Azərbaycan dilinin "tərcümeyi-hal"ı

Nizami Cəfərov, filoloq

Nizami Cəfərov, filoloq

5 sentyabr 2022
# 11:20

Kulis.az akademik Nizami Cəfərovun “Azərbaycan dilinin "tərcümeyi-hal"ı” məqaləsini təqdim edir.

Dil haqqındakı elmin - müqayisəli-tarixi dilçiliyin meydana çıxdığı XIX əsrin əvvəllərindən min illərlə qabaq dünyanın Mesopotamiya, Hindistan, Yunanıstan kimi sivilizasiya mərkəzlərində inkişaf etmiş (ədəbi) dilləri sonsuz maraqla (və bütün normativ, üslubi incəliklərinə qədər) təsvir edirdilər. Bu təsvirlər öz əksini bu gün olduqca məşhur lüğətlərdə, qrammatikalarda tapmışdır... Türkcəyə gəldikdə isə onun ilk ən mükəmməl təsvirini, məlum olduğu kimi, XI əsrdə Mahmud Kaşğari özünün "Divani-lüğat it-türk"ündə verdi. Azərbaycan dili tarixi haqqındakı elmin yaradıcısı Əbdüləzəl Dəmirçizadə "Divan"ı müqayisəli- tarixi dilçiliyin hadisəsi sayanda, əlbəttə, hissə qapılmışdı. Hər şeydən əvvəl ona görə ki, Mahmud Kaşğari "lüğat" ("dillər") terminini işlətsə də türk dillərini yox, məhz dialektlərini, şivələrini müqayisə edirdi; ikincisi, müqayisə o zaman tarixi dəyər qazanır ki, mövcud dillər əsasında pradili (kökdili) bərpa eləsin, halbuki türkcə göz önündə idi; nəhayət, üçüncüsü odur ki, ərəb-müsəlman "dilçilər"inin təsvir obyekti olan ərəb, fars və türk dilləri tarixi yox, məhz tipoloji müqayisəyə meydan açırdı, çünki bunlar müxtəlif mənşəli dillər idi.

Ümumiyyətlə, ərəb-müsəlman "dilçiliy"i sərəncamında olan dillərin tarixi diferensiasiyası proseslərini izləmək barədə düşünmür, onların bütövlüyündən çıxış etməyə üstünlük verirdi. Ona görə də türk dilləri necə ki bu "dilçiliy"in ixtiyarında idi, onların get-gedə artan fərqi, müstəqillikləri qeydə alınmırdı... Elə ki, Mirzə Kazımbəyin şəxsində hind-Avropa dilçiliyinin prinsipləri ortaya çıxdı, "Türk-tatar dilinin ümumi qrammatikası" ayrı-ayrı türk ləhcələri (əslində, dilləri!) barədə danışmağa başladı... Ərəb-müsəlman "dilçiliyi"nin təsvir pedantizmi türk dillərinin müqayisəli-tarixi tədqiqinə, nə qədər paradoksal görünsə də, o baxımdan yardım etmişdi ki, nəinki müsəlman, eləcə də xristian, bütpərəst türk xalqlarının dilləri də məhz həmin "dilçiliy"in baxış dairəsində, yaddaşında müxtəlif ləhcələrə malik ümumi bir dil kimi qalmışdı. Müsəlman türklərin dilləri isə yalnız türkcənin deyil, ərəb və farscanın ortaq leksikonu ilə bütün orta əsrlər boyu "bütöv bir dil" təsəvvürünü möhkəmləndirməkdə davam etmişlər.

Odur ki, müqayisəli-tarixi metodun türkologiyada geniş tətbiqinin artıq kifayət qədər zəngin təcrübəsi olduğu bizim günlərdə belə Azərbaycan dilinin türk dillərindən ayrılmasını - təşəkkülünü, eləcə də təkamülünü təsəvvür edərkən qarşıya bir-birinə diametral əks olan iki maneə çıxır: bir sıra dil tarixçiləri Azərbaycan dilinin təşəkkülünü eramızdan əvvəlki minilliklərə aparıb çıxardıqları halda, bəziləri türk dillərinin diferensiasiyasını (və deməli, Azərbaycan dilinin də təşəkkülünü) son əsrlərə qədər gətirirlər... Ən maraqlısı isə odur ki, bu fərqli yanaşmaya bəzən eyni bir dil tarixçisinın təcrübəsində təsadüf edilir.

Azərbaycan dilinin həm təşəkkül, həm də təkamül tarixi barədə bəhs edərkən - dilin ümumi (və elmi!) "tərcümeyi-hal"ını yaradarkən, görünür, müqayisəli- tarixi metodla yanaşı, sistem-struktur və antroposentrik (praqmatik) metodların imkanlarından da yararlanmaq lazım gəlir... Müqayisəli-tarixi metod bizə belə sxematik bir qənaət verir ki, Azərbaycan dili hər hansı başqa bir dilin yox, məhz türkcənin diferensiasiyasının (bölünməsinin) məhsuludur. Ancaq bu hadisənin nə zaman baş verdiyini biz sistem-struktur yanaşma ilə dəqiqləşdirə bilərik... Antroposentrik baxış isə bizi həm təşəkkülün, həm də təkamülün etnokulturoloji mühiti (və ya məkanı) barədə müfəssəl məlumatla təmin edəcəkdir... Əlbəttə, nə zamandan, nə də məkandan kənarda hər hansı dilin mükəmməl "tərcümeyi- hal"ı yoxdur.

Dilin işarələr sistemi olması o deməkdir ki, biz tarixin hər hansı dövründə hər hansı dil adına məhz müəyyən (özünəməxsus!) işarələr sistemini görməliyik. Əgər bir neçə on antroponim, toponim, yaxud ümumişlək söz türkcə (yaxud onun hansısa təzahürü) barədə aydın təsəvvür yaratmırsa, burada dil varlığından danışmaq əsassızdır. Ortada elə mətnlər olmalıdır ki, bu və ya digər sistemin mövcudluğuna şübhə yeri qoymasın... Məsələn, kimmer - sak-skiflərin, xüsusilə hun-qıpçaqların Azərbaycanda məskunlaşmaları mənbələrdə əks olunur, lakin onların dil sistemi barədə məlumat kafi deyil. Bu isə o deməkdir ki, həmin dövrləri hər hansı türk dilinin, o cümlədən Azərbaycan dilinin "tərcümeyi-hal"ına aid edilməsi yalnız "fakt-güman"dır... Bu, məsələnin hələ sadə tərəfidir: burada dil ya var, ya da yoxdur... Sistem-struktur yanaşma üsulu o zaman daha böyük əhəmiyyət kəsb edir ki, mətn var, ancaq onun hansı türk dilinə aidliyi mübahisəlidir. Türkcənin diferensiasiya prosesi bir neçə əsr davam edə bildiyinə görə keçid dövrü mətnlərini, adətən, türkcəyə, yaxud onun hər hansı diferensial təzahürünə aid edib- etməmək problemi yaranır. Bəzi hallarda isə mətnin artıq ümumi türkcənin özü yox, təzahürü olduğunu təyin etsək də, həmin təzahürün hansı türkcəyə mənsubluğunu deyə bilmirik... Bütün bu hallarda ayrı-ayrı türk dillərinə məxsusluğu heç bir şübhə doğurmayan mətnlərdə stabilləşən fonoloji, qrammatik və leksik sistemləri bir-biri, eləcə də hər birini ayrı-ayrılıqda ümumtürk, yaxud "protürk" sistemi ilə müqayisə etmək lazım gəlir. Ancaq etiraf etməliyik ki, istər türk dillərinin, istərsə də Azərbaycan dilinin tarixşünaslığında, bu işlər ümumən çox böyük zəhmət (və zaman) istədiyindən, yalnız intuisiya ilə (gözəyarı!) aparılır. Bu isə, təbii ki, mübahisələrə gətirib çıxarır; məsələn, Yunus Əmrənin, Nəsiminin, hətta Füzulinin dili həm Azərbaycan, həm də Türkiyə türkcəsinə aid edilirsə, deməli, ya dil sistemləri baxımından düzgün hesabat aparılmamışdır, ya da bu dillər ən azı Füzuliyə qədər hələ eyni bir dil olaraq qalmışdır.

Dilin "tərcümeyi-hal"ına antroposentrik yanaşma dil işarəsi ilə insanın, cəmiyyətin (və dil ustasının!) münasibətlərinin tarixinə necə gəldi deyil, mümkün qədər daha çox elmi texnologiyalar səviyyəsindən baxmağa imkan verir... Dil sistemi o dildə danışan, yazan - o dilin işarəsindən ünsiyyətdə istifadə edən hər kəsə münasibətdə neytraldır. Ancaq cəmiyyət bu neytrallıqdan nə qədər faydalanmış olsa da özünün münasibətində həmin neytrallığı gözləməkdən çox- çox uzaqdır. Ona görə də cəmiyyət, bir tərəfdən, ümumən kütlənin timsalında tarixən dil sisteminə sərbəst, diqqətsiz (hətta müəyyən mənada məsuliyyətsiz!) yanaşaraq onun normativliyini pozur, şivələr, dialektlər törədir, digər tərəfdən isə öz ziyalılarının (din xadimlərinin, yazıçıların, siyasətçilərin, müəllimlərin...) şəxsində dilin elə bir intellektual qatını yaradır ki, kütlənin təfəkkürü oraya müdaxilə edə bilmir. Və paradoks da orasındadır ki, biz dilin tarixi deyəndə ilk növbədə bu sonuncusunu - ədəbi dili düşünürük, heç nəzərə də almırıq ki, kütlənin "törədicisi" olduğu dillə ayrı-ayrı dil ustalarının yaratdıqları miqyasca müqayisəyə gəlmir. Çünki ədəbi dil bir neçə əsrdən sonra köhnəlib aradan qalxır, onun yerini yeni ədəbi dil tutur ki, bu da xalqın yeni ziyalılar nəslinin üzərində işləyəcəyi "xam material" hesabına mümkündür - o material hesabına ki, törədicisi xalq kütləsidir.

Azərbaycan dili müqayisəli-tarixi, sistem-struktur və antroposentrik müşahidələr (təhlillər) altında aşağıdakı dövrlərdən keçir: 1) təşəkkül dövrü; 2) köhnə Azərbaycan dili dövrü; 3) yeni Azərbaycan dili dövrü.

1. Azərbaycan dilinin təşəkkülü

Azərbaycan dili (Azərbaycan türkcəsi) türk dilinin təbii-tarixi diferensiasiyası (bölünməsi) nəticəsində məhz Azərbaycanda təşəkkül tapmışdır. Azərbaycan dilinin ilk mükəmməl abidəsi "Dədə Qorqud" eposudur ki, müasir dövrə orta əsrlərin sonlarına aid əlyazmalarında gəlib çatmışdır.

Qədim Azərbaycan ərazisində yayılmış xalqlar haqqında bizə gəlib çatan məlumatlar e.ə. III minillikdən başlayır. Ən məşhurları lullubey, kuti, xurrit xalqlarıdır ki, tədqiqatçıların çoxu onları Qafqaz xalqlarına (və dillərini də, nəticə etibarilə, Qafqaz dillərinə) aid edir. E.ə. II minilliyin sonu, I minilliyin əvvəllərində Azərbaycanın dil mənzərəsi əsaslı şəkildə dəyişir. Bir sıra epizodik dil hadisələrini nəzərə almasaq, tarix səhnəsinə İran və Turan sosial-siyasi nüfuzları çevrəsində təmərküzləşən iki dil - İran və türk dilləri çıxır. Ehtimal edilir ki, onların hər ikisi Ön Asiyaya aşağı-yuxarı eyni dövrdə, hətta ola bilsin ki, eyni yollarla eyni axınların (köçlərin) tərkibində gəlmişlər. Və təbii ki, bu zaman əsas diqqət kimmer-sak-skif köçlərinə yönəlir... Xüsusi olaraq qeyd etmək lazım gəlir ki, bu möhtəşəm (və davamlı) köçlərdə, ümumən kimmer-sak-skif etnoslar ittifaqında iranlılarla turanlıların nüfuz nisbəti uzun illərdir ki, mübahisə mövzusu olaraq qalır.

E.ə. I minilliyin əvvəllərindən başlayaraq təxminən min il ərzində Ön Asiyada, xüsusən Azərbaycanda dövlətlər qurmuş türklər çox güman ki, yalnız şifahi deyil, az-çox yazılı abidələrə də sahib olmuşlar. Lakin bu abidələrin dili barədə hələ konkret bir təsəvvürümüz yoxdur.

Eramızın ilk əsrlərindən etibarən Turan-türk etnosunun yeni nəslinin - hunların özlərindən əvvəlki nəsli təkrar edərək Şimaldan Azərbaycana (və ümumən Ön Asiyaya) əsrlərlə davam edən ardıcıl axınları islamaqədərki (və sonrakı) dövrdə Sasanilərin yürütdüyü "iranlaşdırma" siyasətinin qarşısını almaqla Azərbaycanda (və ümumən Ön Asiyada) türklüyün zəifləməkdə olan hegemoniyasını yenidən gücləndirdi... Türkcənin ilk mükəmməl yazılı örnəklərini VIII əsrin 30-cu illərində Mərkəzi Asiyada Orxon çayı hövzəsindəki karvan yolları üzərində daşlara həkk edən türklərin nəvələrinin (Səlcuqların) XI-XII əsrlərdə Azərbaycana (oradan da Kiçik Asiyaya) axınları isə türkcənin (və türklərin) taleyi baxımından həlledici olmuşdur.

Doğrudur, Ön Asiyada "prototürklər"in, yaxud "protoaltaylar"ın e.ə. III minillikdən, hətta daha qədimlərdən məskunlaşmaları barədə mülahizələr vardır. Nə qədər qeyri-adi (metaforik) görünsə də, belə iddia edilir ki, Azərbaycan dili üç tarixi dövrdən keçmişdir: 1) Şumer dövrü (e.ə. III-II minilliklər); 2) Skif-türk dövrü (e.ə. I minillik); 3) Türk dövrü... Əlbəttə, bu iddianın arxasında kifayət qədər elmi olan nə isə var, müzakirə edilə bilər, eynilə Şumer-türk paralelləri məsələsi kimi onun da üzərindəki "qeyri-elmilik" damğası götürülməlidir, lakin türkcənin, eləcə də altaycanın tarixi hüdudları barədəki təsəvvürlərimizi genişləndirməyə stimul verən bu cür mülahizələr hələ ki sübut olunmamış qalır.

Kimmer-sak-skif (e.ə. I minillik) - hun-qıpçaq (I-VIII əsrlər) - oğuz- səlcuq (IX-XII əsrlər) modelinə gəldikdə isə o, Azərbaycanda türkcənin yayılma addım və ya impulslarını aydın əks etdirir. Birinci dövrdən (kimmer-sak- skiflərdən) bizə yalnız xüsusi adlar - toponim və antroponimlər gəlib çatmışdır... İkinci dövr dil materialı ilə o baxımdan daha zəngindir ki, Cənubi Qafqaz xristian mənbələri də tədricən tarix səhnəsinə çıxıb bilavasitə əlaqədə olduqları hun- qıpçaqların həyat tərzi ilə yanaşı, dili barədə də müəyyən faktlar təqdim edir. Məsələn, mən, yaxşı, çöl və s. kimi onlarca söz bu günə qədər Azərbaycan dilində işlənirsə (və bu tipli sözlərin böyük bir qismi XI-XVI əsrlərdə oğuz türkcəsi tərəfindən sıxışdırılmışdırsa, məsələn: aytmaq), deməli, hun-qıpçaqcanın Azərbaycan dilinin "tərcümeyi-halı"ndakı rolu təsəvvür etdiyimizdən daha önəmli olmuşdur.

Əgər birinci, eləcə də ikinci dövrün Azərbaycan dilinin mənşəyində bilavasitə yer tutduğu ehtimal edilirsə, üçüncü dövrə münasibətdə bu ehtimal gerçəkliyin özü qədərdir. Əvvəla, "Dədə Qorqud" eposu var ki, o öz qədimliyi (və müasirliyi!) ilə Azərbaycan dili tarixinin uvertürasıdır. Prinsip etibarilə türkcənin oğuz-səlcuq xüsusiyyətlərini əks etdirsə də, başlanğıcını hun-qıpçaq dövründən almaqla həm Azərbaycan coğrafiyasında (əsasən, Cənubi Qafqazda), həm də ümumtürk sistemi zəminində Azərbaycan türkcəsinin ana türkcə ilə genotipoloji varisliyini təmin edir.

Azərbaycan türkcəsinin IX-XII əsrlərdə ümumxalq dili olaraq Azərbaycanda geniş yayılmasının ikinci mühüm göstəricisi Nizaminin "Xəmsə"sidir ki, burada çox müxtəlif üsullarla türkcənin nüfuzu təsbit olunur. Və "Xəmsə"də "türk" sözünün yüz dəfədən çox işlədilməsi bütün əsərlərini farcsa yazmasına baxmayaraq dahi şairin öz türklüyü (o cümlədən türkcəsi!) ilə nə qədər fəxr etdiyinin göstəricisidir... Nəhayət, XI-XII əsrlərdə türklərin (oğuz-səlcuqların) Ön Asiyada oynadıqları çoxtərəfli (və çoxmiqyaslı) beynəlxalq rol da ərəb və fars dilləri ilə müqayisədə türkcənin ictimai-siyasi nüfuzunu tədricən gücləndirir.

Və beləliklə, türkcə "Dədə Qorqud" eposu ilə özünün Azərbaycandakı diferensial varlığını - Azərbaycan türkcəsini min beş yüz illik "cəhdlər"dən sonra gerçəkləşdirmiş olur... Epos xalqın canlı (şifahi) yaddaşında qalmamış, orta əsrlərin sonlarında məhz Azərbaycanda yazıya alınmış əlyazmaları ilə qorunub saxlanmışdır ki, həmin əlyazmalar (Drezden və Vatikan), görünür, daha əvvəlki (XI-XII əsrlər) yazılı mətnlərdən köçürülmüşdür. Əgər belə olmasaydı, bir çox arxaik dil xüsusiyyətləri yaşamazdı. Və eposun nəzm dilinin "nəsrləşdirilməsi" prosesi də onun yazıya müxtəlif dövrlərdə bir neçə dəfə köçürüldüyünü göstərir.

"Dədə Qorqud" bütöv bir epoxanın (görünür, VII-XII əsrlərin) canlı fəaliyyətdə olmuş dil hadisəsi, həm tarixi-intellektual, həm də ədəbi-bədii yaradıcılıq aktıdır ki, ikinci keyfiyyəti birincidən daha böyük əhəmiyyət kəsb edir. Əsəri yazıya alan kifayət qədər istedadlı katiblər onun həmin keyfiyyətini unutmamaq şərtilə birincisini - tarixi-intellektual, başqa sözlə, informativ missiyasını da qoruyub saxlamış, mətnə xüsusilə islam dini, baş vermiş yeni ictimai-siyasi hadisələr barəsində zəruri məlumatlar əlavə etmişlər.

Epos yazıya alınarkən üzərində "Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi- Oğuzan" yazılmışdır ki, "Oğuzların dili" anlayışının bu cür önə çəkilməsi əsərin dilinin qıpçaq və karluq dillərindən, yəni digər türkcələrdən fərqləndiyini göstərir. Bununla belə, "Kitab"ın yalnız ideya-məzmunu yox, dilinin sistem-strukturu da bütün ortaq cəhətlərilə birlikdə məhz bir Azərbaycan hadisəsi olduğuna zəmanət verir.

2. Köhnə Azərbaycan dili

Azərbaycan dilini tarixində təşəkküllə başlayan ilk dövr köhnə Azərbaycan dili dövrüdür ki, XIII əsrdən XVI-XVII əsrlərə qədər davam etmişdir. Bu dövrü, ilk növbədə, mükəmməl bir yazılı ədəbi dil səciyyələndirir ki, mənbəyini XI-XIII əsrlərin ümumtürk ədəbi dili türkidən alır. Yusif Balasaqunlu, Əhməd Yəsəvi, Əhməd Yüqnəki ənənələrinin davamı olan ədəbi dil Türküstandan Azərbaycan - Şərqi Anadoluya gələrkən bir sıra yeni xüsusiyyətlər qazanır. Bunlardan birincisi kifayət qədər zəngin yerli danışıq dili, ikincisi is ərəb və fars dilləri elementlərinin mənimsənilməsidir.

"Yusif və Züleyxa" mövzusunda (əsasən, məsnəvi, qismən də qoşma ilə) yazanların xalq danışıq dilinə yaxın ifadə tərzini tədricən sufi-panteist qəzəl (divan) şeirinin həm demokratizmi, həm də özünəməxsus metafizikası ilə seçilən obraz texnologiyaları əvəz etdi... Yunus Əmrənin, Nəsiminin dil-üslub axtarışları (bu da öz kökünü Əhməd Yəsəvidən almışdı) türkcəni Azərbaycan - Anadolu məkanında ərəbcənin, farscanın qibtə elədiyi ədəbi səviyyəyə qaldırsa da, türkdilli şairlər həm farsca, həm də ərəbcə qələm işlətməyə çalışırdılar ki, bunun əsas səbəbi Müsəlman dünyasının üçdilli olması idi. Ancaq heç bir şübhə yoxdur ki, istər Nəsimi, istərsə də Füzuli türkcə yaradıcılıqları ilə daha qüdrətli, daha möhtəşəm idilər. Və təbii ki, öz tarixi missiyalarını bilavasitə bu dillə yerinə yetirirdilər. Dahi sələfləri Nizami kimi onlar da doğma dilləri ilə yad dil arasındakı fərqi bütün dərinliyi ilə duyur, türkcənin son dərəcə ardıcıl təəssübkeşləri olduqlarını gizlətmirdilər.

XVI-XVII əsrlərə qədər, görünür, vahid bir türk ədəbi dilinin mövcudluğu barədə israr etmək özünü o qədər doğrultmasa da, türkcənin biri digərilə həm norma, həm də funksional üslub etibarilə sıx əlaqədə olan (eyni etnik-mədəni sistemin müxtəlif qütblərində dayanan) iki ədəbi (klassik) variantlarından danışmaq mübahisə doğurmamalıdır: Şərqdə cığatayca, Qərbdə oğuzca. Və XV əsrdə Şərqdə Nəvainin yaratdığı türkdilli məktəbin nüfuzu (təsiri) olmasaydı, XVI əsrdə Füzuli bu qədər vüsət ala bilməzdi. Hər şeydən əvvəl ona görə ki, vahid ədəbi məkan fəaliyyət çevrəsi nə qədər genişlənmiş olsa da müəyyən dərəcədə vahid ədəbi dil məkanının mövcudluğuna da nəzarət edirdi.

Əsasən, sufi-panteist ideyaların tərənnümü ilə məşğul olan, "vəhdəti-vücud" tərənnüm edən köhnə Azərbaycan dili XVI-XVII əsrlərdə artıq adındakı "köhnə" təyininə daha çox uyğun gəlməyə başlamışdı. Belə ki, ən mükəmməl ifadə- obrazlar, ən poetik sintaktik konstruksiyalar belə o qədər - ən azı üç əsr təkrar olunmuşdu ki, ideya-estetik təsirini itirmək üzrə idi.

Dövrün ədəbi dilinə antroposentrik baxımdan yanaşsaq görərik ki, İzzəddin Həsənoğludan başlayaraq türkcə yazan şairlərin sayı onlarcadır, hətta bir neçə qəzəli qalmış söz ustalarının belə istedadı kifayət qədər yüksəkdir. Ümumilikdə isə onlar xeyli dərəcədə məhsuldar olmuşlar... Nəsimi ilə Füzulinin mövqeyi köhnə Azərbaycan dili kontekstində, heç şübhəsiz, daha yüksəkdir. Ancaq məsələ burasındadır ki, onlardan birincisi Azərbaycanı (Şamaxını) gənc yaşlarında tərk etmiş, ikincisi isə Azərbaycanın üzünü ümumiyyətlə görməmişdir. Hər ikisinin türkcə ilə yanaşı, farsca, ərəbcə də yazmaları onların yaşayıb-yaratdıqları müsəlman coğrafiyasının (və xalqlarının) ortaq şairləri olmaq iddialarını da nümayiş etdirir.

Sözügedən dövrün ədəbi dilinin sonrakı dövrdə bir-birindən daha çox fərqlənən Azərbaycan və Türkiyə türkcələrinə münasibətinə gəldikdə, artıq qeyd etdiyimiz kimi, buradakı ortaqlıq hər hansı etnokulturoloji, yaxud siyasi-ideoloji iddiadan irəli gəlmir, ədəbi dil proseslərinin tarixi inersiyasının nəticəsidir. Ancaq get-gedə daha aydın hiss olunur ki, qəzəl (divan) şeirinin klassik normalılığı səviyyəsində belə Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi arasında fərqlər dərinləşir... Səlcuqlardan sonra Azərbaycana axın edən qaraqoyunlular, ağqoyunlular xüsusilə Səfəvilərin (qızılbaşların) hakimiyyəti altında təmərküzləşərək Osmanlılara qarşı bir neçə əsr davam edən cəbhə açırlar ki, bu, Azərbaycan türkləri ilə Türkiyə türklərini məhz ictimai-siyasi zəmində tədricən müxtəlif xalqlara çevirir. XI-XIII əsrlərdə Azərbaycan - Şərqi Anadoluya etnik bütöv (və vahid məkan) kimi daxil olan oğuz türkləri Kiçik Asiyada Səlcuqlar dövrü bitib Osmanlı dövrü başlayandan etibarən tayfaların yenidən təşkili deyə biləcəyimiz etnogenetik bir proses keçirirlər. XI-XIII əsrlərin "iyirmi dörd" oğuz tayfasının orta əsrlərin sonuna doğru təkcə adları qalır. Və elə əvvəlcədən də onların dialekt, yaxud şivə mənsubiyyətindən danışmaq mümkün deyildi.

XV əsrin ortalarından həm siyasi, həm də mədəni mərkəz kimi Azərbaycanda Təbriz, Osmanlıda isə İstanbul önə çıxsa da, etnogenetik proseslərin davamı olaraq hər iki ölkədə ümumxalq dillərinin formalaşması bütün siyasi coğrafiyanı əhatə edir. Və hər iki dilin dialekt-şivə spektrlənməsi də həmin coğrafiyalar hüdudunda yayılır. Orta əsrlərin sonu, yeni dövrün əvvəllərində Azərbaycan və Osmanlı türkcələrini birləşdirən yalnız Şərqi Anadolu şivələridir, ondan şərqdəkilər Azərbaycan, qərbdəkilər isə Osmanlı dilinin perspektivlərini müəyyən edir.

Köhnə Azərbaycan dili dedikdə, elə ilk yanaşmadan da məlum olduğu kimi, ədəbi (yazılı) dil nəzərdə tutulduğuna görə bu "köhnəliy"in parametrlərini də o müəyyənləşdirir. Yəni ərəb, fars sözləri, izafət tərkiblərilə "ağırlaşdırılmış", ideya- məzmunca da çətin anlaşılan ifadə tərzi (mətn!) məhz ədəbi (yazılı) dilin əlamətidir. Bunun ümumxalq danışıq-ünsiyyət dilinə aidliyi, demək olar ki, yoxdur... Lakin nəinki sistem-struktur, hətta müqayisəli-tarixi baxış da tələb edir ki, köhnə Azərbaycan dilinin ümumxalq təzahürləri də yeni Azərbaycan dilinin müvafiq təzahürlərilə qarşılaşdırılsın. Və həm fonetikada, həm qrammatikada, həm də xüsusilə leksikada bu cür qarşılaşdırma üçün kifayət qədər zəngin material vardır... Xüsusilə bir məsələyə aydınlıq gətirilməlidir ki, yeni Azərbaycan dilinin dialekt sistemi nə dərəcədə köhnə Azərbaycan dili dövründən gəlir? Və ümumiyyətlə, Şimaldakı qədim qıpçaq dialektlərini nəzərə almasaq, köhnə Azərbaycan dilinin ümumxalq coğrafi mənzərəsi necə olmuşdur? Oğuz-səlcuq tayfalarının məskunlaşması müəyyən bir nizamla getmiş, yoxsa pərakəndə olmuşdur?..

Hər hansı halda bütün məsuliyyəti ilə demək mümkündür ki, yeni Azərbaycan dili köhnə Azərbaycan dilinin nə qədər varisidirsə, o qədər də inkarıdır.

3. Yeni Azərbaycan dili

XVI-XVII əsrlərdə köhnə Azərbaycan dilinin çöküşü, yeni Azərbaycan dilinin formalaşması prosesi başlayır. Və Azərbaycan ədəbi dilinin ümumi tarixi Füzulini köhnə Azərbaycan dilinin son, Vaqifi isə yeni Azərbaycan dilinin ilk nümayəndəsi kimi təqdim edir. Hərçənd belə bir mülahizə irəli sürülmüşdür ki, Azərbaycan milli ədəbi dilinin banisi Füzulidir, ancaq bu mülahizə, görünür, əsaslı deyil. Halbuki Füzuli ilə müqayisədə Vaqif dilinin yeniliyi həm aydındır, həm də bir neçə baxımdan (coğrafi, siyasi, sosial-mədəni, sistem-struktur və s.) strateji səciyyə daşıyır.

Antroposentrik baxış göstərir ki, bütün linqvopoetik dühası ilə birlikdə Füzuli orta əsrlərin ümumtürk sferasından enib yeni dövrün diferensial (milli) keyfiyyətlərini qəbul etməkdən çox uzaqdır. Və bu uzaqlığı onun yazıb-yaratdığı coğrafiya da nümayiş etdirir. Əlbəttə, Bağdadda yaşayıb orta əsrlər şairi olmaq olar, ancaq yeni dövrün şairi olmaq üçün millətin özünü təsdiq etdiyi coğrafiya lazım gəlir.

Köhnə Azərbaycan dili dövründə Azərbaycanda baş vermiş sosial, siyasi hadisələr etnogenetik xarakterli olub Azərbaycan xalqının təşəkkülü prosesini yekunlaşdırmağa xidmət edirdi. Şah İsmayılın qurduğu Azərbaycan Səfəvilər dövləti XVI əsrin ilk illərindən etibarən xalqı təşkil edərək türk (eləcə də bir sıra qeyri-türk) tayfalarının siyasi inteqrasiyasını təmin etməklə bütün ölkə miqyasında sosial mütəşəkkilliyin əsaslarını yaratdı. Xətai təxəllüsü ilə gözəl şeirlər yazan Səfəvi hökmdarı, bir tərəfədən, klassik ənənələri yaşadan, digər tərəfdən isə xalq yaradıcılığına əsaslanan iki fərqli dil-üslub nümayiş etdirirdi... Ancaq hiss olunur ki, Xətai daha çox geniş xalq kütlələrinin anlayacağı, sevəcəyi və ətrafında birləşəcəyi bir dil-üslubun, yəni ədəbi perspektivi görünən ümumxalq (folklor) dilinin tərəfdarıdır.

XVI-XVII əsrlərdə "Dədə Qorqud" eposunu "Koroğlu" əvəz etməyə başlayır ki, bu həm də yeni Azərbaycan dili dialektlərinin bazasında dialektfövqü nitq yaradıcılığı imkanlarının bütün ölkə miqyasında genişlənməsi, kütləviləşməsi, ozan sənətinin yerini aşıq sənətinin tutması idi. Heç şübhəsiz, yeni dialektfövqü (get- gedə ədəbi!) dilin təşəkkülü dialekt-şivə diferensiasiyasının qarşısını almırdı, hər şeydən əvvəl ona görə ki, Azərbaycan Səfəvilər dövləti hər nə qədərə mərkəzi idarəçiliyə, siyasi-inzibati bütövlüyə çalışsa da, ölkədə feodal pərakəndəliyini aradan qaldırmaq elə də asan məsələ deyildi. Ancaq ümumxalq "ruh"u hər halda kifayət qədər canlı, mütəşəkkil və perspektivli idi.

Yeni ümumxalq dilinin ədəbiləşməsində ən əsas xidməti, təbii ki, aşıqlar göstərirdilər. Yazılı dilin yayılması qarşısında çoxsaylı maneələrin olduğu XVI, XVII, XVIII əsrlərdə (hətta XIX əsrdə də!) Azərbaycan aşığı öz mükəmməl şifahi ədəbi dil məktəbi ilə xalqın intellektini yüksəltməyin, onun sosial-mədəni (milli!) özünüdərkini təmin etməyin son dərəcə uğurlu nümunəsini verdi. Və maraqlıdır ki, yazılı ədəbi dilin inkişaf yoluna çıxdığı mərhələlərdə də şifahi ədəbi dil məhz aşıq sənətinin imkanları hesabına onunla uzun zaman rəqabətə girə, məsələn, XIX əsrdə Aşıq Ələsgər kimi dahi söz ustasını yetirə bildi.

XVI əsrin əvvəllərindən özünü göstərməyə başlayan Milli İntibah hərəkatı yeni Azərbaycan dilinin təşəkkülündə o mənada həlledicidir ki, İntibah öz köklərini ümumxalq təfəkküründən almış, Azərbaycan cəmiyyətinin ideya-estetik bütövlüyünü təsdiq etmiş, eyni zamanda bu mənəvi vəhdətin kommunikativ təzahürü olaraq köhnə dildən fərqli yeni dil texnologiyaları hazırlamışdır.

Köhnə Azərbaycan ədəbi dilinin - türkinin regional formasının "yaradıcılar"ı ümumxalq dili ilə çox da bağlı olmadıqları halda, yeni Azərbaycan ədəbi dili öz mənbəyini bilavasitə ümumxalq dilindən almışdı. Və ona görə də, prinsip etibarilə, yeni (diferensial) etnosun dili idi.

Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsinin ədəbi (yazılı!) dil səviyyəsində artıq bir-birindən fərqlənməsi barədəki ilk məlumatı da, tamamilə təbiidir ki, ümumxalq dili abidəsi - "Koroğlu" eposu vermişdir... Nigar xanımın arxasınca İstanbula gedən Koroğlu istəyir ki, məsələni dava-şavasız həll etsin. Küçədə rast gəldiyi mirzəyə xotkarın adından belə bir namə yazdırmaq istəyir ki, guya Koroğlu onun (xotkarın) yaxın adamıdır, hər cür hörmətə layiqdir. Lakin təcrübəli, öz xotkarına, dövlətinə sədaqətli mirzə Koroğlunun savadsızlığına inanıb yazır ki, bu adam quldurdur, dərhal həbs edin. Koroğlu naməni alıb oxuyur. Və mirzəyə deyir: Elə bilmə ki, mən savadsızam, yazıb- oxumağı bilirəm; dedim sən yazasan ki, sizin dildə olsun... Göründüyü kimi, "Koroğlu"nu yaradan aşığın şəxsində xalq ən geci XVII-XVIII əsrlərdə anlayır ki, Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi fərqli yazılı (ədəbi) dillərdir.

Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq... kimi xalq sənətkarlarının şifahi dili XVIII əsrdə Molla Pənah Vaqifin yazı dilini yaradır. Və əslində, Vaqif də Xətai kimi klassik üslubdan dərhal imtina etmir. Ancaq hər cəhətdən görünür ki, Vaqifin dili artıq qəzəlin yox, məhz qoşmanın dilidir.

Azərbaycan İntibahı yalnız ictimai təfəkkürə, düşüncəyə deyil, dilə də realistlik, açıqgözlülük gətirir ki, bu, bütöv bir yaradıcılıq hərəkatı kimi orta əsrlərin çox zaman dinlə, müxtəlif təriqətlərlə pərdələnmiş mənəvi standartlarına qarşı dayanmaqla mövcud həyat tərzinə get-gedə güclənən tənqidi münasibət təlqin edir.

İntibahın mühüm əlamətlərindən biri də XVII-XVIII əsrlərdə (əslində, XVI əsrdən başlayaraq) ölkədə, əgər belə demək mümkünsə, milli şəhərlərin meydana çıxmasıdır. Əsasən, yeni yaranmış xanlıqların siyasi mərkəzi olan həmin şəhərlərin (Gəncə, İrəvan, Bakı, Şəki, Quba, Təbriz, Lənkəran, Şuşa...) əhalisi həm şifahi, həm də yazılı ədəbi dilin təşəkkül tapıb yayılmasında tarixi iş görür. Və məsələ burasındadır ki, ərəb, fars dillərinin əsrlərlə davam etmiş elmi-mədəni nüfuzu da ilk dəfə bu şəhərlərdə Azərbaycan dilinin müqaviməti ilə üz-üzə gəlir. Məsələn, İntibahın ən böyük nümayəndəsi, öz yaradıcılıq karyerasına mollaxanada ərəbcə, farsca dərs deməklə başlayan Vaqif həmin dillərdə bir şeir belə yazmır, yazmış olsa belə, mühit (və tarix) o şeiri qoruyub saxlamır... Doğrudur, yeni dil də köhnə dil kimi elmi, dini, rəsmi-işgüzar sahələrə hələ müdaxilə edə bilmir, ancaq formalaşmaqda olan millətin ruhunun əsas tərcümanı olduğunu daha cəsarətlə hiss etdirir. Və bu cür passionarlığın nəticəsidir ki, qonşu xalqlara da əhəmiyyətli təsir edir, onların bir-birilə ünsiyyətində əsas vasitəyə çevrilir. Rusiya bölgəni işğal edənə qədər dağıstanlılar, ermənilər və gürcülər məhz Azərbaycan türkcəsilə anlaşır, məclislərində azərbaycancanın nüfuzu özünü göstərirdi.

Şifahi ədəbi dilin yazılı ədəbi dilə həlledici təsirinin bir faktı da bayatıların, qoşmaların, hətta bütöv dastanların yazıya alınması idi. Yeni ədəbi-bədii dil xalq arasından çıxmış böyük istedadların şifahi yaradıcı təfəkkürünün ifadəsi olmaqla yazıya qədəm basır, nəticə etibarilə, yazı dili şifahi dilə məxsus son dərəcə zəngin nitq maneralarını qəbul edirdi. Məsələn, heç bir tərəddüdsüz demək olar ki, XVIII əsrdə yazıya alınmış "Şəhriyar" dastanındakı dialoqlar Mirzə Fətəlinin dramaturgiya dilinin sələflərindən biridir.

Elm dili olan ərəb, ədəbiyyat dili olan fars dillərinin Azərbaycan dilinə kütləvi təsiri yeni dövrün əvvəllərindən öz intensivliyini itirir (bu təsirin böyük bir qismi ümumtürk xarakterli olmuşdur), XIX əsrdən Qərb (Avropa) təsirinin perspektivləri görünür. Bu təsirlər həm ümumxalq dilinin, həm də ədəbi dilin leksikonuna nə qədər güclü olsa da iqtisaqi quruluşlu qrammatikaya keçə bilmir. Bəzi epizodik məqamları nəzərə almasaq qrammatikaya köhnə dövrdən miras qalmış irafət yeni dövrdə dili tədricən tərk edir... Fonetik quruluşda isə həmin dövrün əsas ərəb yadigarı "ayn" uzun müddət - XXI əsrə qədər tələffüzdə yox, yalnız yazıda (apostrof) yaşaya bildi. Əlbəttə, Azərbaycan dilinin qrammatik saflığına görə, ilk növbədə, ahəng qanununa minnətdarıq ki, ərəb, fars dillərinin "yad nəfəs"inin, hətta bəzi dialektlərə belə keçmək imkanı tapmasına rəğmən dağıdıcı təsirinə (disharmoniyaya) qarşı tarix boyu böyük enerji ilə müqavimət göstərmişdir.

Yeni Azərbaycan dili XIX əsrə Zakirlə daxil oldu. Və onun Vaqifdən də irəli gedən realizmi dilə dövrün tənqidi ovqatını, Şərq müstəmləkəçiliyindən hələ qurtarmamış bir xalqın Qərb müstəmləkəçiliyinə verdiyi ilk reaksiyalarını gətirdi. Onun arxasınca yeni dövrün mütəfəkkiri Mirzə Fətəli özünün çoxşaxəli yaradıcılığı ilə dilin indiyə qədər görünməmiş imkanlarını aşkarladı... Ən mühüm hadisələrdən biri o oldu ki, Azərbaycan dili teatr səhnəsi, mətbuat kimi ictimai-kütləvi təsisatlara ayaq açdı, məktəbdə, dərsliklərdə göründü. Və bu hərəkat XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan dilinin nəinki türk, eləcə də dünya dilləri arasında özünəməxsus mövqeyini təmin etdi. Azərbaycan Xalq Cümhuriyyəti, xüsusilə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan dilini yalnız sözdə deyil, işdə də dövlət dili səviyyəsinə yüksəltdi. Ancaq, təbii ki, onun həm ölkə daxilində, həm də dünya miqyasında böyük nüfuzunu Azərbaycanın dövlət müstəqilliyi (və ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi azərbaycançılıq siyasəti) təmin etdi.

XX əsrin 20-ci, 30-cu illərində Azərbaycan dili əvvəlki dövrlərlə müqayisə edilməyəcək bir miqyasda elmi tədqiqat predmetinə çevrildi. Bəkir Çobanzadə, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə və Muxtar Hüseynzadənin əsasını qoyduqları Azərbaycan dilçiliyi məktəbi 50-ci illərdən etibarən bu sahədə çoxsaylı mütəxəssislər ordusu yetirdi ki, onlar Azərbaycan dili barədə aydın elmi təsəvvür yaratdılar.

Keçən əsrin 30-cu illərindən yeni Azərbaycan dili dövrünün ən yeni, yaxud müasir Azərbaycan dili mərhələsi başlayır ki, bu, a) Azərbaycan dilinin türk dilləri kontekstində öz müstəqilliyini keyfiyyətcə təmin etməsi (müqayisəli-tarixi paradiqma), b) fonetik, qrammatik və leksik quruluşun mükəmməlləşməsi (sistem-struktur paradiqması) və c) funksional üslubların tam diferensiallaşması (antroposentrik paradiqma) ilə səciyyələnir.

“Ədəbiyyat” qəzeti

# 3154 dəfə oxunub

Müəllifin son yazıları

# # #