Yuxu - Daşqın Məmmədovun hekayəsi

Yuxu - Daşqın Məmmədovun hekayəsi
18 yanvar 2024
# 10:46

Kulis.az Daşqın Məmmədovun "Yuxu" adlı hekayəsini təqdim edir.

Sabit müəllim partiya qərərgahı adlandırdığı, əslində, illər əvvəl ələ keçirdiyi torpaqda tikib icarəyə verdiyi çayxananın arxasındakı kiçik otağını qıfıllayıb, evə doğru yol aldı. Evi çox uzaqda deyildi, on dəqiqəlik yol, təmiz hava altında yeni planlar qurmaq üçün Sabit müəllimə bir girəvə idi. Yenə növbəti prezident seçkiləri yaxınlaşırdı, hər dəfə olduğu kimi bu dəfə də namizədliyini verməyə hazırlaşırdı, Sabit müəllim. Amma nə qədər edirdisə, illər əvvəl tərtib etdiyi, hər seçkidə təkrarladığı platformasına heç bir yeni ideya əlavə edə bilmirdi. Çox əvvəllər iki dəfə namizəd kimi qeydə alınmışdısa da, sonrakı iki seçkidə namizədliyini belə qeydə aldırmaqdan ötrü vacib olan imza sayını belə düzəldə bilməmişdi.

Əslində, bu otaq da Sabit müəllimin partiyası üçün çox böyük idi. Çünki onun partiyası artıq yalnız öz kağızlarının üzərində yaşayırdı. Partiya yaratmasında onu qınamaq da olmaz. İllər əvvəl siyasətin qarmaqarışıq vaxtında fikir verir ki, elə bəzi partiya sədrləri savadda və sambalda bundan geridir, qərar verir ki, o niyə partiya sədri olmamalıdır. Savad var? Var. Hörmət var? Var. Siyasətdən də maşaalah başı pis çıxmır. Yığır bir neçə qohum qardaşı, dostu tanışı başına bir məclis düzəldir, adını qurultay qoyur. Beləliklə partiya yaranır. Lap elə bir neçə prezident, bələdiyyə seçkisində namizədliyini də qeydə aldıra bilir. Zamanla vəzifə verəcəyini söyləməklə aldadıb başına topladığı dost-tanış da Sabit müəllimdən uzaqlaşır. Sabit müəllim neyləsin axı, özü vəzifəyə gələ bildi ki, bunlara vəzifə çatmadı? Amma Sabit müəllim özünü samballı partiyanın sədri hesab edir, bütün gündəlik məsələlər haqqında vahiməli bəyanatlar verərək, sosial şəbəkələrdə paylaşırdı. Başqa nə edə bilərdi ki, heç bir media onu işıqlandırmırdı axı. Yaxşı ki, sosial şəbəkələr var.

Nə isə, növbəti seçkilər yaxınlaşırdı, amma köhnəlib saralmış seçki platformasına Sabit müəllim bircə yeni kəlmə əlavə edə bilmirdi. Nə edirdi, nə qədər fikirləşirdi xeyri yox idi ki, yox idi. Yuxusu da çəkilmişdi. Evdə elə iş stolunda yuxuya gedirdi. Daha ayıldıb yerinə keiçirdəni də yox idi. Ailə də onun "siyasi hərəkatından" bezmişdi.

Yenə Sabit müəllimi yazı masasının arxasında yuxu aparmışdı. Arvadı Nisənin yazığı gəlib gətirib kürəyinə adyal atdı. Partiya sədri gözəl bir yuxu görməyə başladı. Deməli möhtəşəm bir zalda seicicilərlə görüşdə seçki platformasını oxuyur. Zal da ki ağzınacan dolu, ayaq üstə dayananlar da var. Uzun alqışlardan sonra çıxışına davam edir:
- Hörmətli seçicilər, bu gün əsasən, aqrar sahədən danışacam. Aqrar sahədə keçirilən islahatlar yetərincə və düzgün istiqamətdə aparılmır. Mən gücü əsasən, məhsulun keyfiyyət və kəmiyyətinin artırılmasına verəcəm. Hazırda əkinə görə kəndliyə nağd pul şəklində verilən subsidiya özünü tam mənada doğrultmadı. Kübrə alışındakı güzəşt də həmçinin. Bunlar həm də kübrənin qara bazara çıxmasına və əkin yerlərinin süni şəkildə artırılaraq, yaxud arpaya buğda yazılaraq dövlət büdcəsinin yeyilməsinə gətirdi. Mən torpaq sahəsini şumlamış kəndliyə yüksək keyfiyyətli toxumu və kübrəni natura şəklində verib əkimdə bunların istifadəsinə nəzarət edilməsini təklif edirəm. Bununla kəndli məcburi şəkildə yerindən üç qat artıqməhsul almış olacaq, həm onun yaşayış səviyyəsi yüksələcək, həm də dövlətin ümumi daxili məhsulunda artım olacaq.(zalı alqış səsləri bürüyür).

Maldarlıq demişkən, sünü mayalanmanı zorumlu hala gətirərək bütün heyvanların cinsləşmə prosesini sürətləndirəcəm. Aqrar islahat yarımçıq qalmış kəndlərdə islahatı tamamlayacaq, hətta həyətyanı bağların və meşələrin zərərverici həşəratlara və xəstəliklərə qarşı dərmanlanması dövlət tərəfindən məcburi olaraq həyata keçiriləcək. (bu dəfəki alqışlar çox güclü olduğundan Sabit müəllim ayılır).

İlk olaraq bunların yuxu olduğuna peşman olsa da, yuxudakı nitqinin yadında qaldığına sevinərək, tez yeni vərəqlər götürüb platformanı işləməyə başladı.

Bu gün işə çox kefi kök getdi, yaxşı çay dəmləyib keyflə qurtumladıqdan sonra Şimali İraqda Kürd muxtariyyətinin keçirdiyi referendumla bağlı vahiməli bir bəyanatı partiya adından sosial şəbəkədə şaqqıldaddıqdan sonra yenidən seçki platformasını qarşısına qoyub gözlərini döyməyə başladı, amma neyləsə də, gecə yuxusuna girənlərdən başqa heç nə əllavə edə bilmədi. Amma kefinni yenə çox pozmadı. Axı illər sonra bir-neçə səhifə yeniliyə bilmişdi o platformadan. Allah kərimdi, bir iki günə, bəlkə, yenə nəsə dəyişə bildi. Hələ seçkiyə çox vardı. Seçki platformasını kənara qoyub. Bəzi dostlarına zəng etməyə başladı, axı seçkilərdə bu dostların köməyinə ehtiyac var idi. İndidən bir neçə dəfə arayıb danışsın ki, sonra deməsinlər ancaq seçkidən-seçkiyə axtarırsan.

- Kamil, salam. Nə var, nə yox? Necəsən?

- Salam, Sabit müəllim. Salamatçılıqdı. Siz necəsiz?

- Mən də yaxşıyam. Çoxdandı görüşmürük. Bəlkə, gələsən bir çayımızı içəsən, dərdləşərik.

- Vaxt eləyib bir gün gələrəm, Sabit müəllim,- deyə Kamil partiya sədrini başından eləmək istədi. Lakin Sabit müəllim də başdan olan can deyildi:

- Yox-yox. Bu gün mütləq gələrsən, gözləyəcəm.

-Yaxşı, Sabit müəllim saat üç üçün otağınızdayam.

Otaq sözündən sədr razı qalmasa da, narazılığını biruzə vermədi. Otaq nədi, bura qərərgahdır axı. O boyda partiyanın qərərgahı.

Axşam evə gedəndə Sabit müəllimin kefi kök idi. Kamillə xeyli söhbət edib bütün siyasi proseslər barədə ürəyini boşalda bilmişdi.

Evə gəlib çay-çörəyini yeyib, xəbərlərə baxdıqdan sonra otağına keçdi. Yenə köhnə seçki platformasının saralmış vərəqlərini qarşısına töküb alnını ovxalamağa başladı. Nisə xanım saralmış vərəqlərin ortaya tökülməsindən ərinin yenə hansısa seçkiyə qatılacağını hiss eləmişdi. Acıqla ərinin yanından fısıldayaraq o tərəf, bu tərəfə keçir Sabit müəllimi danışdırıb hirsini üstünə tökərək ürəyini boşaltmaq istəyirdi. Sədr də deyəsən məsələni bildiyindən səsini çıxardmırdı. Nisə xanımı da qınamaq olmazdı. Seçki arası evdə min əziyyətlə toplanan pul da xərclənir, hələ seçkidən sonra ailənin üstünə əlavə borc da yüklənirdi. Arvad artıq bu vəziyyətdən əməlli bezmişdi. Nə isə bu gün Sabit müəllimin söhbət açmaması mübahisənin qarşısını aldı. Yenə sədri iş masasında yuxu apardı, Nisə xanım hirsindən onun üstünə bu dəfə ədyal da atmadı. Sədr yenə kürsüdə idi, zal başqa olsa da keçəndəfəkindən geri qalmırdı. Yenə ağzına kimi seçicilərlə dolu idi. Sabit müəllimi təmtəraqla təqdim etdikdən sonra alqışlar altında platformasını oxumağa, yox-yox bu dəfə bədahətən seçicilərə çatdırmağa başladı:

- Bu dəfə sizə iqtisadi fikirlərimi çatdıracam. İnfrastruktur layihələrinə pul ayrılması demək olar ki, dayandırılacaq. Dövlət yalnız yeni iş yerlərinin açılmasına yönəlik və iqtisadi mənfəət gətirəcək layihələri maliyyələşdirəcək. İnsanların rifah halı yaxşılaşdıqda onlar bir çox problemləri özləri maliyyələşdirəcək. Və bunu dövlətdən daha keyfiyyətli edəcəklər. Kömrük rüsumlarına da yenidən nəzər yetiriləcək. Məsələn orta sinif avtomobillər demək olar rüsumdan azad ediləcək, qoy bütün xalqımız təhlükəsiz avtomobilləri ucuz əldə edərək yeniləsin və rus istehsalı, köhnə avtomibillərlə üzlüşsün. Xüsusi texnikalar da həmçinin cüzi rüsumla respublikaya daxil ola biləcək. Lüks olan hər şeyə rüsum və vergilər daha da artırılacaq, lüks həyat tərzi keçirmək istəyən varlılar "lüks" da vergi ödəməlidir. Hətta lüks evlərin və maşınların da öz xüsusi vergisi olacaq. Sadə evdə yaşıyıb, sadə maşın sürənin əmlak vergisi villada yaşayıb bahalı maşın sürənlə eyni ola bilməz və olmamalıdır. Bərbad maliyyə siyasətini tam yeniləyəcəm. Xarici valyuta tam sərbəst olacaq ki, hamı işini bilsin. Bütün valyuta kreditinə görə xalqa dəymiş ziyan dövlət və banklar tərəfindən ödənilməlidir. Bu məsələdə vətəndaşın heç bir günahı yoxdur. Çox aşağı faizlərlə dövlət kreditləri təşkil ediləcək. Pul iş görüldükcə, görülmüş işə uyğun buraxılacaq. Girov isə pulun dəyərində tikilmiş ev yaxud sahibkarlıq obyekti olacaq.

Möhkəm və sürəkli alqışlar Sabit müəllimi yenə yuxudan oyatdı. Bu dəfə də cəld yuxudakı fikirlərini kağız üzərinə köçürtdü. Özü üçün bir çay dəmləyib, divana uzandı. Kefi əməlli düzəlmişdi. Köhnə vaxtları xatırladı. Partiyanı yeni yaradıb siyasətə qoşulan vaxtlarda ona bir neçə dəfə normal vəzifə təklif etmişdilər, bəzi seçkilərdə namizədliyini şanslı namizədin xeyrinə geri götürəcəyi zaman yaxşı pul da təklif olunmuşdu. Amma o, bütün bunlardan imtina etmişdi, özünü yalnız prezident, heç olmasa o da müvəqqəti olmaq şərti ilə deputat kürsüsündən başqa heç yerdə görə bilmirdi. Amma o təkliflər çox uzaqda qalmışdı. Təkliflərdən imtinaya görə dəfələrlə dost-tanışın, qohum əqrabanın qınağına da gəlmişdi. Artıq uzun illər idi ki, onu itirib axtaran, təklif edən yox idi. Bir də ki, nə təklif etsinlər, niyə təklif etsinlər? Axı öz ailəsi belə artıq ona səs vermirdi. Daha heç namizəd kimi qeydiyyatdan da keçə bilmirdi. Amma yenə iddiasından geri durmurdu, itən siyasi nüfuzunu iqtidarın da, müxalifətin də ona qarşı qurduğu təxribatlarla əsaslandırır, hamının Sabit müəllimin siyasi dühasına paxıllıq etdiyini bəyan edirdi. Daim təhlükəsizlik orqanları tərəfindən izlənildiyini paylaşırdı. Amma başa düşmürdü ki, dövlətin onun “siyasi meyidini” yumağa belə nə marağı, nə də ehtiyacı var. Onun bu söhbətləri bütün yaxınlarını bezdirib özündən uzaqlaşdırmışdı.

İllər öncə Sabit müəllim gözəl ədəbiyyat müəllimi idi, tez-tez məqalələrlə yerli və mərkəzi mətbuat orqanlarında çıxışlar edirdi, bir neçə dəfə televiziyaya da çağırılmışdı. Yaxşı tələbələr hazırlaşdırırdı. Amma siyasətə qoşulan kimi, müəllimliyin daşını atdı, meylini saldı ən birinci kürsüyə. Nədənsə əksəriyyət belədir, heç kim üçüncü nədir, heç ikinci olmaq istəmir. Sabit müəllim də digər politiklər kimi xəstələndi. Zənn etdi yox a, qəti hesab etdi ki, bu ölkəni idarə etməyə yalnız o qadirdir və layiqdir.

Nə isə sədr xeyli gümrahlaşmış, keçmiş enerjisi özünə qayıtmışdı. Bir-bir köhnə dostlarını axtarır, bəzilərinin görüşünə gedir, bəzilərini də “qərərgaha” dəvət edirdi. Bu dostlar çoxdan alışmışdılar Sabit müəllimin seçkiqabağı belə fəallıqlarına. Bəzilərinə hətta sərf də edirdi. Axı topladıqları imzaya görə sədrdən xərc adı altında pul alanlar da az deyildi.

Daha Sabit müəllim masada yatmırdı, çarpayıda da olmazdı çünki otağı dəyişənə qədər, yuxunun yaddan çıxma ehtimalı var idi. Ona görə də iş masasına yaxın divanda uzanırdı. Bir-iki gün ona möhlət vermiş yuxu bu gün də qonaq gəldi. Bu dəfə artıq zalda deyil, seçicilərlə görüşü geniş meydanda idi, adam da ki, nə qədər desən. Meydan dolmuş, hətta yaxın küçələrə də yayılmışdı. Hamının əlində də ki, Sabit müəllimin şəkilləri və partiyasının bayraqları. Belə mitinqdə gərək hamını həyəcanlandıracaq mövzulara müraciət edəsən axı. Bu mövzu da nə ola bilərdi? Əlbəttə ki, korrupsiya və inhisarçılıq. Başladı görək Sabit müəllim nə başladı: “Mən, “özüm rüşvət almayacam, başqaları da almayacaq” deyə ucuzlaşmış şüarı təkrarlamayacam. Çünkü Ecevit özü rüşvət almadı, amma alanlara da mane ola bilmədi. Özümün rüşvət almamam, heç də rüşvət maşınının qarşısını kəsmək gücündə olmayacaq. Rüşvətlə mübarizə üçün xalqın köməyinə ehtiyac olacaq. Bunun üçün müvəqqəti olaraq heç bir qurumdan asılı olmayan, üzvləri seçki yolu ilə ömürlük seçilən nəzarət qrupları yaradılacaq. Normal əmək haqqı alan bu qruplar rüşvət və korrupsiya faktlarını araşdıraraq birbaşa prezidentə məruzə edəcəklər. Bu qrupların vahid rəhbər orqanı olmadığından onlara heç bir qrum təzyiq edə bilməyəcək və vətəndaş öz ərazisindəki qrupun onun işinə düzgün baxmadığını fikirləşərsə digər ərazilərdəki qruplaraa şikayət edə biləcək. Gömrük məmurlarının görünüşündən, tutmuş davranış mədəniyyətinə qədər, bütün nüanslarına diqqət yetiriləcək. Çünkü ölkə haqqında rəy kömrükdən başlayır. Bir kobud gömrük məmurunun mədəniyyətsiz hərəkəti ölkəmiz barədə turistdə mənfi rəy formalaşdırır ki, bu da turizmin inkişafına öz zərbəsini vurmuş olur.

Bir məmurun özbaşnalığı bu sahənin inkişafı üçün çəkilən bütün zəhmətləri heçə endirə bilir. İnhisarla mübarizəyə ilk növbədə dövlət inhisarının sıfırlanması ilə başlanılmalıdır. Qaz, işıq, su satışı ilə məşğul olan xidmət müəssisələrinin inhisarına son qoyulmalı, bu sahədə azad rəqabət önə çıxarılmalıdır. Əyər bu gün vətəndaşımız elektrik satışı ilə məşğul olan şirkətə “mən qazı səndən deyil başqa şirkətdən alacam” deyə bilmirsə. Burda inkişafdan və qayğıdan söhbət gedə bilməz, yaxud çox zəif olacaqdır. Günümüzdə elektrik yaxud qaz çəkilişi üçün əlavə rüsum alınması da elə bunun nəticəsidir. Sən satıcısan, mənsə müştəri prinsipi aradan götürülüb. Mən elektrik almaq istəyirəm, sən mənə baha qiymətə elektriki satacaqsan, hələ məndən əlavə rüsumlar da alacaqsan. Bu sahədə olan bütün problemlərin kötüyündə rəqabətin olmaması durur.” Çıxışı tez-tez alqış sədaları kəsirdi. Bu alqış sədalarının birində politik yenidən yuxudan ayıldı və enerji ilə yuxusunu kağıza köçürməyə başladı.

Hava işıqlanan kimi qalxıb “işinə” yollandı. İlk olaraq xarici görünüşünə diqqət ayırmağın vacibliyini də düşünərək yolüstü kişi salonuna girdi. İşə çatan kimi obyektin aylıq icarə pulunu alıb özünə kastyum seçməyə yollandı. Əynindəki kastyumu nə vaxt aldığını unutmuşdu. Bir onu bilirdi ki, alanda başqa rəngdə idi, amma nə qədər çalışsa da həmin rəngi xatırlaya bilmirdi. Özünə tünd göy rəngli kastyum, ağ köynək, qırmızı qalstuk və ayaqqabı aldı. Demək olar icarədən aldığı pulun əksəriyyətini xərclədi. Amma bilirdi ki, arvadı bundan ötrü deyinməyəcək, əksinə sevinəcək. Çünkü xanımı daim onun özünə fikir verməməsindən gileylənirdi. Pulunu heç tanınmayan qəzetlərdə məqalə çıxartmağa xərcləməsindən əsəbləşirdi. Qayıdarkən ətir və üz kremi də aldı, xanımını da unutmayaraq ona da sevdiyi ətiri hədiyyə etməyə pulu əsirgəmədi. Son işinə çox sevindi, indi düşündü ki, xanımına son dəfə hədiyyə almasından illər keçib.

Düşündüyü kimi də evdə bu hərəkəti sevinclə qarşılandı. Xanımı da ona çoxdan göstərmədiyi nəvazişi göstərdi. İş otağına mürəbbəli çay gətirərək:

- A kişi, bu başqa məsələ. Biz səndən nə istəyirik ki, pis-yaxşı dolanırıq, Allaha şükür. İnsan özünə fikir versin gərək, uşaqlar da səni pis görkəmdə görəndə yoldaşlarından utanırlar. Sevdiyim ətri almısan, demək unutmamısan? Çox sağ ol!-dedi.

- Hə arvad, bundan sonra özümə də, sənə də fikir verəcəm. Hər şey yaxşı olacaq.- deyə arvadına baxanda xanımı hiss eləmədi ki, əri bu baxışla onun ölkənin birinci xanımlığına layiq olub-olmadığını görmək istəyir.

“Hə bir az da özünə əl gəzdirsə hazır “först ledi”dir ki var. Maşallah heç əskiyi yoxdur”- deyə Sabit müəllim fikirləşdi, amma xoş münasibətin yenidən pozulmaması üçün səsini çıxartmadı.

Gözünü yumar-yummaz sevimli yuxusu başladı, amma bu dəfə seçicilərlə deyil seçki qərərgahının üzvləri ilə səsvermə gününə hazırlığı müzakirə edirdilər. Düzdü Sabit müəllimin yuxudakı seçki qərərgahı çox qələbəlik idi, amma bütün ölkədəki seçki məntəqələrini əhatə edəcək dərəcədə deyildi. Səsvermə günü onun səslərini qorumaq üçün daha güclü dəstəyə ehtiyacı var idi, amma seçki komissiyalarında üzvləri olmadığından və digər namizədlərin nümayəndələrinin də onu müdafiə etməyəcəyini bildiyindən yeni bir səsvermə üsuluna ehtiyacı var idi. Elə bu üsulu da yuxusunda tapdı. Səsvermə elektron qaydada ödəniş aparatları kimi aparatlarla həyata keçiriləcək, səslər avtomatik hesablanaraq qalib elan olunacaq. İnsan barmağına ehtiyac olmayacaq.

Vətəndaş gəlib şəxsiyyət vəsiqəsinin nömrəsini yazaraq aparatda qeydiyyatdan keçir, qarşısına namizədlərin siyahısı gəlir, o da istədiyini seçir vəssalam. Həm də seçici seçki günü ölkənin istədiyi yerindən səs verə bilir. Rahat və təhlükəsiz. Elə yuxudaca bu təklifini Mərkəzi Seçki Komissiyasına yollayır və təklif qəbul edilir. Ayıldıqdan sonra bu yuxudakı təklifi də kağıza köçürdərək Mərkəzi Seçki Komissiyasına göndərdi.

“Mən sizə qızıldan dağlar, süddən çaylar, cənnətdən bağlar vəd vermirəm. Mən sizə hamının çörəyini rahatlıqla tapacağı, ev-eşik, kredit dərdi olmayacağı, müalicədə, təhsildə heç bir problemlə üzləşməyəcəyi, qanunun şah olacağı, hamının sadə və təminatlı, mehriban və təhlükəsiz yaşayacağı ölkə vəd edirəm. Əyər belə bir ölkədə yaşamaq, vətənimizin belə vəziyyətə gətirilməsi kimi tarixi işi başlayıb, bu tarixin yazılmasında iştirakçı və hətta müəllif olmaq istəyirsizsə birisi gün yeni, elektron seçki məntəqələrinə gedib sözünüzü deyin və bir gün sonra qələbəmizi bayram edərək quruculuğumuza başlayaq.” Sözləri ilə televiziya çıxışını bitirən Sabit müəllim televiziya işçilərinin alqış səslərinə yuxudan qalxaraq efirdə səsləndirəcəyi son nitqi də yazıya aldı.

Hə, Sabit müəllim seçki kompaniyasının başlamasına aylar qalmasına baxmayaraq qələbə üçün tam hazır idi. Nəzəri işlərin hamısını həyata keçirtmişdi. İndi yalnız kompaniya başlayana qədər köhnə dostları bir-bir tapıb, inandırmaq lazım gələcəkdi. Sabit müəllimin bu məsələdə də özünə inamı yüksək səviyyədə idi. Vaxt itirmədən bu işi sürətləndirməyə başladı. Köhnə dostluğun xətrinə yenə də tanışları və qohumları Sabit müəllimi qırmır, əllərindən gələn köməyi edəcəklərinə həmişəki kimi söz verirdilər. Amma onların çoxu dəfələrlə bu vədlərini pozmuş, başqa namizədlərə satılmışdılar. Qınamaq da olmaz, Sabit müəllim reallığı görmürdü, görə bilmirdi amma onlar camaatın arasında idilər, vəziyyəti görürdülər. Sabit müəllim onsuz da uduzmağa məhkumdu, niyə özlərini riskə atsınlar, yaxşısı təklif olunana şükr edib, sakit durmaqdır. Bəziləri Sabit müəllimi satmağın hesabına yaxşı qazana bilmiş, hətta vəzifə də qamarlamışdılar vaxtında. Sabit müəllim belələrindən xəbər tutsa da sonradan bağışlamışdı. Axı hamı onun kimi mübariz ola bilməzdi də. O belə düşünmüşdü.

Son günlər çox gümrah və şux olmuş Sabit müəllim köşkdən qəzet alıb parkda oturdu, bu gününü açıq havada keçirməyi planlaşdırmışdı, təmiz havanın zehnini daha da açacağını düşünürdü. Qəzetin manşetinə göz atdıqdan sonra əsas siyasi məqalələrə keçdi. Gələcək prezidentliyə namizəd üçün bəzi məqalələri oxumağa ehtiyac qalmamışdı. Uzun müddət “siyasət”lə məşğul olduğundan mətbuatı daim izləmək zorunda qalmışdı. O, artıq yazının adını oxuyub, söhbətin nədən getdiyini öyrənən kimi hansı köşə yazarının münasibətinin nə olacağını, məsələyə necə yanaşacağını əzbərdən bilirdi. Ona görə də çox zaman yalnız ilk abzası oxumaqla kifayətlənirdi. Nə isə, Sabit müəllim qəzetlərə göz gəzdirdikdən sonra təmiz havada xeyli gəzişərək özünü əməlli yordu ki, bu gecə yuxusu daha rahat və daha uzun olsun. Ürəyinə dammışdı ki, bu gecəki yuxu daha maraqlı olacaq. Artıq seçki kompaniyasını başa vurduğundan bu gecə yuxuda nə görəcəyi özü üçün də maraqlı idi.

Evə çatıb yeməyini yedikdən sonra, üstündən bir yaşıl çay içib iş otağına keçdi. Seçki platformasına aid bütün yazıları cəmləşdirib, sistemləşdirdi. Bir qovluğa yığıb səliqə ilə rəfə yerləşdirdikdən sonra yatağına uzandı. Və əsl yuxu indi başladı, o artıq seçki qərərgahında komandası ilə birgə qələbəni qeyd edir. Sabit müəllim artıq cənab Prezident idi. Sevincdən ürəyi yerindən çıxırdı. Amma özünü ağır aparır ətrafdan gələn təbriklərə gülümsəməklə cavab verirdi. Az keçmədən özünü respublikanın birinci kreslosunda gördü. İri işıqlı və səliqəli otağın və yumuşaq dəri kreslonun da yeri başqa idi. Kreslonun və otağın ləzzətini çıxartmağa yeni başlamışdı ki, keçmiş prezidentin işlər müdüri icazə alaraq otağa daxil oldu:

-Təbrik edirəm, cənab Prezident! İlk iş gününüzdə uğurlar arzulayıram.

- Təşəkkür edirəm. Buyurun.-deyə Sabit müəllim, daha doğrusu cənab Prezident üzünə ciddi görüntü verərək cavab verdi.

-Cənab Prezident, qanunamüvafiq olaraq bütün siyasi vəzifələrdə oturanlar istefa ərizəsini təqdim etmişdir. Yaxın günlərdə kadr təyin etməli olduğunuz vəzifələrin siyahısını gətirmişəm. Siz dəqiqləşdirdikdən sonra sərəncam və fərmanlar hazırlanacaqdır. Yəqin ki, artıq sizin siyahınız hazırdır?- deyən, işlər müdüri gözlərini yeni prezidentə zillədi.

Amma da siyahı idi ha, Sabit müəllim heç belə düşünməmişdi. Beyninndə daim vəzifə verməyi planlaşdırdığı bir neçə yaxın dostu var idisə də, təqdim olunan siyahı çox böyük idi. Siyahıya baxa-baxa bir xeyli gözünü döydükdən sonra, işlər müdürünə:

- Sən çıxa bilərsən.-dedi və gözlərini yenidən siyahıya zillədi.

Burda nə qədər vəzifələr var idi; nazirlər, nazır müavinləri, nazirliklərin şöbə müdürləri, komitə sədrləri, Prezident Aparatının demək olar bütün əsas işçiləri, İcra hakimləri, polis rəisləri, prokurorlar, hakimlər. Çox idi, yaman çox idi təyinat verilməli vəzifələr. Beynində yenə tanıdığı adamları çək-çövür etdi, kürsüyə otuzdurdu, sonra kürsüdən qaldırıb kənara qoydu. Heç cür alınmırdı ki, alınmırdı. Köhnə komanda ilə işləmək heç cür ağlından keçmirdi, bilirdi ki, verdiyi vədləri həyata keçirmək üçün yeni komandaya ehtiyacı var, lakin bu qədər vəzifəyə layiq insanları hardan tapsın. Başqa partiyalaramı, liderlərəmi müraciət etsin? Yox, qəti mümkün deyil, elə olduqda hərə bir tərəfə dartacaq. Bəs nə etməli? Oturduğu rahat kürsü getdikcə daralmağa, onu sıxmağa başladı. Durub otaqda gəzişməyə başladı geniş otaq ona dar gəldi. Öz-özünə təkrarlamağa başladı “nazirlər, nazir müavinləri, komitə sədrləri, aparat işçiləri, icra hakimiyyəti başçıları, müavinlər, hakimlər, prokurorlar, rektorlar”. Bu qədər vəzifəyə qarşı yalnız dönüb-dolanıb bir-iki adamın şəkli gəlib dururdu gözünün önünə. Dərindən fikirləşəndə nazir vəzifəsinə düşündüyü bu adamların hər birinin potensialının idarə müdürlüyünə güclə çata biləcəyini də bu bir nömrəli otaqda var-gəl edərkən dərk elədi. Dərk elədi ki, bu vəzifəyə heç də otaqda oturub böyük-böyük bəyanatlar verməknən layiq olmaq olmur. Bu vəzifə təsəvvürlərdən yuxarıdır. Bu vəzifə şəxs işi deyil, şəxsiyyət və komanda işidir. Özü də bu hələ başlanğıcdır. Müvafiq qanunları qəbul etdirə bilməkdən ötrü parlamentdə azı səksən mandat və s. Bu azmış kimi, ölkənin üzləşdiyi qəfil beynəlxalq problem barədə müvafiq şöbənin arayışını da işlər müdürü onun qarşısına qoydu. İki supergücdən birini seçməli idi. Bu halda ya Amerikanı ya da Rusiyanı özünə düşmən edəcəkdi. Əqrəb ilandan da pis. Birdən iki əli ilə başını qucaqlayıb otaqdan çıxdı, karidorları keçib qaça-qaça pilləkanları düşdü, qarşısına çıxan hər kəsin ona baş əyməsindən bu dəfə ləzzət ala bilmədi. Aparatdan çıxıb dəniz kənarına doğru qaçmağa başladı. Bir müddət arxasınca gələn cangüdənlər yarı yoldan qayıtdılar. Dənizə çatan kimi fikirləşmədən suya atıldı. Atılmağı ilə soyuq suyun təmasından qışqıraraq yuxudan ayıldı. Tamam su içində idi. Bədənindəki duzlu suyun tər, yaxud dəniz suyu olduğunu ayırd etmək mümkün deyildi, çünki buz kimi idi. Sanki dənizə atılıb yatağından çıxmışdı.

Bu yuxunu gördüyü bir neçə dəqiqəlik zaman ona illər kimi gəldi. Bir az gec ayılsaydı, bəlkə, yuxuda beyninə qan sızacaqdı. Yuxudan ayıldıqdan sonra özünə gəlməyi xeyli çəkdi. Zarafat deyildi prezidentlikdən ayrılmaq. Amma özünə gəldikcə həqiqətən böyük problemlərdən canını qurtardığına yavaş-yavaş sevinməyə başladı.

İndi ona aydın oldu ki, illərini necə də boşa xərcləyib. Müəllim kimi, bəlkə, də bu illər ərzində yüksək ad-sana çatmış, bəlkə, məktəb direktoru, hətta Təhsil şöbəsinin rəhbəri də olmuşdu. Amma yenə şükür etdi, yaxşı ki, bu yuxunu gördü və bu yuxu onu əsl yuxusundan ayıltdı. Elə bil yenidən doğulmuş, tamam başqa adam olmuşdu. Qaynar duş aldıqdan sonra gözəl bir səhər yeməyi yeyib xanımına yaxınlaşdı:

- Müəllimə, bir qərara gəlmişəm, amma sənin dəstəyinə ehtiyacım var.

- Siyasətlə bağlı olmasın, nə olur olsun mən hazır, - deyə xanımı söhbətin siyasətdən getməyəcəyinə heç inanmayaraq dilləndi.

- Siyasətlə qurtardım, yenidən müəllimlik edəcəm. İş otağımı (birinci dəfə idi ki, ora partiya qərərgahı deyil, iş otağı deyirdi) sinifə çevirib abuturiyent hazırlaşdırmaq istəyirəm. Sən mənə şagird yığmaqda kömək edərsənmi? Bir müddət köməyinə ehtiyacım olacaq. Çoxdan ayrılmışam axı.

Müəllimə ərinin dediklərini eşitdikdə əməlli kövrəldi. Yaxına gələrək ərinin əlindən tutaraq:

- Sabit, sənə nə lazımdısa, kömək edəcəm. Elə günü bu gün otağı sinifə çevirmək üçün avadanlıqları və sənə lazım olan bütün metodiki vəsaiti alacam. Uşaqları götürüb gəlib bütün işlərlə şəxsən məşğul olacam. Sənin üçün şagirdləri də özüm təşkil edəcəm, məndə tarix fənnindən məşğul olanlar ədəbiyyat üçün də hazırlığa sənin yanına gələrlər, səndən güclüsünü tapmayacaqlar ki? - deyən Nisənin üzündən sevinc yağırdı. - O davam etdi: - Axşam bu qərarını qeyd etmək üçün aş da asacam.

Nisənin axşamkı aşı tamam ayrı aləmdi, qoxusu bütün binaya yayılmışdı.

# 1914 dəfə oxunub

Oxşar xəbərlər

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
# # #