə qədər arzulasan da, tənhalıq dözülməzdir. Toğrulla gecənin bir yarısı yağışın döyüb islatdığı bədənimizi bir daldalanacağa salıb Salam Sarvan oxuduğumuz günləri xatırlayanda çətin günlərə görə üzülür, ancaq hər şeyin artıq keçmiş olduğunu bilib sevinirəm.

Gallery

- Deyilənə görə, orda da yazırdın. Hətta kitab hazırlamışdın. Nə yazırdın? Yazdıqlarını çap edəcəksənmi?

- Bitkin mətnlər var. Yəqin, gələcəkdə bu barədə düşünəcəm. Bilirsən, Oğuz, orda düşüncə tamam başqa cür olur. Elə bil, həyatı tam ayıq görə bilmirsən. Ona görə, qayıdıb həyatı sehrsiz-filansız, çılpaq görəndə ümidsizləşirsən. Mətnlər gözəl və çətin həyat təcrübəsini təkcə yaddaş kimi deyil, həm də canlı söz kimi gələcəyə ötürür. Aradan iki, üç, on il keçəcək, o mətnlər hər zaman canlı qalacaq və nə vaxtsa işimə yarayacaq. İndi isə məni başqa şeylər narahat edir. İngilis dilimi inkişaf etdirmək, xaricdə ciddi ədəbiyyat təhsili və s.

- Azərbaycan əsgəri sənin üçün nə ifadə etdi?

- Mənim üçün əsgər olmaq başqa bir insan olmaq kimi mürəkkəb bir məsələ idi. Məsuliyyətli və sistemli olmağı öyrətdi mənə hərbi. İndi planlı həyat tərzim var. Dağınıq ab-havamdan əsər əlamət qalmayıb. Buna obrazlı şəkildə “ütüləndim” deyirəm (gülür). Əsgər olmağın həm də qürurlu tərəfi vardı. Orda mənsub olduğun dövləti, milləti təmsil etdiyini bilmək, ölkənin bitdiyi və başladığı yerdə dayandığını düşünmək mənə yalnız hərbinin verə biləcəyi müdhiş hislər idi.

- Hansı kitabları mütaliə edirdin?

- Bir il ərzində onlarla kitab keçdi mütaliəmdən. Ancaq məndə iz qoyan bir neçə kitabın adını çəkə bilərəm. İz qoymaq deyirəm, əslində, bunun kitabdan asılı olan və kitabdan asılı olmayan iki səbəbi var. Birincisi romandır, hekayədir, onun öz ustalığı, sənətkarlığı, ikincisi onun oxunulma şəraiti.

Xulio Kortasarın “Xana-xana oyunu” romanını hərbiyə getməzdən öncə oxumuşdum. Ancaq hərbidə elə bir çətin şəraitdə oxumuşdum ki, sənətkarlığın ötürdüyü həzdən tamam fərqli həzz almış, bir az da olduğundan artıq məna yükləmişdim kitaba. Obrazın Parisə vurğunluğu gözümdə kədərli Bakı mənzərələrinin canlanmağına səbəb olurdu. Kitabın reallığı xatirələrimlə birləşib qəribə bir zövqə çevrilmişdi. Gün ərzində yarım saat, bir saat oğurlayıb xilas kimi qaçdığım səhifələr məni standart günlərin bozluğunda yeni rənglər tapmağa kömək edirdi. Həm də yaradıcı enerji kimi geri dönürdü. Ədəbiyyata olan hüdudsuz inamımın, özüm kimi qalmaq inadımın, dəyişməmək mübarizəmin itilənməyində Kortasarın böyük əməyi olub. Ona hər zaman minnətdar olacağam.

- Başqa?

- Sevdiyim romanlar arasında Pol Osterin “4321” romanının da adını çəkməyi özümə borc bilirəm. Təxminən, keçən ilin bu vaxtları idi. “Qalx” komandasından bir saat əvvəl oyanıb o nəhəng romanı oxumaq üçün yuxumdan kəsərdim. Əsərin “belə olmasaydı, necə olardı?” fəlsəfəsi ilə qurulan hissələri mənə “burda olmasaydım, harda olardım, nələr edərdim?” sualı ətrafında tez-tez avara eləyirdi və bununla içimdəki alternativ dünya böyüdükcə böyüyürdü. Belə zamanlarda xatirə mənim fiziki yaşadığım şeylər yox, xəyal kimi, arzu kimi içimdən keçən duyğular idi. Bəzən bir hadisəni xatırlayar, günlərlə o xatirənin ətrafında fırlanardım. Çox düşündüyüm adamları, o adamların canıma hopan xatirələrini bəzən özümə sərf edən formada, yəni müsbət xatırlamaq üçün özümdən süjetlər qurardım. Bu süjetləri həqiqət bilərdim. Bir vaxtdan sonra zaman xatırladıqlarımı xatırlamaqla axmağa başladı və adi telefon zəngləri, məni əvvəlki həyatıma, yəni, reallığa bağlayan bir detal asta-asta hördüyüm Babil qülləsini uçurardı, mən hər şeyə yenidən başlayardım.

Gallery

- Bildiyim qədər, Dino Buzattinin “Tatar çölü”nü də əsgərlikdə oxumusan. Bu əsəri orda oxumaq necə bir duyğudur?

- Dino Buzatti sevdiyim müəlliflərdən biridir. Çox təəssüf ki, yaradıcılığı ilə geniş tanışlığım yoxdur. Bir neçə hekayəsini oxumuşam. Bir də məlum roman. O romanın əslində mənim on ay xidmət elədiyim məkan ilə həddən ziyadə bağlılığı var idi. Qəsr. Monotonluq. Damcıların səsi. Özümü Droqo kimi hiss etdiyim anlar az olmayıb.

- Kimlər, nələr üçün darıxırdın?

- Darıxmaq bir ilimin ən aktual hissi idi. Bunu yəqin ki, hamı yaşayıb. Hərbi rejimə öyrəşəndən sonra keçmiş qatı duman içində itməyə başlayır. Rejim sənə qısamüddətli də olsa hisləri, vərdişləri unutdurur. Sonra xatirələr yağış kimi yağmağa başlayır. Bu şeylərə dözüm gətirmək çətin idi. Ancaq darıxdığım şeyləri bu cür təsnif edə bilərəm.

Bakı xatirələrimin paytaxtıdır. Həyatımın ən gözəl günlərini bu şəhərdə yaşamışam. Hər küçəsi, hər dalanı salıb itirdiyim xatirələrlə doludur. Əgər belə olmasaydı, mənim üçün daşdan-divardan başqa heç nə ifadə etməzdi. Xatırlayıram, hərbi hissənin koridorlarında köhnə, ağ-qara Bakı fotoları asılmışdı. İlk günlər bölüyə qalxarkən mütləq o fotolardan birini bir neçə saniyəlik də olsa yaddaşıma yazmaq, hafizəmə köçürmək istərdim. İllər öncə küçədən təsadüfən keçərkən fotoya düşən ağ geyimli qadının havadan asılı qalan addımı, köhnə maşınlar, köhnə evlər, köhnə küçələr mənim yepyeni xatirələrimi diriltmək üçün hazır idilər. Zaman haqqında çox düşündüyümdən illər öncə ayağı havada asılı fotoya düşən qadının taleyi məni çox məşğul edirdi. Ona uydurma talelər yazarkən istər-istəməz dövrün ictimai-siyasi hadisələrini də nəzərə aldığımı görüb qürur qarışıq bir sevincə bulanardım. Bakı labirint küçələri, taleləri ilə məni çox təəccübləndirmişdi.

“Rəvan, Ayşə, Ayxan, Ağa, Oğuz, Mirmehdi, Fərdi, Orxan, Lətifə, Müşfiq, Nigar, Elxan, Şərif - sizlər üçün çox darıxıram gözəl dostlarım” – bu cümləni aylar sonra bloknotumdan oxuyanda qəribə bir sevincə bulandım. Şiddətli darıxmaq anlarında dostlarımın adlarına baxaraq təsəlli tapardım. Həyatı şərik yaşadığım insanların varlığı içimdə sarmaşıq kimi boy atmışdı. Onları xatırladıqca yaşadığımız gözəl günləri yeni yaşayırammış hissinə qapılırdım. Xatırlamaq yenidən yaşamaqdır deyirdilər, bunu hərbidə anladım.

Gallery

- Heç olub ki, səni döysünlər?

- Yox. İndi belə şeylərin qaldığına inanmıram. Nizam-intizamlı hərbi keçmişəm.

- Eşitdiyimə görə, əsgərliyə yollanmamışdan üç sevgilin olub. Qayıdanda neçəsi qalmışdı?

- Bu, dostların zarafatı idi. Mənim sevgi məsələlərində bəxtim çox vaxt gətirmir. Yəqin, xarakterimə kök salan eqoistlik həyatımı ikinci bir adamla bölməyə imkan vermir. Getməzdən öncə bir sevgilim vardı. Gözəl xarakterə malik insan idi. İnsani təmizliyini yerişindən, duruşundan, adicə yemək yeməyindən duyurdum. Elə bil, həyatda hər şeyi insanlardan üzr istəyə-istəyə eləyirdi. Hərbiyə getməyimə bir gün qalmış zəng elədim, dedim, gedirəm, gəl ayrılaq, qayıdanda sevgili olarıq, istəmirəm məni kimsə gözləsin, bəlkə, qayıtmadım. Razı olmadı. Dedi, qayıtmasan da gözləyəcəm.

Sevgi fövqəladə bir hisdir. Bu məsələlərdə hər şey “bir də gördüm olub” düsturu ilə reallaşır. Ümumiyyətlə, son zamanlar içi özüm qarışıq hamı məni darıxdırır. Bundan qaça bilmərəm. Çalışıram, özümlə ayaqlaşa bilim və bu hisləri yaradıcı fakta çevirim.

Gallery

- Gələcəklə bağlı daha nə planların var?

- İngilis dili kursuna yazılmışam. Xaricdə ciddi ədəbiyyat təhsili almaq istəyirəm. Dil öyrənirəm, yazıram, oxuyuram, iş axtarıram və həyatın qızıl nöqtəsində olduğumu bilirəm. Bilirəm ki, dayanmaq ölüm deməkdir. Daim addımlamalısan. Bir addım geri, iki addım irəli.

# 4554 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #