Rəhim sizdən buna görə qaçırdı...

Rəhim Rəhimli

Rəhim Rəhimli

30 sentyabr 2022
# 17:00

Kulis.az Nihat Pirin "Rəhim Rəhimli və qəddar adamlar haqqında" adlı yazısını təqdim edir.

Rəhim Rəhimli öldü. Cəmi 46 yaşı var idi, amma öldü.

Bir neçə gün öncə yazmışdım: bizim adamlar çox amansızdır. Mən başqa toplumlarda olmamışam, yalan deyərəm, amma özümüzü tanıyıram. Çox yaşı tanıyıram: biz çox qəddar adamlarıq.

Ümumiyyətlə, bizim cəmiyyətdə "Cəhənnəmə ölsün" ifadəsinin müxtəlif formalarda və ritorikalarda təzahürü var.

Eyni forma və ritorikaları tez-tez eşidirik, tez-tez görürük.

Azərbaycana rep anlayışı toxumunu səpən Anar Nağılbaz sənəti ilə anılmadı, sənəti ilə rəhmət qazana bilmədi. Əksinə, cəmiyyət onun başına itin oyununu açdı.

Anar öldü. Anar məhv oldu. “Cəhənnəmə ölsün” deyildi Anara.

Rəhim Rəhimlinin ölüm xəbəri mediada yayılandan sonra haqqında bəhs elədiyimiz forma və ritorikaların hamısına təzədən şahidlik etdik, oxuduq, üzüldük, özümüzü bir də və bir də tanıdıq.

Və utandıq.

Çünki bu cür fikirləri, bu cür düşüncələri gördükdə adam dəhşətə gəlir. Adam sarsılır.

Bizim adamlar Rəhimin ölüm xəbərinə "Ölüb ölüb də, cəhənnəmə ki" yazacaq qədər qəddardır.

Rəhimin geyimi də fərqli idi, danışığı da, üslubu da, həyat tərzi də. Buna görə də zamanla adamların qınaq hədəfi oldu, adamların məzə topuna tutuldu, təhqir olundu, incidildi və küsdü. Hiss elətdirmədən küsüb ölkədən getdi.

Amma onu hamıdan küsdürən adamlar aşağıda sadalayacağım faktların heç birindən xəbərdar deyil. Bəlkə də, xəbərdardır, amma Rəhim sırğa taxır deyə, Rəhim qırmızı pencək geyinir deyə, bu onları zərrə qədər də maraqlandırmır.

Rəhim hər şeydən öncə müasir Azərbaycan estradasının ən parlaq, ən işıqlı, ən yaradıcı və ən özünəməxsus siması, rəngi idi. Rəhim hər şeyi ilə, hər obrazı ilə, hər rəqsi, hər geyimi, hər səhnə performansı ilə gözəl və özəl idi.

Rəhim müasir Azərbaycan estradasını A-dan Z-yə qədər bilən, dərk edən çox nadir sənətçilərdən idi.

Rəhim çox-çox ciddi bəstəkar idi. Rəhim son 15 illiyin ən məşhur və trend mahnılarının əksəriyyətində imza payı olan bəstəkar idi.

Rəhim çox ciddi estrada müğənnisi idi. Hər çıxışına xüsusi hazırlaşan, hər çıxışının məsuliyyətini tamamilə dərk edib xoşbəxt görünən, deyən, gülən, əylənən, tamaşaçısı üçün səhnədə edə biləciyinin hamısını edən, etməyə çalışan müğənni idi.

Rəhim həm də çox yaxşı dost idi. Onunla münasibətdə olan dostları onun insanlığını ifadə eləmək naminə nə lazımdırsa, deyib və deyir. Amma hamısının eyni şəkildə ifadə elədiyi bir şey var: heç vaxt dərdini, xəstəliyini bölüşməzdi.

Bu və bunun kimi Rəhimin taleyini ifadə edəcək çox söz demək olar. Amma mən onun vaxtilə verdiyi iki ayrı-ayrı müsahibələrə diqqət çəkəcəyəm:

1. "Mənim, ümumiyyətlə, heç bir şeyim yoxdur. Mənim “Youtube” kanalım, “İnstagram”ım yoxdur. Mənim heç arxivim də yoxdur. Ölüm-itim dünyasıdır, sabah, biri gün ölüb gedəcəm, amma heç nəyim yoxdur".

Rəhim yaxşı müğənni, istedadlı bəstəkar olduğunu bilə-bilə deyir ki, mənim heç nəyim yoxdur. “Tamaşaçı sevgisi” deyə bilmir. Demir. Çünki Rəhim Azərbaycan adamını, Azərbaycan tamaşaçısını yaxşı tanıyır. Ona görə demir. Onların sevgisinə inanmır. İnanmaq istəmir. Çünki o, tamaşaçısına inamını ölkədən küsüb gedəndə itirib getmişdi.

Və inanmamaqda haqlı idi. Elə küsməkdə də.

2. “Küçəyə çıxanda çalışıram ki, məni tanımasınlar. Məndə insanlara qarşı qorxu var”

Rəhim adamlardan qorxmaqda da haqlı idi. Adamlar onu diri-diri məzəmmət edib hansısa durumuna görə lağ etdikləri kimi öləndə də “Ölüb ölüb də, cəhənnəmə ki” deyəcək qədər qəddardır. Bu adamlardan, həqiqətən də, qorxmaq, qaçmaq, gizlənmək lazımdır.

Rəhim adamları çox yaxşı tanıyırdı. Bilirdi ki, onu heç kim hansısa bir bəstəsinə, mahnısına görə tanımırdı. Onu hansısa dəlisov geyiminə, ya hərəkətinə, ya da ki, sırğasına görə tanıyırdılar.

Rəhim adamlardan elə buna görə qaçırdı. Və qaçmaqda da haqlı idi.

Çünki bizim adamlar, doğrudan, çox qəddardır.


# 18062 dəfə oxunub

Müəllifin son yazıları

# # #