Divanın altındakı unitaz qapağı, natəmizlik, qız gətirməmək tapşırığı - Subay oğlanların kirayə dərdi

Divanın altındakı unitaz qapağı, natəmizlik, qız gətirməmək tapşırığı - Subay oğlanların kirayə dərdi
6 noyabr 2021
# 12:32

Kulis.az Nihat Pirin “Kirayə ev axtarmağın sonatası və ya qara bəxtim oyanmazmı?” yazısını təqdim edir.

Azərbaycanda subay oğlan olmaq yadplanetli olmaq kimi bir şeydir.

Təsəvvür edin ki, günlərin bir günü qapınız döyülür, açırsınız və qarşınızda "Hollywood" filmlərində gördüyümüz həmin o yadplanetli sima. İri və bərəlmiş gözlər, ellipsvari baş, uzun çənə, arıq, sıtqa əl-ayaq və s. (Bu sairələrin uzunluğu filmin yaradıcı heyətinin fantaziyasına bağlıdır).

Həmin vaxt reaksiyanız nə olar? Sözsüz ki, bunu yaşamadan təsəvvür eləmək bir az çətin məsələdir. Amma eyni reaksiyanı görmək üçün sizə yaxşı bir təklifim var:

Hansısa kirayə ev sahibinə, yaxud da maklerə "Mən subay oğlanam və kirayə ev axtarıram" çağırışını edin və kənardan onun reaksiyasını izləyin.

Adamda elə bir təəssürat yaranır ki, sanki sən (subay oğlan) dünyada istəniləcək ən sonuncu adamsan. Ev sahibinin və maklerin ağzı köpüklənə-köpüklənə əl-qolla hansısa nimdaş bir əhvalatı nəql eləməsi; gecə saat ikidə evinə gəlib baxması, evdəki natəmizlik və o natəmizliyin səbəbi hansısa başqa subay oğlanların olması, onları "iti qovan kimi" qovması və bir daha subay oğlanlara ev verməməsi barədə özünə söz verməsi… Az-maz səmimiyyətə yola versən, özünə ən ağır yerdən söyüş söyməsi…

Və qurban kim?

– Sən!

Sən kimsən?

– Subay oğlan!

Təxminən, üç aya yaxın kirayə ev axtarışı ilə məşğul oldum. Baş vurmadığım, müraciət eləmədiyim səlahiyyətli şəxs qalmamışdı. Ki buradakı "səlahiyyətli şəxs" ifadəsinin üzərindəki ağırlığı nəzərə alaraq, aşağıdakı izaha ehtiyac duyuram.

Səlahiyyəti şəxs – makler və ya hansısa məhəllələrdə qarşıma çıxan sakinlər.

Açığı, ev sahiblərinə haqq vermədiyimi desəm, yalan olar. Nədən ki, dil-ağız eləyib razı saldığım ev sahiblərinin biriylə görüşüb evin keçən aykı və sonuncu sakinləri olmuş bir digər subay oğlanlardan sonrakı halını görüb bir müddət axtarışlarıma ara verdim. Çünki gördüyüm mənzərə ev tapmaq barəsindəki sonuncu ümidlərimi də xərcləmişdi.

“Vallah, qınama, qardaşoğlu, sən də divanın altından unitaz qapağı tapsaydın, evini bir də oğlan olan bəndəyə etibar eləməzdin.”

Kirayə ev problemi bir yana, adam iki dəqiqənin içində ən böyük dərdimin qaysağını elə qoparmışdı ki, hələ də göynərtisi kəsməyib.

Ev… Öz evim… Mənim öz evim…

Dediyim kimi, bu hadisədən sonra bir müddət axtarışlara ara verib sadəcə saytlarda bahalı evlərə, villalara, onların insanın mədəaltı vəzini belə riqqətə gətirən görüntüsə baxır, şəkilləri böyüdüb yataq otağından qonaq otağına, ordan da hamama keçə-keçə təsəlli tapır, elə balkondaca bir siqaret yandırırdım. Yeri gəlmişkən, “Sahil” tərəfdə 4 otaqlı, dəniz mənzərəli bir ev var, kirayəsi də qəpik-quruşdur: ayda cəmisi 3500 manat. Arabir siz də girib evdə “gəzinin”. Bir də qonaq otağında sağ tərəfdə divara söykənmiş o “şey”in adı nədirsə, öyrənə bilsəniz, adını mənə də deyin.

Elə sözügedən evdə o otaqdan-bu otağa hərələnirdim ki, bu dəm iki aydır, az qala, bir yatıb, bir durduğumuz maklerdən zəng gəldi.

- Qardaş, iki əlin qanda olsa belə, dur gəl. Ev var!

Şansımın “yavər getməsi”ndən dolayı bu zəng işin nahar fasiləsiylə üst-üstə düşdü ki, "ev var" sözünü elə maklerin öz ağzından eşitdim. Çünki artıq yanındaydım.

Getdik.

Evə keçməmişdən əvvəl gəlin sizə evə giriş prosesini izah edim.

6-7 ailənin çıxdığı eyni həyəti aşandan sonra başqa bir ailənin koridor kimisindən keçib ümumi mətbəxdə quraşdırılmış pilləkənlərlə ikinci mərtəbəyə qalxmalıydıq. Burada ömrünün son illərini yaşayan taxta qapıdan əyilərək keçib digər qapıdan içəri keçməliydik. Xahiş edirəm, cümlənin məntiqi vurğusunu düz vurun: əyilərək!

Qalxdıq.

Həmin o qapılardan da keçdik.

İçəri girər-girməz ev sahibinin ilk sözü bu oldu:

- Qardaş, evə başqa adam, qız-mız gətirmə ha, biz burda bir ailəyik.

Heç nə demədim, sadəcə küncdəki divanın sol ayağının yerinə qoyulmuş kitaba gözucu baxıb soruşdum:

- “İdiot”dur o?

Makler nə desə, yaxşıdır?

- Kim, qaqa?

Xülasə, maklerlə elə ordaca əlaqəni kəsdim və ondan sonra daha çox özfəaliyyətimə güvənərək axtarışlara başladım. Çünki maklerlər subay oğlan olan bəndəyə yuxarıda bəhs elədiyim “ev kimi”lərdən başqa işıq yeri qoymur. Ümumi həyət, kanalizasiya problemi, natəmiz mətbəx və s. Bu sadalananlar yalnız subay oğlanlara rəva bilinən evlərin orta statistik halıdır.

Həyətdən çıxanda maklerin arxamca “Sənin fikrin başqadırsa, qardaşoğlu, sənə düz ünvan verməyiblər” deməyini də eşitdim.

Amma susdum.

Sosial şəbəkələrdə də ev axtarmağımla bağlı bir neçə dəfə status yazmışdım deyə tez-tez mənə nömrələr, linklər göndərirdilər. Amma nə fayda? Yığdığım istənilən nömrə sahibi ilə dialoqum, təxminən, aşağıdakı kimi olurdu:

- Hə, eşidirəm.

- Qardaş, ev elanı ilə bağlı zəng vurmuşdum.

- Evdə kim qalacaq?

- Mən və dostum…

- Yox e, qardaş, ancaq ailəyə verilir…

Vəssalam.

***

Vaxt keçir, ümid tükənir, səbir daşırdı. Yalançı nikah kağızı fikrini götür qoy edirdim ki, bu vaxt ev elanları saytında qarşıma göyçək bir elan çıxdı. Sizi and verirəm, müqəddəs maklerlərin ruhuna ki, mətndəki doğmalığa baxın:

“Yasamalda kirayə ev var. Üç otaqlı, normal təmirli, ikinci mərtədə.

Diqqət: yalnız subay oğlanlara verilir!”

Elanı dörd-beş dəfə oxusam da, gözlərimə inanmadım. İş yoldaşlarımdan bir-ikisini çağırıb onlara da oxutdurdum və bir də onda ayıldım ki, yoldayam, gedirəm. Yolüstü elandakı nömrəni yığdım, makler olması dəqiq idi, amma belə bir şərtin olması, yəqin ki, tarixdə ilk idi.

- Qardaş, səndən qabaq 3 nəfər də zəng edib, gəlin, kim tez çatsa, ev onundur…

O qısa vaxt ərzində həmin o bədbəxt 3 nəfərin də taleyini, onların da günlərlə, həftələrlə, hətta aylarla ev gəzməsini düşünən vaxt yadıma düşdü ki, “Green card” udub Sumqayıta köçən adamam, məgər kiminsə məndən bədbəxt olması mümkündür?

Elə bu düşüncənin qulpundan yapışıb “Nizami”dən “Musabəyov bağı”na dörd dəqiqəyə çatdım, amma necə, nə cür, bax onu bilmirəm.

Makler və ev sahibiylə söhbətin təfərrüatına varmadan evdə keçirdiyim ilk gecənin yuxusunu danışıb yazıya xitam verirəm.

Həmin gecə illər öncə kənd Əhmədlidə qaldığım kirayə evim yuxuma girmişdi. Özü də bir qucaq xatirə ilə, bir qucaq keçmiş ilə. Divarda asılan “Madrid xəritəsi”ndən tutmuş, 14 dəfə usta əlindən çıxmış stolüstü kompüterimə kimi.

Yuxunun ən şirin məqamında evin qapısı döyüldü. Açdım, makler idi:

- Qardaş, sən Allah, sən o evə qız gətircəkdin ki?

# 6732 dəfə oxunub

Müəllifin son yazıları

# # #