Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi
22 aprel 2024
# 17:30

Kulis.az Rüstəm Dastanoğlunun "Yol" hekayəsini təqdim edir.

- ... Eeeh, gör, neçə illərdi görüşmürük.
- ... Həəə ... aşağı-yuxarı bir iyirmi-iyirmi beş il olar.
- ...Görürsən, illər necə sürətlə gəlib keçir üstümüzdən.
- ... Elədi ki var.
- ... Balaca olanda, tez böyümək istəyəndə, özümüzdən böyüklərə həsrətlə baxanda, vaxt elə bil dayanmışdı, günlər, aylar, illər gəlib keçmək bilmirdi.
- Düz deyirsən.
- Bilirsən bu yaxınlarda yadıma nə düşmüşdü?.. Hardasa, qırx il bundan əvvəl birinci sinifdən, dördüncü sinfə kimi oxuduğumuz sinif otağımız... Yadındadı, o bapbalaca, lap dibdə, iki cərgə parta zorla yerləşən sinif otağı?...Biz balacalar o partaların arasıyla sıxılıb birtəhər keçirdik, sinif müəllimimiz rəhmətlik Həsən müəllim isə əllərini partaların kənarına qoyub özünü yuxarı darta-darta çox çətinliklə, zülmlə keçirdi. Arxa divardakı pəncərə, o biri kəndlərə keçib gedən asfalt yola baxırdı, ara sıra o yolla avtobuslar, yük maşınları, lulkalı motosikletlər, at, digər heyvanlar keçirdi. İkimiz də əlaçı idik, mən qapının ağzındakı cərgədə, birinci partada, sən isə o biri cərgədə birinci partada otururdun. Həsən müəllimin qabaq stolu sənin oturduğun partanın qabağına qoyulmuşdu, Həsən müəllimin arxasında, divarın ortasından qara rəngli lövhə asılmışdı. Həsən müəllim bu lövhədə əlində təbaşir hərfləri, rəqəmləri bir-bir bizə öyrətmişdi... Sinifimizə getmək üçün, iç-içə olan iki sinif otağını keçməli idik. Birinci sinif otağında yuxarı sinifin, o biri sinif otağında isə, hardasa, altıncı, yeddinci sinifin uşaqları oxuyurdular. Yadındadı, dərsə gecikəndə utandığımızdan o iki sinfi keçib getməzdik, zəngin vurulmasını gözləyərdik...
- ...Hə...hamısı sən dediyin kimi idi, amma o bapbalaca, lap dibdə yerləşən sinifimizdən nədənsə mənim yadımda daha çox qalan, tez-tez xatırladığım bilirsən nədi?
- Nədi?
- ...Dediyin sinifdə, üçüncü ya dördüncü sinifdə oxuyurduq, nə isə yazı-yazmaqla məşğul idik, yazını yaza-yaza gözümün ucu ilə Həsən müəllimə baxanda gördüm ki, yaman dərin xəyala dalıb, biz uşaqlara tamaşa eləyir, bir xeyli tamaşa eliyəndən sonra yüngülvari gülümsündü, başını yellədi, öz-özü ilə danışan kimi pıçıltılı səslə dedi ki, görəsən, 20-30 ildən sonra bu balaca balaları nələr gözləyir, bunların axırı necə olacaq? Sifəti dəyişdi, gözləri yaşardı, başını aşağı dikdi, əlini pəncəyinin cibinə salıb dəsmal çıxartdı, gözlərini quruladı. Mən tez baxışımı ondan çəkib yazımı yazmağa davam etdim... O uzaq illərdə Həsən müəllimin dediyi sözlər, gözlərinin yaşarması fürsət düşən kimi gəlib məni tapır və ürəyim sızıldaya–sızıldaya o illəri yenidən yaşayıram.
- ...Həəə... Həsən müəllimin dediyi kimi o illər üstümüzdən bir an kimi keçdi, o bapbalaca biz uşaqlar gəlib çatdıq qocalığın bir addımlığına. Və çatdığımız bu günlərdən baxanda görünən odu ki, sən pis-yaxşı özünü tapa bildin, işlərini elə qurdun ki, özündən başqa ətrafındakıların əlindən tutursan, onlara həyan olursan. Məndə isə alınmadı, heç kimə köməyim dəymədi... Bir ailəm oldu, bir də mən...Bilirsən, ... hərdən fikirləşirəm və heç bir cavab tapa bilmirəm, niyə belə oldu?... Bəxtim niyə gətirmədi?... Uşaqlıq illərində axı bizim bir-birimizdən elə bir fərqimiz yox idi. İkimiz də əla qiymətlərlə məktəbi oxuduq, eyni universitetləri bitirdik. İndi niyə belə fərqli yerlərə gəlib çatdıq? Bizə qarşı münasibətlər niyə belə fərqli oldu?...
- ...?...
- ... Həəə ... de görüm necə fikirləşirsən, səbəbi nədədi?
- ... Əlbəttə, - bilmirəm, - indi sən soruşursan və mənim ağlıma gəlir ki, ...bəlkə,... bəlkə, ondadı ki, mən hələ o bapbalaca dib sinifdə oxuduğumuz illərdən nədənsə, hardansa, o fikirlərlə yaşayırdım ki, böyüyüm, oxuyum, işləyim, doğmalarımla, ətrafımdakılarla bir yerdə olum, onlara köməyim, xeyrim dəysin. Həmişə beynimdə bu arzu ilə, bu istəklə yaşamışam. Fikirləş, gör, sən də, o uzaq uşaqlıq illərindən bəri o istəklə, o arzularla yaşamısanmı? İçində gedib çatmaq istədiyin o Yol olubmu?...
- ...

# 869 dəfə oxunub

Oxşar xəbərlər

Şapalaq - İsa Muğannanın hekayəsi

Şapalaq - İsa Muğannanın hekayəsi

10:00 12 iyun 2024
Aşiqi-sadiq mənəm... - Yaqut Sabirqızının hekayəsi

Aşiqi-sadiq mənəm... - Yaqut Sabirqızının hekayəsi

14:00 11 iyun 2024
Cırcırama və sisək - Günün hekayəsi

Cırcırama və sisək - Günün hekayəsi

12:01 11 iyun 2024
Ağ yağış - Günün hekayəsi

Ağ yağış - Günün hekayəsi

17:48 10 iyun 2024
Günel başqa yolun o tayına keçdi

Günel başqa yolun o tayına keçdi

14:23 9 iyun 2024
Kişilərə dur deyin! -  Günel Natiqin romanı - Dördüncü hissə

Kişilərə dur deyin! - Günel Natiqin romanı - Dördüncü hissə

10:00 8 iyun 2024
# # #