Müsahibimlə vədələşdiyimiz vaxtdan 10 dəqiqə keçir. Fotoqrafımız Bakının tıxacları ilə mübarizə aparır, müsahibim Nizami Kino Mərkəzində məni gözləyir, mən isə aradakı bu boşluqdan istifadə edib Qara Qarayevin heykəlinin yanında müəllimləri ilə iməcilik edən uşaqlarla həmsöhbət oluram.
Animasiya rejissoru ilə müsahibəyə gedərkən yolüstü bu qədər uşaqla rastlaşmaq da bir xoş təsadüfdür. Amma çox heyf ki, uşaqların heç biri Azərbaycan cizgi filmlərindən danışa bilmədi. Biri “Tom və Ceri” dedi, biri “Maşa və ayı”, biri isə “Çəhrayı panter”. Bunun səbəbini isə nə uşaqlardan, nə də müəllimlərdən soruşmalı. Bizə səbəbi ancaq və ancaq Məsud Pənahi deyə bilər. Bir neçə dəqiqə sonra Nizami Kino Mərkəzinin qapısında qarşılaşacağım adam...
Məsud bəyin uca boyu dərhal diqqətimi çəkir.
– Məsud müəllim, bir animasiya rejissoru üçün, məncə, çox ucaboysunuz. (Gülürəm)
– Yox, əşi, normal bir şeydir.
– Mən Elçin Hami Axundovla da müsahibə etmişəm. Onun boyu da bu sənət üçün uyğundur.
Gülür və dərhal əlavə edir:
– Sən mənə de görüm, niyə gecikdiniz?
– Siz Bakıda yaşamırsınız, buranın tıxac problemi...
Fikrimi tamamlamağa imkan vermir.
– Elə ona görə də mən Ayna Sultanovadan vaxtından 20 dəqiqə əvvəl çıxdım. (Gülür) Keçin içəri...
Azərbaycan və Almaniya animasiya rejissoru, rəssam və ssenarist Məsud Pənahinin APA-ya müsahibəsi
– Niyə Almaniyada yaşayırsınız?
Bir qədər düşünür...
– O bir az şəxsi problemlərlə əlaqədardır.
– Sizcə, burada qalsaydınız, daha effektli olardı, yoxsa...
– Yox... (səsini bir qədər qaldırır) Mən Azərbaycandan getməsəydim, çox arzum ürəyimdə qalardı. Burada olduğum müddətdə o qədər ideyalarım ürəyimdə qalıb ki... Yəni ölkədən getməyim, məncə, daha effektiv oldu.
– Yaxşı bəs, uzun müddətdir, qürbətdə yaşayırsınız. Maraqlıdır, “Qız qalası əfsanəsi”ni danışan adam üçün qürbətdə yaşamaq çətin deyil?
– Əlbəttə, çətindir. Vətən həsrəti elə bir şeydir ki... (qollarını sinəsində çarpazlayıb davam edir) onsuz olmaz. Son zamanlar Vətənə festivallardan ötrü gəlirəm. Bilirsən, burada hazırda animasiya ilə məşğul olan gənclər var, mən onlara ürək-dirək vermək istəyirəm və verirəm. Bu az şey deyil mənim üçün.
– Çoxdur animasiyaya marağı olan?
– Əvvəl az idi. Biz ilk animasiya festivalını 2018-ci ildə keçirmişdik, o zaman 5-6 adam olardı, ya yox. İldən-ilə bu adamların sayı artdı, indi bu rəqəm 20 nəfərdən çoxdur. İnan ki, bu balaca rəqəm deyil. Bu adamların bir qismi fərdi formada məşğuldur, bir qismi komanda ilə və onu da deyim ki, heç də pis işləmirlər. Əsas problem hələlik təcrübə qıtlığıdır, bu da başadüşüləndir, amma əsas sənətə meyllərinin olması böyük şeydir.
Keçirilən festivallara ildən-ilə tamaşaçı marağının artması da xeyli faydalı olur. Məsələn, keçən il festivaldan yığılan vəsait Qarabağ bölgəsində ağacəkmə kampaniyasına xərcləndi. Bu il maraq daha çox idi, tamaşaçımız çox oldu, bu çox sevindiricidir. Bu festivaldan yığılan vəsait isə, 4 nəfər arasında bölünəcək, onlar bu vəsait hesabına özlərinin animasiya filmlərini çəkəcəklər. Yəni, istənilən halda, festivalın varlığı böyük şeydir.
Onu da qeyd edim ki, yeni təyin olunmuş mədəniyyət naziri və komandanın da dəstəyi yaxşıdır, o da tamaşaçılarda maraq yaradır.
Bilirsən, animasiya işində fərdilik bir az çətindir, biz çalışırıq məşğul olmaq istəyənlərə elə yön verək ki, onlar komanda olaraq çalışsınlar. Kino elə bir sahədir, orada tək işləməzlər.
– İldən-ilə inkişafın olduğunu deyirsiniz. Bu çox sevindiricidir. Amma mən buraya gələndə Qara Qarayevin abidəsinin yanında müəllimləri ilə gəzintiyə çıxan çoxlu uşaq gördüm. Onlarla qısa da olsa, həmsöhbət olduq. Heç biri bir dənə də olsun, Azərbaycan animasiyasının adını çəkmədi. Hətta biri skamyada oturub “Maşa və Ayı”ya baxırdı.
– Bilirsən, kino sistemi dağılıb. Bunu hamımız bilirik. Əvvəlki mədəniyyət nazirləri bu sahəyə o qədər də diqqət göstərmirdilər. Mövcud problemlərlə məşğul olmaqdansa, xarici animasiyaları çox ucuz qiymətə – 3-5 manata – alırdılar, nümayiş etdirirdilər. Təsəvvür elə, 50-ci illərdə “Disney”in çəkdiyi filmləri ucuz qiymətə alıb uşaqlara göstərirdilər. Lazım idimi? Yox. Amma edirdilər. Nəticədə, sən harada uşaq görürsən, xarici animasiyalara baxır. Mən burada olarkən səhərlər bir az televizor izləyirəm, baxıram ki, nümayiş olunan filmlər Azərbaycan dilinə dublyaj olunur, bu özü də bir şeydir.
– Amma sadəcə dil bizimdir, qalan heç nə.
– Əlbəttə. Azərbaycan mentaliteti deyil, mədəniyyəti deyil, folkloru deyil, sadəcə dili bizimdir, başa düşürük. Bizə lazım olan odur ki, öz nağıllarımız, öz folklorumuz olsun, öz rəssamımız olsun və uşaqlarımıza onu göstərək. Bu bizim üçün çox vacibdir. Amma sizə deyim, mən ümidliyəm. Yeni mədəniyyət naziri və komandanın yeni nələrsə edəcəyinə inanıram.
Nazirlikdə Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsi var, oranın müdiri Rəşad Əzizovdur. Mən onun özünə də dedim, ilk dəfədir, bu sahədə adam görürəm ki, bizim dildə danışır. Başa düşürsən? Bizim dildə, yəni kino dilində danışır və problemi bilir, işi bilir. Bu az şey deyil, indiyə kimi görməmişik belə şeylər.
Sizə bir xəbər də verim, “Molla Nəsrəddin” animasiyası ilə bağlı bir xeyli xarici mütəxəssislər dəvət olunub. Amma Molla Nəsrəddin bizim bildiyimiz tip deyil, məsələn, belə deyim, təqribi lotu bir uşaqdır. Hamıdan, hər yerdən qaçır, hamı bunu axtarır və s. Oktyabrdan etibarən dediyimiz xarici mütəxəssislər gələcək və iş başlayacaq. Hər halda, 26 bölümdən az olmayacaq, yəqin ki, uğurlu olar və davamı da gələr.
– Məsud müəllim, dünyaca məşhur “Tom və Cerri” cizgi filminə alternativ kimi ruslar “Maşa və ayı”nı yarada bildilər. Alternativ ona görə deyirəm ki, ikinci də sevildi və izlənildi. Bizim özümüzdə bəs hansı xalq nağılından qəhrəman yaratmaq olar?
– Bilirsən, xalq nağıllarımız çoxdur və onların hamısından nəsə yeni bir şey yaratmaq və onu maraq dairəsinə salmaq olar. Sadəcə bunun üçün, əlbəttə, vəsait və mütəxəssis lazımdır. Bir də ən əsası, bu işi sevən adamlar məşğul olmalıdır, can yandıran adamlar çalışmalıdır. Bax mən sənə bir şeyi danışım: Almaniyada mənə Azərbaycan nağılını Hindistan nağılı kimi vermişdilər. Mən dedim ki, bu, Azərbaycan nağılıdır, Hindistan yox. Dedilər, nə fərqi var? Nağıl nağıldır da, sən çək. Mən də çəkdim, üç ayrı-ayrı animasiya çəkdim və bu animasiyalar miniatür stilində ərsəyə gəldi. Divar kağızı satılan mağazaların birində maraqlı bir divar kağızı gördüm, bizim ornamentlərimizə çox oxşayır, o divar kağızının iki müxtəlif formasından aldım, gətirib rənglədim və bunu cizgi filmləri üçün fon elədim. O cizgi filmi çox uğurlu alındı. Hətta dekabrın sonu, yanvarın əvvəlində, adətən, qış və Yeni illə bağlı cizgi filmləri nümayiş olunanda, bunlar da həmin proqrama salındı. Demək istədiyim odur ki, istəsək, edərdik.
– Müsahibələrinizin birində Vətən müharibəsi haqqında animasiya çəkmək arzunuzun olduğunu demisiniz. Hələ də arzu olaraq qalır?
– Hə, hələ də arzudur. Bilirsən də, arzu, ümid heç vaxt ölmür, adamla birgə yaşayır və əksinə getdikcə daha da alovlanır. Mən dediyim filmin ssenarisini də hazırlamışam və orada heç də müharibədən söhbət getmir, ssenari çox orijinaldır. Ssenarinin özü, şəkilləri, fiqurları hamısı hazırdır. Süjet isə bizim üçün həmişə aktualdır və aktual da qalacaq: mina.
Bax sənə deyim, mən neçə ildir, Almaniyada yaşayıram, hətta indinin özündə belə, az qala, hər iki aydan bir Berlinin ortasında mina tapılır, gör müharibənin üstündən nə qədər zaman keçib! İndi təsəvvür elə Azərbaycanda vəziyyət nədir? Heç təsəvvür eləməyə ehtiyac da yoxdur. Özünüz görürsünüz. Vəziyyət ortadadır. Bu, beş ilin, on ilin söhbəti deyil. Bu təhlükə hər zaman var və uzun illər də bizimlə qalacaq. Ssenari özü çox zəngindir, dağılmış evlər, sülhə çağırış və digər. Eyni zamanda, mina. Xarici turistlər gəlir, görürsünüz ki, elə ərazilər var ki, ora heç kəs buraxılmır. Yəni, demək istədiyim odur ki, mina təhlükəsi illərimizi alacaq və bu mövzu uzun zaman aktual olacaq. Kiçik yaşlardan biz bunu uşaqların şüuruna yeritməliyik.
Dostumuz Rəşid Ağamalıyevlə bərabər ssenariyə bu dəfə bir az əl də gəzdirdik. Mina motivi olduğu kimi qalır, amma əlavə olaraq, həmin torpaqlarda yaşayan və məcburən oradan didərgin düşən ailələrin 30 ildən sonra oraya qayıtması, onun fonunda dağıdılmış evləri vermişik, nəhayətində isə həyətdə yeganə salamat qalan nar ağacı. Bütün bunlardan sonra isə, ailənin balaca uşağı ərazidə oynamağa qaçır, nəticədə mina ilə rastlaşır və animasiyanın mina hissəsi başlayır.
– Siz ssenarini elə təsvir elədiniz, mənim özümdə hədsiz maraq oyandı.
- Əgər xatirinizdədirsə, 2012-ci ildə Xocalı faciəsinin 20 illiyi ilə bağlı “Xocalı” animasiyasını çəkmişdim. O da kifayət qədər maraqlı idi. Heydər Əliyev Fondunun köməyi ilə hadisə şahidləri olan uşaqların fotoları ilə tanış olduq, bu fotolardan mən ümumi animasiyada istifadə elədim. Sadəcə bir nüansı deyim ki, mənim həyat yoldaşım israr elədi ki, animasiya bir az sülhə yaxın olsun, o özü almandır axı. Mən də elə etdim. Bir növ, sülhə çağırış motivində yekunlaşdırdım.
– Məsud müəllim, müasir cizgi qəhrəmanı necə yaranır? Məsələn, 21-ci əsr Azərbaycan animasiyasında müasir qəhrəmanı necə yaratmaq olar?
– Bilirsən, qəhrəman olan obraz hökm deyil ki, indi, hazırda bizim üçün məşhur olan qəhrəmanlar kimi olsun. Məsələn, Koroğlu, Babək. Hökm deyil ki, bizim yaradacağımız qəhrəman elə bunların özü olsun, yox. Mən tərəfdarıyam ki, bunların hamısını ümumiləşdirmək lazımdır. Bugünkü şəhidlərimizdən də oraya müəyyən detallar qatmaqla ümumiləşdirilmiş bir obraz yaratmaq lazımdır.
– Animasiyalarda məcburuqmu ki, qəhrəmanlıq təcəssümü, fəlsəfə olsun?
– Mütləq. Birmənalı. Biz elə-belə xalq deyilik. Bizim tarixi keçmişimiz zəngindir, köklüdür. Ona görə də mən tərəfdarıyam ki, kökündə sən deyən motivlər mütləq şəkildə olmalıdır. Yəni olmamasına səbəb görmürəm.
– Məsud müəllim, bir az Hollivud animasiya qəhrəmanlarının uşaqlara təsirindən danışaq.
– Çox böyük problemdir. Uşaqlar yemək yeyəndə filan cizgi filminə baxmasa, yemir. Bu həm çox böyük problemdir və eyni zamanda, onların özü üçün biznesdir. Çox böyük biznesdir. Bu filmlər uşaqlar üçün zərərlidir. Bizim mentalitet tamamilə fərqlidir. Amerikalılar öz torpağına silahla gəlib, oradakı millətləri qırıblar. Nəticədə, onun uşaqlara nümayiş etdirdiyi anime də elə məhz o motivdə olacaq, yəni bizdən tamamilə fərqli. Biz necə xalqıq, onlar necə, bizim tarixi keçmişimiz necədir, onlarınkı necə?
– Azərbaycan kommersiya cizgi filmləri yox dərəcəsindədir, sizcə, səbəb nədir?
– Bəli. Yox dərəcəsindədir və bu da mövcud vəziyyətimizin ən böyük problemlərindən biridir. Amma olmalıdır. Mütləq olmalıdır. Bugünkü animasiya qədimdə uşaqlara nağıl danışdırma ənənəsinin davamıdır, müasir formasıdır. Dünyada elə bir sənət yoxdur ki, orada animasiya olmasın. Kosmosun fəaliyyətini dillə izah etmək olmur, sözlə izah etmək olmur, götürüb animasiya ilə izah edirsən, hamı da başa düşür. Bu bilirsən nə deməkdir? Bu o deməkdir ki, animasiyasız heç bir sənət mövcud deyil. Almaniyada adam ölür, onu dəfn edəndə onun üçün animasiya düzəldirlər.
– Ümumiyyətlə, bizim baxdığımız animasiyaların əksəriyyəti iri dövlətlərin kino şirkətlərinə məxsusdur. Bəs kiçik ölkələrin, o cümlədən Azərbaycanın bu sahədə uğur qazanması mümkündür?
– Tamamilə! Azərbaycan, Qazaxıstan, Türkmənistan, Türkiyənin özü, Afrika ölkələri... və digər, bunlar, səncə, birləşə bilməz? Ümumi bir iş ortaya çıxara bilməz?
– Məncə, yox.
– Məncə isə, mümkündür. Sən düşün, 20-30 il bundan əvvəl Türkiyənin filmləri əla idimi? Yox. Həddindən artıq zəif filmlər idi. Bu gün isə inkişafdadır.
Avropa vaxtında islam ölkələrindən mədəniyyəti, elmi, tibbi götürüb inkişaf etməyib? Edib. İndi növbə bizimdir və indi biz müəyyən sahələrdə, məhz o geri olduğumuz sahələrdə onlardan nümunə götürməliyik, düşüncələrimizi birləşdirməliyik.
– Bəs sizin animasiyaya gəlməyiniz necə, hansı maraq üzərindən yaranıb?
– Rəşid Ağamalıyev... Bu adam məndə yenidən maraq yaradıb. Yəni Azərbaycana gəlməyim, animasiya festivallarında iştirakım, gənclərlə söhbətimiz və sair. O məni tapıb zəng vurdu, Azərbaycanda animasiya ilə bağlı festival yaratmaq istədiyini bildirdi, burada bu animasiyaların sayəsində ölkədə animasiyanı inkişaf etdirmək istədiyini dedi. Mən də razılaşdım və yaxşı ki də razılaşdım. Nəhayətində, bayaq danışdığımız inkişafa nail olduq və ildən-ilə bu inkişafın artdığını görürük. 2018-ci ildən bu yana çox böyük inkişaf var, maraq var. Yəni anladıq ki, animasiya bu ölkədə hələ ölməyib, xəstə imiş, ağır imiş, amma sağ imiş. İndi də müalicə davam etdirilir (gülür).
Keçən il 10 xarici qonaq, bu il 20, keçən il 1500 tamaşaçı, bu il 3000. Görürsən, rəqəmlər ildən-ilə artıq və artacaq.
– Məsud müəllim, bu qayıdış, bir növ, sizin Azərbaycan animasiyası ilə bağlı ikinci nəfəsinizdir. Mən lap başdan danışıram. Maraq necə yaranıb?
– Ooo... (qaşlarını çatıb bir qədər duruxur) Kinostudiya mənim evim idi. Mən evə gedirdim yemək yeməyə, vəssalam, yeməyi yeyib yenidən kinostudiyaya qayıdırdım. Həm də onda vəziyyət indiki kimi deyildi axı.
– İndi bəs?
– İndi də getmək olar. Kinostudiyanın qapısı hər zaman açıqdır. Gedəcəksən, uzun, dar və qaranlıq koridordur. Koridorun o biri başından uzaqdan balaca bir qaraltı görəcəksən, kimdir, heç bilmirsən, amma kinostudiyanın indiki halını ən yaxşı nümayiş etdirən haldır bu. Bir kəlmə səs çıxarırsan, bütün əks-səda verir... Boşluq.
Bilirsən, məncə, əvvəlki kimi bir də olmayacaq. Amma yaxşı şeylərin olacağına inanıram. İndi hər şey robotlaşdırılır, bu da var. Yəni insandan daha çox texnika faktoru önəmlidir.
Uşaq yaşlarından marağıma gəlincə, yəqin ki, anamın nağılları... Sənə bir söz deyim, mən uşaq vaxtı Abdulla Şaiqi tanımırdım, amma Tıq-tıq xanımı bilirdim, tanıyırdım. Əzbər bilirdim. Niyə? Çünki anam o nağılı mənim beynimə həkk eləmişdi. Və maraqlısı bilirsən, nədir: anamın danışdığı Tıq-tıq xanımda “Əlini mənə bəsdərəcik” yeri yox idi. Mən sonradan öyrəndim ki, hər kənddə, hər bölgədə bu cür nağıllarda süjet başqa ola bilir.
– Şifahi xalq ədəbiyyatı üçün normaldır bu.
– Normaldır. Amma gör almanlarda Qrim qardaşları nə edirdi? Bütün almandilli xalqlardan folkloru yığıb özləri ortaq bir forma yaradırdılar. Vahid forma. Bu daha yaxşıdır, məncə.
Atam özü də mənə çoxlu nağıllar danışardı. Biri var idi, bir yox idi, iki qardaş var idi, biri malbaş idi, biri çox axmaq idi, birinin yeri yaş idi, birinin yeri quru idi...
Bunu deyib susur. Sual vermək istəsəm də, mən də onunla bərabər susuram və qeyri-ixtiyari ikimiz də qalxırıq, qapıya sarı gedirik. Bu, müsahibənin yekunlaşmağının siqnalı idi...
Amma nə qədər özümü sıxsam da, son sualı verməkdən özümü saxlaya bilmirəm.
– Məsud müəllim, bulud niyə ağlayırdı? (Müəllifin 1973-cü ildə çəkdiyi “Bulud niyə ağlayır?” adlı animasiyası var, – N.P.)
– Bulud ona görə ağlayırdı ki, o vaxtı tələbə idim, Moskvada, yağışın altında, suyun içində, özüm də ac. Bulud ağlasın, ya yox? (Gülür) O ssenarini mən 20 dəqiqəyə yazmışam. Yağış getdikcə güclənir, mən də düşünürəm ki, evə gedim, yeməyə görüm nə tapıram. Amma elə oldu, evə gəldim, 20 dəqiqəyə bu ssenari yarandı və bulud da ağladı...
Elə bu sualın cavabını da almışdım ki, bayaqdan bəri ağlamaq üçün bəhanə gəzən bulud damcılarını üstümüzə səpələyir. Bununla da müsahibəmizə nöqtəni qoyuruq. Müəllifin öz imzasının olduğu filmdəki kimi...
Foto: Orxan Kərimov