İnsanlar Mir Yusifə niyə qulaq asır? ­

Mir Yusif, Xalq artisti

Mir Yusif, Xalq artisti

9 mart 2023
# 17:00

Kulis.az Nihat Pirin “Mir Yusifin mahnı mətnlərində bədii-fəlsəfi çalarlar” adlı yazısını təqdim edir.

Üstünüzə sağlıq, analoqu olmayan formada xəstələnmişəm. Allahın adı və varlığına şükür ki, sadəcə qripdir. Amma bu “sadəcə”nin içində nələr varmış, onu bircə mən bilirəm.

Düz bir həftədir, yeməkdən, sudan kəsilmişəm. Düz bir həftədir, yatağa məhkumam. Düz bir həftədir, öskürməkdən beyin qapaqlarım laxlayıb. Düz bir həftədir, bədən temperaturum o qədər qalxıb-düşüb ki, özümü qaz sobası kimi hiss edirəm.

Xülasə.

Adını çəkməyəcəyim xəstəxanaya və oranın sayılıb-seçilən həkiminə müraciətim əsnasında dönə-dönə tapşırdım ki, mənə antibiotik düşmür. Əsgərlikdə yoxladılar, az qaldı ki, şok keçirim. Oradan yadımda qalıb. Dedi, yaxşı. Resept yazdı, gedib aldım, düz 78 manat saydım, evə gəldim, dərmanları tanış başqa bir həkimə göndərdim. Dedi ki, bunlardan ikisi antibiotikdir, ehtiyatlı ol.

Davamını yazmıram.

Ya da yox, qoy bir cümlə ilə ifadə edim, ürəyimdə qalmasın: Azərbaycanda ancaq azərbaycanlılar sağ qala bilər.

Evdə təkəm. İşə də gedə bilmirəm. “Youtube”də mahnı-filan qoşub uzanıram. Bu “Youtube”nin çox pis bir xüsusiyyəti var ki, sənin mahnı zövqünü qatlayır qoyur bir qırağa. Uzağı, 3-5 mahnını sənin istəklərinə uyğun edir, ondan sonra başını buraxır. Ağzına və ağlına nə gəldi, necə gəldi, sıralayır. Elə bu səbəbdəndir ki, əzizimiz Mir Yusifin, demək olar ki, bütün mahnılarına məcburiyyətdən qulaq asmalı oldum. Allah haqqı, prinsipə düşməmişəm, sadəcə xəstəlik məni əldən salıb, yerimdən qalxıb mahnını dəyişməyə ərinirdim.

Bir müddət əvvəl özümün “Facebook” hesabımda Mir Yusifin ifasını, mahnılarını və ona qulaq asanları balaca bir postla tənqid eləmişdim. Rəylərin 80 faizi mənimlə razılaşmamışdı. Hətta məni bullinqdə günahlandıran da olmuşdu.

Halbuki mənim balaca postum özündə sadəcə bu həqiqətləri əks etdirirdi:

Mir Yusif nə oxuyur?

Mir Yusif necə oxuyur?

Mir Yusif niyə oxuyur?

Mir Yusifə kimlər, niyə qulaq asır?

Və ən nəhayət, Mir Yusif ölkənin ən prestijli məkanında – Heydər Əliyev Sarayında iki günlük konsertlə çıxış edə bilirsə, bu lüksü ona hansı tamaşaçı tanıyır?

Mənim suallarımda heç bir təhqir və gözügötürməzlik motivi yoxdur. Sadəcə mən Mir Yusif adlı reper-müğənniyə qulaq asa bilmirəm və qulaq asa bilməməyimdən çıxardığım məntiqli nəticə ilə adamları qulaq asmaqda, bir növ, ittiham edirəm.

İndi adamlar bu ittihamdan o qədər qıcıq oldu ki, məni bullinqdə belə günahlandırdılar.

Neynək? Fürsət məhz bu fürsətdir. Ki ilin-günün bu vaxtı xəstə halımla Mir Yusifin bütün yaradıcılığını beynimin və məntiqimin süzgəcindən keçirmək şansım oldu.

Kiçik bir ehtimal: Bəlkə də, elə məhz buna görə gec sağaldım.

Mir Yusifin ən məşhur və ən çox dinlənilən mahnılarından biri “Məktub”dur. Xəstəliyimin ən çılğın vaxtında dəng gəldiyim mahnının sözləri məni əməlli başlı lərzəyə gətirdi.

Mahnının nəqəratında belə bir-iki cümlə keçir:

“Sözümə inan, balam, sözümə inan,

Sözümdə nə quş var, nə də ki ilan...”

Əllərimi alnımda qoşalayıb tavana baxa-baxa müxtəlif variantlar düşünürəm: cavab yoxdur.

Öz-özümə sözügedən qoşa cümlədən doğan suallar verirəm:

– Bir insanın sözündə quşla ilanın olması nə deməkdir?

Lap tutaq ki, adamın sözündə quş da var, ilan da – Bunun nə anlama gəldiyini hələ də bilmirəm – nə olsun?

Cavab yoxdur.

Adamlara “Filan qədər pul verib konsertinə bilet aldığınız və saat yarım, iki saat guya feyziyab olduğunuz konsertdə qulağınıza, oradan beyninizə, oradan da ürəyinizə deyilən, axın edən sözlərə heç qulaq asmırsınız?” deyəndə, adamı ağ yuyub qara sərirlər.

Ay qardaş, ay bacı, ay xala, ay dayı, lap belə qulağınızı keçdik, onun işi eşitməkdir. Bəs beyin? Beyniniz “Sözümdə nə quş var, nə də ki ilan” cümləsini eşidəndə niyə “Nə?” sualını vermir? Lap deyək ki, beyin də yoxdur. Bəs ürək? O da heç nə demir?

Bəs axı ürək yaman şeydir...

Sevgili “Youtube”nin növbəti sürprizi Mir Yusifin “İthaf”ı oldu. Sizi and verirəm, Bakının küləyinə, aşağıdakı bənddəki misralar arasında əlaqəyə fikir verin:

Tanrı, sən qucaqla onu bərkdən,

Səndən başqası yoxdur ürəkdə.

Dostlar ağlayar gizlincə yenə,

Yerin çox görsənir deyə

Yaxşı insanlar tez gedər...

Özümə tanıdığım bir dəqiqəlik düşünmə şansını istəkli oxuculara da tanıyıram. Rica edirəm, yazını elə buradaca dayandırıb bu sözləri diqqətlə oxuyun. Lap ehtiyac olsa, mahnını tapıb dinləyə-dinləyə oxuyun. Və düşünün: burada nə baş verir?

Burada söhbət nədən gedir? Beş misranın heç birinin bir-biri ilə əlaqəsi yoxdur.

Rabitə yoxdur.

Kontakt yoxdur.

Fikirlər bitkin deyil.

Fikirlər yetişkin deyil.

Fikirlər bir-birini tamamlamır.

Fikirlər havada qalır.

Sevgilisinin tanrı tərəfindən qucaqlanmasını istəyən adam birdən-birə dostlarını ağladır – özü də gizlində. Amma niyə?

Bilmirəm, Allah haqqı, bilmirəm, nə deyim, necə deyim, bilmirəm.

Üzrlü sayın, xəstəyəm, daha davam edə bilmirəm. Amma yazının sonluğunu elə Mir Yusifin mahnı mətnlərində kimi verirəm:

Könlümə yaxşı bozbaş düşmüşdü. Tez qaçdım aptekə. Dünən qonşumu da yuxuda görmüşəm. Benzema da axır vaxtlar qan eləyir. Ürəyimi nişan al, Tanrıverdi dayı, dənizdə bir zırpı kişi batıb. Miriş! Gəl səni də aparım...

# 3034 dəfə oxunub

Müəllifin son yazıları

# # #