“Heydər Əliyev İli” çərçivəsində APA Azərbaycan təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Azər Qarayevlə müsahibəni təqdim edir.
– Azər müəllim, Ulu Öndər Heydər Əliyevin sırf erməni milliyyətçiliyinə qarşı mübarizəsi məsələsindən başlayaq.
– Bilirsiniz, Azərbaycana qarşı erməni milliyyətçiləri hər zaman düşmənçilik mövqeyi sərgiləyiblər. Bunun tarixi keçmişi çox uzaqdır: 1918-ci ildən bəri ermənilərin bizə qarşı torpaq iddiası davam edir. Amma, sözsüz ki, Ulu Öndər rəhbərlikdə olduğu dövrdə ermənilərin qaldırdıqları milliyyətçilik məsələlərini diqqətdə saxlayıb, lazımi qaydada ölçülər götürüb və qarşısını alıb. Ulu Öndər Dövlət Təhlükəsizlik Komitəsində sədr olduğu müddətdə və eyni zamanda, digər dövlət vəzifələrində olan vaxt ermənilərin düşmənçilik mövqeyi olub. 1930-40-cı illərdə dövlət təhlükəsizliyi orqanlarında əksəriyyət qeyri-millətdən idi, o cümlədən aralarında ermənilər də var idi. Hətta ermənilər çoxluq təşkil edirdi. O dövrdə Azərbaycana və azərbaycanlılara qarşı böyük bir mübarizə var idi. Məqsəd ziyalı şəxsləri qaralamaq, onları hədəf seçib hansısa bir cinayətə görə günahlandırmaq idi. Repressiya tarixini hamımız yaxşı bilirik. 1937-38-ci illərdə nə qədər ziyalımız repressiya qurbanı oldu. Kimisi güllələndi, kimisi sürgün olundu və başqa işgəncələr...
Bilirsiniz, birinə qarşı cinayət işi qaldırılanda məhkəmə qərar qəbul etməlidir. Amma o dövrdə məhkəmə yox idi: əvəzində “üçlüklər” var idi. Onlar nə qərar qəbul edirdilərsə, vəssalam, o da icra olunurdu. İndi biz arxivlərə nəzər salanda görürük ki, həmin üçlüklərin ikisi erməni olub, biri rus. Yəni heç biri azərbaycanlı olmayıb. Onu demək istəyirəm ki, hələ o dövrdən artıq Azərbaycançılığa qarşı mübarizə var idi. Və Ulu Öndər hələ o vaxtlarda böyük vəzifələrdə olmasa da, bütün bunların hamısını görürdü, müəyyən mübarizələr aparırdı. Bilirdi ki, ermənilər hər zaman bizə qarşı pozuculuq fəaliyyəti aparır. Respublikada gedən bu prosesləri, sözsüz ki, Moskva da dəstəkləyirdi. Yenə də təkrar edirəm ki, xüsusi xidmət orqanlarında azərbaycanlılar çox az idi. Bu da məqsədli idi. Bu cür adamlar daha çox Azərbaycanda yaşayan ermənilər, ya da Moskvadan gələn rus vətəndaşları olurdu.
Ulu Öndər 1958-ci ildə Əks-kəşfiyyat şöbəsinin rəisi təyin olundu. Hansı ki SSRİ dövründə yeganə insan idi ki, 35 yaşında belə bir mühüm vəzifəyə təyin olunmuşdu. Onun əsas məqsədi orqanda milliləşmə məsələsi idi. Və elə bu yöndə də dərhal fəaliyyətə başladı. Nəticədə, müxtəlif üsullarla qeyri-millətdən olanları çıxarıb azərbaycanlı gənc kadrları cəlb etməyə başladı. Sözsüz ki, onların özləri ilə olduqca ciddi yoxlama aparılırdı, yəni hər adam oraya götürülmürdü. O şəxsləri götürürdülər ki, onlar dövlətə və xalqa bağlı olurdular. Hər bir namizəd yoxlanıldıqdan sonra Ulu Öndər şəxsən özü yekunda söhbət aparırdı. Bu söhbət əsnasında həmin adamın dünyagörüşünə, biliyinə, Azərbaycan tarixi haqqında bilgisinə, hətta ədəbiyyat düşüncəsinə qədər hamısını sorğu-sual edirdi. Bundan sonra isə həmin o cavan kadr yaşlı bir kadrın, bir növ, öhdəliyinə verilirdi.
– Yəni təcrübəsini artırmaq üçün...
– Bəli, həmin gənc kadrların təcrübəsi olmurdu. Ona görə də təcrübəli əməkdaşlar yeni nəslə işin bütün tərəflərini izah edirdi. Aydın məsələdir ki, Heydər Əliyev bütün namizədlərin dərslərində ola bilmirdi, amma ayda bir dəfə mütləq şəkildə yenidən həmin kadrlarla görüşür, yeni nələri öyrəndiklərini şəxsən özü müəyyən edirdi.
– Siz özünüz neçənci ildə xüsusi xidmət orqanlarına qəbul olmusunuz?
– Mən 1976-cı ildə daxil olmuşam. O zaman Heydər Əliyev partiya işinə çağırılmışdı. Respublikanın birinci katibi vəzifəsində çalışırdı. Mən özüm Minsk Ali Məktəbinin kurslarını bitirmişdim. Praktikaya gələndə mənə dedilər ki, birinci olaraq arxivdən Heydər Əliyevin icraatında olan işlərlə tanış olmalısan. Bu, mənim üçün, cavan bir kadr üçün çox önəmli bir şey idi.
– Neçə yaşınız var idi?
– 26-27 yaşlarımda idim. Bilirsiniz, mənim də o zaman heç bir təcrübəm yox idi. İşləmişdim, amma mülki işlərdə. Belə bir yerdə çox təcrübəsiz idim. Dediyim kimi, Heydər Əliyevin icraat işləri ilə tanış oldum. Bu mənim gələcəyim üçün olduqca mühüm rol oynadı. Belə bir parlaq şəxsiyyətin apardığı işlə tanış olmaq sözlə ifadə ediləsi bir şey deyil.
İcraatla tanış olduqca heyrət edirdim. Hətta Ulu Öndərin xəttində belə qüsur yox idi, muncuq kimi idi. Yəni o, hərtərəfli istedada malik olub. Sənədlərdə həm də dərkənarlar olur. Bilirsiniz, bu cür orqanlarda hər bir iş üçün əvvəlcədən plan qurulurdu. Amma Ulu Öndərin dərkənarlarına baxmaq kifayət idi ki, artıq planı qurasan.
Mən sizə bir şeyi də dəqiq deyim ki, Ulu Öndər partiya işində olanda belə həmişə diqqəti yenə də xüsusi xidmət orqanlarında idi. Onların hər işi, hər bir əməliyyatı ilə maraqlanırdı. Bilirsiniz, təhlükəsizlik orqanları dövlətin sütunlarından biridir. Birinci katib olduğu üçün ona kifayət qədər ciddi məlumatlar daxil olurdu. Amma Ulu Öndər yenə də təhlükəsizlik orqanlarına həmin məlumatı yoxlamaq üçün tapşırıq verirdi.
– Siz oradakı təhsilinizi bitirəndən sonra harasa göndərildiniz, ya elə Bakıda qaldınız?
– Yox, mənim təyinatım Gəncə şəhərinə verildi. Gəncədə Respublikanın ikinci böyük şəhəri olaraq xüsusi xidmət orqanlarının şöbəsi yerləşirdi. Bu şöbəyə tabe olan 7-8 rayon vardı: məsələn, Göygöl, Gədəbəy, Yevlax, Goranboy, Tovuz, Şəmkir, Qazax kimi rayonlar Gəncədəki əsas şöbəyə tabe idilər.
Hamıya məlumdur, Ulu Öndər kənd təsərrüfatı sahəsinə ciddi önəm verirdi. Rayonlara daimi səfərləri olurdu, təsərrüfat işləri ilə maraqlanır, olan problemlərin aradan qaldırılması üçün tapşırıqlar verirdi. Nəzərə alsaq ki, bizim xidmət orqanı həm də nəqliyyatın da təhlükəsizliyi məsələsinə cavabdeh idi, onun səfərləri zamanı məsuliyyət böyük idi.
Ulu Öndər birinci katib olaraq, SSRİ Kommunist Partiyasının bürosunun namizədi seçilmişdi. Bu səbəbdən, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Heydər Əliyevin təhlükəsizliyini Respublika Dövlət Təhlükəsizlik Komitəsinə həvalə etmişdi. Onun özünün xüsusi vaqonları var idi, 3 vaqon idi, nömrələri də “555”. Vaqonlarda hər cür şərait yaradılmışdı: istirahət otağı, işləmək üçün otaq, qonaq otağı və digər. Daha çox səfərlərə gecə çıxırdı və səhər artıq lazımi əraziyə çatırdı – Ağdam, Bərdə kimi rayonlara səfəri daha çox olurdu. Özünün Yevlaxda xüsusi dayanacağı var idi. Gecə 3-4 radələrində gəlirdi, biz də gözləyirdik, səhər isə səfərini həyata keçirirdi.
Biz Təhlükəsizlik Komitəsi olaraq, həm də dəmiryollarına nəzarəti həyata keçirirdik. Ulu Öndərin səfərləri zamanı onun qatarı hələ yola düşməmişdən qabaq xüsusi bir vaqon göndərirdik, əvvəlcədən həmin dəmiryolunun sazlığını yoxlayırdı. O qaydaya əsasən, yol keçidlərinin hər birində polis postları olurdu. Mənim də işlərim içində həmin postların işini yoxlamaq var idi. Əgər görsəm ki, yoxdur, dərhal DİN-ə məlumat verirdim, məsələ aradan qaldırıldı. Yəni Heydər Əliyevin mühafizəsinə bu qədər ciddi fikir verilirdi. Yaxud Ulu Öndər, tutaq ki, Yevlaxa gəlirdi. Biz görürdük ki, səhər 7 tamamda artıq hazır olurdu. Özü də belə səfərləri zamanı qətiyyən kostyum-qalstuk geyinməzdi. Tarlalara getmək üçün nəzərdə tutulmuş geyim geyinirdi, ayağında da uzunboğaz çəkmə olurdu.
Bərdənin birinci katibi var idi, Rüstəm Səfərəliyev. SSRİ Əmək Qəhrəmanı idi. Ulu Öndər onu çox istəyirdi. Bəzən Heydər Əliyevi o qarşılayırdı.
Bax beləcə bir neçə dəfə olub ki, Heydər Əliyevi bu cür səfərlər zamanı müşayiət etmişəm. Tək mən yox, onun mühafizəsində Mərkəzin özündən də əməkdaşlar olurdu, sistemli şəkildə mühafizəsi həyata keçirilirdi.
Xatırlayıram, bir dəfə pambıq tarlalarının birində idik. Tarlanı gəzir, diqqətlə hər şeyə baxırdı. Axırda hamı ilə söhbət zamanı Ulu Öndər dedi ki, manqa başçısı kimdir? Bir nəfər dedi ki, yoldaş Əliyev, mənəm. Ulu Öndər qayıtdı ki, pis deyil, yaxşı baxırsan, görürəm. Amma bir sualım var, düzünü de: neçə dəfə buranı suvarmısan? Manqa başçısı dedi ki, 3 dəfə. Bunu eşidən kimi Ulu Öndər gülümsədi və dedi: yox, düz demədin, iki dəfə suvarmısan. Hamı da məəttəl baxır. Dedi, bilirsən, haradan bildim? Mən pambıq koluna baxıram, üstündəki qozaları görürsənmi? Bax mən saydım, 25 qoza var, sən əgər 3 dəfə suvarsaydın, 30 olardı. Dedi, mən səni başa düşürəm, sənin planında var idi, sadəcə mən iki gün tez gəlmişəm deyə, belə olub.
Ulu Öndər çox sadə adam olub, haqqında saatlarla danışmaq olur. Onu da deyim ki, sadə olduğu qədər həm də tələbkar idi.
– Azər müəllim, 1967-ci ilin əvvəllərində Dağlıq Qarabağda yaşayan milliyyətcə erməni olan şəxs qətlə yetirilmişdi. Siz materiallarla tanış idiniz, ona görə bunu da soruşmaq istədim.
– Bəli, doğrudur. Mən sonradan o materiallarla tanış oldum. Bu fakt doğrudur. Bu hadisə məişət zəminində olmuş bir fakt idi. Həmişə ermənilər münaqişə salmağa, söhbəti böyütməyə çalışırdılar. Hadisə var idi, əlbəttə. Bu da su üstündə olmuş bir hadisə idi. Kənd yeri olub, biri deyib suyu birinci mən istifadə edəcəyəm, o biri deyib ki, yox mən. Nəticədə, atəş açılıb, göyə atmaq istəyib, necəsə olub, güllə oradakı uşağa dəyib və uşaq da ölüb.
– Amma bu söhbət çox böyüdü. Onların qisası məsələsi də oldu.
– Bəli, bəli. Onu deyirəm axı, ermənilər hər vəchlə bütün bu cür münaqişələri böyüdürdülər. Cinayət işi açılmışdı, bu adamlar məhkəmə salonuna xüsusi maşınla aparılanda ermənilər qisas məqsədilə maşının qabağını kəsib maşına od vurublar. Nəticədə, 3 nəfər azərbaycanlı orada yanıb həlak olub. Guya bu, onların qisası idi.
– Bu cinayət işi prosesinə Ulu Öndər nəzarət edirdimi?
– Bəli, birbaşa özü nəzarət edirdi. Hətta özü şəxsən hadisə yerinə gəlmişdi. İstintaqı aparan komitəyə çox ciddi tapşırıq vermişdi. Əslində, bu işi prokurorluq aparmalı idi, amma şikayət yazıldı ki, azərbaycanlılar bizi sıxışdırır-filan, bu səbəbdən, Moskvadan icazə alındı və işi bizim istintaq şöbəsi aparası oldu.
Sizə bir şeyi də deyim, əgər Heydər Əliyev bu cür proseslərin qarşısını almasaydı, 1987-88-ci ildə olmuş Sumqayıt hadisələri məhz 1967-ci illərdə baş verəcəkdi. Çünki ermənilər dayanmırdı. Camaatı ən son həddə qədər qızışdırır, torpaq iddiaları qaldırırdılar.
– Həmçinin 1967-ci ildə SSRİ tərəfindən təsdiqlənmiş bir qərar var idi ki, Ermənistana Azərbaycan ərazisindən 2000 hektar ərazi verilməlidir. Amma yenə də Heydər Əliyev bu gedişata mane olur.
– Doğrudur. Siz bilirsiniz ki, azərbaycanlıların ümumiyyətlə o ərazilərdən çıxarılması digər bu kimi şeylər məhz Moskva tərəfindən hazırlanırdı. Götürək elə 1948-ci ili. Nə qədər bəhanələrlə azərbaycanlılar oradan çıxarıldı. Guya işçi qüvvəsi lazımdır, kənd təsərrüfatı axsayır və s. Aydın məsələdir ki, bu, yalnız və yalnız torpaq iddiasıdır. Ermənilər bunu öz imkanları daxilində edə bilməzdi, onlara dəstək var idi.
Siz deyən fakt da tamamilə doğrudur. Heydər Əliyevin həmin dövrdə nüfuzu çox yüksək idi. Bu səbəbdən, Ulu Öndər çox ciddi əsaslarla çıxış elədi, uydurma faktların qarşısına konkret faktlar qoydu və nəticədə, dediyiniz kimi, gedişat yarımçıq qaldı, plan həyata keçirilə bilmədi.
– Azər müəllim, Xankəndində guya tarix və mədəniyyət abidələrini qoruyan “Krunk” adlı təşkilat yaradılmışdı. Ümumiyyətlə, bu təşkilatın yaradılması prosesi necə oldu, sizin xəbəriniz var idimi, ya necə?
– Bəli. Mən Gəncəyə təyinat almışdım, artıq 2-ci il idi ki, vəzifədə idim. Nəqliyyat, dəmiryolu və digər sahələrə daimi nəzarətimiz var idi. O vaxt Xankəndi ərazisində KQB-nin böyük bir idarəsi var idi. Buna baxmayaraq, nəqliyyata biz nəzarət edirdik, onlara tabe deyildik. Sizə dəqiq deyim ki, bu da Heydər Əliyevin xüsusi bir planı idi ki, nəzarət mütləq şəkildə bizdə olsun. 1978-ci ildə Xankəndinə də dəmiryolu çəkildi. Özü də bu dəmiryolu, dediyim kimi, Ulu Öndərin təşəbbüsü, tələbi və xahişi ilə çəkilmişdi. Çünki Moskva bu qədər böyük vəsaiti vermək istəmirdi. Xülasə, dəmiryolu çəkildi. Bundan sonra artıq mənim Xankəndində adamım, agentim olmalı idi. Çünki gedən proseslərdən xəbərdar olmalı idim. O ərəfələrdə diqqətimi bir cavan oğlan çəkdi, bir xeyli onu araşdırdım, anladım ki, bizim işimizə yarayır.
– Azərbaycanlı idi?
– Yox, erməni idi, haradasa, 22-23 yaşı olardı. Texniki İnstitutu İrəvanda bitirib gəlib dəmiryolunda siqnal və işarələrlə bağlı qurumda mühəndis kimi işləyirdi. Bunun sənədləri ilə tanış olub rəhbərliyə bu haqda məlumat verdim. Eyni zamanda, onu başqa mənbələrdən də öyrəndim, ailəsini araşdırdım. Nəticədə, aydın oldu ki, bununla işləmək olar və mən onu işə cəlb elədim. Mütəmadi olaraq, məni oradakı proseslərlə məlumatlandırırdı.
– Siz aranızda əlaqəni necə qurmuşdunuz?
– Biz tamamilə ayrı yerlərdə görüşürdük. Bir-birimizə müəyyən işarələr verib ya Ağdamda, ya Bərdədə görüşürdük. Görüşlərimizin birində dedi ki, – özü də aksentlə danışırdı – Xankəndinə Ermənistandan adamlar gəlir. Mən də dedim ki, normal haldır. Qayıtdı ki, Azər müəllim, yox, bunlar siyahı tutublar. Adamlara qol çəkdirirlər ki, Dağlıq Qarabağ vilayəti Ermənistana birləşmək istəyir. Azərbaycan ərazisi kimi qalmaq istəmir. Bunlar imza toplamaqla məşğuldurlar. Hətta mənə də qol çəkdirmək istədilər, amma mən razı olmadım. Qol çəkmədim, dedim ki, mənim istəyimlə olmaz ki, buna dövlət baxmalıdır.
Bir şeyi də deyim ki, mən onu qabaqcadan təlimatlandırmışdım ki, bu cür işlərə qətiyyən qol qoymasın. Təşkilat kimi də sizin dediyiniz “Krunk”un adını çəkdi. Dedim, sən bunu eşitmisən, ya dəqiq deyirsən? Dedi ki, dəqiq bilirəm. Mən danışıram 1978-ci ildən, bu illər üçün belə bir məlumat çox ciddi məlumat idi. Gecə ikən qayıdıb gəldim, rəisə elə gecə ikən də bildirdim ki, ciddi bir problem var. Dedi, çox ciddidirsə, gəlim? Dedim, gəlin. Gəldi, materialla tanış oldu. Dedi ki, hə, çox ciddi məsələdir, səhər Bakıya məruzə edərəm. Onda sədr Yusifzadə idi, ona məsələni məruzə elədi. Yusifzadə məlumatı verən adam haqda sorğu-sual etdi. Tapşırıq verdi ki, rəis özü də məlumatı verən adamla görüşsün. Bizim rəis həm də əvvəllər kəşfiyyatçı olmuşdu. Bir görüş təşkil elədik – Bərdədə. Məxfi bir yerimiz var idi, sırf bu görüşləri orada keçirirdik. Rəis həmin adamı xeyli sorğu-sual elədi. Yekunda da mənə dedi ki, mən qayıdıram, amma sən qal burada, başqa mənbələri də araşdır. Mənim mənbəm az idi, amma bir neçə namizədim var idi. Dedim, icazə verirsinizsə, onları da danışdırım. Dedi, elə və danışdıqlarını da yaz ki, əlimizdə əsas olsun. Xülasə, 3 nəfərlə görüşdüm, onlar da təsdiqlədi. Biri hətta dedi, məni qorxutdular ki, qol çəkməsən, başını ağrıdacaqlar. Hamısı yazıb sənədləşdirdim, gətirib verdim rəisə. Tanış olub dərhal Ziya Yusifzadəyə zəng vurdu, yeni faktları bildirdi. O da dedi ki, bütün bunları ümumiləşdirib məktub formasında yaz göndər mənə. Göndərdik. Mən gözləyirdim ki, bu qədər faktdan sonra Moskva nəsə edəcək, tədbir görəcək, kimlərsə həbs olunacaq.
– Olmadı?
– Heç bir şey! Bir az keçdi, maraqlandım ki, nə oldu bəs? Rəis qayıtdı ki, bilmirsən Moskvanı? Dedilər, boş şeydir.
– Moskva onları müdafiə edirdi, ya necə?
– Bilirsiniz, etinasız yanaşırdılar. Deyirdilər ki, onsuz bu iki xalq arasında ədavət var. Siz onlardan şikayətçisiniz, onlar da sizdən. Mən sizə deyim ki, elə SSRİ-nin süqutu da məhz bu Qarabağ söhbətlərindən başladı.
– Azər müəllim, onda belə deyə bilərik ki, “Krunk”u Moskvanın razılığı ilə yaratmışdılar?
– Bəli, “Krunk” cəmiyyətini Ermənistanın xüsusi xidmət orqanları Moskvanın razılığı ilə yaratmışdılar. Sözsüz ki, bu belə idi. Bir də ki, bu cəmiyyətə erməni lobbisi dəstək verirdi. Ümumiyyətlə, erməni lobbisinin diktəsi ilə fəaliyyət göstərirdilər.
1950-ci ilin əvvəllərində Suriyadan Ermənistana çoxlu erməni əsilli miqrantlar gəldi. Erməni lobbisi öz adamları məhz o miqrantların içərisinə salıb, yaxud elə onları öz adamlarına çevirib göndərmişdilər. Yəni bizə qarşı görülən işlər bax belə başladı.
– “Krunk”dan başqa hər hansısa bir təşkilat, ya cəmiyyət var idimi?
– Yox, yox. Təkcə o idi və idarə olunan, əvvəlcədən planlanan bir təşkilat idi. Moskva da icazə vermədən biz burada heç kəsi məsuliyyətə cəlb edə bilmirdik. Ona görə də o cəmiyyət belə genişləndi. Bir də ki, Qarabağda bu hadisələrin cərəyanı və onun pik həddə çatması Heydər Əliyevin 1987-ci ildə işdən azad olunması səbəb oldu. Çünki Heydər Əliyev orada olduğu müddətdə hər şeyin qarşısını ala bilirdi. O ki vəzifədən getdi, bax bu hadisələr belə inkişaf eləməyə başladı. Orada qeyri-millətdən olan Ukraynanın birinci katibi var idi, bir nəfər Qazaxıstandan, bir də Heydər Əliyev, vəssalam.
– Heydər Əliyevin vəzifədən kənarlaşdırılmasında ermənilərin hər hansı rolu olub?
– Şübhəsiz. Ermənilərin bir Xaç atası var idi, akademik Aqambekyan. O dövrdə Heydər Əliyevi həmin vəzifədən kənarlaşdırılmasında onun böyük rolu olmuşdu. Bu proses də erməni lobbisinin diktəsi ilə həyata keçirilmişdi. Ulu Öndər vəzifədən gedəndən sonra artıq ermənilərin əli-qolu necə lazımdırsa, açıldı.
– Əslində, sizdən soruşacaq çox sualım var, ona görə bəzən mövzudan mövzuya rabitəsiz keçməyə məcbur qalıram. Növbəti sualım odur ki, 1967-ci ildə Heydər Əliyevin məktublarının birində göstərilir ki, Xankəndində bəzi küçələrdə erməni dilində vərəqlər yayılıb.
– Bu özü də pozuculuq fəaliyyətinin bir növü idi. Şüarlar hazırlanırdı, gecə ikən şəhərin görünən yerlərinə həmin yazıları yapışdırırlar.
– Əsasən şüarları nə idi?
– “Biz Azərbaycan ərazisində yaşamaq istəmirik”, yaxud “Ermənistana birləşmək istəyirik” və s. Yəni, dediyim kimi, sırf pozuculuğa hesablanmış ifadələr. Heydər Əliyevin sayəsində sərəncam verildi, məsələ araşdırıldı, fəalların hamısı tapılaraq məsuliyyətə cəlb olundu. Bilirsiniz, Heydər Əliyev erməni milliyyətçilərini daima diqqətdə saxlayırdı. Ən adi bir pozucu fəaliyyəti görən kimi, ya hiss edən kimi dərhal tədbir görür, fəaliyyətə keçirdi.
– Azər müəllim, gələk Xankəndi talanlarına. Proses necə başladı və necə inkişaf elədi? Yəqin ki, “Krunk”un fəaliyyətinin rolu burada olub.
– 1985-1986-cı ildən dediyiniz “Krunk” artıq pozuculuq fəaliyyətini açıq formada davam etdirməyə başladı. Hətta İrəvandan Qarabağa – Xankəndiyə silah-sursat daşınırdı, ermənilər silahlandırılırdı. İnqilaba hazırlaşdılar.
– Onda belə çıxır ki, inqilaba hazırlıq getdiyindən bizim təhlükəsizlik orqanlarının məlumatı var idi.
– Əlbəttə, var idi. Özü də məlumatı alan kimi Heydər Əliyev özü şəxsən qrup yaratdı. Prokurorluq, polis, təhlükəsizlik xidməti orqanlarından və deputatlardan ibarət komanda yığıldı. Biz gedirdik Qarabağa, komissiya olaraq əvvəlcə müraciət edirdik ki, kimdə qanunsuz silah varsa, gətirib təhvil versin. Kim gətirib verirdisə, xəbərdarlıq edilirdi ki, bundan sonra sizdən yenə silah tapılsa, məsuliyyətə cəlb olunacaqsınız. Bizim bu apardığımız tədbirlər bəhrəsini verirdi. Heç olmasa, 100 nəfərdən 70-i qorxub silahlarını təhvil verirdilər. Amma qalanlarında qalırdı axı.
– Bax deyirsiniz ki, adamlardan silahı alıb xəbərdarlıq edirdiniz. Bunu Moskvaya məruzə etdikdə onların reaksiyası nə olurdu? Yəni ortada qanunsuz silah faktı var, bu cinayət işi sayılır.
– Məsələ də burasındadır ki, biz deyirdik ki, bu adamda qanunsuz silah var, amma onlar cinayət işi qaldırmırdılar. Belə-belə proses başladı inkişaf etməyə.
O dövrdə Ermənistanda yaşayan azərbaycanlılar da artıq oradan qovulmağa başladı. Evlərindən iynə belə götürməyə qoymurdular, piyada, əli-ayağı yalın formada. Yəni ən ağır, ən qəddar formada həyata keçirildi. Ona görə də azərbaycanlılar da artıq etirazlar etməyə başladılar. Xatırlayıram, 200-ə yaxın azərbaycanlı Xankəndinə getmişdi. Onda artıq Qarabağın o ərazisi özlərinə görə Azərbaycandan ayrılmışdı. Məhz o zaman həmin gedən adamlardan ikisini güllə ilə vurmuşdular. Bu hadisədən sonra artıq müharibə qaçılmaz idi. Amma elə oldu ki, kolxoz sədri Xuraman xanım – Sosialist Əməyi Qəhrəmanı idi – gəldi və yaylığını kişilərin qabağına atdı. Bunun da mənasını bilməyən yoxdur. Bununla da məsələ bitdi. Məhz o dövrdə Ermənistandan qaçıb gələnlərin bir qismi Sumqayıta yerləşdi və Sumqayıt hadisələri də başladı yavaş-yavaş qızışmağa. Bütün bunlar təsadüfən, ya öz axarı ilə olmurdu. Bu planlanmış formada həyata keçirilirdi və Ermənistan xüsusi xidmət orqanları burada əsas rol oynayırdılar.
Sumqayıt hadisələri baş verəndə sərəncam gəldi, 3 nəfərlik komanda ilə Sumqayıta getdik. Bizdə şöbə rəisi olan Yasif Nəsirov da bizimlə idi. Gedib gördük ki, bu proses də əvvəlcədən qurulub, plan əsasında həyata keçirilir. Ümumiyyətlə, proses zamanı istintaq aparmaq üçün azərbaycanlıları yaxın buraxmadılar. Moskva prokurorluğunun müstəntiqi cəlb olundu. Qəti şəkildə yerli xidmət orqanlarından adam buraxılmadı.
Hələ Sumqayıt hadisələri olmamışdan qabaq yoxlayıb gördük ki, Sumqayıtdakı ermənilərin doxsan faizi neçə ildir, ermənilərə pul köçürürlər. Məsələn, Petrosyan adlı adam İrəvana hər ay filan qədər pul köçürüb. Deməli, bu fəaliyyət burada da aparılırdı. Kim ki “Krunk”a dəstək göstəribsə, onlara dəymirdilər, kim ki imtina edib, o adamların evləri qarət olunurdu, ya öldürülürdü.
– Ümumiyyətlə, Ermənistan və Azərbaycan xüsusi xidmət orqanlarının münasibəti nə yerdə idi? Nəzərə alsaq ki, eyni dövlətin tərkibində olmuşuq.
– Dediyiniz kimi, bir dövlətin tərkibində olmağımız açıq formada ədavətə imkan vermirdi. Onlar daim gizlin formada pozuculuq fəaliyyəti görürdü, biz xəbər tuturduq, Moskvaya müraciət edirdik, amma dediyim kimi, bu məsələlərə o qədər də isti münasibət bəslənilmirdi.
O dövrdə onların diversiya qrupları iki dəfə metroda terror təşkil etmişdilər. Həmçinin iki dəfə də avtobusda partlayış törədildi. Bütün bunlar hamısı insan tələfatı demək idi. Və məqsəd də o idi ki, hakimiyyətə gələn Heydər Əliyevə qarşı xalqda inamsızlıq formalaşdırılsın. Yəni əhalidə rəhbərliyə qarşı inamsızlıq yaratmaq istəyirdilər, bu da bir plan idi.
– Azər müəllim, danışdığınız dövrdə Azərbaycan xüsusi xidmət orqanlarında işçi azlığı məsələsi də olub. Bunun səbəbi nə idi?
– İşçilər var idi, sadəcə məsələ o idi ki, Cəbhəçilər hakimiyyətə gəldiyi vaxt yaşlı, təcrübəli əməkdaşları orqandan xaric elədilər. Bu da böyük bir boşluğun yaranmasına səbəb oldu. O dövrdə mənim 10 illik təcrübəm var idi. Amma məndən çox-çox qabaq fəaliyyətdə olan əməkdaşlar var idi ki, onların hamısı göndərildi. Əvəzində isə küçədən, oradan-buradan öz adamlarını yığdılar. Təcrübəsiz adamlar axı belə bir orqanda nə edə bilər?
O vaxt birinci müavin var idi – Sülhəddin Əkbər. O məni çağırıb dedi ki, siz bilirsiniz, sizi burada niyə saxlamışam? Dedim, yox. Dedi, elə bilməyin ki, mən sizin ala gözünüzə aşiq olmuşam, xeyr. Məqsəd odur ki, siz bu yeni gələn uşaqları öyrədəsiniz. Mən də dedim ki, onu zaman göstərər. Aradan altı ay keçdi, məni yenidən çağırdı. Dedi ki, axı bunlar bu altı ayda heç nə öyrənə bilməyib. Bu nədir? Dedim, mən sizə demişdim axı. Onların adicə xətlərini göstərdim ki, bunlar heç yazı yaza bilmirlər.
Demək istədiyim odur ki, o dövrdə biz Ermənistan xüsusi xidmət orqanlarının qarşısında bəzən ona görə zəif qalırdıq ki, kadr çatışmırdı. Amma bütün bunlara baxmayaraq, o cinayətlərin açılmasında çox dəqiq işlədik və müqəssirləri, icraçıları tapdıq.
– Bayaq silsilə törədilən partlayışlar barədə danışdınız. Bəs o partlayışların konkret hansı cəmiyyət, ya təşkilat, qrup tərəfindən təşkil olunduğu bilindi?
– Partlayışı təşkil edən adam “Sadval” cəmiyyətinin üzvü idi. Yəni vəziyyət qarışıq idi. Və ermənilər metrodakı hadisəni bir nəfər ləzginin əli ilə eləmişdilər. Özü də bu adamın anası ermənilər tərəfindən əsir götürülübmüş. Buna deyiblər ki, sən bizə kömək ol, yaxşı olacaq. Öyrədiblər, buna 3 aylıq təlim keçirilib. Ondan sonra da deyiblər ki, ananı gətir qoy yanımıza, get hadisəni törət, sonra da gəl ananı götür. Bir növ, anasını girov qoyub.
Xülasə, partlayış oldu, bu bizim üçün çox faciəvi hal idi, orqan adına gecə-gündüz istintaq aparırdıq. Buna vəd ediblər ki, bu işi görürsən, 50 min dollar alacaqsan. Əvvəlcədən 5 minini veriblər, qalanını da ananı aparmağa gələndə verəcəyik deyiblər. Və buna deyiblər ki, partlayıcı maddəni saatla qoymuşuq. Partlayıcı qurğunu qoy vaqonda, növbəti stansiyada düş, ondan sonra partlayacaq.
Hadisə yerindən partlayıcı qurğunu qoyduğu çantanın bir hissəsi, vəsiqəsi və “Sadval” yazılan bir kart tapılmışdı. Biz bu dəlillərlə Qusara gəldik, orada Komitənin bölməsi var idi. Onlardan bütün “Sadval”ın siyahısını götürdük. Vəsiqədəki ad oradan çıxdı. Adı Azər idi. Gördük ki, bacısı Texniki İnstitutda 3-cü kursda oxuyur. Gəldik onun evinə, qardaşı haqqında soruşduq ki, haradadır? Dedi ki, qardaşım Moskvada işləyir. Dedik, onu nə vaxt görmüsən? Dedi, 2 gün qabaq. Soruşduq ki, nə geyinmişdi? Geyimini və əlində bir çantanın olduğunu dedi və beləliklə, biz hər şeyi müəyyən etdik. Hətta nəticə elə çıxdı ki, bu partlayışın törədilməsində SSRİ KQB-sinin əməliyyat müvəkkilinin də rolu olub, onun rəhbərliyi altında olub. Görün gedib haralara çıxa biliblər?
Demək istədiyim odur ki, hadisənin qarşısını məhz belə səbəblərdən ala bilmirdik.