Məşhur uşaq yazıçısı: “Onlara deyərdim, ata-analarına bənzəməsinlər” – Müsahibə

Məşhur uşaq yazıçısı: “Onlara deyərdim, ata-analarına bənzəməsinlər” – Müsahibə
24 iyun 2019
# 09:03

Kulis.az tanınmış uşaq şairi və yazıçısı Zahid Xəlillə müsahibəni təqdim edir.

- Uşaqlığınızdan başlayaq... Necə bir uşaqlığınız olub?

- Adi insanların uşaqlığı necə olubsa, mənimki də elə. Ancaq biz qeyri-adi bir yerdə yaşayırdıq. Mən Yevlaxda doğulmuşam. Kür çayı Yevlaxın yanından keçir. Onda hələ Mingəçevir dəryaçası tikilməmişdi. Bir də görürdün çay qalxır, sahilləri basır. Özüylə o qədər vitaminli şeylər gətirirdi ki, təsəvvür edin, təzəcə cücərən yemiş səhərə bir metrə qədər qalxırdı. Kürün Yevlax hissəsində gözəl meşələr vardı. Qovaq meşələri. Mənim gənclik illərimdə artıq həmin qovaqlar qocalmağa başlamışdı. Ona görə şeirlərimin birində yazmışdım ki, heyf, qovaqlar qocaldı. İndi o qovaqlardan heç nə qalmayıb. Kür çayının sahilində iynəyarpaqlı ağaclar əkilib. O meşələrdə uşaqlığım keçib. Mənə elə gəlir, orda qeyri-adilik ondaydı ki, mən o meşələrdə məsələn, - biz ona çöl xoruzu deyirdik, - bir kəklik yerdən pırr edib qalxır havaya. Uşaqlığımızda qeyr-adilik bunlarda idi.

- Çılğın idiniz, yoxsa sakit?

- Çox sakit uşaq olmuşam. Amma bu sakitliyin içində od-alov vardı. Yadımdadır, birinci sinifdə oxuyanda lap axırıncı partada otururdum. Tənəffüsdə uşaqlar başladı səs-küy salmağa; biri oynayır, biri qışqırır. Mən də onlara baxıram. Uzun, dimdikli kepkam vardı. Elə-belə götürüb tulladım uşaqlara tərəf. Bu kepka süzə-süzə getdi, mürəkkəb şüşəsinə dəydi, mürəkkəb qabaqdakı oğlanının üstünə dağıldı. Bu uşaq da kim olsa yaxşıdır? Raykomun birinci katibinin oğlu! Dedi, kim elədi? Dedim, mən. Tutaşdıq. Bu itələyir, mən itələyirəm. Amma heç birimiz dalaşmaq bilmirik. Bu zaman birinci sinif müəllimimiz gəldi. Aydındır ki, ona heç nə demədi, mənə bir şillə vurdu. Demək, mən ömrüm boyu iki dəfə şillə yemişəm. Birinci və onuncu siniflərdə. Onuncu sinifdə yaxşı şeir deməyi bacarırdım. “Vaqif” pyesini, “Xosrov və Şirin” poemasını əzbər deyərdim. Uşaqlarla pambığa gedərdik. Onlar şeir deməyimi istəyərdilər, mən də intonasiya ilə deyərdim. Pambıq yığımında bizə tapşırmışdılar ki, hərə bir bardan pambıq yığsın. Mən də o gün yığmamışdım. Sədi müəllim, bizim direktorumuz, ədəbiyyat müəllimimiz idi, gəldi, gördü, heç nə yığmamışam, yağlı bir şillə ilişdirdi mənə. Bu, mənə çox pis təsir elədi. Altı ay məktəbə getmədim.

- Yəqin, utandığınızdan getməmisiniz...

- Bir az utandım, daxilən sındım. Atam, anam nə qədər deyirdi, get məktəbə, sözümdən dönmürdüm. Altı aydan sonra Sədi müəllim bizə gəldi. Dedi, ay bala, ata da uşağına şillə vurur, nə olar bir şillə vurmuşam da, inadı burax, gəl məktəbə. Gəldim və məktəbi medalla bitirdim.

- Böyüyəndə yazçı olmaq istəyirdiniz?

- Bəli, yazıçı olmaq istəyirdim. Yeddinci sinifdə kitablarım yuxularıma girirdi. Şəkilli kitablar yazırdım. İntəhası, Səməd Vurğun olmaq istəyirdim. Çünki Səməd Vurğun bizim gəncliyin ən böyük şairi idi. Amma ola bilmədim. Günlərin bir günü şeir yazmağa başladım. Universiteti bitirəndən sonra bir şeir kitabı hazırladım, apardım “Azərnəşr”ə. 1967-ci ildə gənc şairlərin ilk kitabı hazırlandı, amma mənim kitabımı çap etmədilər. Onda Xalq şairi İlyas Tapdıq “Gənclik” nəşriyyatında şöbə müdiri işləyirdi. Mənə dedi, uşaq şeirlərini yaza bilsən, onu çap elətdirərəm. Başladım o vaxtdan uşaq şeirləri yazmağa...

- Sizcə, Azərbaycan ədəbiyyatında uşaq ədəbiyyatının durumu nə yerdədir?

- Hazırda uşaq ədəbiyyatı çox zəifdir. Vaxtı ilə sovet dövründə ədəbiyyata böyük qayğı vardı, eyni zamanda böyük nəzarət vardı. Hər yazılanı çap etmirdilər.

- Senzura vardı...

- Senzuradan başqa, yazıçılar bir-birinin əsərlərinə qarşı çox ciddi idilər. Lap adamın üzünə deyirdilər ki, ayıb deyil elə əsər çap etdirmisən? Təəssüf, indi nəzarət yoxdur. Elə adam var, 10 kitabı çap olunub, ancaq ədəbiyyatın nə olduğunu başa düşməyib. Əgər İlyas Tapdıq, Fikrət Sadıq, Məstan Əliyev olmasaydı, bu gün uşaq ədəbiyyatımız olmazdı. Dediyim şairlər sayəsində ədəbiyyatımız zənginləşdi. Uşaq ədəbiyyatının vəziyyəti bu saat elədir ki, müəllifləri barmaqla saya bilərik. Bilirsiniz, kimin pulu var istedadı yoxdur, özünü yazıçı, şair, intellektual göstərə bilir, amma kimin istedadı var, pulu yoxdur irəli gedə bilmir.

Allaha min şükür, son vaxtlar nəşriyyatlar məni pulsuz çap edir. Hətta kitablardan pay da verirlər. Bu da son vaxtlar olub. Müstəqilliyimizdən bu yana kitablarımı özüm çap etdirirəm. Kitabları da sata bilmirsən, hədiyyə edirsən. Belə çıxır ki, uşaq ədəbiyyatı mənə xeyir gətirməkdən çox ziyan gətirir. Hətta bəzən yazıçı yoldaşlarımız deyir, buraxaq bu işi.

- Bəzən deyirlər, uşaq ədəbiyyatı ciddi ədəbiyyat deyil. Siz necə düşünürsünüz?

- Bu, ancaq Azərbaycanda belədir. Daxilən hiss etsəm ki, uşaq ədəbiyyatı ədəbiyyat deyil, onda dərhal onu buraxaram. Uşaq ədəbiyyatını ciddi bilib yazıram. Bu yaxınlarda rus ədəbiyyatından bir kitab əlimə düşmüşdü, adını demirəm. Kitabı Moskva çap edib. “Ən gözəl nağıllar silsiləsi”. Oxuyub, görürəm ki, bu qeyri-ciddi ədəbiyyatdır. Əgər uşaq ədəbiyyatı sətiraltı mənalarla zəngindirsə, obrazlı sözləri varsa, cəmiyyətin ziddiyyətlərini göstərirsə, uşaqların ürəyinə yol tapırsa, biz niyə uşaq ədəbiyyatına ciddi baxmayaq?!

- Uşaq ədəbiyyatı da var, uşaqların yazdığı ədəbiyyat da. İkincilər haqqında nələr deyərdiniz? Bunları necə müqayisə edərdiniz?

- Rusiyanın nəhəng yazıçısı Agniya Barto dostum idi. Onunla görüşə gedəndə mənə bir kitab bağışladı: “Uşaqlıqdan tərcümələr”. O vaxt başa düşmürdüm o nədir. Sonra oxudum, yazıçı dünyanın yaradıcı uşaqlarının əsərlərini toplayıb, göndərib uşaq rəssamlarına. Uşaq rəssamları da əsərlərə uyğun şəkillər çəkib. Gözəl bir kitabdır. Uşaq yaradıcılığına belə baxıram. Uşaqların xəyalları çox zəngindir. Canni Rodari (uşaq yazıçısı – red.) italyan radiosunda veriliş aparırdı. O zaman mən də Azərbaycan Televiziyasında veriliş aparırdım. Biz Moskvada görüşdük. Yaradıcılıqdan söhbət etdik. O dedi, əsərlərimin çoxunu bilirsən necə yazıram? Maraqlı bir epizod yazıram, ən maraqlı yerində yazını dayandırıram. Uşaqlara oxuyuram, deyirəm, yazın görək bunun ardı necə ola bilər? Uşaqlar mənə yüzlərlə məktub yollayırlar. Bunların içində uşaqların elə fantaziyaları olur ki! Çox vaxt əsərlərimi uşaqların fikirləri ilə tamamlayıram.

- Uşaqlardan fərqli, unikal fikirlər çıxır...

- Siz uşaqlarla söhbət edin, amma bu şərtlə ki, uşaqla ciddi söhbət edəsən. Uşağı uşaq yerinə qoymayasan. Uşaq hiss edəndə ki, sən onunla böyük kimi söhbət edirsən, onu adam yerinə qoyursan, inandırım sizi, ondan qəribə, maraqlı fantaziyalar çıxır.

- 70 yaşınızı uşaqlarla bir yerdə qeyd etmişdiniz.

- Uşaqları çox sevirəm. Bu öz yerində. Amma uşaqlar məni daha çox sevir. Bir dəfə Goranboya uşaqlarla görüşdə getmişdim. Məni görüb çox sevindilər. Uşağın biri diqqətimi çəkdi. Qış fəsli olduğundan palto geyinmişdim. Gördüm, paltomu öpür... Bu dərəcədə, yəni. Uşağı yalançı sevgiylə aldatmaq olmaz. Onlar məndə həqiqi sevgi və səmimiyyət görmüşdülər.

- Deyirlər, televiziyada işləyəndə 25 min uşaq sizə məktub yazıb. O məktubların hamısını oxumuşdunuz?

- Hamısını oxuya bilmədim. Amma redaksiyada hamısını oxumuşdular. Onlara demişdim ki, oxuyun, ən maraqlılarını seçin. Bununla bağlı bir şey deyim sizə. Rusiyanın bir vilayətində yaşlı bir kişi mənim kitabımı götürür, gedir meşəyə və o kitabdan danışır, danışığını videoya çəkirlər.

- Hansı kitabınızı?

- “Salam, Cırtdan”. 1982-ci ildə Moskvada SSRİ üzrə “İlin ən yaxşı kitabı” elan olundu. SSRİ böyük ölkə idi. Təsəvvür edin, bunların yəhudisi var, rusu var, başqa millətləri var. O kişi deyir, mən bilmirəm, Zahid Xəlil yaşayırmı, yoxsa yox, ancaq o çox maraqlı bir yazıçıdır. O məni niyə sevdi? O məni niyə sevirmiş sən demə? (gülür) Yevlaxda qəribə bir dolma bişirirlər, mən də hardasa o dolmalardan yazmışam (yenə gülür). Belə-belə şeylər olur həyatda. İnsanlar öz hisslərini müxtəlif cür ifadə edirlər.

- Televiziyaya necə gəldiniz?

- 1973-cü ildə Azərbaycan Televiziyasında Mikayıl Rzaquluzadəyə həsr olunmuş veriliş gedirdi. Bu verilişi də rəhmətlik Tofiq Mahmud aparırdı. Silsilənin adı “Sizin sevimli yazıçılarınız” idi. Məni də bu verilişə qonaq çağırmışdılar. Tofiq yaxşı insan idi, amma efirdə həyəcanlanırdı. Mənimsə həyəcanım yox idi. Səlis danışırdım. Sən demə, bizim bu söhbətimizə televiziyanın sədri, rəhmətlik Elşad Quliyev baxırmış. İş elə gətirdi ki, Tofiq Mahmud işini dəyişdi, mən də gəldim AzTV-yə. 25 il işlədim orda.

- Zahid müəllim, dövr artıq internet dövrdür. Hər şey sürətli, asan, tez tapılır. Uşaqlar da kitablardan, nağıllardan uzaq düşür. Sizcə, biz, uşaqlara hələ də “Məlikməmmədin nağılı”nımı oxutmalıyıq? Yoxsa müasir nağıllar olmalıdır?

- Klassik nağıl da olmalıdır, müasir nağıl da. Klassik nağıllarımızda xalqın ənənəsi, təfəkkürü, düşüncə tərzi yaşayır. Biz onları uşaqlara öyrətməliyik. Bu, təkcə uşağın inkişafına xidmət etmir, həm də uşaqların öz kökünə bağlanmasına xidmət edir. Biz çox vaxt uşaqların psixologiyasını bilmirik. Bəzən görürəm, bir alim yazır, Zahid Xəlil uşaqların psixologiyasını bilir. Bunun mənası yoxdur, sən bax, gör, harda bilir? Hekayəsinin hansı yerində, hansı dialoqda gizlənib bu psixologiya? Uşaqlar “Məlikməmmədin nağılı”nı oxumalı, bilməlidirlər.

- Sonda dünya uşaqlarına nə deyərdiniz?

- Dünyanı çalxalayan, qana bulayan atalarına, analarına bənzəməsinlər. Onlar dünyanı xoşbəxtliyə aparan insanlara oxşasınlar. Bir anlıq təsəvvür edin ki, dünyada müharibələr yoxdur, ölkələr bir-birinin torpaqlarına göz dikməyib, əmin-amanlıqla yaşayırlar. Görün nə qədər bolluq olar? Silahlara nə qədər pul xərcləyirik? Ona görə də uşaqlara deyərdim, silahlara nifrət etsinlər.

# 4618 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #