Kulis.az gənc yazar Nihat Pirin “Avroviziyada bayraq qalmaqalına sözardı" adlı yazısını təqdim edir.
Təxminən, 4-5 il bundan əvvəl ABŞ-ın idman mallarının fotoreklamı ilə məşğul olan agentliklərindən biri üzərində bir sıra dövlətlərin, o cümlədən, Azərbaycan bayrağının da əks olunduğu bikini geyimlərini nümayiş elədi. Bu hadisə ölkəmizdə, xüsusən də, feysbukda heç də birmənalı qarşılanmadı. Adamların dövlətin əsas atributlarından biri sayılan bayrağın alt paltarının üzərində əks olunmasına qəti şəkildə etiraz eləmələri və hətta ABŞ səfirliyinə müraciət də ünvanlamaları gündəm oldu.
Ümumiyyətlə, ABŞ və digər bu qəbildən olan dövlətlərdə bayraq formasında alt paltarlarının hazırlanması və satışı çox yayğın bir hal alıb. Hətta bunu vətənpərvərlik kimi də dəyərləndirirlər desək, yanlış olmaz. Ona görə də qarşımıza çıxan əksər xarici fotomodellərin ən azından, beşindən birinin ABŞ bayraqlı bikini ilə fotosesiyasının olduğunu görürük.
Amma sözügedən məsələ bizdə və ümumən Şərq cəbhəsində, tamamilə qəbuledilməzdir. Bayraq müqəddəs bir məfhum olub hər bir vətəndaş üçün hörmət bəslənilməsi gərəkən nəsnədir.
Hətta bu yaxınlarda Dövlət Universitetlərindən birində tələbənin distant təhsil zamanı başına bayraq dolaması və rəqs eləməsi də ciddi müzakirələrə səbəb olmuşdu. Kəsəsi, bizdə bayraq hər bir vətəndaşın ən həssas nöqtələrindən biridir.
May ayının 18-i Hollandiyanın Rotterdam şəhərində təşkil olunan 65-ci “Avroviziya” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Samirə Əfəndinin rəqqas komandasının bayraqla davranışı da sosial şəbəkədə ciddi çaxnaşmaya səbəb oldu. Belə ki, Əfəndinin komandasında yer alan əcnəbi rəqqaslardan birinin kameraya əl eləmək məqsədi ilə bayraqla uyğunsuz rəftar eləməsi ölkəmizdə böyük etirazlara səbəb oldu. Samirənin səhnə geyiminin də bir az açıq-saçıq olması onu lap “müdafiəsiz” duruma salsa da, “Avroviziya havası”ndan doğan həyəcan və eyni zamanda yuxarıda bəhs elədiyim “başqa millətlərdə bayrağa yanaşma tərzi” məsələsi etirazlara çox da haqq vermədi.
Sözügedən hərəkət Samirə Əfəndini günah keçisinə çevirənlərə qəti şəkildə haqq verməsə də, bütövlükdə, artıq Azərbaycanın kifayət qədər “Avroviziya” təcrübəsi olmasına rəğmən “niyə heyətində hələ də əcnəbilərə ehtiyac duyur?” sualını verməyə əsas verir.
Azərbaycan 2008-ci ildən davamlı şəkildə sözügedən müsabiqəyə qatılır və kifayət qədər ciddi nəticələr qazanır. Bir dəfə birincilik, bir dəfə ikincilik, bir dəfə də üçüncülük qazanmağımızla yanaşı, ümumi statistikamızın da qənaətbəxş olması müsabiqəyə ciddi önəm verməyimizdən xəbər verir. Bu müəyyən mənada başadüşülən haldır ki, kiçik ölkə kimi Avropada adımızdan söz etdirməkdən ötrü mümkün bütün vasitələrə əl atmağımızda qeyri-normal nəsə yoxdur. Məsələn, Böyük Britaniya olsun, İtaliya, yaxud, İspaniya kimi ölkələr müsabiqəyə loru dillə desək, “xala xətrin qalmasın” gözüylə baxırsa, bizim müsabiqədən umacağımız çox şey var.
Yazının düyün nöqtəsini də elə burdaca təyin eləmək istəyirəm ki, 2008-dən bu yana müsabiqəyə təqdim etdiyimiz mahnılardan yalnız və yalnız debüt çıxışımızdakı “Day after day” mahnısının sözləri və musiqisi azərbaycanlı müəlliflərə aid olub. Ondan sonra qatıldığımız bütün illərdə mahnının sözləri və musiqisi (səhnədə ifaçılara dəstək verən komanda üzvləri də daxil) əcnəbi müəlliflərə məxsus olub ki, bu da böyük Avropa səhnəsində ikən “fürsətdən yararlanmaq” kimi bir şansımızı istifadə eləməyimizə əngəl törədir. Elə müsabiqəyə bu il təqdim etdiyimiz mahnı da həmin problemdən əziyyət çəkdiyimizin bariz nümunəsidir.
Əfəndinin səs imkanları və ümumi səhnə performansı kifayət qədər uğurlu olsa da (ilk beşliyə girəcəyini də təxmin eləmək olar) mahnının məzmunu hamı kimi mənim üçün də anlaşılmazdır. Haqqında araşdırma apararkən qarşımıza çıxan iki nəticənin birləşməsindən - fahişə və cəsusdan yaranan bu obraz Azərbaycan üçün hansı əhəmiyyəti kəsb edir?
Ümumiyyətlə, yazının bu yerində verdiyim sualı bir neçə tərzdə ifadə eləmək olar. Amma istənilən halda, mahiyyət dəyişmir. Azərbaycan üçün Mata Hari və onun fahişə (feministlər üçün xüsusu qeyd: Mata Hari edam olunarkən son sözündə özü bunu etiraf edib. ”Mən fahişəyəm, amma satqın deyiləm”) və casus həyatı niyə mövzu olub ki?
Sualı yazıda qeyd etdiyim üçün həm də özümə vermiş oldum ki, bir az da bunu araşdırmağa çalışdım. Konkret əsaslana biləcəyimiz ciddi nəsə tapa bilməsəm də mahnının sözlərinin müəllifinin niderlandlılar olmasında dayandım. Aydın məsələdir ki, niderlandlı biri dünyada adından söz etdirən başqa bir niderlandlını “vəsf” eləməkdə sərbəstdir. Demək, bu boyda həngamədə tapıb və kürəyimizi söykəyə biləcəyimiz yeganə fakt budur. Ki Azərbaycanın Mata Harini özünə mövzu eləməsinin səbəni mahnının müəllifinin niderlandlı olmasıdır. Bir az da irəli getsək, müsabiqənin də Niderlandda təşkil olunmasını əsas gətirib naçar situasiyamızla baş-başa qala bilərik.
Bəs öz müəlliflərimiz Avropa səhnəsi üçün nəyi mövzuya çevirə bilərdi?
Sual haqda çox da dərin düşünməyə gərək yoxdur. Yazının əvvəlində də qeyd elədiyim kimi müsabiqədəki debüt çıxışımızda mahnının sözləri və musiqisi yerli müəlliflərin idi. Musiqisi Gövhər Həsənzadəyə, sözləri isə Zəhra Bədəlbəyliyə məxsus “day after day” (Azərbaycan dilində “günbəgün”) mahnısında Azərbaycan mifologiyasının əsas sturukturu olan “şeytan və mələk” yəni, “xeyir və şər”, “yaxşılıqla yamanlıq” obrazları yaradılmış və müəyyən prosesdən sonra şeytanın da mələkləşməsinin mümkünlüyü, yəni, sonluğun həmişə yaxşı ola biləcəyi göstərilmişdi. Ki bu mövzu da əfsanə və rəvayətlərimizdə, ümumiyyətlə, ədəbi düşüncəmizdə həmişə sütun mövzulardan olub.
İfaçılar Samir və Elnur da mahnının öhdəsindən layiqincə gəlincə səhnədəki “mələk və şeytan” obrazı kifayət qədər maraq yaratmışdı. Hətta keyfiyyət baxımından bu günə qədər yazılmış ən uğurlu mətn də məhz sözügedən mahnıda olub. Deməli, bizim isveçli, norveçli, niderlandlı müəlliflərə ehtiyac duymadığımızı təkcə bu iki müəllif (Gövhər Həsənzadə, Zəhra Bədəlbəyli) hələ 13 il bundan əvvəl sübut edib. Amma bu ilk və son olub. Necə ki Əfəndi iki gün əvvəl Rotterdam səhnəsindən bütün Avropaya səslənirdi:
Mən tanrısız bir cəsusam,
Cəsusam, hər şeyi ortaya çıxarıram.
Bütün sirlərinizi açacam,
İndi məni heç nə dayandıra bilməz!
Mən yalançıyam,
Şəhvət oyunu oynayıram,
Sağ qalan heç kəsi yaşatmayacam!