Kulis.az Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Əməkdar artist Loğman Kərimovun APA-ya müsahibəsini təqdim edir.
Loğman müəllimin oğlu – fotoqrafımız Orxanla Mahnı Teatrının həyətində görüşdük. Orxan deyir ki, atası müsahibə verməyi heç xoşlamır. Dedim, bilirəm. Dedi, onda böyük məsuliyyət altındasan. Üstəlik də, dünən ad günü idi...
Açığı, məsuliyyətimi bir də Loğman müəllimlə teatrın dar koridorunda görüşəndə hiss elədim. Loğman müəllimin kifayət qədər zəhmli görkəmi məni bir az qorxutdu da. Amma ad günü məsələsi ilə vəziyyətdən çıxa bildim.
– Loğman müəllim, ad günlərini qeyd etməyi sevirsiniz?
– Onu Orxandan soruş (Əli ilə Orxana işarə edir), sevmirəm, açığı. Amma sevdin, sevmədin, fərqi yoxdur, adamı təbrik edirlər. Sağ olsunlar, kifayət qədər təbrik aldım. Həm ailəmdən, həm sənət dostlarımdan, həm də ümumiyyətlə.
– Biz niyə Şuşa Dövlət Musiqili Dram Teatrında yox, burada görüşdük? Açığı, maraqlı gəldi.
– Şuşa Teatrının binasında hazırda olduqca qızğın məşqlərimiz gedir. Buna görə müsahibəni burada eləməyi daha münasib hesab elədim. İndi baxın, saat üçün yarısıdır, orada hazırda məşqin biri bitdi, yarım saat sonra digər məşq başlayacaq. Şuşa Teatrında iş çoxdur, bu da ondan irəli gəlir ki, Şuşa mədəniyyət paytaxtıdır. Bizim də amalımız o mədəniyyətin bir parçası olmaqdır. İstər uşaq tamaşaları olsun, istər böyük, istər musiqili, istərsə də digər – hər bir istiqamətdə iş gedir. Teatrın, Allah qoysa, Şuşaya qayıtmaq vaxtı gəlib çatacaq. O səbəbdən, biz istəmirik ki, oraya əliboş gedək. Heç olmasa, iki-üç illik repertuar planı qururuq. Bu da baş rejissor olaraq, mənim borcumdur.
– Teatrın məhsuldarlığı necədir?
– Keçən mövsümdə bizim teatrda 248 tamaşa oynanılıb. Bu da çox yaxşıdır, həddindən artıq yaxşıdır. Pandemiyadan sonra belə bir məhsuldarlıq təqdirəlayiqdir. Onu da qeyd edim ki, teatrımızda repertuarı elə qurmuşam ki, klassikaya daha geniş yer verilsin. Məsələn, Hüseyn Cavidin, Mirzə Fətəli Axundzadənin, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, İlyas Əfəndiyevin pyeslərinə müraciətlərimiz çox olur.
– Bəzən təndiqlər olur ki, teatrlar repertuarlarını yeniləmir, ancaq klassiklərə müraciət edir.
– Nihat bəy, klassik əsərlərdə aktyor da yetişir, rejissor da yetişir, rəssam da yetişir. Məsələ budur. Üstəlik, tamaşaçı da bir tamaşaçı kimi formalaşır və ən əsası, ölkəsinin klassiklərini tanımış olur. Bizim sənətimizin açarı budur.
– Bəs müasir dramaturqlarımızdan necə, kimlərin hansı əsərləri səhnələşdirilir?
– Bəli, olur, təbii. Bir neçə il öncə Asif Kəngərlinin “Bəla” əsərinin tamaşasını hazırlamışdım. Bu, narkomaniya ilə əlaqədar idi. Müasir dramaturgiya dedikdə düşünürəm ki, o əsərlər bu günün tələblərinə uyğun olmalıdır. Müasir dramaturgiya o demək deyil ki, bir oğlan bir qızı sevdi, məhəbbətləri nakam oldu. Yox. Mənim üçün müasir dramaturgiya bu günə hesablanmalıdır: məsələn, hazırda Qarabağ mövzusu çox aktualdır. Bu da səhnə əsərlərində öz əksini tapmalıdır. Mütləq.
– Loğman müəllim, Qarabağdan söz düşmüşkən. Yəqin, xatırlayırsınız, bir müddət öncə incəsənət sahəmiz sırf Qarabağ mövzusunu, xüsusilə Zəfərimizi yaxşı tərənnüm etmədiyindən kəskin tənqid olunmuşdu. Bəs sizin teatrınız Qarabağ və Zəfər mövzusunda hansısa tamaşa hazırlayıb?
– Bəli. Bir neçə ay əvvəl hazırlamışdıq. Bir neçə şair və yazıçının Vətən motivli əsərlərini bir yerə toplayıb Zəfər günü ilə əlaqədar “Dəmir yumruq” adlı bir tamaşa hazırlayıb nümayiş etdirdik. Onu da deyim ki, bu tamaşanı davamlı formada oynadıq və kifayət qədər maraq doğurdu. Müasir dramaturgiya mənim düşüncəmə görə, məhz budur. Yəni bu gün bizi maraqlandıran məsələ və problemlər əhatə olunmalıdır.
– Siz bayaq dediniz ki, teatrınızda uşaq tamaşaları da oynanılır.
– Bəli, uşaq dramaturgiyasına da xüsusi önəm veririk. Bizdə doqquza yaxın uşaq tamaşası var ki, bunlar mütəmadi olaraq, oynanılır. Ayda, heç olmasa, hər biri on-on beş dəfə oynanılır. Biz çalışırıq ki, nümayiş etdirdiyimiz tamaşalarda zalda oturan uşaqlar maariflənə bilsin. Bu bizim əsas qayəmizdir.
– Loğman müəllim, tamaşaçıların teatra marağı sizi qane edir?
– Azərbaycanda bu gün 27 dövlət teatrı var və bu teatrların zalında kifayət edəcək qədər tamaşaçı olur. Bəzən kimsə deyir ki, teatra maraq yoxdur, teatra gedən yoxdur və s. Bu ifadələri işlədən adamlar özləri teatrlara getməyən adamlardır. Bakıda yaşayan tamaşaçı bilir ki, Bakıda fəaliyyət göstərən bütün teatrlarda daimi tamaşa oynanılır...
Bu vaxt Loğman müəllimin telefonuna zəng gəlir. Loğman müəllim zəngi açır, bir az duruxur, ardından təşəkkür edərək “Yox, ad günüm dünən idi, ay Elxan, sən bir çöp çaşdırmısan” deyib gülümsünür. Marağımızı görüb dəstəyin o üzündəki adamı təqdim edir: Elxandır, Elxan Yunis. Gəncə teatrının ən yaxşılarından...
Elxan Yunisin Loğman müəllimə uzun ömür arzulamasına isə Loğman Kərimovun cavabı belə olur:
– Elxan, bizim nəsil uzunömürlü nəsildir. Biz nakam gedəndə 92 yaşında gedirik. Amma yenə də sağ ol!..
...Tamaşaçı gəlir, oturur və baxır. Əgər o tamaşa onu maraqlandırırsa, axıra qədər baxır, hətta yenidən gəlir. Maraqlandırmırsa, qane etmirsə, durub gedir və bir də gəlmir, vəssalam. Nihat bəy, teatr kütləvi yer deyil. O demək deyil ki, zalda, məsələn, 500 oturacaq varsa, hamısı dolmalıdır. Xeyr. Teatra bu sənəti sevən adamlar, nəticə çıxara bilənlər, bəyənənlər, zövqlərinin bir parçası teatr olanlar gəlir, hamı yox. Və hamının gəlməsinə də ehtiyac yoxdur. Bu da normaldır ki, kiminsə teatra marağı olmasın. Burada qəribə nəsə yoxdur. Amma, dediyim kimi, Azərbaycan teatrlarının zalında həmişə lazımi qədər tamaşaçı olur.
Bütün teatrlarla sıx əlaqədə olan biri kimi deyirəm, bütün teatrlarımız ən yüksək səviyyədə fəaliyyətdədirlər. Düzdür, zəif tamaşa da olar bilər, orta da, güclü də. Normaldır. Mən çox da futbol azarkeşi deyiləm, amma, məsələn, adamlar deyir, Braziliya çempion olmalıdır. Amma olmur. Müəyyən mənada zəif olur və alınmır. Teatr da belədir. Teatrın intibah dövrü olur, zəif dövrü də olur, yəni burada dəhşətli nəsə yoxdur.
– İndi bizdə teatrın hansı dövrüdür?
– Biz indi normal bir dövrdəyik. Teatrlarımızın hər birində intibaha yaxın uğurlu tamaşalar var. Mən deməklə deyil, gedin özünüz baxın, qiymət verin. Bu gün dediyimiz 27 teatrın tamaşaçısı varsa, deməli, bizə xalq olaraq, teatr lazımdır və teatr həmişə olub, həmişə də olacaq.
– Loğman müəllim, bəs Azərbaycanda teatrlar repertuar baxımından azaddır?
– Mən 20 ildir, baş rejissoram. Sizə qəti şəkildə deyirəm ki, bütün teatrlara repertuar mövzusunda tamamilə azadlıq verilib. 20 ildir, baş rejissor olduğumu ona görə deyirəm ki, teatrda tamaşaları baş rejissor təyin edir. Başa düşmədim, siz elə zənn edirdiniz ki, azad deyil? Qətiyyən belə bir şey yoxdur.
– Kino agentliyi artıq yaradılıb, zamanla müəyyən işlər də görüləcək. Deyirlər, ardınca Teatr agentliyi də yaradılmalıdır.
– Bir vaxtlar mən də kino sahəsində işləmişəm. Agentlik yaradılıb, çox gözəl. İndi Teatr agentliyi necə olacaq, bilmirəm. Mən sizə bir şeyi qəti deyirəm ki, Mədəniyyət Nazirliyi tərəfindən teatrlara kifayət qədər azadlıq verilib. Teatrlar nazirliyə tabe olan qurumlardır. Müştərək işlərimiz də olur.
– Bir vaxtlar kino sahəsində olduğunuzu dediniz. Loğman Kərimov tamaşaçı üçün həm də Əliağa Vahiddir, bəlkə də, daha çox Əliağa Vahiddir. Ümumiyyətlə, dünyada belə şeylər olur ki, hansısa aktyor sırf bir obraz olaraq yadda qalır.
Loğman müəllim bir az duruxur...
– Bəli, olur da... Aktyor var ki, istedadlı aktyor olsa belə, həyatı boyu kinonun yaddaşında qala bilmir. Mən peşəkar kinodan danışıram. İndi mənim həyatımda da belə bir şans olub ki, yaddaşda qalmışam. Mən Vahid obrazından qabaq filmlərə çəkilmişəm, müəyyən kinostudiyalarla işləmişəm. Onlardan sonra Şahmar Ələkbərov məni bu obraza çəkdi.
– Əliağa Vahidin sizin həyatınıza nə kimi təsiri olub?
– Vahidin mənim həyatıma təsiri o olub ki, mən onun həyatını yaşayıram. Bununla da, bu mövzunu bağlamaq istəyirəm.
Mövzu ilə bağlı daha bir sual vermək istəyirəm ki, Loğman müəllimin telefonuna yenə təbrik zəngi gəlir.
– Çox sağ ol, mən əjdaha-filan deyiləm. Bax elə bu dəqiqə jurnalist mənə Əliağa Vahidlə bağlı mənə sual verdi, sən də zəng vurdun.
– Böyük sənətkara eşq olsun! Gəncə Dövlət Dram Teatrının bütün kollektivi adından sizə can sağlığı, uzun ömür və böyük-böyük sənət uğurları arzu edirəm, – dəstəyin o biri başından xırıltılı səs gəlir.
– Gəncə teatrının direktoru idi..., – zəng kəsilir.
– Loğman müəllim, siz Vahidin həyatını yaşayırsınız...
– Bəli və bununla da, bu mövzunu bağlayaq. Kinoda belə şeylər olur. Kinonun yazılmayan qanunlarından biridir. Bəzən aktyorlar oynadığı obrazın həyatını yaşayırlar. Və mən də dediyim kimi, o obraza çəkildim, başladım onun həyatını yaşamağa...
– Peşmansınız?
– Yox, yox, belə bir şey yoxdur. Bu mənim sənətimdir. Sualı dəyişək. Bilirsiniz, mən özüm də bir vaxtlar müsahibələr etmişəm.
– Onda məni yaxşı başa düşərsiniz ki, vermək istədiyim sual çoxdur.
– Mən çalışırdım ki, müsahibin cavab vermək istəmədiyi suallarla üstünə getməyim.
– Aydındır.
Bununla da, Loğman müəllimin dediyi kimi, bu mövzunu bağlayırıq.
– Qardaşınız Valeh Kərimov da, siz də daha çox bir obraz üzərindən tanınmısınız. Taleyin işidir bu?
– Yox, gəlin taleyi bura qatmayaq. Mənim qardaşım Azərbaycan teatr sənətində öz imzasını qoyan adamdır. Valeh Kərimov Sumqayıt Dram Teatrının təməlini qoyanlardan biri olub. O vaxtlar Sumqayıtda olan tamaşaçılar Valehi səhnədən çox gözəl tanıyırdı. Demək istədiyim odur ki, Valeh Kərimovu tamaşaçı kinodan tanımayıb. Valeh bura qədər artıq tanınırdı. Amma siz deyirsinizsə ki, geniş tamaşaçı kütləsini onu filmdən tanıyıb, bu, doğrudur. Çünki televiziyanın kütləsi daha genişdir, nəinki teatrın. O baxımdan, bəli, o filmlə Valeh Kərimov populyarlaşdı.
– Heç Valeh Kərimovla işləmisiniz?
– Yox. İşləməmişəm.
– Yəqin, xəbəriniz oldu. Bu yaxınlarda Valeh müəllim teatrların onu sırf “Moşu” obrazına görə, bir növ, yaxın buraxmadıqlarını deyirdi.
– Valeh əgər gileylənirsə, deməli, haqqı var. Valeh hələ 70 yaşına çatmamış Sumqayıt Dram Teatrının o vaxtkı direktoru ədəbsizcəsinə demişdi ki, Valeh müəllim, artıq yaşınız mane olur. Valeh də ədəblə ərizəsini yazıb teatrdan uzaqlaşmışdı. Direktor düşünməli idi ki, Valeh Kərimov həmin teatrın təməlini qoyan adamlardandır, oranın simasıdır. Amma bunu düşünməmişdi. Valehin indi 80-ə yaxın yaşı var. Ağlı, şüuru, istedadı yerində olan bir sənətkardır. Günü bu gün o, özü öz maşınını sürür. Səhhəti tam sağlam və normaldır. Çox zaman belə olur ki, idarə olunmayan adamları uzaqlaşdırmağa çalışırlar. Kim ki zəif və istedadsızdır, onu idarə eləmək olar deyə, qoruyub saxlayırlar. Ki yaxşı idarə edə bilsinlər. Vəssalam.
Valeh Kərimov teatrdan çıxmağı ilə heç nə itirmədi. Amma teatr nə itirdi, bunun şərhə ehtiyacı yoxdur. Bəzən deyirlər, yaşlı nəsil çıxmalıdır ki, gənclər gəlsin. Amma nəzərə almırlar ki, yaşlı nəslin təcrübəsi var, o gənc nəsil həmin nəsildən axı öyrənməlidir. Bu niyə nəzərə alınmır? Bizdə bu yanaşma doğru deyil. Bir neçə teatr yaşlı aktyoru uzaqlaşdırmaqla çox şey itirdi. Və Valehə qarşı da bu edildi. Bu da çox böyük haqsızlıq oldu. O baxımdan, o, nə edirsə, necə açıqlama verirsə, tamamilə düz edir. Bu sənətə bir də Valeh Kərimov gələcək? Yox! Başqaları gələcək, onların da öz yeri olacaq, amma Valehin yeri başqadır, heç kim Valeh Kərimov olmayacaq. Vəssalam.
İstedadlı və işləyə bilən adama yaşından asılı olmayaraq, diqqətli yanaşmaq lazımdır.
– Sizin dediklərinizi mən qardaşınıza görə yox, sırf yaşlı nəsil aktyorlarına verilən qiymət kimi qəbul edirəm. Maraqlıdır, siz bir baş rejissor kimi bunu düşünə bilirsinizsə, digərləri niyə düşünmür?
– Nihat bəy, mən öz mövqeyimdən danışa bilərəm. Bir də qardaşımın haqları tərəfdən, vəssalam. Başqalarının nəyi necə etmələrinə heç bir münasibət bildirmək istəmirəm.
– Bəzi aktyorlarımız teatrdan gələn gəlir onları qane etmədiyindən toylara gedirlər. Sizdə də olub belə?
– Belə deyim, mən o işi qəti şəkildə bacarmıram. O səbəbdən də, təkliflər olsa da, getməmişəm.
– Amma gedənləri normal qəbul edirsiniz?
– Tamamilə. Məni çox dəvət ediblər, həddindən çox. Amma getməmişəm. Gedənlərə münasibətim də, dediyim kimi, tamamilə normaldır. Gedirlər, deməli, ehtiyacları var. Vəssalam. Dünya kinosunun ulduzları var: Al Paçinodan tutmuş Jan Renoya qədər hamısı müəyyən məbləğ qarşılığında gedib məclislərdə iştirak edirlər. Bu bir faktdır. Yarım saatına görə nə qədər pul hesablanır, yəni bu şey dünyada normal haldır. Düzdür, bizdəki ilə fərqli haldır, amma var.
Teatr elə bir məkandır, burada eləyə bilmədiyini gedib şənliklərdə edə bilərsən.
– Onda toyların aktyorlara aktyorluq qatqısı olur, hə?
– Düşünürəm ki, hə, olur.
– Tarzənlər də deyir ki, gənc tarzənlər mütləq toylara getməlidir. Toy məktəbdir. Hamı toyu tərifləyir.
– Ay sağ ol! Vəssalam. Mən, düzü, toyda olmağı da sevmirəm. Gedəndə də, uzağı, bir saat orada oluram. Amma sənət dostlarımızın ehtiyacının olduğu gerçəyini bilirəm.
– Yaxşı, bəs niyə Azərbaycan aktyoru sırf maddiyyət ucbatından toylara getməyə məcbur qalır?
– Mənim maşınım “KİA Reno”dur. Məsələn, mən istəyirəm, bir az daha bahalısını sürüm. Bunun üçün nə lazımdır? Pul. Mənim evimdə filan şey var, filanı yoxdur. İstəyirəm, onu da alım. Ehtiyaclarımı ödəmək üçün başqa sahələrə də əl atıram.
– Loğman müəllim, siz “KİA”dan daha yaxşı maşın sürməyi arzu etməklə, maddi sıxıntı içərisində olanları eyni tərəzidə müqayisə etməyin. Mənim demək istədiyim odur ki, elə aktyorlar var, yaşayışları çox aşağı səviyyədədir. Maddi sıxıntı içərisindədirlər. Mən bunları nəzərdə tuturam.
– Gəlin belə danışaq. O əziyyəti çəkənlər neçə ildir, bu sahədədirlər? Deyə bilərsiniz?
– Biz niyə sualı konkretləşdiririk?
– Nihat, mən 47 ildir, bu sahədə çalışıram. Bilirsən, mən nə qədər maaş alıram?
– Yox.
– 458 manat. Təsəvvür edirsiniz? 47 ildir, işləyirəm. Özü də fasiləsiz. İndi budur da maaş. Budur. Yaradıcı insan təkcə teatrla qane olmamalıdır. Müəyyən cəhdlər də etməlidir. Teatrda maaş budur. İstedadlı adamı isə, toya da çağırarlar, hansısa məktəbə, universitetə, müəyyən məbləğ qarşılığında görüşə də çağırarlar və s. Mən oturum bir yerdə və deyim: aktyoram, mənə filan qədər pul verilməlidir. Belə şey yoxdur.
– Yəni aktyor özünü başqa sahədə də tapmalıdır. Bir növ, məcburdur.
– Mən başqa sahə demirəm. Öz sahəsindən danışıram: serial, kliplər, reklamlar, toylar, el şənlikləri. İstedadı varsa, dəvət olunacaq və gedəcək.
– Dəvət almırsa, demək, istedadsızdır və sıxıntı içində yaşamalıdır?
– Yox, bunu hamısına aid eləmək olmaz. İstedadı varsa, bəli, dəvət olunacaq və qazanacaq. Peşəkarlar hər yerə lazımdır: “Kamil bir palançı olsa da, insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.
Teatr sənətinə gələn adam bilməlidir ki, teatrda maaş az olur. Bu, teatrın təməlindən belədir.
– İndiki kino və seriallardan...
Loğman müəllim sualımı tamamlamadan cavab verir: mən baxmıram!
– Baxmaq demirəm, çəkiliş üçün təklif alırsınız?
– Hə, əlbəttə. Mənim sizin kimi cavan dostlarım var, hərdən yoldan çıxarıb kino və seriallara çəkirlər.
Yenə telefon zəngi söhbətimizi bölür. Amma bu dəfə danışıq çox qısa olur. Loğman müəllim bir az yorğun görünür. Söhbətin bu yerində fotoqrafımız Orxan sual verir:
– Neçə il olar, müsahibə vermirsən?
– Çox olar, uzun illər... Xatırlamıram.
...mən gəncləri çox istəyirəm. Bacardığım qədər onlara qarşı diqqətli oluram. İki-üç il əvvəl Xəyyamla Elməddin adlı dostlarım məni yoldan çıxardılar. “Anamın kitabı” adında bir seriala çəkdilər. Altı-yeddi ay əvvəl isə, Elvin adlı dostum çəkdi: “Simurq” idi adı.
– Loğman müəllim, “Yoldan çıxardılar” deyirsiniz. Bu, bir növ, kinodan yaxanızı çəkirsiniz kimi səslənir.
– Əlbəttə. İstəmirəm.
– İstəmədiyiniz aydındır. Amma niyə?
– Sadəcə istəmirəm. Başqa aktyorlar çəkilsinlər. Mən indi aktyorluq etmirəm axı.
– Bəlkə, elə obraz var ki, ora ancaq siz çəkilməlisiniz. Vahid kimi...
– Bəlkə, mən yoxam heç?!
– Bu da yenə yaxanızı qırağa çəkməkdir.
– Mən bir aktyor kimi bu sənətdə yoxam. Sadəcə o dediklərim məni yoldan çıxara biliblər, vəssalam. Və bu onların fərasətidir. Mənim kimi bir adamı yoldan çıxarmaq az iş deyil.
– Kino, yoxsa teatr?
– Hər ikisi.
– Gəlin seçim edək.
– Yox, etməyək. Hər ikisi.
– Siz neçə dəqiqədir, kinodan uzaq durduğunuzu israrla vurğulayırsınız. Bu, seçim deyil?
– Mən dediyim yoldan çıxarmalar serial çəkilişi üçün olub. Kino yox. Kino başqadır. Tamamilə başqa. Kino təklifləri olub, amma bəzi şərtlərə görə mən razılaşmamışam. Mənim üçün “Azərbaycanfilm” əziz bir yerdir. Mən 10-12 yaşımdan elə orada böyümüşəm. Dəvətlər olub, dediyim kimi, öz səbəblərimdən dolayı razı olmamışam. Mən seçici adamam. Ona görədir, yəqin.
– Müasir Azərbaycan kinolarına baxırsınız, heç olmasa?
– Yox, mən televizora baxmıram.
– Bunun üçün televizora ehtiyac yoxdur, kinoteatrlar var.
– Yox, getmirəm. Mən elə adamam, səhər tezdən işə gedirəm, axşam da evə. Yəni vaxt olmur.
– Siz kinodan uzaqlaşmaqdan daha çox qaçırsınız kimi təəssürat yaradırsınız. Yəni kinoya çəkilməməyiniz bir yana, heç maraqlanıb baxmırsınız da.
– Mən kinoya baxıram: dünya kinosuna, türk kinosuna.
– Niyə Azərbaycan kinosuna baxmırsınız?
– Hansı kinoya? Gəlin konkret danışaq.
– Emil Quliyevin “Pərdə” seriyası. Kifayət qədər danışıldı.
– Emil kimdir?
– Emil Quliyev rejissordur.
Loğman müəllim bir qədər duruxur: bu yaxınlarda, deyəsən, onun bir filminə baxdım... “Həssas...” Xatırlaya bilmirəm.
– Loğman müəllim, mən sualımı bir də təkrar edim: Emil Quliyev, Hilal Baydarov kimi rejissorlar son dövrlərdə uğurlu layihələr icra ediblər.
– Mən sizə konkret deyim: məni hara dəvət etdilər və mən getmədim? Mən gedib kinoteatrların qabağında dayanacaq adam deyiləm axı. Hansı dəvət edib və mən getməmişəm? Mən o yaşda adam deyiləm ki, durub kinoteatrları gəzim, maraqlanım ki, nə yayımlanır.
Bu yaxınlarda bir tədbir var idi: Nizami Kino Mərkəzində. Məni oraya bir şirkət dəvət etdi. Mən xəstə-xəstə durub ora getdim. Niyə?
– Çünki dəvət etmişdilər.
– Vəssalam! Mən də bir vaxtlar sizin kimi gənc idim və kinoteatrları gəzirdim. İndi o deyil...
– Bu sual, əslində, əvvəldə verilməli idi, amma indi son sual olsun: siz, ümumiyyətlə, niyə müsahibə vermirsiniz?
– Mən özümü müsahibə verəcək dərəcədə böyük sənətkar hesab eləmirəm.
Foto: Orxan Kərimov