"Xarici dilləri ən yaxşı öyrənmə yeri çarpayıdır — dodaqdan dodağa..." - Jorje Amadudan sitatlar

"Xarici dilləri ən yaxşı öyrənmə yeri çarpayıdır — dodaqdan dodağa..." - Jorje Amadudan sitatlar
6 avqust 2026
# 12:00

Bu gün tanınmış Braziliya yazıçısı Jorje Amadunun anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Öz ağlıyla yaşamaq, öz başıyla düşünmək bahalı zövqdür. Buna cəsarət edən kəs dərhal sağların və solların ideoloji patrulları tərəfindən yaxalanacaq və rəhm gözləməsin. İttiham edəcəklər, tüpürəcəklər, böhtan atacaqlar, rüsvayçılıq dirəyinə bağlayacaqlar, çarmıxa çəkəcəklər. Amma hər halda — bu həddindən artıq baha qiyməti ödəməyə dəyər, çünki uduzan tərəf olmayacaqsan: fikir azadlığı əvəzsiz bir şeydir.

***

Elə bir an gəlir ki, sevdiklərinin, dostluq etdiklərinin böyük əksəriyyətinin artıq o dünyada olduğunu, sənin isə bir anlaşılmazlıq ucbatından hələ də burada qaldığını anlayırsan.

***

Hər halda, əziz dostum, hamımız müəllifi bəlli olmayan bir romançının qələmə aldığı personajlarıq...

***

Xilaskardan işğalçıya qədər cəmi bir addım var — əsgər çəkmələrinin bir addımı.

***

Mən həmişə iddia etmişəm ki, xarici dilləri ən yaxşı öyrənmə yeri çarpayıdır — dodaqdan dodağa, qrammatika qaydalarının məhəbbət iniltilərinə qarışdığı anlarda...

***

Azadlıq günəş kimidir. Dünyada ondan daha əzəmətli və gözəl heç nə yoxdur.

***

Məhəbbət həmişə şirin və mərhəmətlidir, hətta ölüm tam böyründə olsa belə...

***

Məşuqəni axtararkən ölmək məgər qorxuludur? Məhəbbətə doğru üzərkən boğulmaq məgər dəhşətlidir?

***

Taledən qaçmaq olmaz, - deyə qoca bildirdi. — Sənin taleyin bax orada həll olunur, — deyib harasa yuxarıya tərəf işarə etdi.

***

O, həddindən artıq gözəldir və sırf buna görə də şər saçır.

***

Həyat fərəhli, bədən doymuş, yemək dadlı və bol, ruh sakit olanda nə gözəldir; məhəbbət bəxtəvər olanda necə də gözəldir...

***

Mis doğulan kəs heç vaxt qızıla çevrilməz.

***

Məhəbbət tikan deyil ki, bədəndən çıxarasan, şiş deyil ki, kəsib atasan; o, insanı içəridən məhv edən müalicəolunmaz və inadkar bir xəstəlikdir.

***

Həyatın qiyməti necə də ucuzlaşır və o, necə də bahadır...

***

Məhəbbət bir məxmər örtükdür, bəşəriyyətin naqisliklərini gizlədir.

***

Sevgi nə satın alınır, nə satılır; nə köksünə dirənmiş bıçaqla fəth edilir, nə də gəldiyi zaman ondan qaçmaq mümkün olur.

***
Bir qız gözəl və kasıbdırsa, varlılar və əyanlar ona qarşı ancaq alçaq, günahkar hiss bəsləyə bilərlər. O, hökmən təklif alacaq, amma əsla evlilik təklifi deyil!

***

Gənclikdə nə qədər azğın olsan, qocalıqda bir o qədər riyakar olarsan.

***

Bəxtəvərlik kifayət qədər darıxdırıcı şeydir, insanı tez bezdirir.

***

...Dənizçi həqiqətən də heç bir qadının yanında lövbər sala bilməz. Günlərin bir günü o, dənizə yollanır, pristan boş qalır, başqası gəlib lövbər vurur.

***

Pozğun həyat qadının gözəlliyini sürətlə udur.

***

İnsan elə bir məxluqdur ki, ancaq pulu görür; pulun qoxusunu alan kimi başqa heç nəyi görmür və eşitmir.

***

Heç kim yaxşı və ya pis doğulmur, bizi şikəst edən taleyimizdir ...

***

Bəzən gözüaçıq olanlar da kor olurlar, bu, hər kəsin necə bir qəlbə sahib olmasından asılıdır.

***

Yeknəsəqlikdən bezirsən, hətta bu yeknəsəqlik xoşbəxtlik olsa belə.

***
Həyat gözəl idi, qadınlar — füsunkar, kişilər — mehriban. Bir qədəh içən kimi qadınlar daha gözəl, kişilər isə daha səmimi olurdular.

***

Məsələ xeyirxahlıqda deyil. Nifrətdə də deyil. Mübarizə aparmaq lazımdır.

***

Sağlığında qorxu nə olduğunu bilməyənlər bizim müqəddəslərimizə çevrilirlər. Qorxu bilməyənlərin ürəyində ulduz var.

# 103 dəfə oxunub

Oxşar xəbərlər

Mağara - Kamal Abdullanın hekayəsi

Mağara - Kamal Abdullanın hekayəsi

10:00 6 avqust 2026
Kor – Gi de Mopassanın hekayəsi

Kor – Gi de Mopassanın hekayəsi

11:50 5 avqust 2026
İnsanın qısa anatomiyası - Anton Çexovun felyetonu

İnsanın qısa anatomiyası - Anton Çexovun felyetonu

10:50 5 avqust 2026
Qardaşımın sevgiləri - Rafiq Tağının hekayəsi

Qardaşımın sevgiləri - Rafiq Tağının hekayəsi

10:00 5 avqust 2026
Ölmüş - Günel Mehrinin hekayəsi

Ölmüş - Günel Mehrinin hekayəsi

16:00 4 avqust 2026
Vəsiyyət - Şarl-Lui Filippin  hekayəsi

Vəsiyyət - Şarl-Lui Filippin hekayəsi

13:50 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər